KÖÇӘRİLӘRİN ÖVZA VӘ ӘHVALI

 

 

 

 

Әgәr tarixә baxılsa vә dilimizdә istemal olunan mәsәlәlәrә vә atalar sözünә diqqәt yetirilsә, biz Azәrbaycan türklәrinin bu axır vaxtadәk köçәri halında zindәganlıq etmәyi mәlum olunar.

 

Mәşhur sayaçı sözlәrindә ev heyvanları bir-bir zikr olunur vә bu sözlәrdә heyvanların cümlәsindәn ziyadә tәrif vә tövsif olunan qoyun vә keçidir; o heyvanlardır ki, tәrәkәmә xalqının diriliyi vә rahatlığı onların varlığına bağlıdır. Xüsusәn gözәl vә şirin dil ilә qoyunun qisim-qisim sifәtlәri tәrif olunur.

 

Necә ki, ana şirin vә dadlı dil ilә balasına lay-lay çalır, habelә dә bizim tәrәkәmә xalqı -- qoyun becәrәnlәr öz qoyunlarını mehriban vә şirin dil ilә vәsf qılırlar. Tәfavüt ancaq bundadır ki, ana övladını "balam" sözü ilә yad edir, amma qoyun sahibi qoyununu "nәnәm" kәlmәsi ilә oxşayır.

 

Bundan aşkara görünür ki, tәrәkәmә әhlinin güzәranı, eyş-işrәti, zövq-sәfası, kef-damağı vә rahat dolanacağı bilkülliyyә qoyunun salamat vә bol olmağına münhәsirdir.

 

Sayaçı sözlәrini mәxsusi bir kitabça tәrzindә çap etdirmәk xәyalında varıq.

 

Burada möhtәrәm oxucuları filcümlә aşna etmәk üçün o sözlәrin bir neçә bәndini zikr qılmağa iktifa edirik:

 

Nәnәm, qoyunun qarası,

Qırxlığı polad parası,

Yaz günü dәlәmәsi,

Payızda görәmәsi.

Qış günü qovurması.

 

Nәnәm, o şişәk qoyun,

Yunu bir döşәk qoyun.

Bulamanı tez yetir,

Bulamanı bol elә,

Qırıldı uşaq qoyun!

 

Nәnәm, qumral tat qoyun,

İldәn-ilә art, qoyun.

Balaların ölmәkdәdir,

Olma gәl namәrd, qoyun!

 

Nәnәm, o saçaq qoyun,

Bәrәdәn qaçaq qoyun,

Sәnә yaman baxanın

Gözünә pıçaq, qoyun!

 

Nәnәm, o narış qoyun,

Yunu bir qarış qoyun.

Çoban sәndәn küsübdür,

Südün ver, barış, qoyun!

 

Qoyunlu evlәr gördüm--

Qurulu yaya bәnzәr.

Qoyunsuz evlәr gördüm--

Qurumuş çaya bәnzәr.

 

Bu minval neçә-neçә belә bәndlәrdә sadә vә açıq sözlәr ilә babalarımız qoyunu tәrif edib, onu öz evlәrinin bәzәyi vә dolanacaqlarının dirәyi mәqamında tutublar.

 

Atalar sözünә gәldikdә, qoyundan hasil olan xeyir vә bәrәkәtә dair çox timsallar var. Necә ki, deyilibdir: "Qoyunun oldu әlli, adın oldu bәlli". Adı "bәlli" olmaq, yәni el vә oba içindә dövlәt sarıdan şöhrәt tapıb, dillәrdә adı söylәnmәk demәkdir.  "Qoyunun oldu yüz, gir içindә üz". Yәni yüz qoyundan o qәdәr dövlәt vә bәrәkәt yetişir ki, onun içinә girib üzmәk olar. Qoyunsuz evlәri babalarımız qurumuş çaya bәnzәdib, qoyunlu evlәri qurulmuş yaya tәşbih ediblәr. Sayaçı sözlәrinin bir parasında qoyuna xitabәn deyilir: "Yiyәn sәnin ucundan çıxıbdır köşkә, qoyun"; yainki:  "Yiyәn sәnin ucundan gәtirib gәlin, qoyun";  vә yainki:  "Yiyәn  sәnin ucundan  bağlayıb  kәmәr,  qoyun". Söz yoxdur ki, köşkә çıxmaq, gәlin gәtirmәk vә kәmәr bağlamaq dövlәt nişanәsidir, varlılıq vә bolluq әlamәtidir.

