TAYBUYNUZ ÖKÜZ
Bu günlәrdә qәdim dostlarımdan
birisi ilә görüşüb, onun halına çox
tәәccüb elәdim. Bizim axırıncı
görüşüb ayrılmağımızdan
hәlә üç il tamam gәlib keçmәyibdir.
Amma bu az vaxtın әrzindә әziz dostum bir o
qәdәr dәyişilibdir ki, әgәr
әvvәlcә o mәnә salam verib,
әhval-pürsan olmasa idi vә sәsini çıxartmasa
idi, mәn onu tanıya bilmәyәcәkdim. Rast vә
gözәl qamәti әyilib, rәngi soluxub,
gözlәrinin işığı gedib, sәsi
zәiflәnib, üzünün vә başının
tüklәri çallanıb vә tamam cüssәsi
balacalanıb, qәrәz, canı-başı salamat,
tәndürüst vә müqtәdir bir halda ikәn
indi çox hәqir vә mәyus görünürdü.
Doğrusu ki, dostumun bu pozğun halda vә pәrişan
sifәtdә olmağı mәnә dә artıq
tәsir edib, halımı digәrgun vә xarab elәdi.
Ağzımı açıb, onun bu gunә
pәjmürdә hala düşmәyinin sәbәbini
soruşmaq istәyirdim ki, onun özü guya mәnim fikrimi
duyub, başladı öz әhvalını vә
başına gәlәn qәza vә qәdәri
söylәmәyә. Sözlәrindәn mәlum oldu
ki, hәqiqәtdә kişinin dәrdi çox imiş
vә o biçarәni bu hala salan ağ gün
olmayıbdır, qara gün olubdur. Bir xeyli öz
әhvalatından söylәyib, axırda
ürәkdәn bir ah çәkib dedi: Qәrәz,
nә başını ağrıdım, mәnim dәrdim
yerә-göyә sığası deyil, mәnim
günüm taybuynuz öküzün günündәn
bәdtәrdir. Vә hәqiqәt hala mültәfit
olsanız, yalqız bir mәn deyilәm; hamı
müsәlman qardaşlar taybuynuz öküzün halında
yaşayıb zillәt vә üsrәt ilә
güzәran keçirmәkdәdirlәr. Vәli biar
vә xüsusәn avam olmaqları cәhәtә
öz hallarından bixәbәrdirlәr vә
qәzalarına razı olub, hәr qisim zülm vә
sitәmә sәbr vә tәhәmmül edirlәr.
Vә çox bәrkә düşәndә
özlәrinә bu gunә tәsәlli verirlәr:
Kişinin aqibәti gәrәk xeyir olsun. İnşallah,
aqibәt vә әbәdi sәadәt biz müsәlmanlar
üçündür. Bu dünyamız yox isә dә,
axirәtimiz var. "Mәhәmmәd ümmәti damda
qalmaz". Amma mәsәlәnin ikinci misrasını
unudurlar vә ya qәsdәn demirlәr ki, "Damdan
çıxınca canı da qalmaz...."
Dostumdan tәvәqqe elәdim mәnә
bәyan etsin görüm taybuynuz öküzün halı
necәdir ki, onu öz halına vә
müsәlmanların halına tәşbih qıldı. O
gülümsünüb dedi: Taybuynuz öküzün halı
belәdir ki, onun buynuzunun biri yoxdur vә belә olan
surәtdә o yazıq necә ki, lazımdır
özünü xәta vә bәladan mühafizә
edә bilmir. Onun taybuynuz olmağına da sәbәblәr
çoxdur: ola bilәr ki, xilqәtdәn elә mәyub
yaranmış ola vә yainki cahillikdә keyfi qalxıb
öz hәmcinsi ilә oynaşıb buynuzlaşan zamanı
hәmcinsi ona güc gәtirib, basıb buynuzunun birini
dibindәn qoparıbdır. Vә elә dә ola
bilәr ki, әvvәlcә xam vaxtda işә
getmәkdә bir az kahıllıq vә tәnbәllik
etmiş ola vә sahibi acıqlanıb hirs vә
qәzәbinin şiddәtindәn vurub, buynuzunun bir tayını
çıxardıbdır vә bundan әlavә yenә
dә qeyri sәbәblәr ola bilәr,
hamısını sadalamağa ehtiyac yoxdur. Hәr halda
әvvәl binadan yazığın günü qara
gәlib, allahın qәzәbinә giriftar olubdur.
Hәm öz hәmcinslәrinin vә hәm dә
bәni-növi-bәşәrin nәzәrindә
hörmәtdәn düşübdür. Biçarә
guya özü dә öz fәna halını dәrk
edib, taleyinә tabe olmaqdan başqa bir çarә bilmir
vә cümlәnin xahişini әmәlә
gәtirmәkdә olub, öz arzu vә
tәmәnnalarını unudubdur vә o gündәn
bәri xoş günlük vә rahatlıq qeydinә
duşmür vә müttәsil övqatını
zәhmәt vә mәşәqqәtdә
keçirib, bir kәsdәn çәkdiyi
zәhmәtin әvәzinә razılıq vә
xoş sifәt görmür. Bir dәfә sahibi onu xoş
dillә dindirib könlünü almır.
