MİRZӘ FӘTӘLİ AXUNDOV

 

 

 

 

(1811 -1878)

 

 

Milli әdiblәrimizin atası, tәmsilat (dram) yazanlarımızın ustadi-kamili, әdәbiyyatımızın fәxri, şәkkü şübhәsiz, mәrhum Mirzә Fәtәli Axundovdur ki, onun qәlәmindәn әdәbiyyatın hәr növ әsәrlәri vücuda gәlibdir: bimisl komediyalar, tәnqidә dair gözәl mәqalәlәr, abidar şerlәr, fars vә türk dillәrindә şirin hekayәlәr vә qeyrilәri. Mirzә Fәtәlinin tәbindә elә bir zәriflik, yaratmaqlıq qüdrәti, yoxdan vücuda gәtirmәklik qüvvәsi var imiş ki, bunun misli az mühәrrirlәrdә müşahidә olunur. Bu bir allah vergisidir ki, hәr qәlәm әhlinә nәsib olmaz, hәr әdiblik iddiasına düşәni mәsud qılmaz. Mәrhum Mirzә Fәtәliyә haqq-taala belә gözәl tәb ilә belә ziyadә xoş xasiyyәt, әqli-sәlim, açıq fikir, artıq fәrasәt vә zәkavәt dәxi mәrhәmәt qılmışdır. Heyrәt etmәli bir sirrdir: istәdiyinә basa-basa verir, istәmәdiyinә heç zad vermir.

 

Mәrhum  Mirzә  Fәtәli Axundov tәvәllüd edibdir Nuxa şәhәrindә,  tarixi-mәsihiyyәnin    1811-ci  sәnәsindә, vәli tәvәllüd günü vә ayı mәlum deyil.

 

Altı-yeddi sinndә Mirzә Fәtәli ata vә anadan mәhrum olub yetim qalır. Bu fәna halda qaldığı әsnada onun dayısı axund Hacı Әli Әsgәr hәmşirәzadәsini  öz himayәsi altına alıb, tәlim vә tәrbiyәsinә mәşğul olur. Mәzkur axund isә öz vaxtının möhtәrәm vә fazil ülәmasından biri hesab olunurmuş. Bu möhtәrәm alimin tәhti-nәzarәtindә Mirzә Fәtәli müsәlmanca binalı tәlim alıb, türk, fars vә әrәb dillәrini öyrәnir. Axund Hacı Mirzә Әli Әsgәr hәmşirәzadәsinin, xüsusәn, әrәbcә oxuyub kamil olmasına diqqәt yetirirmiş, bu qәsd ilә ki, gәlәcәkdә Mirzә Fәtәlini ruhani mәnsәbinә hazırlaşdırsın. Amma iş özgә sayaq üzrә gedir vә mirzәyi-mәrhumun ruhani olmağı baş tutmur.

 

Vaxta ki, Mirzә Fәtәli 17 sinnә yetişir, onun dayısı hәcc ziyarәtinә getmәli olur vә bacısı oğlunu özü ilә götürüb, Gәncә şәhәrindә rәfiqi axund molla Hüseynin yanında qoyur ki, mәzkur axund ona әrәb dilini tәlim etsin. Burada Mirzә Fәtәli mәşhur Mirzә Şәfi ilә görüşür. Mirzә Şәfi cavan Fәtәlinin ağlını, fitri zәkavәt vә fәrasәtini görüb vә gözlәrindәn yağan anlaq vә mәrifәt nurunu dәrk edib, gәlәcәkdә ondan böyük xidmәtlәr vüquә gәlmәsini Mirzәyә bәşarәt verir vә onunla bir neçә müddәt görüşüb danışandan sonra    filosof Mirzә Şәfi cavan Fәtәlinin fikir vә xәyalatını başqa bir sәmtә çevirir. Mәlum ola ki, Mirzә Şәfi tәbi-sәlim sahibi vә ülumi-mütәnәvviәyә dara bir vücud imiş ki, әşari-abidarı    asari-fәlsәfәsi    ilә Avropada, xüsusәn, Almaniyada iştihar bulmuşdu. Almaniyada onun asar vә әşarının mәcmuәsi nemsә dilinә tәrcümәsi ilә Bodenştedt adlı alim bir şәxsin ehtimamı ilә tәb olunmuşdur.

 

Mirzә Şәfi ilә görüşdükdәn sonra Axundov ruhani olmaq fikrindәn bilmәrrә daşınıb, Avropa mәdәniyyәti ilә aşina olmaq niyyәtinә vә qulluq etmәk qәsdinә düşür. Bu niyyәtlәrinә nail olmaq üçün dayısı hәccdәn müraciәt edәndәn sonra Mirzә Fәtәli özü dә Nuxaya gәlir vә burada dayısının izni ilә tәzә açılmış uyezdni şkola girib, can-dildәn rusca oxuyub-yazmağa mәşğul olur. Mәrhum Rәşidbәyin verdiyi mәlumata görә, Mirzә Fәtәli uyezdni şkolanın elmini tamam edir. Amma Axundovun öz yazmağına görә, bir ildәn ziyadә haman şkolada qalmır. Hәr halda şkoladan çıxandan sonra Mirzә Fәtәli әziz vә mehriban dayısının ayağına düşüb, ondan ilhah vә iltica elәyir ki, onu qulluğa qoysun. Mәrhum Hacı Mirzә Әli Әsgәr bacısı oğlunun könlünü sındırmayıb, tәvәqqeyinә әmәl elәyir vә onu özü ilә Tiflisә gәtirir vә burada rus dövlәti tәrәfindәn tәyin olunmuş Gürcüstan ümurinin baş hakimi Baron Rozenә әrizә verib, onu 1834-cü ildә әlsineyi-şәrqi mütәrcimliyinә qәbul etdirir. Baron Rozen cәnabları cavan Fәtәlinin haqqında ki, o vaxt 23 yaşında idi, artıq dәrәcәdә iltifatlar göstәrәrmiş.  Belә ki, mәrhum Axundov özü tәrcümeyi-halını yazıb bu mәqama gәldikdә baronun yaxşılıqlarını zikri-xeyir ilә yad edib deyir: "Bilmirәm hansı dil ilә bu sәrdarın yaxşılıqlarını izhar vә şükrgüzarını әda elәyim". Mirzә Fәtәli bu qulluğunda ömrünün axırına kimi qalıb, sәdaqәt ilә öz vәzifәsini yerinә yetirir vә bu ixlas vә sәdaqәtin vә hüsn xidmәtlәrinin әvәzindә polkovnik çini vә neçә-neçә nişanlar alır. Qulluq işlәrindәn fariğ olan zamanı asudә vaxtlarını rus kitablarının mütaliәsinә sәrf qılıb, xeyli mәlumat kәsb edir. Onun artıq sevdiyi fәlsәfәyә, siyasi vә iqtisadi elmlәrә dair kitablar imiş. Mәrhum bir neçә davalarda öhdәsinә hәvalә olunmuş bәzi mühüm vә ağır sifarişlәri kamalınca yerinә yetiribdir.  Mirzә Fәtәli vәfat edibdir Tiflis şәhәrindә, tarixi-mәsihiyyәnin 1878-ci sәnәsindә, fevral ayının 28-ci günündә, altmış yeddinci sinnindә; dәfn olunubdur Tiflisdә müsәlman qәbristanlığında, cәnabi-hәqq tәqsiratını bağışlayıb, rәhmәtinә vasil elәsin. Amin!

 

       *       *       *       *       *

 

Mәrhum Mirzә Fәtәlinin fars dilindә öz yazdığı tәrcümeyi-halı 1887-ci  sәnәdә   "Kәşkül"  qәzetәsinin 43, 44 vә 45-ci nömrәlәrindә dәrc olunubdur. Mәrhumun tәrcümeyi-halına dair yuxarıda icmalәn verdiyimiz әhvalata iktifa etmәyib, onun öz yazdığı tәfsilatı fars dilindәn türkә tәrcümә edib, necә ki, var eynilә burada zikr edirik. Heyfa ki, "Kәşkül"ün 43-cü nömrәsi ki, onda Mirzәnin tәvәllüdündәn 22 sinninә çatınca başına gәlәn qәzavü qәdәr yazılıbdır, tapılmadı. 44-cü nömrә axund Hacı Әli Әsgәrin hәccdәn qayıtmağından başlanır, bu sayaq: "Әlqissә, ikinci atam Axund Hacı Mirzә Әli Әsgәr hәccdәn müraciәt elәdi. Ondan sonra mәn dә Nuxaya gәldim vә bir neçә vaxt әrәb dilindә yazılmış kitabların, o cümlәdәn Şeyx Bәhayi-әleyhirrәhmәnin  "Xilasәtül-hesab" adında yazılmış kitabının mütaliәsinә mәşğul oldum. Bu әsnada Nuxa şәhәrindә rus mәktәbi açıldı. İkinci atamın icazәsi ilә rus dilini öyrәnmәk üçün bu mәktәbә girib, bir il burada tәlim alıb çıxdım, çünki yaşım artıq idi vә bir ildәn ziyadә burada oxumağa qadir olmadım. Bir ildәn sonra 1834-cü tarixdә ikinci atam özü ilә mәni götürüb Tiflisә apardı vә burada sәrdar Baron Rozenә әrizә verib tәvәqqe elәdi ki, mәni öz dәftәrxanasında Şәrq dillәrinin mütәrcimi mәnsәbinә qәbul elәsin vә rus yazıçılarından bir nәfәrini mәnim üçün kömәkçi tәyin etsin, ta ki, rus dilindә biliyim artıb qüvvәt tapsın. Bilmirәm hansı bir dil ilә bu sәrdarın, yәni Baron Rozenin yaxşılıqlarını zikr edib şükrgüzarını yerinә yetirim. Mәlәk xasiyyәtli olan bu әmir ikinci atamın iltimasını fovrәn qәbul edib, iltifat vә mәrhәmәtlәrini mәnim haqqında zahir qıldı ki, onları vәsf etmәkdә acizәm. O vaxtdan bu günә kimi mәn Qafqaziya sәrdarlarının hüzurunda әlsineyi-şәrqiyyә mütәrcimi olub, hәr birindәn әnvai-iltifat vә mәrhәmәtlәr görmüşәm....

 

Xassә mütәvәffi general feldmarşal knyaz Vorontsovdan razı vә şakirәm ki, Baron Rozendәn sonra mәnim ikinci vәliyyül-nemәm olubdur vә bu әmirü-kardan vә rövşәnzәmirin iltifatının vasitәsi ilә mәndә müsәnniflik qabiliyyәti büruz edibdir. Altı komediya--yәni tәmsil--türk-Azәrbaycan dilindә tәlif edib, hüzuri-alilәrinә tәqdim etmişәm. Cümlәsi mәqbul vә tәhsin olunub, әvәzindә çox әnamlara nail olmuşam. Tәmsilatımı Tiflis teatrında ki, onun da banisi knyaz Vorontsov olubdur, sәhneyi-tamaşaya qoydular, hüzzari-mәclisdәn çox afәrinlәr vә tәriflәr eşitdim. Ondan sonra "Yusif şahın hekayәtini" yenә türk dilindә tәsnif etdim. Bu yeddi tәsniflәrim rus dilinә tәrcümә olunub çapa verildi vә onların haqqında Berlin vә Peterburq jurnallarında xeyli tәrifnamәlәr yazılıbdır.