 

Vә lakin müruri-әyyam ilә ehtiyac vә qara gün artıbdır. Babalarımız tәk heyvan saxlamaq ilә güzәran edә bilmәyib, әkinçiliyә, bağçılığa vә bostançılığa qurşanıb, yavaş-yavaş köçәri ikәn yerli olublar, tәkcә heyvan saxlamağa qane olmayıb, bәyәndiklәri meyvәbitirici vә barverici sulu yerlәrdә özlәrinә daimi yurd vә mәskәn salıb oturaq olublar. Ziraәtdәn maәda alverә, ticarәtә vә bir para peşә vә sәnәtlәrә girişib, mürәffә-hal güzәran ediblәr. Elm, mәrifәt vә mәdәniyyәt cәhәtincә dәxi bunlar köçәrilәrdәn xeyli irәli gediblәr.

 

Amma bilmәk gәrәkdir ki, bu halda sırf tәrәkәmәlik edәn, yәni ancaq mal vә qoyun saxlamaq ilә köçәri halında dirilik edәn bizim içimizdә az tapılar. İndi tәrәkәmәlәrimiz dә yarımәkinçi vә yarımtәrәkәmә olublar. Әgәr bu yarımtәrәkәmәlik edәnlәrin dә olduqları yurd vә mәskәn ab-hava cәhәtincә mötәdil vә salamat olsa idi vә yay fәslindә onda şiddәtli isti vә bir para insana әziyyәt yetirәn mığ-mığ kimi milçәklәr vә sair hәşәrat olmasa idi, bilaşübhә onların tәmamisi imdiyә kimi oturaq olmuşdu.

 

Amma bir yandan havanın istisi, bir yandan suyun qәhәtliyi vә qәlizliyi vә digәr bir tәrәfdәn insanın әn qatı düşmәni olan vә hәr dәqiqәdә başına vә gözünә, әlinә vә üzünә zәhralud nişlәr vuran mığ-mığ kimi hәşәrat vә cücülәrin hücumu bizim aranzәmin xalqını hökmәn mәcbur edir ki, öz heyvanları ilә bir yerdә başlarını götürüb, sәrin yerlәrә vә göy yaylaqların başına köçsünlәr. Bizim әqidәmizcә, әgәr yay fәslindә tәrәkәmә xalqı yaylağa keçmәzsә, bir az vaxtın müddәtindә tamamisi malyariya kimi qisim-qisim әlac qәbul etmәyәn mәrәzlәrin çәngindә fövt olub qurtarar. Köçәrilik onların özlәrini vә heyvanlarını ölümdәn qurtarır desәk, sәhv etmiş olmarıq.

 

Bu axır vaxtlarda mәdәniyyәtli tayfalar dәxi bir növ köçәri olublar. Köçәrilik adәti tәrәkәmәlәrdәn vә yarımvәhşilik halında güzәran edәn qaraçılardan şәhәr әhlinә sirayәt etmәkdәdir vә bu adәt get-gedә kök salıb qüvvәt tapır. Belә ki, Avropanın mәdәniyyәtli qövm vә millәtlәri dәxi köçәrilik binasını qoyub, yay fәslindә bir yerdә oturmayırlar vә artıq şövq ilә tәmiz ab-havalı yerlәrә köçüb, orada istirahәt edirlәr vә yainki görmәdiklәri yerlәri vә uzaq diyar vә mәmlәkәtlәri gәzib, hәr yerdәn vә hәr ölkәdәn xeyli mәlumat, bilik vә tәcrübә kәsb edirlәr.

