QARABAĞ--ŞUŞA ŞӘHӘRİ

 

 

 

 

Sabiqdә Şuşa şәhәri Qarabağ xanlarının paytaxt şәhәri hesab olunurmuş. Bu şәhәrin banisi Pәnahәli xan olubdur. Şәhәrin tәmir vә binası vaqe olubdur 1170-ci sәnәdә ki, tarixi-mәsihiyyәnin 1757-ci ilinә mütabiqdir. Bu şәhәr әvvәlcә öz banisinin adı ilә adlanırmış. Pәnahabad. Sonradan şәhәrin üç-dörd verstliyindә olan ermәni Şuşa kәndinin adı ilә tәsmiyә olundu. Pәnah xan mәrhum Şuşa şәhәrini tәmir vә tәsis edib, әtrafına möhkәm hasar çәkdirdi vә sonra hamı xalqa müәyyәn yurd vә mәkan göstәrib, fәraqәt dolanmaqlarına lazımi binagüzarlıq edibdir vә yeni bina etdirdiyi şәhәrin adı ilә gümüş pul zәrb etdirdi--"Pәnahabad" ki, rusların indiki gümüş üçşahılığı vәznindә imiş.

 

Mәlum ola ki, Pәnahәli xanın әsli qarabağlıdır vә Sarıcalı qәryәsindәndir vә Sarıcalı onun babalarından birisinin adı ilә--ki, Sarıcalı imiş,--tәsmiyә olunubdur.

 

Mәrhum Mirzә Cәmal öz tarixindә Pәnahәli xanın abavü әcdadı şәnindә belә yazır: Pәnah xanın ata-babaları hәmişә Cavanşir elinin içindә mәşhurü mәruf vә sahibi-ismü rәsmü nan vә sahibi-hörmәtü dövlәtü ehsan olublar. Atasına İbrahimxәlil ağa deyәrlәrmiş. Çox qövmü qәbilә vә әqrәbavü arxası çox olan şәxs imiş ki, dövlәt vә nemәti bipayan vә avazәsi vә şöhrәti mәzkurul-lisan olmuş, necә ki, Ağdamda Tağbәnd damı vә divarı vә Arasbarda çarpasının mәrateyi vә asarı vә yaylaqda dәxi İbrahimxәlil ağa qalaqı (qalası), mәşhur olan imarәti vә nişanәsi vardır. Bunların hamısı onun sahibi-dövlәt vә hişmәt olmağına dәlil vә şahidi-biәdildir.

 

Zәmani ki, Nadir şah Әfşar indiki Zaqafqaziya vilayәtlәrini--ki, ibarәt ola Gәncә, Tiflis, Qarabağ, Şirvanat vә sair yerlәrdәn,--öz tәsәllütünә götürdü, öz adәt vә qaydasına görә hәr bir el vә oymağın içindә bir rәşid, qoçaq vә kardan adam olsa idi, onu gәtirdib öz hüzurunda xidmәtkar edәrdi vә lәyaqәtinә görә ona mәnsәb vә mәvacib verәrdi, o cümlәdәn Cavanşir elindәn dәxi İbrahimxәlil ağanın qabağınca böyük oğlu Fәzlәli bәyi vә onun vәfatından sonra Pәnahәli bәyi gәtirdib hüzurunda xidmәtkar elәdi. Tezliklә onun ziyadә fәrasәtli vә rәşid olmağını görüb, hüsni-xidmәti vә sәdaqәti әvәzindә mәvacib vә rütbәsini artırdı vә ol vaxtlarda Rum qoşunu ilә--ki, Abdulla paşa Köprülüoğlunun sәrkәdәliyindә idi,--Nadir şahın neçә yerlәrdә böyük davaları vüqua gәlibdir vә bu davalarda Pәnah xanın artıq rәşadәt vә hünәrlәri Nadir şahın daha da ziyadә iltifat vә şәfәqqәtini cәlb elәyir vә lakin bir neçә paxıl vә şәrir kәslәr Pәnah xanın bu minval tәrәqqi tapmağına hәsәd aparıb, ondan bәdguluq etmәk binasını qoyurlar vә Nadir şahın hüzurunda onu müqәssir edib, qәtlinә fitva verirlәr. Pәnah xan әhvalı bu növ ilә görüb, canının qorxusundan fürsәt tapıb, Nadir şah Xorasanda olan vaxtı bir neçә nәfәr әqvami-müxlisәlәrdәn özü ilә müttәfiq görüb, Qarabağ vilayәtinә qaçır. Nadir şah Pәnah xanın qaçmağından çox qәzәbnak olub, dalınca çaparlar göndәrir ki, onu yoldan tutub gәtirsinlәr. Amma müyәssәr olmayıb vә Qarabağda dәxi onun tutulmağına çox sәy vә tәlaş edirlәrsә dә, bir şey bacarmırlar. Ancaq onun elindәn qövmü әqrәbasını vә әhlü әyalını Nadirin hökmü ilә Xorasan mәmlәkәtindә Sәrәxs torpağına sürürlәr. Sonralardan 1160-cı tarixindә Nadir şah Xorasanda qәtlә yetәndәn sonra Pәnah xan qorxudan çıxıb, Qarabağın içindә özünü zahir edibdir. Bu vaxta kimi Pәnah xan gah Qarabağın dağlarında vә meşәlәrindә öz xәvasları ilә vә bir para әqrәbaları ilә quldurmanәnd dolanarmış vә gah Şәki vilayәtindә vә Qәbәlә mahalında övqat keçirәrmiş. Nadir şahın qәtlindәn sonra onun hökmü ilә Xorasana sürgün olan Qarabağ elatı әzancümlә Pәnah xanın әhlü әyalı böyük oğlu İbrahim xan ilә bir yerdә xudsәr köçüb öz әsli vәtәnlәrinә qayıdırlar.

