TӘZӘ KİTAB

 

 

 

 

Türk dilindә, Azәrbaycan şivәsindә tәzә bir kitabın әdәbiyyat xәzinәmizә daxil olmasını kәmali-iftixar ilә izhar edirik. Mәzkur kitabın Avropa әdәbiyyatının әn müqtәdirlәrindәn bulunan ingilis şairi-mәşhuru Şekspirin asari-әdidәyi-mәqbulәsindәn "Otello"nun qisseyi-pürqüssәsinin tәrcümәsidir. Mütәrcimi Haşımbәy Vәzirovdur ki, әrbabi-qәlәmimizdәn hesab olunub, onun "Evlәnmәk -- su içmәk deyil" adında yazılan komediyası neçә dәfә Qarabağda oynanıb, tamaşaçıların tәhsin vә tәrifini cәlb etmişdir. Şekspir kimi böyük şair vә tragediya (faciә) yazmaqda әdibi-binәzirin әsәrini bizim kasıb vә rәkik dilimizә tәrcümә etmәk filhәqiqә böyük hünәrdir vә biz kәmali-cürәt ilә deyә bilәrik ki, cәnab Vәzirov öz öhdәsinә götürdüyü mühüm әmri layiqincә yerinә yetiribdir. Mәzkur tragediyanın mәzmunu ilә hörmәtli "Şәrqi-Rus"un oxucularını aşna etmәyi burada müvafiq görürük.

 

Qәdim әsrdә indiki İtaliya dövlәtinin tәhti-idarәsindә olan Venetsiya şәhәri mәxsusi bir dövlәt olub, cәmi dünyada öz şöhrәt vә ticarәti ilә mәşhur idi. Venetsiyanın işlәrini senat dolandırırdı, padşahı yoxdu. Senat isә ibarәt idi alinәsәb, dövlәtmәnd, ağıllı vә insaflı әşxasın icmaindәn. Bunların sәdrnişini "doj" lәqәbi ilә mәşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qәt elәyәn işlәri tәsdiq edirdi. O vaxtlarda Venetsiya hәr yerin adamları ilә alış-veriş edib, Şәrq ilә Qәrb arasında böyük bir ticarәt mәrkәzi hesab olunurdu vә bu dövlәt әksәr övqat әtrafda sükunәt edәn әqvam vә milәl ilә dava edәrdi. O cәhәtdәn hәr yerdә rәşid vә qoçaq adamlar var idisә vә hәr kәs nam, şöhrәt vә dövlәt tәmәnnasına düşürdüsә, Venetsiyaya cәm olunurdu. Bu vaxtlar Otello dәxi gәlib hәmin şәhәrә çıxdı. Otellonun әsli әrәbdir, Afrika qitәsinin şimal sәmtindә sükunәt edәn Marokko tayfasındandır. Bu tayfa indi dә öz rәşadәt vә şücaәti ilә mәşhuri-cahandır. Otello öz hünәr vә rәşadәti sayәsindәn Venetsiya dövlәtinә böyük qulluqlar vә bimisl xidmәtlәr göstәrmişdi vә bunun әvәzindә ona böyük mәnsәb verilmişdi vә hәr yerdә onun hörmәti vә izzәti artıq idi. Amma bununla belә Venetsiya әhli, xüsusәn әyan vә әşraf bunu dәxi unutmazdılar ki, Otello әcnәbi millәtdәndir, o nә qәdәr qoçaq vә rәşid olsa, yenә onlar ilә bәrabәr ola bilmәz -- o qara әrәbdir.... Senatın üzvü vәzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vәcihәyi-zaman vә cәmilәyi-dövran, әql vә ismәtdә misl vә bәrabәri yox idi. Dezdemona Otelloya tәәşşüq yetirir vә onun eşq vә mәhәbbәtinә sәbәb Otellonun zahiri sifәti olmayıb, rәşadәt vә zirәkliyi olur. Belә ki, Otello tez-tez Brabansionun evinә gәlirmiş. Vәzir özü onun söhbәtini çox sevәrmiş. Otello başına gәlәn qәza-qәdәri, pürxәta sәfәrlәrini, dәrya vә quruda ittifaq düşәn cәnglәri, düşmәnin әlinә әsir düşmәsini vә ondan xilasını fәsahәtlә söylәdikcә Dezdemona hәr bir şüğlünü unudub huşi-guş ilә onun söhbәtinә qulaq asardı. Axırda Dezdemona Otellodan tәvәqqe elәyir ki, bu söhbәtlәri ona mәxsusi vә müfәssәl nәql elәsin vә Otello başına gәlәn xatalı hekayәtlәri söylәyәndә, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlәrindә yaş görünmәyә idi vә hәmişә nağıl tamam olanda dәrin ah çәkib deyәrdi: "Kaş allah mәni dә belә yaratmış olaydı" vә Otellodan razılıq edib bunu da artırardı: "Hәrgah sәnin bir dostun bu tövr işlәri tutmuş olsa idi, mәn onu canü dildәn sevәrdim". Bu minval nazik vә zәrif ima vә işarәlәr ilә öz mәhәbbәtini Otelloya izhar edәrdi vә Otello dәxi o aşiq olmağını bildirib, bir-birinә saf-dildәn mәhәbbәt bağladılar.