 

1857-ci tarixi-mәsihiyyәdә islam әlifbasının tәğyiri babindә bir kitabça fars dilindә yazmışam. Mәzkur әlifbanın tәğyiri vacib vә mühüm әmrlәrdәn olmağını xeyli dәlillәr vasitәsi ilә sübuta yetirmişәm. 1863-cü tarixdә Qafqaz canişini imperatorzadeyi-әfxәm veliki knyaz Mixail Nikolayeviçin icazәsi ilә bu xәyalımı elan etmәk üçün İstambula azim oldum. Cәmi sәfәr xәrcimi veliki knyaz öz xәzinәsindәn mәrhәmәt elәdi vә vәziri Qruzenştern İstambulda olan rus sәfirinә bir kağız yazdı ki, mәnim mәtlәbimin әncama yetmәyi üçün Osmanlı dövlәtinin övliya vә әrkanından tәvәqqe elәsin ki, lazimeyi-tәqviyәt vә müavinәti müzayiqә etmәsinlәr.

 

Әlifbanın tәğyiri babindә tәrtib qıldığım kitabçanı rus elçisinin draqomanı müәrrifliyi ilә sәdrәzәm Fuad paşanın  hüzuruna pişnәhad etdim vә yazdığım tәmsilatı vә Yusif şahın hekayәsin dә nişan verdim. Kitabçamı sәdrәzәm hәzrәtlәrinin әmri ilә osmaniyyәnin cәmiyyәti-elmiyyәsindә mülahizә edib, hәr bir xüsusda mәqbul vә müstәhsәn gördülәr vә lakin icrasına icazә vermәdilәr. Bu sәbәbә ki, kitabçada qәrari-sabiqi üzrә hüruflar bir-birinә culaşır vә kәlmәlәrin tәrtibindә çәtinlik müşahidә olunur. Bu irada cavabım bu oldu ki, belә olan surәtdә lazımdır islam әlifbasını bilkülliyyә tәrk edib, avropalıların üsuli-xәttini götürmәk vә yazını soldan sağa yazıb, oxumaq vә nöqtәlәri bilmәrrә saqit etmәk vә hürufların şәklini latın hәrflәrindәn intixab edib, tәzә әlifba tәrtib eylәmәk vә hürufi-müsәvvәtәni hürufi-samitәnin yanına yazmaq. Hәqirin bu rәyini İstambul ülәma vә vüzәrası öz fәhm vә qanacaqlarına müvafiq görmәyib, qәbul etmәdilәr vә orada olan İran vәziri-muxtarı Mirzә Hüseyn xanın  mәnim barәmdә olan qәdimi әdavәti büruz edib, İstambul vәzirlәrinin әdәmi-müvafiqәtinә sәbәb oldu. Xülasә, mәramimә çatmayıb, İstambuldan geri qayıtdım.

 

Dövlәti-Osmaniyyәdә әgәrçe müsәlman әlifbasını tәğyir etmәk fikrim qәbula keçmәdi, amma bu zәhmәtimin әvәzindә mәnә Mәcidiyyә nişanı fәrmani-tәhsin ilә әnam olundu. Mirzә Hüseyn xandan İstambulda xeyli mәrarәt vә küdurәtlәr çәkdim ki, onların hamısını zikr etsәm baş ağrılığı olar. Müşarileh sabiqdә Tiflis şәhәrindә öz dövlәtinin konsulu idi vә mәlum oldu ki, batindә mәnim ilә böyük әdavәti var imiş, vәli onun әdavәtindәn mәn qafil idim vә onu özümә dost hesab edib, evindә mәnzil etdim. Axırda әdavәtini büruz edib, mәni cәmi Osmaniyyә vәzirlәrinin nәzәrindә islam dini vә dövlәtlәrinin bәdxahı nişan verdi. Necә ki, mәlum oldu, onun әdavәtinin sәbәbi bu imiş ki, guya mәn öz tәmsilatımda iranlıların әxlaqi-zәmimәlәrini hәcv qılmışam, vәhalonki drama dair әsәrlәrin şәrti vә xüsusәn komediyanın tәqazası xәlayiqin eyblәrini vә әxlaqi-zәmimәlәrini eyni ilә göstәrmәkdir. Çün müşarileyh drama fәnnini vә onun şәrtlәrini anlamayır vә ülumi-dünyәviyyәdәn bilkülliyyә bibәhrәdir va hiylә vә tәzvirdәn, büxl-hәsәddәn vә hirs-tamahdan başqa bir şeyә qabiliyyәti yoxdur; ona binaәn belә qiyas elәyir ki, mәnim bu hәrәkәtim iranlılara nisbәt büğz vә әdavәtimdәn naşıdır. Onun belә әdavәti zahir olandan sonra evindәn çıxıb, özgә bir yerdә mәnzil etdim.

 

Tiflisә qayıdandan sonra әlifbamızın qüsuru vә tәğyiri barәsindә tәzәdәn yenә bir kitabça Tehrana göndәrdim. Bu kitabçada hürufi-müqәttәәni hürufi-müttәsilәyә tәrcih etdimsә dә, yenә ülәmanın qorxusundan rәsmi-xәtti sabiqi-qәrar üzrә sağdan sola yazmağı nişan verdim. Tehranda hәmçinin mәnim bu fikir vә tәsәvvürümә mültәfit olmadılar vә bu mәsәlә әlan tәrәqqipәrvәrlәr ilә mühafizәkarlar arasında İstambulda mayeyi-mübahisә olub, bir mәqamda qәrar tutmayıbdır.

 

Digәr әlifba mәsәlәsinin üstündә qeyri bir kitabça yazıb öz dövlәtimin böyüklәrinin icazәsi ilә osmanlı dövlәtinin sәdrәzәmi olan Әli paşaya Tiflisdәn göndәrdim. Bu kitabçaya әlavә olaraq osmanlı danişmәndlәrindәn Suavi әfәndinin әlifba barәsindә yazdığı tәnqid (kritika) dәxi qoşulmuşdu. Vәli bu kitabça da bisәmәr qaldı. Әlifbanın tәğyiri xüsusunda bu qәdәr sәy vә güzarişim nәticәsiz qaldığını fars dilindә yazılmış bir mәnzumәdә bәyan etmişәm.

 

Bu macәradan sonra Rzaqulu xanın ki, "Hidayәt" tәxәllüsü ilә mәşhurdur, "Rovzәt-üs-sәfaya" mülhaqat tәrzindә yazdığı tarixә müxtәsәr bir (kritika) tәnqid yazıb Tehrana göndәrmişәm vә bundan bir sәnә keçmiş "Süruş" tәxәllüslü Tehran şairinin ki, Mәliküş-şüәra lәqәbi ilә şöhrәtlәnmiş idi, yazdığı bir qәsidәyә tәnqid yazıb, öz aşinalarıma Tehrana göndәrdim.

 

Әlan ki, 1878-ci ildir, ömrüm altmışdan keçibdir vә rus dövlәtinin mәrhәmәtindәn irәliki xidmәtdә qalıb, onun lütf vә himayәtindәn bәhrәmәndәm".

 

Mәrhum Mirzә Fәtәlinin öz yazdığından görünür ki, müsәlman әlifbasının tәğyir vә tәbdili onun baş fikirlәrindәn olub, bu yolda artıq sәy vә tәlaş etmişdir. Amma çifayda, bir tәrәfdәn, qәflәt vә cәhalәt vә digәr bir tәrәfdәn, qәrәzi-şәxsi büxl vә hәsәd bizim camaat vә millәt işlәrinin çoxuna mane olduğu kimi, mәrhum Mirzәnin dәxi bu gözәl fikrinә mane olub, onun bu qәdәr çәkdiyi sәy vә zәhmәti sәmәrәsiz qoyub. Әgәr hürufatımızın qüsuru babindә söz açıb mәtlәbә tul vә tәfsil versәk, әsil mәtlәbdәn bir az kәnar düşәrik vә kitabçamızda o tәfsilata yer tapılmaz. Vәli bununla belә bu mühüm mәsәlә barәsindә dinmәyib keçsәk vicdanımız bizi rahat qoymaz. Әlifba xüsusunda filcümlә öz rәyimizi bildirmәk istәyirik.

 

Әrәbdәn götürdüyümüz sillabi xәttdә o qәdәr qüsur vә nöqsanat var ki, tәhrirә sığası vә tәqrirә gәlәsi deyil vә biz müsәlmanların tәrәqqi vә tәala yolunda Avropa әhlindәn dalda qalmağımızın böyük sәbәblәrindәn birisi dә hәmin bu mayeyi-sәadәt vә mәbdәi-tәrәqqimiz olan oxumaq vә yazmaq alat vә әsbabının qüsur ilә dolu olmağıdır. Bir әlifbanın ki, irab vә hәrәkәsi    qәdәri-kәfafincә  hürufi-müsәvvәtәsi  vә müәyyәn bir şәkildә hürufatı olmaya vә qәdim misirlilәrin heroqlifinә bәnzәyib, bir kәlmәnin neçә cür oxunmağına yol verә, әlbәttә, onun bu tәrәqqi әsrindә bәqası sәlah deyil vә nә qәdәr tәbdil vә tәshihinә tez çarәlәr bulunsa, bir o qәdәr dә irәli düşәrik, dünya vә axirәt işlәrimiz qaydaya düşüb öz yolu ilә rast gedәr. Ülum vә fünundan ki, bu qәdәr bәhs edib, mәclis vә mәhfillәrdә danışırıq, qәzet vә jurnallarda yazırıq vә heç biri bizim üçün müyәssәr olmur, hürufimiz tәbdil olduqda qiylü qalsız, asan vәch ilә onlardan bәhrәmәnd vә mәnfәәtbәrdar olarıq.

 

Xәtti-alfabiti ki, Avropa millәtlәri arasında icra vә istemal olunur, cәmi dillәrdә olan sövtlәri әksiyi--otuz, artığı--otuz beş әdәd hәrflәrin vasitәsi ilә әda elәyir. Az-çox tәrbiyәli adam әcnәbi millәtin xәtti-alfabiti ilә tәrtib olunmuş әlifbasını üç-dörd saatın әrzindә öyrәnib oxumağa başlar. Bisavad uşaq bir-iki ayın müddәtindә oxuyub yazmağa qadir olur. Bir adam xәtti-alfabiti ilә yazılmış bir sәhifәni oxuya bilsә, haman xәtt ilә basılmış kitabların hamısını düz vә asan oxuya bilәr. Amma bizim çox dәrin oxumuş mollamız aşina olmadığı kitabı oxumaqda acizdir. İki sәtr güc ilә oxuyub duruxur. Eşitmәdiyi bir sözü düz oxuya bilmir. Buna sәbәb, әlbәttә, bizim sillabi xәtti ilә tәrtib olunmuş әlifbamızdır. Burada hәqiqәt gün kimi aydın vә rövşәndir vә әqli-sәlim sahiblәri bunu inkar edә bilmәzlәr. Amma avamlığın zoru, adәt vә ayinin gücü bizim canımıza bir dәrәcәdә sirişt edibdir ki, hәqiqәti görüb, tәsdiq vә qәbul etmәkdә aciz olmuşuq. Kömürә ağ, qatığa qara deyә-deyә qalmışıq.

 

Hәr halda piyada atlıya vә atlı dәmir yol (vapor) ilә gedәnә yoldaş olmayan kimi, biz müsәlman qövm vә millәtlәri dәxi qәdim heroqlif şәklindә düzәlmiş әlifbamız ilә mәdәniyyәt alәmindә Avropa әhalisinә yoldaş deyilik vә ola da bilmәrik. Mәrhum Axundov bu barәdә yazır: "Әgәr islam xalqlarının әlifbası sillabi deyil, alfabiti olsaydı, özü dә soldan sağa yazılsaydı, mәdәni tәrәqqi alәmindә, heç şübhәsiz ki, islam xalqları Avropa xalqlarından irәlidә olardılar. Çünki mәdәniyyәt toxumu әvvәllәr islam xalqlarının yaşadığı Şәrq ölkәlәrindә göyәrmişdir. Lakin sillabi әlifbanın çәtinliyi nәticәsindә elm vә maarif bu xalqların bütün tәbәqәlәri arasında yayılmamış vә islam xalqları yaşayan torpaqlarda toxumu çüruyüb zay olmuşdur. Halbuki Avropada alfabiti әlifbanın asanlığı nәticәsindә mәdәniyyәt vә elm tәrәqqi etmişdir.

