"MOLLA NӘSRӘDDİN"
Bu ilin aprel ayından Tiflisdә çıxan
yumoristik "Molla Nәsrәddin" jurnalı ilk
nömrәlәrindәn başlayaraq bizim ölkәnin
müsәlmanları arasında canlı maraq
oyatmışdır. Mәlumdur ki, Şәrq xalqları,
xüsusilә azәrbaycanlılar öz
danışıqlarını mәsәllәr, atalar
sözlәri vә Şәrqin müdrik
mәzhәkәçisi olan Molla Nәsrәddinin
lәtifәlәri ilә bәzәmәyi
sevirlәr. Bu әfsanәvi Molla xalq müdrikliyinin vә
hazırcavablığının ifadәçisidir. Onun
lәtifәlәri o qәdәr hәyati vә
mәzәlidir ki, bu lәtifәlәrdә o
qәdәr sәmimi bir yumor vardır ki, hamı onlarla
maraqlanır vә azәrbaycanlıların arasında
hәmin lәtifәlәri bilmәyәn vә yeri
gәlәndә bu vә ya digәr bir lәtifәni
danışmayan adam çox nadir tapılar. Hәtta
Azәrbaycan dilindә danışa bilәn
ermәnilәr vә gürcülәr dә Molla
Nәsrәddinin lәtifәlәri ilә
maraqlanırlar. Bu lәtifәlәrdәn çoxu
isә müxtәlif müәlliflәr
tәrәfindәn rus dilinә tәrcümә olunub
"Sbornik materialov dlya opisaniya plemen i mestnostey
Kavkaza"nın müxtәlif buraxılışlarında
çap edilmişdir.
Jurnalı bir qrup ziyalı müsәlmanların
әmәkdaşlığı ilә savadlı vә
mәdәni azәrbaycanlı -- Mirzә Cәlil
Mәmmәdquluzadә nәşr edir. İndiyә qәdәr
çapdan çıxmış nömrәlәrә
әsasәn deyә bilәrik ki, "Molla
Nәsrәddin", nöqsanlara gülmәk yolu ilә
müsәlman cәmiyyәtini islah etmәkdәn
ibarәt olan mәqsәdini tamamilә yerinә yetirir.
Belә nöqsanlar vә mövhumat isә bir
neçә әsr qaranlıq vә cәhalәt
içәrisindә yatıb qalmış bizim
cәmiyyәtimizdә o qәdәr çoxalmış
vә o qәdәr dәrin kök salmışdır ki,
tәnqidә onların hansından başlamağı
tәyin etmәk belә çәtindir. İlk zamanlar
jurnal, hәr şeydәn әvvәl,
müsәlmanların bu cәhalәt yuxusundakı
vәziyyәtinә diqqәt yetirmişdir. Jurnalın 1-ci
nömrәsinin birinci sәhifәsindәki
şәkildә cәhalәt yuxusunda yatanların
sәltәnәti tәsvir olunmuşdur. Jurnalın
bütün nömrәlәrindә eyni qaydada tәsvir
olunan Molla Nәsrәddin isә әlinin
hәrәkәti vә istehzalı bir heyrәt ifadә
edәn baxışı ilә bu mәnzәrәni seyr
edir vә görür ki, bütün mömin
müsәlmanlar müxtәlif
vәziyyәtlәrdә vә paltarlarda yuxu allahı
Morfeyin ağuşundadırlar. Gecә keçmiş,
sәhәr açılmışdır.
Pәncәrәdәn düşәn ziyalar bu yuxu
sәltәnәtini işıqlandırmışdır.
Lakin heç kәs vә heç bir şey bu
möhkәm yatmış müsәlmanları oyatmağa
qadir deyildir: qocalar vә cavanlar, orta yaşlı
kişilәr -- hamısı yatmışlar, bu
alәmdәki hәr şeyi unudub yuxuya getmişlәr,
sükunәti bütün dünyadan üstün
tutmuşlar. Uzaqda cavan bir oğlan, deyәsәn,
qüvvәsini toplayıb oyanmaq istәyir, lakin ağır
yuxu ona da gözlәrini açmağa imkan vermir.
