AZӘRBAYCAN ӘDӘBİYYATI

 

 

 

 

I

 

 

Rus tәbәәliyindә olan azәrbaycanlılar Zaqafqaziyanın Cәnub-şәrq tәrәfindә yerlәşmişlәr vә Bakı, Yelizavetpol, Tiflis vә Yerevan quberniyalarında, habelә az bir miqdarda Şimali Qafqazın bәzi yerlәrindә yaşayırlar. İran tәbәәliyindә olan azәrbaycanlılar isә Azәrbaycan canişinliyinin geniş vilayәtlәrindә sakindirlәr ki, İran vәliәhdinin iqamәtgahı sayılan, әhalisi çox varlı ticarәt şәhәri Tәbriz oranın mәrkәzi hesab olunur. Köçәri hәyat keçirәn kürdlәr istisna olunmaqla, Makı xanlığının әhalisi dә azәrbaycanlılara aid edilir. Onların hamısı, cüzi tәlәffüz fәrqlәri ilә türk dilinin Azәrbaycan lәhcәsindә danışırlar. Bu dil öz sadәliyi vә asanlığı sayәsindә hamı tәrәfindәn asanlıqla öyrәnilir vә bütün müsәlman Şәrqindә әn gözәl vә әn çox işlәnәn bir dildir. İraqi-әcәmin sakinlәri, Farsistanın, Türküstanın әhalisi, ermәnilәr, yunanlar, aysorlar, kürdlәr vә başqaları da bu dildә danışırlar.

 

Mәdәni sәviyyәcә nisbәtәn aşağı olub, tez-tez müstәqilliyini itirәn azәrbaycanlıların keçmişdә nә öz yazısı, nә dә әdәbiyyatı olmuşdur. İslamiyyәti qәbul etdikdәn sonra onlar әrәblәrin әlifbasını götürmüş, bir qәdәr sonra isә, İranın tәsiri sayәsindә, vaxtı ilә mәşhur olan "әrәb-fars әdәbiyyatı" ilә tanış olmuşlar. Bu tanışlıq әvvәlcә çox sәthi olmuşdur: nә Mollayi-Ruminin vә Şeyx Әttarın fәlsәfәlәri, nә farsın müdrik Şeyx Sәdisinin rasionalizm ruhunda yazılmış nәsihәtamiz hekayәlәri, nә Xacә Hafizin gül vә bülbülü tәrәnnüm edәn parlaq lirikası hәlә yüksәk mәnәvi inkişaf pillәsinә qalxmamış azәrbaycanlıların anlayışında öz aydın şәrhini, yaxud tәnqidi qiymәtini ala bilmirdi. Lakin sonralar, Zaqafqaziyada yaşayan azәrbaycanlılar Qafqazın digәr xalqları ilә birlikdә İran hökumәtinin möhkәm idarәsi altına düşdüklәri zaman, İranın nәinki tәkcә adәtlәrini, әnәnәlәrini, İran mәişәtinin müxtәlif tәrәflәrini götürdülәr, hәtta hiss olunmadan hakim xalqın özü ilә mәnәn yaxınlaşıb qohumlaşmağa başladılar, bu xalqın dinini, dilini vә әdәbiyyatını da mәnimsәdilәr. Fars dilindәn Azәrbaycan lәhcәsinә hәddindәn çox fars sözlәri vә ifadәlәri keçmiş vә bu sözlәr Azәrbaycan dili ilә o qәdәr yaxından birlәşib qohum olmuşdur ki, hal-hazırda onları öz xüsusi söz vә ifadәlәrimizlә әvәz etmәk çәtindir vә azәrbaycanlıların çoxu, hәtta yaxşı savadlıları belә, hәmin söz vә ifadәlәrin fars mәnşәli olduğuna şübhә edirlәr. Bu işә fars mәktәblәrinin xeyli tәsiri olmuşdur. Bizim ölkәyә fars tәsiri yol açdıqdan sonra savadlı farslar şәhәrlәrdә vә böyük kәndlәrdә mәktәblәr açmağa başladılar, bu mәktәblәrdә fars mirzәlәri dәrs dediklәrinә görә, aydındır ki, hәmin mәktәblәrdә dәrsin özü dә ancaq fars dilindә aparılırdı. Hәr yerdә yalnız fars kitabları oxunurdu, mәktublar vә müxtәlif kargüzarlıq kağızları fars dilindә yazılırdı vә indi dә (Zaqafqaziyanın bir sıra şәhәrlәrindә, mәsәlәn, Naxçıvanda, Yerevanda, Bakıda) fars dilindә yazılır. Azәrbaycan şairlәri, yazıçıları, tarixçilәri öz әsәrlәrini fars dilindә yazırdılar. Öz gözәl vә yüksәk sevgi hisslәri ilә aşılanmış poemalarını fars dilindә yazmış olan mәşhur Nizami Yelizavetpol azәrbaycanlılarından olmuşdur.

 

Lakin zәngin fars әdәbiyyatı XVII әsrdәn, yәni Sәfәvi xanәdanından sonra tamamilә başqa bir istiqamәt aldı. Gözәl, hikmәtamiz şerlәrin, poemaların, mәnzum romanların vә povestlәrin әvәzindә seksual motivlәr, hәmçinin insanın qәlbini mәyus edәn kәdәrli hisslәr tәsvir olunmağa başlayır. Lirik ünsür arxa plana keçir, onun әvәzindә isә mәdhiyyәçilik ön plana keçir. Yalnız öz xeyirlәrini güdәn yazıçılar vә şairlәr şәxsi mәnafe vә qazanc mәqsәdi ilә şahәnşahlara vә digәr yüksәk vәzifәli saray adamlarına mübaliğәli mәdhiyyәlәr hәsr edirdilәr. Bu keyfiyyәtlәr sarayda yaşayan şairlәrdә özünü göstәrirdi; digәrlәri, saraydan vә yüksәk vәzifәli şәxslәrin diqqәtindәn uzaqda olan şairlәr isә öz әsәrlәrinә yeni bir ünsür olaraq erotizmi daxil edirdilәr. Onların әsәrlәrindә әn çox mәhәbbәtdәn danışılır, onlar öz xәyallarında tәsәvvür etdiklәri gözәlin lәyaqәtini özlәrinә mәxsus bir şәkildә tәsvir edirdilәr. Öz әsәrlәrindә onlar gah ilan kimi qıvrılan qara saçları, gah hilal qaşları, gah od kimi parlayan qara gözlәri, gah yaqut dodaqları, gah sәdәf dişlәri vә sairәni tәrәnnüm edirdilәr. Onların әsәrlәrindә tәrәnnüm edilәn gözәl, tәbiәtin canlı bir mәxluqudur: bu gözәlin qamәti sәrv vә ya şimşad ağacına, yerişi maralın yerişinә, üzü aya, gül bağçasına, qızıl vә cavahirat xәzinәsinә, yeni açılan sabaha, saçları isә -- qaralığına görә -- gecәyә, uzunluğuna vә qıvrımlığına görә isә qızıl vә cavahirat xәzinәsinin üstündә yatıb qıvrılan vә bu xәzinәyә yaxın durmağa cәsarәt edәcәk hәr bir kәsi çalmağa hazır olan qorxulu, zәhәrli ilanlara bәnzәdilirdi[1].

 

[1] Şәrq rәvayәtlәrinә görә, bütün xәzinәlәr ilanlar tәrәfindәn mühafizә edilir.

 

Fars әdәbiyyatının bu seksualist istiqamәti Azәrbaycan şairlәrinin zövqünә daha çox uyğun gәlmişdi ki, onlardan Qarabağ xanlığındakı Molla Pәnah, Qazax mahalındakı Molla Vәli, Şәki xanlığındakı Molla Zakir, Nuxalı vә İran Azәrbaycanındakı Raci öz zәmanәlәrinin әn yaxşı erotik şairlәri hesab olunurdu. Onların әsәrlәrini indi dә oxuyan vә tәqlid edәnlәr çoxdur.

 

Arxeoqrafiya komissiyasının maarifpәrvәr üzvlәrindәn Adolf Petroviç Berjenin 1867-ci ildә Leypsiqdә nәşr etdiyi "Mәcmuәyi-әşari-şüәrayi-Azәrbaycan" adlı kitabda, şübhәsiz, böyük şair olan Molla Pәnah Vaqifin şerlәri birinci yerdә çap olunmuşdur. "Mәcmuәyi-Vaqif vә müasirini-digәr"[2] adlanan digәr mәcmuәdә isә öz fikri, zәkası, Şәrqә mәnsub alimliyi vә yaradıcılıq istedadı etibarilә çox görkәmli olan bu adamın qısa tәrcümeyi-halı da verilmişdir.

 

[2] Mirzә Yusif Qarabaği bu  mәcmuәni öz şerlәri ilә Azәrbaycan әdәbiyyatında mәşhur olan Mirzәcanbәy Mәdәdovun (ermәnidir) xahişi ilә tәrtib etmişdir.

 

Vaqifin әsil adı Molla Pәnahdır, Vaqif isә onun tәxәllüsüdür ki, mәnası -- bilikli, hәr şey haqqında mәlumatı olan demәkdir. Doğrudan da, mübaliğәsiz demәk olar ki, Molla Pәnah çox bilikli idi vә öz zәmanәsinin әn alim adamı hesab olunurdu. Elә buna görә dә sonralar onun haqqında belә bir zәrbi-mәsәl dә yaranmışdır ki, "hәr oxuyan Molla Pәnah olmaz". Mirzә Yusifin tәrtib etdiyi tәrcümeyi-halda Molla Pәnahın anadan olduğu il göstәrilmir; orada deyilir ki, 1766-cı ildә әlverişli olmayan şәrait vә siyasi qarışıqlıq nәticәsindә Qaracalar, Cinli, Dәmirçi-Hәsәnli, Qızılhacılı, Sәfikürdlü, Boyәhmәdli, Kәngәrli kimi bir sıra köçәri obalar Gürcüstan vә qonşu xanlıqlardan köçüb Qarabağ torpağına, Pәnah xanın yanına gәlmişdilәr. Hәmin el-obanın qalıqları indi dә Qazax qәzasında yaşayır; bu köçәrilәrlә bәrabәr Vaqifin vәtәni olan Hәsәnsu kәndindәn dә bir neçә ailә Qarabağa getmişdir. Hәsәnsu kәndi Ağstafanın yaxınlığındadır[3].

 

[3] Bәzi mәlumata görә, Molla Pәnahın vәtәni Qazax qәzasında olan böyük kәnd -- Salahlıdır.

 

Qarabağa köçәn ailәlәrin arasında Molla Pәnah da var idi. Qarabağa gәlәndәn sonra o, alim bir molla olduğuna görә, kәnddә yaşamaq istәmәmiş vә Şuşa şәhәrindә xanın iqamәtgahında özünә sәadәt axtarmaq fikrinә düşmüşdür. Vaqif Şuşa şәhәrindә indi Saatlı mәhәllәsi adlanan yerdә ilk Azәrbaycan mәktәbi açmış vә orada uşaqların tәlim vә tәrbiyәsi ilә sәylә mәşğul olmağa başlamışdır. Nağıl edirlәr ki, bir dәfә Molla Pәnah İbrahim xanın yaxın adamlarından biri ilә söhbәt edәrkәn xanın çox axmaq bir sәrәncam verdiyini eşidib ürәyindә demişdir ki, mütlәq xanın başının ağası olacaqdır. Lakin ilk zamanlar Vaqif çox yoxsul yaşamış, çox şeydәn korluq çәkmiş, mәhrumiyyәtlәrә dözmüşdür ki, o özü şerlәrindәn birindә bu barәdә mәzәli bir tәrzdә belә yazmışdır:

 

Bayram oldu, heç bilmirәm neylәyim,

Bizim evdә dolu çuval da yoxdur.

Düyüylә yağ hamı çoxdan tükәnmiş,

Әt heç әlә düşmәz, motal da yoxdur.

 

Allaha bizmişik naşükür bәndә,

Bir söz desәm, dәxi qoymazlar kәndә,

Xalq batıbdır noğla, şәkәrә, qәndә,

Bizim evdә axta zoğal da yoxdur.

 

Bizim bu dünyada nә malımız var,

Nә dә evdә sahibcamalımız var.

Vaqif, öyünmә ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

 

Lakin Molla Pәnah mәzәli şәkildә şikayәt etdiyi ağıl vә kamalının sayәsindә tezliklә öz müasirlәrinin gözündә o qәdәr yüksәldi ki, onun haqqında nadir bir alim vә hazırcavab bir şair kimi bütün Qarabağda danışmağa başladılar. Vaqifin şöhrәti haqqındakı söhbәtlәr İbrahim Xәlil xana gedib çatdı. İbrahim xan şairin istedadına şәxsәn inanıb, onu özünә yaxınlaşdırdı vә 1769-cu ildә eşikağası vәzifәsinә tәyin etdi. Vaqifin xana olan tәsiri sürәtlә artır vә doğrudan da onun öz hökmdarından daha ağıllı vә uzaqgörәn bir adam olduğu meydana çıxır; Vaqif çox zaman öz ağıllı mәslәhәtlәri ilә xanı fәlakәtlәrdәn qurtarır, böyük bir xanlığın idarәsi işindә meydana çıxan çәtinliklәrdә xana kömәk edirdi. [Şәrqin ağıllı vә hәr şeyi görәn övladı kimi, Molla Pәnahın xanın xasiyyәtini vә onun zәif cәhәtlәrini tezliklә görә bilmәsi dә әhәmiyyәtli idi; buna görә dә, şübhәsiz, o, lazım gәlәndә xanı razı salmaq üçün onun bu cür zәif cәhәtlәrini nәzәrә alırdı. Vaqifin xan sarayında nüfuz vә hörmәt qazanmasına sәbәb olan son sәbәblәrdәn biri, ehtimal ki, onun sünnilikdәn şiәliyә keçmәsi idi. Necә ki, aydın mәlumdur, İbrahim xan öz ağıllı, uzaqgörәn vә sәdaqәtli vәziri hesab etdiyi Molla Pәnahla qabaqcadan mәslәhәtlәşmәmiş tәdbir görmәzdi vә heç bir vacib işә başlamazdı. Xan müxtәlif hadisәlәrә dair şerlәr yazan, bu şerlәri ilә hadisәlәrin gedişinә tәsir edәn Molla Pәnahın bәdii istedadına da böyük qiymәt verirdi. Nümunә üçün aşağıdakı hadisәni göstәrәk: Bir dәfә İbrahim xan siyasi bir mülahizәyә görә qoşununun böyük bir dәstәsi ilә Cavanşir mahalı ovlağına hәrәkәt etdi vә Tәrtәr çayının Kürә töküldüyü yerin sağ sahilindә yerlәşdi. Görünür, Kürün mәnzәrәli sahillәri vә Cavanşirin zәngin tәbiәti xanın ürәyini cәlb etmişdi, yaxud xan özünün orada uzun müddәt qalması ilә itaәtkarlıq göstәrmәyәn cavanşirlilәri bәrk cәzalandırmaq istәyirdi; ancaq xan özünün böyük vә narahat dәstәsi ilә әhaliyә ciddi maddi ziyanlar vurur vә Cavanşirdә qalmağı davam etdirmәklә kәnd işlәrinin tәbii gedişini pozurdu. Әldәn düşmüş xalq öz narazılığını bildirmәyә başladı. Onda bәzi hörmәtli şәxslәr Molla Pәnahdan xahiş etdilәr ki, o, xanda Şuşaya qayıtmaq hәvәsi oyatsın. Vaqif Cavanşirin gözәlliklәrini vә Kür qırağının mәnzәrәlәrini tәriflәyәn iki yaxşı şer yazdı, ancaq tәәssüflә göstәrdi ki, bu yerlәr nә qәdәr gözәl olsa da, buralarda bizim görmәyә adәt etdiyimiz büllur sinә, uzunsaç, qaragöz gözәllәr yoxdur. Bu şerlәrin birini şair belә qurtarır:

 

Desәlәr ki, Vaqif, nә oldu sәnә,

Rәngi-ruyin dönüb heyvaya yenә,--      

Әli tәr mәmәdәn üzlәn kimsәnә,

Saralıban necә solmaz bu yerdә.