 

Min dәfә tәәssüf olsun ki, islam xalqının dövlәt başçıları öz әlifbalarının dәyişdirilmәsinin vacib olduğunu dәrk etmirlәr vә gündәn aydın olan bu mәtlәbi başa düşmürlәr. Halbuki onlar yeni tәnzimat, dәmir yol çәkmәk, buxar gәmilәri düzәltmәk, teleqraf xәtlәri çәkmәk, hәrbi silahlarını tәzәlәmәk vә bunlar kimi başqa mәsәlәlәr haqqında uzun-uzadı danışırlar. Halbuki bütün bunlar әlifbanı dәyişmәk mәsәlәsinә nisbәtәn ikinci dәrәcәli, bu mәsәlә isә hәr bir yeniliyin bünövrә daşıdır. İnsanın belә bir xalqın içәrisindә doğulması vә haqqı anlaması böyük bәdbәxtlikdir. Çünki o, haqqı öz xalqına başa sala bilmәyib, dünyadan hәsrәt vә kәdәrlә gedәcәkdir. İmza: Mirzә Fәtәli Axundzadә".

 

Mirzә Fәtәli tәrtib qıldığı әlifbasının Osmanlı vә İran mәmlәkәtlәrindә qәbul olunmadığını, avam vә kütahnәzәr İran vәzirlәrinin, xüsusәn İstambulda müqim İran sәfiri Mirzә Hüseyn xanın büğz vә әdavәtini vә filcümlә öz hali-dilini fars dilindә gözәl vә mövzun bir mәnzumәdә bәyan etmişdir ki, eyni ilә aşağıda dәrc olunur. Bu mәnzumә Firdövsiyi-Tusi әleyhirrәhmәnin "Şahnamә"si sәbkindә inşad olunubdur ki, sahibinin fünuni-şerdә mahir vә xoştәb bir şair olmağına şәhadәt verir. Mәrhum Axundov mәnzumәnin ünvanını bu sayaq başlayıbdır: "Qafqaz canişininin mütәrcimi Kolonel Mirzә Fәtәli Axundzadәnin 1284-cü ildә vәsf-halına dediyi mәnzumәdir".

 

Bu daimi olmayan dünyada mәnim ömrüm

Hәsrәt vә qüssә ilә başa çatdı.

Vәtәn sevgisi üzündәn

Çox tәdbirlәrә әl atdım.

Ancaq sәyim bir nәticә vermәdi,

Bu әsrdә bir könül sahibi görmәdim.

Türklәrin vә İran torpağının böyüklәri

Hamısı Çin xalqı kimi yatmışdılar.

Cavanlığım getdi, qüvvәm puç oldu,

Zövqlü vә ehtiraslı bir cavan görmәdim.

Dәniz yolu ilә Ruma sәfәr etdim,

Yeni alifbanı o ölkәdә

Bütün dövlәt başçılarına göstәrdim.

Xәyalım çiy deyildi, çox pişkin idi.

Birәr-birәr mәnә "Yüz sağ ol!" dedilәr.

Dünya gözümdә behişt bağına döndü,

Mәnә böyük cәlal düzәltdilәr,

Şaha layiq peşkәşlәrlә әzizlәdilәr.

Dünya muradımca idi, fәlәk mehribandı.

O dәqiqәdә sәadәt mәnimlә hәmnәfәsdi.

Birdәn bir sarı üzlü kişicik

Mәnim arzu piyalәmә zәhәr damızdırdı.

Onun vәzirlәrin yanına yolu vardı,

Mәni dinin vә dövlәtin düşmәni kimi qәlәmә verdi.

O natәmiz kişi bu ittiham ilә

Mәni hәr kәsin yanında xatırlayırdı.

O, türklәri dәhşәtә saldı,

Dövlәt şurası başçılarını qorxutdu.

"On illik zəhmәtim onun sayәsindә heç oldu,

Yerdәn sızıltımı göy eşitdi.

Pak allah mәnim kömәyimә çatsın,

Qiyamәtdә ondan mәnim qisasımı alsın".

 

       *       *       *       *       *

 

Çarәsiz Rum torpağından qayıtdım,

Orada qalmaq mәnim üçün uğursuz idi.

Bu nәticәsiz gedib-gәlmәk haqqında

Oradan Tehrana xәbәr göndәrdim.

Elmlәr vәzirinin adına yoldan

Ürәksevәn bir mәktub yazdım.

Yeni әlifbanı ona nişan verdim,

Onun üçün behiştә yeni bir qapı açdım.

Bilmirәm onun hümmәtimi alçaq idi,

Ya o, gecә-gündüz sәrxoş idi;

Bu vәzir mәnә cavab vermәdi,

Mәqsәdim üçün әl tutmadı.

Başqa bir vәzir dә dodaqlarını tәrpәtmişdi,

Bu mәsәlә haqqında öz fikrini demişdi

Ki, biz İran xalqı kiçikdәn böyüyә qәdәr,

Atәşpәrәstdәn  xristianadәk, farsdan türkә qәdәr,

Hamımız zirәk vә mәrifәt sahiblәriyik.

Zәka üzündәn hәmişә fikirdәyik.

Yazının çәtinliyindәn qorxumuz yoxdur,

Çala-çuxurdan çıxmaq üçün korlara yol göstәrәn lazımdır.

Heç kәsdәn yeni yazı qәbul etmәrik,

Bizim öz yazımız vә öz fikrimiz kifayәtdir.

Sonra bu fikri ilә güvәnmişdi,

Әlinin içi ilә saqqalını tumarlamışdı.

O mәclisdә sıra ilә oturanların hamısı

Ona demişdi: "Sağ ol, ey fikir deyәn!

Doğru sözünә min afәrin olsun!

Hikmәtdә sәnә heç kәs bәrabәr ola bilmәz,

Qәlbin işıqlıdır, sözün sağlamdır,

Onu rәdd etmәk üçün

Әrәstu belә cavab tapmaz",

Tәәssüf ki, gözәl xasiyyәtli şahәnşahın

Vәzirlәrin axmaqlığından xәbәri yoxdur,

Heyif ki, fәrasәtli vә huşlu şahәnşah

Heyvәrәlәrin işindәn sakit oturur.

Heyif ki, әdalәtli hökm verәn

Bu әlifbanı başdan-başa görmәdi,

Heyif ki, onun parlaq dövründә

Abırlı bir vәzir görmәdik.

Hamısı tamahkar, hünәrsiz, ağılsızdırlar,

Kim onların adını yaxşılıqla çәkәr?

Hәrçәnd onun dövrünün başlanğıcında

Şәrqdә İldırım kimi bir vәzir parladı,

Ancaq o, ruslar ölkәsindә vәzirlik edәn

Boris kimi bir vәzir idi.

Bütün işlәri şahın qarışacağı olmadan gördüyü üçün,

Ömrü Boris kimi zay oldu,

Bu rәmzi bu padşah anlarsa,

Onun ömrü günәş vә ay kimi olsun

Ki, dövlәt millәtin pәrәstarı olmalıdır.

Millәt dövlәtin pәrәstarı olmamalıdır.

Ey Keyqubadın taxtında әylәşәn,

Onun üzәrindә şahlığın daimi olsun,

Eşitdinmi ki, rus ölkәsindә

Hümmәtlә, qeyrәtlә, namusla

Aleksandr rus millәtinә nә yaxşılıq etdi?

Ad çıxarmaqda dünyada kişi oldu,

Eşitdinmi ki, Palmerston

Britaniyalılar üçün nәlәr etdi?

Sәn Vilhelmi,

O ağıllı, elm sahibi kralı eşitdinmi?

Zәhmәt vә çalışmaqdan bir an belә rahatlanmır,

Ona görә dә dövründә mülkü behişt kimidir,

Sәn Bismarkı eşitdinmi

Ki, başını göylәrә yüksәltdi?

Onun fikrindәn nә cür tәdbirlәr baş verdi?

Vәtәni uğrunda müharibә etdi.

Eşitdinmi ki, inişil, Haribaldi

Öz ay üzlü arvadı ilә

Nә kimi cәsarәtli müharibәlәr etdi,

Vәtәnini yadlardan tәmizlәtdi.Hәr yerdә ki, o döyüşlә mәşğul idi,

Arvadı arxasında ona kömәk idi.

Sәn Linkolnun

Canını millәtә necә qurban etdiyini eşitdinmi?

Tyeri eşidibsәnmi ki, indi

Onun ömründәn sәksәn il keçir.

Vәtәni üçün hәmişә kәdәrlidir,

O, pul vә rahatlıq qayğısında deyildi,

Ey padşah, vәzirlәrin nә etmişlәr?

Onların işinә özün şahid ol!

Vәzirlәrin nöqsansız bir iş görmәmişlәr,

Onlar gah qarınlarının dәrdindәdirlәr, gah kisәlәrinin.

Elә isә onlar bir arpaya dәymәzlәr.

Ey şahlar şahı, onları qapından qov!

Elmli, düşüncәli vәzirlәr axtar,

Nәcabәti burax, bacarıq axtar

Ki, mәmlәkәt yeni bәzәklә

İstәdiyin qәdәr bәzәnsin.

Yeni әlifbanı işә salsınlar.

Xoşbәxtlik ağacını meyvәlәndirsinlәr.

 

Ә z i z  d o s t u m  R u h ü l q ü d s ә  x i t a b

 

Çox şikayәt etdim, söz uzandı,

Vaz keçdim, bir daha sәni görmәyәcәyәm.

Bu işi, bu zәhmәt vә xәstәliyi başa çatdırmağı

Gәlәcәk nәslә tapşırdım.

 

Mәrhum Mirzә Fәtәlinin bu mәnzumәsi Firdövsi әleyhirrәhmәnin Soltan Mahmud Qәznәvinin haqqında yazdığı hәcvә bәnzәyir. Hәr iki kәlamın mәnbәyi bidadlıq vә әdalәtsizlikdәn naşi şikvә vә nalәlәrdir. Axundov ustadi-kamili olan Firdövsi-xoşnamә peyrәvilik etmәkdә artıq mәharәt göstәribdir. İran-zәmin vәzirlәrinә elә bir qara lәkә vә hәcv sikkәsi vurubdur ki, qiyamәtә kimi onu yumaq vә qazımaq ilә getmәyәcәkdir. Bәli, doğrudur:

 

Çu şair berәncәd bequyәd hica,

Bәmanәd hica ta qiyamәt beca. [1]

 

[1] Tərcüməsi:

Şair incisə həcv deyər.

Həcv isə qiyamətə kimi qalar.

 

       *       *       *       *       *

 

Mirzә   Fәtәli  Axundovun  komediyalarına  gәldikdә, qәti surәtdә deyә bilәrik ki, Qoqol rus vә Molyer firәng dram yazanlarının ustad vә pişrәvi olduğu kimi, mәrhum Axundov da türk-Azәrbaycan әdiblәrinin vә komediyanәvislәrinin  atası vә yol göstәrәni olubdur. Onun komediyalarının mislini bizim Azәrbaycan türklәrinin dram yazanları hәlә bu vaxtadәk kamalınca yazıb yetirә bilmәyiblәr; vәli bunu dәxi inkar etmәk olmaz ki, Mirzә Fәtәlinin sayәsindә Nәcәfbәy Vәzirov vә Әbdürrәhimbәy Haqverdiyev kimi әhli-qәlәm, müqtәdir, sahibi-idrak vә kamal dramnәvislәr vücuda gәlibdir. Bunların hәr birisinin bir neçә komediyaları vә drama mәxsus  әhәmiyyәtli әsәrlәri vardır ki, indiki  mәişәtimizin bәzi övza vә әhvalını eyni ilә göstәrir. Hәr iki әdibin vә Mirzә Fәtәliyә peyrәvilik edәn sair     dramnәvislәrin vücuda gәtirdiklәri әsәrlәr barәsindә "Azәrbaycan türklәrinin әdәbiyyatı" adlı mәcmuәmizdә müfәssәl mәlumat verilir.

