AZӘRBAYCAN KOMEDİYALARI
Mirzә Fәtәli Axundovun komediyaları
Zaqafqaziya müsәlmanlarının 40 vә 50-ci
illәrdәki hәyatını әks etdirәn bir
reflektora bәnzәyir. İstedadlı bir dramaturq olan
vә xalqı yaxşı tanıyan Axundov xalq
mәişәtinin müxtәlif tәrәflәrini
kifayәt qәdәr düzgün vә
sәnәtkarlıqla әks etdirmişdir.
Hәr әsәrindә, bütün
komediyalarında Axundov xalqın hәyatına yaxşı
bәlәd olan nadir psixoloq vә sәnәtkardır,
onun yaradıcılıq istedadı, hәyat
tәcrübәsi vә hәrtәrәfli biliklә
zәngin zәkası özünü hәr yerdә
göstәrir. Biz bunu fransız nәbatat aliminin
sadәlövh vә qonaqpәrvәr
Tәklә-Muğanlı Hatәmxan ağa ilә
ağıllı söhbәtinin tәsvirindә
görürük: Hatәmxan ağa öz qardaşı
oğlunu inandırmağa çalışır ki,
parislilәrin adәtlәri ilә çox asanlıqla
tanış olub başa düşmәk olar ki, o xalqın
adәtlәri tamamilә bizim adәtlәrin
әksinәdir (mәsәlәn, biz әlimizә
hәna qoyuruq, onlar qoymurlar, biz başımızı qırxırıq,
onlar saçlarını uzadırlar, biz әlimiz ilә
xörәk yeyirik, onlar çәngәl ilә
yeyirlәr, biz hәr şeyә inanırıq, onlar heç
bir şeyә inanmırlar, bizim arvadlarımız
gödәk paltar geyir, onların arvadları isә uzun
paltar geyir, bizdә çox arvad almaq dәbdәdir,
Parisdә çox әr almaq vә i.a.); yaxud biz bunu
bir-birini sevәn iki gәncin -- gözәl Pәrzadla
cavan vә igid Bayramın arasındakı tәsirli
mәhәbbәt sәhnәsinin tәsvirindә
dә görürük: Pәrzadın tamahkar әmisi
qızın ilxısını vә inәklәrini
әlә keçirmәk xatirinә Pәrzadı öz
oğlu Tarverdiyә almaq istәyir, halbuki Tarverdi
igidlikdә hәlә heç bir ad
çıxarmamışdır, o hәlә bir dayça
da oğurlamamışdır; yaxud, biz bunu rәhmsiz qoca --
xәsis Hacı Qaranın mәnәvi alәmindәki
nifrәt oyadan cәhәtlәrin açılmasında
da görürük: bu qoca xәsis üçün
dünyada puldan başqa heç bir müqәddәs
şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin
qoçaqlığını tәriflәyәn Әsgәr
bәyә etinasızlıqla deyir ki, bizim
zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa
min dәfә yaxşıdır.
Onun hәr hansı bir komediyasını oxuyub
qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt
yaxından tanıdığın adamların arasında
olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda
ayrılmısan. Hacı Qaranın ona pis mal satmış
Şuşa tacirinә yağdırdığı
söyüşlәr, özü mal satanda qurana and içib
parçasını tәriflәrkәn dediyi
sözlәr, yaxud Zalxa arvadın ağıllı
muhakimәlәri uzun müddәt adamın qulağında
sәslәnir. Zalxa arvad Divanbәyiyә deyir ki, Tarverdi
biçarәnin heç bir tәqsiri yoxdur, o nә
elәsin ki, bu viran olmuş ölkәnin qızları
quldurluq, oğurluq bacarmayanı sevmirlәr.
Divanbәyiyә deyәn gәrәk ki, bacarırsan
ölkәmizin qızlarına qadağan elә ki, quldur
olmayan oğlanlardan zәhlәlәri getmәsin. Onda
mәn zamin ki, qurd qoyun ilә otlar vә i.a.