 

Bir gecә Otellonun bәdxahları qızın atasını yuxudan oyadıb ona xәbәr verirlәr ki, sәnin qızın ismәt vә hәyanı unudub qara әrәb ilә işrәt etmәkdәdir. Brabansio bu әhvaldan ziyadә pәrişan vә qәzәbnak olub gedir senata şikayәtә. Bu әsnada belә ittifaq düşür ki, osmanlılar Kipr (Qibris) cәzirәsinin üstünә hücum edirlәr vә senat Otellonu Kiprin valisi tәyin edib, onu düşmәnin müqabilinә göndәrmәyi qәrar qoyurlar. Vәzir Brabansio şikayәtә gәlәn vaxtı Otello dәxi mәzkur işdәn ötrü senata tәklif olunur. Burada vәzirin şikayәtinә artıq etina olunmayır vә Dezdemona özü senatorların hüzurunda Otelloya olan mәhәbbәtini vә onu özünә әrliyә qәbul etmәsini kәmali-cürәt vә fәsahәtlә tәqrirә götürür.

 

Kipr cәzirәsindә Otello ilә Dezdemonanın eyş vә işrәti çox müddәt çәkmir. Adamların düşmәni şeytan hәr zaman vә mәkanda insan libasına girib bәni-növi-bәşәr arasında fәsad vә inqilab törәtmәkdәdir. Otellonun paruçiki Yaqo ki, onun ziri-dәstindә qulluq edirdi, öz ağasından narazı idi. Narazılığına ümdә sәbәb onun zatında olan cibilli şeytәnәt, büxl vә hәsәd idi vә bundan әlavә, o öz ağasından bir işdәn bәdgüman olmuşdu. Vә bir dә Yaqo xahiş edirdi ki, Otello ona leytenantlıq mәnsәbini versin. Amma Otello o mәnsәbi Kassio adında özgә bir şәxsә hәvalә etmişdi. Kassio isә çox gözәl, insaflı vә qeyrәtli bir şәxs idi ki, öz ağasına vә onun xanımıma sәmimi-qәlblә mәhәbbәt vә iradәt göstәrirdi. Yaqo Kassionun gözәlliyini әldә böyük dәstaviz edib, cüzi vәsilәlәr ilә aralığa fitnә vә fәsad salıb, onu öz istәkli zövcәsindәn bәdgüman elәyir vә Kassio ilә Dezdemonanın mabeynindә mәhz ülfәt vә mәhәbbәt olduğunu qisim-qisim dәlillәr ilә әrәbә sübut qılır. Yaqo öz arvadı Amaliyanı vadar edir Dezdemonanın dәsmalını oğurlamağa vә Amaliya gedәndәn sonra öz-özünә deyir: "Mәn dәsmalı Kassionun otağına salaram, o da tapıb götürәr, bәdgümanlıqda lap cüzi әlamәtdәn böyük fәsadlar törәr. Mәn әrәbi zәhәrlәmişәm, onun xasiyyәtindәn ötrü bir yüngülcә bәdgünanlıq çox böyük zәhәrdir. Әvvәlcә o zәhәr tәsirsizdir. Elә ki, qana qarışdı, kükürd kimi yandırıcı olur". Bu hindә әrәbi kәnardan ona tәrәf gәlәn görüb deyir: "İndidәn sonra nә