 

Necә ki, bәzi quşların vә bir para heyvanatın tәbiәtlәrindә yaranışdan ilin mövsümünә müvafiq nәqli-mәkan hissi qoyulubdur vә heç bir vәchlә bu hissә mәmaniәt etmәk mümkün deyil, habelә bәni-növi-bәşәrin dәxi tәbiәtindә bu hissin varlığı müşahidә olunur. Az adam tapılar ki, sәyahәt etmәyә, gәzib zövq vә sәfa sürmәyә, tәğyiri-hava vә tәbdili-mәkan etmәyә meyl vә rәğbәt göstәrmәsin. Tәğyiri-hava vә tәbdili-mәkan insanın sәhhәt vә salamatlığına әn doğru vә müqtәdir әsbablardan birisi hesab olduğunu Avropa әhli kamalınca düşünüb, vaxtlarını müttәsil cünbüş vә hәrәkәtdә, seyr vә sәyahәtdә keçirirlәr. Necә ki, su bir yerdә qalanda qoxuyar vә hava bir mәkanda boğulub hәrәkәtsiz duranda ağırlaşar, habelә insan da hәrәkәtsiz qaldıqda, seyr vә sәyahәtdәn bixәbәr olub, bir mәkanda vә bir övzada zindәganlıq etdikdә hәr bir cәhәtdәn aciz, zәif, elmsiz, bacarıqsız vә qorxaq olur. Hәr bir amerikalı vә hәr bir ingilis övqatını müttәsil sәyahәtdә keçirdiyinә görә bütün dünyanı öz vәtәni, öz mülkü vә öz torpağı hesab edir. Firәng vә ya ingilis bizim öz şәhәrimizdә bizdәn cürәtli olur, amma biz öz evimizdә qorxaq vә ehtiyatlı oluruq. Bir irәvanlı Gәncә şәhәrinә gәlәndә özünü qәrib hesab edir, habelә gәncәli dә özünü Nuxada, Şamaxıda vә Salyanda qәrib adlandırır vә beş-on gün öz qohum-әqrәbasından vә dost-aşnasından kağız gәlmәyәndә vә yainki işi bir azacıq düz gәtirmәyәndә üzünü vәtәnә sarı tutub, bu qisim bayatılardan oxuyub, könlünü daha da pәrişan vә qәmgin edir:

 

Bu sular mәlәr gәlәr,

Dağları dәlәr gәlәr.

Qәrib eldә olanın

Başına nәlәr gәlәr.

 

Söz yoxdur ki, vәtәn şirindir. Amma vәtәn bir anadan olduğumuz ev, mәhәllә, şәhәr vә ya kәnd deyil vәtәn geniş vә vüsәtli bir diyardır. Bir ölkә vә mәmlәkәtdir ki, onun hәr bir nöqtәsi övladı üçün әziz vә mübarәkdir. Bunu dürüst düşündükdә biz qafqazlılara Qafqazın hәr bir mәhәllә vә mövqeyi vәtәndir desәk, sәhv olmaz.

 

Әsil mәtlәbә müraciәt edәk. Bu axır vaxtlarda yaylaq (daça) mәsәlәsi cümlәnin diqqәtini cәlb edibdir. Hәr yerdә tәmiz ab-havalı mәhәll vә mәkanlar artıq ciddi-cәhd ilә tutulub vә küllü xәrc ilә abad olunmaqdadır. Mәzkur mәkanlarda qәşәng evlәr tikilir, gözәl bağçalar salınır, saf sular gәtirilir, yollar açılır vә can rahatlığına bais olan әşya vә tәdarüklәrin cümlәsi düzәlib fәrahәm olunur.

