YAKOV SEMYONOVİÇ QOQEBAŞVİLİ
Bu günlәrdә
әbәdi olaraq gözlәrini yummuş qocaman
gürcü müәllimi vә publisisti
Y.S.Qoqebaşvilinin1 parlaq siması, ideal vә arzuları
hazırda hәlә ot bitmәmiş mәzarı
başında acı göz yaşları tökәn
gürcü xalqı üçün yolgöstәrәn
ulduz ola bilәr. Yakov Semyonoviç üçün
göz yaşları tökmәyә dәyәr! O öz xalqını hәqiqi vә dәrin bir
mәhәbbәtlә sevirdi; özünün
bütün qüvvәt vә bacarığını
xalqına xidmәt etmәyә, onun maariflәnmәsi,
mәnәvi inkişafı vә maddi rifahının
yaxşılaşmasına hәsr etmişdi.
Uşaqların vә uşaq
kimi sadәlövh olan xalqının sәmimi dostu olan bu
istedadlı müәllim xalqının sәadәt
vә xoşbәxtliyini maarif toxumu sәpәn
sәmәrәli xalq mәktәblәrindә
görürdü. O, dәrindәn dәrk edirdi ki, hәr
bir xalqın maddi yoxsulluğu, iqtisadi
düşgünlüyü onun zehni yoxsulluğunun, mәnәvi
düşgünlüyünün nәticәsindә
meydana çıxır. Öz xalqını belә bir
yoxsulluq vә düşgünlükdәn xilas etmәk,
onu qaranlıqdan işığa çıxarmağa
kömәk etmәk üçün Yakov Semyonoviç uzun
illәr boyu Gürcüstanın uzaq, qaranlıq vә ucqar
yerlәrinә bilik toxumu yayaraq xalq maarifi sahәsindә
sәmәrәli surәtdә
çalışmışdır.
Bizә elә gәlir ki, gürcü
ziyalılarından heç biri öz xalqının maarif
vә savadlanmasına mәrhum Qoqebaşvili qәdәr
kömәk etmәmişdir. Onun ana dilini
öyrәnmәk üçün tәrtib etdiyi
dәrsliklәr vә çoxlu bәdii әsәrlәri
hәqiqәtәn işığa doğru bir
pәncәrә açmış vә etiraf etmәk
lazımdır ki, onu bu mәnada gürcü Kirilli vә
yaxud Mefodiyi adlandırmaq olar.
Mәrhum Qoqebaşvili xalq
mәktәblәrindә ana dilinin tәdrisinә
böyük әhәmiyyәt vermiş vә onu
müdafiә etmәk üçün bir sıra ciddi
vә әmәli sәciyyә daşıyan
mәqalә vә kitabçalar yazmışdır. O,
uşaqların danışdığı vә sadә
xalqın yaxşı anladığı öz ana dilinin
bütün incәliklәrini vә ruhunu çox
gözәl bilirdi. Onun "Dedaena" ("Ana dili")
vә "Bunebis qari" ("Tәbiәtin qapısı")
kitabları bu sadә, lakin canlı vә gözәl
dildә yazılmışdır. Bu cәhәtdәn
Yakov Semyonoviç rus xalqı vә rus
mәktәblәri üçün әvәzedilmәz
"Rodnoe slovo" (ana dili) yazmış ölmәz vә
dahi Uşinskinin pәrәstişkarı vә
tәqlidçisidir. Qoqebaşvilinin yuxarıda
adlarını çәkdiyimiz kitablarının yerli
әhali arasında belә görünmәz halda on vә
yüz min nüsxәlәrlә yayılması da bununla
izah olunur. Bu dәrsliklәr uşaq tәbiәtinin
vә dilinin sadәliyini çox az nәzәrә alan
Azәrbaycan ibtidai mәktәblәri üçün
kitab tәrtib edәnlәrә tәqlid etmәyә diqqәtәlayiq
nümunә ola bilәr.
Y.S.Qoqebaşvilinin ölümü onun
simasında gözәl oğullarından birini itirәn
gürcü xalqı üçün әvәzedilmәz
bir itkidir. Lakin mәrhum Yakov Semyonoviç üçün
tәkcә gürcü xalqı ağlamır. Bu itki
üçün onu sәmimi qәlbli nadir bir insan, qocaman
müәllim vә tәcrübәli xalq
tәrbiyәçisi kimi qiymәtlәndirәn başqa
qonşu xalqların ziyalı nümayәndәlәri
dә kәdәrlәnirlәr.
1912.