MӘİŞӘTİMİZӘ DAİR
1
İki sәnә bundan müqәddәm
yuxarıda qoyduğumuz sәrlövhәdә bir
neçә mәqalә möhtәrәm
"İrşad" ruznamәsinin nömrәlәrindә
öz daxili işlәrimizdәn vә
dolanacağımızdan yazıb, bәzi
mәtlәblәrdәn bәhs etmişdik. Sonradan bir
para sәbәblәrin vüqui ilә ki, burada onların şәrhinә
ehtiyac yoxdur, yazmaqdan әl çәkdik. Bu müddәtin
әrzindә alәmi-islamda çox böyük
әlamәtlәr, fikrә gәlmәyәn inqilablar,
xәyala sığışmayan vaqiәlәr zühur
etdi. "Molla Nәsrәddin" mәzәlikcә
söylәdiyi sözlәr vә istehzalar, yәqincә
yazdığı xәbәrlәr eyni ilә
nәticә verdi. İranda "bomba" sәdası
eşidildi, "zabastovka" xәbәri çıxdı
vә buna sәbәb cәnnәtmәkan
Müzәffәrәddin şahın verdiyi
hürriyyәtin geri alınması, mәclisin qovulması
oldu. Bu yolda böyük iğtişaş vә
inqilabçılar törәdi vә әlan iğtişaş
yatmayıb, gәlә-gәlә artmaqdadır.
İranın gәlәcәyi nә olacaq?...
Şayani-tәәccüb budur ki,
hürriyyәt tәrәfdarları hәr yerdәn
artıq Azәrbaycanın mәrkәzi olan Tәbriz
şәhәrindә tapıldı. O Tәbrizdә ki,
neçә sәnә bundan irәli mәşhur
İbrahimbәy öz
"Sәyahәtnamә"sindә onun әhalisini
mәqami-tәnqidә qoyub, olmazın pozğun
sifәtlәri vә qәbih әmәllәri onlara
isnad vermişdi; o Tәbrizdә ki, İbrahimbәydәn
әvvәl mәrhum Abbasquluağa Bakıxanov Qüdsi
tәxәllüs onun xalqını daha da bәdtәr
hәcv qılıb, onda adam nәzәrә
gәlmәdiyini bәyan etmişdir:
Nә qәdәr seyr elәdim
kuçә ilә bazarı,--
Adәm çox az görünür, izdiham
kәsrәtdir.
İndi haman Tәbrizdә hәr yerdәn
artıq hürriyyәt vә azadlığın qәdri
bilinib, onun yolunda qanlar tökülür vә canlar fәda
olunur. Beş-on il bundan qabaq hәcv olunan Tәbriz indi
mәdh olunur. Hürriyyәtpәrәst
müsәlmanlar millәt bahaduru Sәttarxanı tәrif
vә tәhsin edirlәr. Hürriyyәtpәrәst
xaricilәr onun sağlığına
qәdәhfәrş olmaqdadırlar....
Osmanlıya gәldikdә, burada dәxi
mәşrutiyyәt verilir ki, bu dәxi heç kәsin
yuxusuna gәlmәz bir vaqiә idi. Hәr kәs soltan
Әbdülhәmid hәzrәtlәri tutduğu
mәslәki vә işlәtdiyi politikanı
nәzәrә alsa, bizim sözümüzü tәsdiq
edәr. Burada dәxi hürriyyәtpәrәstlәr
ilә mühafizәkarlar arasında bәzi
iğtişaş vә fәsadlar vüquә
gәlmәkdәdir. Qәrәz, hәr yerdә böyük
tәğyirat vә tәbәddülat
müşahidә olunmaqdadır. Burada Şeyx Sәdinin
әsrindә türklәrin hücumundan nәşәt
edәn şuluqluq vә inqilab yadıma düşdü.
Birun rәftәm әz nәngi-türkan ke
didim,
Cәhan dәrhәm oftad çun
muyi-zәnci[1].
[1] Tərcüməsi: Türklərin
arından qaçdım, (çünki) gördüm ki,
dünya zəncinin tükü kimi dolaşibdir.