 

Zәrif vә orijinal şәkildә yazılmış şerlәr İbrahim xana elә güclü tәsir göstәrdi ki, o, dәrhal geriyә qayıtmaq haqqında әmr verdi.]

 

Molla Pәnahın hәyatında belә hadisәlәr çox olmuşdur. Bәzәn o, öz gözәl şerlәri, yaxud hәr hansı bir ağıllı vә tutarlı qeydi ilә İbrahim xanın hәr hansı bir planını tamamilә dәyişdirmişdir.

 

İran şahı zülmkar Ağa Mәhәmmәd xan, İbrahim xanın gürcü padşahı İrakli ilә birlikdә rusları kömәyә çağırdıqlarını öyrәnib, 1795-ci ildә böyük bir ordu ilә hücuma keçir vә Şuşa qәlәsinin yanına gәlәrәk şәhәri tәhvil vermәyi inadla tәlәb edir. Qәlәni iki tәrәfdәn mühasirәyә alıb, öz böyük toplarından atdığı daş qumbaralarla şәhәri atәşә tutan Ağa Mәhәmmәd şah mәğrur bir halda İbrahim xana aşağıdakı mәzmunda bir beyt yazdırıb göndәrir:

 

Zi mәncәniqe-fәlәk sәnge-fitnә mibarәd,

To әblәhanә girifti miyane-şişә qәrar[4].

 

[4] Tərcüməsi: Fələyin mancanağından fitnə daşı yağır,

 Sən isə əbləh kimi şişənin içində oturmusan.

 

Bu beytә Molla Pәnah tәrәfindәn yazılmış belә bir cavab göndәrilmişdi:

 

Gәr nigәhdare-mәn anәst ke, mәn midanәm,

Şişәra dәr bәğәle-sәng nigәh midarәd[5].

 

[5] Tərcüməsi: Əgər məni qoruyub saxlayan mən tanıdığımdırsa, o, şişəni daşın içində də qoruyar.

 

Vaqif Qazax mahalından olduğuna görә vә orada yaşayanlar indi dә köçәri hәyat sürdüklәrinә görә, köçәrilәrin hәyat vә mәişәtini çox yaxşı bilirdi. Bu cәhәtdәn onun Molla Vәli Vidadi ilә yazışması böyük etnoqrafik әhәmiyyәtә malikdir. Vidadiyә yazdığı mәktublarından birindә Vaqif çox sadә vә incә şerlәrlә tәrәkәmә arvadlarının sadә, idilliya vә sәmimiyyәtlә dolu hәyatını tәsvir etmişdir. Vidadiyә göndәrdiyi digәr bir mәktubunda isә o, tәrәkәmә hәyatının insanı özünә cәlb etmәyәn tәrәflәrini tәsvir etmişdir.

 

[Şair yazır:

 

Bizim hәrәmlәrdir quran oxuyan,

Üstündәn, başından әnbәr qoxuyan,

Onlar deyil örkәn, çatı toxuyan,

Kimin işin kimә nisbәt eylәrsәn.

 

Qapıda uzadar uzun gәbәni,

Sayıq dur, toyuğa yedirmә dәni,

Övrәt döyә-döyә öldürәr sәni,

Nә belә yatırsan, qәflәt eylәrsәn.

 

Xoş halına sәnin, uzun dırnaqlı,

Baldırı çırmaqlı, yalın ayaqlı,

Yorğanı, yasdığı tozlu, torpaqlı,

Hәmdәm ilә hәr dәm söhbәt eylәrsәn.

 

Günün qulağı ki, oradan batar,

Mitilin bürünüb, çaşdadan yatar,

Evin-zadın tamam özgәyә satar,

Әgәr ki, yanını xәlvәt eylәrsәn.

 

Bit öldürәr, gedәr xamır yoğurar.

Әbәçilik eylәr, uşaq doğurar.

Söz xәbәr alanda çır-çır çığırar,

Qulaqların batar, heybәt eylәrsәn.

 

Axşam-sabah durar әlindә çatı,

Buzov bağlar, gәlәr tumarlar atı,

Palçığa bulanar siri, sifatı,

Eylә zada nә mәhәbbәt eylәrsәn?

 

Әllәrin, üzlәrin yuduqları yox,

Yaşlarında doğru dediklәri yox,

Hazır çobandırlar, düdüklәri yox,

Onlar ilә necә ülfәt eylәrsәn?

 

Burnun silә-silә qatığı çalar,

Axşamadәk eymәsini it yalar,

Altına yıxılcaq çır-çır çapalar,

Eşqin batar, qәti-şәhvәt eylәrsәn.

 

Vaqif bu cür çirkin tәsvir edilmiş tәrәkәmә qızına qarşı gözәl vә tәmiz paltar geyinәn, әri ilә mülayim rәftar edәn vә ev işlәrindәn sonra boş vaxtında müqәddәs quranı oxuyan şәhәrli qızını qoyur].

 

Ümumiyyәtlә, Vaqifin әsәrlәrindә qadın surәtlәri mәrkәzi yer tutur, onun şer pәrisi gözәl qadınların әtrafında fırlanır, onlara, harada isә, uzaqlarda, buludların arxasındakı göylәrin dәrinliyindә eşitdiyi incә vә insanı valeh edәn lәtif şerlәr oxuyur. Vaqif bu gözәlin mәnәvi keyfiyyәtlәrinә vә xeyirxahlığına kifayәt qәdәr qәlәm çalaraq, әn incә vә әn seçmә bәdii ifadәlәrlә onun gözәlliyini vә görkәmindәki kamilliyi tәsvir edir, hәm dә şairin gözәlliyә olan bu aludәçiliyi tam bir mәftunluq dәrәcәsinә qәdәr gәlib çatır. O, bir bülbül kimi, minbir nәğmә oxuyur, öz sevdiyi qadını gah tәzә vә tәravәtli әtirli güllәrlә, gah ayla, günәşlә, göylә müqayisә edir, hәm dә onun bu müqayisәlәrinin sayı-hesabı yoxdur.

 

Bәzәn mәftunluq vә aludәçilik o dәrәcәyә çatır ki, şair dini tәşbehlәrә keçir, öz gülünü müqәddәs şәhәrlәrin adları ilә adlandırır, onlara gah Mәkkә, gah da Mәdinә adı verir. Onun erotik mәzmunlu şerlәrindәn birindә deyilir:

 

Ey Kәbәm, Kәrbәlam, Mәkkәm, Mәdinәm,

Hәr zaman kuyindә ziyarәtimdir:

Qiblә deyib, qaşlarına baş әymәk

Gecә-gündüz mәnim ibadәtimdir.

 

Hәr nә desәm, sәn incimә sözümdәn,

Sәrxoşunam, yox xәbәrim özümdәn.

Şol qamәtin yayınanda gözümdәn,

Sanasan ki, hәşrü qiyamәtimdir.

 

Sәnsәn mәnim ayım, günüm, hilalım,

Dövlәtim, iqbalım, cahım, cәlalım,

Gözәl üzün daim fikrü xәyalım,

Sözün dildә şirin hekayәtimdir.

 

[Vaqifin istedadına pәrәstiş vә ehtiram göstәrәn Aşiq Әli Qaracadaği bir mәktubunda belә yazır:

 

Bu göhәr sözlәrin, ey alicәnab,

Tamam aşiqlәrin sәminә gәlmiş.

Fәsahәtdә, bәlağәtdә sәnin tәk,

İnanma ki, ruyi-zәminә gәlmiş.

 

Bu әsrdә şairlәrin xanısan,

Müdәrrisә bәrabәrsәn yәni sәn.

Elmin mәdәnisәn, göhәr kanısan,

Eşidәnlәr sözün dәminә gәlmiş.

 

Vaqif әtrafdakı mühitdәn üstünlüyünü başa düşәrәk yazırdı:

 

Mәkan tutdisә Vaqif, yox әcәb, bu Şişә dağında,

Mәqamı lәli-gülrәngin miyani-sәngi-xaradır].

 

1797-ci ildә Ağa Mәhәmmәd xan ikinci dәfә böyük ordu ilә Şuşa şәhәrinә hücum edәrkәn, İbrahim xan özündәn güclü vә qәzәbli düşmәnә qarşı davam gәtirmәyәcәyini hiss edәrәk Balakәnә qaçmış vә nә üçünsә öz dostu Molla Pәnahı Şuşa şәhәrindә qoymuşdu. Ağa Mәhәmmәd xan şәhәrdә qalmış әhali tәrәfindәn heç bir müqavimәt görmәdәn Şuşaya daxil olmuş vә oradakıların hansının onun hakimiyyәtinә tabe olmadığından vә ya xәyanәt etdiyindәn şübhәlәnmişdisә, hamısını amansızcasına qırmağa başlamışdı. Әn çox taqsırkar olan adamların hәbsxanaya salınmasını әmr etmişdi, çünki onları daha dәhşәtli bir cәza ilә cәzalandırmaq üçün vasitәlәr düşünmәk istәyirdi; Molla Pәnah da qaranlıq hәbsxanadakı adamların arasında idi, qaraqabaq şahın isә onunla köhnәdәn haqq-hesabı var idi. Belә nağıl edirlәr ki, Molla Pәnah şәrq elmlәrini bildiyinә görә, gәlәcәkdәn xәbәr vermәyi dә bacarırmış. Şahın nökәrlәri öz hökmdarlarının hәyatına qәsd edib, onun taleyini hәll etdiklәri vә bütün mәhbusların dәhşәtli surәtdә öldürülәcәklәri günün gecәsi Molla Pәnah Ağa Mәhәmmәd xanın ömrünün qalan günlәrini haqq-hesab etmәklә mәşğul imiş. Bu haqq-hesabla o müәyyәn edir ki, xanın ömrünün son günlәridir vә o, günәşin doğmasını bir daha görmәyәcәkdir. Öz taleyinә inanan vә tәhlükәdәn qurtaracağını ümid edәn Vaqif gecә ikәn hәbsxana gözәtçisindәn şәhәrdә yeni bir hadisә baş verib-vermәdiyini soruşur. Gözәtçidәn kafi bir cavab almadığına görә o, sәhәrә qәdәr yata bilmir vә dan yeri sökülәrkәn yenә dә gözәtçiyә müraciәt edib: "Şәhәrdә nә yenilik vardır?" -- deyә soruşur. Lakin şәhәrdә baş vermiş hadisәlәrdәn heç bir xәbәri olmayan hәbsxana gözәtçisi bu dәfә dә şairin marağını ödәyәcәk kafi bir cavab verә bilmir. Lakin tezliklә üfüqdә günәş görünür, şahın öz nökәrlәri tәrәfindәn öldürülmәsi xәbәri bütün şәhәrә yayılaraq hәbsxanaya da gәlib çatır vә Molla Pәnah digәr mәhbuslarla birlikdә azad edilir. Bu münasibәtlә şair öz dostu Vidadiyә yazmışdır:

 

Ey Vidadi, gәrdişi-dövrani-gәc rәftarә bax!

Ruzigarә qıl tamaşa, karә bax, kirdarә bax!

Әhli-zülmü necә bәrbad eylәdi bir lәhzәdә,

Hökmi-adil padşahi-qadirü qәhharә bax!

Sübh söndü şәb ki, xәlqә qiblә idi bir çıraq,

Gecәki iqbalı gör, gündüzdәki idbarә bax!

Taci-zәrdәn ta ki, ayrıldı dimari-pürğürur,

Paymal oldu tәpiklәrdә sәri-sәrdarә bax!

....İbrәt et Ağa Mәhәmmәd xandan, ey kәmtәr gәda.

Ta hәyatın var ikәn nә şahә, nә xunxarә bax!

Baş götür bu әhli-dünyadan ayaq tutduqca qaç,

Nә qıza, nә oğula, nә dusta, nә yarә bax!

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinә,

Yüz çevir ali-әbayә, Әhmәdi-Muxtarә bax!

 

Ağa Mәhәmmәd xanın ölümündәn sonra İbrahim xanın qardaşı oğlu Mәhәmmәd bәy Mehralıbәy oğlu dәrindәn nifrәt etdiyi әmisinin Qarabağda olmamasından istifadә edәrәk xanlığı öz әlinә keçirdir vә xanlığı asanlıqla vә sakitliklә idarә edә bilmәk üçün xanın bütün dostlarını vә yaxın adamlarını qәtlә yetirmәyi әmr edir. Bu adamların cәrgәsindә Molla Pәnah da öz oğlu Әli Ağa ilә birlikdә hәlak olmuşdur. Bu görkәmli mollanın vә istedadlı şairin qәbri Şuşa şәhәrinin cәnub-şәrq tәrәfindәki gözәl mәnzәrәli bir yerdәdir. Hal-hazırda onun qәbri çox acınacaqlı bir vәziyyәtdәdir vә heç kәs onu qaydaya salmağın qeydinә dә qalmır.

 

Hәr il Novruz bayramının әrәfәsindә (martın 9-da), yәni qış fәsli qurtarandan sonra axır çәrşәnbә günü Şuşa şәhәrinin әlvan vә tәzә paltar geymiş arvadları hәmin qәbrin üstünә gedirlәr; onlar qadınların lәyaqәtini vә gözәlliyini ilhamla tәrәnnüm etmiş şairin qәbrinә sәcdә etmәyә yox, bәlkә onun qәbri üzәrindә bәzi mövhumi adәtlәrin icrasını yerinә yetirmәk, yәni çillә kәsdirmәk vә belәliklә dә, öz bәdәnlәrindәki ağrıları qovub sağlamlaşmaq niyyәti ilә oraya gedirlәr.

