ABBASQULU AĞA BAKIXANOV "QÜDSİ" TӘXӘLLÜS

 

 

 

Mәrhum Abbasqulu ağa Qafqaz şüәra vә üdәbasının mәşhurlarından birisi hesab olunur. Onun pәdәri-büzürgvarı Mirzә Mәhәmmәd xan sani Bakı xanlarının nәslindәndir. Vәqti ki, dövlәti-Rusiyyә tәrәfindәn general-[mayor] Xatuntsevin sәrkәrdәliyi ilә qoşun gәlib Quba nahiyәsini 1806-cı sәnәdә Şıxәli xandan istixrac etdi, Abbasqulu ağanın atası Mirzә Mәhәmmәd xan orada iqamәt edirdi.

Mәzkur nahiyәnin idarәsi ona hәvalә olundu vә xani-mәrhum xeyli müddәt orada xanlıq etdi vә lakin onun vәfatından sonra vilayәt hökumәti rus naçalniklәrinә (komendant) tәslim olundu vә ixtiyari-hökumәt vә rәyasәt müsәlman xanlarının әllәrindәn biryolluq çıxdı.

Mirzә Mәhәmmәd xanın övladından neçә nәfәrlәri rus xidmәtindә olub hökumәt vә izzәt kәsb etmişdilәr. Cümlәsindәn mәşhuru vә qabili mәrhum Abbasqulu ağa olubdur. Bu zati-şәrif ağıl vә zәkavәti sayәsindә az vaxtın içindә bir çox ülum vә fünuna dara olub, müasirlәri beynindә ad vә san qazanmışdı vә Qafqazın hәr yerindә adı söylәnirdi. Mәrhum Salikin müasiri imiş ki, ona "diyari-nәzmü şerdә padşahlıq" lәqәbi vermәklә onu yad etmişdir.

 

Abbasqulu ağa ülumi-mütәnәvveәni, әrәb vә fars dillәrini Qubada vә Dağıstanın sair mәrkәzlәrindә tәhsil etdikdәn sonra Rus tәrәfindәn açılmış divanxanalarda qulluqlar edib, fitri zehn vә fәrasәti ucundan çox tez rus dilini vә o dildә yazıb-oxumağı öyrәnmişdir vә o vaxtın әkabiri nәzәrindә mükәrrәm vә möhtәrәm olub polkovnik çininә nail olmuşdur. Amma axırda dünya şöhrәtini puç, cahü rәyasәt tәlәbini bimәzmun görüb, xidmәtdәn istefa veribdir. İbadәtә vә axirәt sәrmayәsini cәm etmәyә mәşğul olub Hәccә--beytüllaha әzimәt elәmişdir vә tarixi-hicrәtin 1261-ci salında ol cәnab Mәkkeyi-mükәrrәmә ilә Mәdineyi-münәvvәrә arasında "Vadiyi-Fatimә" adlı mәnzildә vәfat edib, haman yerdә dәfn olunmuşdur. Rәhmәtüllahü әleyhi, rәhmәtәn vasiәtәn. [1]

 

[1] Tərcüməsi:

Allah ona çox-çox rәhmәt elәsin.

 

Belә rәvayәt olunur ki, Abbasqulu ağa Qüdsi Hәcc ziyarәtinә әzimәt etdikdә mәşhur Quba qazisi Hacı Molla Abdulla axundu dәxi özü ilә bәrabәr aparmışdı. Vәqti ki, Qüdsi öz ziyarәtini itmama yetirir, üzünü dәrgәhi-hәqqә tutub deyir: "Pәrvәrdigara! Hәr padşahdan mәnә nişan verilibdir, sәndәn dә bir nişan tәmәnna edirәm ki, axır nişanım olsun!"

 

Hacı Molla Abdulla axund o nişandan murad nә olduğunu soruşur. Hacı Abbasqulu ağa deyir: "O nişan bu müqәddәs mәkanda ölmәkdir". Necә ki, mәrhumun arzusunca iş vaqe olur.

"Gülüstani-İrәm"in axırında mәrhum Abbasqulu ağa Qafqaziyada vücuda gәlәn ülәmavü üdәbavü şüәradan filcümlә mәlumat verdikdәn sonra öz seyrü süluku vә tәrcümeyi-halı ilә dәxi bizi aşina edir. Abbasqulu ağa yazır: "Mәn anadan olmuşam hicrәtin 1208-ci ilindә ki, tarixi-mәsihiyyәnin 1794-cü salına mütabiqdir. Anadan olduğum yer Әmirhacıyan (Xilә) qәryәsidir ki, Bakı xanlığında vaqedir.

 

Tәhsilә başladığım vaxt yeddi yaşında idim, fәqәt on ilin müddәtindә etinaya layiq bilik vә mәlumat kәsb etmәyә müqtәdir ola bilmәdim. Bunun da sәbәbi o zamanlar hәr yerdә müharibә vә şuriş davam etmәyi idi.

Bu müddәtin әrzindә öyrәndiyin bir şey var isә, o da fars dilinә kifafınca aşina olduğumdur. Siyasәt alәmindә vücuda gәlәn qovğalar sakit olcağın bizim ailәmiz Qubaya köçdü. Qubaya köçәn zamandan tamam on il әrәb dilinin vә bәzi elmlәrin tәhsilinә ömür vә әmәk sәrf etmişәm. Maddi vә qeyri-sәbәblәrin mane olmağına baxmayaraq, bu müddәtin әrzindә ülumda cüzi bir şöhrәt qazanmağa qadir oldum.

 

Qafqaz nahiyәsinin hәrbi sәrkәrdәsi general Yermolov 1235-ci hicri--1820-ci mәsihi tarixindә mәni hüzuruna Tiflisә dәvәt edib, dövlәti bir xidmәt mәnә tәklif etdi. Tiflisdә sakin olarkәn rus dilini öyrәnmәyә sәyü hәvәs etdim vә bu dilin kömәyi ilә Avropa mәdәniyyәtinә filcümlә bәlәd oldum.

Daima böyük adamların vә sәrkәrdәlәrin yanında olduğumdan Şirvan, Ermәnistan, Dağıstan, Çәrkәzistan, Gürcüstan, Anadolu vә Azәrbaycan vilayәtlәrini gәzib, kamalınca o yerlәrә bәlәd vә aşina oldum.

 

Hәr vilayәtә qәdәm qoycaq oranın әhval, övzavü mәkanına vә әhalinin tәrzi-mәaşına diqqәt yetirdiyim kimi, ürәfa, üqәla vә hükәması ilә dә görüşüb yaxınlaşmağa müvәffәq oldum.

 

Türkiyә vә İran müharibәlәrindә--ki, hicrәtin 1248-ci vә miladın 1833-cü tarixindә vaqe olmuşdu,--mәn knyaz Paskeviçin hüzurunda sahibmәnsәblәr dairәsinә daxil oldum.

 

Bütün Qafqaz sәrhәddini, Don nәhrinin sәvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkәlәrini sәyahәt etdim. Buralarda hәm dövlәt başında mәqam vә mәnsәb sahibi olan kәslәr ilә vә hәm elm vә mәrifәt sahiblәri ilә tanışlıq vә dostluq etmәklә bәxtiyar olmuşam.