 

Komediya yazmaqda elm vә bilikdәn sәva tәcrübә vә bәlәdiyyat lazımdır vә bunlardan әlavә xudadadi bir qüvvә, yaradıcı bir tәb, türk istilahınca, "allah vergisi" lazımdır ki, bir yandan görüb eşitdiyini götürüb yetirә bilsin vә bir tәrәfdәn öz fikir vә xәyalı ilә yoxdan var elәsin. Bu "allah vergisi", yoxdan vücuda gәtirmәk qüvvәsi mәrhum Mirzә Fәtәlidә kamalınca var imiş. Onun komediyaları qövlümüzә möhkәm vә adil şahiddir. Necә ki, Qoqolun Qorodniçisi, Xlestakovu vә Dobçinski, Bobçinskisi hal-hazırda Rusiyanın bәzi yerlәrindә müşahidә olunmaqdadırlar, habelә dә Mirzә Fәtәlinin Hatәmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kәrim Miyançısı, Molla İbrahimxәlili vә qeyrilәri bu halda sağ vә salamat bizim içimizdә dolanıb, hәr biri öz fel vә әmәllәrini işlәtmәkdәdirlәr.

 

Mirzә Fәtәlinin komediyaları yazılandan bu vaxta kimi altmış sәnә keçibdir. Bu uzun müddәtin әrzindә ki, yarım әsrdәn ziyadә eylәyir, mәişәtimizdә çәndan tәrәqqi mülahizә olunmur. Ata-babadan qalma köhnә adәt vә ayinlәr üzrә güzәran edib, onların batil әqidәlәrinә, kәsalәt vә bәtalәtlәrinә varis olmuşuq. Bu axır vaxtlarda şәhәrlәrimizdә az-çox tәrәqqi vә tәmәddün  әsәrlәri  görünürsә dә,  әhli-dәhatımız necә ki,  әlli-altmış sәnә    bundan müqәddәm cәhalәt sәhrasında avara vә sәrgәrdan  dolanırdı, indi dә haman qәrar üzrә sәfil vә sәrgәrdandırlar. Onların nicat vә sәlamәti üçün çalışanlarımız yoxdur. Elm vә tәrbiyә almışlarımız  öz mәnfәәti-şәxsiyyәlәrini millәtimizin vә qaranlıqda qalan qardaşlarımızın xeyir vә sәlahından müqәddәm tutub, özlәrini şәhәrlәrә verirlәr. Fikir vә xәyalları özlәri üçün isti yer, mәdaxilli mәnsәb arayıb tapmaqdır. O sәbәbdәndir ki, әlli ildәn bәri iki qәdәm dә irәli yerimәmişik, bir nöqtә üstündә donub qalmışıq. O sәbәbdәndir ki, Hacı qaralarımızın әdәdi gün-gündәn artıb çoxalıbdır vә çürük bezi vә qәdәki  qumaş mal adına imanları ilә bir yerdә satmaqdadırlar. Şәhrәbanı xanımlarımız vә Xanpәri nәnәlәrimiz hәr şeydәn artıq cadu-bitiyә inanıb, kişilәrini  aldatmağa mәşğuldurlar.   Hatәmxan   ağalarımız   firәnglәr   ilә bizim tәfavütümüzü ancaq onlar bizim adәtimizә müğayir  olaraq әllәrinә hәna  qoymamaqda,  başlarını qırxmamaqda,  evdә  başı  papaqsız  oturmaqda,  xörәyi әllәri әvәzinә qaşıq ilә yemәkdә görürlәr. Heydәr bәylәrimiz cüt әkmәyi ancaq ermәni peşәsi bilib, özlәrinin şan vә şövkәtlәrini çapavula getmәkdә, qәtl vә qarәtdә görürlәr. Molla    İbrahimxәlillәrimiz kimyagәrlik sәnәtini әldә bәhanә edib, min cürә şәbәdәbazlıq ilә avam xalqın әlindә olan nәqd vә cinsini alıb, başlarına    tәnbaku  oyunu  gәtirmәkdәdirlәr. Ağa Mәrdan halvaçı oğlu vә Ağa Salman әlәkçi oğlularımız  mürafiә vәkili olub, xilafi-şәr vә bәd, bihesab işlәr tutub, şeytanın әqlinә gәlmәyәn hiylә vә fәsadları törәtmәkdәdirlәr. Vә habelә, vә habelә.

 

Mәrhum Mirzә Fәtәlinin komediyaları mәişәtimizin tәәccüblü bir aynasıdır ki, zahirimizi dә vә batinimizi dә eyni ilә göstәrir. Müruri-әyyam ilә bu ayinәnin üzünә toz qonubdur. Bu tozu silib, aynanın üzünә seyqәl verәndәn sonra diqqәt ilә ona baxsaq öz surәtimizi onda görәrik vә bir-birimizi tanıyarıq. Batini alәmimizә, әmali-namәşruә vә әhvali-şәniәmizә dürüst diqqәt yetirsәk, xәcalәt çәkib yәqin edәrik ki, bu yarım әsrin müddәtindә uzaq getmәmişik, cüzi dәyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçәrimiz vә mәnәvi tәrәfimiz haman irәliki qәrar üzrә qalıbdır....

 

Odur ki, Mirzә Fәtәlinin komediyalarını oxuyan bәsirәt әhli bir tәrәfdәn gülürsә, bir tәrәfdәn dә hәzin-hәzin ağlayıb göz yaşı tökür. Gülmәk görünür, amma göz yaşı dәrunidir, görünmür. Onun ağır damcıları ürәyin üstünә düşüb onu dәlir, yaralayır....

 

       *       *       *       *       *

 

Mәrhum Axundov komediyalarına müqәddimә olaraq, ifadeyi-mәram üçün komediya nә demәkdir vә nә qisim tәsnifatdan ibarәtdir? Teatr nәdir vә ondan tәhzibi-әxlaq vә adaba dair böyük mәnfәәtlәr yetişmәyini müxtәsәrәn bәyan edir vә türk imlası xüsusunda öz tәsәvvüratını bildirib, komediyanı oxuyanlara vә oynayanlara bir para lazım olan dәsturül-әmәllәr verir.

 

Necә ki, mәrhum yazır: "İnsanın tәbiәtindә iki ümdә xasiyyәt qoyulubdur: biri qәm vә biri fәrәh. Ağlamaq--әlamәti-qәm olduğu kimi, gülmәk dә әlamәti fәrәhdir. İnsana bir müsibәt üz verәndә qәmnak olur, әgәr müsibәt ağır isә ağlayır vә bilәks, ona bir şadlıq vә fәrәh üz verәndә gülür vә könlü açılır. İnsanın gülmәyinә vә ağlamağına fәrәhin vә müsibәtlәrin tәqrir vә tәhriri dәxi sәbәb ola bilәr. Tәqrir vә tәhrir surәtindә giryә vә xәndәyә ümdә müәssir vәzi-hekayәtdir. Әksәr övqat namәrğub vәz ilә zikr olunan müsibәtdәn adam mütәәssir olmaz vә lakin haman müsibәt özgә pәsәndidә vәz ilә nәql olunduqda kәmayәnbәği tәsir bağışlar, necә ki, naqis vә kamil mәrsiyәxanların mәclislәrindә bu iki keyfiyyәti biz mükәrrәr müşahidә edirik. Әgәr nәqli-müsibәt vә ya behcәt tәbai vә әxlaqi-bәşәriyyәni kәmafilvaqe [bәyan] etmәk ilә tәbiәti-müstәmiә mәqbul vә müәssir dusdu, haman nəqlin vazeinə və musənnifinə həkimi-rovsənrəvan və arifi-təbaeyi-insani deyərlər və naqilinə suxənguyi-qabil...."

 

Burada naqili-süxәnguy vә raviyi-şirinmәqal ilә bizim işimiz olmuyub da, müsәnnifi haqqında, yәni mәrhum Mirzә Fәtәli barәsindә kamali-cürәt ilә deyә bilәrik ki, onun komediyalarını oxuduqda bizә yәqinlik hasil olur ki, bunların müsәnnifi әlhәqq "hәkimi-rövşәnrәvan vә arifi-tәbaeyi-insanidir". Çünki bizim komediya yazanların heç biri Mirzә Fәtәli kimi nә ürәkdәn güldürür vә nә dә doğrudan ağladır. Bu mәharәt vә qabiliyyәt vә tәbaeyi-insana bәlәdiyyәt ancaq o mәrhumun komediyalarında görünür. Mәrhumun dramnәvislikdә izhar qıldığı mәrifәt vә kamal doğrudan da vәsfә gәlәsi deyil. Onun tәmsilatından hansı birisini әlә alıb oxuduqda, olduğumuz övza vә zamanı bilaixtiyar unudub, özümüzü Mirzәyi-mәrhumun yazdığı zamanda, vәsf qıldığı övza vә dәsgahın içindә dәrk edirik, әfradi-mәclis guya bir-bir gözümüzün önündәn vә әlvan libaslarında gәlib keçirlәr. Biz onların hәrәkәt vә sükunatını, necә ki, var, müşahidә edirik, danışdıqları söhbәti eşidib, gülәnlәr ilә gülüb, ağlayanlar ilә ağlayırıq.

 

Timsal üçün Axundovun baş komediyası hesab olunan "Sәrgüzәşti-mәrdi-xәsis" adlı tәmsilatı ilә ki, başqa ibarә ilә "Hacı Qara" adlanır, oxucularımızı tanış edib, Hacı Qaranın qaçaqlığa getmәkdәn qabaq arvadı Tükәz ilә danışdığı söhbәti necә ki, var--mәqamında yazırıq! Bu әcibә komediyanın keyfiyyәti beş mәclisdә bәyan olunur.

 

Әvvәlinci mәclis vaqe olur Heydәr bәyin obasından kәnar böyük bir palıd ağacının dibindә, aydınlıq gecәdә. Heydәr bәy yoldaşları ilә bir yerdә istәyir gedib nişanlısı Sona xanımı götürüb qaçsın. Bu barәdә Sәfәr bәy ilә danışır.

 

Heydәr bәy qoçaq bir oğlandır ki, öz el vә obasının içindә igid adlanır, dava-döyüşdә, soyquntu vә basqıntıda ad çıxarıbdır. Amma onun pulu yoxdur ki, toy edib, nişanlısı Sona xanımı gәtirsin. Heydәr bәy tәәssüflә keçmiş zamanı yadına salıb deyir: "Hanı o gözәl vaxtlar ki, hәr ayda bir karvan çapmaq, bir ordu dağıtmaq olurdu. İndi nә qızılbaş döyüşü var, nә osmanlı döyüşü. Әgәr qoşuna getmәk istәsәn dә gәrәk çıplaq lәzgilәrin üstünә gedәsәn. Әgәr yüz min zәhmәt ilә birisini dağların dәlik-deşiyindәn çıxartsan, bir dağarcıq vә bir kürkdәn başqa әlinә bir zad düşmәyәcәk. Hanı osmanlı vә qızılbaş döyüşü ki, bir vaxt Qarabağı qızıl-gümüşә boyamışdı. Belә bir döyüş olsun, hamıdan irәli dәstә başında gedәn mәn olum, bir hünәr göstәrim ki, Rüstәmi-dastan da göstәrmәmiş olsun".