Mәrhum Axundov şәrq dillәrinin
bilicisi hesab olunurdu; o, öz komediyalarını Azәrbaycan
türklәrinin lәhcәsindә, canlı, oynaq vә
cilalanmış bir dildә yazmışdır. Bu
canlılıq vә sadәlik sayәsindә onun
komediyaları bütün savadlı camaatın malı
olmuşdur; doğrudan da, bir zamanlar hәmin komediyalar
böyük bir maraqla oxunurdu. Biz hәlә bu komediyalardan
hәr birinin hәvәskarlar tәrәfindәn
dәfәlәrlә sәhnәdә tamaşaya
qoyulduğunu demirik. Axundovun komediyaları bir zamanlar çox
böyük maraq oyatsa da, xeyli vaxtdır ki, Azәrbaycan
әdәbiyyatında nә komediya, nә dә başqa
bir qiymәtli bәdii әsәr meydana
çıxırdı. Mәn bizim bu günә
qәdәr hәlә dә İran
әdәbiyyatının tәsiri altında gah
gülün bülbülә mәhәbbәtini, gah
"ay üzlü", "sәrv boylu", "tuti kimi
şirin sözlü" "gözәllәri"
dәbdәbәli bir dillә tәrәnnüm
edәn әldәqayırma şairlәrin erotik
şerlәrini demirәm. Onların yazdığı
şerlәr süni vә yeknәsәq forma vә
mәzmunu ilә hamının zәhlәsini
tökmüşdür, müasir oxucuların
tәlәblәrini ödәmir. Yalnız indi, yәni
Axundovun komediyalarının meydana çıxdığı
vaxtdan otuz il keçәndәn sonra, mәdәni müsәlmanların
ciddi әsәrlәrә, xüsusilә, dramatik
әsәrlәrә bir qәdәr meyl vә
hәvәs göstәrdiklәri nәzәrә
çarpır.
Әdәbi әsәrlәrin bu
axırıncı növünün
nümayәndәlәri kimi biz Haşımbәy vә
Nәcәfbәy Vәzirovları, N.Nәrimanovu vә
V.Mәdәdovu (ermәni) göstәrә bilәrik.
Haşımbәy Vәzirovun "Evlәnmәk su
içmәk deyil" komediyası haqqında mәn
vaxtilә tatar qәzeti "Tәrcüman"da yazmışdım.
Onun bu komediyası Axundovun "Mәstәli şah"
әsәrinin tәsiri altında yazılmışdır
vә müәllif komediyanın ayrı-ayrı
yerlәrindә öz müәlliminә tәqlid
etmәyin gözәl nümunәlәrini vermişdir.
Bәdii cәhәtdәn bu komediya Axundovun
әsәrlәrindәn xeyli geri qalır. Bununla belә
hәmin komediya yaxşı işlәnmişdir, canlı
dillә yazılmışdır; onda hәqiqi
mәişәt sәhnәlәri vә tәbii yumor
çoxdur.
....Hәr cәhәtdәn
görünür ki, müәllif evlәnmәk vә
kәbin mәrasimi ilә yaxşı tanışdır.
Mәlumdur ki, gәlin seçmәk, elçi getmәk,
bәxşiş aparmaq vә başqa bu kimi toy
işlәri müsәlmanlarda bütünlüklә
arvadların әlindәdir, onlar, o qәdәr dә asan
olmayan bu vәzifәlәrini müvәffәqiyyәtlә
yerinә yetirirlәr. Haşımbәy tәsvir etdiyi
Behbud bәyin xalasının simasında elçilik edәn
araçı arvadlardan birinin sәciyyәsini yaxşı
vermişdir. Ümumiyyәtlә, Haşımbәy
qadın tiplәrinin tәsvirindә böyük
qabiliyyәt göstәrir. Onun yaratdığı kişi
tiplәri isә solğun vә inandırıcı
çıxmır.
