"VӘTӘN  DİLİ" DӘRSLİYİ   HAQQINDA CӘNAB ŞİRVANSKİNİN RӘYİ MÜNASİBӘTİLӘ

 

 

 

 

(Redaksiyaya mәktub)

 

 

Cәnab Q.B.K.Şirvanski, Çernyayevskinin "Vәtәn dili" dәrsliyi barәsindә "Zaqafqazye" qәzetinin 58-ci nömrәsindә dәrc olunmuş resenziyasında tәhlil etdiyi әsәrә bir o qәdәr dә әdalәtli qiymәt vermir. Hәmin dәrsliyin son iki nәşri mәnim redaksiyam altında çıxdığına görә cәnab Şirvanskiyә onun bәzi qeydlәrinin әsassız olduğunu göstәrmәyi lazım bilirәm.

 

Hәr şeydәn әvvәl, cәnab Şirvanski dәrsliyi süni olaraq beş hissәyә ayırır ki,  onların hәr birinin haqqında  ayrıca  mülahizә  söylәsin.  Kitab cәmi  iki hissәdәn  ibarәtdir:   birinci hissәdә  rәsmxәtt öyrәtmәk üçün 50-yә qәdәr cizgi, genetik üsulla hüsnxәtt öyrәtmәyin tam kursu, әyani-sövti üsulla yazını vә oxunu birlikdә öyrәtmәk üçün әlifba, habelә Azәrbaycan yazı vә çap әlifbası dәrc olunmuşdur. İkinci hissә әlifbadan sonra ilk oxu kitabıdır vә uşaq anlayışına uyğun olan kiçik mәqalәlәrdәn, tәmsillәrdәn, orijinal vә tәrcümә edilmiş şerlәrdәn ibarәtdir. Cәnab  Şirvanski  rәsmxәtt  üçün  birinci  sәhifәdә dәrc  olunmuş   nümunәlәri  dәrsliyin   qüsurlarından hesab edir vә onun fikrincә, bu nümunәlәrin heç biri müsәlman  hәyatından  götürülmәmişdir.  Biz  isә  tәsdiq edirik ki, hәmin şәkillәrin әksәriyyәti mәhz müsәlman hәyatından götürülmüşdür; burada yalnız mebel qismindәn olan, mәsәlәn, stol, stul, çarpayı kimi son zamanlarda az-çox varlı müsәlman evlәrinin, demәk olar ki, hamısında tәsadüf olunan şeylәr istisna tәşkil edә bilәr. Hәmin nümunәlәrin arasında saat, lampa, çaynik, stakan, kәllә qәnd, ağızlıq, kitab, çeşmәk vә ilaxir kimi şeylәrin dә şәkillәri vardır. Belә olan surәtdә demәk olarmı ki, istisnasız olaraq bu şәkillәrin heç biri müsәlman hәyatından götürülmәmişdir? Doğrudanmı cәnab Şirvanski belә hesab edir ki, azәrbaycanlıların saatı, çeşmәyi, lampası, çayniki, tәrәzisi vә orağı öz formasına vә zahiri görünüşünә görә rusların, yaxud gürcülәrin işlәtdiyi hәmin şeylәrdәn nә ilә isә kәskin şәkildә fәrqlәnmәlidir?

 

Cәnab Şirvanski әlifbanı, yәni uşaqlara ana dilindә savad öyrәtmәk üçün verilmiş ilk dәrslәri nәzәrdәn keçirәndә dә bu cür mәhdudluğa vә bundan da qәribә ifrata yol verir. O belә hesab edir ki, dәrsliyin bu hissәsi "42 şәkillә gözәl vә zәngin bәzәnmişdir, bu şәkillәrin isә heç birinin bizim hәyatla hәtta uzaq bir әlaqәsi dә yoxdur, dәrsliyin qüsurlarından biri dә elә budur". Cәnab Şirvanskinin "Vәtәn dili" kitabındakı әlifbanın şәkillәri haqqında bu qәdәr qәti şәkildә dediyi bu fikri müәllifin, haqqında mülahizә yürütdüyü predmetlә tanış olmadığını vә bu barәdә heç nә bilmәdiyini göstәrir. Adәtәn uşaqlara ilk savadı öyrәtmәk üçün әlifba bir neçә dәrsdәn ibarәt olur. Hәr dәrsdә uşaqlara bir vә ya iki sәs öyrәdilir; şagirdlәr hәmin sәslәri müәllimin aydın vә uzadaraq dediyi vә hәr hansı bir predmeti bildirәn müәyyәn sözlәrdә axtarıb tapırlar. Mәsәlәni asanlaşdırmaq, әyani vә maraqlı etmәk üçün müәllim ya hәmin predmetin özünü, ya modelini, ya da şәklini şagirdlәrә göstәrir; şagirdlәr hәmin predmetin adını deyirlәr: mәsәlәn, "At" sözündә şagirdlәr "t", "Diş" sözündә "i", "Açar" sözündә "ç" sәsi ilә tanış olurlar vә i. a. Tamamilә aydındır ki, әyanilik üçün predmetlәrin әlifbada verilmiş şәkillәrinin bu vә ya digәr bir xalqın vә ya millәtin hәyatı ilә müәyyәn bir әlaqәsi yoxdur vә ola da bilmәz. İnsan bәdәni üzvlәrinin, ev heyvanları vә quşlarının, dәrs vәsaitinin vә bir çox müxtәlif predmetlәrin şәkillәri, milliyyәtindәn asılı olmayaraq, hamı üçün eyni bir mәnanı vә anlayışı ifadә edir. Cәnab Şirvanski kimi inandıra bilәr ki, Çernyayevskinin dәrsliyinin dördüncü sәhifәsindәki şәkildә "Azәrbaycan atı" yox, "rus atı", yaxud 11-ci sәhifәdәki şәkildә "Azәrbaycan dişi" yox, "gürcü vә ya ermәni dişi" göstәrilmişdir? Әgәr inandıra bilmәzsә, onda 42 şәkildәn heç birinin bizim hәyatla (yәni müsәlman hәyatı ilә) әn uzaq bir әlaqәsi belә olmadığını bu qәdәr qәti şәkildә söylәrkәn, görәsәn dediyi sözlәr üzәrindә heç düşünübmü?