 

Mәdәniyyәtli tayfalar hәr bir nәhv ilә çalışırlar ki, öz zindәganlıqlarını xoş vә rahat keçirsinlәr. Amma biz müsәlman tayfası rahatlığa çalışmırıq.

 

Bizim qanacağımıza görә, "dünya beş gündür, beşi dә qara gündür"; mәәtimizin tәrzi-övzai yaxşılığa mübәddәl ola bilmәz. Yaxşı-yaman bir tövr dolanmağı vә gün keçirmәyi özümüzә bir hünәr hesab edirik. Әlimizdә olan gözәl yaylaqların, tәmiz havalı vә şirin çeşmәli yurdların vә mәkanların qәdr vә qiymәtini bilmirik, onlar bir-bir әlimizdәn çıxır....

 

Biz çoxlarını gәzib görmüşük. Mәdәn sularının nәf vә faydasını inkar etmәyib, bununla belә kamali-cürәtlә deyә bilәrik ki, Zaqafqaziyanın hәnuz  "kultura" dәymәmiş çox yerlәri var ki, yuxarıda sadaladığım yerlәrin cümlәsindәn ab-hava cәhәtincә artıqdır. Qarabağ eylatı çıxan dağların, Qazax әhalisi köçdüyü yaylaqların vә İrәvan quberniyasında Әlәcәz dağlarının o qәdәr gözәl, könülaçan vә ruhtәzәlәyәn xoş hava vә basәfa yerlәri var ki, yer üzündә onların misl vә bәrabәri yoxdur. Kars yolunda Sadıqlı stansiyasından tutmuş Qarakilsәyә kimi o qәdәr hәm dәәtli vә heyrәtәngiz vә hәm könülaçan vә fәrәhgәtirәn mәnzәrәlәr var ki, Avropanı gәzib görәnlәr onları Şvetsariya dağlarına tәrcih verirlәr.... Yalnız Dilicanın qәrbi-cәnubunda olan Hәmzәçәmәn gözәllikdә vә sәfada, demәk olar ki, yer üzünün behiştidir vә Rusiyada olan kurortların tәmamisindәn artıqdır. Onda olan soyuq vә dadlı sular, әlvan çiçәklәr, müәttәr otlar rübi-mәskunun bәlkә az-az yerlәrdә tapılar.

 

Qazax şairlәri mәrhum Kazım ağa Salik vә qüfrani-pәnah Mustafa ağa Arif hәr birisi bir dil ilә Hәmzәçәmәnin gözәlliyini vә sәfasını mәdh vә tәrif ediblәr. Mәrhum Arif Rusiyada әsirvar zillәt vә hәqarәt içrә zindәganlıq etdiyi vaxtlarda aşağıda yazılan sözlәrlә gözәl yaylaqları vә öz elin-obasın yad edib, gözlәrindәn qanlı yaşlar tökәrmiş:

 

Sәrçeşmәli, neylufәrli bulaqlar,

Susәnli, sünbüllü, lalәli dağlar,

Dumanlı, çiskinli, qarlı yaylaqlar,

Hanı bizim o meydanlar, ağlaram!

 

Ellәrimiz vardır bәyli, paşalı,

Dağlarımız vardır әlvan meşәli,

Susәnli, sünbüllü, tәr bәnәәli,

Qaldı bağlar, xiyabanlar ağlaram....

 

Bu halda әmri-mәaş çәtinliyә düşdüyünә görә arandan dağa vә dağdan arana köçmәk vaxtı irәliki әyyama nisbәtәn xeyli tәnglәşibdir.

