MİRZӘ HӘSӘN "MİRZӘ" TӘXӘLLÜS

  

 

 

 

Qüdsiyi-cәnnәtmәkanın müasirlәrindәn Qazax şairlәri Mustafa ağa Arif vә Kazım ağa Salikdәn başqa Qarabağ xanlığında dәxi bir neçә xoştәb şüәra var imiş ki, onların isimlәri atidә zikr olunur.

  

Mirzә Hәsәn İbrahim xanın müqәrriblәrindәn Әlimәhәmmәd ağanın nәvәsi vә Mirzә Cәfәrin oğludur. Mirzә Hәsәn ziyadә mәrifәtli, xoşxülq vә sahibcamal bir zat imiş vә tәbi-şeriyyәsi dә var imiş.

  

Әvaili-sinnindә tәrki-vәtәn edib Şәki xanlığına müsafirәt edir vә orada Nuxa şәhәrindә yeni açılmış rus dәftәrxanasında münşilik әmrinә mәşğul olur. Vәli ömrünün hәnuz cavan çağında haman sәrzәmindә dari-bәqaya rehlәt edir. Öz vәsiyyәtinә görә, cәnazәsi әsl vәtәni Şuşa şәhәrinә nәql olunur vә şәhәrin şimali-şәrqisindә bir verst kәnarda dәfn olunur vә o mәrhumun adı ilә mәzarıstan әlan adlanır ki, "Mirzә Hәsәn qәbristanlığı" deyilir.

  

Mirzә Hәsәnin qürbәtdә vәfatı öz qohum-әqrәbasına vә xüsusәn, şüәravü ürәfa silkinә artıq dәrәcәdә tәsir elәyir vә hәr birisi bir növ növhә ilә o mәrhumun övsafi-cәmilәsini zikr elәyir. O cümlәdәn Mirzә Әbülhәsәn "Şәhid" tәxәllüs bu fәrdi onun maddeyi-tarixindә demişdir:

 

Şәhid qoft besale-vәfatәş in mesrә:

Hezar ah in qamәt hezar әfsus. [1]

 

[1] Tərcüməsi:

Şәhid onun vәfatı ilinә bu misranı dedi:

Bu qamәtә min ah, min tәәssuf.

 

Bu maddeyi-tarixdәn mәlum olunur ki, Mirzә Hәsәnin vәfatı hicrәtin 1249-cu sәnәsindә vaqe olubdur.

 

Mirzeyi-mәrhum müasirlәri arasında sahibi-kәmalü mәrifәt bir şәxs sayıldığından xatiri artıq dәrәcәdә әziz tutularmış.

  

Aşıq Pәri vә Aşıq İbn Canı ki, aşağıda tәrcümeyi-hallarından bәhs olunacaqdır, onun şәnindә gözәl şerlәr yazmışlar. O cümlәdәn Aşıq Pәrinin Mirzәyә xәstә olduğu halda yazdığı namәdir ki, burada zikr olunur:

 

Nә yatıbsan lәhaf bәstәr içindә,

Bimarmısan, nәdir bәs halın sәnin?

Eşqin mәrizinә mәn dә tәbibam,

Bәyak eylә mәnә әhvalın sәnin.

 

İsmi-şәrifiniz ada yetişsin,

Mәtlәb alıb hәr murada yetişsin,

Şahlar şahı özü dada yetişsin,

Hifzindә saxlasın zәvalın sәnin.

 

Barilaha gülzarına qıymasın,

Xәstә düşüb bimarına qıymasın,

Şirin-şirin göftarına qıymasın,

Bağışlasın qaşı hilalın sәnin.

 

Bir mәsәldir: bağban olan bar çәkәr,

Әndәlibin meyli gülüzar çәkәr,

Allahına bәndә ahü zar çәkәr,

Qәm çәkmә, kamildir kәmalın sәnin.

 

Mәn Pәriyәm, eşqә zarәm, neylәyim,

Dәrdi-dildәn xәbәrdarәm, neylәyim,

Burda ora intizarәm, neylәyim,

Şәfalansın nuri-vüsalın sәnin!

 

Mirzә Hәsәn Aşıq Pәrinin cavabında yazmışdır:

 

Bu qәm bәstәrindә möhnәt içindә

Daim fikrimdәdir xәyalın sәnin.

Dәrmansız dәrdimә bulunmaz çarә,

Müyәssәr olmasa vüsalın sәnin.

 

Könül adәt ahü zarә eylәyir,

Eşq sirri aşikarә eylәyir,

Qoyma, ruzigarım qarә eylәyir—- 

O zülfün, [o] xәttin, o xalın sәnin.

 

Qönçә lәtafәtli, lalә üzlüsәn,

Mәstanә baxışlı, xumar gözlüsәn,

Şirin hәrәkәtli, şәkәr sözlüsәn,

Yoxdur yer üzündә misalın sәnin.

