ӘDӘBİYYATIMIZA DAİR MӘKTUB

 

 

 

 

Vaxtbavaxt "Şәrqi-Rus"un sәhifәlәrini әsr vә zәmanәmizin şüәra vә әdiblәri öz gözәl vә abdar әşar vә kәlamları ilә müzәyyәn qılırlar vә müsәlman qardaşları elm vә maarif kәsbinә dәvәt edirlәr. Bir millәtin әdәbiyyatı, demәk olar ki, onun mәişәtinin aynasıdır. Hәr bir millәtin dolanacağını, övzai-mәişәtini, dәrәcәyi-tәrәqqisini, mәrtәbәyi-kamalını, qüdrәt vә cәlalını onun әdәbiyyatından bilmәk olar. Şairi-kamil vә әdibi-fazil öz әsrinin müsәvvir vә nәqqaşı mәnzilәsindәdir. Nә qәdәr şairin tәbi sәlim, zehni açıq, nitqi guya, daireyi-әqliyyәsi vәsi, әfkar vә hissiyyatı tәbii vә ali olsa, bir o qәdәr onun qәlәmi-cavahirnisarından vüqua gәlәn nәqşәlәr vә tәsvirlәr mәrğub vә dilaviz olacaqdır, bir o qәdәr onun asari-qәlәmi vә mәhsulati-fikri ali olacaqdır, bir o qәdәr o әsәrlәrin әzhan vә vicdan üzәrinә tәsiratı külli, tәrbiyәyi-әfkar vә tәhzibi-әxlaq yolunda faydası artıq, әhәmiyyәti böyük vә mәziyyәti ziyadә olacaqdır. Farsların Şeyx Sәdisi vә Xacә Hafizi, ingilislәrin Şekspiri vә Bayronu, frәnglәrin Jan Jak Russosu vә Viktor Hüqosu, nemeslәrin Götesi vә Şilleri, rusların Puşkini, Dostoyevski vә Tolstoyu öz әsrlәrindә millәtlәrinin әn böyük müәllimi vә әn mahir vә müqtәdir mürәbbisi olub әsәrlәri ilә onların tәhzibi-әxlaqına, rüfәt vә sәadәt tapmasına, şöhrәt vә qüvvәt kәsb etmәsinә hüsn-tәdbirlәr vә salamat tәriqlәr göstәriblәr. Bu zati-alilәrin vücudu ilә fövqdә zikr olunan millәtlәr fәxr edirlәr. Farslar nәzm alәminin soltanı dörd nәfәrdәn ibarәt olmasını iddia edib, әvvәl mәqamda Firdövsiyi-Tusini, sonra Әnvәrini, sonra Şeyx Sәdini vә dördüncü mәqamda Nizamiyi әleyhirrәhmәni qoyublar. Frәnglәr Viktor Hüqo ilә vә ruslar Puşkin ilə fәxr edәn kimi, farslar dәxi bu dörd nәfәr nәzm alәminin soltanları ilә fәxr edirlәr. Sәdinin haqqında ki, üçüncü mәqamda qoyulubdur, şair belә deyibdir:

 

Seyyum Sәdi ke, ta dәm zәd zi Şiraz,

Rәsid şiraziyanra bәr fәlәk naz[1].

 

[1] Tərcüməsi:

Üçüncü, Sədidir ki, Şirazda özünü göstərəndə şirazlıların nazı fələkə çatdı.

 

Hәqiqәtdә Sәdi kimi әdibi-binәzirin vә sahibi-hikmәt vә vücudun adı ilә iftixar edib, fәlәkә dә naz etmәk olar....

 

Ancaq bu qәdәr var ki, Sәdinin әsәrlәri bir Şiraz әhlinә vә fars millәtinә mütәәlliq olmayıb, bәlkә cәmi mәdәni tayfalara vә millәtlәrә hüsn xidmәt göstәrir. Buna görә Sәdi dәxi bir şirazlıların olmayıb, bәlkә cәmi alәmin mürәbbisi vә filosofu hesab olunur vә habelә Tolstoy, Şekspir, Göte vә qeyrilәri.... Bunların tәәllüqü cәmi alәmә çatar, bir millәtә vә tayfaya çatmaz. Bunlar ümum xәlayiq vә insaniyyәt müәllimi vә mürәbbisidirlәr, nәinki mәhz bir millәt әdibi vә şairi. Şeyx Sәdi әleyhirrәhmә öz vәzifәsini vә öhdәsinә götürdüyü böyük tәklifi kamalınca bilib nәinki bir şirazlılara vә yainki әhli-әcәmә, bәlkә ümum nasa gözәl nәsihәtlәr vә hikmәtamiz sözlәr deyib timsal götürüb, hekayәlәr nәql edib deyir ki, ey adәm övladı, sizi hәqqә irşad edәn vә nicat vә salamatlığa yetirәn yol budur, hәqiqәtdә adam isәn, bu yol ilә get vә nәsihәtlәrimi dәrguş qıl.

 

Pәnde-Sәdi bequşe-can beşino,

Rәh çinin әst, mәrd başu bero[2].