 

Keçmişdә, iyirmi-otuz il bundan müqәddәm tәrәkәmә xalqı novruz bayramından sonra köçmәk qeydinә düşüb, köç-döşә lazım olan әsbab vә alatı düzәldib hazırlamağa mәşğul olurdu. Әkin-biçin ilә çәndan әlaqәsi yox idi. Elә ki, günün hәrarәti şiddәtlәnib canlıya vә cansıza әsәr edirdi:

 

Sayan yağış yağanda,

Sarmaşıq ot bitәndә,

Quzu tәlәkә tutanda,

Keçi irtmәk atanda --

 

köçәrilәr arandan yaylaqlara tәrәf hәrәkәt edirdilәr vә orada soyuq düşәnә kimi, hәtta bәzi yerlәrdә qar yağanacan, yәni payızdan da bir ay keçәndә qışlaqlarına qayıdırdılar.

 

Bu vaxtlarda aranın da havası sınıb, yumşaq vә mötәdil olurdu. Onun istisi heyvana vә insana çәndan әsәr etmirdi.

 

O vaxtlarda dağdan gәlәn adamların rәngi qırmızıdan da ötüb, bәnәfş çalırdı. Qoyunlar o qәdәr kökәlirdi ki,  quyruqlarını  çәkib   apara   bilmirdilәr. At vә sığır mal dәrisinә sığmırdı.

 

Bununla belә, el-oba yenә hәsrәt ilә yaylaqdan ayrılırdı vә hali-dilini bu bayatı ilә bildirirdi:

 

Dağlar marala qaldı,

Otu sarala qaldı,

Soyuq bulaq, göy yaylaq

Yenә marala qaldı.

 

O vaxt dağ adamlarının qara qızdırmadan vә indi modnı naxoşluq olan malyariyadan xәbәrlәri yox idi vә bu qәdәr canlar onun çәngindә fövtә getmirdi.

 

Amma indi, necә ki, sabiqdә zikr olundu, әsil tәrәkәmәçilik götürülübdür. İndi tәrәkәmәlәr yarıәkinçi vә yarıköçәri olublar. Ziraәtlәri artıb çoxaldığına görә uzun müddәt әlaqәlәrini arandan kәsә bilmirlәr. İki ay, artıqbaşı iki ay yarımdan ziyadә dağda qalmayıb, quyruq doğandan sonra, yәni iyulun iyirmi beşindәn, yainki avqustun әvvәllәrindәn başlayırlar arana köçmәyә, әlsiz-ayaqsızlardan, kasıb-kusublardan elәlәri dә olur ki, bütün yayı aranda keçirib, el dağdan enmәyә beş-on gün qalmış var-yoxunu bir öküzünә yüklәyib vә balalarının әlindәn tutub, yaxında olan dağların әtәyinә çıxır ki, heç olmasa bir neçә günә havasını dәyişdirib sәrin su içsin.

 

Quyruq doğandan sonra әgәrçi hava bir az sınır vә milçәk azalır, amma bununla belә aranda yenә şiddәtli istilәr keçir vә avqust ayı bizim camaat arasında "qora pişirәn ayı" adı ilә mәşhurdur. Bu ayda xeyli mәrәzlәr dәxi törәyir.

 

El-oba bir tәrәfdәn sәrin sulardan vә sәfalı yaylaqlardan hәsrәt ilә ayrılırsa da, bir tәrәfdәn dә hәr bir oba hamıdan tez özünü arana--yәni odun vә yalovun içinә salmağa tәlәsir. Belә sürәt vә әcәlә ilә arana köçmәyin sәbәblәri çox isә dә, ümdәsi bir oba vә şәnliyin o biri şәnliyә etibarı olmadığıdır, qonşunun qonşudan qorxu vә ehtiyat etmәyidir. Çünki kәrrat ilә görünüb tәcrübә olunubdur ki, hansı kәndin şәnliyi arana tez enirsә öz qonşuluğunda olan el-obanın qoruğunu malına basdırıb, büxl vә hәsәd ucundan vә yainki oğurluqdan vә dәlәduzluqdan taxılını xәlvәt daşıyır, ot taylarını vә dam-daşını yandırır, bağını, bostanını tәlәf edir. Bizim camaatda özgәnin malına vә canına qәsd etmәmәk, özgәnin әmәyini itirmәmәk vә zәhmәtinin hasilә yetmiş meyvәsini zaye etmәmәk hissi ayılmayıbdır.