Bu sәyahәtimdә ağıla vә ruha qәza vә pәrvәriş verici bir çox şeylәri görüb, onları әxz etmәyә sәy vә himmәt sәrf etmişәm. Bәşәriyyәtin övzavü әhvalına dürüst mültәfit olub özümә yәqin etdim ki, bu dünya dari-fәnadır. Bir şey yoxdur ki, bunda daimi vә әbәdi olsun. Ad vә şöhrәt puçdur. Dövlәt vә mәnsәb müdam bir qәrar üzrә qalmaz. Nә qәdәr nәcib vә mәşhur bir silsilәdәn olursan, ol, vәqti ki, özündә layiqi-etina bir şey yoxdur, xalq nәzәrindә qәdrü qiymәtini itirmiş olursan. Ancaq bir şeyә etiqadım dürüst vә inanmağım möhkәmdir, o da budur: Ülum vә fünun alәmindә bir mәrifәt vә mәharәt qazanar isәn, lazımınca bilik hasil edib özündәn sonra gәlәnlәrә öz elm vә biliyindәn bir sәmәr vә әsәr qoyar isәn, ol vaxt özünü xoşbәxt hesab etmәyә haqqın olar; dari-üqbaya rehlәt edәndәn sonra bu dünyada yenә yaşamış kimi olursan. Belә bir әqidәdә olduğumdan vә bu әqidәni sevdiyimdәndir ki, ona xidmәt etmәyi özümә vacib bilib bir neçә әsәrlәri qәlәmә almağa cәsarәt etmişәm".

 

Haman әsәrlәrin barәsindә aşağıda mәlumat verilәcәkdir.

Mәrhum Abbasqulu ağa qayәtdә zirәk, sahibi-әqlü mәrifәt bir zati-pәsәndidәsifat imiş ki, cümlә müasirlәrinin qәlbindә onun mәhәbbәti var imiş. Elm vә biliyindәn әlavә onun çox rәvan vә zәrif tәbi-şeriyyәsi var imiş.

Türki, farsi vә әrәbi dillәrindә bir neçә tәsnifat vә rәsaili mövçuddur. Hacı Abbasqulu ağanın ehtimamı ilә Qubada bir ürәfa mәclisi tәrtib olunmuşdu. Bu işdә ona artıq dәrәcәdә kömәk edәn dostu Hacı Molla Abdulla axund olubdur. Bu mәclisә Abbasqulu ağanın dost vә aşnaları cәm olub ruhani söhbәtlәr edәrlәrmiş.

Abbasqulu ağanın vәfatından sonra bir müddәt mәclis pozulur vә şer bazarı kәsad olur. Amma sonradan Qubada yenә ürәfa mәclisi tәrtib olunur vә o mәclisin adı--necә ki, Quba şairlәrinin kәlamından görünür,--"Gülüstan" imiş.

Mәrhum Abbasqulu ağa bir pakdamәn, xoşxülq, xoşkirdar vә haqqpәrәst şәxs olduğu üçün öz halü şәninә münasib "Qüdsi" lәqәbini ittixaz etmişdir.

Әgәrçi mәrhum özü şieyi-isna әşәri mәzhәbindә imiş, amma etiqad cәhәtincә qeyri-müasirlәrinә bәnzәmәz imiş vә xülәfayi-sәlasәyә, rәfzü sәbb kimi nalayiq әmәllәrә razı olmaz imiş.

Onun mәslәki vә әqidәsi kәlamlarından vazeh vә aşikardır vә әfalül-ibada dair olan mәsәleyi-әqidәdә "lacәbrә vә latәfviz bәlhiyә beynәl-әmreyni" xüsusunda mәnzum olunmuş bu beytlәr kәlami-bәlağәtni-zamındandır:

 

Hәr kәs әmәl ze xiş nәbinәd nә moumenәst,

Van hәm ke nesbәtәş nә behәq dad kafәrәst.

Biqovve felra becәhan çon vocud nist,

Dәr exteyare-mast әmәl hәm moqәddәrәst.

Qodsi nikust hәr çe resәd әz cәnabe-dust,

Dәr zemne-hәr fәsad sәlahi moqәrrәrәst. [2]

 

[2] Tərcüməsi:

Hәr kәs әmәli özündәn görmәsә mömin deyil,

Öz meylini haqqa tәrәf salmayan kafirdir.

Dünyada qüvvәsiz hәrәkət olmadığından

Әmәl dә bizim ixtiyarımızdadır, hәm dә dәyişilməzdir.

Ey Qüdsi, dostdan hәr nә yetişsә, xoşdur,

Hәr fәsadın arxasında yaxşılıq durur.

 

Mәrhum Qüdsinin mütәәddid әsәrlәrindәn mәşhur olanları bunlardır: "Gülüstani-İrәm"--fars dilindә. Bu kitabın mәalı Dağıstan tarixinә, övzavü әhvalına, onda sükunәt edәn müxtәlif tayfaların dolanacağına, adatü ayinlәrinә vә dillәrinә dair mәlumatdan ibarәtdir.

"Asari-Dağıstan" kitabının müәllifi mәrhum Mirzә Hәsәn әfәndi Әlqәdari,--necә ki, özü yazır,--"Gülüstani-İrәm"dәn xeyli mәlumat vә mühüm әhvalat öz kitabı üçün әxzü istixrac edib, farsdan türkә tәrcümә qılmışdır.

Necә ki, "Gülüstani-İrәm"dә tәhrir olunubdur, Qüdsinin başqa tәsnifatı bunlardır:

1. "Riyazül-qüds"--türk dilindә. Bu kitabın mündәricatı әhli-beyti-rәsulüllah sәllәllahü taala әleyhi vә sәllәmin vәqayei xüsusundadır.

2. "Qanuni-Qüdsi"--sәrfü nәhvi-farsi. Bu kitabdan bir nüsxә hәqirdә vardır. Mәrhum müsәnnif sәrfü nәhvin qәvaidü üsulunu şәrhü bәyan etdikdә hәr bir qayda vә üsul üçün fars dilindә bәzi әbyat, rübaiyyat vә misralar timsal gәtirir. Onlardan bәzini fars şairlәrinin kәlamlarından iqtibas etmişdir vә bәzini öz tәbi-füsunsazı ilә vücuda gәtirmişdir.

 

3. "Kәşfül-qәrayib"--fars dilindә. Yeni dünyanın--Amerikanın kәşfi vә әhvalı xüsusunda.

4. "Tәhzibül-әxlaq"--maarifi-әşya babında, fars dilindә.

 

5. "Kitabi-nәsihәt"--türk dilindә.

 

6. "Eynül-mizan"--әrәb dilindә. İki babdan ibarәtdir.

 

7. "Әsrari-mәlәkut"--fars vә әrәb dillәrindә elmi-nücum vә heyәt babında yazılmış әsәrdir. Burada mәrhum Abbasqulu ağa elmi-nücumdan verdiyi mәlumatı Quranın ayatı rәsuli-xudanın qövlü ilә tәtbiq etmişdir.

 

8. "Ümumi coğrafiya"--fars dilindә.

