ӘBRÜRRӘHMAN AĞA DİLBAZ OĞLU "ŞAİR" TӘXӘLLÜS

 

 

 

Molla Pәnah әsrinin möhtәrәm şairlәrindәn birisi dә mәrhum Әbdürrәhman ağa Dilbaz oğlu "Şair" tәxәllüsdür ki, әslәn Qazax mahalından Xanlıqlar qәryәsindәndir.

Bәzi müfsidlәrin--ki, Әbdürrәhman ağa ilә şәxsi әdavәtlәri var imiş,--şeytәnәti ilә Gürcüstan hakimi İrakli şah şairdәn bәdgüman olur ki, guya Әbdürrәhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy vә kuşiş edir vә Cavad xan ilә hәmsirdir, onların mabeynindә bir para siyasi vә mühüm mәsәlәlәr barәsindә mәxfi göftügulәr olunur. İrakli şahın qәzәbi cuşa gәlib şairin haqqında böyük zülm vә siyasәt edib gözlәrini çıxartdırır.

Bilmәk gәrәkdir ki, Әbdürrәhman ağa ziyadә maddәli, fәsih vә dilavәr bir adam imiş ki, doğru söylәmәkdәn әsla ehtiyat vә xövf etmәz imiş vә öz eli içindә nüfuzlu vә möhtәrәm vә sözü ötgün sayılırmış. Tamami hünәr vә sәyini öz elinin vә vәtәndaşlarının xeyir vә sәlahı yolunda sәrf edәrmiş. Vәli mәrhumun bәdxahı vә düşmәnlәri dә çox imiş. Öz işi vә sәlahını unudub camaat dәrdinә yanmaqdan axırı düşmәnlәrin hiylә vә şәrarәti ucundan çeşmi-cahanbinindәn mәhrum qalır.

Bәli, belә qәdir vә qiymәti bilinmәyәn millәt bahadırlarının haqqında deyirlәr ki: "El üçün ağlayan gözsüz qalar!"

 

Şairi-mәrhum gözlәri çıxarılandan sonra bu növhәni inşad etmişdir:

 

Mәn qәribәm vәtәnimdә, qazılar,

İtirmişәm ağır ellәr, ağlaram.

Könül hәsrәt qaldı, can intizarda,

Gözlәrәm sübhü şam yollar, ağlaram.

 

Hәşrә qaldı canda el intizarı,

Görәrmola, ya rәb, didar didarı?

Fikr elәrәm hәr dәm ol aşna, yarı,

Gözlәrimdәn axar sellәr, ağlaram.

 

Eldәn ayrı düşdüm, güzarişim yox,

Sığındım mövlaya, qeyri işim yox,

Munisim, qәmxarım, bir yoldaşım yox,

Sәrimdә qovğalar, qallar, ağlaram.

 

Könlümüzdәn gedib eşqü hәvәslәr,

Yığılsın bir yerә könlü şikәstlәr,

Qohumdan, qardaşdan yad olan kәslәr,

Dolanır bağrımda millәr, ağlaram.

 

Şair, hәqdәn gәrәk insana dövlәt,

Getmәyә üstündәn sayeyi-rifәt,

Xudadan gәr bizә olmasa şәfqәt,

Aylar ilә gülsәm, illәr ağlaram.

Mәrhum Әbdürrәhman ağanın әsәrlәriidәn әn әhәmiyyәtlisi Gәncә xanı Cavad xan Ziyadoğlunun rus qoşunu ilә 1804-cü sәneyi-miladidә etdiyi cәngin vә xani-mәrhumun göstәrdiyi rәşadәt vә hünәrin vә filcümlә, onun sәrgüzәştinin barәsindә yazdığı müxәmmәsdir ki, mәәttәәssüf, cümlәsini burada zikr etmәk, bәzi sәbәblәrә görә, mümkün olmadı.