 

Daha sonra  Şirvanski  dördüncü hissәdә özünün süni surәtdә düzәltdiyi yazı vә çap hәrflәri haqqında danışarkәn onu әyanilik xatirinә (?) vә şagirdlәrin asan mәnimsәmәsi üçün  (nәyi?)  kitabın әvvәlinә keçirmәyi faydalı hesab edir. Cәnab Şirvanski burada da özünün bu tipli dәrs kitabları ilә tanış olmadığını büruzә vermişdir. Sövti üsulla ilk savad öyrәtmәk işindә әlifbanı әvvәldә  vermәyin heç bir әhәmiyyәti yoxdur. Çünki bu zaman şagirdlәrә hәrflәrin adları  öyrәdilmir,  bәlkә, didaktika qaydası ilә, yәni deyilişi asan olan sәslәrdәn çәtinlәrinә keçmәk yolu ilә sәslәr, saitlәr  vә samitlәr әzbәrlәdilir. Şagirdlәr öyrәndiklәri dilin bütün sәslәrini әsaslı surәtdә mәnimsәdikdәn sonra onları sәslәrin işarәlәri ilә, yәni әlifbanın düzülüşü ilә tanış edirlәr. İşә heç bir xәlәl gәtirmәdәn әlifbanı dәrslikdәn cәsarәtlә çıxartmaq da olar.

 

"Vәtәn dili"nin II hissәsinin qüsurları haqqında danışarkәn cәnab Şirvanski ona diqqәt edir ki, Talıbzadәnin "Laylay" adlı bir orijinal şerindәn başqa, burada verilmiş bütün mәqalәlәrin, hekayәlәrin, tәmsillәrin, şerlәrin, mәsәllәrin (?) hamısı başlıca olaraq rus әdәbiyyatından, özü dә әn çox Krılovdan vә Puşkindәn (?) edilmiş tәrcümә vә ya iqtibas xarakterli әsәrlәrdir. Cәnab Şirvanski bunu "Vәtәn dili" dәrsliyinin әn ciddi nöqsanlarından biri hesab edir vә deyir: "Burada biz belә bir mәlum hәqiqәti yada salmaq istәyirik ki, uşaqlar üçün hazırlanan dәrslikdә ilk qiraәt dәrslәrinә çox ehtiyatla yanaşmaq, burada milli vә orijinal olmayan hәr şeydәn qaçmaq lazımdır". Cәnab Şirvanskinin fikrincә, belә kitablar üçün türk әdәbiyyatı klassiklәrinin әsәrlәrindәn alınmış nümunәlәr material ola bilәr, çünki onlar "öz ölmәz әsәrlәrindә o qәdәr incilәr vermişlәr ki, xarici müәlliflәrin әsәrlәrini tәrcümә etmәyә ehtiyac yoxdur. Yalnız bu klassiklәrin әsәrlәrini işlәmәk, yәni әrәb-fars ifadәlәrini çıxarıb atmaq, onu uşaqların anladığı türk sözlәri ilә әvәz etmәk lazımdır". Yalnız cәnab Şirvanski kimi Azәrbaycan әdәbiyyatı ilә qәtiyyәn tanış olmayan adamlar belә düşünә bilәrlәr. Görünür, cәnab Şirvanski bilmir ki, Qasımbәy Zakirdәn vә Hacı Seyid Әzim Şirvanidәn başqa, Azәrbaycan yazıçıları vә şairlәri elә bir әsәr vermәyiblәr ki, uşaqların oxuması üçün әlverişli vә yararlı ola bilsin. Yuxarıda adlarını çәkdiyimiz şairlәrin isә bәzi tәmsillәri vә şerlәri yalnız üçüncü vә dördüncü tәhsil illәrindә oxunmaq üçün yararlıdır. Onların әsәrlәrindә fars, әrәb sözlәrini tәmizlәmәk kimi bir dәyişiklik etmәyә bizim nә ixtiyarımız vә nә dә imkanımız yoxdur: kiçik bir dәyişikliklә biz hәmin şerlәrin ahәngini, axıcılığını vә vәznini pozmuş olarıq. Bu şairlәr söz sәnәtkarı hesab olunurlar vә öz bәdii әsәrlәrindә onlar doğrudan da bir çox qiymәtli incilәr yaratmışlar. Lakin uşaqlar üçün düzәlәn dәrslikdә bu incilәrin yeri yoxdur.