 

9. "Müşkatül-әnvar"--fars dilindә әxlaqa dair mәnzum әsәrdir.

 

10. "Miratül-cәmal"--farsca әşar.

11. "Kitabi-Әsgәriyyә". Quba әhlindәn Әsgәr adlı bir cavanın keyfiyyәti-halı vә güzarişi-mәalı xüsusunda tәsnif olunmuşdur. Bu, xırdaca vә bamәzә, türk lisanında nәsrәn vә nәzmәn tәlif olunmuş bir hekayәdir. Mәrhum Mirzә Әbülhәsәn bәy Vәzirov "Zövi" tәxәllüsün "Qәvaidi-3öviyyә" nam mәcmuәsindә tәb olunmuşdur.

Bunlardan әlavә mәrhum Abbasqulu ağanın bir çox tәsnifatı vә hәr qisim әşarü kәlamı vardır. Heyfa ki, onlar bu halda çәtinlik ilә tapılır. Hәqir bu barәdә çox çalışdısa da ki, onlardan mümkün olan qәdәri әlә gәtirsin, müyәssәr olmadı. Bu xüsusda mәrhum Mirzә Hәsәn әfәndi Әlqәdari söz vermişdi, sәd әfsus ki, ona da әcәldәn macal olmadı. Ancaq Mehdi bәy Hacınski vasitәsilә "Nәsihәtnamә"dәn bir nüsxә әlimizә yetişdi vә Quba şairlәrinin tәrcümeyi-halı vә әşarü asarı xüsusunda bir çox mәlumat ol cәnabın himmәt vә sәyi ilә hasil olundu.

Barı әldә olanlara qane olub, onun qüvveyi-şeriyyәsini vә dәrәceyi-kәmalü mәrifәtini vә filcümlә hansı bir mәslәk vә rәvişdә olmasını bәyan etmәk üçün nümunәlәr göstәrmәyi lazım gördük.

"Kitabi-Әsgәriyyә"nin başında mәrhum Abbasqulu ağa bu gunә lisani-bәlağәtsәnci ilә göftara gәlib deyir: "Pabәsteyi-sәlasili-möhnәt vә giriftari-zindani-mәhәbbәt. Bәsteyi-dami-әlәm, pamali-әnduhü mәlal, Bülbüli-gülzari-möhnәt Qüdsiyi-şuridәhal.

Bu rәsmi-dilaviz ilә firqeyi-ülül-әlbabә bәyani-mafilbal etmiş kim, riyazi-vücudi-bәşәriyyәdә qisim-qisim möhnәt vә әnduh nihalı yәdi-qüdrәt ilә әkilibdir vә insanın sinәsi beş gün mәsrur olsa da, on gün qәmü qüssә ilә malamal olur. Bainhәmә labüddәn alәmi-surәtdә iqtizayi-tәbiәti-bәşәri oldur ki, hәr kimsә gәrәkdir bir növ mәnzur ilә cilabәxşi-didәvüdil olub övqati-şәrifini zaye vә ömri-әzizini bihudә keçirmәsin vә bәzmi-hәvadisdә cami-qәflәtdәn tәbi-talibi-huşyarә badeyi-cәhl içirmәsin:

 

Hәr dildә ki, yox nişaneyi-eşq,

Arayişi-qәm, fәsaneyi-eşq,

Әlbәttә, deyil kәmalә qabil,

Övqatı keçәr, vәli nә hasil?

Bibәhrә qalır bu müddәadәn,

Tәhsili-lәzayizi-sәfadәn.

Ey dil, tuta gör xәyal zövqün,

Ta dәrk edәsәn vüsal zövqün.

Eşq ilә cahanda biniyaz ol,

Amma rәvişindә pakbaz ol!

Dәhr etsә әgәr cәfa iradә,

Sindan kimi sәxtdir vәfadә,

Vәr başına çalsa dәsti-matәm--

Çaküç kimi çәrx, çәkmә sәn qәm.

Ah ilә olur dәhәn yolu bәnd,

Lәbrizi-şәrarә kurә manәnd".

Qüdsinin bu kәlami-mövzunu xoşmәzmun vә layiqi-tәhsin kәlamlardan birisidir. Övqatını dünyada bixәbәr vә biәsәr keçirәnlәr vә qәlblәri mehrü mәhәbbәtdәn xali qalanlar, fәraqın cәfasını vә vüsalın sәfasını görmәyәnlәr, dünyanın keşmәkeşinә, bәrkinә vә boşuna düşmәyәnlәr, әnvai-zәhmәtlәrә vә әqsami-mәşәqqәtlәrә düçar olmayanlar, murad vә mәqsәdә vasil olmaq yolunda candan vә başdan keçmәyәnlәr, әlbәttә, bicövhәr, kәsif vә qafil kәslәrdir ki, onların vücudu ilә әdәmi beynindә bir tәfavüt yoxdur. Onlar, necә ki, şair deyir:

 

Bibәhrә qalır bu müddәadәn,

Tәhsili-lәzayizi-sәfadәn.

 

Könül evini eşq zövqü hәvası ilә mәmur edәnlәr vә mәhәbbәt nuru ilә işıqlandıranlar, rәvişlәrindә pakbaz vә müstәqim olanlar dәhrin cәfası müqabilindә gәrәkdir zindan kimi sәxt dursunlar vә dәsti-qәza yәsü matәm çәkicini onların başına çaldıqda qәmü әlәm çәkmәsinlәr; hәr bir cәhәtdә öz qissә vә niyyәtlәrindә, rәviş vә mәslәklәrindә sәbat vә dәyanәt göstәrsinlәr.

Qüdsinin atidә dәrc olunmuş müxәmmәsi dәxi yuxarıda yazdığımız bәyanatı bir növ tәsdiq elәyir ki, aşiqi-sadiq dost yolunda sabitqәdәm olub, gәrәkdir canü başdan keçsin.

 

 

MÜXӘMMӘSİ-QÜDSİ

 

Dila, әzm eylә sәn bülbülsifәt gülzarә, bismillah,

Muradın olsa meyl etmәk fәğanü zarә, bismillah,

Gәr istәrsәn müdam olmaq cigәr sәdparә, bismillah,

Qәrәz, fikrin tamaşadır әgәr dildara, bismillah,

Nәzәr qıl lәli-canbәxşü ruxi-gülnarә, bismillah.

 

Tәmәnnasında gün-gündәn mәni-dilxuni şeyda qıl,

Gәrәkmәz namü namusum, qәmi-eşq ilә rüsva qıl,

Verib dünyavü din nәqdin mәtai-vәslә sevda qıl,

Әgәr yox dәstrәs sövdayә, barı get, tamaşa qıl,

Gәlibdir Yusifi-gülpirәhәn bazarә, bismillah.

 

Çәkәrdin arizu daim, deyәrdin şövqi-yar ilә--

Ki, düşsün ittifaqi-vәslәt ol siminüzar ilә,

Edim canım ona tәslim zövqü etibar ilә,

Durubdur ol büti-sәrmәst tiği-abdar ilә,

Sözün gәr doğrudur, ey aşiqi-biçarә, bismillah.