 

Sonra naçalnikin ona etdiyi buyruğu yadına salıb deyir: "Qulaq as, gör naçalnik mәnә nә deyir: "Heydәr bәy, rahat otur, quldurluq etmә, yol kәsmә, oğurluğa getmә!" Peşiman olub dedim ki, bu әmrә biz dә rağib deyilik. Amma siz cәnaba lazımdır ki, bizim kimi nәcib kimsәnәlәrә bir çörәk yolu göstәrәsiniz. Naçalnik mәnә deyir ki: "Heydәr bәy, cüt әk, bağ becәr, alış-veriş elә".

 

Naçalnikin bu tәklifi Heydәr bәyin damağına bәrk dәyir vә o, Sәfәr bәyә şikayәt tәriqi ilә deyir: "Guya ki, mәn Banazor ermәnisiyәm ki, gәrәk gündüz axşamadәk kotan sürәm, ya lәnbәranlıyam ki, qurd bәslәyәm vә ya lәkәm ki, kәndlәrdә çәrçilik edәm!"

 

Heydәr bәyә yoldaşı Sәfәr bәy mәslәhәt görür ki, Sona xanımı götürüb qaçsın vә toy xәrci aralıqda itsin. Bu xüsusda Heydәr bәy dostu Әsgәr bәyi dә mәslәhәtә çağırıb imiş ki, mәslәhәt olsa, gedib bir yerdә Sona xanımı götürüb qaçsınlar. Amma bu işdә Heydәr bәyin könlü yoxdur. Әvvәlәn, ehtiyat edir ki, qızın ata vә anası gedib naçalnikә ondan şikayәt elәsinlәr vә o yenә tәzәdәn qaçaq düşsün vә saniyәn, Heydәr bәy tay-tuşun vә el-obanın tәnindәn qorxur ki, desinlәr Qurban bәyin oğlu toy etmәyә pul tapmayıb, öz nişanlısını götürüb qaçdı.

 

Әsgәr bәy dә qızı götürüb qaçmağı yoldaşının şәninә layiq görmür. Onun mәslәhәti ilә sözü bir yerә qoyurlar ki, ağcabәdili  Hacı Qaradan müamilәsi ilә pul götürüb, gedib İrandan qaçaq malı gәtirsinlәr vә onun qazancı ilә toy elәsinlәr. Bu mәslәhәti Heydәr bәy öz nişanlısı Sona xanıma deyir. Heydәr bәyin sözlәri әvvәlcә Sona xanımın әqlinә yerlәşmir ki, onun pulu olmaya-olmaya qaçaq malını nә ilә alacaqdır vә tәkid edir ki, haman gecә onu götürüb qaçsın. Amma sonradan anasının sәsini eşidib, tәlәsik Heydәr bәy ilә ayrılır vә onun qaçaq malı almağa getmәyinә razı olur.

 

İkinci mәclis vaqe olur Ağcabәdi kәndindә. Xәsis Hacı Qara dükanında oturub, bazarın kәsadlığından vә malın satılmadığından şikayәt edir. Şuşa qalasında ona çit, qәdәk, bez satanın qarasınca söylәnib, ağzına gәlәn nifrin vә bәdduanı haqqında edir ki, ona çürük mal satıbdır. Bu halda Heydәr bәy yoldaşları ilә Hacının yanına mәlum mәtlәbdәn ötәri gәlirlәr. Hacı Qara onları müştәri hesab edib sevinir vә neçә dәqiqә bundan irәli pislәdiyi çürük malı başlayır tәrif etmәyә. Әsgәr bәy deyir ki, biz parça almağa gәlmәmişik, başqa bir mәtlәbdәn ötrü gәlmişik. Bu sözlәrdәn xәsis Hacı mәyus vә mükәddәr olub, istәyir ki,  bir növ bunları    başından rәdd elәsin. Sonra mәtlәbdәn xәbәrdar olub vә az vaxtın içindә yüz manat qazanc etmәk sözünü eşidib sevinir vә bәylәrin tәklifini qәbul edir. Hacı özü dә onlar ilә Tәbrizdәn qaçaq malı almaq fikrinә düşür vә sözü bu mәqamda qoyurlar ki, hazırlaşsınlar vә Hacı lazım olan qәdәr pul götürsün ki, haman gecә yola düşsünlәr.  Hacı  Qara cәld dükanı bağlayıb  evinә gәlir. Әlindә açar sandığın ağzını açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb, әlahiddә kisәlәrә qoyur. Sonra gedir tüfәng-tapancasını, xәncәrini, qılıncını  gәtirir  yığır  qabağına.  Bu halda  arvadı Tükәz yetişir.

 

T ü k ә z--A   kişi,      qayırırsan?   Bu  yaraq-әsbabı qabağına niyә tökübsәn?

H a c ı  Q a r a--Sәfәrim var, yola çıxacağam.

T ü k ә z--De görüm, hara gedәcәksәn?

H a c ı  Q a r a--Sәnә demәli deyil.

T ü k ә z--Necә, demәli deyil?  Quldurluğa ki  getmirsәn,  mәndәn gizliyirsәn?

H a c ı  Q a r a--Elә bir elә zaddır.

T ü k ә z--Bәs elә zad isә heç vaxt gedә bilmәzsәn! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır).

H a c ı  Q a r a--Dükanı allah batırsın, malı yoxa çıxsın, satılır mәgәr? Qoymazsan başımın çarәsin görüm?

T ü k ә z--A  kişi,  başına    gәlibdir  ki,  çarәsin  görәsәn? Nә danışırsan?

H a c ı  Q a r a--Dәxi nә gәlәcәk, evim yıxılıb gedib. Düz yüz manat indiyәdәk zәrәrim var. Boğazıma çörәk getmir!

T ü k ә z--Sәni görüm boğazın elә tutulsun ki, su da ötmәsin, ay göyәrmiş! Uşaq aşıq yığan kimi bu qәdәr pulu yığıb nә eylәyәcәksәn? Yüz il ömrün ola, yeyәsәn, geyәsәn, içәsәn, sәnin pulun tükәnmәz. Yüz manat zәrәrdәn ötrü nә özünü öldürürsәn?

H a c ı  Q a r a--Min kәrә sәnә demişәm ki, sәn arvadsan, get arvadlığına, mәnә öyüd-nәsihәt vermә! Yaraqları yerә qoy! (Әlini uzadıb tüfәng, tapancanı dartıb alır).

T ü k ә z--Yәni sәn bu yaraqları qurşanıb, olar ilә adam qorxudacaqsan? Bu tüfәng, tapancanın iyirmisin üstünә götürsәn, mәn bu arvadlığım ilә sәndәn qorxmaram. Torpaq sәnin başına! (İki әlli başına qarıyır).

H a c ı  Q a r a--Sәni lәnәtә gәlәsәn, arvad! Toxumunuz yer üzündәn götürülsün. İtil burdan!.

T ü k ә z--Kişi, dәli olubsan? Mәn evimdәn hara itilәcәyәm. De görüm hara gedirsәn?

H a c ı  Q a r a--Cәhәnnәmә,  gora!  Әl  çәkmәzsәn?!  Nә istәyirsәn mәndәn?

T ü k ә z--Kaş, cәhәnnәmә, gora indiyәdәk getmiş olaydın! O günü görәrәmmi, toy-bayram edim. Çifayda, әzrailin yolu yumrulsun, sәnin kimi murdarı yer üzündә qoyub, gözәl cavanları qara torpaq altına yollayır.

H a c ı  Q a r a--Yer üzündә qalan murdarların biri sәn özünsәn ki, tuği-lәnәt olub keçibsәn mәnim boğazıma! Mәn ömrümdә bir kimsәni incitmәmişәm, bir kimsәyә zәrәr yetirmәmişәm. Mәn niyә murdar oluram?

T ü k ә z--Bir kimsәyә zәrәr yetirmәmisәn, xeyir dә vermәmisәn. Ondan ötrü murdarsan ki, öz malını nә özün yeyib içirsәn, nә ailәnә mәsrәf edirsәn. Sәn ölsәn heç olmasa arvad-uşağın doyunca çörәk yeyәr.

H a c ı  Q a r a--Arvad-uşaq zәhirmar yesin!

T ü k ә z--Sәnin evindә zәhirmar da tapılmaz. Olsaydı onu da qıyıb bizә vermәzdin....

 

(Bu halda bәylәr çağırır: Hacı, Hacı!)

 

H a c ı  Q a r a--Arvad, çәkil get, adamlar gәlir.

 

(Tükәz tez uzaqlaşıb, qapının dalısından qulaq asır).

 

Üçüncü mәclis vaqe olur Arazın kәnarında. Hacı Qara qaçaq malı alıb, yoldaşları ilә geri qayıdan zamanı Arazı keçәndә az qalır suya düşüb boğulsun. Heydәr bәy kәmәnd atıb, Hacının belinә salır vә әnvai-müsibәt ilә çәkib çıxardır. Bir az yol gedәndәn sonra qaçaqçılar Ohan yüzbaşıya üstünün on nәfәr yaraqlı-әsbablı adamları ilә rast gәlirlәr. Bunlar isә murovun  hökmü ilә Әylis ermәnilәrini soyan qaçaqları axtarmağa çıxıblarmış. Heydәr bәy Ohan yüzbaşının üstünә hücum edib elә bağırır ki, öz qoçaqlığından dәm vuran Ohan yüzbaşı özünü itirir vә adamları ilә qaçıb dağılırlar. Ermәnilәrdәn birisi (Sәrkis) Ohandan soruşur ki: "Ay yüzbaşı, murov soruşsa ki, bir adama rast gәldinizmi, nә deyәk?" Ohan yüzbaşı deyir ki, soruşsa deyәrik: "Dәvә gördünmü, qığını da görmәdik"....

 

Dördüncü mәclis vaqe olur Xonaşin dәrәsindә, aydınlıq gecәdә. Hacı Qara yoldaşlarından ayrılıb, yüklü atın üstünә minmiş, nökәri Kәrәmәli ilә Ağcabәdi sәmtinә gedirlәr. Hacı Qara tәlәsir ki, özünü kәndә yetirsin, ta ki, sabah firәng malını bazara çıxarıb, baha qiymәtә satsın; amma Hacı Qaranın arzusu hasil olmur. Xonaşin dәrәsindә biçindәn qayıdan iki nәfәr tuğlu ermәnisinә rast gәlir. Hacı Qara bunları murov yasavulu hesab edib, başlayır hәdәlәmәyә. Ermәnilәr hәr çe sәy edirlәr ki, özlәrini ona tanıdıb, fәqir biçinçi olmaqlarını bildirsinlәr. Qorxaq Hacı Qara müqabilindә aciz, әlsiz vә ayaqsız adamları görüb, onların kim vә nәçi olduğunu bilmәk vә sözlәrinә qulaq asmaq istәmir.

 

Burada mәrhum Axundov özünün xeyli dәqiq vә qәlbşünas (psixologiya) elmindәn baxәbәr olduğunu sübuta yetirir. Necә ki, İspaniya әdibi Servantesin Don-Kixotu dәyirmanı böyük bir pәhlivan hesab edib, onunla davaya girişir, habelә dә Hacı Qara biçinçi ermәnilәri murov yasavulları vә yainki quldur hesab edib, istәyir onlara qalib gәlsin vә tәkid edir ki, yaraqlarını yerә atsınlar. Ermәnilәr oraqlarını yerә atıb deyirlәr: "Budu bizim yarağımız". Hacı Qara inanmayıb, tüfәngi bunların başının üstündә atır, ermәnilәr bәrk qorxur, eşşәk ürkür vә ermәninin birisi (Arakel) onun üstündәn yerә yummalanır. Tüfәngin sәsini murovun yasavulları eşidib, Hacı Qaranı vә ermәnilәri tutub, murovun hüzuruna aparırlar. Murovun hüzurunda Hacı Qara deyir ki, ermәlәr onu soymaq istәyirdi. Ermәnilәr dәxi Hacı Qaranı müttәhim edirlәr. Murovun hökmü ilә Hacı Qaranı vә ermәnilәri dustaq edirlәr. Hacı Qara başlayır ağlamağa: "Evin yıxılsın mәnim evimi yıxan! Qan qusasan mәni qana çalxayan! İmansız ölәsәn mәni bәlaya salan! Mәn harda, divan harda! Mәn silistdәn qaçırdım, yenә silistә düşdüm. Çibindәn birәyәdәk başlayacaqdır soruşmağa. De gәl boş-boş suallara cavab ver, gözlә ki, axırı olacaq".