 

 

 

 

II

 

 

Vaqif Azәrbaycan әdәbiyyatının banisi hesab olunur. Özünün alim bir adam olmasına baxmayaraq, o, sadә, xalq üçün anlaşıqlı bir dildә yazıb yaratmış, fars vә әrәb sözlәrinin kömәyinә qaçmamışdır. Onun bütün әsәrlәri süni olmayan; tәbii bir sadәlik vә sәmimi hisslәrlә nәfәs alır; onların çoxu öz sadәliyi vә bәdiiliyinә görә xalq poeziyasının nümunәlәri hesab edilir, onun bütün әsәrlәri öz axıcılığı, ahәngdarlığı vә qeyri-adi ifadәliliyi ilә insanı mәftun edir. Bu cәhәtdәn o, haqlı olaraq, bütün Azәrbaycan şairlәrinin "xanı" hesab edilә bilәr.

 

Vaqifin müasiri vә dostu olan Molla Vәli Vidadi dә qeyri-adi poetik istedada malik olmuşdur; lakin onun istedadı özünә mәxsus bir şәkildә tәzahür etmiş vә birtәrәfli sәciyyә daşımışdır; o, әn çox kәdәrli mahnılar qoşmuşdur; Vidadinin, demәk olar ki, bütün әsәrlәri dәrin bir kәdәr vә ümidsizlik hissi ilә aşılanmışdır. Hәtta tәbiәtin gözәl lövhәlәrini tәsvir edәrkәn, hәyatın müxtәlif tәrәflәrini göstәrәrkәn dә şair әn çox o şeylәri qabarıq göstәrir ki, onlarda әziyyәtli hәyatın faniliyi vә daimi olmadığı öz ifadәsini tapır.

 

Azәrbaycan әdәbiyyatının әsasını qoymuş vә öz yüksәk bәdii әsәrlәri ilә bu әdәbiyyatı zәnginlәşdirmiş olan Vaqif vә Vidadidәn sonra Azәrbaycanın hәr tәrәfindә çoxlu şairlәr yetişib meydana çıxmışdır. Bu şairlәr çalışmışlar ki, öz әsәrlәrindә başlıca olaraq öz müәllimlәrinә: Qarabağ, Şәki vә Şamaxı şairlәri -- Vaqifә, Qazax şairlәri isә Vidadiyә tәqlid etsinlәr. Onların arasında әn çox mәşhur olanları aşağıdakılardır: Aşiq Әli, Aciz, Sabit, Şәqaqi, Rafi, Nişat, Lütfi Şirvani, Sәrşar vә Arif. Demәk olar ki, Molla Pәnahın müasirlәri olmuş bu şairlәrin hamısı Vaqifin parlaq vә şәn ilham pәrisinin qüvvәtli tәsiri altında olmuşlar. Bu şairlәrin әsәrlәrindәn nümunәlәr Mirzә Yusifin tәrtib etdiyi "Mәcmuәyi-Vaqif vә müasirini-digәr" adlı mәcmuәyә daxil edilmişdir.

 

Bu şairlәrdәn bir az sonra Şuşa qәzasının Çanaxçı kәndindәn olan ermәni Mirzәcan Mәdәdov vә Cәbrayıl qәzasının Dzaq mahalından olan şairә Aşiq Pәri öz lirik şerlәri ilә şöhrәt qazanırlar. Mirzәcan bir sıra dәyәrli vә parlaq şerlәrdә özünü göstәrmiş poetik istedadından әlavә, eyni zamanda, fars әdәbiyyatının yaxşı bilicilәrindәn hesab olunurdu; ümumiyyәtlә o, ermәni olmağına baxmayaraq, öz ruhu vә hisslәri etibarı ilә әsil müsәlman idi vә onun Aşiq Pәriyә vә bizә mәlum olmayan dostlarına göndәrdiyi bәzi mәktubları müsәlman hәyatına tәbii bir hörmәt hissi ilә aşılanmışdır.

 

Öz ağlı vә istedadı ilә hamını heyrәtlәndirәn gözәl vә gәnc şairә Aşiq Pәri o zamankı mәdәni cәmiyyәtin qәlbi hesab olunurdu. Hәr tәrәfdәn ona şer vә nәsrlә yazılmış, mәzmunu tәrifdәn ibarәt olan mәktublar gәlirdi. Şairә isә, öz növbәsindә, pәrәstişkarlarını hәqiqi dostluq, tәmiz mәhәbbәt, әdalәt vә insana hörmәt hisslәri ilә aşılanmış axıcı şerlәri ilә ruhlandırırdı. Bu cәhәtdәn onun o zamanın әn mәdәni adamları hesab olunan Mirzәcanla, Cәfәrqulu xanla, Mәmmәd bәylә, Mirzә Hәsәnlә vә Әhmәd bәylә mәktublaşması xüsusilә maraqlıdır. Aşiq Pәri öz sevimli dostu vә çox nadir mәnәvi keyfiyyәtlәrә malik bir insan olan Mirzәcanın ölümünә olduqca tәsirli bir şer yazmışdır. Şairә dünyaya müraciәt edәrәk deyir:

 

Dünya! Sәnin etibarın yox imiş,

Bir xәbәr ver Mirzәcanı neylәdin?

Neçә bәylәr ilә, neçә xan ilә

Göftarı xoş әhli-canı neylәdin?

 

O fәlәkdir dügün yeri dağlıyan,

Әzәl şad elәyib, sonra ağlıyan,

Sinәsindәn şer, kitab bağlıyan

Sahibi-huş göhәr kanı neylәdin?

 

Biz hәmin şerin yalnız iki bәndini burada misal çәkdik. Lakin bu kiçik parçanın özü dә göstәrir ki, Mirzәcan öz müasirlәri arasında nә qәdәr yüksәk qiymәtlәndirilirmiş vә onun xatiri şairәnin yanında nә qәdәr әziz imiş.

 

Aşiq Pәrinin lәyaqәtli müasirlәri arasında özünün zәngin vә müxtәlif şerlәri ilә mәşhur olan Nәbati, yaxud muğanlı Xançoban görkәmli yer tutur. Nәbatinin şerlәri çox oynaq vә ahәngdardır. Nәbatinin әsәrlәrinin çoxunun mәzmunu sadә xalqın, daha çox köçәri tәrәkәmәnin hәyatından götürülmüşdür. Lakin Nәbatinin bir çox elә şerlәri dә vardır ki, onlarda dini-fәlsәfi görüşlәr vә mistisizm üstünlük tәşkil edir. Nәbatinin ayrıca kitab şәklindә buraxılmış әsәrlәri mәcmuәsi hal-hazırda çox az tapılan nadir kitablardan biridir. Nәbatinin farsca yazılmış әsәrlәri dә az deyildir. Bu әsәrlәrindә şair insan iradәsinin azadlığını, vәhdәti-vücuda vә әzәli әdalәtә şüurlu inamı tәrәnnüm edir. Hәyatdakı hәr növ alçaqlığı vә iyrәncliyi rәdd edәn şair hamını xeyirxahlığa xidmәt etmәyә, gözәlliyi vә ülviyyәti sevmәyә çağırır.

 

İnsanların bu dünyada uğrunda mübarizә etdiklәri hәr şey şairin gözündә puç vә әfsanәdir; buna görә dә әsası möhkәm olmayan, aldadıcı, müvәqqәti, "beş günlük olan" hәr şeydәn üz döndәrmәk lazımdır. Zahirәn özünü mömin, dindar vә allah bәndәsi kimi göstәrmәk dә şairin ruhuna yaddır. Onun lirası yalnız ideyanı, mahiyyәti, insanın daxili alәmini vә ruhi vәziyyәtini tәrәnnüm edir.... Lakin müәyyәn bir kamilliyә çatmaq, mәnәn әn ali ideyaları anlamaq dәrәcәsinә yüksәlmәk vә bu ideyaları dәrk edә bilmәk bacarığı üçün illәrlә çalışmaq, öz üzәrindә ardıcıl surәtdә vә inadkarlıqla işlәmәk, öz ehtiraslarınla ciddi mübarizә aparmaq lazımdır. Şerlәrindәn birindә şair deyir:

 

Get dolangilәn, xamsәn hәnuz,

Püxtә olmağa çox sәfәr gәrәk!

Mürği-Qaf ilә[6] hәmzәban olub,

Dövrә qalxmağa balü pәr gәrәk!

 

[6] Müsәlmanlarda Qafqaz dağları Qaf adlanır. Mürği-Qaf adı altında qartal nәzәrdә tutulmalıdır.

 

Nәbati, görünür, bütün Şәrqdә Mollayi-Rumi adı ilә mistik vә panteist kimi mәşhur olan Cәlalәddinin çox qüvvәtli tәsiri altında olmuşdur.

 

Bunlardan sonra Azәrbaycan şairlәri arasında әsәrlәrinin çoxu erotik mәzmun daşıyan Dilsuz, Raci, Qumri, Dәxil vә başqaları mәşhurdur. Lakin onların şöhrәtini bütün Azәrbaycanda, habelә İranda şiә mәzhәbi tәrәfdarları arasında geniş yayan daha çox o әsәrlәr olmuşdur ki, onlarda Mәhәmmәd peyğәmbәrin nәslindәn olan müqәddәs adamların, xüsusәn, şiәlәr arasında mәhәbbәt qazanmış İmam Hüseynin hәyatından alınmış müxtәlif hadisәlәr bәdii vә әyani şәkildә tәsvir edilir.

 

VII әsrin axırlarında Neynәvada baş vermiş faciәvi hadisәlәr Şәrq şairlәrinin, yazıçı vә tarixçilәrinin coşqun xәyallarına zәngin vә tükәnmәz material vermişdir. Hicri tarixin 60-cı ilindә Fәrat çayının sağ sahilindәki Kәrbәla adlı yerdә Dimәşq xәlifәsi Yezidin qoşunları tәrәfindәn peyğәmbәrin sevimli nәvәsi İmam Hüseyn öz 72 nәfәr әsabәlәri ilә birlikdә xaincәsinә öldürülmüşdür; ölәnlәrin arasında hәtta hәddi-büluğa çatmamış uşaqlar da var idi. Öldürülmüş imamın vә onun әsabәlәrinin arvadları Yezid tәrәfindәn әsir alınıb, Dimәşq şәhәrinә göndәrilmişdi; öldürülәnlәrin әmlakı talan edilmiş, onların meyidlәri isә ayaqlar altında tapdalanmışdı. Tarixdә dәrin izlәr buraxmış bu qanlı hadisәlәr bütün müsәlman dünyasını sarsıtmışdı. İmam Hüseynin Kәrbәlada mәhәrrәm ayının әvvәllәrinә tәsadüf edәn son günlәrinin, xüsusәn, mәhәrrәmin 10-da aşura günü baş vermiş hadisәlәrin, imamın vә onun yaxın adamlarının öldürülmәsinin tәsvirinә әrәb, fars vә Azәrbaycan dillәrindә cildlәrlә әsәrlәr hәsr olunmuşdur. Bu әsәrlәr mәhәrrәm ayı әrzindә mәscidlәrdә vә başqa ibadәt yerlәrindә mәrsiyәxan vә növhәxan adlanan xüsusi vә mәşhur adamlar tәrәfindәn oxunur. Hәmin әsәrlәrin bir çoxu kәdәrli vә dәrdli hadisәlәri elә bir sәnәtkarlıqla tәsvir edir ki, onların oxunması dinlәyicilәrin ağlayıb fәryad qoparmalarına sәbәb olur. Azәrbaycan dilindә yazılmış bu cürә әsәrlәrdәn әn çox mәşhur olanı Racinin әsәrlәridir. Onun növhәlәri İran Azәrbaycanının vә Zaqafqaziyanın bir çox yerlәrindә, şiә müsәlmanların yaşadığı yerlәrdә oxunur. Zaqafqaziya şairlәri, xüsusәn, qatı şiә olan Qarabağ şairlәri Racinin, Qumrinin vә İran Azәrbaycanının digәr şairlәrinin әsәrlәrinә tәqlid etmiş vә özlәri dә bir çox növhә vә mәrsiyәlәr yazmışlar; bu şairlәrdәn bәzilәri, mәsәlәn, Zakir, Asi, Növrәs vә gәnc şair Baqi poeziyanın bu növündә öz müәllimlәrini dә vurub keçmişlәr.

 

Mәhәrrәm ayının 10-cu günündә aşura zamanı dini tamaşalar göstәrilәrkәn, әyinlәrinә kәfәn geymiş şiәlәr könüllü surәtdә xәncәrlә başlarını yarıb özlәrinә müxtәlif bәdәn cәzaları verәndә, hәlә vaxtilә Molla Pәnah tәrәfindәn yazılmış aşağıdakı parçaları oxuyurlar:

 

Kәrbәladә olmadıq

Şümri[7]-dәğanı öldürәk,

Parә-parә eylәyәk

Övladi-Heydәr qanlısın.

       Kuh Hüseynimә!

       Va Hüseynimә!...

 

[7] İmam Hüseynin qatilidir.

 

Ey Yezidi-bihәya!

Ruzi-cәza va hәsrәta!

Nuri-çeşmi-Mustafa

Әlbәttә istәr qanlısın.

       Kuh Hüseynimә!

       Va Hüseynimә!

      

Ol dәmdә Fatimә

Gәlәcәk qiyamәtә.

Әldә sәri-Hüseyn,

Guya Hüseyn ölüb.

Matәm sәdası var....

Ey vay! Bәdәşti-Kәrbәla!

       Kuh Hüseynimә!

       Va Hüseynimә!

 

Әdәbi әsәrlәrin bütün şiәlәr tәrәfindәn çox sevilәn bu növünün öz xüsusi şairlәri vә yazıçıları vardır. Qarabağda az-çox savadı olan hәr bir şiә öz yaradıcılığına birinci növbәdә növhә vә mәrsiyә yazmaqla başlayır. Bu ona görә geniş yayılmışdır ki, yazılan növhә vә mәrsiyәlәr böyük bir maraqla hamı tәrәfindәn oxunur; bu әsәrlәri yazıb yaratmaq da bir o qәdәr çәtin deyildir, çünki onları yazmaq üçün zәngin material mövcuddur; bunun üçün yalnız imamın hәyatından müәyyәn bir hadisәni götürüb onu ümumiyyәt tәrәfindәn qәbul olunmuş şәkildә şerlә şәrh etmәk kifayәtdir. Ona görә dә bu növdәn olan әdәbi әsәrlәrin, habelә aydındır ki, onları yazan vә yaz yağışından sonrakı göbәlәk kimi çoxalan müәlliflәrin sayını hesablamaq da olduqca çәtindir.