 

Demişdin, ey büti-tәrsanigәh, bәrhәmzәni-alәm--

Ki, etmәm aşiqimdәn mәn yaman gün iltifatım kәm,

Alıbdır sәbrimi dәrdü bәla, can qәsdin eylәr hәm,

Әgәr iqrarı sabitsәn, vәfa hәngamidir bu dәm,

Tәrәhhüm qıl, qәdәm bas dideyi-xunbarә, bismillah.

 

Olubdur qәrqi-xunabi-cigәr çeşmi-tәrin, Qüdsi,

Yanıbdır daği-möhnәtdәn dili-qәmpәrvәrin, Qüdsi,

Gәtir tәqrirә, bir-bir yarә әrz et qәmlәrin, Qüdsi,

Әgәr bu şivәdәn dilgir olursa dilbәrin, Qüdsi,

Şüru eylә bir özgә vәch ilә izharә, bismillah.

 

Qüdsinin bu müxәmmәsini Әli bәy Hüseynzadә "Füyuzat" nam jurnalının 28-ci nömrәsindә şairin öz tәsviri altında dәrc etmişdir. "Qәvaidi-Zöviyyә"dә dәxi bu müxәmmәs mәtbudur.

Qәzәllәrindәn bir-ikisini nümunә üçün burada dәrc edirik.

 

 

QӘZӘLİ-QÜDSİ

 

Arizu eylәr könül dildar gәlsin, gәlmәdi,

Zülfi kafir, gözlәri xunxar gәlsin, gәlmәdi.

 

Hәr pәrivәş cilveyi-hüsn eylәmiş, mәn gözlәdim

Dilrübalәr fövcünә sәrdar gәlsin, gәlmәdi.

 

Cana gәldim bivәfalәr ülfәtindәn, istәrәm

Bir vәfa rәsmindә sabit yar gәlsin, gәlmәdi.

 

Dәrdü möhnәt keçdi hәddәn, bәs ki, çәkdim intizar,

Gözlәdim ol şux gülruxsar gәlsin, gәlmәdi.

 

Lәhceyi-canpәrvәrindәn şur salsın alәmә,

Әndәlibi-sahәti-gülzar gәlsin, gәlmәdi.

 

İstәdim, Qüdsi, deyim vәsfi-cәmalın dilbәrin,

Kuşiş etdim zinәti-göftar gәlsin, gәlmәdi.

 

Әyzәn qәzәli-Qüdsi:

 

Çox gözdә sürmә, әldә hәna, üzdә xal olur,

Nisbәt bu qaşü bu gözә bәnzәr mәhal olur.

 

"Qaf"i-qaşın, o "ta"yi-telin, "lam"i-lәblәrin

Adәmdә әlbir eylәsә, billah, "qital" olur.

 

Lövhi-xәyalә hәr necә tәrh eylәsәm qaşın,

Gәlmәz xәyalә, axırı mәhz xәyal olur.

 

Sirri-dәhanı sordum o şәkkәrdodaqdәn,

Pünhan danış bu sirri--dedi--qilu qal olur.

 

Görcәk o atәşin üzünü nitqim oldu lal,

Qüdsi, cәrәs düşәndә oda zәngi lal olur.

Qüdsinin nәzm ilә yazılmış bir namәsi dәxi onun gözәl şerlәrindәn birisidir. Haman namә burada eyni ilә dәrc olunur:

 

Sәn orda sәfa ilә

Dilculәr arasında.

Mәn qalmışam avarә

Gürcülәr arasında.

 

Dәrdü qәmi-hicrandan

Qürbәtdә pәrişanәm,

Döndü cigәrim qanә

Qeyğulәr arasında.

 

Gürcüstan gözәllәrini şair tәrif edib deyir:

 

Bir yanә әgәr baxsam,

Qәm çәkmәk olur bica

Bunlar kimi mәhtәlәt

Xoşxulәr arasında.

 

Hәr canibә әzm etsәm,

Әzbәs ki, gözәl çoxdur,

Tutisifәtәm heyran

Güzgülәr arasında.

 

Әbr içrә günәş manәnd

Pәrtov salır afaqә

Ruxsarәsi hәr şuxun

Giysulәr arasında.

 

Yüz işvәvü mehr ilә

Aşiqlәrә meyl etmәk

Bu şәhrdә adәtdir

Mәhrulәr arasında.

 

Bunları görüb, Qüdsi,

Hәr kimsә ki, aqildir,

Qılmaz özünü rüsva

Bәdgulәr arasında.

 

Qüdsinin bu kәlamına nәzirә olaraq Qarabağ şairlәrindәn bir neçәsi bu misilli şerlәr yazmışlar. Onlardan mәşhuru Mirzә Әliәsğәr "Novrәs" tәxәllüslü şairin qәzәlidir ki, bu sayaq başlanır:

 

Könlüm elә pünhandır

Giysulәr arasında,

Şanә gәzibәn tapmaz

Yüz mulәr arasında i. a.

 

Bu mürәbbe öz mövqeindә yazılacaqdır.

Rusların әdibi vә tәmsilnәvisi Krılovun tәmsilatından "Eşşәk vә bülbül" ünvanı ilә yazılmış qissәni mәrhum Abbasqulu ağa türkә bu gunә tәrcümә etmişdir:

 

Nәqldir bülbülü görüb eşşәk,

Dedi: "Qәlbimdә vardır üqdeyi-şәk.

 

Xәlq edәr sövtü lәhcәni tәrif,

İstәrәm mәn hәm eylәyim tövsif.

 

Ey olan hüsni-sövtdә mәruf,

Eylә bu şәkk üqdәsin mәkşuf.

 

Xәlq әqvalı ta ola mәlum,

Sidqu gizbini mәn edim mәfhum.

 

Et bu dәm bir nәvayi-xoş avaz,

Qıl qәbul iltimasım, eylәmә naz".

 

Eşşәyin iltimasın ol bülbül

Çün qәbul etdi, eylәdi ğülğül.

 

Guşini tutdu xәr ki, çün nasus,

Özü hәm durdu sakitü salus.

 

Eşidib sövtü nәğmәsini tamam,

Dedi: "Sәd heyf, heyf, heyf müdam.

 

Gәrçi alәm içindәsәn mәşhur,

Şöhrәti-kizbә olma sәn mәğrur!

 

Nәğmәdә nәqs çox vә leyk, әfsus,

Sәnә tәlim etmәyibdi xorus.

 

Nә xoşavazdır xorusi-sәba,

Qәlbi şad eylәyir qılanda nәva".

 

Bülbülә sözlәri edib tәsir,

Dedi: "Xoşdur sәnә hәmişә nәfir.

 

Lәhni-sövtüm edәr cahana әsәr,

Sәnә tәsir etmәdi, ey xәr!"

 

Bülbül azürdә eylәdi pәrvaz,

Bu misal ilә çox olur pәrdaz.

 

Ol kәsin halı matdır, heyran,

Özü aqil, mürәccәhi nadan.

 

Bizә xaliq ola müinü pәnah

Cahil hakim edәndә әmri-tәbah.