Müxәmmәsi-Әbdürrәhman ağa Şair dәr hәqiqi-Cavad xan Ziyadxanov:

 

Bir rәvayәt söylә, ey dil, çәrxi-kәcrәftardәn,

Ta әbәd ruzi-әzәl bәdmehru bәdkirdardәn,

Çәrxi-zalim, dәhri-dun, sahibxәta, biardәn--

Kim, Yezidin izzәtin gör şahi-dilәfkardәn,

Gör Cavad xan macәrasın möhnәti-mәkkardәn.

 

Böylәdir dövran, әzәl insanә al eylәr cahan,

Bir zaman xürrәm qılır, bir dәm mәlal eylәr cahan,

Şah ola, istәr gәda, aşüftәhal eylәr cahan,

Aqibәt bir gün gedәr himmәt, halal eylәr cahan,

Naxudanı qәrq edәr ol kәştiyi-pürbardәn.

 

Hәr zaman dövran salıbdır canı canandan cüda,

Adәmi hәvvadan ayrı, baği-rizvandan cüda,

Xatәmi saldı fәlәk cahi-Süleymandan cüda,

Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda,

Әskik olmaz zari-bülbül, söhbәti-gül xardәn.

 

Şahnamә şәrh edәn [yox] ol Cavad xan vәsfini,

Mәdәni-cudü sәxavәt, әdli-divan vәsfini,

Bilmiş Әflatun sәharin әhli-meydan vәsfini,

Hikmәti-Loğmandan artıq dәrdә dәrman vәsfini,

Bir müxәmmәs nәzm ilә inşa qılım әşardәn.

 

Gәncә şәhrindә Cavad xan kim, nә әyyam var idi,

Sahibi-lütfü әdalәt, sadiqül-iqrar idi,

Hәr işin felindә mahir, aqilu huşyar idi,

Müxtәsәr, alәmara pürimtәhan sәrdar idi,

Gör nәlәr çәkdi qәzadәn, dövri-bәdәtvardәn.

 

Düşdü davası әzәldәn ol Şәki, Şirvan ilә,

İbrahim xan ittifaq oldu ol Ümmә xan ilә,

Gәldi lәşkәr üstünә ol cümlә Dağıstan ilә,

Onlar ilә qıldı dava sәrbәsәr meydan ilә,

Çәkmәdi hәrgiz zәrәr bir fitneyi-әğyardәn.

 

Bir dә ondan sonra gәldi valiyi-Baqratyan,

Yığdı Gürcüstan tamamәn lәşkәr ta vadiyan,

Neçә illәr qıldı dava, çәkmәdi ondan ziyan,

Vali köçdü çün fәnadan, etdi tәrk axır cahan,

Gör nә sadir oldu Gurgin xan kimi әğyardәn?!

 

Ol Cavad xan vәsfini necә qәlәm şәrh eylәsin?

Şәrhә sığmaz, vәsfi-halın necә dillәr söylәsin?

Bir belә sәrdarü qazi kim görübdür böylәsin?

Düşdü davası onun kari-qәzadan, neylәsin,

Padşahi-rusi-sahibtac ilәn tumardәn?

 

Çәkdi bir il ol Cavad xan eylәdi cәngü cidal,

Gah sülh etdi arada, gah qıldı rәngi-al,

Gördü kim, olmadı axır, artdı fitnә, qilü qal,

Gәlmәdi imdadә, hәrçәnd eylәdi yüz әrzi-hal,

Fәtәli şah, sahibi-İran olan xunkardәn.

 

Ol Hüseynqulu ağa kim, gәldi xanın yanına,

Layiq idi hәr hünәrlәr şövkәtinә, şanına,

İstәdi qanın qata ol dәmdә xanın qanına,

Qoymadı xan göndәrib, bir qeyri bürc meydanına,

Yәni onun vәhşәtin mәn görmәyim didardәn.

 

Qәlәsin sandı Cavad xan ol zaman viranәdәn,

Çox çalışdı ta ölüncә dәrdinә dәrmanәdәn,

Feyzi-hәqdәn ta yetincә rәhmәti-qüfranәdәn,

Çıxdı ruhu ol bәdәndәn, rövzeyi-rizvanәdәn,

Ey xoşa, buldu şәhadәt vahidül-qәhhardәn.