Bu müddәtin әrzindә
alәmi-islamda vüquә gәlәn işlәrә
biz kənardan tamaşaçı olduq. Qәlәmimiz
paslandı, mürәkkәbimiz qurudu vә
kağızımız toz altında qalmaqdan saraldı. Bir
tәrәfdәn alәmi-islamın bәzi
nöqtәlәrindә müşahidә olunan
tәrәqqilәri görüb şad olduq. Qeyri bir
tәrәfdәn öz mәişәtimizә
baxıb, onun irәliki halı ilә köhnә
dәyirmanın çürümüş çarxı kimi
ağır vә ahәstә vә bir qayda üzrә
dolanmasını görüb, mәlul vә mәhzun olduq.
Yenә sabiq qәrar üzrә biçarә
millәtimiz cәhalәt vә nadanlıq
qaranlığında zәbun vә sәrgәrdan
qalmışdır. İşıqlı dünyadan onun
xәbәri yoxdur. Uzun müddәt qaranlıqda
güzәran etdiyi üçün qaranlığa
adәtkәrdә olmuşdur vә işığa
çıxmağa meyl vә rәğbәt
göstәrmir, guya işığa onun heç ehtiyacı
yoxdur.
Belә qaranlıq alәmindә yaşayan
qövm vә tayfanın, әlbәttә, işlәri
dә qaranlıq, fәna vә әhәmiyyәtsiz
olacaqdır. Burada hәr kәs öz xırdaca
işlәrinin dalınca olub beş günlük
ömürlәri üçün qüvvәti-layәmut
cәm etmәkdәdir vә bu yolda cümlәnin
sәyi vә tәlaşı, hümmәt vә
qeyrәti biri-birini aldatmaq, biri-birinә tor qurmaq vә
biri-birinin qanını sormaqdır. Ümumi qaydaya müvafiq,
söz yoxdur ki, güclü gücsüzә qalib gәlir,
dәrisi soyulan vә qanı sorulan qara rәiyyәt
tayfası olur; yәni o sinif olur ki, onun elmi vә biliyi
vә tәcrübәsi vәhşilәrә vә
qan soranlara nisbәt azdır, hansılar ki, avam vә
sadәdil olduqlarına görә tez tora düşür.
Әlli-altmış sәnә bundan müqәddәm
mәrhum Qasımbәy Zakirin vaxtında rәiyyәt
tayfasına olan bidadlıq, zülm vә tәcavüz indi
dә o qәrar üzrә icra olunmaqdadır. Bu
hürriyyәt әsrindә belә
әdalәtsizliyә baxdıqda ürәyimiz qan ilә
dolur vә daha artıq sükunәti-ixtiyar etmәyә
tab gәtirmәyib, qәlәmә әl
uzadırıq. Hәqiqәtdә bizim diriliyimiz,
mayeyi-hәyatımız vә eyş-işrәtimiz bu qara
rәiyyәt adlanan güruhun
pürmәşәqqәt zәhmәtinә
bağlıdır. Bunlar bizә maddi tәrәfdәn
rahatlıq, әmniyyәt vә asayiş verdiklәri kimi,
zindәganlığımıza lazım olan mayehtiyacı
mühәyya qıldıqları kimi, biz dә
әvәzindә borcluyuq ki, bunlara ruhaniyyәt vә
mәnәviyyat cәhәtincә qulluq edәk,
bunların haqqında olunan zülm vә sitәmi dәf
edәk, ruhlarının vә ağıllarının
tәrәqqi vә tәrbiyәsinә
sәrfi-hümmәt göstәrәk.
Amma mәtәәssüf öz
borclarımızı nәinki layiqincә әda etmirik,
hәtta küfrannemәt izhar edib, sağmal inәyimizin boğazına
pıçaq sürtәnlәrә kәnardan arxayın
tamaşa edirik.
Zakir öz әsrindә rәiyyәt
tayfasını çapıb talan edәn firqәlәri
kәlamında tәdad edib, әvvәlinci
mәrtәbәdә ruhani sinfini qoyur vә onların
haqqında çox danışıqdan sonra
mühәssili-kәlamda deyir:
Vaiz bizә oxur şәri-Mustafa,
Hәrama mürtәkib olmayın әsla,
Özü
lüm-lüm udar batindә, әmma
Zahirdә dediyi mәnayә bir bax.