Bu tәmsili indiki hәyat üzrә olan şairlәrimizdәn bәzilәri tәlimi-әtfalә mәxsus tәrtib olunan kitabçalar üçün rusdan türkә tәrcümә etmişlәr, vәli heç biri belә xoş sәbkdә vә şairanә tәrcümә edә bilmәyibdir. Burada Qüdsi tәmsili sözbәsöz--tәhtәl-lәfz tәrcümә etmәyibdir. Ancaq onun mәnasını özü xoşladığı tәrzdә nәzmә çәkibdir.

Krılov bülbülün gözәl nәğmәlәrini vә zәrif sövtünü tövsif edibdir. Abbasqulu ağa isә eşşәyin halәtinә vә onun xoruzu mәdh etmәsinә diqqәt yetiribdir. Eşşәyin nә halәt üzrә bülbül oxuduğu әsnada durmasını şair artıq mәharәtlә bir beytdә bәyan edir:

 

Guşini tutdu xәr ki, çün nasus,

Özü hәm durdu sakitü salus.

Abbasqulu ağanın bu şairanә tәrcümәsi hәr bir qiraәt kitabçasını zinәtlәndirә bilәr. Vәli, çifayda, hәr kәs öz yazdığını sevir; yaxşı-yamana tәrcih verәn yoxdur!...

 

Mәrhum Abbasqulu ağa hәcv yazan vә lәğv söylәyәn şairlәrimizdәn deyil idi. Onun yazdıqları ya hәqiqi eşqdәn, ya ülumi-mütәnәvveәdәn vә ya pәndü nәsayihdәn ibarәtdir. Vәli Tәbriz bәlәdәsinә müsafirәt edib orada bir neçә müddәt mәksü iqamәt etdiyi zamanı Tәbriz әhlinin şәnindә bir neçә qılıncdan kәskinraq şerlәr yazmışdır ki, onlardan bәzini burada dәrc edirik:

 

Әya güruhi-sitәmgәr, әhaliyi-Tәbriz,

Vәfa yerinә cәfa sizdә bu nә adәtdir?!

 

Nә elmә talib olan var, nә mәnidәn agah,

Görüm, ilahi, dağılsın, necә vilayәtdir?!

 

Nә rahü rәsmi-nәsara, nә şiveyi-islam,

Nә bütpәrәst süluki, bular nә millәtdir?!

 

Nә qәdr seyr elәdim küçә ilә bazarı,

Adam çox az görünür, izdihami-kәsrәtdir.

 

Vüfuri vardır üç firqәnin bu kişvәrdә,

Axund ilә xәrü xan bihәdü nәhayәtdir.

 

Onun әmmamәsi rәngin, bunun yükü sәngin,

Xüsusәn ol birinin cübbәsi qiyamәtdir.

 

Xәri çıxart aradan, bunlara şәbahәti yox,

O binәvanın işi rәnc ilә riyazәtdir.

 

Axund ilә xana hәr tәnә eylәsәn yaraşır,

Bu müftәxorların әndişәsi şәrarәtdir.

 

Kimin ki, xülqü müzәyyәndir, istәmәz zivәr,

Kişi özün bәzәmәk cәhldәn әlamәtdir.

 

Yetişdi iş o yerә hәr kәsin ki, saqqalı--

Hәnalı, olsa uzun, hörmәti ziyadәtdir.

 

Ha böylә olsa parak, tazı tuladan yekdir,

Sürü içindә siyiz sahibi-kәramәtdir.

Bu şerlәri mәrhum Abbasqulu ağa hәştad sәnә bundan irәli yazmışdır. Әgәr indi "İbrahim bәyin sәyahәtnamә"sinә diqqәt yetirilsә, yәqinlik hasil olar ki, bu müddәti-mütәmadiyyәnin әrzindә Tәbriz әhalisinin әhvali-ictimaiyyәsi, övzai-mәişәti vә әxlaqi-rәzilәsi sabiqi qәrar üzrә davam etmәkdәdir. Bu uzun müddәtlәrdә cümlә millәtlәr ayılıb tәrәqqi etdikdә müsәlmanlar yatmaqdan usanmadılar; yatdılar vә belә fәna hala düşdülәr, mәğlub vә mәyus oldular....

Belә rәvayәt olunur ki, Qüdsi cәnabları Tәbrizdә olan zamanı mәhәrrәmül-hәram ayı imiş, Orada vәliәhdin ziyadә şükuhlu vә pürzinәt tәkyәsinә güzәri düşdükdә onun divarında bu şeri yazılmış görübdür:

 

Bu sәrbazü әsasi-şahzadә

Olaydı kaş o dәmdә Kәrbәladә.

 

Mәrhum Qüdsi bir növ fürsәt bulub, onun aşağısında bәdahәtәn bu cavabı qeyd etmişdir:

 

Büsati-cәng olan saәt qaçardı,

Qoyardı sәrvәri-dini aradә.

Bu keyfiyyәtin haqqü savab olması ravinin öhdәsinә hәvalә olunur.

Mәrhum Hacı Abbasqulu ağanın fars dilindә yazılmış bir çox abdar vә dilpәsәnd әşarı vardır ki, onlardan bәzilәri farsların böyük şairlәri yazdığı kәlama bәrabәrdir. Burada ancaq onun eşqi-hәqiqi barәsindә yazdığı mәsnәvini dәrc etmәyә iktifa edirik.

 

 

MӘSNӘVİYİ-ABBASQULU AĞA

 

Ey xoda xahәm ğәmo rәnco bәla,

Ey bәlayәşra tәno canәm fәda!

 

Micәhәt birun dele-divaneәm,

Mikeşәd bәr canebe-meyxaneәm.

 

Şouğ xod suzist, ma pәrvaneim,

Leyk mohtace-yeki pәrva neim.

 

Pak suz in nimsuze-xişra,

Nuşdaru bәxş sine rişra.

 

Eşqe-Şirin bәr sәrәm şuri fekәnd,

Kuhkәnra baz şod tişe bolәnd.

 

Kuhkәn mәn nistәm, nә Vameqәm,

Mәn nә bәr Şirino Әzra aşeqәm.

 

Aşeqәm bәr Leyliye-keşkarvan,

Çon cәrәs dәr şureşәndo dәr fәğan.

 

Darәd u yek mәhmәle-naqe cәhan,

Comle әndәr zire-barәş natәvan.

 

Ey cәhan heyrano sәrkәrdane-to

Vey tәno canәm bәla gәrdane-to.

 

Ey to mәşuq, ey to aşeq, ey to yar,

Ey to qazi, ey to Mәnsur, ey to dar.

 

Mәr mәra dadi dele-divanei,

Xanesuzo әz xerәd biganei.

 

Ba mәhәbbәthaye-xiş amixti,

Bәr dәrunәm eşqe-Leyli rixti.

 

Eşqe-Leyli şolevәr şod dar delәm,

Baz Mәcnun gәşt rәye-aqelәm.

 

Pare kәrdәm selsele-tәdbirra,

Mәn nәxahәm bәd әz in zәncirra.

 

Baz kon in selsele әz gәrdәnәm,

Xod rәvәm anca ke, xahi bordәnәm.

 

Әz koca mәn cuyәmәt, ey bineşan,

Mәn nәdanәm dәr koca dari mәkan.