 

Hәr şeydәn artıq Hacı Qara rus divanının "get-gәlindәn" qorxur. "Zavtra-zavtra"nın hәddәn ziyadә olan xәrc vә xәsarәtini tamahkar Hacı nәzәrә alıb, başlayır uşaq kimi ağlamağa. Bu bәlaların hamısı onun başına tamahının gücündәn gәlir. Tamah kişiyә o qәdәr güc gәtirir ki, rahat kәsbini buraxıb, qaçaqçılıq kimi qorxulu vә haram işә gedir. Burada az qalır ki, Araz çayında axsın. Bu xatadan qurtarıb, evinә yetişha-yetişdә murovların әlindә dәstigir olur. Yәqinlik ilә demәk olur ki, Qoqol Plyuşkinin xәsisliyini o qәdәr dürüstlük vә mәharәtlә yazıb yetirә bilmәyib, necә ki, mәrhum Axundov Hacı Qaranın xәsisliyini, qorxaqlığını, zahiri vә batini alәmini әdibanә tәhrir qılıbdır. Qoqolun yazmağında bәzi mübaliğat vә tәbiәti-insana uymayan sifәtlәr nәzәrә gәlir. Amma Hacı Qaranın xülq vә xasiyyәtindә, tamahkarlığında zәrrә qәdәr dә kәm-kәsir yoxdur. Bu tamahkar şәxsin mislini, yәqin ki, hәr bir bәsirәt әhli indi dә görüb müşahidә etmәkdәdir. Hacı qaralarımız hala fot olub qurtarmayıbdır. Onların әdәdi artır ki, azalmır.

 

Beşinci mәclis vaqe olur Heydәr bәyin obasında. Heydәr bәy alaçığın içindә oturubdur. Bundan bir gün irәli toy olub, çöldә zurna, qaval çalınır. Cahıl uşaqlar oynuyub oxuyurlar. Sona xanım Heydәr bәy ilә şirin söhbәt elәyir vә ondan tәvәqqe edir ki, bir dә gәzmәyә, oğurluğa vә әyri yola getmәsin. Bu halda Hacı Qaranın arvadı Tükәz daxil olub deyir: "A başına dönüm, mәnim әrimin başına nә iş gәlibdir ki, indiyәdәk nә özündәn vә nә nökәrindәn bir xәbәr yoxdur?". Heydәr bәy Tükәzә tәsәlli verir ki, qorxmasın, gәlib çıxar. Bu әsnada qışqırıq qopur, murov vә naçalnik üstünün atlıları ilә alaçığı әhatә edirlәr. Heydәr bәy qabağa çıxır. Naçalnik ona deyir ki, Ohan yüzbaşının xәbәr vermәyi ilә Әylis ermәnilәrini soyan odur. Heydәr bәy deyir ki, "Naçalnik, belә mujikin sözünә etibar edib, mәni bәdbәxt etmә". "Mujik" sözü Ohanın damağına dәyir. 20 il vilayәt böyüklәrinә qulluq edib rizamәndlik kağızı vә medal almağını naçalnikә sübut etmәk istәyir vә bu barәdә çox tul danışıb naçalnikin övqatını tәlx edir vә öz üstünә açıqlandırır.

 

Bu aralıqda Hacı Qaranı vә biçinçi ermәnilәri gәtirirlәr. Vә sonradan Hacı Qaranın nökәri Kәrәmәlini yük ilә gәtirirlәr. Hacı Qara Kәrәmәlini vә malının tutulmağını görәn kimi yıxılıb özündәn gedir. Naçalnik vә qeyrilәri bu hala tәәccüb edirlәr. Amma Heydәr bәy keyfiyyәti anlayıb, olan әhvalatı kәmayәnbәği naçalnikә söylәyir vә qaçaqlığa getmәyinin sәbәbini bәyan edir. Bu әsnada Sona xanım irәli yeriyib deyir: "Başına dönüm, bizi padşahın başına çevir! Qul xәtasız, ağa kәrәmsiz olmaz. Yaz, bu işi yuxarıya bildir, bәlkә mәnim göz yaşıma rәhm elәyәlәr. Mәn dilimdәn kağız verirәm ki, Heydәr bәyi heç bir yaman işә qoymuyam".

 

Naçalnikә Sona xanımın sözlәri tәsir edir vә o, Heydәr bәyi yoldaşları ilә zaminә verir. Sona xanıma deyir ki, sәnin gözәlliyinә vә göz yaşına rәhm edib, Heydәr bәyi sәndәn ayırmadım, ondan muğayat ol ki, yenә bir pis iş tutmasın. Sәnin zaminliyin hәr bir kәsin zaminliyindәn etibarlıdır. Xudahafiz deyib getmәk istәyәndә Hacı Qara deyir: "Başına dönüm, naçalnik, murovun yasavulları mәni tutanda cibimdәn yarım abbasımı çıxardıblar, buyur versinlәr". Naçalnik onun da tәvәqqeyini yerinә yetirir. Hacı Qara başlayır ona dua etmәyә. Pәrdә salınır.

 

Bizim bu kitabçamızda o qәdәr genişlik yoxdur ki, Axundovun sair komediyaları ilә dә oxucularımızı aşina edәk. Bu işi özgә bir vaxta qoyuruq. Bundan maәda biz belә zәnn edirik ki, әhli-savaddan az adam tapılar ki, Mirzә Fәtәlinin komediyalarını oxumamış olsun vә bir dә onlardan hәr birisi dәfә-atla sәhneyi-tamaşaya qoyulubdur. Zaqafqaziyanın elә şәhәr vә qәsәbәsi yoxdur ki, mәrhumun komediyalarından biri, ikisi oynanılmamış olsun. Burada ancaq mәzkur komediyaların adlarını yazmağa iktifa edirik.

 

1. "Hekayәti-molla İbrahimxәlil kimyagәr". Keyfiyyәti dörd mәclisdә bәyan olub itmamә yetir. Tәsnif olubdur hicrәtin 1267-ci tarixindә.

 

2. "Hekayәti-müsyö Jordan hәkimi-nәbatat vә dәrviş Mәstәli şah mәşhur cadugün". Tәmsili-güzarişi-әcib.  Keyfiyyәti dörd mәclisdә bәyan olur. Yazılıbdır 1267-ci sәnәdә.

 

3. "Hekayәti-xırs quldurbasan". Keyfiyyәti üç mәclisdә bәyan olub itmamә yetir. Yazılıbdır 1268-ci sәnәdә.

 

4. "Sәrgüzәşti-vәziri-xani-Sәrab". Tәmsili-güzarişi-әcib. Keyfiyyәti dörd mәclisdә bәyan olub itmamә yetir. Yazılıbdır hicrәtin 1267-ci sәnәsindә.

 

5. "Sәrgüzәşti-mәrd-xәsis"  (Hacı Qara). Tәmsili-güzarişi-әcib. Keyfiyyәti beş mәclisdә bәyan olur. Yazılıbdır 1269-cu tarixdә.

 

6. "Mürafiә  vәkillәrinin  hekayәti  şәhri-Tәbrizdә". Qәribә bir tәmsildir.  Keyfiyyәti bәyan olur üç mәclisdә. Yazılıbdır 1272-ci tarixdә.

 

Әdәbiyyatın bu növü Mirzә Fәtәli kimi qabil әdibin qәlәmindәn әvvәlinci dәfә olaraq Azәrbaycan türklәrinin arasında vücuda gәldikdә cümlәni heyrәtә salır. Bu qisim әsәrlәr, yәni komediya o vaxtacan müsәlmanlar arasında görülmәmişdi. Әvvәlinci imtahan, o da belә kamil vә gözәl surәtdә, eybdәn xali, lәtafәt vә mühәssinat ilә dolu; Azәrbaycan türklәrinin dolanacağını, adәt vә adabının ayineyi-hәqiqәtnüması. Әlhәqq, bunlar xәzinә malıdır.... Odur ki, bu komediyalar sәhneyi-tamaşaya qoyulduqda vә çapdan çıxdıqda hamının fikir vә diqqәtini öz tәrәfinә cәlb edir. Әcnәbi qövm vә tayfaların gözü önündә tәzә bir dünya açılır. O sәbәbdәndir ki, bu komediyalar hәnuz türk dilindә çapa verilmәmiş rus dilindә 1853-cü tarixdә tәbdәn çıxır*. Bu komediyaların şöhrәt vә sәdası artıq sürәt ilә hәr yerә dağılır. Onların barәsindә rus vә Avropa dillәrindә çıxan jurnal vә qәzetәlәrdә gözәl mәqalәlәr yazılır.

Çox çәkmir ki, Axundovun komediyaları İran mәmlәkәtindә dә şöhrәt kәsb edir. Şahzadә Cәlalәddin Mirzәnin (sekretarı) kargüzarı Mirzә Cәfәr onları türkdәn fars dilinә tәrcümә edib, Tehranda çapa verir. Avropa üdәba vә lisaniyyuni bu komediyalardan bәzini öz dillәrinә tәrcümә edirlәr. 1882-ci sәnәdә İngiltәrәdә "Sәrgüzәşti-vәziri-xani-Sәrab" ingilis dilinә tәrcümәsi ilә bir yerdә dәrc olunur. Bu tәrcümәyә әlavә olaraq mәxsus lüğәt vә bir para qeydlәr qoşulur. 1886-cı tarixdә mәşhur әdib Barbiye dö Meynar Parijdә "Journal Asiatique" adlı cәridәdә "Hekayәti-İbrahimxәlil-kimyagәr"i çap elәyir. 1889-cu ildә Stokholm lisaniyyun cәmiyyәtinin jurnalında "Hekayәti-xırs quldurbasan" tәb olunur vә haman sәnәdә Alfons Silyer ismindә bir şәxs fars dilindә "Vәziri-xani-Sәrab" ilә "Mürafiә vәkillәri"ni çap etdirir vә yenә haman sәnәdә Vyana şәhәrindә professor Vahrmund "Hәkimi-nәbatat müsye Jordanı"ın fars dilindәki tәrcümәsini lüğәti vә bәzi qeydlәri ilә mәәn çap etdirir.