 

 

 

 

III

 

 

40-cı illәrdәn başlayaraq Azәrbaycan şairlәrinin әsәrlәrindә әvvәlki erotik vә olduqca sentimental istnqamәtdәn xeyli fәrqlәnәn yeni bir meyl görünmәyә başlayır. Bu yeni istiqamәtin әn görkәmli nümayәndәsi Xınzırıstanlı Qasımbәy olmuşdur ki, әsәrlәrini Zakir tәxәllüsü ilә yazmışdır; bunun da mәnası "allahın adını zikr edәn" demәkdir. Zakirlә birlikdә bu yeni әdәbi cәrәyanda Bababәy, Kәrbәlayı Abdulla vә Qarabağın digәr görkәmli şairlәri, Tiflisdә isә mәşhur dramaturq Mirzә Fәtәli Axundov çalışmışlar. Mirzә Fәtәli Axundovun haqqında irәlidә ayrıca danışılacaqdır. Hәmin şairlәrin hәr biri, o zaman hәlә әdәbiyyatda hakim vәziyyәtdә olan erotizm tәsiri altında müәyyәn әsәrlәr yazsalar da, başlıca olaraq, әn çox satirik әsәrlәr yazıb yaratmışlar ki, bunlarda da öz zәmanәlәrinin qüsurlarını -- asiyalılara mәxsus olan ikiüzlülüyü, xәyanәti, ruhanilәrin nöqsanlarını, onların yaltaq nitqlәrini, qara camaatın avamlığını, hakim xan tәbәqәsinin irsi lovğalığını vә sairәni cәsarәtlә vә qәti surәtdә tәnqidә tutub gülürdülәr.

 

Qarabağ Azәrbaycan şairlәrinin parnasıdır vә yüksәk ilhamlı şairlәrin yuvası Şuşa dağlarının zirvәlәrindәdir. Bu şairlәr içәrisindә әn birinci vә görkәmli yeri, sözsüz ki, Qasımbәy Zakir tutur. Tәәssüf ki, bu görkәmli şairin nә vaxt anadan olduğunu vә nә vaxt öldüyünü dәqiq surәtdә müәyyәnlәşdirmәk mümkün deyildir; lakin sәhih surәtdә mәlumdur ki, o, rus әdәbiyyatının korifeylәri olan Puşkinin, Belinskinin, Lermontovun vә digәr yazıçıların müasiri olmuşdur. Zakir Şuşa şәhәrinin әsasını qoymuş mәşhur Pәnah xanın nәslindәndir. O, Şuşa şәhәrindә anadan olmuş vә öz fars-Azәrbaycan tәhsilini dә oradakı yerli mәktәblәrdәn birindә almışdır. Tәhsilini qurtarandan sonra o, Şuşa şәhәrindәn köçüb, öz malikanәsi olan Xınzırıstan kәndinә gәlmiş vә orada tәsәrrüfatla mәşğul olmuşdur. Keçәn әsrin 60-cı illәrindә Zakirin düşmәnlәri onu, qardaşı oğlu mәşhur qaçaq Behbudu gizlәtmәkdә taqsırlandırırlar. Bu mәsәlәnin Zakirә bir böhtan vә hәr cürә qanundan kәnar bir hal olmasına baxmayaraq, yerli mәhkәmә vә inzibati idarә nümayәndәlәri onun düşmәnlәrinin tәsiri altında çaşdırıldıqlarından Zakirin özünü, hәmçinin onun oğlu Nәcәfqulu bәyi vә qardaşı oğlu İskәndәr bәyi Sibirә sürgün olunmağa mәhkum edirlәr. Şairin arvadını vә uşaqlarını Şuşa şәhәri hәbsxanasına salmış, onun bütün әmlakını müsadirә etmişdilәr. Bu vәziyyәt şairin bütün qәlbini sarsıtmışdı. Bu münasibәtlә o öz himayәçisi vә dostu Bakı qubernatoru Kolubyakinә aşağıdakı sözlәri yazmışdı:

 

Sәndәn sonra, ey taci-sәr, başıma

Gәrdişi-zәmanә nәlәr gәtirdi.

İki bimürüvvәt ittifaq edib,

Vilayәtә yüz şüru-şәr gәtirdi.

 

Qaçaqlıq binasın edәn tәk Behbud,

Pişinihad etdim öz әrzimi zud.

Tәrәfgirlik oldu axırda, nә sud,

Mәnim doğruluğum zәrәr gәtirdi.

 

Hәştada yetmişdir sinnü salımız,

Bu dövlәtdә ağarmışdır yalımız;

Getdi dövlәtimiz, mülkü malımız,

Nәxli-tәmәnnamız kәdәr gәtirdi.

 

Sonra Zakir mәktubunda xahiş edir ki, bu bәdbәxt işdә ona kömәk etsin vә onu öz mәrhәmәtli nәzәrindәn salmasın. Kolubyakinin, Mirzә Fәtәli Axundovun vә şairi şәxsәn tanıyai bәzi nüfuzlu gürcü knyazlarının sayәsindә Zakiri tezliklә hәbsxanadan azad edirlәr; o, Bakıda cәmi üç ay hәbsxanada qalmışdır. Bakıdan öz vәtәninә qayıdan kimi, Zakirin uşaqlarını da tezliklә hәbsdәn azad edirlәr. Zakir ona yalandan böhtan atıb taqsırlandıran düşmәnlәrini öz әsәrlәrindә elә tәnqid atәşinә tutub biabır etmişdir ki, onun vurduğu bu damğa çәtin ki, Qarabağda unudula bilsin.

 

Zakir öz dostları Mirzә Fәtәli Axundova, İsmayıl bәy Qutqaşınlıya, Cәfәrqulu xana vә qubernator Kolubyakinә göndәrdiyi vә bәdii әdәbiyyatın nümunәlәri olan mәktublarında öz müasir cәmiyyәtinin hәyatının tam mәnzәrәsini vermişdir. Hәmin mәktubların bәzilәri A.P.Berje tәrәfindәn Leypsiqdә nәşr olunmuş "Mәcmuәyi-әşari-şüәrayi-Azәrbaycan" adlı mәcmuәyә daxil edilmiş vә onlar, әdalәtlә desәk, hәmin mәcmuәnin әn yaxşı hissәsini tәşkil edir. Bu mәktublar, indi dә, poetik әsәrlәri oxumağa böyük hәvәs göstәrәn bütün savadlı azәrbaycanlılar tәrәfindәn oxunur vә әzbәrlәnir. Şair asan, sadә vә incә şerlәrdә öz xalqının ruhunu, onun hәyata baxışını, dünyagörüşünü, vәrdişlәrini, dini әqidәsini, hәyata münasibәtini, xeyirxah vә qüsurlu cәhәtlәrini, onun xarakterinin hәm nәcib, hәm dә lәyaqәtsiz cәhәtlәrini böyük bir sәnәtkarlıqla, inandırıcı surәtdә tәsvir etmişdir. O, hәqiqәtin carçısı vә bir nәsihәtçi kimi "insanların kinini vә qüsurunu gözlәrindәn oxuyur". Şair ruhanilәrin tamahkarlığını, ikiüzlülüyünü vә cahilliyini, bәy silkinin qorxaqlığını vә zalımlığını, çox zaman oğruların vә çapqınların hamisi olan mәmurların acgözlüyünü, rüşvәtxorluğunu vә xәsisliyini cәsarәtlә tәnqidә tutub ifşa edir. Şair, hәmçinin, özü üçün hacı vә mәşәdi rütbәsi qazanmış, lakin sadә xalqı vicdansızcasına istismar edәn tacir tәbәqәsinә dә aman vermir. Mirzә Fәtәli Axundova yazdığı mәktublardan birindә şair sanki öz-özünә müraciәt edәrәk deyir:

 

Nә xabi-qәflәtdi, divanә könül,

Aç gözünü süni-xudaya bir bax!

Sәnә ki, qalmayıb qәmi alәmin,

Seyri-bağ etgilәn, sәfayә bir bax!

 

Qıl tamaşa növ-әrusi-baharә,

Qәnimәtdir beş gün ömri-dübarә.

Sәhni-çәmәnlәrdә qümri, hәzarә

Nә xoş verib sәda-sәdaya bir bax!

 

Gәrdişi-dövranın, ey xanәxәrab,

Aparır möhnәtin gәrdişi-şәrab.

İçmәsәn dә içmә özün meyi-nab,

Eyşü nuşi-bayü gәdayә bir bax!

 

Yasәmәnin әtri çöküb jalәyә,

Gәlir gülüstandan buyi-qaliyә;

Gahi bәnövşәyә, gahi lalәyә,

Gahi dә nәrgizi-şәhlayә bir bax!

 

Sәrvü sәnubәrin afәti-xәzan,

Soyub libasını qoymuşdu üryan;

Gәlib tәrәhhümә sәrvәri-rәhman,

Verdiyi xәlәti-zibayә bir bax!

 

Әgәrçi xәstәsәn, bir dur ayağa,

Ahәstә-ahәstә güzәr qıl bağa,

Qәh-qәhi-minayә, rәqsi-üşşaqә,

Cәh-cәhi-bülbüli-şeydayә bir bax!

 

Seyrә çıxıb dәstә-dәstә gözәllәr,

Çiçәk dәrib hәr buxağa düzәrlәr.

Qaqqıldaşa-qaqqıldaşa gәzәrlәr,

Canlar alan sövtә, sәdayә bir bax!

 

Şәqaiq, qәrәnfil, süsәn, nәstәrәn

Zәbani-hal ilә oxur müstәhsәn;

Hәvayi-kuhsar, sәfayi-çәmәn,

Tәn edәn cәnnәtül-mәvayә bir bax!

 

Necә oldu Cәmşid, Fridun, Kavus,

Söhrabi-namvәr, Fәramәrzü Tus?

Әsasi-İskәndәr, gәnci-Dәqyanus

Tamam getdi badi-fәnayә, bir bax!

 

Bu dari-dünyanın yox etimadı,

Sәnin dә rehlәtin bugün-fәrdadı;

Sal yadına nәqli-Şirin-Fәrhadı,

Sәrgüzәşti-Mәcnun-Leylayә bir bax!

 

Mәnim tәk deyilsәn, әzizim, sәnin

Kür kәnarı, yol üstüdür mәskәnin;

Lәzzәtini apar gәlib gedәnin,

Nazәnini-fәrdi-әlayә bir bax!

 

Hallavarın bu sәmtinin gözәli

Bazar günü kәlisayә çox gәli;

Laçın tumaqәli, tәrlan cilvәli,

Sәri tәr cıqqalı sonayә bir bax!

 

Duyuq düşsә әgәr vermәzlәr rüxsәt,

Unutma gah-gahi düşәndә fürsәt.

Molla Әhmәdi dә Axunddan xәlvәt

Al yanına, mәlәksimayә bir bax!

 

Sürahi solunda, badә sağında,

Mәzә qabağında, mey dodağında,

Bulaq kәnarında, çay qırağında

Әmmameyi-seyid, mollayә bir bax!

 

Vaiz bizә oxur şәri-Mustafa;

Harama mürtәkib olmayın әsla!

Özü lum-lum udur batindә,

amma Zahirdә dediyi mәnayә bir bax!

 

Kimdir baxan peyğәmbәrә, imamә,

Bu dağılmış düşәn deyil nizamә!

Orucluqda şürbi-meyi-gülfamә,

Mahi-mәhәrrәmdә zinayә bir bax!

 

Sәhra mәrdümünü şәhr әhli görcәk,

Yalvarıb-yapışıb oturdar çömlәk;

Beş arşında sürüşdürәr üç çәrәk,

Tacirә seyr elә, sövdayә bir bax!

 

Baqqal tәraziyә qoyar imanın,

Әsәl qiymәtinә satar ayranın,

Qudurmuş it kimi tutar dörd yanın,

Deyәn yoxdur ali-әbayә bir bax!

 

Pinәçilәr bafta taxar boynuna,

İmperial tökәr vәrәq oynuna,

Qovurmaçı saat qoyub qoynuna,

İddiayi-әdna, әlayә bir bax!

 

Dolanır bazarı darğa, kvartal,

Döyülür sifәtlәr, yonulur saqqal,

Gecә get cibinә beş-on manat sal,

Gündüz gәlib nırxa, bahayә bir bax!

 

Xanzadәlәr şişә taxır rәyyәti,

Özlәrinin deyil malı, dövlәti,

Oda tәpәr harda düşsә fürsәti,

Mujiki seyr eylә, ağayә bir bax!

 

Palajenya nәqli ta olub möhkәm,

Gәrәk bәy azalda zülmün dәmadәm,

Dәxi dә artırır bu әhli-biqәm,

Yanında çalınan zurnayә bir bax!

 

Piranәsәrlikdә mәn oldum rüsva,

Düzәlmәdi işlәr, canә yetdim ta.

Gör nә oyun tutdu әzizim Mirza,

Zakira, tәqdiri-qәzayә bir bax!

 

Zakirin müxtәlif janrlarda yazmış olduğu әsәrlәr içәrisindә canlı dildә yazdığı tәmsillәri vә hekayәlәri dә diqqәti cәlb edir; onun bir sıra tәmsillәri o qәdәr yaxşı yazılmış vә bu tәmsillәrdә o qәdәr hәyati hәqiqәt ifadә olunmuşdur ki, hәmin tәmsillәri İvan Andreyeviç Krılovun tәmsillәri ilә müqayisә etmәk olar vә ola bilәr ki, bu Azәrbaycan şairi elә onu tәqlid etmişdir. Әgәr onun Berjenin "Mәcmuә"sinә daxil edilmiş sayca az olan mәktublarını vә lirik şerlәrini istisna etsәk, tәәssüflә demәk lazımdır ki, belә böyük bir şairin әsәrlәri indiyә qәdәr heç bir yerdә nәşr edilmәmişdir. Şairin öz әl xәtti ilә yazılmış әsәrlәrinin hamısı onun nәvәlәrindәn birindә mühafizә edilir vә bizim eşitdiyimizә görә, o da bu yaxınlarda hәmin әsәrlәri nәşr etmәk istәyir. Zakirin bütün әsәrlәrinin bir nüsxәsi dә şairin dostu vә müasiri mәrhum Mirzә Fәtәli Axundovun oğlundadır.

