AŞIQ PӘRİ

 

 

 

Aşıq Pәri öz müasirlәri beynindә әn istәkli, әzizә vә möhtәrәmә bir övrәt imiş. Onun vәtәni-әslisi Qarabağ xanlığına mütәәlliq Cәbrayıl uyezdindә Dızaq mahalında Maralyan qәryәsidir. Zәmani-tәvәllüdü vә tarixi-vәfatı mәlum deyil. Mirzә Hәsәnin, Kәrbәlayı Abdulla Canızadәnin, Mirzәcan bәyin, Mәhәmmәd bәy "Aşiq" tәxәllüsün, Cәfәrqulu xan "Nәva" tәxәllüsün müasiri imiş. İbtidayi-tәlimini öz qәryәsindә alıbdır vә әyyami-tüfuliyyәtdәn şer vә qәzәl söylәmәyә meyli olduğundan, hәnuz elm kәsb etmәmiş sinәdәn şerlәr deyәrmiş.

Zәmani ki, onun namü şöhrәti artıb hәr yana dağılır, talibi-didarı çox olur. Aşıq Pәri Maralyandan köçüb Şuşa şәhәrinә gәlir vә burada onun hörmәti vә izzәti şüәra vә әyani-dövlәt arasında daha da çoxalır, hәr bir әhli-tәb onun şәnindә gözәl şerlәr yazıb izhari-mәhәbbәt edәrlәrmiş; bir halda ki, şairә özü dә әhli-hal, sahibcәmal, xoşmәqal, işvәli bir nazәnin imiş. Onun hüsni-cәmalını tәrif edәn şairlәrdәn birisi dә Әsәd bәy Vәzirov imiş ki, haqqında bu şerlәri yazmışdır:

 

O gündәn ki, didarını görmüşәm,

Hәsrәtindәn yanar cismü can, Pәri!

Dolanıb başına sәri-zülfündә

Könül mürği tutub aşiyan, Pәri!

 

İştiyaqın çәkәr neçә kimsәnә,

Amma heç birisi bәnzәmәz mәnә.

Canü dildәn mübtәlayam mәn sәnә,

İnanmırsan, eylә imtahan, Pәri!

 

Arizindir günәş, camalındır ay,

Heç nazәnin ola bilmәz sәnә tay!

Qәmzәn qatil, kipriyin ox, qaşın yay,

Qamәtindir sәrvi-xuraman, Pәri!

 

Nә qәdәr var idi canda ixtiyar,

Bir xatirә sәndәn dolandım kәnar,

Axır gizlin dәrdim qıldım aşikar,

Qoy bilsә dә, bilsin Mirzәcan, Pәri!

 

Gәl gör fәrağında mәn natәvanam,

Әfsürdәxatirәm, şikәstәcanam,

Әsәd deyәr sәnә bәndә fәrmanam,

Sәnsәn mәnә sultan, Pәri, xan, Pәri!

Mirzә Hәsәn "Mirzә" tәxәllüs,--necә ki, sabiqdә zikr olundu,--Aşıq Pәrinin gözәlliyini bu günә tәrif etmişdir:

 

Qönçә lәtafәtli, lalә üzlüsәn,

Mәstanә baxışlı, xumar gözlüsәn,

Şirin hәrәkәtli, şәkәr sözlüsәn,

Yoxdur yer üzündә misalın sәnin.

 

Vә yenә onun vәsfindә Mirzә yazmışdır:

 

Etdikcә vәsfini Mirzә mükәrrәr,

Tazәlәnib ruhum olur müәttәr,

Gülüstanda zülfün kimi müәnbәr

Nә süsәnlәr, nә sünbüllәr oynaşır.

 

Bu şairlәrdәn qeyri Aşıq Pәrinin hüsnü cәmalını vә әqlü kәmalını vәsf qılanlar çoxdur. Onlardan mәşhuru Mәhәmmәd bәy "Aşiq" tәxәllüsdür. Atidә onun şәrhi-halı zikr olunacaqdır.

 

Aşıq Pәrinin mütәәddid şerlәri pәrişan övraqda yazılmış vә bizim әlimizә düşәnlәrindә çox sәhv vә qәlәtlәr vardır ki, onları tәshih etmәk dәxi bir növ müşküldür. Xususәn onun bağlamaları vә bәzi mürәbbeatı ki, Molla Pәnah Vaqifә nәzirә olaraq yazılıbdır vә bir bisavad mollanın vasitәsilә bizә göndәrilibdir, elә imlasız vә dolaşıq xәtt ilә tәhrir olunubdur ki, onları mәzkur mollanın özündәn başqa bir kәs düz oxuyub mәna çıxarda bilmәz. Ona binaәn burada ancaq onun müasirlәrindәn bәzilәrinә yazdığı mәktubatı zikr etmәklә iktifa elәdik.

 

Mirzә Hәsәn "Mirzә" tәxәllüsә cavabi-namә olaraq yazmışdır:

 

Katiblәrin şahı, dәftәr içindә

Qәlәm ilә nazik әllәr oynaşır.

Fitnәli, fellisәn, nazlı, qәmzәli,

Dәhanında şirin dillәr oynaşır.

 

Eşqin әlindәn gedәrәm mәn dada,

Dәrdim olur günü-gündәn ziyada,

Şiveyi-rәftarın düşәndә yada

Bağrımın başında millәr oynaşır.

 

Dad eylәrәm: haray naşı әlindәn,

Yandı cigәr eşq atәşi әlindәn,

Mәn nә deyim gözüm yaşı әlindәn,

Üzüşür sonalar, göllәr oynaşır.

 

Adam var dolanır mәkrin içindә,

Adam var dolanır zikrin içindә,

Sәnin kәmalın da fikrin içindә

Әcayib, qәrayib hallar oynaşır.

 

Pәriyәm, xәlqara olmuşam bacı,

Kimsәnii kimsәyә nә ehtiyacı,

Bәlxü Buxaranın, Hindin xәracı

Zәnәxdanda siyәh xallar oynaşır.

 

General Mirzәcan bәy Mәdәdovun vәfatı Aşıq Pәriyә ziyadәsilә tәsir elәyir vә bu şerlәri dünyaya xitabәn Mirzәcanın vәfatı babında inşa qılır:

 

Dünya, sәnin etibarın yox imiş,

Bir xәbәr ver, Mirzәcanı neylәdin?

Neçә bәylәr ilә, neçә xan ilә

Göftarı xoş, әhli-canı neylәdin?

 

Neçә şәhәr üstә cәng edib sәvaş,

Cari olub sel yerinә qanlı yaş,

Fәlәk, etdin tacü tәxtini tarac,

Nökar, nayib, xanimanı neylәdin?

 

Puç dünya, sәndә bir yaranan hanı?

Günbәgün artırdın şövkәtu şanı.

Tiflisin sağ әli, sәrdarın canı,

Viran qoyub Dağıstanı, neylәdin?

 

O fәlәkdir dügün yeri dağlayan,

Әzәl şad elәyib sonra ağlayan,

Sinәsindәn şerü kitab bağlayan

Sahibi-huş, gövhәr kanı neylәdin?