 

Gәh ze Kәbe cuyәmәt, gahi ze deyr,

Gәh bәre-xod yabәmәt, gәh pişe-ğeyr.

 

Gәh ço әnqa bineşan kaşanei,

Gәh ço şәmәndәr dәrune-xanei,

 

Minәdanәm әz bәrayәt mәnzeli,

İn qәdr danәm ke, saken dәr deli.

 

Afәrin bәr eşq, bәr ğouğaye-eşq,

Baz bixod gәştәm әz soudaye-eşq.

 

Eşq atәş zәd mәra sәr ta bepa,

Mәrhәba, ey eşqe-xuni, mәrhәba!

 

Eşq bәr alәm fekәnde ğolğole,

Eşq Şirinra zәde dәr selsele.

 

Eşq sazәd atәş, abo xakra,

Eşq suzәd xәrmәne-әflakra.

 

Eşq bәr şahan dәhәd әczo niyaz,

Mikonәd Mәhmudra bәnde-Әyaz.

 

Ney, xәta şod, mәn kocavo aşeqi,

Eşq bәrtәr kare-hәr nalayeqi.

 

Eşqbazi nist kare-hiç kәs,

Minәyayәd kare-şahin әz mәgәs.

 

Aşeqi kare-Hoseyne-tәşisәst,

Ku hәmi tәşne bezәxme-dәşneәst.

 

Zәxme-tiğo xәncәro tiro kәman

Bәr şәhe-din mizәdәnd an kafәran.

 

U hәmi miqoft ba suze-cegәr,

Zende şod canәm, bezәn zәxme-degәr.

 

Mәr mәra, ey kaş, sәd can mişodi,

Ta hәme isare-canan mişodi.

 

Ey dәriğa, canәm әz yek biş nist,

Tohfeye-zin biş dәr dәrviş nist.

 

Minәdarәd mәğz an aşeq ke, pust

Çak minәtvan zәdәn dәr rahe-dust.

 

Mәğz çe bud, şust çe bud, dust dust,

Aşeqanra eyne-mәqsud ust, ust.

 

Ey qoman darid ke, quya ey qoruh

Kәz әtәş mәn amәdәstәm bәr sotuh.

 

Ab әgәr xahәm, zәmin dәrya şәvәd,

Xak dәr afaq napeyda şәvәd.

 

Mәn nә tәşne, sәlsәbile-kousәrәm,

Abe-heyvanәst әz pa ta sәrәm.

 

Hokmәm әr bәr әkse-in douran şovәd,

Aseman saken, zәmin gәrdan şәvәd.

 

Bәr dәrid, ey kaferan, in pәrdera,

Hәm nәhid in qalebe-әfsordera.

 

İn tәne-lağәr miyane-mast, han,

Bәr keşid in pәrdera xoş zin miyan.

 

Ney xәta şod tәn hәm әz canәst can,

Can ze tәn başәd әgәr bini әyan.

 

Minәdidi çon sәrayәd Moulәvi,

Bolbole-bağe-cinan dәr "Mәsnәvi":

 

"Tәn ze cano can ze tәn mәstur nist,

Leyk kәsra dide-can dәstur nist". [3]

 

[3] Tərcüməsi:

Ey bәlasına bәdәnim, canım fәda olan,

Ey allah, mәn qәm, әzab, bәla istәyirәm.

Dәli könlüm çıxmağa can atır,

Mәni meyxanәyә tərәf çәkir.

Şövq özü oddur, biz pәrvanәyik,

Lakin birçә buraxılışa (buraxılış vәrәqәsinә) ehtiyacımız var.

Bu yaranmışını tәmiz yandır,

Yaralı sinәyә bir mәlhәm bağışla.

Şirinin eşqi mәnim başıma şur saldı.

Kuhkәnin külünkü yenә göyә qalxdı.

Mәn Kuhәn deyilom, Vamiq dә deyilәm,

Mən nә Şirinә, nә dә Әzraya aşiq deyilәm.

Mәn bir Leyliyә aşiqәm ki,

Karvan ondan zınqırov kimi daim şuru fәğandadır.

Onun karvanının dunya adlanan bir dәvәsi var ki,

Hamı onun yükünün altında açizdir.

Ey dünya heyranı vә sәrkәrdanı olan,

Ey çanım vә bәdәnimlә qada-bәlasını aldığım,

Ey mәşuq, aşiq, yar olan,

Ey qazi, Mәnsur, dar ağacı olan,

Mәgәr dәli, ev odlandıran,

Elmdәn xәbәrsiz ürәyi mәnә verdin?!

Öz mәhәbbәtlәrinlә qarışdıraraq

Mәnim daxilimә Leylinin mәhәbbәtini tökdün.

Leylinin eşqi qәlbimdә şölәlәndi,

Yenә ağıllı fikirlәrim dәli oldu.

Tәdbir zәncirini qırdım,

Bundan sonra mәn zәncir istәmәrәm.

Boynumdan bu zәnçiri aç,

Aparacağın yerә özüm gedәrәm.

Ey nişansız, sәni harada axtarım?

Sәnin mәkanın harada olduğu mәn bilmirәm,

Sәni gah Kәbәdә axtarıram, gah kilsәdә,

Sәni gah öz yanımda tapıram, gah özkә yanında.

Gah әnqa kimi nişansız kaşanәdәsәn,

Gah da şam kimi evin içindә.

Sәnin üçün bir mәnzil bilmirәm,

Bu qәdәr bilirәm ki, ürәkdә sakinsən

Eşqә, onun qövqasına afәrin!

Yena eşq sevdasından bihuş oldum.

Eşq mәnә başdan ayağa kimi od vurdu,

Әhsәn sәnә, ey qanlı eşq, əhsәn!

Alәmә hay-küyü eşq salmışdır,

Şirlәri eşq zәncirlәmişdir.

Suyu vә torpağı oda eşq çevirir,

Fәlәklәr xәrmәnini eşq yandırır.

Şahları aciz vә möhtaç eşq edir,

Mahmudu Ayaza eşq bağlayır.

Yox, sәhv oldu, mәn hara, aşiqlik hara?

Eşq hәr nalayiqin işindәn yüksәkdir,

Eşqbazlıq hәr oğulun işi deyil.

Qartalın işi milçәyin әlindәn gәlmәz,

Aşiqlik susuz Huseynin işidir,

O, xәncәr yarası üçün susuzdur.

O kafirlәr din padşahına--

Nizә, qılınç vә ox yarası vurduqca,

O, cigәr yanğısı ilә deyirdi:

"Dirildim, başqa yara vur!"

Kaş ki, mәnim yüz canım olaydı,

Hamısı canana fәda olaydı.

Əfsus,canim bir dənədən artıq deyil,

Dərvişin bundan artıq töhfәsi yoxdur.

O aşiqin beyni boşdur ki,

Dost yolunda özünü parçalaya bilmir.

Beyin nәdir, dәri nәdir, dost dostdur,

Aşiqlәrin mәqsәdi eynәn odur, odur!

Ey çamaat, siz elә bilirsiniz ki,

Mәn susuzluqdan çana gәlmişәm?

Mәn әgәr su istәsəm, yer dәniz olar,

Dunyada torpaq tapılmaz olar.