* *
* * *
Nәcәfbәy Vәzirovun "Daldan
atılan daş topuğa dәyәr" komediyası
ilә Haşımbәyin komediyası arasında ümumi
cәhәtlәr çoxdur. Bunu isә
müәyyәn dәrәcәdә onunla izah
etmәk olar ki, hәr iki әsәrdә
qәlәmә alınmış hadisәlәr bizim
gündәlik hәyatımızda tez-tez tәkrar olunur, bu
hadisәlәr hәr iki müәllifin diqqәtini eyni
dәrәcәdә cәlb etmişdir. Hiylәgәr
vә öz mәnafeyini güdәn ruhanilәrin xalqa
zәrәrli vә pozucu tәsiri hәr iki komediyada
qәlәmә alınmış әsas
mәsәlәdir. Lakin çox ola bilәr ki, (bu ehtimal
daha ağlabatandır) bu iki әsәr arasındakı
oxşayış müәlliflәrin ikisinin dә
Axundovun "Mәstәli şah" komediyasına
tәqlid etmәlәri üzündәn meydana
gәlmişdir. Mәn burada Vәzirovların hansı
tiplәri Axundovun әsәrlәrindәn
bütünlüklә götürdüklәrini bәzi
tәfәrrüatı ilә dә göstәrә
bilәrdim. Lakin bu mәsәlә mәni öz әsas
mәqsәdimdәn, yәni oxucuları yeni Azәrbaycan
pyeslәrinin mәzmunu ilә tanış etmәk
vәzifәmdәn uzaqlaşdırardı.
* *
* * *
....Üçüncü komediya --
"Nadanlıq" bu yaxınlarda әdәbiyyat
alәminә gәlmiş gәnc müәllif
Nәrimanbәy Nәrimanovun әsәridir. Bu pyes qarışıq
növdәn olan bir dram әsәridir. Hadisәlәrin
düyümü pis düşünülmüş,
onların açılması isә qeyri-tәbii bir
faciә ilә qurtarır. Әsәrin heç dә
yeni olmayan ideyası -- nadanlıq üzündәn
insanların necә kobudlaşdığını vә
rәhmsiz olduğunu göstәrmәkdәn ibarәtdir.
Müәllif bәdbәxt kәndlilәrin
şәxsindә nadanlığın
nümayәndәlәrini sәciyyәlәndirmәk
üçün öz qara boyalarını
әsirgәmәmişdir. Lakin әsәri hәr
cәhәtdәn düşünüb mülahizә
edәndә görürsәn ki, müәllif
kәndlilәrin mәişәti vә adәtlәri
ilә qәtiyyәn tanış deyildir; Nәrimanovun
çox biçimsiz vә yöndәmsiz bir halda onların
dilinә verdiyi bütün mәnasız vә
mәtlәbsiz mülahizәlәr -- boş fantaziya mәhsulundan
başqa bir şey deyildir. Hәtta mәrhum Axundovun qırx
il bundan әvvәlki müsәlman hәyatının
hәqiqi mәnzәrәsini verәn komediyalarında, --
yәni o zaman ki, igidlik, rәhmsizlik vә quldurluq
dәbdә idi, bir-birinә vәhşicәsinә
hücum etmәk vә soyğunçuluq adi bir peşә
sayılırdı vә varlı bәylәr, xanlar
tәrәfindәn tәbliğ olunurdu, -- hәtta
belә bir "quldur qәhrәmanlığı"
dövrünün canlı lövhәlәrini verәn
komediyalarda da cәnab Nәrimanovun göstәrdiyi
qәdәr rәhmsiz vә yırtıcı
vәhşi surәtlәrә rast gәlmirik. Halbuki biz
nisbәtәn әmin-amanlıq yaradılmış bir
dövrdә yaşayırıq.
Dörd pәrdәli "Nadanlıq"
komediyasında tam vә bitkin әsәrin
mәziyyәtlәri yoxdur. Burada kәndli
hәyatının müxtәlif tәrәflәri solğun
tәsvir olunur. Hadisәlәr arasındakı
hәrәkәt bir-biri ilә çox ağır
bağlanır. Bu isә әsәrin mәzmununu
ardıcıl surәtdә nağıl etmәyi dә
xeyli çәtinlәşdirir. Mәn burada
"Nadanlıq" әsәrinin iki әsas
qәhrәmanının -- gәnc müsәlman
ziyalıları Mәhәmmәd ağa ilә
Ömәrin qüsurlarını qeyd etmәklә
kifayәtlәnәcәyәm.