Molla öz oxucularına müraciәt
edәrәk deyir: "Ey mәnim müsәlman
qardaşlarım! Zamani ki, mәndәn bir gülmәli
söz eşidib ağzınızı göyә
açıb vә gözlәrinizi yumub o qәdәr
"xa ... xa! ..." edib güldünüz ... o vaxt elә
güman etmәyin ki, Molla Nәsrәddinә
gülürsüz.... Әgәr bilmәk istәsәniz
ki, kimin üstünә gülürsünüz ... o vaxt
qoyunuz qabağınıza aynanı vә diqqәt ilә
baxınız camalınıza".
Jurnal hәr şeydәn çox
müsәlmanlar arasındakı mövhumata,
cәhalәtә vә fanatizmә gülür.
Çünki bunlar müsәlmanların hәyatında böyük
bir maneәyә çevrilib vә onların geri
qalmağına sәbәb olubdur. Mәsәlәn,
müsәlmanlardakı mövhumatı göstәrmәk
üçün Molla onlara mәslәhәt görür
ki, hәr ayın üçündә, beşindә, on
üç, on altı, iyirmi bir, iyirmi dörd vә iyirmi
beşindә, hәftәnin bazar vә bazar ertәsi
günlәrindә, habelә hәr ayın 28 vә 29-da
jurnala abunә yazılmasınlar. Çünki bu
günlәr ağır vә nәhs günlәr hesab
olunur. Hәmçinin Molla mәslәhәt görür
ki, redaksiyaya göndәrilәn mәktublarda gәrәk
metal pero ilә yox, mütlәq qamış
qәlәmlә, özü dә elә
dәbdәbәli vә ibarәli bir dillә
yazsınlar ki, orada bir kәlmә dә Azәrbaycan
sözü işlәnmәsin. Çünki Azәrbaycan
sözlәrini işlәtmәk şәxsin elminin
azlığına dәlalәt edir.
Susmaq müdrikliyin әn yüksәk
dәrәcәsi hesab olunur. Әgәr hәzrәt
Süleyman danışmağı gümüş,
susmağı qızıl adlandırıbsa, "Molla
Nәsrәddin"ә görә, susmaq lap
brilyantdır. Buna görә dә o, öz
hәmmәzhәblәrinә mәslәhәt
görür ki, bu qiymәtli cәvahiri göz
bәbәklәri kimi qoruyub saxlasınlar vә hәr
hansı bir hәyati mәsәlәdәn söhbәt
düşәndә danışmayıb sussunlar.
Xüsusilә, yaşadığımız indiki
hәyәcanlı zәmanәdә susmaq daha çox
lazımdır. Yoxsa bir kәlmә artıq söz
üçün ictimai qayda-qanunu vә ümumun sükutunu
qoruyanların tәlәsinә asanlıqla
düşmәk olar. Susmağın әhәmiyyәtinә
dair jurnalda gözәl bir şer dәrc olunmuşdur ki,
hәmin şerdә belә deyilir: "Әgәr
qonşuların sәni döyüb incitsәlәr,
sәnә gülsәlәr, var-yoxunu әlindәn
alsalar, acıqlanma, başını aşağı sal
vә lal ol. Çünki sәnin xeyrin vә qurtuluşun
susmaqdadır". Molla Nәsrәddin müsәlmanlar
arasından dövlәt dumasına üzv seçilmiş
adamlara da mәslәhәt görür ki, öz
nüfuzlarını saxlamaq üçün özlәrini
mәnasız hay-küy salanlara oxşatmasınlar.
Müsәlmanlara mәxsus sәbr vә dәrin
sükutla öz ağıl vә lәyaqәtlәrini
büruzә versinlәr. Jurnalın beşinci
nömrәsindә dәrc olunmuş
"Mәclisi-әdәb" şәkli
müsәlmanlarda susmağın, mütiliyin vә tam
sükutun nә qәdәr uca bir mәrtәbәdә
tutulduğunu göstәrәn әn yaxşı
illüstrasiyadır.