  

Mәrhum Pәnah xan çox tәdbirli, aqibәtәndiş vә karkön bir adam imiş. Özünün hökumәt vә istiqlaliyyәtini möhkәmlәndirmәk üçün Qarabağın qoçaq vә rәşid cavanlarından özünә bir dәstә mükәmmәl atlı saz elәmişdi. Çün әtrafdakı vilayәtlәr--Şәki, Şirvan, Gәncә, İran, Qarabağ xanları onunla düşmәn idilәr, özünü bunların hücumundan eymәn vә salamat saxlamaq üçün әvvәlcә 1161-ci ildә indiki Kәbirli mahalında Bayat qalasının binasını qoydu. Üç-dörd il bu qalada sakin olub, sonra görür ki, bu yer münasib deyil, özü dә aranzәmindir vә әhali istidәn zәhmәt çәkir, onda Tәrnakut yaxud Tәrnaut qalasını bina etdirir ki, "Şahbulağı" adı ilә mәşhurdur. Bu qalanın binası 1165-ci sәnәdә--ki, tarixi-mәsihiyyәnin 1752-ci sәnәsinә mütabiqdir,--vaqe olubdur. Beş sәnә dә bu Tәrnakut qalasında qalıb, sonradan indiki Şuşa qalası olan mәhәlә hicrәt edir. Çünki ol vaxtı Azәrbaycan hakimi Mәhәmmәd Möhsün xandan çox ehtiyat olunurdu ki, İran qoşununu Qarabağa çәkib, onun әmval vә ehşamı payimal olunsun. Şuşa qalasının yeri çox möhkәm vә әtrafı sıldırım qayalar vә dәrin dәrәlәr olmağa görә, onu tәsxir elәmәk hәr halda mümkün deyildi. Odur ki, neçә dәfә Qızılbaş qoşunu onun üstә gәlib, onu mühasirә ediblәrsә dә, fәthindә aciz qalıb, mәyus vә pәrişanhal geri qayıtmağa mәcbur olublar.

 

Qarabağ vilayәtinin Rusiyaya mülhәq olması Pәnah xanın oğlu İbrahim xanın vaxtında, 1804-cü sәnәdә vaqe olubdur. Haman sәnәdә qış fәslindә İbrahim xan mәrhum vә oğlanları Mәhәmmәd Hәsәn ağa vә Mehdiqulu ağa ilә vә Qarabağın bir neçә mütәşәxxis bәylәri vә әyanları ilә şәkili Sәlim xan ilә--ki, onun damadı idi,--Kürәk çayında knyaz Sisianov ilә görüşürdü vә burada cәşnü ziyafәtlәrdәn sonra miyanlarında mühavirat vә müahidat vaqe olub, hәr iki canibdәn binayi-әhdü peyman qoyuldu vә şürutnamә yazıldı. Mәrhum İbrahim xan vә sәrdar Sisianov öz möhürlәri vә dәstxәtlәri ilә haman şürutnamәni imza qıldılar. Bu әhdnamәnin hökmüncә İbrahim xan dövlәti-Rusiyyәyә itaәt etmәyi qәbul etdisә dә, amma hәm özü vә ondan sonra nә qәdәr varisi vardır nәslәn bәdi-nәsl imperaturi-әzәm tәrәfindәn Qarabağ vilayәtindә bilistiqlal hakim olmaqları tәsdiq olunur vә bu mәclisdә İbrahim xana general-leytenantlıq vә Sәlim xana general-mayorluq, Mәhәmmәd Hәsәn ağaya vә Mehdiqulu ağaya polkovniklik çini verilmәk üçün sәrdar Sisianov tәrәfindәn vәsatәt olundu vә lakin Sisianov Bakıda mәqtul olandan sonra İbrahim xanın meyli bir növ İran dövlәtinin tәrәfinә dönür. Şuşa qalasında duran bir fövc batalyon rus qoşunundan böyük mayor Lisaneviç bir para şәrir vә әhli-qәrәz adamların tәhrik vә iğvası ilә gecә vaxtı iki yüz soldat götürüb, şәhәrin iki verstliyindә İbrahim xanın olduğu sәngәri әhatә edir vә tamamını böyük zülm vә әdalәtsizliklә qәtlә yetirir.