 

 

 

 

IV

 

 

M.F.Axundovun Azәrbaycan әdәbiyyatındakı xidmәtlәri çox böyükdür: o, hәm şair, hәm dramaturq, hәm nasir, hәm publisist, hәm dә tәnqidçi idi. M.F.Axundov 1812-ci ildә Nuxada anadan olmuşdur; 7 yaşında ikәn o, ata-anasını itirmiş vә öz zәmanәsinin әn alim ruhanilәrindәn biri olan dayısı Axund Hacı Әlәsgәrin yanında tәrbiyә almışdır. Bu alim mollanın rәhbәrliyi altında Mirzә Fәtәli çox yaxşı müsәlman tәhsili almış, fars, әrәb dillәrini әsaslı surәtdә öyrәnmişdi; çünki dayısı onu ruhani rütbәsinә hazırlayırdı. Mirzә Fәtәli 17 yaşında ikәn, tәsadüfәn, Yelizavetpolda mәşhur Mirzә Şәfi ilә tanış olmuş vә bu tanışlıq Axundovun fikirlәrindә böyük bir dönüş әmәlә gәtirmişdir (Mirzә Şәfi bir şair vә filosof kimi hәtta Avropada da, xüsusәn, Almaniyada mәşhurdur, Bodenştedt onun şerlәr mәcmuәsini orada nәşr etmişdir). Bu hadisәdәn sonra Mirzә Fәtәli ruhaniliyә getmәmiş vә qulluğa girmәyi qәrara almışdır. Bunun üçün lazımi hazırlıq keçmәkdәn ötrü o, yenicә açılmış Nuxa qәza mәktәbinә daxil olmuş vә 22 yaşına qәdәr hәmin mәktәbdә oxumuşdur. Bu zaman onun dayısı Axund Hacı Әlәsgәr Mәkkә sәfәrindәn qayıdıb gәlmişdi. M.F.Axundov öz dayısından onu, necә olur-olsun, qulluğa düzәltmәyi xahiş etmişdir. Bu mәqsәdlә onlar Tiflisә gәlәrәk Gürcüstanın o zamankı baş hakimi Baron Rozenә әrizә vermişdilәr. Lazımi imtahandan sonra Baron Rozen tәrәddüd etmәdәn Mirzә Fәtәlini şәrq dillәri üzrә mütәrcim vәzifәsinә qulluğa götürür. O zamandan (1834-cü ildәn) Mirzә Fәtәli ta vәfat etdiyi günә qәdәr hәmin qulluqda qalmışdır. Qulluq işlәrindәn sonra asudә vaxtlarını Mirzә Fәtәli başlıca olaraq rus kitablarını oxumağa sәrf edirdi. Bunun sayәsindә o, tarix, fәlsәfә vә siyasi elmlәr üzrә öz bilik dairәsini o qәdәr genişlәndirә bilmişdi ki, o zaman qafqazlıların arasında öz zәmanәsinin әn savadlı müsәlmanı hesab oluna bilәrdi. Bundan әlavә, Mirzә Fәtәli şәrq dillәrini gözәl bilәn bir mütәxәssis idi. Mirzә Fәtәli öz qulluğunda polkovnik rütbәsinә qәdәr yüksәlmiş vә bir sıra rus vә xarici ordenlәrlә tәltif olunmuşdur. Düşmәnlәr әleyhinә aparılan müharibәlәr zamanı o bir sıra ekspedisiyalarda iştirak etmiş vә bir neçә mühüm tapşırıqları yerinә yetirmişdir. Mirzә Fәtәli Axundov ağır xәstәlikdәn sonra 1878-ci il fevralın 28-dә 66 yaşında ikәn Tiflisdә vәfat etmişdir.

 

Axundovun әdәbi fәaliyyәtinә keçәrkәn qeyd etmәk lazımdır ki, uzun müddәt içәrisindә yaşadığı maarifpәrvәr adamların mühiti onun mәnәvi qüvvәsinin vә yaradıcılıq istedadının inkişafına çox kömәk etmişdir. Gәncliyindә o, fars vә Azәrbaycan dillәrindә bir çox şerlәr yazmışdır. Rus şairlәrindәn o, әn çox Puşkini, Qoqolu vә Qriboyedovu yüksәk qiymәtlәndirirdi. Puşkinin ölümü Axundova çox qüvvәtli tәsir etmişdi vә o bu kәdәrli hadisәnin xәbәrini alan kimi çox tәsirli bir şer dә yazmışdır ki, hәmin şer Marlinski tәrәfindәn rus dilinә tәrcümә olunmuşdur. Öz zәmanәsinin әn istedadlı vә mәdәni müsәlmanlarından olan Axundov Zaqafqaziya müsәlmanları arasında humanist ideyaların әn yaxşı tәbliğatçılarından idi. O, öz dostlarını -- Zakiri, Baba bәyi vә digәr Azәrbaycan şairlәrini rus yazıçılarının әsәrlәri ilә tanış etmiş vә bu yolla da onların bilik dairәsini genişlәndirmişdir. Onun tәsiri sayәsindә Zakir vә bir qәdәr sonra Hacı Seyid Әzim yeni istiqamәtdә işlәyib yaratmışlar. Onların әsәrlәrindә, üzvi şәkildә olmasa da, hәr halda rusların humanist ideyaları ilә müsәlman xalqının hiss vә arzularının çox yaxından birlәşdirildiyi gözә çarpır. Mәsәlәn, Zakir Kolubyakinә vә Axundovun özünә yazdığı mәktublarda rus xalqının sakit hәyat tәrzinә vә nәcib xarakterinә hüsn-rәğbәtlә yanaşır, onun mәdәniyyәtinә vә hәrbi hünәrinә hörmәtini bildirir.

 

Axundovun böyük xidmәti onun ölmәz komediyalarından ibarәtdir ki, o bunları 1850-ci ildәn yazmağa başlamışdır; bu işdә knyaz Vorontsovun ümumiyyәtlә teatr işinә bәslәdiyi diqqәt vә rәğbәt ona çox kömәk etmişdir. Axundov altı komediya yazmış vә bu komediyaların hamısı onun bir povesti ilә birlikdә 1859-cu ildә nәşr olunmuşdur; hәmin komediyaların rusca tәrcümәsi isә hәlә bundan әvvәl, yәni 1853-cü ildә nәşr olunmuşdur.

 

M.F.Axundovun komediyaları bir reflektor kimi Zaqafqaziyada yaşayan azәrbaycanlıların 30-cu vә 40-cı illәrdәki hәyatını әks etdirir. Böyük istedada malik olduğu vә xalqın hәyatı ilә yaxşı tanış olduğu üçün Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini çox diqqәtәlayiq bir düzgünlük vә sәnәtkarlıqla tәsvir etmişdir. [Onun hәr hansı komediyasını diqqәtlә oxuduqdan sonra, sanki sәn özünü bir müddәt yaxından tanış olduğun adamların içәrisindә hiss edirsәn vә elә bil indicә onlardan ayrılıbsan. Xәsis Hacı Qaranın qurana and içib, ona әla növ mal әvәzinә pis mal satan Şuşa tacirinә dediyi söyüşlәri uzun müddәt qulaqlarda sәslәnir; yaxud sadә Azәrbaycan qadını Zalxanın ağıllı mühakimәlәrini götürәk. O deyir ki, bu viran olmuş ölkәnin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn gәrәk ki, biçarә gәdәlәri niyә oğurluqdan, quldurluqdan ötrü incidirsәn? Bacarırsan ölkәmizin qızlarına qadağan elә ki, quldur olmayan oğlandan zәhlәlәri getmәsin. Onda mәn zamın ki, qurd qoyun ilә otlayar vә s. Bir sözlә, hәr yerdә vә bütün komediyalarında Axundov özünü tәsvir etdiyi sinfin adamlarının hәyatını yaxşı bilәn bir sәnәtkar kimi tanıtdırır.] Onun komediyaları canlı, oynaq vә yaxşı işlәnmiş Azәrbaycan lәhcәsindә yazılmışdır. Dilinin belә canlılığı vә sadәliyi, mәzmununun dolğunluğu vә hәyatiliyi sayәsindә bu әsәrlәr bütün savadlı kütlәnin malı olmuş, indi dә böyük bir maraqla hamı tәrәfindәn oxunur vә bu әsәrlәrin hәr biri Zaqafqaziyanın, demәk olar ki, bütün şәhәrlәrindә vә hәtta İranda hәvәskarlar tәrәfindәn dәfәlәrlә sәhnәdә tamaşaya qoyulmuşdur.

 

Komediyalarından әlavә, M.F.Axundov Azәrbaycan dilindә "Aldanmış kәvakib" adlı bir povest dә yazmışdır. Bu povestdә müәllif sәfәvilәr dövründә İranın şah sarayındakı vәzirlәrin vә ali vәzifәli şәxslәrin hәyatını sәnәtkarlıqla tәsvir etmişdir; onun tәsvir etdiyi adamların hamısı ağıldan kәm, mәhdud vә mövhumata inanan adamlardır. Onların fövqәladә yığıncaqda söylәdiklәri nitqlәr öz sadәlövhlüyü ilә insanı heyran edir, eyni zamanda hәmin nitqlәr çox sәciyyәvidir. Bu nitqlәrdәn belә bir nәticә çıxartmaq olar ki, dövlәt adamlarının hamısının fikri vә işi "qızıl dövrünü keçirmiş İranın" abadlaşmasına tәrәf deyil, bәlkә onun iflasına vә tәnәzzülünә tәrәf çevrilmişdir.

 

Axundov hәmçinin fars dilindә dә bir neçә tәnqidi әsәr yazmışdır (bu da Şәrqdә әdәbiyyatın tamamilә yeni bir növüdür). Axundov şәrq dillәrini çox yaxşı bildiyinә görә, ilk dәfә olaraq әrәb әlifbasının dәyişdirilmәsi mәsәlәsinin zәruriyyәtini ortalığa atmış vә belәliklә dә, oxuyub-yazmağın vә müsәlmanlar arasında savadın tezliklә yayılmasının yolunu göstәrmişdir. Axundov әrәb әlifbasının nöqsanları haqqında fars dilindә xüsusi bir kitabça yazaraq, onu İran hökumәti tәrәfindәn baxılıb tәsdiq olunmaq üçün Tehrana göndәrmişdi; hәmin kitabça ilә birlikdә o, әrәb әlifbasını әvәz etmәk üçün özünün tәrtib etdiyi tәkmillәşdirilmiş әlifbanı da oraya göndәrmişdi. Lakin İran sarayının mürtәce vә paxıl adamları Axundovun bu maarifpәrvәr әsәrinә layiqi ilә diqqәt yetirmәmiş vә onun yeni әlifba qәbul etmәk haqqındakı xahişi hәyata keçmәmiş qalmışdır. (Bir qәdәr sonra isә İranın indi Konstantinopoldakı sәfiri Mirzә Rza xanın tәrtib etdiyi әlifbanın da aqibәti belә qurtarmışdı.) M.F.Axundov әlifba mәsәlәsi üçün xüsusi olaraq Konstantinopola getmişdi, lakin onun әlifba mәsәlәsi orada da müvәffәqiyyәt qazanmamışdı. Burada da, әsasәn, İran sәfiri onun işlәrinә mane olmuşdu. Axundovun bütün bu cәhdlәrinә baxmayaraq yenә dә cәhalәt vә avamlıq qalib gәlmişdi. Axundov bu yolda 20 ildәn artıq әmәk sәrf etmişdi. O, öz şerlәrindәn birindә, vaxtilә Sultan Mahmud tәrәfindәn aldadılmış şair Firdövsi kimi, şahın acgöz, cahil vә kütbeyin saray adamlarını vә vәzirlәrini gülüş hәdәfinә çevirmişdi.

 

 

 

 

V

 

 

Zaqafqaziyadakı azәrbaycanlıların әdәbiyyatının tәdriclә inkişaf etdiyi haqqında danışarkәn onun inkişafına 70-ci illәrin axırında Bakıda nәşr olunan "Әkinçi" adlı Azәrbaycan qәzetinin göstәrmiş olduğu sәmәrәli tәsiri qeyd etmәmәk olmaz, hәmin qәzeti ali tәhsil görmüş vә o zaman Bakının realni mәktәbindә müәllimlik edәn, maarifpәrvәr Hәsәnbәy Mәlikov redaktә edirdi. Qәzetdә nәşr olunmuş üçillik mәqalәlәrin sayına vә mәzmununa görә belә hesab etmәk olar ki, bu qәzetin әsas rolu azәrbaycanlılar arasında hәm әmәli, hәm dә nәzәri mahiyyәtli kәnd tәsәrrüfat biliklәrini yaymaqdan ibarәt olmuşdur. Aqronomiya üzrә mütәxәssis olan vә Azәrbaycan dilini yaxşı bilәn Hәsәnbәy Mәlikov öz qәzetinin hәr nömrәsindә kәnd tәsәrrüfatının müxtәlif sahәlәrinә dair çox faydalı mәqalәlәr çap edirdi; bu mәqalәlәri nәşr edәrkәn o, qәlәmә aldığı mövzuları başa düşülәn әdәbi bir şәkildә vә sadә dildә elә şәrh edirdi ki, elmi biliklәrin kütlә arasında yayılmasına sәbәb olurdu. Öz әhәmiyyәtini indiyә qәdәr dә itirmәmiş olan bu mәqalәlәr toplanılıb müәyyәn bir qaydaya salınaraq ayrıca kitabça şәklindә nәşr olunsa, yenә dә bizim yerlәrin әkinçiliklә mәşğul olan әhalisinә böyük fayda gәtirә bilәr. "Әkinçi" qәzetinin redaktorunun әsas kömәkçilәri onun öz tәlәbәlәri olan, indi Tiflis mәhkәmә palatasının prokuroru Әsgәrağa Adıgözәlov, Şuşa qәzasının hakimi Kәrimbәy Mehmandarov, sabiq Dilican meşәbәyisi Nәcәfbәy Vәzirov idi. Bunlardan başqa da redaktorun bir sıra savadlı kömәkçilәri var idi. Ali mәktәblәrdә mühazirәlәrә qulaq asan bu gәnclәr Moskvadan vә Peterburqdan qәzetin elm vә әdәbiyyat şöbәlәrinә maraqlı mәqalәlәr yazıb göndәrirdilәr. [Nәcәfbәy Vәzirov mәqalәlәrinin birindә Qarabağ şairlәri Asi, Növrәs, Katib vә başqalarının mәnzum әsәrlәrini tәhlil edәrәk göstәrir ki, onların sentimental fars poeziyasına saxta aludәçiliklәrinin heç bir әsası vә faydası yoxdur; o, hәmin şairlәrin ünvanına mәzәmmәtlәr yağdıraraq Puşkini vә Lermontovu nümunә göstәrirdi. Növrәsin, Katibin vә bu kimi әldәqayırma şairlәrin Puşkin vә Lermontovun mәnzum әsәrlәrinә oxşar әsәrlәr yaratmaq cәhdlәri boşa çıxdı vә onların bu sahәdәki fәaliyyәti ancaq rus şairlәrinә mәdhiyyәlәr yazmaqla nәticәlәndi. Nәcәfbәy Vәzirovun bu çağırışına bәdii yaradıcılıq istedadı, fikri dәrinliyi vә nәcib hisslәrinin tәbiiliyi ilә bütün müasirlәrindәn üstün olan şamaxılı şair Hacı Seyid Әzim cavab verir. "Әkinçi" qәzetinin vasitәsilә rus әdәbiyyatının istiqamәti vә rus şairlәri ilә tanış olan Hacı Seyid Әzim әn çox Puşkin istedadını yüksәk tutur, onun böyük yaradıcılığının vә hәrtәrәfli dühasının önündә ehtiramla baş әyir. Bәzi әsәrlәrini Puşkinin әsәrlәrinә oxşadaraq o, özünü hәyәcanlandıran dәruni fikirlәri bәdii şәkildә tәsvir etmәkdә böyük ustalıq göstәrir.]