Kәnd müәllimi Mәhәmmәd
ağa iki aydan artıqdır ki, tәyin olunduğu yerә
gәlibdir. Lakin bu vaxta qәdәr onun ancaq iki şagirdi
vardır. Kәndlilәr öz uşaqlarını dәrs
oxumağa vermirlәr. Bu vәziyyәt müәllimi
kәdәrlәndirir vә narahat edir. Kәndin
ağsaqqal adamları yüzbaşının vasitәsilә
onun yanına gәlir vә rus dilindә tәhsilә
meyl göstәrmәmәlәrinin sәbәbini
cürbәcür izah edirlәr. Varlı vә nüfuzlu
Hacı Abdulla ona deyir: "Ay Mәhәmmәd ağa,
boş yerә başını niyә ağrıdırsan?
Bizim adam oxumağa uşaq vermәz. Hәr kәsin
özünә görә bir dәrdi var. Birinin
uşağı qaramal otarır, o birisininki qoyuna gedir, biri yer
әkir; uşaqlarını da sәnә versinlәr,
bәs işlәri necә olsun? Ondan masәva doğrusunu
demәk: "Rusca oxuyan düz yoldan çıxır".
Müәllim mәktәbin böyük
әhәmiyyәtini kәndlilәrә başa salmaq, yәni
dәrs oxumağın faydasını vә rus dilini
bilmәyin vacib olduğunu sadә misallarla sübut etmәk
әvәzinә başlayır tәbabәt haqqında,
vaxtından әvvәl evlәnmәk
mәsәlәsi barәdә, Amerikada
әkinçilәrin yer şumlayanda qәzet oxumaları
vә ümumiyyәtlә, siyasәti izlәmәlәri
haqqında sәmәrәsiz mühakimәlәr
yürütmәyә. Әlbәttә,
kәndlilәr qәzet oxuyan Amerika
әkinçilәrini, tәbabәtin әhәmiyyәtini
tәsәvvür edә bilmәdiklәrindәn
müәllimin dediklәrini başa düşmürlәr
vә bu sadә, avam adamlar onu mәsxәrәyә
qoyub gülürlәr.
Sonra tәklikdә müәllim
öz-özünә fikrә gedir vә deyir ki, mәn
bunlar kimi avam adam görmәmişәm. Nadanlıq
gözlәrini bir mәrtәbәdә kor elәyibdir
ki, namümkündür söz vә nәsihәtlә
bunlara bir şey qandırasan. Düşdüklәri bu
acınacaqlı vәziyyәtdәn onları
işıqlı günә çıxarasan.
Lakin iş burasındadır ki,
müәllifin hәddindәn çox xoşa
gәlmәz şәkildә tәqdim etdiyi bu adamlar o
qәdәr dә ümidsiz bir vәziyyәtә düşmәyiblәr
ki, onları xilas etmәk mümkün olmasın.
Әgәr müәllim az danışıb, çox
iş görsәydi, әgәr boş yerә ah çәkib
kәdәrlәnmәk әvәzinә öz
vәzifәsini yerinә yetirmәk üçün
az-çox tәşәbbüs göstәrsәydi,
faydalı biliklәri avam kәndlilәr arasında
yaymağa çalışsaydı, şübhә yoxdur ki,
o, müәyyәn dәrәcәdә öz
mәqsәdinә nail olardı vә bu qәdәr
dә mәnәvi әzab çәkmәzdi.
Cәnab Nәrimanov kәnd
müәlliminin simasında Azәrbaycan
ziyalısının tipini dolğun vә kamil
göstәrmәyә nә qәdәr cәhd
etsә dә, öz vәzifәsini yerinә yetirә
bilmәmiş vә onun göstәrdiyi ziyalı
әsәrdә küt, fәaliyyәtsiz vә yazıq
çıxmışdır.
Onun әsәrindәki o biri ziyalı tipi
olan Ömәr dә pis tәsvir edilmiş vә
müәllif burada da müvәffәq
olmamışdır. Yuxarıda adını
çәkdiyimiz Hacı Abdullanın oğlu olan
Ömәr yaxşı tәhsil aldıqdan sonra öz avam
hәmyerlilәrini maariflәndirmәk mәqsәdi
ilә kәndә qayıtmışdır. Lakin nә
üçündürsә Ömәrin fәaliyyәt
dairәsi quldurluq vә soyğunçuluqla
mәşğul olan hәmkәndlilәrini vә öz
qohumlarını müdafiә etmәk üçün
hәlәlik yalnız mәhkәmәlәrә
vә hökumәt idarәlәrinә
gedib-gәlmәklә mәhdudlaşmışdır.