Bundan
aşkar görünür ki, millәtin ruhani ataları -- mollalar millәtin avamlıqda
qalmaqlarından nәfbәrdar
olub, zahirdә
dediklәrinә batindә әmәl etmirlәrmiş vә şәriәtin hökmünü pozan әn әvvәl özlәri olurmuş. Bu qisim mollalar ola bilәr ki, Zakirin vaxtında artıq
imiş, amma onların toxumu kәsilmәyibdir. Bizim vaxtımızda dәxi az deyil.
Şair
ikinci mәrtәbәdә divan әmәlәsini qoyub, onların barәsindә dә xeyli danışdıqdan sonra deyir:
Dolanır bazarı darğa, kvartal,
Döyülür sifәtlәr, yolunur saqqal,
Gecә get cibinә beş-on manat sal,
Gündüz gәlib nırxa, bahayә bir
bax.
Vә özgә bir yerdә
nәticәyi-kәlamda deyir:
Divan demә hәrgiz buna kim,
adәti-candır,
Bir mәn demәdim nola ki,
mәşhuri-cahandır.
Zakirin vaxtında divan әhli sifәtlәri
döyüb vә saqqalları yolmaqla ciblәrini
doldururmuşlarsa, bizim vaxtımızda dәxi geri
qalmırlar vә bәlkә xilafi-zakon işlәr
ilә keçmiş divan әhlinә bizimkilәr
rәhmәt oxutdurur. Bu noyabrın 7 vә 8-ci
günlәrindә südebni palatın şöbәsi
Gәncәdә ağa pristavların: Bәhram bәy
Cavanşirin, İvan Yaralovun, Andriyan Parfiyenkonun vә Mixail
Parçinskinin xilafi-zakon işlәrinә baxıb,
hәr birisini öz cәzasını
çәkmәyә tәnbeh qәrar qoymuşdur.
Pristav ağaların xilafi-zakon işlәri
rüşvәt almaq vә adam döymәk olubdur. Hәr
yerdә döyülәn vә rüşvәt alınan
müsәlman olubdur. Әlbәttә, bu әsrdә
müsәlmandan başqa rüşvәt vermәyi vә
döyülmәyi heç bir millәt özünә
qәbul etmәz. Bu cәnablardan intiqam vә qisas almaq
üçün Mixail Parçinski Zәngәzur
uyezdindә Mәşәdi Abdulla Mәşәdi
Allahverdi oğlunu vә Allahqulu Hәzrәtqulu oğlunu
kәndir ilә boyunlarından ağaca sarıtdırıb
vә çıplaq soyundurub, dal tәrәflәrinә
qamçı ilә o ki var döydürübdür. Vә
rüşvәt almağının da hesabı yoxdur.
Doğrusu ki, Parçinski kimi әxlaqsız vә dәni
bir adamın müsәlmanların haqqında
göstәrdiyi zülm vә intiqam bizi ürәkdәn
incitdi.
Parçinskinin kim vә nә әmәlin
sahibi olduğunu İrәvan müsәlmanları
yaxşı tanıyırlar. O intiqamın nәdәn
nәşәt etdiyini zaiqәyә tapşırsınlar.
Budur bizim müsәlmanların halı....
Gәlәcәkdәki
mәqalәmizdә mәrhum Qasımbәy Zakirin rәiyyәt
tayfasına cövr vә sitәm edәn sair
firqәlәrin barәsindә yazdığı
şerlәrdәn danışıb әsil
mәtlәbә keçәcәyik.
2
Qarabağın şairi-binәziri mәrhum
Qasımbәy Zakir kәnd әhlinin qanını sorub,
malını insafsızca qarәt edәnlәrin
cümlәsindәn üçüncü mәqamda
alış-veriş adamlarını vә tüccar sinfini
qoyub, onların vәsfindә deyir:
Sәhra mәrdümünü şәhr
әhli görcәk
Yalvarıb, yapışıb oturdur
çömlәk.
Beş arşında
sürüşdürür üç çәrәk,
Tacirә seyr eylә, sövdayә bir bax.
Baqqal qoyar tәrәziyә imanın,
Әsәl qiymәtinә satar ayranın,
Qudurmuş it kimi dalar hәr yanın,
Deyәr yoxdur Ali-әbayә bir bax.