 

Qonşu qonşunun xeyir vә sәlahını, nәf vә faydasını gözlәmәdiyi halda, bir-birinә düşmәn vә yağı olur vә bir-birinә zәrәr vә ziyan yetirmәyi hәccә getmәkdәn artıq vә әfzәl bilir. Әgәr bu vәhşilik vә xәyanәt olmasa hәr bir mahalın elatı darda daha da artıq qalıb, oranın ab-havası ilә özlәri vә otu ilә malları vә qoyunları mәnfәәtbәrdar olardı vә aranın otlağı da ilin axırına kimi heyvanlara kifayәt edәrdi vә onlar da qışda aclıqdan tәlәf olmazdı; özlәri dә malyariyadan xilas olub, vaxtsız vә әcәlsiz dünyadan getmәzlәrdi.

 

Bu bәlaların vә fәlakәtlәrin tamamisi bizim camaatımıza avamlıqdan vә anlaqsızlıqdan yetişir ki, avamlıq özü böyük bir mәrәzdir. Әn әvvәl ona bir çarә tapmaq lazımdır. Tamam Qazax uyezdinin xalqı, demәk olar ki, köçәridir. İyul ayının axırında Dilicanın әtrafındakı yaylaqlarda sakin olan el-oba bir vaxta dolur Dilican dәrәsinә. Beş-altı sәnә bundan qabaq hәr kәnd vә şәnliyin özlәrinә mәxsus dağ yolları var idi ki, yollarla dağa vә arana köçürdülәr. Amma indi ermәni-müsәlman davasından bәridir ki, Qazax mahalının әhalisi öz köç-döşlәrini "dәrә yolu" ilә salıblar. Bu yol ibarәtdir şosa yoldan ki, Ağstafadan başlanıb, Gömrüyә vә Karsa kimi gedir.

 

Avqustun әvvәllәrinә bir-iki gün qalmış el tәrpәnir. Yüz minә kimi camaat bir vaxtda öz külli mali-mәvaşilәri ilә dolurlar Dilican dәrәsinә, köçün başı Uzuntalaya vә Ağstafaya yetişәndә ayağı Qarakilsәdә hәrәkәt edir.

 

Qarakilsә ilә Ağstafanın arası yüz verstdәn ziyadәdir. Bu yüz verstlik yolu o tay-bu tay tuturlar. Köç köçә dayanıb iki qatar gedir. Bu әsnada Dilican dәrәsindә bir küy vә qalmaqal, bir bağırtı vә çığırtı qalxır ki, guya hәşr-nәşr başlayıb qiyamәt qopur. Böyük kiçiyә, arvad uşağa, qoyun, keçi, at, eşşәk vә qaramal bir-birinә qarışıb, ağız dediyini qulaq eşitmir, hәr heyvandan bir cürә sәda gәlir.

 

Bu köç-döşün büsatını mәrhum Әhmәd bәy Cavanşir  özünün bir çox bamәzә hekayәlәrindә artıq mәharәtli nәzmә çәkibdir. Onlardan "Xoca-xoca vә çalağan" hekayәsinә baxmalıdır.

 

Elatın bu minval tәlәsik, bir-birini basa-basa arana köç etdiyi әsnada nә qәdәr maddi zәrәr vә ziyana düçar olduğunu yazsaq çox uzun çәkәr....

 

Divan әmәlәsi vә mal hәkimlәri "keçi suyu bulandırdı" bәhanәsi ilә yazıq tәrәkәmәlәrdәn o qәdәr xilafi-zakon xәrc vә ştraflar alırlar ki, tәsәvvürә gәlәsi deyil. Allah әvvәlkilәrә insaf vә axırkılara sәbr versin.

 

1909.