 

"Әkinçi" qәzetinin görkәmli әmәkdaşlarından biri olan Şamaxı şairi Hacı Seyid Әzim ruhanilәrә qarşı kәskin mübarizә aparır, onların şüurlu surәtdә fanatizmi vә mövhumatı sadә camaatın arasında yaydıqlarını ifşa edirdi. O, polad kimi bitkin vә möhkәm, qәlbinin dәrinliklәrindәn aşıb gәlәn şerlәri ilә, öz şәxsi mәnafelәri üçün quranın vә peyğәmbәr tәrәfindәn qoyulmuş şәriәt tәliminin mәnasını istәdiklәri kimi tәhrif edәn vaizlәrin vә axundların yalançı tәlimini alt-üst etmişdir. Bu cәhәtdәn o, yuxarıda deyildiyi kimi, mollaların insanı qәzәblәndirәn hәrәkәtlәrini görәndә onlara aman vermәyәn öz müәllimi qarabağlı Zakiri dә ötüb keçmişdir.

 

Hacı Seyid Әzim bir sıra parlaq şerlәrindә öz sevimli oğlu Cәfәrә müraciәt edәrәk ona xeyirxah atalıq nәsihәti verir vә mömin adamların hәyatından gәtirdiyi tәrbiyәvi misallarla öz nәsihәtlәrinin hәr birini әsaslandırır. Dәrin mәnalı, hәyat hәqiqәti ilә dolu, müdrik vә hazırcavab şәkildә yazılmış bu nәsihәtlәrdә şair öz oğluna müraciәt edәrkәn onun şәxsindә elә bil ki, özünün bütün oxucularına nәsihәt vermişdir. Doğrudan da, bu nәsihәtlәrdә o qәdәr hәqiqәt, sәmimiyyәt vә mehribanlıq vardır ki, onları oxuyan oxucu şerin lap ilk sәtirlәrindәn başlayaraq özünü hәmin nәsihәtlәrin tәsiri altında hiss edir. Bu nәsihәtamiz şerlәrin bәzilәri o qәdәr yüksәk hümanizm vә insana mәhәbbәt hissi ilә aşılanmışdır ki, heç bir Avropa tәhsili almamış bu sadә Şamaxı seyidinin görüşlәrindәki genişliyә heyrәt edirsәn. Şerlәrindәn birindә o öz oğluna aşağıdakı sözlәrlә müraciәt edir:

 

Cәfәr, ey qönçeyi-gülüstanım,

Ey mәnim bülbüli-xoşәlhanım,

İki yüz yetmiş üçdә bәd hәzar

Mötәdil fәsl idi, zәmani-bahar,

Sәni hәqq mәn fәqirә etdi әta,

Kәbәyi-qәlbimә yetişdi sәfa.

On beş ildir ki, ey әtayi-әzim,

Sәnә adab eylәrәm tәlim.

Yetibәn әqlә sәrәfraz oldun,

Dәxi mәndәn ki, biniyaz oldun,

Әqli-peyğәmbәrin qılıb rәhbәr,

Öyrәn adabi-mәzhәbi, Cәfәr!

Demirәm mәn gedәn tәriq ilә get,

Әqli tut, ol gözәl rәfiq ilә get!

Sәnә burhan deyil tәriqi-pәdәr,

Gör nә yol getdi zadeyi-Azәr?[8]

 

[8] Din tarixindәn mәlumdur ki, patriarx Avram öz atası Azәrin bütpәrәstliyini qәbul etmәyib, bir olan allaha inandığını elan etmişdir.

 

Demirәm rus, ya müsәlman ol,

Hәr nә olsan, get әhli-ürfan ol!

Demirәm sünni ol vә ya şiә,

Tәk hәdәf olma tiri-tәşniyә!

Demirәm şeyxi ol vә ya babi,[9]

Hәr nә olsan tәk olma qullabi!

 

[9] Müsәlman tәriqәtçilәridir.

 

Sonra şair deyir:

 

Ey gözüm nuri, ey әtayi-xuda,

Sәnә Şirvanda oldu nәşvü nüma.

Lillahül-hәmd xitteyi-Şirvan

Saniyi-İsfәhandır bu zaman.

Gәrçi viranә oldu zәlzәlәdәn,

Çıxmayıb mәrifәt bu mәrhәlәdәn.

Vardı hәr guşәdә yüz әhli-kamal,

Hәr biri әhli-elmü sahibi-hal.

Xassә kim, abü xakının әsәri,

Qabili-tәrbiyәt qılır hәcәri.

Xassә kim padşahi-kişvәri-rus

Edәli tәxti-әdlü dadә cülus,

Eylәyib tәrbiyәt kamal әhlin,

Gәtirir hala hәr mahal әhlin.

Hәr vilayәtdә açdı mәktәblәr,

Çatdılar feyzә әhli-mәnsәblәr.

Oxunur onda müxtәlif dillәr,

Hәll olur onda cümlә müşküllәr.

Ey oğul, bu dәlili-bişәkdir,

Adәmi-bisәvad eşşәkdir.

Rәmzi-"hәl yәstәvi" müdәllәl imiş,

Bilmәyәndәn bilәn kәs әfzәl imiş.

Hәq buyurmuş ki, ixtilafi-lisan

Nemәtimdәndir, ey güruhi-zaman.

Kim ki, bәs, bir dil eylәsә hasil,

Oldu bir nemәtә o kәs vasil.

Cәhd qıl nemәti-tәmamә yetiş,

Elm tәhsil qıl, mәqamә yetiş.

Ey oğul, hәr lisanә ol rağib,

Xassә ol rus elminә talib.

Çün ona ehtiyacımız çoxdur,

Bilmәsәk dil, әlacımız yoxdur.

Çatmayıb şәrdәn bizә bu xәbәr

Ki, әrәbdәn sәva dil oldu hәdәr.

Nә әrәbdir xuda, nә rumü, nә zәng,

Nә hәbәşdir, nә rusdur, nә firәng.

Xah boq, xah tanrı, xah xuda,

Birdi mәnada, ey düri-yekta!

Lәfz edәrsә ifadә mәnanı,

Sәrf edәr әhli-mәrifәt anı!

Ey oğul, bil bu rәmzdәn mәtlәb

Deyil әlhәq lisan, lisani-әrәb.

Hәq özü hәr lisanә danadır,

Hәr lisan hәq yanında zibadır.

 

Hacı Seyid Әzimin bәzi nәsihәtlәri vaxtilә tәrcümәsi ilә birlikdә Bağçasarayda çıxan "Tәrcüman" qәzetindә çap olunmuşdur. Hәmin qәzet indi dә Rusiya müsәlmanlarının arasında maarifin yayılması xeyrinә olduqca böyük sәylә çalışır.

 

Hacı Seyid Әzim öz әsәrlәri mәcmuәsinә daxil olmuş qısa tәrcümeyi-halında, başqa cәhәtlәrlә yanaşı özü haqqında da aşağıdakı mәlumatı verir:

 

(Ol zaman ki, etdi hәft aba

Ümmәhat izdivacını peyda,

Gәldi ondan vücuda çox fәrzәnd--  

Bәzi biәql, bәzi danişmәnd.

Mәn dәxi bir yeganә fәrzәndәm,

Deyilәm naxәlәf, xirәdmәndәm,

İki yuz әlli birdә bәdi-hәzar,

Әsri-sultan Mәhәmmәdi-Qacar.

Ruma Әbdülmәcid idi sultan,

Oldu darülviladәtim Şirvan.

Hansı Şirvan, o gülüstani-qәdim

Ki, onda Şirvanşәhilәr oldu müqim.

 

Burada şair haşiyә çıxaraq rus dilinә tәrcümә oluna bilmәyәn coşqun bir şer dili ilә Şamaxının gözәllik vә mәziyyәtlәrini tәrәnnüm edir, onu dünyanın әn gözәl guşәsi ilә, yer üzünün cәnnәti ilә müqayisә edir. O, bu cah-cәlallı diyarı xәrabәliyә çevirәn vә onun öz evini tarmar edәn dәhşәtli zәlzәlәni kәdәrlә xatırlayır. Sonra şair öz tәrcümeyi-halını belә nağıl edir:

 

Vәzi-hәml etdi çün mәni madәr,

Pәdәrim dari-xüldә etdi sәfәr.

Adımı qoydular çü Seyyid Әzim,

Düşdü bәhri-qәmә bu dürri-yetim.]

Oldum ol gün ki, çardәh salә,

Düşmәdim fikri-dövlәtü malә.

Eylәdim arifanә kәsbi-ülum,

Gah Bağdad mәskәnim, gah Rum.

Eylәdim Misrü Şamdә mәva,

Gәh yerim Yәsrib oldu, gәh Bәtha.

Oxudum sәrfü nәhvü fiqhü üsul,

Hikmәtü heyәt eylәdim mәhsul.

Ta ki, müstәcmәi-ülum oldum,

Nәzәri-әhli-әsrә şum oldum.

Olmadı çünki mәndә malü mәnal,

Mәnә öz elmim oldu vizrü vәbal.

Eylәdim ta ki, hәr büsatә güzәr,

Mәni gördükdә xәlq söylәdilәr:

Budu gәldi sәfahәtin kani,

Hacı Seyyid Әzimi-Şirvani,

Küreyi-әrzi fәrz edәr sәyyar,

Zәlzәlә baisin bilibdi buxar.

Söylәyir şәms qütbi-alәmdir,

Fәlәki-nöhhüm әrşi-әzәmdir.

Bir görün ki, olubdu bu cahil,

İnqilabi-әnasirә qail.

Söylәyir: gah su havaya dönәr,

Gәh hava su olub sәmadәn enәr.

Ab olur atәşü hәm atәş ab,

"İnnә hazәl-mәqalә şeyün ücab"

Allah-allah bu küfrü tüğyandır,

Demәk olmaz ki, bu, müsәlmandır.

 

[Hacı Seyid Әzimi әhatә olunduğu mühit dinsizlikdә belә, taqsırlandırırdı. Ona Aşıq Kәrәm, Aşıq Qәrib, Koroğlu, onun qara atı vә sairә әfsanәvi mövzularda, nağıl vә rәvayәtlәr alәmindәn әsәrlәr yazmağı tәklif edirdilәr. Hәqiqәtәn dә, istedadlı şair olan mәrhum Hacı Seyid Әzimin bir sıra boş vә mәnasız hekayәlәrinin meydana çıxması bu avam kütlәnin tәlәblәrindәn irәli gәlmirmi? Bu hekayәlәr çoxlu tәrbiyәvi әhәmiyyәti olmayan başqa xırda şerlәrlә birlikdә yuxarıda göstәrilәn mәcmuәyә daxil edilmişdir. Biz eşitdiyimizә görә, indi Hacı Seyid Әzimin ilk mәcmuәsinә daxil olunmayan әsәrlәri çapa hazırlanır. Yaxşı olardı ki, bu gözәl şairin әsәrlәrinin yeni nәşrinin redaktәsi bu işdәn xәbәrdar olan vә tәcrübәli bir adama tapşırılaydı].

 

Hacı Seyid Әzim keçәn әsrin hәştadıncı illәrinin axırlarında sәbәbi indiyә qәdәr dә aydınlaşdırılmamış hadisәlәr üzündәn Şamaxıda vәfat etmişdir. Şairin ölümünә sәbәb olan dolayı vә bilavasitә hadisәlәr arasında әn çox bunu qeyd edirlәr ki, o, qara camaatla ehtiyatlı davranmadığından mollalar vә yerli ruhanilәr camaatı onun әleyhinә qaldırmışdılar. Deyirlәr ki, şair guya mәsciddәn çıxarkәn qara camaat onu ayaq altına salıb tapdalayaraq öldürmüşdür. Din nümayәndәlәrini vә insana mәhәbbәt tәbliğ edәnlәri belә ifşa edәn bu rәvayәtin nә qәdәr doğru olub-

olmadığını yalnız allah bilir. Lakin bir şey şübhәsizdir ki, ruhanilәrlә onları tәnqid edәn, fürsәt düşdükcә onların çirkin işlәrini ifşa edәn şair arasında ölüm-dirim müharibәsi gedirdi. Hacı Seyid Әzim haqqında bütün bu deyilәnlәrә bir dә onu әlavә etmәk lazımdır ki, yaradıcılıq әhval-ruhiyyәsi vә ilham heç bir zaman onu tәrk etmirdi; ilham pәrisi onun daimi vә ayrılmaz peyki idi. O da, Puşkin kimi, öz zәmanәsinin hәr bir hәyati hadisәsinә vә mәsәlәsinә çox tez cavab verirdi. Onun istedadı sәrbәst vә qüvvәtli idi. Bәzәn, öz dostları arasında olarkәn, o bәdahәtәn tam bir poema söylәyirdi. Bir şair kimi, onun xüsusi lәyaqәtlәrindәn onu da qeyd etmәk olar ki, özünün  alimliyinә  vә uzun müddәt Şәrq ölkәlәrini -- Türkiyәni, Әrәbistanı vә İranı gәzib dolaşmasına baxmayaraq, o heç bir zaman öz yaradıcılıq işindә yad tәsirlәrә düşmәmiş, öz әsәrlәrindә orijinallığı vә böyük şair müstәqilliyini hәmişә saxlamışdır. Onun bütün әsәrlәri öz oricinal bәdiiliyi vә şәrhinin aydınlığı ilә fәrqlәnir. Onun şerlәri axıcıdır, ahәngdar vә mәlahәtlidir. Pozuq vә nahamvar ifadәlәr onun üslubuna yaddır.

 

İstәr hәyatdan, istәrsә dә tәbiәtdәn alınsın, onun tәsvir etdiyi lövhә öz tamlığı, düzgünlüyü vә gözәlliyi ilә insanı heyrәtә gәtirir. Yalnız sәrbәst vә çox zәngin istedada malik olan nadir şairlәr hәqiqәti Seyid Әzim kimi cәsarәtlә yazıb deyә bilәrdilәr.

 

Hacı Seyid Әzim, hәmçinin, bir-birinin әleyhinә düşmәnçilik bәslәyәn sünnilәrlә şiәlәr arasında barışıq vә mәnәvi yaxınlıq yaratmağa da öz әsәrlәri ilә xeyli kömәk etmişdir. Şiәlәrlә sünnilәr arasında baş verәn toqquşmaların sadәlövh mahiyyәtini zarafatyana bir şәkildә öz әsәrlәrindә nağıl edәrәk, şair mübahisә edәn iki tәrәfin dini anlayışları arasındakı çox cüzi fәrqlәri ustalıqla vә düzgün göstәrir, bәzәn dә o, mübahisә edәn tәrәflәri tәsvir edәrәk, öz oxucusu ilә birlikdә hәr iki tәlimin fanatik nümayәndәlәrinin gülmәli vәziyyәtinә bütün qәlbi ilә acı-acı gülür.