 

Hәm Hüseynqulu ağa buldu şәhadәt novcәvan,

Xәlq ara bu cümlә möhnәtdәn yaman oldu yaman,

Anası ahlar çәkib, şaxsey deyib eylәr fәğan,

Üz tutub ol bargahә әlvida eylәr aman:

Binәva düşdüm cüda fәrzәndi-gülruxsardәn.

 

Gәncәli xalqı şәhadәt qıldı hәqqa canfәda,

Kimi mәzlum, kimi azadә qalıb әndәrbәla,

Hәr biri bir növ ilә yüz dәrdә oldu mübtәla,

Yadına gәlmәz mәgәr mәzlumi-dәşti-Kәrbәla,

Ey utanmaz çәrxi-zalim Әhmәdi-Muxtardәn?

 

Min iki yüz daxi on sәkkizdә tarixi-zaman--

Kim, şәhid oldu Cavad xan, çıxdı әzdari-cahan,

Çox pәrişan oldu halı Gәncәnin hәddәn yaman,

Gәl yetiş imdadә, ya hәq, Mehdiyi-sahibzәman,

İncimәzmi xatirin bu dәrdü ahü zardәn?!

Bu müxәmmәsin bir neçә bәndlәri dәxi vardır ki, fövqdә zikr olunduğu üzrә onların burada yazılması münasib görülmәdi. Cavad xanın vә oğlu Hüseynqulu ağanın şәhadәti vaqe olubdur hicrәtin 1218-ci tarixindә ki, miladın 1804-cü ilinә mütabiqdir.

Mәrhum Cavad xan ziyadә qәyurü cәsur vә sahibi-әqlü tәdbir bir hakim olduğu tәvarixdә yazılmışdır. Şәhadәti zamanı sinni әlliyә kimi var imiş.

Mәlum ola ki, rus qoşunu әvvәlinci dәfә İran sәrhәddinә qәdәmgüzar olduqda Cavad xan dava vә şavasız onun Gәncәyә daxil olmasına yol verib vә rus dövlәtinә öz tәbәiyyat vә ixlasını izhar edibdir.

Kovalenski--ki, rus dövlәti tәrәfindәn Gürcüstanın ümuri-xariciyyәsinә nazir tәyin olunmuşdu,--yazır ki, hamıdan әvvәl onun yanına elçi göndәrib, onu tәbrik edәn vә rus imperatoruna ixlas vә sәdaqәtini izhar qılan Cavad xan olubdur.

 

Әgәrçi Abbas Mirzә öz qoşunu ilә Gәncә sәrhәddinә yavuqlaşanda Cavad xan onun tәrәfinә bir növ meyl edibdir, vәli Kovalenskinin yazmaqına görә, bu meylü rәğbәt zahiri bir politika imiş. Batinәn vә qәlbәn onun meyli rus dövlәtinә imiş vә Gürcüstan ilә xanın mabeynindә vüqua gәlәn bәzi inqilab vә şurişlәri, xüsusәn, Şәmsәddin mәsәlәsini qәt vә hәll etmәk üçün xani-mәrhum İran dövlәtinә rücu etmәyib rus dövlәtinin vasitәsilә dәstaviz edirmiş. Vә lakin knyaz Sisianov Qafqaza rәis vә inspektor tәyin olunub gәlәn günündәn Zaqafqaziyada hökumәt edәn xanlar ilә, xüsusәn, mәrhum Cavad xan ilә artıq dәrәcәdә dürüştlük vә sәrtlik ilә başlayıbdır rәftarü müamilә etmәyә. Qafqaz arxeoqrafiçeski komissiyası cәm vә tәrtib etdiyi aktlardan--ki, bir neçәsini bәndeyi-hәqir türk lisanına tәrcümә edibdir,--mәlum olur ki, Cavad xanın rus qoşunu ilә әslәn vә qәtәn dava etmәk fikri yox imiş. Onu davaya mәcbur qılan knyaz Sisianovun ağır tәkliflәri, xüşunәt vә dürüştlüyü vә bәzi ittifaqlarda nalayiq fәhşlәri olubdur.