 

Bu komediyalardan әlavә, Mirzә Fәtәli Axundov tarixi-islamiyyәnin 1273-cü sәnәsindә ki, tarixi-mәsihiyyәnin 1857-ci ilinә mütabiqdir, "Aldanmış kәvakib" vә yaxud "Hekayәti-Yusif şah" adında qәribә bir hekayәt yazıbdır. Bu hekayәtin vüqui Sәfәviyyә padşahlarından Şah Abbasın zamani-sәltәnәtinә tәsadüf elәyir. Bu tәәccüblü әhvalatın hәqiqәtdә İran-zәmindә vaqe olub-olmamasına söz verә bilmәrik. Amma yәqinәn tәsdiq edә bilәrik ki, bu qisim әhvalat orada baş verә bilәr. "Aldanmış kәvakib"dә mәrhum Mirzә Fәtәlinin ümdә mәtlәbi İran vәzirlәrinin sırf avamlığını vә öz ali mәnsәblәrinә әsla layiq olmadıqlarını göstәrmәk imiş ki, insafәn bu mәtlәbi müsәnnifi-mәrhum böyük mәharәt vә ustadlıq ilә bәyan edir. "Aldanmış kәvakib"i oxuduqda yәqinlik hasil olur ki, İranın viran olmağına, "Dövlәti-әliyyәnin" belә zәif vә nәhif hala düşmәyinә "ümәnayi-dövlәt" vә "ülәmayi-kiram" vә "vüzәrayi-zәviyül-ehtiram" olublar. Bu hәqiqәt vә doğrunu Şah Abbasın müqәrrәb vәzirlәri vә әrkani-dövlәt onun hüzurunda lisani-bәlağәtlә öz qüsurlarını, dәnaәt vә sәfahәtlәrini kamali-iftixar ilә bәyan edirlәr. Köhnә vә şövkәtli İranı xarab vә pozğun hala salan cahilanә tәdbirlәrini hüsn-xidmәt vә böyük hünәr mәqamında qoyub, dövlәti-әliyyәyә sәdaqәtlә xidmәt etmәklәrini sübuta yetirmәk istәyirlәr. "Aldanmış kәvakib"i oxuyandan sonra Mirzә Hüseyn xanın mәrhum Mirzә Fәtәli Axundova nisbәt olan büğz vә әdavәti hansı mәnbәdәn qaynayıb cuş etmәyi vazeh olur.

 

Axundovun dramnәvis müsәnniflәrә vә hәqiqi әdibә mәxsus olan istedad vә qabiliyyәtlәrindәn birisi dә budur ki, öz tәmsilat vә hekayәtlәrindә әhvalat vә güzarişatı söylәnәn әşxasın hәr birini öz dili ilә danışdırır. Әkinçidәn tutmuş şaha kimi hәr hansı sinfin dilindәn söz söylәyir isә, elә bir sayaqda söylәyir ki, guya mәrhum haman o sinfin özündәndir vә yainki onların sözlәrini eşitdikdә bir-bir sinәsinә yığıbdır. Bu qabiliyyәtdәn әlavә Mirzә Fәtәlinin dilindә elә bir nәmәkrizlik, mәlahәt vә zarafәt var ki, hәr kәs onun kәlamını oxuyur isә könlü açılır vә dodağı altında gülür. Mirzә Fәtәlinin tәbiәtindә zövq vә xoştablıq mayәsi vә yaranmasında zarafәt vә lәtafәt xәmirәsi olduğuna binaәn hәmişә meyli zarafatçı, lәtifәgu vә güşadәqәlb adamlar ilә imiş. Mәzәçilik, zәrifanә danışıb gülmәk onun tәqazayi-tәbiәti olduğundan bәzi işlәri vә danışıqları dәxi başdan ayağa gülünc vә zarafәt imiş. Onun dilindәn söylәnәn lәtifәlәri vә türfә sözlәri cәm etsәk, gözәl bir kitabça әmәlә gәlәr.

 

Şah Abbasın vәzirlәri padşahın hüzurunda ulduzların sәdәmәyi-üzәmasını dәf etmәk üçün artıq vüqar vә tәmkin ilә danışdıqları sözlәrә diqqәt yetirilsә, hәmәn sözlәrin cümlәsi mayeyi-istehza vә gülünc olmağına şübhә qalmaz. Belә ki, mәsәlәn, sәrdar Zaman xan özünün sahibi-әql vә tәdbir olmağını hüzzari-mәclisә bәyan etmәk üçün әsla mәtlәbә dәxli olmayan osmanlı qoşununun İran üstünә hücum elәmәyindәn söz açıb deyir: "Әgәrçi bizim qoşunumuz da hesab vә әdәddә taifeyi-Osmaniyyәdәn kәm deyil idi, nәhayәt, mәnim heyfim gәldi ki, firqeyi-naciyәnin qoşununu güruhi-zallәnin müqabilindә tәlәfә verdirim. Ona binaәn әmr etdim ki, Osmaniyyә sәrhәddindәn ta nәhayәti-mülki-Azәrbaycan tamam dәhaqinin ziraәtini xarab etsinlәr vә çarpalarını qovub gәtirsinlәr, körpülәri dağıtsınlar vә yolları pozsunlar. Vәqta ki, Bәkir paşa (Osmanlı әsgәrlәrinin sәrkәrdәsi) sәrhәddimizә daxil oldu, әgәrçi müqabilindә bizim qoşundan bir nәfәr görmәdi, amma yollar bir mәrtәbәdә xarab olunmuşdu ki, әsla özüylә topxana gәtirmәyә qadir olmayıb, ancaq atlı vә piyadәsi ilә әnvai-zәhmәtdәn sonra Tәbrizә varid oldu vә hәr tәrәfә dәstә göndәrib, zәxirә tәhsilinә iqdam etdi. Әlinә bir hәbbә vә bir öküz vә qoyun düşmәdi. Naçar üç gündәn sonra üftan vә xizan, ac vә әfsürdә Tәbrizdәn kusi-rehlәt döyüb qaçdı. Bu tәdbir ilә mülki-İran taifeyi-biganәnin hücumundan mәhfuz qaldı. Yolları pozmaq vә körpülәri yıxmaq bir mәrtәbәdә tәdbiri-müfid göründü ki, dövlәti-әliyyә Bәkir paşa qaçandan sonra dәxi belә sәlah gördü ki, onları hәmişә bu qәrarda baqi qoysun, dübarә taifeyi-biganәnin [hücum gәtirmәk] ehtiyatı ilә. Bu tәriq ilә dövlәti-әliyyәnin qoşunundan bir nәfәrin dәxi burnu qanamayıb, әsakiri-mәnsurәnin cümlәsi hәmsayә düşmәnlәrin v?hs?ti ucun salim qald?. Bel? isl?r xususunda asitaneyi-?liyy?nin qoca iti t?dbir gost?rm?kd? aciz deyil! Amma k?vakib il? muxalif?t etm?kd? ?qlim h?r bir ?lacdan qasir gorunur....".

 

Sәrdar Zaman xanın bu gunә öz hüsn-xidmәtlәrini tәrif edib ağıllı vә tәdbirli binagüzarlıqlarını vәsf etmәyi doğrudan da adama gülünc gәlir: "Әsakiri-mәnsurә" "güruhi-zallәnin" hücumuna davam gәtirә bilmәyib qaçır. Vәtәnin uğrunda, onun mühafizәsi üçün bir damcı qan da tökülmür. Bu heç! Amma öz әllәri ilә vәtәnin viran olmağı, әkinçilәrin ziraәti, bağbanların bağ vә bostanları dağılıb alt-üstә çevrilmәyi, mal-mәvaşinin pәrakәndәliyi, yolların xarab olmağı, körpülәrin uçub dağılmağı iftixar ilә şahın hüzurunda söylәnir vә şahın "asitaneyi-әliyyәnin qoca itinә" әsla qәzәbi tutmur. Bu çox qәribәdir! Sәrdari-rövşәnzәmirin tәdbir vә sәlahdidi ilә yolların dağınıq vә körpülәrin uçuq halda qalmağı bir dәrәcәdә sәlah göründü ki, onları bu qәrarda baqi saxlamaqlarına hökm olundu, zira ki, "taifeyi-bikanәnin" hücumundan ehtiyatda olmaq lazımdır.

 

Hәqiqәtdә hәm gülmәli vә hәm ağlamalı halәtdir! Ümuri-mәmlәkәt belә şәxslәrin ixtiyarında olduğu әsnada abadiyi-vәtәn vә tәrәqqiyi-mәmlәkәt mümkünmüdür?

 

Xanemani ke, to başi mәhrәm,

Vay bәr siyrәti-an әhli-hәrәm.[2]

 

[2] Tərcuməsi: Bir ailəyə ki sən məhrəm olasan,

Vay o ailə uzvlərinin halına.

 

Mәrhum Mirzә Fәtәli Axundov öz әsrinin ürәfa vә üdәbası ilә tanış idi vә cümlәsinә onun hüsni-tәsiri var imiş. Xüsusәn, onunla Qarabağın әn müqtәdir şairi Qasımbәy Zakir tәxәllüsün mabeynindә dostluq vә yaxınlıq var imiş. Zakir Qarabağ mahalında vüquә gәlәn әhvalatdan vә orada sakin olan ruhani sinfinin, ürәfa vә nücәba qisminin әfal vә әmalından vә әlәlxüsus elat әhlinin dolanacağından vә övzai-mәişәtindәn mәlumat cәm edib, cabәca gözәl vә sadә şerlәr vasitәsi  ilә  yazıb,  dostuna  göndәrәrmiş.  Bәzi rәvayәtә görә, "Hacı Qara" tәmsilatının mәal vә mәzmununu filcümlә Mirzә Fәtәliyә Qasımbәy  veribdir vә  mәrhum Axundov onu qәribә bir dona geyindirib, mәşhur   "Mәrdi-xәsis" komediyasını  tәrtib  qılıbdır.

 

Mәlum ola  ki, Qasımbәyin  bәradәrzadәlәrindәn Behbud adında bir nәfәri qaçaqlığa qurşanıb, Qarabağda çox fәsadlar törәdәrmiş. Qasımbәy nahaq yerә bir neçә bәdxahların tәhriki ilә divan әmәlәsinin nәzәrindә müttәhim olub, oğlanları ilә Qarabağdan sürgün düşür vә bir neçә ay mәhbusvar Bakıda sakin olur. Mәrhum Mirzә Fәtәli dostunun xilası üçün çalışır vә axırda onun tәmizә çıxıb vәtәninә qayıtmağına sәbәb olur. Mәrhum Zakir bir kağızında bu barәdә dostunu tәrif edib yazır:

 

Aşina, müsahib, yar, hәmsayә

Lazımdır yetişә qövrә, hәrayә.

Kitabәtin dәyәr mülki-dünyayә,

Nә hacәt istәmәk simü zәr sәndәn?

 

Tәk yaradıb sәni vahidi-yekta,

Әxlaqına, әtvarına mәrhәba!

Neylәmişsәn Molla Sәfi, Bәybaba,

Mәmnundur, әzizim, bu qәdәr sәndәn.

 

O vilanın yoxdur bu yer tәk pisi,

Tәqәllübü, hәrzәkarı, xәbisi;

Yaxşı gördüm tamam әhli-Tiflisi,

Razıyam, nәhayәt, biştәr sәndәn....

 

Başqa bir namәsindә Qarabağın tamamı әhvalını vә keyfiyyәti-macәrasını cabәca yazıb, namәni bu sayaq qurtarır:

 

Çәkilib köksümә dağlar, düyünlәr,

Kafirә olmasın nәsib bu günlәr.

Qınamasın mәni könlü bütünlәr,

Fikrim dağınıqdır, xatirim övraq.

 

Mәqsudumuz hasil olmadı bizim,

Yeksandır hicrindә gecә-gündüzüm.

Bu bәdbәxtin halәtindәn, әzizim,

Barı o vilada olgil göz-qulaq.

 

Gәrçi vilayәtdә çox idi әhval,

Müyәssәr olmadı şәrh edәm әlhal.

Bir parasın yazıb eylәdim irsal,

Bu şәrt ilә nә diş bilsin, nә dodaq.

 

Ziyarәt eylәyib Şeyxülislamı,

Zakiri-hәzindәn yetir salamı,

Hacı Yusif, Molla Әhmәd tamamı,

Haçan ola bir dә deyәk, dan?saq?....

 

Zakirin Mirzә Fәtәliyә yazdıqları mәktubat barәsindә Azәrbaycan türklәrinin әdәbiyyatı xüsusunda yazdığımız mәcmuәdә tәfsilәn mәlumat verilibdir. Mirzә Fәtәlinin Qasımbәyә nәzmlә yazdığı kağızlardan ancaq birisi әlә düşdü ki, burada dәrc olunur. Bu mәktubi-mәnzumәni mәrhum Mirzә Fәtәli dostu Zakirә yazıbdır ibtidai-mәhәrrәmdә, 1271-ci tarixdә, Mehdiqulu xanın qızı Xurşudbanu bәyim Natәvan haqqında. Mәlum olur ki, o vaxtlarda Qasımbәy Xanqızına çox yaxın imiş. Mirzәyi-mәrhumun yazdığı qafiyәlәr zarafat tәriqincәdir:

 

Qasımbәy, eşitdim yaxın olubsan,

Xanqızına, axır nәdir bu rәftar?