Söz yoxdur ki, alış-veriş әhli
vә tüccar qismi tәbiәtlәrinin
tәqazasına görә, hәr millәtin
içindә olacaq olsun, bir növ tamahkar, hәris vә
xәsis olurlar vә öz mallarını baha qiymәtә
satmaq üçün yüz cür fәn vә
әmәllәr işlәdirlәr. Bu yolda xaricilәr
arasında bizimkilәrә sәbqәt edәnlәr az
deyil. Tәfavüq ancaq bundadır ki, bizim tüccarlar
mәrhum Mirzә Fәtәlinin Hacı Qarası kimi aciz,
qorxaq vә kәmcürәt olub, mәhz öz yaxın
qonşularını, din qardaşlarını vә
әtraflarında olan әlsiz-ayaqsız, kasıb vә
yoxsul kәnd әhlini soymağa iktifa edirlәr vә
beş arşın çürük bezlәrini satmaq
üçün on dәfә peyğәmbәrә,
imama vә getdiklәri hәccә and içirlәr.
Vә bu qisim insafdan dişarı vә xilafi-şәr yolu
ilә tәhsil qıldıqları dövlәtdәn
axırda nә özlәri bәhrәdar olurlar vә
nә dә qeyrilәrә, yәni soyulanlara bir
mәnfәәt yetişir, "Yel ilә gәlәn,
sel ilә gedir". Әksәr övqat haciyi-qeyri-nacinin
dövlәti Hacı Qaranın dövlәti kimi
hәdәr gedir.
Amma sair millәtin alış-veriş
adamları bizimkilәrә oxşamır: onlar
işlәrini bünövrәli vә әsaslı
götürüb, mal ilә mәtahlarını qeyri tayfalar
arasında intişar etmәyә sәy qılırlar
vә bu nәhvlәri ilә mal vә dövlәti
dәxi özgә millәtlәrdәn qazanıb,
lazım olan mәqamlarda öz millәtlәrinin
xeyrinә vә rәfi-ehtiyacına sәrf edirlәr.
Ermәni tayfasının
cәmiyyәti-xeyriyyәlәrinә ermәni tüccar
vә bәzirganının kassalarından on
minlәrcә vә yüz minlәrcә pul daxil
olmasına gәrәk şübhә olunmasın.
Sövdagәr vә alış-veriş
әhlinin zәmmindәn sonra şair xanzadә vә
nücәba sinfinә әtfi-kәlam edib, onların
әleyhindә yazır:
Hәddәn aşıb bu viladә
şәrarәt,
Hәr kim bir iş görә puluna
minnәt.
Mu qәdәri yoxdur әdlü
әdalәt,
Vә lakin şöhrәti-bicayә bir bax.
Böyüklәrin işi deyil demәli,
Dәnidәn betәrdir felü
әmәli,
Belә görmәmişdik bundan
әzәli,
İndi karü bari-rüsvayә bir bax.
Xanzadәlәr şişә taxar
rәyәti,
Özlәrinin deyil malü dövlәti,
Oda tәpәr harda düşsә
fürsәti,
Mujikә seyr eylә, ağayә bir bax.
Palajenya nәqli ta olub möhkәm;
Gәrәk bәy azalda zülmün
dәmadәm,
Dәxi dә artırar bu әhli-biqәm,
Yanında çalınan zurnayә bir bax.
Piranәsәrlikdә mәn oldum rüsva,
Düzәlmәdi işlәr, cana yetdim ta,
Gör nә oyun tutdu, әzizim Mirza,
Zakira, tәqdiri-qәzayә bir bax.
Zakir özü Qarabağın xass-xalis
nücәbalarından ola-ola öz hәmsinfinin ayıb
vә qüsurunu belә açıq mәrdanә vә
şairanә söylәmәyi, әlbәttә,
şayani-tәhsindir. İmperator Aleksandr sani 1861-ci ildә
fevral ayının 19-cu günündә verdiyi
fәrmani-hümayunu ilә Rusiyada olan cәmi
rәiyyәt tayfasını mülkәdar ağaların
cövr vә sitәmindәn xilas elәdi. Bu
fәrmanın zühuru ilә әlli-altmış milyon
rus әkinçilәrinin üstünә guya
tәzә bir gün doğdu. Bir il bundan sonra Zaqafqaziyada
olan rәiyyәtlәri haqqında dәxi tәzә
polojeniya qәrardad olundu. Bu polojeniyanın
hökmüncә bizim ağaların bir para
hәddi-tәcavüz edәn ixtiyarları geri
alınıb, zülm vә tәәddi әllәri
qısalandı. Hәr iki sinfin mabeynindә guya bir növ
sülh vә xoşrәftarlıq binası tәsis olundu.
