İRANIN OYANMASI
(İranda konstitusiya elan edilmәsi
münasibәtilә)
On il bundan әvvәl mәn
tәsadüfәn bir nәfәr varlı iranlı
ilә tanış oldum. O, öz ticarәt işlәri
ilә әlaqәdar olaraq İstambula gedirdi. Mәnim
tanışım İranın әsl oğlu kimi çox
mәlumatlı, әylәncәli vә maraqlı bir
adam idi. Mәnim İran haqqındakı suallarıma cavab
verәrәk, o ölkәnin vәziyyәti haqqında
müfәssәl mәlumat verdi vә öz
vәtәninin gәlәcәyi haqqında çox
bәdbin mülahizәlәr söylәdi. Vaxtı
ilә xoşbәxt vә әzәmәtli bir
dövlәt olan İranın ağır vәziyyәtini
qabarıq tәsvir etmәk üçün o, belә bir
müqayisә apardı: dәmir yolu vә
hәrәkәt üçün başqa az-çox
әlverişli nәqliyyat vasitәsi olmayan
Әrәbistan yarımadasında susuz vә hәyat
әsәri olmayan sәhralarda uzun mәsafәlәri
yalnız dәvә karvanları ilә qәt etmәk
mümkündür. Bәzәn elә olur ki, karvandakı
dәvәlәrdәn biri taqәtdәn
düşür vә yolu davam etdirә bilmir. Belә
hallarda sarvanlar yorulmuş dәvәdәn yükü
götürür vә yazıq heyvanı
başlı-başına buraxaraq yollarına davam edirlәr.
Zira, tәcrübә göstәrir ki, yerә
çökәn dәvәni heç bir vәchlә
ayağa qaldırmaq olmaz!
Karvan uzaqlaşdıqdan vә qaranlıq
düşdükdәn sonra sәhranın vәhşi
heyvanları hәr tәrәfdәn dәvәnin
üstünә cumur vә onu diri-diri parçalayırlar.
Müqavimәt göstәrmәyә әsla taqәti
qalmayan, hәtta yerindәn belә qalxmağa
qüdrәti olmayan bәdbәxt heyvan inilti ilә
böyürür vә öz sәsi ilә sәhralarda
hökm sürәn sakitliyi pozur. Hazırda İranda da
vәziyyәt belәdir. O, bәşәriyyәtin
fasilәsiz irәli gedәn karvanından kәnar düşmüş
vә tәkmillәşmәyә, inkişafa doğru
yolunu davam etdirә bilmir. İndi bu müdafiәsiz,
zәiflәmiş ölkәni yırtıcı heyvanları
xatırladan başqa dövlәtlәr parçalamaq
istәyirlәr.
Bu söhbәtdәn beş il
keçdikdәn sonra namәlum bir müәllifin İran
haqqında "Sәyahәtnamәyi-İbrahimbәy"
adlı ifşaediçi bir әsәri meydana gәldi.
Sәlis әdәbi dildә
yazılmış vә Misirdә çap olunmuş bu
әsәr, İranın özündә olduğu kimi,
kәnarlarda da çox böyük tәsir
bağışladı. Kitab müasir İranın
hәyatı ilә, xüsusәn, İran xalqının vәziyyәti
vә İran hökumәtinin ona münasibәti ilә
oxucuları tanış edirdi. Bu kitab bir daha bizdә belә
bir әqidәni möhkәmlәtdi ki, İran әn
bәdbәxt ölkәdir vә o, yaxın
gәlәcәkdә mütlәq mәhv olacaqdır.
Lakin görünür ki, bu müәmmalı
Şәrqdә xalqların taleyindәn baş
çıxarmaq qeyri-mümkündür.
Tәәccüblüdür ki, İranda indi qәribә
hadisәlәr baş vermәkdәdir. Uzun müddәt
davam edәn yuxudan sonra burada oyanma әlamәtlәri
müşahidә edilir. Deyәsәn, yorulmuş
dәvә ayağa qalxmaq vә karvana qoşulmaq
istәyir. Fikir intibahı bütün ölkәni bürümüş
vә islahat işlәrinә böyük meyl
görünmәkdәdir. Xüsusәn, İranda
böyük tәsir qüvvәsinә malik olan
ruhanilәr qorxulu әhvali-ruhiyyә keçirir.
Hәlә keçәn әsrin 80-cı
illәrindә İranın Londondakı keçmiş
sәfiri Mirzә Melkum xan ruhanilәrin ölkәdә
qüvvәtli tәsirini hiss etdiyi üçün
"Qanun"da İran müctәhidlәrini o zamankı
sәdrәzәmin siyasәtinә vә bir sıra
xarici dövlәtlәrin İranda
qüvvәtlәnәn tәsirinә qarşı
әlbir etiraz üçün fәal mübarizәyә
çağırmışdı.
Bu dövrdәn iyirmi beş il
keçmişdir. İndi ruhanilәr dәrk etmişlәr
ki, onların әn әsas vәzifәsi xalqın
mәnafeyini, onun ruhani vә әxlaqi müstәqilliyini
müdafiә etmәkdәn ibarәtdir. Onlar müasir
quruluşdan öz narazılıqlarını hamıdan
әvvәl açıb söylәmiş, hәtta
öz etirazlarını şahın paytaxtında, Tehranda da
bildirmişlәr. Yerli әhali öz ruhani
rәhbәrlәrinin sәslәrinә tam
şәrik olmuşdur. İki seyidin qәtli vә Tehrandan
ruhanilәrin sürgün edilmәsi hәrәkәtin
qabağını almadı, әksinә, daha da
qüvvәtlәndirdi. Baş vәzirә qarşı
düşmәnçilik vә nifrәt daha da artdı
vә hәr yerdә zalım
Eynәlüddövlәyә lәnәt oxumağa
başladılar. Hökumәt әleyhinә qalxmış
vә hәr yerdә ruhanilәr tәrәfindәn
müdafiә edilәn hәrәkat çox
sürәtlә bütün ölkәyә
yayıldı.