 

 

 

 

VI

 

 

Keçәn әsrin altmışıncı illәri Azәrbaycan әdәbiyyatının inkişafı tarixindә әn sәmәrәli vә әn xoşbәxt bir dövr olmuşdur. O zaman Zaqafqaziyanın bir çox şәhәrlәrindә müxtәlif poetik adlar altında, mәsәlәn, "Beytüs-Sәfa", "Beyti-xamuşan", "Daris-sürur" vә sairә bu kimi әdәbiyyat dәrnәklәri olmuşdur. Ayrı-ayrı dәrnәklәr arasında dostluq әlaqәlәri mövcud olmuş, bu dәrnәklәr bir-biri ilә mәktublaşmışlar. Bu dәrnәklәrin nümayәndәlәri: Şuşada -- Abdulla bәy Asi, Şamaxıda -- Hacı Seyid Әzim, Yelizavetpolda -- Mirzә Mehdi Naci, Yerevanda -- Mirzә İsmayıl Bәzmi, Qazaxda -- Kazımbәy Salik olmuşdur. O zaman qüdrәtli qartallar kimi Şuşanın hündür qayalarının zirvәsindә özlәrinә yuva salmış Qarabağ şairlәri bu әdәbi dәrnәklәr arasında xüsusi bir hörmәtә vә şöhrәtә malik idilәr. Bu şairlәr o zaman öz yüksәk mövqelәrindәn poeziya sahәsindә çalışan bütün digәr xadimlәrin işinә ton vә istiqamәt verirdilәr. O zaman müxtәlif yerlәrdәn şairlәr öz bәdii әsәrlәrini Qarabağ şairlәrinә göndәrir vә onlardan göstәriş vә qiymәt almaq istәyirdilәr. Gәrgin bir diqqәtlә müxtәlif yerlәrdәki şairlәr öz әsәrlәrinә mәşhur şair Asinin necә qiymәt verәcәyini sәbirsizliklә gözlәyirdilәr. Gәnc, gözәl vә son dәrәcәdә istedadlı şair olan Abdulla bәy Asi bir meteor kimi Azәrbaycan şairlәrinin sәmasından keçmiş, öz qüdrәtli istedadının göz qamaşdıran şüaları ilә bu sәmanın üfüqlәrini işıqlandırmışdır. Olduqca coşqun, hәssas vә sәmimi bir şair olan Abdulla bәy Asi hәlә gәnc yaşlarından müvәqqәti vә keçici eyş-işrәtә alışmış, öz hәyatını şәrab şüşәsi әtrafındakı yoldaşlarının arasında ağılsızcasına fotә vermişdir. Xәyyam kimi, o da öz gözәl şerlәrindә şәrabı, nәşәni vә mәhәbbәti tәrәnnüm edәrәk, bunların hamısını tәbiәtin bütün başqa nemәtlәrindәn üstün tutmuşdur. Bu epikürçü şair şerlәrindәn birindә deyir: "Bir halda ki, şәrab vaizlәrin möizәsindәn daha yaxşı insanın beynini işıqlandırır, necә ola bilәr ki, belә bir şәrabı içmәyәsәn; bir halda ki, şәrab insanın qәlbini nәcib hisslәrlә doldurur vә onu sәmalara tәrәf qaldıraraq, lap allahın özünә yaxınlaşdırır, necә ola bilәr ki, bu şәrabı içmәyәsәn. Bir halda ki, şәrabın ecazkar rәngi vә insanı bihuş edәn әtri bu qәdәr sehirli bir qüvvәyә malikdir, bir halda ki, onun qüvvәsi mәnim ilahi gözәlliyә malik olan pәrimin al dodaqları kimi füsunkardır, necә ola bilәr ki, bu şәrabı içmәyәsәn!" Lakin Abdulla bәy Asi tamamilә ağılsız vә sәmәrәsiz keçirdiyi gecәlәrdәn vә günlәrdәn sonra, adәtәn, bәdbinliyә qapılır vә sızıldayırdı, onun ruhunu boğan dәrin kәdәr hissi şairi çıldırmaq dәrәcәsinә gәtirib çıxarırdı. Belә hallarda şairin özü dә öz hәrәkәtlәrindәn utanırdı, qәlbi isә parçalanmağa hazır idi. Belә dәqiqәlәrdә o özünü әn bәdbәxt adam hesab etmiş vә buna görә dә özünә "Asi" tәxәllüsünü seçmişdir ki, bunun da mәnası günahkar demәkdir. Öz qәlbinin ağrılarını yüngüllәşdirmәk üçün şair belә ruhi vәziyyәtlәrdә İmam Hüseynin şәninә növhәlәr yazmışdır.

 

Lakin, bununla belә, qeyd etmәk lazımdır ki, peşmançılıq Asinin şerindәki әsas motivlәr arasında daimi yer tutmamışdır; onun göz yaşları, yalvarışları vә kәdәrli hisslәri tezliklә dostlarını, unudulmuş "piri-muğanın"[10] şәrәfinә badә qaldırmağa sәslәyәn nәşәli çağırışlarla әvәz olunmuşdur.

 

[10] Hörmәtli tamada, şәn mәclisә ilham verәn vә şәrab pәrәstişkarlarının tәcrübәli rәhbәri.

 

Asinin yaşadığı müasir cәmiyyәtin nümayәndәlәri vә yerli ruhanilәr quranın әn vacib qanunlarını bu qәdәr açıq vә cәsarәtlә pozan Abdulla bәyin hәrәkәtlәrindәn qәzәblәnәrәk, bir dәfә şairi mәscidә gәtirmiş vә onu müqәddәs qurana and içmәyә mәcbur etmişlәr ki, bundan sonra bir daha şәrab içmәyәcәk, bu şeytan әmәlindәn tamamilә imtina edәcәkdir. Müsәlman dünyasında adi bir qayda hesab olunan bu hal, yәni ruhanilәrin işә qarışması ilә camaatın dini mәsәlәlәrdә öz üzәrinә qeyri-mәhdud ixtiyar vә hakimiyyәt götürmәsi şairin dostlarına çox dәrin tәsir etdi. Bu münasibәtlә Şamaxı şairlәri "mәliküş-şüәra" müqabilindә tutduqları Asiyә üz vermiş bәdbәxtliyә görә böyük bir şer yazıb ona göndәrmişdilәr. Hәmin şerdә deyilirdi:

 

İlahi, mәscidә meyxanә dönsün!

Tökülsün badәsi, peymanә dönsün!

Ola meyxanә bayquşlar yatağı,

Uçub bir mәnzili-viranә dönsün!

Nә güldәn ötrü bülbül nalә etsin,

Nә dövri-şәmә bir pәrvanә dönsün!

Çәmәn sәhnindә olsun daği-lalә,

Yanıb bir atәşi-suzanә dönsün!

Pozulsun rövnәqi-ordibehişti,

Gülüstani-cahan niranә dönsün!

Sәfayi-kainat bulsun küdurәt,

Bu alәm xalq üçün zindanә dönsün!

Sәnin min bәd, ey piri-xәrabat,

Şәrabi-lәli-nabın qanә dönsün!

Neçün kim Asiyi-zarü üftadә

Edibdir Şişә içrә tәrki-badә.

 

Hacı Seyid Әzim Şirvanidәn vә çox gәnc ikәn, 1867-ci ildә vәfat etmiş Abdulla bәy Asidәn (anadan olduğu il dәqiq mәlum deyildir) sonra onların şәxsindә öz ideal-romantik istiqamәtli әn yaxşı nümayәndәlәrini itirmiş Azәrbaycan әdәbiyyatı tamamilә başqa bir yola düşmüşdür. Bu zamandan başlayaraq poeziya vә şerlә deyilәn söz öz yerini nәsrlә yazılmış komediyalara, tragediyalara; povest vә romanlara vermәyә başladı; şer yerinә indi tәmsillәr vә uşaqlar üçün nağıllar yazılmağa başlandı.

 

Bu yeni әdәbi cәrәyanın nümayәndәlәri, әsas etibarı ilә, şәrq tәhsilindәn әlavә, dövlәt mәktәblәrindә -- orta vә ali mәktәblәrdә rus tәhsili görmüş gәnclәr idi. Onlardan bәzilәri dәrsliklәr tәrtib etmәklә, başqaları rus әdәbiyyatından tәrcümәlәr etmәklә mәşğul olur, bәzilәri dә povest vә romanlarda öz gücünü sınayır, bir hissәsi dә özlәrini tamamilә dramatik әdәbiyyata hәsr edirdilәr.

 

Biz müasir әdәbiyyat alәmindә çalışan yazıçıların әsәrlәrini müfәssәl surәtdә tәdqiq etmәyәrәk, onlardan yalnız әn mәşhur müәlliflәrin qiymәtli әsәrlәrinin adlarını saymaqla kifayәtlәnirik. Әvvәlcә dәrsliklәrdәn başlayaq. Sövti üsul ilә ilk ibtidai әlifba kitabı 1882-ci ildә Qori şәhәrindәki Zaqafqaziya müәllimlәr seminariyasının Azәrbaycan şöbәsindә sabiq müfәttiş A.O.Çernyayevski tәrәfindәn tәrtib olunmuşdur. Onun "Vәtәn dili" adlanan bu ilk dәrsliyi Azәrbaycan mәktәblәrindә çox geniş yayılmışdır; müәllif müәllimlәrdәn ötrü öz dәrsliyi üçün xüsusi bir rәhbәr tәlimat da tәrtib etmişdir. Hәmin dәrsliyin ikinci hissәsi müәllifin özü tәrәfindәn ibtidai Azәrbaycan mәktәbinin sabiq müәllimlәrindәn Sәfәrәlibәy Vәlibәyovla birlikdә tәrtib edilmişdir. Bu kitab mәktәblәrin ikinci vә üçüncü siniflәri üçün nәzәrdә tutulmuş vә Uşinskinin "Ana dili" kitabının nümunәsi әsasında tәrtib edilmişdir. Bu dәrsliklәr o zamana qәdәr fars dilindә mövcud olan çәrәkә әsasında, yәni hәrflәri höccәlәmәk üsulu ilә dәrs keçәn Azәrbaycan mәktәblәrindә tamamilә yeni bir islahat әmәlә gәtirdi. Bu dәrsliklәrdәn sonra yazılmış kitablar arasında Zaqafqaziya şeyxül-islamı molla Әbdüssalam Axundzadәnin müsәlman mәzhәbi vә şәriәt tarixi haqqındakı dәrsliyi diqqәti cәlb edir. Onun "Risaleyi-ümdәtül-ehkam"ı, "Zibdәtül-ehkam"ı vә "Tarixi-müqәddәsi-әbniya"sı meydana çıxana qәdәr nә mәktәblәrdә, nә dә ilahiyyatın mәcburi fәnlәr cәrgәsindә olduğu dövlәt mәktәblәrindә müsәlman şәriәti tarixi әsl qaydasında keçilmirdi. O vaxta qәdәr şәriәt dәrslәri belә keçilirdi: molla dinin ehkamları haqqında uşaqlara bәzi mәlumat verir, qiyamәt günü haqqında danışır, sonra isә uşaqlara quran oxudurdu vә aydındır ki, onu da yalnız әzbәrlәdir, mәnasını isә başa salmırdı. Cәnab Axundzadәnin kitablarında isә dinin bütün ehkamları vә şәriәtdәn doğan bütün qayda-qanunlar pedaqojinin didaktika tәlәblәrini gözlәmәk yolu ilә, yәni asandan çәtinә, yaxından uzağa üsulu әsasında şәrh edilmişdir. Duaların әrәb mәtnlәrinә Azәrbaycan dilindә lazımi tәrcümә vә izahatlar verilmişdir. Keçmişdә bizim mәktәblәrimizdә uşaqların tamamilә xәbәrsiz olduğu müqәddәs tarix indi әn çox yayılmış vә әn çox hörmәt edilәn dәrsliklәrdәn biri olmuşdur. Cәnab Axundzadәnin hәm bu, hәm dә digәr kitabları yaxşı bir dildә yazılmışdır. Hörmәtli şeyxül-islam, haqlı olaraq, bәdii-әdәbi dilin ilk öyrәdicisi hesab oluna bilәr. Onun "Cәhalәt xәstәliyinin dәrmanları vә bu dәrmanların tәtbiq olunması qaydaları" adlı hәm mәzmununa görә, hәm dә öz şәrhinә vә dilinin gözәlliyinә görә çox maraqlı olan kitabçası әdәbi әsәrlәrin әn yaxşı nümunәlәrindәn hesab oluna bilәr. Demәk olar ki, cәnab Çernyayevskinin vә Axundzadәnin kitabları vә zәhmәtlәri sayәsindә azәrbaycanlılarda da pedaqoji iş elmi zәmindә aparılmağa başlamışdır. İsmayılbәy Qasprinskinin "Xocayi-sibyan" (uşaq müәllimi) vә Rәşidbәy Әfәndiyevin "Uşaq bağçası" әsәrlәri dә faydalı tәdris kitablarıdır. Hәr iki dәrslik işi yaxşı başa düşәn vә bilәn müәlliflәr tәrәfindәn tәrtib edilmişdir. Savadsız uşaqlar bu kitabların vasitәsilә ana dilindә oxumağı vә yazmağı asanlıqla öyrәnirlәr. Lakin "Xocayi-sibyan" Krım tatarlarının lәhcәsindә tәrtib olunduğuna görә Zaqafqaziyada bir o qәdәr dә yayıla bilmәmişdir; bu dәrslik әn çox Krımda vә Rusiyanın içәrilәrindәki quberniyalarda yaşayan tatarların arasında yayılmışdır. Әrәb әlifbasının qeyri-mükәmmәlliyi vә sait sәslәri ifadә edәn hәrflәrin lazımi qәdәr olmaması üzündәn, bu әlifbada qәti müәyyәn olunmuş orfoqrafiya qaydaları yoxdur. Bu işi az-çox qaydaya salmaq vә Azәrbaycan dilindә yazı qaydalarını mümkün qәdәr vahid bir şәklә salmaq üçün cәnab Nәrimanov  L.Polivanovun rus qrammatikası nümunәsi әsasında tәrtib etdiyi "Türk-Azәrbaycan dilinin müxtәsәr sәrf-nәhvi" kitabını 1899-cu ildә Bakıda nәşr etmişdir. Azәrbaycan şöbәsinin şәriәt müәllimlәri Q.Ә.Әfәndizadә vә Köçәrli tәrәfindәn din tarixi üzrә başqa bir dәrslik dә 1899-cu ildә tәrtib olunmuş vә rus dilinә tәrcümә edilmişdir; bu dәrsliyi şöbәnin müfәttişi cәnab F.A.Smirnov rus dilinә tәrcümә etmişdir. Bu il R.Әfәndiyevin "Bәsirәtül-әtfal" vә M.S.Seyidovun "Kitabi-xәzainül-әtfal" adlı iki müntәxәbatı çapdan çıxmışdır. Hәr iki müntәxәbat yuxarı yaşlılar üçün tәrtib edilmiş vә onlarda hәm zәngin tәrcümәlәr, hәm dә orijinal material vardır. Bu müntәxәbatlar çox ağıllı vә yaxşı tәrtib olunmuşdur; hәmin ildә Bakıda başqa bir tam Azәrbaycan qrammatikası dәrsliyi dә nәşr olunmuşdur. Bu dәrsliyin müәllifi gәnc müәllim A.Y.Talıbzadәdir. Zaqafqaziyada yaşayan azәrbaycanlılar arasında savadı yaymaq işinә çox böyük xeyir verәn bu dәrsliklәrdәn әlavә keçәn әsrin son on ilindә türk dilinin Azәrbaycan lәhcәsindә müxtәlif fәnnlәr üzrә bir neçә faydalı dәrsliklәr dә nәşr olunmuşdur.