Vә lakin Zaqafqaziyanın sair yerlәrindә
polojeniyanın hökmünә az-çox әmәl
olunursa da, bizim yerdә olunmadı. Necә ki, Zakir yazır:
Polojeniya hökmü sadir olandan sonra zülm etmәyә metad
olan "bu qövmi-biqәm" dәxi dә öz
zülmlәrini artırıb, rәiyyәt
tayfasını bicürmü günah şişә
taxıb yandırarlarmış. Şair onlarıi bu sayaq
zülmkar, biar vә bәdşüur olmaqlarından
nalә vә fәryad edib, hali-dilini dusti-әzizi olan
Mirzә Fәtәli Axundova yazmışdır.
Zakirin әsrindәn bu ana qәdәr
qırx beş-әlli sәnә gәlib keçibdir. Bu
müddәtin әrzindә әcnәbi
millәtlәr vә bizdәn çox geridә olan
qövm vә tayfalar bizi basmıyıb qabağa
keçiblәr. Çünki hamıdan artıq
rәiyyәtin әlinin zәhmәti ilә asudә
mürәffә hal dolanan onlardır vә lakin çox
heyf olsun ki, bizim alinәsәb ağazadә vә
xanzadәlәrimiz bu mәsәlәyә başqa
nәzәr ilә baxıb, rәiyyәt tayfasının
hәmişә vәhşi halında vә
zülmәt alәmindә qalmaqlarını özlәri
üçün eyni-sәlah görüblәr; ta ki,
onların avamlığı ilә nәfbәrdar olub
mәrifәt ... işığının vә elm nurunun
onların içinә daxil olmasına sәdd
çәkib, mәmanәәt göstәriblәr
vә әlan göstәrmәkdәdirlәr.
"Qarğalar laçın olub,
laçınlar qarğalanıb". Bu
müddәti-mәdiddә rәiyyәt tayfasının
güzәranı vә övzai-mәişәti dәyişilib,
üsrәtdәn-yüsrәtә mübәddәl
olmayıb, gәlә-gәlә fәqir vә
zillәtә düçar olmaqdadırlar.
Әlbәttә, cümlәdәn ziyada onların qeydinә
qalan vә oduna yanan gәrәk mülkәdar
bәylәr vә ağalar olaydı, hamıdan artıq
gәrәk onlar çalışıb öz
rәiyyәtlәri arasında elm vә bilik intişar
edәydilәr.
Neçә vaxt bundan müqәddәm
hәqir böyük bir mülkәdar bәy ilә
dәhat әhlinin cәhalәt vә
avamlığından bәhs edib ona mәslәhәt
üzü ilә tәklif elәdim ki, öz
kәndindә rәiyyәt uşaqlarının
tәlimi üçün bir tәb açdırsın.
Bizim bu tәklifimizdәn cәnab bәy mütәğәyyir-hal
olub, itab ilә cavabında bizә dedi ki, filankәs,
sәn nahaq yerә belә sözlәri bizim camaatın
içindә danışırsan vә aralarına
iğtişaş salırsan. Rәiyyәt tayfasına
oxumaq-yazmaq nә lazımdır. Sözün doğrusunu
bilmәk istәyirsәn sәnә deyim: "Mәn
heç vaxt istәmәrәm ki, mәnim
rәiyyәtim elmli vә qanacaqlı olsun. Ondan
mәnә vә övladıma nә fayda? Mәn
әlan öz mülkümün içindә bir balaca
padşaham, hәr nә istәyirәm, elәyirәm.