Şahın Tehran ruhaniliyi
nümayәndәlәrinin adına göndәrdiyi
fәrmanından görünür ki, şah onun idarә
etdiyi ölkә üçün tәhlükә törәdә
bilәcәk bu hәrәkatdan çox narahat olmuşdur.
Fәrmanda şah ciddi surәtdә müctәhidlәri
-- öz sadiq bәndәlәrini tәbәәlik
vәzifәlәrini yerinә yetirmәyә,
sülhә vә itaәtә çağırır,
eyni zamanda, söz verir ki, onların mәnafeyini
müdafiә etsin vә ağıllı arzularını
yerinә yetirsin.
Mәşriqi adlı birisi
"İrşad" qәzetindә Tehranda
yayılmış bir intibahnamәnin mәzmununu nәql
edir. Bu intibahnamә tehranlıların
әhvali-ruhiyyәsini eyni ilә әks etdirir. Onun
mәzmunu belәdir: İki nüfuzlu vә
mәlumatlı xan arasında söhbәt gedir. Onlardan biri
soruşur, o birisi cavab verir:
S u a l: Tehranda yenә nәlәr baş
verir, nә üçün Eynәlüddövlә
seyidlәri edam vә ruhanilәri sürgün
etmәyә hökm vermişdir?
C a v a b: Görüm onu lәnәtә
gәlsin, o özünü dә, hökumәti dә
rüsvay elәdi vә öz inamsızlığını
vә daxili alәmini açıb göstәrdi. Onun bu
hәrәkәti elә ruhanilәr üçün
çox әlverişlidir. Xalq bu vaxta qәdәr
düşünürdü ki, o, müsәlmandır.
İndi allaha şükür o, başa düşdü ki,
Eynәlüddövlә müsәlman deyil, kafirdir;
әks halda müqәddәs imamın qәbri
üstündә peyğәmbәr nәslinin
qanını tökmәzdi vә ona mәxsus olan kәndi
güllә-baran etmәzdi.
S u a l: Bәs nә әcәb şah bu
cür cinayәtlәrә yol verir?
C a v a b:
Ay qardaş, şah kimdir, bütün bunlar onun nә vecinәdir. Mәyәr o bilir ki, әtrafında nәlәr baş verir, mәyәr bu şümrlәr[1] (vәzirlәr) qoyarlar ki, şah onun ölkәsindә baş verәn cinayәtlәrin ondan birini bilsin.
[1] Tәhqiredici sözdür. Şümr -- Mәhәmmәd peyğәmbәrin nәvәsi imam Hüseynin
qatilidir.
S u a l: Әgәr
şah bilmirsә
onun dövlәtindә nәlәr olur, bәs onda onun gәlәcәkdә taleyi necә olacaqdır?
C a v a b:
Mәn sizә sözün
düzünü deyirәm: әgәr işlәr bu vәziyyәtdә davam edәrsә, onda çox çәkmәz ki, nә İran qalar, nә dә İran xalqı. Buna
görә dә mütlәq xalq özü haqqında
düşünmәli
vә vaxtında
özünә
çarә
tapmalıdır. Әks halda, bu satqın hakimlәr ölkәni tamam mәhv edәcәklәr....
S u a l: Bәs İngiltәrә
konsulxanasında gizlәnmiş tacirlәrin, sәnәtkarların, tәlәbәlәrin vә başqalarının xahişi nәdәn ibarәtdir?
C a v a b:
Hәm onların,
hәm dә xalqın xahişi budur ki,
şah taxt-taca vә xalqa düşmәn olan vәzirlәri mәhkәmәyә vermәk şәrti ilә rәdd elәsin, iki seyidin qatillәrini lazımınca cәzalandırsın, hәmçinin ruhanilәri lazımi әdәb-әrkanla Tehrana geri qaytarsın. Onların
başqa xahişi budur ki, Tehranda xalq mәclisi tәşkil olunsun, burada işlәr müqәddәs quranın tәlәbi, mәnası vә ruhuna uyğun şәkildә hәll edilsin vә belәliklә, xalqı acgöz hakimlәrin cinayәtlәrindәn vә әdalәtsizliyindәn azad etsin....
Bütün bunlar göstәrir ki, İranda
xalq şüuru oyanır vә İran xalqı yeni
gözәl hәyata qәdәm qoyur.
Lakin İranın ictimai xalq
hәrәkatı tarixindә әn tәsirli fakt --
indiyә qәdәr mütlәqiyyәtin
mühafizәkar dayağı hesab edilәn ruhaniliyin
hәrәkatda әsas qüvvә kimi iştirak
etmәsidir.
İranda konstitusiya elan edilmişdir. Belә
düşünmәk olar ki, azad xalqın
hüquqlarını cәsarәtlә
müdafiәyә qalxmış xalq zәkası
bütün ölkәni geniş vә aydın
tәrәqqi yoluna çıxaracaqdır.
1906.