  

İbrahim xandan sonra onun yerindә oğlu Mehdiqulu xan canişin olur ki, onun qızı şairә Xurşidbanu "Natәvan" tәxәllüs Şuşa şәhәrindә 1315-ci sәnәdә vә Xurşidbanunun oğlu Mehdiqulu xan "Vәfa" tәxәllüs 1318-ci sәnәdә Tiflis şәhәrindә vәfat ediblәr.

  

Şuşa qalası Zaqafqaziyanın gözәl vә basәfa şәhәrlәrindәn birisi hesab olunurdu vә axır vaxtlarda artıq sürәt ilә abad olmağa üz qoymuşdu. İçindә çox gözәl imarәtlәr yapılmışdı. Yay fәslindә altmış-yetmiş minә qәdәr nüfus bu şәhәrә cәm olurdu, çünki Şuşanın abü havası xeyli saf vә salamat olmağa görә, yaylaq mәnzәlәsindәdir. Qarabağın tarixinә vә sair övzavü әhvalına dair bir para mәlumat Molla Pәnah Vaqifin tәrcümeyi-halı nәql olunduqda söylәnәcәkdir.

  

Şuşa şәhәrinin ab-havasının tәsirindәn vә torpağının bәrәkәtindәn burada çox zürәfa, üdәba vә şüәra vücuda gәlibdir. Belә ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mәnzәlәsindә olub, әrbabi-zövqü sәfa oymağı vә әhli-hal vә sahibi-dil yatağı hesab olunur. Şuşa әhli--xah ermәnisi vә xah müsәlmanı--hәmişә eyşü işrәtdә olub, günlәrini gәzmәkdә, seyrü sәyahәtdә keçirirdilәr vә buranın sazәndә vә xanәndәlәri indi dә mәşhuri-cahandır.

 

Heyfa ki, 1905-ci ildә ermәni vә müsәlman davasında bu şәhәrin Ermәnistan tәrәfi vә 1906-cı ildә müsәlmanistanın bәzi hissәlәri öz әhalisinin cahilanә rәftarı vә vәhşiyanә kirdarı ucundan yanıb zir-zәbәr oldu. Yüz ildәn bәri balaları әnvayi-zәhmәt vә mәşәqqәt çәkib, külli mәxaric vә mәsariflәr töküb abad elәdiyi vәtәni bu gün onun cünunluq mәrәzinә mübtәla olmuş övladı belә rәhmsiz vә ağılsız viran olmağına canlarını nisar elәdilәr. Yüz ildәn bәri iki mehriban qonşu kәmali-sәdaqәt vә mәvәddәtlә bir yerdә dolanıb, bir hava ilә nәfәs alıb, asudә vә mürәffәül-hal zindәganlıq etmәklәrindәn guya diltәng vә narazı olub, bir-birlәrinin canına vә malına yağı olmaqları qәribә bir hal vә heyrәtәngiz bir sirrdir.

 

Bu halda Şuşa şәhәri әhalidәn, demәk olur ki, boş qalıbdır. Az-çox varı vә tavanası olanlar qeyri bilad vә ölkәlәrә hicrәt edib, hәr birisi bir növ güzәran etmәkdәdirlәr. Şәhәrdә qalanlar ancaq әlsiz-ayaqsız, әhli-kәsbü sәnәtdir ki, onların dә mәişәti tәrәddüd vә alış-veriş olmadığına görә, artıq dәrәcәdә çәtinlik ilә keçir.