Hәr qisim әmr mәndәn sadir olsa,
tәbәәlәrim ona sözsüz, sualsız
әmәl edirlәr. Onlar zәhmәt çәkir,
işlәyir, mәn dә rahat yeyib padşah kimi
dolanıram. Dünya başdan belә yaranıbdır:
"Biri zәhmәt çәkib qazanır, biri dә
rahat oturub yeyir". Kim istәr padşahlığını
әldәn versin? Kim istәr öz
mәmlәkәtindә elm oxutmaq ilә
xәyanәtkar sosialistlәr әmәlә
gәtirsin, fәsad toxumunu әksin?!"
Әlbәttә, sәrkarın bu batil
etiqadda olmağı onun öz avamlığını
dәxi göstәrir. İşin zahirini görüb,
batininә elm yetirә bilmir vә düşünmür
ki, camaatı hәmişә avamlıqda saxlamaq olmaz,
anlamır ki, o, avamlıqda qaldığı halda
әtrafdakılar elm sayәsindә tәrәqqi edib
qabağa gedirlәr vә çox çәkmәz ki,
ona hücum edib özünü,
müstәmlәkatını vә avam tәbәәsini
әjdaha kimi udub mәhv vә nabud
edәcәklәr....
3
İrәliki mәqalәlәrimizdәn
"Tәrәqqi"nin hörmәtli oxucuları
gördülәr ki, әsillәrindәn o
dәrәcәdә uzaqda vә kәnarda
durmayıblar, necә ki, bizimkilәr durubdur.
İntelligensiyamız ilә camaatımızın arasında
dәrin vә gen bir dәrә vardır ki, hәr iki
tәrәfi bir-birinә vasil etmәk üçün
lazımdır yol açmaq vә körpü salmaq.
Hәlә hәr bir tәrәfin "köçü
dә ayrıdır, heçi dә". Tәlim vә
tәrbiyә kәsb edәnlәrimiz kәnardan durub
millәtimizә tamaşa edirlәr vә millәtin
çirkinliyi, fәqirliyi vә avamlığı onları
tәәccüb vә heyrәtә salır. Avam camaata
gәldikdә o dәxi tәlim almışlarımıza
vәhşiyanә baxıb onlardan bir yaxınlıq, bir
mülayimәt vә münasibәt, hәqiqi bir iltifat vә
müavinәt görmәyib dә kәnara
çәkilir, onlardan hürkür. Tәrәflәrin
yek-digәrinә yaxınlaşmağına hәlә
bir vәsilә görünmәyir. Füzuli Bağdadinin
kәlamını bir azacıq dәyişdirib,
münasibi-hal demәk olar:
Bu ona fitnә, ol buna afәt,
Bu ona qüssә, ol buna möhnәt.
Mütәnәffir bu ondan, ol bundan,
Mütәnәkkir bu ondan, ol bundan.
Burada tamam sәhv vә xәta vә
bәlkә günah, bizim әqidәmizә
görә, intelligensiyadadır. Çünki bunlar
millәtimizi özlәrindәn ayrı vә
özlәrinә oxşamayam bir cismi-kәsif
mәqamında tutub, ona yaxınlaşmağa meyl vә
rәğbәt göstәrmirlәr vә kәnara
çәkilib istәyirlәr ki, boş sözlәr
ilә onun dәrdinә әlac elәsinlәr.
Özlәrini hәr cәhәtdәn әşrәf
vә әfzәl tutub, qara camaatın içinә
qarışmağı özlәri üçün
böyük eyib hesab edirlәr. Yuxarı
mәrtәbәlәrindәn aşağı enmәyi
kәsri-şan bilirlәr. Söz yoxdur ki, kәnarda durmaqla
millәtin ehtiyacını vә dәrd-halını
bilmәk olmaz Vә bilmәdiyi halda ona kömәk
vermәk, dәrdinә әlac tapmaq vә onu haqqa
irşad etmәk qeyri-mümkündür. Necә ki,
tәbib naxoşun naxoşluğunu bilmәmiş buna
müalicә etmәz, habelә dә bizim
intelligensiyamız öz mәqamlarından
tәnәzzül etmәmiş, millәtimizә
qarışmamış, onunla müaşirәt vә
müamilәt etmәmiş, onun nәfәs
aldığı hava ilә tәnәffüs
etmәmiş, onun şadlığına vә
qәminә şәrik olmamış, onun cәhalәt
mәrizlәrini öz yerindә bilafasilә tәhqiq
vә tәcziyә etmәmiş vә
üsuli-tәdavisinә lazım olan dәrmanları istemal
qılmamış millәtә hәqiqi kömәk
edә bilmәzlәr vә millәt dәxi get-gedә
daha da artıcaq pozğun hala vә möhlik
mәrәzlәrә düçar olub, әlindә
olan miknәt vә sәrvәti zay edәcәkdir
vә çobanı itmiş qoyun sürüsü kimi zar
vә sәrgәrdan qalıb, axırda
әcnәbilәr әlindә әsir vә hәr
qisim zülm vә bәlalәrә giriftar olacaqdır....