Uzun bir müddәt ayrılıqdan sonra Ömәr öz dostu
müәllimin yanına gәldikdә isә üzr
istәyib deyir ki, başı qarışıq vә işi
çox olduğu üçün vaxt tapıb onun yanına
gәlә bilmәmişdir. Bununla birlikdә söhbәt
zamanı o deyir ki, kiçik qardaşı Vәli bir ay bundan
әvvәl bir neçә nәfәrlә gedib
poçt yolunda karvan soyublar. Bunun üstündә naçalnik
Vәlini hәbsә almışdır. Mәn
möhlәt alıb onu hәbsdәn qurtarmışam.
İndi dә çalışıram ki, tәmiz
qurtarsın. Naçalnik dә mәnә söz veribdir.
Başa düşmәk olmur ki, nә
üçün bu gәnc ziyalı öz qüvvәsini
vә biliyini qәtiyyәn mәrhәmәtә
vә bağışlanmağa layiq olmayan adamların
müdafiәsinә sәrf edir, yәni ziyalı bir adam
olan Ömәr doğrudandamı başa düşmür ki,
çirkin cinayәtlәrlә mәşğul olan quldurları
müdafiә etmәklә o, pis әmәllәri
müdafiә etmiş olur? Cәmiyyәtdә mövcud
olan qüsurları daha da genişlәndirir? Müәllif
bu tipi tәsvir edәrkәn hansı mәqsәdi
әldә rәhbәr tutmuşdur vә nә
üçün o, Ömәri diqqәtә vә
tәqlidә layiq alicәnab bir qәhrәman
vәziyyәtindә göstәrmәyә cәhd
edir? Bu suala cavab vermәkdә çәtinlik
çәkirәm. Bu da aydın deyildir ki, Ömәrin
kömәk etdiyi hәmkәndlilәr vә onun öz
qohumları nә üçün ona şübhә
vә tәkәbbürlә yanaşırlar? Atası
Hacı Abdulla onun haqqında danışanda deyir ki, Ömәr
sәrsәm adamdır. Onun sәrsәmlәmәsinin
sәbәbi isә şәxsiyyәtin hüquqları
vә müstәqilliyi barәdә öyrәndiyi sarsaq
vә vәhşi fikirlәrdir, hәm dә onun
oğlunun belә bәdbәxt olmağının
tәqsiri rus dilindә tәhsil almağıdır ki, buna
da o, az pul sәrf etmәmişdir.
Cәnab Nәrimanov çox
çalışır ki, Hacı Abdulla öz oğlunu yeni
ruhda böyütmәsindәn peşman olsun vә
oğlunun tәhsil almağını böyük bir sarsaqlıq
hesab etsin. O sәbәbә ki, tәhsil alanların
hamısı axmaq adamlardır. Hacı Abdulla öz kiçik
oğlu Vәlidәn isә çox razıdır.
Vәli barәsindә dili ağzına sığmır.
Çünki Vәli igid bir soyğunçu kimi ad
qazanmışdır; Vәli rәhmsizcәsinә
adamları soyub öldürür, öz vәhşi
ehtirasını doyuzdurmaq üçün qan tökür,
bütün bunlar isә Vәlinin atasına böyük
lәzzәt verir. Lakin әn kәdәrli cәhәt
budur ki, bu quldur Vәli hәr dәfә
çәtinliyә düşәndә onu qurtaran
insanpәrvәr ziyalı Ömәrdir vә axırda da
hәmin Vәli Ömәri öldürür. Әsәrin
belә bir faciә ilә qurtarması hәddindәn
çox qeyri-tәbiidir. Bu faciә oxucuya vә
tamaşaçıya lazımi tәsiri göstәrmir.
Onlarda nә Ömәri öldürәn qatilә
qarşı qәzәb hissi, nә dә günahsız
mәhv olmuş qәhrәmana acımaq hissi doğurmur.
