HӘSӘNBӘY MӘLİKOV

 

 

 

 

Bu fani dünyanı, onun әzab vә әziyyәtlәrini hәmişәlik tәrk edib aramızdan getmiş Hәsәnbәy Mәlikov müsәlmanlar arasındakı mәşhur ictimai xadimlәrdәn biri idi.

 

Biz Hәsәnbәylә 1906-cı ilin avqustunda Bakıda müsәlman müәllimlәrinin qurultayında tanış olmuşduq. Hәsәnbәy hәmin qurultaya sәdr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hәr hansı bir mәsәlәnin hәllindә o canlı zәkaya, xeyli tәcrübә vә biliyә malik olduğunu büruzә verirdi vә müsәlmanlar arasındakı ikisinifli ibtidai mәktәblәrin nәzdindә kәnd tәsәrrüfatının müxtәlif sahәlәri üzrә şöbәlәr açılması üçün tәhsil üzrә ölkәnin ali rәisliyi qarşısında vәsatәtdә bulunmaq fikrini dә ilk dәfә o ortalığa atmışdır. Böyük hәyati tәcrübәyә vә fitri zәkayә malik olan Hәsәnbәy hәr şeydәn daha çox bizim mәktәblәrin tәbii ehtiyaclarına vә tәlәblәrinә diqqәt yetirirdi: o, boş vә gurultulu ibarәlәri sevmirdi vә hәyatla az tanış olan bәzi gәnc pedaqoqların söylәdiyi nitqlәr, görünür, onu dilxor edib әhvalını pozurdu; bütün bunlarla birlikdә, onda böyük sәbr var idi vә başqalarının mülahizәsinә lazımi bir hörmәtlә yanaşırdı.

 

Hәsәnbәyin әsas xidmәtlәrindәn biri bundan ibarәtdir ki, o öz hәmmәzhәblәrinin oyanmasına ilk tәkan vermişdir. Biz hәlә keçәn ilin dekabrında "Zaqafqazye"dә Hәsәnbәyin "Әkinçi" qәzeti haqqında rәy vermişik. "Әkinçi"nin mәqsәdi müsәlmanların mәdәniyyәtsiz kütlәlәri arasında faydalı kәnd tәsәrrüfatı biliklәrini yaymaq idi.

 

Qәzet bu mәqsәdi izlәyәrәk, öz sәhifәlәrindә kәnd tәsәrrüfatının müxtәlif sahәlәrinә dair sadә xalq dilindә xeyli müxtәlif mәlumat verir, torpağı gübrәlәmәyin әn yeni qaydalarını göstәrir, bu vә ya digәr tәkmillәşdirilmiş kәnd tәsәrrüfat alәtlәrinin tәtbiqi haqqında yazırdı.

 

Bundan әlavә, qәzet öz oxucularına tәbabәtә, hifz-sәhhәyә, fiziologiyaya vә sairәyә dair bir çox faydalı mәslәhәtlәr verirdi. "Әkinçi" qәzetindә "Müsәlmanların geri qalmasının sәbәblәri", "İslam tәrәqqiyә mane olurmu?" vә bu kimi vacib mәsәlәlәrә toxunan çox ciddi mәqalәlәr dә dәrc olunurdu.

 

Bu vә başqa mәsәlәlәrә dair "Әkinçi" qәzetinin әsas әmәkdaşları -- Әhsәnül Qәvaid, Heydәri, sabiq şeyxülislam Hüseynzadә, Әsgәrağa Gorani, Nәcәfbәy Vәzirov tәrәfindәn yazılmış faydalı mәqalәlәr indi dә öz әhәmiyyәtini itirmәmişdir.

 

Lakin, tәәssüf ki, bu qabaqcıl adamların bilik vә elm ziyasını müsәlmanların cahil kütlәlәri arasında yaymaq cidd-cәhdlәri vә onları daha yaxşı vә şüurlu bir hәyata çağırışları tәsәlliverici bir nәticәyә gәtirib çıxarmadı vә müsәlmanlar әvvәlki kimi yenә dә elm vә maarif mәsәlәlәrinә laqeyd qaldılar. Hәlә bu azdır, onların bәzilәri Hәsәnbәydәn xahiş etmişdir ki, onları rahat buraxsın vә elm haqqında bu "sәmәrәsiz" hәdyanlarla onları әziyyәtә salmasın.

 

"Әkinçi"nin 1876-cı il 7-ci nömrәsindә Hәsәnbәyin dostlarından bir nәfәr "S" imzası ilә yazdığı mәktubunda ondan soruşur ki, bu "elmi-әbdan"[1] haqqında yazmaqdan nә vaxt әl çәkәcәkdir.

 

[1]  "Elmi-әbdan" ifadәsi altında şәriәt dәrslәrindәn başqa bütün elmlәr nәzәrdә tutulur.

 

Öz şübhәsini ifadә edәrәk bildirir ki, Hәsәnbәy bu "elmi-әbdan" mәsәlәsi ilә işi o yerә gәtirib çıxaracaqdır ki, qәzeti bağlanacaqdır. Hәsәnbәy öz dostu "S"ә cavab verib deyir ki, peyğәmbәrin dünyәvi elmlәrin hәyat üçün әhәmiyyәti vә zәruriyyәti haqqındakı sözlәrini müsәlmanlar çoxdan unudublar vә o, hәmin sözlәrin әhәmiyyәt vә mәnasını bәrpa etmәyi özü üçün müqәddәs vәzifә sayır. Buna görә dә, azәrbaycanlıların yeganә qәzeti olmaq etibarilә "Әkinçi" dәrvişlik edib, öz oxucularına "1001 gecә" nağılları danışa bilmәz; bu qәzet öz qüvvәsi daxilindә cәhalәt zülmәtindәn allahın işıqlı dünyasına çıxmaqda öz hәmmәzhәblәrinә kömәk etmәyә borcludur.

 

1907.