Hәr bir şeyin başı
mәhәbbәtdir. Hәr bir şeyi cünbüş
vә hәrәkәtә gәtirәn, hәr bir
şeyә dirilik vә zinәt verәn mәhәbbәtdir.
Bu hissi-ali isә bizim intelligensiyamızın
ürәyindә yoxdur. Vә necә ki,
mәhәbbәt çeşmәsi onların qәlbindә
açılmayacaqdır, onun hәyatbәxş suyu
damarlarında cәrәyan etmәyәcәkdir,
intelligensiyamız özlәrini kәnarda saxlayıb,
millәtin dәrdlәrinә vә qisim-qisim
fәlakәtlәrә düçar olmasına
tamaşaçı olacaqlar.
Bilirәm ki, bizә bu barәdә irad
olunacaqdır ki, filankәs, sәhv edirsiniz, bu halda
millәtin dәrdinә qalan vә oduna yanan az-çox var
isә dә yenә bizim millәt xadimlәrimiz vardır
ki, onların vücudunu inkar etmәyә haqqımız
yoxdur. Onlar da olmasa vay
bizim halımıza; amma bizim dediyimiz bu beş-on nәfәr deyil! Beş-on nәfәrdәn intelligensiya әmәlә gәlmәz, biz çoxu nәzәrdә tuturuq. Әgәr desәlәr ki, çoxunun da hәmişә danışdıqları
millәt
sözüdür, cavabında sözümüz bu olacaqdır
ki, quru millәtpәrәst iddiasında olub, onun dәrdlәrinә mәhz söz ilә kömәk etmәyә biz әsla qiymәt vermirik.
Keçmişdә "millәt" sözü bizim
dilimizdә az
işlәnәrdi vә işlәndikdә nifrәtamiz bir mәnanı ifadә edәrdi. Bir müslim qeyri bir müslimi
hiylә vә tәzvir damına giriftar etdikdә tora düşәn nifrәt vә kәrahәtlә fәryad edib deyirdi: "Belә dә millәt olarmı, a kişi?" Amma indi elә bir zaman yetişibdir ki, onun
tәqazasına
görә millәt sözü
"modnı" bir lәfz olubdur ki, onun әsil mәnasını
layiqincә dәrk etmәyәnlәr dәxi mövqesiz vә ehtiyacsız onu istemal edirlәr. Әlbәttә, bunlar tamamәn hәrfdir, әhli-hal onun bahasına bir qara pul da vermәz. Bu qәbil millәtpәrәstlәr "Tәrәqqi"nin "Gәncәli" müxbiri yazdığı
millәtpәrәstlәr qismindәndir ki, gah da bir Bazarbaşı adlanan
yerdә cәm olub, başqa bir söz
tapmayıb, "millәt sözü" danışırlar vә sonra xanәlәrinә istirahәt üçün çәkilirlәr vә millәt, millәt demәklә istәyirlәr onu qabağa aparsınlar. Әdiblәrimizdәn möhtәrәm Әbdürrәhimbәy Haqverdiyev "Millәt dostları"
ünvanında yazdığı müxtәsәr hekayә yalançı millәt dostlarının
dolanacağından gözәlcә vә tәrtәzәcә bir nümunәdir. Bu halda hәtta millәtin dәrisini soyan adamlar da millәtpәrәstlikdәn dәm vurub, millәt belә gәldi, millәt belә getdi deyirlәr. Bunların söylәdiklәrinә inanmaq zәhi sadәlövhlük deyilmi? Bunların
haqqında mәrhum
Hacı Seyid Әzim
demişdir:
Qeyrәti-millәti bәhanә qılır,
Gündә xalq içrә yüz fәsanә qılır.
1908.