tiryәk, nә bәng vә nә dә dünyanın bir dәrmanı sәnә dünәnki rahat yuxunu qaytara bilmәz". Amaliya dәsmalı oğurlayıb әrinә verir vә әri dә onu Kassionun otağına atır. Kassio dәsmalı tapıb çox heyrәtә düşür ki, bu dәsmal nә sayaq vә haradan onun otağına düşübdür vә mәlum ola ki, hәmin dәsmalı Dezdemonaya Otello bağışlayıb. Ondan tәvәqqe edilmişdi ki, onu yaxşı saxlasın, çünki anasının yadigarıdır. Buna binaәn Dezdemona dәsmalı arayıb tapmayanda, ziyadә tәşvişә düşmüşdü vә hәr kәsdәn onun sorağını edirdi. Çün dәsmalı çox zәrif vә üstü gözәl çiçәklәr ilә tikilmiş bir dәsmal idi. Kassio onu öz aşnası Biankaya vermişdi ki, onun mislini ona tikib versin. Yaqo şeytәnәt edib Otelloya deyir ki, Dezdemonanın sәnә olan xәyanәti ondan naşidir ki, sәnin әziz yadigarını öz sevgilisi Kassioya bağışlayıbdır. Bu xәbәr hәr şeydәn artıq әrәbin namusuna toxunub intiqam almaq arzusu onun qәlbinә şölәvәr olur. Yaqo  ona söz verir ki, Kassionu öldürsün. O da Yaqoya deyir ki, mәn öz bivәfa zövcәmi tikә-tikә doğrayacağam. Yaqo ona mәslәhәt görür ki, onu doğramasın vә zәhәrlә dәxi öldürmәsin. Onu biüzm elәdiyi yorğan-döşәkdә boğsun. Hirsli әrәb dәxi bu şeytanın vәsvәsәsinә firiftә olub öz istәkli zövcәsini boğub hәlak elәyir. Nә qәdәr Dezdemona ona yalvarıb özünün pak vә günahsız olmağını ona isbat edirsә, o qәbul etmәyir. Biçarә Dezdemona gecәnin yarısında can verәn zamanı Yaqonun arvadı Amaliya oraya gәlib Kassionun yaralanmağını әrәbә xәbәr verir vә öz xanımının ah vә nalәsini eşidib, tәlәsik özünü onun üstünә salır vә görür ki, canını tәslim etmәkdәdir. Otellodan әhvalı bilib, başlayır onu danlamağa vә ağzına gәlәn sözlәri kәmfәrasәt әrәbin haqqında söylәmәyә. Dezdemonanın pak vә ismәtli olmağını Otelloya sübut edib hәqiqәti-halı vә dәsmalın oğurlanmasını bişüur әrәbә bildirib, hәr bir barәdә öz mühil vә müfsid әri Yaqonu müqәssirlәndirir. Bu halda Yaqo dәxi oraya gәlib öz övrәtinin sözlәrini eşidәndә görür ki, işin üstü açılır vә bir zәrbә ilә övrәtini hәlak edir.  Otello әhvalı bilәndәn sonra çox peşiman olur; vә lakin bu peşimanlıqdan bir sәmәr olmadığını bilib, әvvәlcә Yaqonu vә sonra özünü hәlakә yetirir.