Molla heç özünün mәnsub
olduğu tәbәqәyә dә rәhm etmir. Öz
kәskin istehzalı vә kәsәrli sözlәri
ilә o, müsәlman ruhanilәrinә tez-tez
sataşır. Ruhanilәrә hücumu әsaslı olsa
da, bizim fikrimizcә, hәddindәn çox kәskin
vә bir qәdәr dә tendensiyalıdır. Bizim
ruhanilәrin başlıca qüsuru onların cahilliyindә
vә mәhdud düşünmәlәrindәdir.
Ruhanilәrin әksәriyyәtinin әqidәsinә
vә anlayışına görә, dinin mәnası
yalnız zahiri xarakter daşıyan bәzi dini ayinlәrin
icrasındadır; dinin daxili mәnası, onun әsas
mәğzi, әxlaq tәlimi isә ya mollaların
özlәrinin başa düşmәmәsi, ya da
şәxsi mәnfәәtlәri üzündәn
şüurlu surәtdә nәzәrdәn
qaçırılır.
Jurnalın üçüncü
nömrәsindә (Hacı Seyid Әzim Şirvaniyә
tәqlid yolu ilә) dәrc olunmuş "Keçmişi
yad" şerindә müәllif mollanın dili ilә
keçmiş әyyamı xatırlayıb deyir ki,
keçmiş zamanlarda mömin müsәlman
bәndәlәrin hamısı cәhalәt
içindә idi. Heç nәyi bilmir, heç nәyi
anlamırdılar; mollanı hәr yerdә alim vә
müqәddәs bir insan sayırdılar; onu plova,
çaya qonaq edirdilәr. Vәz edib hamının canına
qorxu salanda hәr yerdәn ona pul vә xәlәt
verilirdi. Onda ki, övladi-vәtәn xam idi, kef
çәkmәli әyyam idi. O gözәl әyyam
keçmişdir, onu geri qaytarmaq mümkün deyildir.
Müsәlman arvadlarının ağır
vә kölә vәziyyәti dә jurnalın
diqqәtindәn kәnarda qalmamışdır. "Molla
Nәsrәddin"in hәmin nömrәsindә
belә bir şәkil verilmişdir: Evin
başçısı taxtda döşәkçәnin
üzәrindә uzanıb fikirli halda qәlyan
çәkir; onun qabağında oturan kiçik bir oğlan
uşağı qışqırıb ağlayır.
Qәlyanı çәkәn kişinin arvadı otağa
daxil olur, onun paltarı köhnә, ayaqları
yalındır. Әlindә sәnәk var, bir
uşağı da arxasına almışdır. Әr onu
görәn kimi qәzәbli halda deyir: "Ay arvad, allah
sәnә lәnәt elәsin, bu uşaq mәnim
başımı apardı, gәl bunu da götür al
dalına!"
Hәr şeyi bilmәyә
çalışan kiçik bir qız nәnәsindәn
soruşur ki, nә üçün onun sifәti
saralmış vә qırışlarla örtülmüşdür.
(Pozdnyakovun bu şeri tәrcümә olunub "Dәbistan"
jurnalında çap edilmişdir). Molla nәnәnin
әvәzinә qıza cavab verib, onun gözlәrini
açaraq deyir ki, hәr bir Azәrbaycan qızının
taleyi belәdir vә hәmin kiçik qızın
özünü dә belә bir tale gözlәyir. O da
vaxtından әvvәl solub saralacaq, sifәti
qırışlarla örtülәcәk, qoca bir
nәnә olacaqdır. Mәrhәmәtsiz vә
qәzәbli atası 8-10 yaşlı bu kiçik
qızı 40 yaşında dәvә boyda vә
kütbeyin bir kişiyә әrә verәcәkdir. O
zamandan qızın hәyatında qara günlәr
başlanacaqdır. O bir daha ömründә ağ gün
görmәyәcәk, sevincә hәsrәt qalacaq
vә heç kәsdәn tәsәlli ala
bilmәyәcәkdir. Molla hәmin kiçik qıza
müraciәt edib deyir: "Qızım, bu elә bir
dәrddir ki, әlacı yoxdur. Әrin tez-tez sәni
döyüb, söyәcәk, heç bir günahın
olmadan sәni tәhqir edib alçaldacaqdır.