Belә bir laqeydliyin sәbәbi isә mәncә
çox sadәdir: Ömәrә, onun
hәrәkәtlәrinә inanmaq olmur. İnanmaq olmur
ki, müәllifin ziyalı, xeyirxah fikirli, rәhmdil bir adam
kimi tәsvir etmәyә çalışdığı
bu insan, canilәri, özünün әn yaxın
qohumları olan yaramazları müdafiә etsin.
Hәmçinin mәnәvi inkişafın nә
qәdәr aşağı pillәsindә olur-olsun,
sәbәbsiz halda öz xeyirxahına vә
müdafiәçisinә düşmәncәsinә
yanaşan adamların da varlığına inanmaq olmaz. Buna
görә dә hәm ziyalı Ömәrin, hәm
dә avam vә nadan valideynlәrin tiplәri
eybәcәr vә qeyri-tәbiidir.
Cәnab Nәrimanov öz komediyasında
kәndlilәrin hәyatının digәr qaranlıq
tәrәflәrini dә arabir
göstәrәrkәn çoxları üçün ümumi
olan bir zәiflikdәn yaxasını qurtara bilmәmiş
vә mollanı da çәkib sәhnәyә
gәtirmişdir. Mәnim yuxarıda adlarını
çәkdiyim iki komediyada molla surәti görkәmli
yerlәrdәn birini tutur. Hәm dә bu surәt
dolğun vә tәbii verilmişdir. Bu komediyalarda,
xüsusilә, Axundovun komediyasında molla ağıllı,
öz yerini vә vәziyyәtini yaxşı başa
düşәn adamdır. Ona hәqiqәtin vә nә
isә әsrarәngiz bir qüvvәnin
tәcәssümü kimi baxan avam vә sadәlövh
adamların arasında molla özünü әla aparır.
Bu adamlar mollanın hәr sözünü müqәddәs
sayır, onun qarşısında sükut edirlәr.
Nәrimanovun әsәrindә isә molla onu
әhatә edәn adamlar kimi sadәlövh vә axmaq
verilmişdir.
"Nadanlıq" әsәrindәki
böyük, hәtta az savadlı oxucuların da
nәzәrinә çarpan bir qüsuru da qeyd
etmәyә bilmәrәm. Bu qüsur komediyadakı
işlәnmәmiş, necә deyәrlәr,
yonulmamış dildir. Komediyada yanlış, Azәrbaycan
lәhcәsinin ruhu ilә uyuşmayan
ifadәlәrә, demәk olar ki, addımbaşı
tәsadüf olunur. Elә bil ki, bu ana dilindә
yazılmış orijinal bir әsәr deyil, rus dilindәn
edilmiş zәif bir tәrcümәdir. İstәr
müәllif sadә xalq dilindә danışıb,
sözlәri istәdiyi kimi tәhlil edәndә,
istәrsә dә әdәbi dildә mühakimә
yürüdüb (bu әn çox kiçik
müqәddimәdә özünü göstәrir)
әrәb-fars sözlәrini yerli-yersiz
işlәdәndә onun danışığı
bәzәn gülünc çıxır, bәzәn
dә başa düşülmür.
Lakin "Nadanlıq" hәlә
tәcrübәsiz vә әdәbi üsullarla az
tanış olan gәnc bir müәllifin ilk
әsәridir. Buna görә dә onun qüsurlarına
güzәştlә yanaşmaq vә müәllifә
müvәffәqiyyәt arzu etmәk olar. Әn
başlıcası isә budur ki, müәllif
gәrәk öz gәlәcәk
әsәrlәrinә daha ciddi vә diqqәtli
yanaşsın.
* *
* * *
Cәnab Vasaq Mәdәdovun bu yaxınlarda
çapdan çıxmış komediyası da bir növ yeni
vә orijinal әsәrdir. Oxucu kütlәsi bu
müәllifi üç dildә -- rus, ermәni vә
Azәrbaycan dillәrindә yazılmış vә
çox canlı bir komediya olan "Qırt-qırt"
әsәri ilә tanıyır. "Qırt-qırt"da
olduğu kimi, "Tamahkarlıq düşmәn
qazanır" adlandırılmış bu yeni komediyasında
da müәllifin tәsvir etdiyi tiplәrә, hәyat
hadisәlәrinә obyektiv münasibәti onun
nailiyyәti hesab edilә bilәr....
1895.