 

Bu ibrәtamiz vә riqqәtәngiz faciәni әdibi-binәzir Şekspir ziyadә mәharәtlә tәrtib vә tәnzim edibdir. Belә ki, sәhnәyi-tamaşada neçә dәfә vәz olunmuş isә dә, tamaşa edәnlәri ağladıb qәmnak qılmışdır. Bu tragediya nüktәamiz hissiyyati-aliyyә vә әfkari-hәkimanә ilә malamal olmağa binaәn mütaliәsini hәr әhli-savad müsәlman qardaşa sәlah görürük.

 

Nәzәrimizә gәlәn qüsurlardan bәzilәrini burada göstәrmәyi dәxi lazım bilirik.

 

Әvvәla, cәnab mütәrcim dilin sadәliyini nәzәrә alıb da kitaba elә kәlmәlәr daxil edibdir ki, onlar yalnız bir Qarabağda istemal olunur. Mәsәlәn: "hasand" asan әvәzinә, "haçar" açar әvәzinә, "heylә" elә әvәzinә, "pikara" cüzi әvәzinә vә habelә.

 

Vә saniyәn, bir para әlfaz vә ibarәlәri cәnab mütәrcim eyni ilә rusdan türk lisanına tәrcümә etmәklәri ilә әsil mәnanı dolaşdırıb çәtinә salıbdır vә bir neçә yerlәrdә kalamdan әsla mәna çıxmayır. Mәsәlәn, 33-cü sәhifәdә: Yaqo -- Xeyir, gözәl heç vaxt axmaq olmaz vә axmaqlıq ona evlad sahibi olmağa mane olmaz. Yenә hәmin sәhifәdә: Yaqo -- Dünyada o çirkin vә әqilsiz yoxdur ki, gözәl vә әqillilәr doğan axmaqlardan doğmasın. 37-ci sәhifәdә: Yaqo -- Bundan әlavә cavan vә gözәldir, hansılara ki, cahıllıq vә axmaqlıq hәmişә hәmağuşdur, bu da qәribә çapıq şeytandır. Dezdemonaya bir qәdәr tәsir edib.... 70-ci sәhifәdә: Otello -- Dünyada hәrgah xәncәr, kәndir, od, dәrin sular qalırsa, o bivәfalığa sәbr edә bilmәyәcәyәm, allah rizasına, tez yәqinlik verin.

 

Bu kәlmәlәrin çoxusu, necә ki, oxucular özlәri müşahidә edirlәr, әsla bimәzmundur vә әgәr bәzindә mәzmun var isә, o da qәliz vә bitәrkib ibarә vә әlfazlar ilә pәrdәlәnibdir desәk sәhfimiz olmaz; vә salisәn, bir para eyham vә kinayәlәr ki, rus dilindә onların mәxsusi mәnaları var, türk dilindә ola bilәr ki, onlardan mәna çıxmasın. Mәsәlәn: 89-cu sәhifәdә: "Otello -- Onu tikә-tikә elәyәcәyәm, o mәnә buynuz qayırır?" Rus dilindә flan arvad әrinә buynuz qoyubdur demәk, ona işarәdir ki, öz zövcü haqqında xәyanәt edib, kәnardan özünә aşna tutubdur. Amma türk dilindә buynuz qayırmağın әsla mәnası yoxdur. 95-ci sәhifәdә: "Bir damcı sәbir", "zәhlә getmәk barmağı" kimi istilahlar rus vә ya sair dillәrdә varsa da, bizim türk lisanında yoxdur.

 

Bununla belә, zikr olunan qüsurlar kitabı qiymәt vә hörmәtdәn salmayır, o çox gözәl vә sadә dildә tәrcümә olunubdur. Hәr kәs mütaliә etsә başa düşәr. Çap olunubdur Badikubәdә; qәlәt vә sәhflәri çox azdır; fiyәti 50 qәpikdir. Talib olanlar mütәrciminә rücu etsinlәr: Şәhri-Şuşa, müәllim Haşımbәy Vәzirov.

 

1904.