Günlәrin birindә sәnin әrin başqa bir arvad
alacaq vә sәni hәmişәlik unudacaqdır.
Çox çәkmәyәcәk ki, әrin
üçüncü bir arvad alacaq, sonra sizin aranızda hәmişә
dava-dalaş hökm sürәcәkdir. Dәrd vә
kәdәr sәni yandıracaqdır. İstәr
tәqsiriniz olsun, istәr olmasın әriniz gündә
birinizi döyәcәkdir. Yaxın
gәlәcәkdә sәni dә belә bir
hәyat gözlәyir. O zaman sәn dә tezliklә
qocalarsan, nәnәn kimi sәnin dә alnın
qırışlarla örtülәr".
Qonşu dövlәtin -- "Qızıl
İranın" hәyatı jurnala zәngin vә
çox maraqlı material verir. Hәlә beş-altı il
bundan әvvәl çapdan çıxmış olan
mәşhur
"Sәyahәtnamәyi-İbrahimbәy" bizi
İran hәyatı ilә yaxşı tanış edir.
Budur, qarşımızda belә bir şәkil vardır:
İrandan bizә "әziz qonaqlar" kimi gәlәn,
әslindә isә cәhalәt, zülmәt,
mövhumat vә fanatizm carçıları olan
dәrvişlәr, ilan oynadanlar, meymun oynadanlar,
cadugәrlәr, gözbağlıcalar, nağıl
deyәnlәr, fala baxanlar, cindarlar, mollalar, yuxu tәbir
edәnlәr, tiryәk satanlar vә asan qazanc
әldә etmәk üçün macәra axtaran
digәr fırıldaqçılar әl-әlә verib,
cәrgә ilә Araz çayından bu
tәrәfә keçirlәr. Onlar hәr il
Zaqafqaziyaya yüzlәrlә vә minlәrlә
gәlir. Ölkәdәki cahil әhalini istismar edir,
onların әxlaqını pozur, camaat arasında fanatizm
toxumu yayır, özlәri dә bizim pulumuzu
ciblәrinә doldururlar.
Budur, "Qızıl İranın"
hәyatından verilmiş başqa bir şәkil (¹ 9).
İran şәhәrlәrindәn birinin
küçәsindә örtülü karetada
tanınmış bir şәxs öz xanımı ilә
gedir; xanım tülә vә çadraya
bürünmüşdür. Fәrraşlar qabaqda
gedәrәk qışqırırlar: "Çәkil,
yol ver, gözlәrini yum, kor ol!" Onlar tәsadüfәn
hәmin küçәdә qarşılarına
çıxan iranlıların kürәyinә vә
peysәrinә zәrbәlәr endirirlәr,
küçәdәki iranlılar fәrraşların
әmrinә tabe olub, üzlәrini divara çevirir
vә gözlәrini yumurlar ki, karetada gedәn
mötәbәr şәxslәri görmәyә
cәsarәt etmәsinlәr. Bütün bu
hadisәlәr XX әsrdә baş verir.
"Molla Nәsrәddin" uşaqların
ev vә mәktәb tәrbiyәsi
mәsәlәsinә böyük diqqәt edir,
müsәlmanlarda uşaqların ev tәrbiyәsinin
nә qәdәr acınacaqlı bir
vәziyyәtdә olduğunu vә bu
mәsәlәnin, ümumiyyәtlә, necә
yanlış qoyulduğunu göstәrәn kәskin
qeydә jurnalın demәk olar ki, hәr
nömrәsindә tәsadüf edә bilәrsiniz.