 

[2] Tərcüməsi:

Sədinin nəsihətini bütün varlığınla eşit,

                             Yol belədir, kişi ol və get.

 

Hәqiqi şair öz zәmanәsinin aynasıdır vә Puşkinin demәyinә görә, şair qayalardan vә dәrәlәrdәn gәlәn әks-sәda mәnzilәsindәdir. Necә ki, heyvanın bağırtısına, göyün gurultusuna vә çobanın uca avaz ilә bayatı çağırmasına әks-sәda cavab verib hәr bir sövtü eyni ilә tәkrar edir, hәmçinin hәqiqi şair dәxi öz camaatının hәr qisim sәdasına, xah o sәda suznak nalә vә fәryad olsun vә xah fәrәhәngiz; bәşaşәt vә şadyanalıq sәsi olsun, gәrәkdir eyni ilә cavab verә; öz sәsini millәtin sәsinә qoşub, onun qeyrәt vә tәәssüb damarını hәrәkәtә gәtirә; tәsirli kәlamı ilә onu qәflәtdәn bidar edib, tәrәqqi vә maarif sәmtinә cürәt vә cәsarәt ilә dәvәt edә. Amma hәr kәlamın tәsiri o vaxt dürüst vә tәbii olar ki, onun mәnbәyi şairin ürәyi vә zәmiri-safi ola. Ağıl vә zor ilә yazılmış kәlam nә qәdәr mövzun vә müsәlsәl olsa da, oxuculara tәsir edә bilmәz. Hissiyyati-qәlbiyyә bәlağәt vә fәsahәtin әvvәlinci müәllimidir. Hәr bir müәllif vә şairin baş arzusu qarelәrin qәlblәrini tәsxir etmәkdir vә bu arzuya vasil olmaq ancaq o vaxt mümkün olar ki, әşar vә asarın törәnәcәk yeri hissiyyat ola vә hissiyyat nә qәdәr ali vә tәbii olsa, bir o qәdәr kәlamın tәsiri artıq olacaqdır.

 

Azәrbaycan şairlәrindәn Molla Pәnah Vaqifin, Molla Vәli Vidadinin, Qasımbәy Zakirin vә Hacı Seyid Әzim Şirvaninin kәlamları cümlә әhli-savada vә sahibi-kәmalımıza xoş gәlir. Bu müntәxәb şairlәrin qәlәmlәrindәn hәr nә zühurә gәlibsә, demәk olar ki, can riştәsi ilә vә ürәk qanı ilә tәhrir vә tәnzim olunubdur. Әgәr hәqirә irad tutulsa ki, Molla Pәnah Vaqifin vә Molla Vәli Vidadinin әşar vә әbyatı әksәriyyәtlә mәdhi-hüsn vә eşqi-dilbәr barәsindә olub, özgә bir ruha qida, ağla qüvvәt, fikir vә xәyala hәrәkәt vә vüsәt verәn әsәrlәr yoxdur, cavabında deyәcәk sözlәrimiz bu olacaqdır ki, әvvәla, bunlar öz әsrlәrinin tәqazasına müvafiq rәftar ediblәr vә hәr nә ki, yazıblar, -- xah müxәmmәsat, xah müstәzad, xah qәzәliyyat vә rübaiyyat, -- tәmamisi sәmimi-qәlbdәn vә hissiyyati-hәqiqi ilә bәhәmә gәlәn әsәrlәr olubdur. Belә ki, bunların mütaliәsi hәr әhli-zövqә tәsir edә bilir. Vә saniyәn, Vaqifin vә Vidadinin mәdhi-hüsn babindә yazılan әsәrlәrindәn әlavә, xeyli әşar vә әbyatları dәxi vardır ki, onlarda keçmiş әsrin ayin vә adatı vә adamlarının adab vә әxlaqı vә dolanmaları artıq mәharәtlә rişteyi-nәzmә çәkilib, gәlәcәk nәsil üçün böyük yadigar mәqamındadırlar. Vaqifin Vidadiyә vә Vidadinin Vaqifә yazdıqları namәlәri möhtәrәm oxucular mütaliә buyursalar, sözümüzü tәsdiq edәrlәr. Molla Pәnah Vaqifin tәrifi-çuxa, nimtәnә, kürk, şalvar vә tüfәng vә tәrifi-Tiflis vә vәsfi-hamam vә mәdhi-valiyi-Gürcüstan barәsindә yazdığı müxәmmәslәr bәzilәrә boş vә bimәzmun gәlirsә, hәqiqәtdә әhli-mәrifәt nәzәrindә bimisl әsәrlәrdir. Yüz sәnә bundan әqdәm ata vә babalarımızın dolanacağını, adab vә әxlaqını, әlbisә va әtimәsini, arzu vә tәmәnnalarını, fikir vә xәyalatını vә bilcümlә o әsrin övza vә dәstgahını ustadi-bimisl olan Vaqif gözәl әşar vә kәlami-abdari ilә yazıb gәlәcәk nәsil üçün unudulmayan bir әlamәt vә yadigar qoyubdur. Bunlardan maәda Vaqifin әbnayi-vәtәnә vәz vә nәsihәt sәpgisindә yazdığı müxәmmәsin mәali-pürmәzmunu hәmişә doğruluq üzrә qalıb, oxucuların bir yandan tәhsin vә tәrifinә vә bir yandan heyrәt vә әndişәsinә sәbәb olacaqdır. Hәmәn müxәmmәsdәn bir bәndi göstәrmәklә iktifa edirik:

 

Xah sultan, xah dәrvişü gәda bilittifaq,

Özlәrin qılmış giriftari-[qәmü] dәrdi-fәraq.