 

Qeyd etmәk lazımdır ki, uşaq yazıçıları vә şairlәri bizdә olmamışdır vә indi dә yoxdur. Müasir şairlәr bu cәhәtdәn yeni yetişәn nәslә kömәk etmәk vә mәktәblәrimizin bu tәbii ehtiyacını, heç olmazsa, az-çox ödәmәk üçün nәinki çalışırlar, onlar hәtta türk şairlәrinә kor-koranә tәqlid edәrәk dilimizi rәhmsizcәsinә korlayır vә әdәbiyyatımızın ruhuna yad olan bir ünsür daxil edirlәr. İlk dәrslәrdә oxumaq üçün onların әsәrlәrindәn bir şey seçib götürmәk, südәmәr uşağa çәtin hәzm olan bәrk bir qida vermәyә bәrabәrdir. Öz-özlüyündә aydındır ki, belә bir vәziyyәtdә, özünә yararlı material tapmayanda, istәr-istәmәz müsәlman olmayan müәlliflәrin әsәrlәrinә müraciәt edәcәksәn.

 

Bununla birlikdә, biz cәsarәt edib cәnab Şirvanskini inandırmaq istәyirik ki, "Vәtәn dili" kitabında Talıbzadәnin "Laylay" şerindәn әlavә bizim әdәbiyyatdan vә hәyatdan alınmış xeyli material vardır. Bunlardan "Çoban vә güzgü", "İki dost", "Bülbül vә qarışqa", "İlan vә zәli" vә sairәni göstәrmәk olar. Hәmçinin resenziya müәllifini inandırmağa cәsarәt edirik ki, "Vәtәn dili" kitabında bir dәnә dә olsun tәrcümә edilmiş mәsәl vә tapmaca yoxdur. Onların hamısı orijinaldır, xalqdan götürülmüşdür. Puşkinin әsәrlәrindәn isә "Vәtәn dili" kitabı üçün heç nә götürülmәmişdir.

 

Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cәnab Şirvanski "Vәtәn dili" kitabına qiymәt verәrkәn zәhmәt çәkib onun mәzmunu ilә lazımi qәdәr tanış olmamış vә kitabı yalnız sәthi surәtdә nәzәrdәn keçirtdikdәn sonra öz rәyini yazmışdır. O, dәrsliyin әn başlıca mәziyyәtlәrini: sövti üsulla savad öyrәdilmәsi üçün hәr bir dәrsin diqqәtlә işlәndiyini, kitabın dilinin sadәliyini vә anlaşıqlı olduğunu, izahın canlılığını vә aydınlığını nәzәrdәn qaçırmışdır.

 

Mәrhum Çernyayevski hәrçәnd ki, Azәrbaycan әdәbiyyatının bilicisi deyildi, lakin o, gözәl pedaqoq idi, sadә xalqın vә uşaqların danışdığı Azәrbaycan dilini dә yaxşı bilirdi. Azәrbaycan xalq mәsәllәrini heç kәs öz danışığında onun qәdәr yerli-yerindә işlәtmirdi. Ana dilindә savad öyrәtmәk üçün öz dәrsliyini tәrtib edәrkәn o, bir pedaqoq kimi, yararlı material seçmәyi vә bu materialı canlı uşaq dilindә düzәldib tәqdim etmәyi bacarmışdır.

 

Bizim әqidәmizә görә, Uşinskinin birinci il "Rodnoye slovo" ("Ana dili") dәrsliyi rus mәktәblәri üçün hansı әhәmiyyәtә malikdirsә, Çernyayevskinin "Vәtәn dili" dәrsliyi dә azәrbaycanlılar üçün elә bir әhәmiyyәtә malikdir.

 

1910.