ӘLİӘKBӘR NAMAZ OĞLU "QAFİL"

 

 

 

 

Mәrhum Hacı Seyid Әzim Şirvani müasirlәrindәn vә "Beytüs-Sәfa" mәclisinin üzvlәrindәn birisi dә mәrhum Әliәkbәr Namaz oğlu "Qafil" tәxәllüsdür.

 

Qafil tәvәllüd  edibdir şәhri-Şamaxıda tarixi-hicriyyәnin 1244-cü sәnәsindә cәmadiyül-әvvәlin 27-ci günündә. Qafil sinndә Hacı Seyid Әzimdәn böyük imiş. Şamaxıda müsәlman mәktәbindәn başqa bir yerdә tәhsil etmәyibdir.

 

Mәrhum Qafilin çәndan rәvan tәbi yox imişsә dә, amma özü ürәfamәslәk vә şerşünas vә qayәtdә fәsih bir vücud imiş. Müasirlәri arasında tәvazö, xoş rәftar vә xoş tәbiәtilә iştihar bulmuşdu.

 

Sәnәti tәrrahlıq olub hәmişә Şamaxıda sükunәt edәrmiş vә ürәfa mәclisinә ziynәt verәrmiş. Vәfat edibdir Şamaxıda hicrәtin 1309-cu ilindә ramazanül-mübarәkin 25-dә.

 

Әşarından nümunә üçün bir qәzәli burada dәrc olundu:

 

Mәnә ol dilbәri-ahunigәh müddәtdi ram olmaz,

Nә bir vәsli mәnә mәqdur, nә dә ömrüm tәmam olmaz.

 

Könül, ol dilbәri-xudkamdәn keç kamә yetmәkdәn,

Neçün nakamlıqdan yaxşı heç alәmdә kam olmaz.

 

Hәbibim, Kәbeyi-kuyindә sәrgәrdan olan aşiq

Dolanıb başına, qurbanın olsa, bimәqam olmaz.

 

Könül, olsa müyәssәr vәsli-dilbәr, nәqdi-candan keç--  

Ki, bazari-mәhbbәtdә bu sövdalәr müdam olmaz.

 

Hәram olmuş әgәr qan tökmәk, ey mәh, leyk üşşaqın,

Gözün qurbanı, tök qanın, halalındır, haram olmaz.

 

Ola hәr mülki-dil kim, lәşgәri-qәmzәn güzәrgahi,

Düşәr rövnәqdәn, әsla onda qanunü nizam olmaz.

 

Verib cananә gan, Qafil, gәl indi sәn dә bir ad et--       

Ki, әhli-eşq namindәn sәva alәmdә nam olmaz.