QUBA

 

 

 

Mәrhum Abbasqulu ağa Qüdsinin tәrcümeyi-halına şüru etmәzdәn müqәddәm Quba şәhәrinin barәsindә--ki, şairin vәtәni mәqamındadır,--icmalәn mәlumat vermәyi münasib gördük.

Yadigar qalmış vәrәqparәlәrdәn vә tәvarixdә görünәn müxtәsәr әhvallardan belә mәlum olunur ki, Quba şәhәrini Nadir şah tarixi-hicriyyәnin 1147-ci sәnәsindә--ki, miladın 1734-cü sәnәsinә mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdindә Dәvәçi mahalıdır) gәlib keçdikdә Dәrbәnd ilә Şabranın arasında "Gülüstani-İrәm" adında basәfa bağlıqda istirahәt üçün sakin olmuşdur.

Buranın abü havası şaha xoş gәldiyindәn Mirzә Mehdi xan münşi tәvәssütü ilә әmr etmişdir ki, burada şәhәr binası qoyulsun. Bu әmri icra etmәk üçün neçә nәfәr öz qoşunundan--ki, Әrdәbil şәhәrindәn var imişlәr,--o mәkanda qoyur. O cәhәtә şәhәrin әvvәlinci mәhәllәsi indilikdә dә "Әrdәbil mәhәllәsi" adı ilә mәşhurdur.

Rәvayәt olunur ki, şәhәrin adını Nadir şah öz çadırının başındakı qübbәsinin nişanәsinә yad olaraq әmr edir "Qübbә" qoyulsun. Bir rәvayәt dә budur ki, Qubanın binasını Qudyal çayının sağ tәrәfindә ibtida qoyan Fәtәli xan Müştәrinin atası mәrhum Hüseynәli xan olubdur. Belә ki, şәhәr bu axır vaxtlara kimi o yerin әhalisi arasında "Qudyal qala" adı ilә mәruf idi.

Mәrhum Müştәrinin әyyami-hökumәtindәn Abbasqulu ağa Qüdsinin zamanına kimi bu aralıqda nә növ ülәma vә ürәfa vücuda gәldiyi vә onlar kimlәr olduğu mәlum deyildir. Hәr halda Qubada bir çox әhli-hal vә ürәfavü ülәma olublar vә onun üçün mәrhum Kazım ağa Salik Qubanı (Qübbәni) yad etdikdә demişdir:

 

Kәmali-rifәti-Şirvan mәlum,

Maarif mәdәni xaki-Qubadır.

 

Neçә әhli-bәlağәt var onda,

Biri Ağabәyü Mirzәbabadır.

 

Biri "Qüdsi" lәqәb Abbasqulu bәy,

Diyari-nәzmü şerә padşadır.