Mәn susuz deyilәm, özüm Sәlsәbil vә Kövsәrәm,

Başdan ayağa kimi dirilik suyuyam.

Hökmüm әgәr bu dövranın әksinә olsa,

Asiman dayanar, yer hәrәkәtә gәlәr.

Ey kafirlәr, bu pәrdәni yırtın!

Bu solmuş bәdәni buraxın!

Bu arıq bәdәn bizim aramızdadır, baxın!--

Bu pərdәni aradan götürün!

Yox, sәhv oldu, bәdәn dә çandır,

Әgәr diqqәtlә baxsan, can da bәdәndir.

Görmәdin cәnnәt bağının bülbülü Movlәvi

"Mәsnәvi"dә neçә demişdir:

"Bәdәn çandan vә çan bәdәndәn ayrı deyildir,

Lakin heç kәsә çanı görmәk imkanı verilmәmişdir"....

 

Qüdsinin bu mәsnәvisi ustadi-möhtәrәmi olan Cәlalәddin Ruminin kәlamına bәnzәyir desәk, xәta etmiş olmarıq. Mәhәbbәti-ilahi vә eşqi-hәqiqi barәsindә yazdığı biri-birindәn gözәl vә suzişlidir:

 

Afәrin bәr eşq bәr ğouğaye-eşq

Baz bixod gәştәm әz soudaye-eşq--

 

--deyib, şair doğrudan da bixudluq halına düşür vә eşqi-hәqiqini tәrif edir, özünә xitabәn deyir: Mәn hara, eşq hara!... Eşq mәnim kimi üftadә vә fürumayәlәrin şәnindәn bәrtәrdir. Şahinin hünәri mәgәsdәn bәid olduğu kimi, aşiqlik hünәri dә bizim kimi gәdalardan uzaqdır.

Aşiq olmaqlıq mәhz Kәrbәla şәhidi, dodaqları әtәşdәn parçalanmış İmam Hüseyn әleyhissәlamın işidir ki, ona eşq yolunda, din vә hәqqaniyyәt uğrunda nә qәdәr xәncәr, ox vә nizә vururdularsa, yenә dә o, suzicigәrlә deyirdi: Vurun! Sizin zәxminizdәn canım zindә olur. Kaş yüz canım ola idi ki, canan yolunda onları fәda edәydim.

 

Mәrhum Hacı Abbasqulu ağa tәlif etdiyi әsәrlәrdәn "Nәsihәtnamә"yә gәldikdә, onların mәalından mәrhumun fazil, alim vә hәkim bir şәxs olduğu görünür.

Bu kitab 102 hәkimanә nәsihәtlәrdәn ibarәtdir ki, mәrhum Qüdsi onları tәlimi-әtfal üçün tәrqim etmişdir. Ziyadә sadә vә açıq dildә [olan] bu nәsihәtlәri böyüklәr dә gәrәkdir dәrguş edib, onlara әmәl etsinlәr, ta ki, özlәri üçün nicat vә sәadәt yolunu bulsunlar.

"Kitabi-nәsihәt"i mәrhum Qüdsi cәnab hәqqә hәmdü sәna edib vә rәsuli-әkrәmimizә sәlatü sәlam göndәrdikdәn sonra belә başlayır: "Günahkarlığa vә acizliyә iqraredici bәndә Abbasqulu İkinci Mirzә Mәhәmmәd xanın oğlu Bakui (allah onların hәr ikisinә cәnnәt ilә nicat versin!) hәrçәnd uşaqlara tәlim vermәkdәn ötrü axtardım, aralıqda bir nüsxә görmәdim ki, lәfzdә vә mәnada asan olub, onların xülqlәrinin göyçәkliyinә dәlalәt elәsin.

Danışılmış vә yazılmış nüsxәlәrin bәzisi ibarәtdә vә bәzisi mәnada bir növ qarışıqdır ki, çox tәlim edәnlәr özlәri onları anlamırlar vә bir parasında dәxi mәtlәblәr elә uzun vә pәrişandır ki, onu zәbt etmәk vә anlamaq müşkül görünür. Bu sәbәbdәn bu sözün mәnasından ki, "Әlelmu fissuğri kәnnәqşi filhәcәri" yәni uşaqlıqda elm öyrәnmәk daşda nәqş salan kimidir, qәflәt vaqe olmasın, xülğün göyçәkliyini istәyәn gәrәkdir uşaqlıqda dәrs versin. Çünki sonradan pis olan xasiyyәt vә adәtlәr bәrqәrarlıq sәbәbilә tәbiәtdә qәrar tutsa, elmü әdәb insana müşkül әsәr eylәr. Bәs buna görә, tarixi-islamiyyәnin 1252-ci ilindә bir müxtәsәr kitab--ki, ibarat vә mәnada asan vә aşikardır, "Nәsihәt" adı ilә adlanmış olsun,--tәlif etdim. Belә ki, minnәtlәri bağışlayan allahın mәrhәmәtinә ümid tuturam ki, onun faydası uşaqlara artıqraq olsun.

Uşaqlara xitabdır: "Mәnim әzizim, sәn insansan. Allah-taala insanı alәmdә hamı şeydәn yaxşıraq yaradıbdır. Görmürsәn ki, heyvanlar o qәdәr güc vә böyüklük ilә insanın әlindә giriftardırlar?! Bu, ancaq işlәrin tәrzini bilmәk sәbәbindәndir. Bu insan tayfasının arasında dәxi hәr kәs iş bilәn vә yaxşı işlidir, hәmişә hörmәtli olur. Bәs, yaxşı işlәmәyin vә iş bilmәyin tәrzini öyrәnmәk lazımdır o adamlardan ki, yaxşı-yamanı tәhqiq vә tәcrübә ilә mәlum ediblәr, onların sözlәri bizdәn ötrü nәsihәtdir". Bundan sonra nәsihәtlәrin yazmağına şüru edir ki, cümlәsinin buraya küncayişi yoxdur.

 

Bu müqәddimәdәn möhtәrәm oxucularımız görürlәr ki, mәrhum Qüdsi nә qәdәr alim vә fazil bir şәxs imişsә dә, yazısında sadәliyi vә güşadәliyi qәliz vә dolaşıq ibarәlәrә tәrcih verirmiş.

Böyük әdiblәrin yazısı hәmişә belә açıq vә sadә olur. Mirzә Fәtәli Axundovun, Qasım bәy Zakirin, Hәsәn bәy Mәlikzadәnin asari-qәlәmiyyәlәri bizim bu qövlümüzә şahiddir. Rus şüәra vә әdiblәrindәn әn mәşhurları--Puşkin, Nekrasov, Turgenev, Tolstoy vә Çexov öz әsәrlәrini belә açıq, sadә vә rәvan dildә yazıblar.

Qәliz, çәtin vә dolaşıq dildә yazan әdiblәrin fikirlәri dә dolaşıq olur; onların әsәrlәri çәtin vә ağır oxunulur vә insana fәrәh әvәzinә qәm vә kәdәr gәtirir.