 

Әdәbi әsәrlәrin başqa növlәrinә keçdikdә, qeyd etmәk lazımdır ki, indi bizim yaşadığımız zәmanәdә dramatik әsәrlәr Azәrbaycan yazıçılarının zövqlәrinә daha uyğun gәlmişdir. Bu, başlıca olaraq, belә bir vәziyyәtlә izah olunur ki, әdәbi әsәrlәrin bu növündә cәmiyyәtdәki nöqsanları vә qüsurları daha dolğun vә aydın şәkildә göstәrmәk vә hәmin әsәrlәri sәhnәdә tamaşaya qoymaqla kütlәnin diqqәtini  bu nöqsanlara vә qüsurlara cәlb etmәk mümkündür. Müsәlman hәyatı bu növdәn olan әsәrlәr üçün zәngin vә tükәnmәz material verir. Komediyanın digәr әdәbi әsәrlәrin üzәrindә üstünlük tәşkil etmәsi, şübhәsiz, hiss olunur vә bu da mәşhur dramaturq, xalqın bütün tәbәqәlәrinin hәyatının komik tәrәflәrini bәdii şәkildә sәnәtkarlıqla vermәk bacarığına malik olan Mirzә Fәtәli Axundovun gәnc yazıçılara göstәrdiyi tәsirlә әlaqәdardır. Onun Mәstәli şahı, demәk olar ki, eyni zamanda üç müәllif tәrәfindәn tәqlid olunmuşdur; lakin tәbiidir ki, bu tәqlidçilәrdәn heç biri öz vәzifәsini kifayәt qәdәr yerinә yetirә bilmәmişdir. Bizim mövhumatçı qadınları hiylәgәrliklә vә açıqdan-açığa istismar edәn cadugәr dәrvişin tipi heç kәs tәrәfindәn mәrhum Axundovun "Mәstәli şah" әsәrindә olduğu qәdәr dolğun, düzgün vә sәciyyәvi şәkildә göstәrilmәmişdir.

 

Bu növ әdәbi әsәrlәrin nümayәndәlәri -- Nәcәfbәy Vәzirov, Nәriman Nәrimanov, Haşımbәy Vәzirov, Vasaq Mәdәdov (ermәnidir), Әbdürrәhimbәy Haqverdiyev, Süleyman Axundov, Әsgәr Adıgözәlov vә başqalarıdır. Onların hәr biri, bu axırıncıdan başqa, bir neçә komediya yazmışdır. Nәcәfbәy Vәzirov әn çox әsәr yazan dramatik yazıçılardan hesab olunur. O, yeddi komediya vә bir neçә vodevil yazmışdır.

 

Cәnab Nәcәfbәy Vәzirov öz komediyalarında böyük bir istedad göstәrmişdir; o, mülkәdar tәbәqәsinin patriarxal mәişәtindәn alınmış müxtәlif hadisәlәri sәnәtkarlıqla tәsvir edir. Onun "Adı var, özü yox" vә "Daldan atılan daş topuğa dәyәr" komediyaları bu cәhәtdәn әn müvәffәqiyyәtli әsәrlәr hesab oluna bilәr. Cәnab Әbdürrәhimbәy Haqverdiyev öz "Dağılan tifaq" adlı әsәrindә mülkәdar-bәy tәbәqәsinin hәyatının düzgün mәnzәrәsini vermişdir. Bu komediyanın birinci üç pәrdәsindә müәllif özünün böyük müşahidә qabiliyyәtini vә müşahidә etdiyi şeylәri düzgün vә canlı surәtdә ifadә etmәk bacarığını göstәrmişdir. Lakin cәnab Haqverdiyevin belә bir zәif cәhәti vardır ki, o öz komediyalarına nә isә cinlәri vә ölmüş adamların ruhlarını salır; bizә elә gәlir ki, başqa xalqların әsәrlәrindәn iqtibas olunmuş bu manera ilә o öz komediyalarının әhәmiyyәtini xeyli aşağı salır. Hәm N.Vәzirovun, hәm dә Ә.Haqverdiyevin komediyaları canlı dildә yazılmışdır. Lakin Vәzirovun dili az işlәnmişdir vә heç bir ehtiyac olmadan Bakı lәhcәsinә uyğunlaşdırılmışdır.

 

[Nәriman Nәrimanovun "Nadanlıq" vә "Dilin bәlası" adlı ilk iki komediyası hәlәlik müәllifin xeyrinә heç bir şey demir. Mәzmunun kasıblığı, ayrı-ayrı pәrdә vә şәkillәr arasındakı rabitәnin olmaması, әsәrin başlanğıcının pis düşünülmәsi, müvәffәqiyyәtsiz vә qeyri-tәbii sonluq, zәif dil -- bütün bunlar komediyanın ümumi nöqsanıdır. Lakin cәnab Nәrimanovun "Nadir şah" faciәsi gәlәcәkdә ondan gözәl bir dramatik yazıçı yetişә bilәcәyi haqqında ümidlәr doğurur].

 

Azәrbaycan әdәbiyyatı nәsr әsәrlәri ilә daha az fәxr edә bilәr. Azәrbaycan vә ya fars dillәrindә heç bir roman göstәrmәk olmaz. Nәsr әsәrlәrinin Şәrq xalqlarının әdәbiyyatında belә az olması, bizim fikrimizcә, bu xalqlarda qadınların örtülü vәziyyәtdә saxlanması vә öz xalqlarının hәyatına tәsir göstәrmәk imkanından mәhrum olmasıdır. Bir halda ki, qadınlar hәmişәlik kölә vәziyyәtindәdir vә hәyatda müәyyәn rol oynamaq imkanından mәhrumdur, onların haqqında azad adamlar kimi, müәyyәn ideyalara, meyllәrә malik olan qәhrәmanlar kimi danışmaq da mümkün deyildir. Qadın, yәni mәhәbbәt vә bununla әlaqәdar olan әziyyәtlәr, bir-birinә qarşı duran xeyir vә şәr qüvvәlәrin mübarizәsi olmayan roman isә çox darıxdırıcı bir şeydir; belә roman oxucuya sәmәrәli, nәcib vә yüksәk tәsir göstәrә bilmәz. Buna görә dә, heç tәәccüblü deyildir ki, cәnab Nәrimanovun "Bahadır vә Sona" adlı povestindә qadın rolunda müsәlman qızı deyil, ermәni qızı Sona göstәrilmişdir. Hәmçinin cәnab Qәniyevin "Şeydabәyin mәktubları" adlı romanının ikinci hissәsindә dә baş qәhrәman kimi çıxış edәn qadın rus ziyalısı Sofya Mixaylovnadır.

 

[Nәrimanovun povesti haqqında müvәffәqiyyәtsiz qәlәm tәcrübәsi kimi danışmaq olar. İlk iki komediyasında olduğu kimi, burada da bir ümumi nöqsan nәzәrә çarpır: ideya vә istiqamәtverici bir başlanğıcın yoxluğu ... onun ağıllı nitqlәri, xeyirxahlığın әhәmiyyәti haqda doğru fikirlәri, mülahizәlәrindә ardıcıllığı, dilin sadә vә düzgünlüyü çox yaxşı tәsir bağışlayır. Görünür ki, cәnab Nәrimanov öz üzәrindә, öz istedad vә biliyinin inkişafı üzәrindә, öz yazıçılıq sәnәtinin tәkmillәşmәsi üzәrindә ciddi işlәyir. Bu isә әdәbi yaradıcılıq sahәsindә çalışan, yorulmaq bilmәyәn gәnc әmәkçi üçün şәrәfdir.]

 

Doğma әdәbiyyatımızın faydasına Soltan Mәcid Qәniyev dә yorulmadan vә sәmәrәli çalışır. O, zәngin vә hәrtәrәfli inkişaf etmiş bir istedada malik olduğunu öz әsәrlәrindә göstәrir. O hәm şairdir ("Tülkü vә Çaq-Çaq bәy" mәnzum hekayәsindә), hәm romamçı ("Şeydabәyin mәktubları" vә "Әdalәt divanı"), hәm tәrcümәçi ("Әvvәlimci şәrabçı"), hәm dә müxtәlif dillәri yaxşı bilәn bir mütәxәssisdir ("İstilahi-Azәrbaycan-türki" vә "Lüğәti-rusi vә türki"). Onun dili obrazlıdır, rәngarәngdir vә müdrik Şәrq tәşbihlәri ilә bәzәnmişdir; lakin onun dili bәzәn o qәdәr dә aydın vә dәqiq olmur.

 

Әhmәdbәy Ağayevin bu yaxınlarda çapdan çıxmış "Axund vә İslam" adlı kitabçası da diqqәti cәlb edir. Müәllif tәrәfindәn çox yazıq vә yoxsul bir vәziyyәtә salınmış İslam әsil-nәsәbli, qayğısız yaşayan bir axundla kәskin mübahisә aparır. İslam Axundu taqsırlandırıb deyir ki, o, öz şәxsi rifahı vә qazanc әldә etmәsi üçün Mәhәmmәdin tәliminin әsil mahiyyәtini istәdiyi kimi tәhrif edir vә onu, yәni İslamı da belә bir acınacaqlı vәziyyәtә o gәtirib çıxarmışdır. Bu kitab öz mәzmununa görә müsәlman ruhanilәrinin qara işlәrinin vә şәxsi mәnfәәt meyillәrinin әleyhinә çevrilmiş әn qüvvәtli bir etirazdır. Müәllif xeyli miqdarda tarixi dәlillәr gәtirmişdir vә әdәbi dili dә yaxşı bilir.

 

Rus әdәbiyyatından vә xarici әdәbiyyatdan tәrcümә edilmiş әsәrlәr haqqında danışarkәn qeyd etmәmәk olmaz ki, bu sahәdә hәlә çox az iş görülmüşdür.

 

Aşağıdakı yazıçıların vә şairlәrin әsәrlәrindәn tәrcümәlәr edilmişdir:

 

Puşkindәn: "Dubrovski" vә "Çöl xanımı" povestlәrini M.H.Әfәndiyev tәrcümә etmişdir. "Torçu vә balıq", "Oleq haqqında mahnı" әsәrini F.Köçәrli tәrcümә etmişdir. Onun bir çox xırda әsәrlәri dә Әhmәdbәy Cavanşir tәrәfindәn tәrcümә olunmuşdur.

 

Lermontovdan: "Mtsıri", "Mübahisә", "Üç xurma ağacı", "Terekin hәdiyyәlәri", "Hacı Abrek" vә bir çox xırda şerlәri Әhmәdbәy Cavanşir, "Yel gәmisi" әsәrini isә Әsgәrağa Adıgözәlov tәrcümә etmişdir.

 

Qoqoldan: "Müfәttiş" әsәrini N.Nәrimanov tәrcümә etmişdir.

 

L.N.Tolstoydan: "Әvvәlimci şәrabçı" әsәrini S.M.Qәniyev vә "Tәnbәkinin vә şәrabın zәrәri barәsindә" әsәrini F.Köçәrli tәrcümә etmişdir.

 

Jukovskidәn: "Yatmış şahzadә", "Yay axşamı" vә bir çox başqa şerlәri Әhmәdbәy Cavanşir tәrcümә etmişdir.

 

Krılovdan: bir çox tәmsillәri Xan Qaradağski vә Rәşidbәy Әfәndiyev tәrcümә etmişlәr.

 

Xarici әdәbiyyatdan yalnız Şekspirin "Otello" adlı bir faciәsini Haşımbәy Vәzirov vә Şopenhauerin "Dahi" әsәrini F.Köçәrli tәrcümә etmişdir.

 

Müasir şairlәrdәn әn çox öz lirik şerlәri ilә tanınıb mәşhur olanları Mirzә Növrәs, Lәli, Mirzә Rәhim Fәna, Rәşidbәy Әfәndiyev Şaki, Abbasağa Qayıbov Nazir, Mәşәdi Әyyub Baqi, Sabir, Musayev İbrahim vә başqalarıdır. Onlardan bәzilәri, mәsәlәn, Mirzә Növrәs, Lәli, Musayev gәnc vә ümidverici Azәrbaycan qәzeti "Şәrqi-Rus"un sәhifәlәrindә çox sәmәrәli fәaliyyәt göstәrirlәr. Müasir şairlәr haqqında danışarkәn çox vaxtsız vәfat etmiş knyaz Mehdiqulu xan Usmiyevi böyük bir qәlb ağrısı ilә xatırlamamaq olmaz. İnsana mәhәbbәt, qardaşlıq, pisliyi bağışlamaq, yıxılana mәrhәmәt etmәk kimi hisslәr istedadlı şair Mehdiqulu xanın poeziyasının әsas motivini tәşkil edir. Knyaz Usmiyev şerlәrindәn birindә deyir ki, "Yaşıl çәmәndә ehtiyatla gәz ki, cücülәr ayağının altında qalıb ölmәsin vә yaşıl otlar әzilmәsin". Hәlә orijinal vә tәrcümә әsәrlәri ilә bir o qәdәr dә zәngin olmayan Azәrbaycan әdәbiyyatı haqqındakı bu xülasәni qurtararkәn biz bunu da qeyd etmәyi lazım bilirik ki, bu әdәbiyyatın inkişafına müsәlman alәmindә işlәnәn әrәb әlifbasının mükәmmәl olmaması çox maneçilik göstәrir; öz xalqının fikirlәrini, dühasının gücünü ifadә etmәk üçün bir silah olmaq etibarilә bu әlifba öz qarşısında duran vәzifәni yerinә yetirmir. Vaxtilә mәrhum Mirzә Fәtәli Axundov tәrәfindәn qaldırılmış bu mәsәlә müsәlman cәmiyyәtinin ziyalı tәbәqәsi tәrәfindәn hal-hazırda qızğın müzakirә olunur vә onların bәzilәri, әrәb әlifbasını әvәz etmәk üçün, özlәrinin yeni tәrtib etdiklәri mükәmmәl әlifba tәklif edirlәr.

 

1903.