Edibsәn xubları yüz yol imtahan,

Eylәrsәn onlara yenә etibar.

 

Yeyib otağında şamü nәharın,

Kәsdiribsәn yasdığının kәnarın.

Eşidirsәn şirin-şirin göftarın,

Kişi, sәnin, vallah, әcәb işin var!

 

Dediyin qafiyә ona xoş gәlib,

Qaçan bәxtin indi sәnә tuş gәlib,

Sevdalı başına tәzә huş gәlib,

Tәәccüb eylәrәm büsyar-büsyar.

 

Sәni pәrivәşlәr salıb bu halә,

Döndәriblәr әlif qәddini dalә,

Çәkәrdin onlardan hәmişә nalә,

Nәdir yenә dildә әzbәr olub yar?

 

Xanqızı mәhvәşdir, el bilir, alәm,

Mәhvәşlәr atәşdir, bizik ağlı kәm;

Yüz il xidmәt edә oda bir adәm,

Yenә düşәn dәmdә ona, bil, yanar.

 

Xudadәn istәrәm versin muradın,

Yamanlığa hәrgiz çәkmәzәm adın.

Yolunda zәhmәtin, rәnci-ziyadın,

Mәn çәkdim, o etdi mәni şәrmsar.

 

Özgә cәfalarım dursun kәnarә,

Nә lazım hәr birin salmaq şümarә,

Xeyr işinә onun mәn o diyarә

Şadü xürrәm getdim, qayıtdım bәs xar.

 

O qafiyәn mәnә çox etdi әsәr,

Qalmadı könlümdә ondan bir kәdәr.

Novcavandır, tәkdir iyzәdi-davәr,

Eylәsin  ömründәn onu kamgar.

 

Rәvadırmı çәkә bixurdü bixab,

Bәstәri-möhnәtdә bu qәdәr әzab?!

Duayi-xeyrinә eylәdin şitab,

Siz dә mәnim kimi hәr leylü nahar.

 

Belә pәriruyun, heç sәni tarı,

Rәvadırmı qәmdәn sola üzarı?

Hәm xәlәfdәn xali ola kәnarı,

Olsun ona mövlam yavәrü qәmxar.

 

Mәnim dә var gәrçi bir az günahım,

Sәn get hüzuruna, ol üzrxahım.

Söylә ki, ey şahım, ay qiblәgahım,

İncimә, gәr etdim şikayәt izhar!

 

Mirzә Fәtәlinin bu şerlәri sadә vә rәvanlıqda Zakirin kәlamına bәnzәyir. Bu şivәdә şer yazmağı, çox ola bilәr ki, Mirzәyi-mәrhum Zakirdәn әxz etmiş olsun. İbtidayi-kәlamda Mirzә Fәtәli Xurşudbanu bәyimdәn bir azacıq gilayә izhar edir. Bundan mәlum olur ki, onların mabeynindә cüzi bir soyutluq әmәlә gәlib imiş, vәli kәlamın axırında paki-zәmir Mirzә öz xәtasına müqirr olub, dostundan tәvәqqe elәyir ki, Xanqızının hüzuruna gedib, üzrxahlıq etsin vә şikayәt izhar qılmağından rәncidәxatir olmasın.

 

Mirzә Fәtәli mәrhumun bu kağızı Xurşudbanu bәyimin bәstәri-qәmdә mәrizә olduğu zaman vә hala tәsadüf edir vә yәqinlik hasil olur ki, Mirzәyi-mәrhum bu şerlәri Qasımbәyin kәlamını oxuyandan sonra yazıbdır. Qasımbәyin kәlamından belә mәlum olur ki, Xurşudbanu bәyimin bir müddәt övladı olmurmuş vә övlad ümidi ilә o mәrhumeyi-mәğfurә özünә müalicә etdirib, ondan naxoş olubdur. Bu әhvalın doğru olmağı Zakirin vә Mirzә Fәtәlinin qafiyәlәrindәn aşkara görünür. Zakir yazır:

 

Sipehri-bәrinin hilalı sәnsәn,

Şәrafәtdә mәlәk misalı sәnsәn,

Gülşәni-Xәlilin nihalı sәnsәn,

"Barvәr istәrәm xudadan sәni"!

 

Mәsihi çıxardan әrşi-әlayә,

Salan üftadәlәr başına sayә.

Yetmişdә İshaqı verәn Sarayә,

Qurtarsın bu rәncü әnadan sәni.

 

(Xanqızının müalicә etmәyinә işarә)

 

Çubi-çinn nәdir, qiblәsәn, nәsәn?

Tәәccüb eylәrәm bu әhvalә mәn.

Dәstgirin olsun Hüseynü Hәsәn,

Fәrağәt olasan cәfadan sәni.

 

Axundov yazır:

 

O qafiyәn mәnә çox etdi әsәr,

Qalmadı könlümdә ondan bir kәdәr.

Novcavandır, tәkdir, iyzәdi-davәr,

Eylәsin ömründәn onu kamgar!

 

Belә pәriruyun, heç sәni tarı,

Rәvadırmı qәmdәn sola üzarı?

Hәm xәlәfdәn xali ola kәnarı,

Olsun ona mövlam yavәrü qәmxar.

 

Mirzә Fәtәlinin, eşitdiyimizә görә, yenә dә bir neçә türki vә farsi әşarı vardır vә lakin mәtәәssüf nә onları, nә Rzaqulu xan Hidayәt tәxәllüsün tarixinә yazdığı tәnqidi vә nә dә Tehran şairi Süruş tәxәllüsün qәsidәsinә tәhrir qıldığı tәnqid mәqalәsini axtarıb tapa bilmәdik. Bu әsәrlәri Axundovun fәrzәndi-giramisi mәrhum Rәşidbәy bizә göndәrmәyi vәdә etmişdi. Heyfa ki, ona da әcәldәn macal olmadı.

 

Bu halda Mirzә Fәtәli Axundovun tәvәllüdündәn yüz il (bir әsr) vә vәfatından otuz üç sәnә (bir dövr) gәlib keçir. Bu uzun müddәtin әrzindә biz Azәrbaycan türklәri qәflәtdәn ayılıb, necә ki, lazımdır, özümüzü tanımamışıq, vәq vә heysiyyәtimizi layiqincә dәrk etmәmişik, milliyyәt vә bәşәriyyәt hissi bizlәrdә ayılmayıbdır. Әsil vә nәsәbimiz kimlәrdir, vәzifәmiz nәdir, dünyada zindәganlığımızdan murad nәdir?--bu qisim suallar başımıza gәlmәyibdir, qәflәt vә kәsalәtimizә xәlәl yetirmәyibdir. Filhәqiqә, әgәr biz özümüzü tanıyıb bilsә idik, şәrafәti-milliyyәmizin hifz vә izdyadına çalışsa idik, bu qәdәr dalda vә töhmәtlәr altında qalmaz idik. Biz dә sairlәr kimi öz millәt qeydi çәkәnlәrimizin, tәriqi-hidayәtә bizi dәvәt edәn ülәmamızın, xoştәb vә müqtәdir şairlәrimizin, eyblәrimizi zәrifanә açıb göstәrәn әdiblәrimizin qәdrini bilәrdik.

 

Mәrhum Mirzә Fәtәli rus әdiblәrindәn vә dramnәvislәrindәn mәşhur Qoqolun müasiri idi. Hәr iki әdib zatәn psixoloq yaranmışdır. Bunlar adamların boşluğunu, sәfahәt vә hәmaqәtini, büxl, hәsәd, şәrarәt vә fәsadını, zahiri vә batini alәmlәrini görürlәrmiş. Zahirdә güldüklәri adamların halına ürәkdәn yanıb ağlayırlar vә onların әsәrlәrini mütaliә edәn şәxslәrin qәlblәrindә yatmış hisslәri oyadıb, mәhәbbәt çırağını yandırırlar. Bununla bәşәriyyәt alәminә böyük xidmәt göstәriblәr.

 

Rus millәti Qoqolun qәdrini bilib, onun adı ilә iftixar vә qәdrşünaslıq vәzifәsini ifa etmәkdәdir. Amma biz möhtәrәm vә bimisl әdibimizin haqqında heç bir yaxşılıq etmәmişik vә bu anacan o mәrhumun qәdr vә qiymәtini bilmәmişik. Ancaq 1903-cü sәnәdә oktyabrın 27-dә Bakı şәhәrindә cәnab Әlimәrdanbәy Topçubaşovun vә mәrhum Hәsәnbәy Mәlikovun vә sair maarifpәrvәr şәxslәrin sәy vә ehtimamı ilә mәrhumun komediyalarının tәb vә intişarından әlli sәnә keçmәklik münasibәti ilә bir mәclisi-ceşn tәrtib olunub, mәzkur komediyalardan "Hacı Qara" sәhneyi-tamaşaya qoyulmuşdu vә "Kaspi" ruznamәsinin 232-ci nömrәsindә cәnab Әlimәrdanbәy Axundovun tәrcümeyi-halına vә asari-qәlәmiyyәsinә dair әtraflı mәlumat vermişdi. Bu ittifaq çәndan әhәmiyyәtli olmasa da, bir növ qәflәtdan ayılmağımıza şәhadәt verir.

 

Eşitdiyimizә  görә,  möhtәrәm  bәradәrimiz  Әbdürrәhimbәy Haqverdiyev mәrhum Axundovun yadigaranәsi üçün tәrtib qıldığı әsәrindә onun bahadırlarını ki, ibarәt ola   Hacı Qaradan,   İbrahimxәlil   kimyagәrdәn, Mәstәli şahdan, Teymur ağa vә qeyrilәrindәn, mәrhumun özü ilә bir yerdә tamaşa sәhnәsinә gәtirir vә burada onlar Axundovdan itab ilә sual edirlәr ki, axır biz sәnә nә elәmişdik ki, sәn bizi alәm içindә rüsva vә bәdnam etmişsәn. Mәrhum Axundovun onlara cavabı nә olacağı bizә hәlә mәlum deyil. Amma biz bilmirik ki, o mәrhumun, ruhi-pakı bizim müqabilimizdә durub bizdәn   sual etsә ki, mәn bu qәdәr sizin xeyir  vә sәlahınız  üçün çalışdım,  eyblәrinizi  açdım, tәrәqqi vә sәadәt yolunu göstәrdim, әlifbanızın islahına,  dilinizin  asanlığına  çalışıb, ömrümü çürütdüm, bu qәdәr zәhmәt vә  küdurәtimin әvәzindә heç mәni yad etdinizmi? Mәn göstәrdiyim batil vә fәsad әmәllәrinizdәn daşındınızmı, cәhalәt çәngindәn xilas olmağa çalışdınızmı?....

 

Bu suallara, әlbәttә, bizim binalı vә tutarlı cavabımız olmayacaqdır. Ancaq xәcilanә bunu izhar edә bilәcәyik ki, bu anacan biz qәflәtdә olduq, sәnin qәdrini bilmәdik, kәrәm et, bizi әfv qıl. Bundan sonra bacardığımız xidmәti haqqında müzayiqә etmәrik, sәnin adına kitabxanalar vә mәktәblәr güşad edәrik, әsәrlәrini çap etdirib әbnayi-vәtәn arasında yayarıq ki, onları mütaliә edib, amal vә әfkarını bilsinlәr, nicat vә sәadәt yoluna düzәlsinlәr....

 

1911.