Әgәrçi öküz dilsiz-ağızsız
heyvandır, özü danışmır, amma onun
barәsindә danışılan sözlәrin
çoxunu anlayır. Mәgәr sәn
görmürsәn әkinçi yer әkәn zaman
nә gözәl sözlәrlә vә xoş avazla
mahnı oxuyub, öküzlәri ilә tәrğib elәyir
vә öküzlәr necә hali-dillә
özlәrini işә verirlәr. Taybuynuz
öküzә heç mahnı oxuyan, xoş dillә onu
oxşayan vә xatirini alan olmur vә işә bir az
ağır gedәndә yaman sözlәrdәn,
töhmәtdәn vә döyülmәkdәn
başqa bir şey görüb eşitmir, onun ac vә susuz
qalmağı da bir kәsin xәyalına girmir....
Amma işә gәlәndә hamı
çarpalardan әvvәl yada düşәn taybuynuz
öküz olur. Odunamı getmәk, suyamı getmәk
lazımdır, taybuynuz öküz olsun, cüt
әkmәkmi lazımdır, yenә taybuynuz öküz
gәlsin, dәyirmana dәn aparmaq vә dәyirmandan unu
evә gәtirmәk taybuynuz öküzün borcudur,
xırmanda taxıl döymәk ancaq taybuynuz
öküzün işidir. Bu ağır işә yayın
isti günlәrindә ondan savayı hansı heyvan tab
gәtirә bilәr? Vә çox vaxt xırman
döyәndә yazığın ağzını da
bağlayırlar ki, belә rәnc vә
zәhmәtlә döydüyü arpa-buğdanın
külәşindәn vә әlәfindәn
yemәsin. Bunların hamısına yenә bir sayaq tab
gәtirmәk olar, bunlar demәk olur ki, dәrdin yarısıdır.
Fәqirin işi әlәlxüsus çәtinә
düşür köç-düş zamanı. Mәlumdur
ki, bir az hava qızdı, tәrәkәmә әhli
aranda dayana bilmәz. Gәrәkdir yaylağa
qaçsın vә orada soyuq düşәnә kimi
gәrәk bağ-bostan solmamış özünü arana
yetirib şalaqdan vә kal meyvәdәn yeyib qızdırmaya
düşsün. Bu dağdan arana vә arandan dağa
köçәn zaman taybuynuz öküz kor әzabı
çәkir: harada ağır vә narahat yük varsa
sarınır onun belinә vә bundan әlavә bir o
qәdәr dә üstәlik qoyulur. Köç
vaxtı özün bilirsәn ki, xırda-para şeylәr
çox olur vә tәrәkәmә әhlindә
dә insaf olmaz, әlinә hәr nә gәlsә
ağırlığına, yüngüllüyünә
baxmayıb atır dilsiz-ağızsız heyvanın üstә:
sac, tәknә, sacayaq, cәhrә, nehrә, yun
darağı, toyuq sәbәti, su sәnәyi vә yuz
cürә belә şeylәr bağlanır taybuynuz
öküzün üstә vә hansı ki, dinmәz
vә fәrağәt durub üstünә yük
qoyulduqca itaәt boynunu әyib guya zәban halilә duyur:
"Ey bimürüvvәtlәr! Çox da mәn sizin
cövr vә sitәminizә sәbr edib
dinmәyirәm; sizdә dә bir insaf olsa nә olar, ey
allahdan bixәbәr insan!?"
İndi, әzizim, cәhd elә taybuynuz
öküzun halına düşmә, yoxsa insan
övladından rәhm vә mürüvvәt
gözlәmәk olmaz. Әgәr bilmәk istәsәn
ki, nә sәbәbә taybuynuz öküzdәn
savayı özgә heyvanatın haqqında belә zülm
olunmur. Onu da әrz elәyim, özgә heyvanlardan
bәzisini, sәbәb nә isә, sahibi әziz tutur.
Ağır işә salmır ki, arıqlar, әtdәn
vә sifәtdәn düşәr. Bәzisi
ağır yük götürmür, bir az yükü
ağır olanda şıllaq atıb soncuqlayır,
yükünü aşırır vә üstündә
olan qab-qacağı töküb sındırır. Bәzisi
dә kahıl vә inad olub, işә getmir. Yük
altında bir az yol gedib yatır, elә ki, yatdı, daha
durmağına ümid yoxdur, nә qәdәr
acıqlanırsan, döyürsәn, әsla ona kar
elәmәyir. Çox vaxt görürsәn ki,
yükünü dә açıb özgә taybuynuz kimi
heyvanlara yüklәyirlәr, yenә dә durub getmәk
istәmir. Belә heyvanın dәrisini soymaqdan başqa
özgә әlac yoxdur. Vә bәzisini dә
işә artıq qoşanda tündlәşib buynuz
göstәrir, belә ki, axırda yenә zәhmәt
taybuynuz öküzün üstә düşür. Nә
elәmәk? Әvvәl başdan o binәvanın
günü qara gәlibdir. Allah heç bәndәsini taybuynuz
öküzün gününә salmasın!
1906.