Cifәyi-dünyayadır hәr ehtiyacü iştiyaq,

Munca kim, etdim tamaşa, zillәrә asdım qulaq,

Kizb, böhtandan savayı bir hekayәt görmәdim.

 

Görәsәn, aya, bu sözlәr hansı әqvam vә milәl arasında mәzmundan düşüb cifәyi-dünyaya ehtiyac vә iştiyaq olmayacaqdır vә adamların әmal vә әqvalında kizb vә böhtan әvәzinә doğruluq vә düzlük işlәnәcәkdir? Tutalım ki, sәdaqәt vә düzlük yoxdur, bәlkә adәm atanın övladı arasında hәqşünaslıq, şükrannemәt, qeyrәt, hümmәt, şәrm, hәya, etibar vә etiqad var. Heyfa ki, şair bunların da yoxluğunu tәsdiq edib, bizi mәyus vә mәlul elәyir. Budur, oxuyun:

 

Gün kimi bir şәxsә gündә xeyr versәn, sәd hәzar,

Zәrrәcә etmәz әdayi-şükrnemәt aşikar.

Qalmayıbdır qeyrәtü şәrmü hәya, namusü ar,

Dedilәr ki, etibarü etiqad alәmdә var,

Bundan ötrü mәn dә çox gәzdim, nәhayәt, görmәdim?

 

Filhәqiqә, acı vә hüznavәr sözlәrdir vә filhәqiqә ürәkdәn çıxan suznak nalә vә fәryaddır! Amma nә qәdәr acı vә әziyyәtli isә dә hәq vә doğrudur, bunları batil etmәyә әldә bir çarә vә dәlilimiz yoxdur. Etiqad vә etibar, qeyrәt vә namus özgә millәtlәrdә varsa da, biz müsәlmanlarda yoxdur. Vә illa belә zәlalәt vә fәlakәtdә qalmazdıq vә bu ana qәdәr biz dә bir ağ günә çıxardıq.

 

Qasımbәy Zakirin vә Hacı Seyid Әzimin barәsindә özgә bir vaxtda danışarıq. Bu iki vücud Azәrbaycan şüәra vә üdәbasının әn mәşhuru vә әn müntәxәbi hesab olunur. Azacıq sözlәr ilә bunların tövsif vә tәrifi vә әsәrlәrinin dәrәcәyi-әhәmiyyәti tәqrirә gәlәsi deyil.

 

İndiki şairlәrimizә gәldikdә, onların tәbi-şerlәri barәsindә bir sözümüz yoxdur; tәblәri mövzun, fikirlәri gözәl, niyyәtlәri mәqbul vә müstәhsәn olmağına şübhәmiz yoxdur. Bunların hamısı var. Ancaq şerә lәtafәt vә mәlahәt verәn hissiyyati-hәqiqi vә zövqi-tәbii yoxdur va buna da sәbәb anladığımıza görә odur ki, bu әrbabi-bәlağәtlәrimiz bir şeyin yaxasını tutub yüz cürә әlfaz vә ibarә vә istiarәlәr ilә onu tәrif vә tövsif etmәyә sәrfi-hümmәt qılırlar. Mәsәlәn, "elm". Bu halda bir kәs tapılmaz ki, elmin fәzilәt vә mәnfәәtini vә onun cümlәyә zәrur olmasını inkar edә. Avamdan dәxi sual olunsa ki, şeyin elmi yaxşıdır, yoxsa cәhli, bişәk vә laşübhә deyәcәkdir ki, elmi yaxşıdır. Belә olan surәtdә uzun-uzun şerlәrdә elmi vә kamalı tәrif etmәyә nә hacәt var. Xah Avropanın vә xah mәşriq-zәminin mәşhur әdiblәri vә namdar şairlәri "elmi" vә ya "mәktәbi" sәrmәşq tutub, öz tәlifat vә әsәrlәrindә bunları tәrif etmәyiblәr. Gözәl nәsihәtlәr, hikmәtamiz hekayәlәr, vәtәnә mәhәbbәt, millәtә xidmәt, tәvarixdәn şayani-diqqәt әhval vә rәvayәtlәr, dostluqda sәdaqәt, әhdә vәfa etmәk vә bunlar misilli min cürә uca fikirlәr vә müqәddәs hisslәr şairin silsilәyi-tәbinә hәrәkәt versә daha ziyadә mәrğub olmazdımı?

 

1904.