Jurnalın altıncı nömrәsindә dәrc
olunmuş "Laylay"dan görünür ki,
müsәlman anaları uşaqlara hәlә
beşikdә ikәn necә müdhiş mәtlәb
vә fikirlәr aşılayırlar. Hazırcavablıqla
yazılmış bir sıra mәqalәlәrdә,
mәsәlәn, "Niyә mәn dәrsdәn
qaçdım?" adlı mәqalәdә
"Hop-hop" adlı bir nәfәr bizim
mәktәblәrin nöqsanlarını çox aydın
göstәrib deyir ki, bu mәktәblәr
uşaqların mәnәvi keyfiyyәtlәrini vә
zehni qabiliyyәtlәrini artırmaq әvәzinә,
onların әxlaqi cәhәtdәn korlanıb
şikәst olmalarına kömәk edir.
Jurnalda verilәn mәktublar çox
bacarıqla tәrtib olunur. Onlarda Qafqazın müxtәlif
yerlәrindәki sakinlәrin adәtlәri vә
әnәnәlәri göstәrilir. Xüsusilә
İrandan vә Turkiyәdәn verilәn teleqramlar da maraqlı
olurlar. Onlardan bәzilәrini misal çәkәk:
"Tәbriz. 30 mart. Hacı Qurbanın şәkәr
zavodu yandı vә iki milyon zәrәr mülahizә
olunur". "Tehran, Tehrandan Bәndәr-buşirә kimi
telsiz teleqraf işlәmәyә başladı".
"German-Şiraz dәmir yollarının tәtillәri
gözlәnir". "İstanbul. 29 mart. Küçә
gedәn vaxt öskürmәyi Osmanlı hökumәti
әhaliyә qadağan edibdir" vә ilaxir.
İran tәqvimindәn alınan vә
jurnalda verilәn mәlumat da çox maraqlıdır.
Hәmin mәlumatda, mәsәlәn, deyilir: Bu il
hәmişәki kimi çox toz olacaqdır. Hәrgah
yağış yağsa, yerdәn nәbatat çox
göyәrәcәk.... İran tәrәqqi
edәcәk, Yaponiya tәnәzzül. Osmanlı ilә
Bolqariya ya dava edәcәk, ya etmәyәcәk. Dava
etsә, ya Osmanlı basılacaq ya Bolqariya. Ulduzların
vәziyyәti ülәmalar üçün saatın
xoş olduğunu xәbәr verir. Ülәmalar
"İrşad" qәzetini vә "Molla
Nәsrәddin" jurnalını
lәnәtlәyәcәk vә bütün yeni
elmlәrin hamısını baykot edәcәkdir.
Jurnalın şәkillәrinә
gәldikdә, demәk olar ki, onun rәssamı
(O.Ş.-linq) yerli әhalinin mәişәtini, adәt
vә әnәnәlәrini gözәlcә
öyrәnmişdir. Onun bәzi şәkillәri
bilavasitә hәyatdan alınmış
lövhәlәri bütün dolğunluğu ilә
oxucuya göstәrir. "Qoç
döyüşdürmәk", "Qәzet satan vә
dövlәtli tacir", "Әdalәt" (qalaq
vermәk әhvalatı), "Әziz qonaqlar",
"Mәclisi-әdәb", "İyirminci әsr",
"Cümә. Dükanlar bağlı", "Qrammatika
mübahisәlәri", "Vәqf",
"Şәriәt dәrsindәn imtahan", "Tacir
Xoncaxani" vә başqa şәkillәr belәdir.
Ümumiyyәtlә, "Molla Nәsrәddin"
çox yaxşı tәsir bağışlayır vә
öz çәtin vәzifәsini hәlәlik
müvәffәqiyyәtlә yerinә yetirir. Yәni
azәrbaycanlıların vaxtı keçmiş,
köhnәlmiş görüşlәrini, anlayış
vә adәtlәrini gülüş yolu ilә aradan
qaldırmağa, onların adәtlәrini islah etmәyә
vә özlәrini dә oyadıb, yeni, nәcib vә
ciddi fәaliyyәtә sövq etmәyә
çalışır. Biz C.Mәmmәdquluzadәyә
sәmimi qәlbdәn müvәffәqiyyәtlәr
arzu edirik vә ümidvarıq ki, müsәlman
cәmiyyәti bu faydalı vә yeganә jurnalın
nәşrinә kömәk göstәrәcәkdir.
1906.