 

İltifat eylәyib alıb canımı,

Odlara salıbsan din-imanımı,

Yәqin tirә edәr şәbistanımı,

Münәvvәr etmәsә camalın sәnin.

 

Sәn Mirzәnin qәdrini bil, naz elә,

Sәgi-rәqiblәrdәn ehtiraz elә,

Nәcәf bәyә iltifatı az elә,

Hәlak elәr mәni bu halın sәnin.

 

Vә yenә Mirzә Hәsәn Aşıq Pәrinin hüsnü camalını belә vәsfü tәrif qılmışdır:

 

Lalә yanağında badi-sәbadәn

Ucu tәr cıqqalı tellәr oynaşır.

Süzgün baxışından xumar gözlәrin

Hiylәlәr, fitnәlәr, fellәr oynaşır.

 

Cәm olubdur hüsnün, bu vәcahәtin,

Yetmәsin zәvalә çeşmi-afәtin,

Yayınsa bir zaman sәrvi-qamәtin,

Gözüm içrә qanlı sellәr oynaşır.

 

Boyun yaraşıqda qiyamәt eylәr,

İşvәni, qәmzәni bu babәt eylәr,

Ağ mәmә köynәyә zәrafәt eylәr,

Kәmәr ilә nazik bellәr oynaşır.

 

Mum tәk incәlmişәm incә belindәn,

Sövdayә düşmüşәm siyәh telindәn,

Titrәdikcә zülfün sәhәr yelindәn,

Sanasan gülşәndә güllәr oynaşır.

 

Etdikcә vәsfini Mirzә mükәrrәr,

Tazәlәnib ruhum olur müәttәr,

Gülüstanda zülfün kimi müәnbәr

Nә susәnlәr, nә sünbüllәr oynaşır.

 

Vәtәni-mәlufundan diyari-qürbәtә hicrәt etdiyi әsnada bir dilbәri-şirinmәqala xitabәn aşağıdakı qәzәli inşad etmişdir:

 

Әla ey şuxi-şirinkari-bimürvәt, xudahafiz,

Qәmi-eşqindә bәsdir çәkdiyim zillәt, xudahafiz!

 

Nigara, dövri-ruyindә rәqibim şadkam oldu,

Mәnәm ancaq olan avareyi-qürbәt, xudahafiz!

 

Könüllәr izdihamı, şanә cövrü qoymadı könlüm--  

Edә zülfündә bir asayişi-rahәt, xudahafiz!

 

Dәrindә şad bulsan pasibanın xatiri yetmәz

Bu gündәn böylә nalәmdәn ona zәhmәt, xudahafiz!

 

Hәsәn, bu mahrulәrdәn vәfavü mehr az istә-- 

Ki, cövr etmәk olur mәhvәşlәrә adәt, xudahafiz!

  

Mәhәmmәd bәy "Aşiq" tәxәllüs Mirzәnin dostu imiş vә aralarında dostluq vә mәvәddәt var imiş. Hәr ikisi Aşıq Pәriyә bir növ aşiq olub, onun mәdhindә şerlәr yazarlarmış. Mәhәmmәd bәyin bir qәzәlinә cavab olaraq atidәki şerlәri inşad etmişdir:

 

Yetişdi, Aşiqa, әşari-mövzunun bu rüsvayә,

Hәmana bәxt saldı başimә guya mәnim sayә.

 

Bu nә әyyami-piridir, yenә nә küştigiridir,

Burax bu şüğlu, ey piran, mәnim tәk bari bürnayә!

 

Dolaşma şanә tәk sәn çox o giysuyi-pәrişanә,

İlişsә payinә bir tük, gedәr başın bu sövdayә.

 

Bükülmüş qәdd ilә ol sәrv baş çәkmәz kәnarından,

Xәdәnki-cansitan müşkül girәr böylә pozuq yayә.

 

Gәrәk dәrd әhli dәrdin әhli-dәrdә eylәsin hali,

Giriftarәm sәnin tәk mәn dә bir sәrvi-dilarayә.

 

Mәgәr mәşuqun aşiq qaşını oxşatdı, ey Aşiq,

Yeni ayә vә ya yayә, әgәr göydәn yenә ayә.

 

Bir ay üzlü, qara gözlü, şәkәr sözlü, sözü duzlu,

Beli incә, ağız qönçә, lәbi şәhdi-müsәffayә.

  

Bu qәzәlin ikinci beytindәn belә anlaşılır ki, Mәhәmmәd bәy sinndә Mirzә Hәsәndәn böyük imiş. Necә ki, Mirzә ona zәrifanә deyir: Sövdayi-eşqi әyyami-piridә boşla vә bu şüğlü mәnim tәk bürnaya--cavana hәvalә elә.

 

Bainhәmә Mәhәmmәd bәy Mirzә Hәsәndәn artıq yaşayıbdır.