 

"Kitabi-nәsihәt"dәn bir neçә nәsihәtlәr

 

Әxlaqü adab vә xәlayiqlә hüsni-müamilә vә müaşirәt etmәk babında yazır:

20. Hәr kәsә ki, yetişdin, salam ver. Әgәr sәnә söz desә, ona әdәb vә hörmәt ilә cavab ver, ta hamı sәni dost vә әziz tutsun.

 

21. Elә kimsәlәr ilә yoldaşlıq elә ki, böyüklәr onlara yaxşı desinlәr. Әclaf vә hәrzәgu adamlardan uzaq ol, ta sәn dәxi onlar kimi olmayasan.

22. Çün bir adamı möhtac gördün, hәr nә qәdәr mümkün olsa, ona kömәk elәmәkdә müzayiqә elәmә, tainki özgәlәr dәxi ehtiyac vaxtında sәnә kömәk elәsinlәr.

 

23. Heç kәsin yamanlığını bir şәxsin yanında danışma, çünki o adam әgәr dostdur, sәnin haqqında bәdgüman olar, әgәr düşmәndir, sәnin dediyini o kәsә yetirәr.

24. Yalan demәkdәn özünü saxla. Çün bir kimsәnә bu xasiyyәti sәndә bilsә, sәnin doğru sözünә dәxi bavәr etmәz.

25. Bir şәxs ki, gәlib özgәnin eybini sәnin yanında desә, ondan uzaq ol ki, sәnin dә eybini özgәlәrә deyәr.

 

27. Qәzәb vaxtı insanın halı pәrişan olur. Özünü o halda hamı şeydәn qırağa tut. Bir işi ki, elәmәk istәdin, qәzәbin sakit olandan sonra elә.

 

29. Bikarlıqdan qorx ki, hamı eyiblәrdәn pisdir. Bunu bilmәlisәn ki, heç bir şey alәmdә bikar deyil.

 

30. Hamı şeyi allah-taala öz alәminin nizamından ötrü sәbәblәr yaradıbdır ki, birisi o birisiz qaim olmaz. Sәn dә onlardan birisәn. Әgәr bikar oturarsan, daş vә palçıq sәndәn yaxşıraq olar, çünki onlar tәmirat işlәrinә gәrәkdir.

31. Elm vә kәmalın tәhsilini hamı işlәrdәn әzizraq say. Ondan ötrü ki, hamı şeylәr onların vasitәsilә müyәssәr olar.

 

35. Şuxluğu vә zarafatı özünә adәt elәmә. Ondan ötrü ki, nәzәrlәrdә xәfif görünәrsәn; rişxәnd sәbәbi ilә özgәlәr sәndәn inciyәrlәr. Hәtta ehtimal var ki, yamanlığa dәxi qәsd elәsinlәr.

 

36. Mübahisәdә әgәr bir kimsәyә qalib oldun, elә etmә ki, onun nadanlığı hazırda olanlara mәlum olsun, tainki bu sәbәbdәn sәnin әdavәtin onun ürәyindә mәqam tutsun vә o şәxs dәxi sәndәn intiqam almaqdan ötrü fürsәt vaxtını gözlәsin.

37. Danışıq vaxtı göftügu fürsәtini özgәlәrә ver. Ehtimal vardır ki, hiylәgәr şәxs sәhv edib müddәanın hәqiqәtini bәyan elәsin. Әgәr sәn çox danışsan, xәtavü nöqsan sәnin tәrәfindә olur.

 

40. Çün bir müsibәtә giriftar oldun, sәbr elә vә öz müsibәtini xalqın yanında izhar elәmә ki, әgәr düşmәndirlәr, sәnin müsibәtin onların tәninә sәbәb vә qüvvәtlәrinin artıq olmağına bais olacaqdır vә әgәr biganәdirlәr, onların nәzәrindә hәqir olmuş olarsan vә әgәr dostdurlar, onların qәmgin olmağına vә sәnin müsibәtinin tәzәlәnmәyinә bais olur.

41. Pakdamәnliyi, yәni tәmizxasiyyәtliyi özünә adәt elә. Hәr kәsi ki, fәsad işlәrә mürtәkib olar, onun dini vә hәyası gedәr vә xalq içindә tez biabru vә rüsvay olar.

 

66. Nә qәdәr ki, yaxşılıq ehtimalı var, özgәlәri yamanlığa hәml elәmә. Bәlkә o yaxşı işdir, ancaq sәn onun mәslәhәtini bilmirsәn.

 

68. O şey ki, özünә görә yaman sayırsan, özgәnin haqqında rәva görmә, tainki onun cәzası özgәdәn sәnә qayıtmasın.

 

71. Heç bir kәsin zәrәrinә razı olma. Alış-verişdә pakhesab ol. Әmanәtә xәyanәt elәmә, tainki allah-taalanın qәzәbinә gәlmәyәsәn vә xәlayiqin mәrdudu olmayasan.

 

73. Öz qonşularının vә hәmşәhәr adamlarının yaxşılığına çalış, ta onlar da sәnin ilә hәmin şivәdә rәftar vә müraat elәsinlәr. Sәn bir nәfәrsәn, onlar çoxdur. Bir nәfәrin ehtiyacı çoxa olmaq aşikardır.

 

80. Bir kәsin әdavәtinә ürәyindә yer vermә ki, sәnin dininin vә ürәyinin rahatlığını bәrhәm edәr.

 

84. Yaman işi ki, edәrsәn, onun faydası sәndәn ötrü qalmaz, amma onun günahı vә bәdnamlığı sәnә baqi qalar.

 

85. Yaxşı әmәldәn iki dәfә lәzzәt apararsan. Birisini o işi edәn vaxtda, birisini dә o işin sәmәrәsi sәnә yetişәn zamanda.

87. Çün hamı şey üçün alәmdә zail olmaq ehtimalı vardır, özünü heç zada elә bağlama ki, mәbada bir gün o şey zaval tapsa, sәnin zindәganlığın müşkül olsun.

89. Fәqirlikdәn vә bәdbәxtlikdәn şikayәt elәmә ki, alәmdә sәndәn fәqir vә biçarәraq çox vardır. Onlar әgәr sәnin halında olsa idilәr, çox şadlıq edәrdilәr.

 

96. Bәdbәxt o şәxsdir ki, bir kәsin haqqında yaxşılıq etmәk fürsәti olduqda, etmir. Bavücudi-in ki, insan üçün şükr elәmәk vacibdir ki, o özü kimi bir adama vәliyyün-nemә olubdur.

 

Burada bu qәdәr yazılana iktifa etdik. Cümlәsi gözәl nәsihәtlәrdir ki, onları dәrguş edәnlәr bәxtiyar kimsәlәrdir. Mümaileyhin yazdığı nәsihәtlәr bir-birinә bağlıdır vә yek-digәrini şәrhü bәyan edir. Vә lakin biz burada yazdığımız insanın müxtәlif halü xasiyyәtlәrinә vә xәlayiqlә hüsni-müaşirәtinә şamil olanlardır.

 

Bilmәk gәrәkdir, mәrhum Abbasqulu ağanın qızı Tuğra xanım dәxi şairә imiş. Aşağıda yazılan şer onun kәlamındandır:

 

Tuğra xanımam, alәm ara çünki әzizәm,

Abasqulu ağa qızı, Zәhrayә kәnizәm.