ŞİRVAN VӘ ŞAMAXI

 

 

 

 

Şamaxı şәhәri Qafqaz xittәsindә әn qәdim şәhәrlәrdәn birisi hesab olunub. Mәşhur qövlә görә, Şamaxı sasanilәrdәn Әnuşirәvani-adilin әyyami-sәltәnәtindә bina olunmuşdur ki, әsri-nәbәviyә tәsadüf elәyir. Sәhih rәvayәtә görә, Şamaxı keçmişdә Şirvan şahlarının paytaxt şәhәri sayılırmış. Şirvan şahlığı isә vәsi vә müstәqil bir mәmlәkәt olub, iyirmi yeddi nәsil dalbadal onda hökmranlıq etmişlәr imiş. Bu mәmlәkәtә daxil olan vilayәtlәrdәn mәşhuru bunlar imiş: Dәrbәnd, Quba, Badkubә, Şirvan, Astara, Sәlyan tamami-Cavad uyezdi, Mil düzü ilә Gәncә vә İrәvan quberniyalarının cәnub vә qәrb sәmtlәri ta İran sәrhәddinә kimi.

 

Şirvan şahlarının zәmani-hökumәti, qövli-mәşhura görә, tarixi-hicriyyәnin beşinci vә altıncı әsrlәrindә olubdur. Sonralardan müruri-әyyam ilә bu dövlәt inqiraz olub, Şirvan mahalı dәxi Qafqaz xittәsinin sair mәrkәzlәri kimi gah әrәblәrin vә gah türklәrin vә gah farsların tәsәllütünә keçir vә axırda mәrhum Mustafa xanın әsrindә--tarixi-miladın 1804-cü sәnәsindә imperator Әvvәlinci Aleksandrın zәmani-hökumәtindә rus dövlәtinin tәhti-idarәsinә daxil olur.

  

Şah Abbas Sәfәvinin vaxtında Qafqazın çox yerlәri Osmanlı dövlәtinin tәhti-hökumәtindә imiş. O cümlәdәn Şamaxı da Osmanlıya tabe olub, onda Әhmәd paşa valilik edәrmiş. Şah Abbas Qafqazın çox ölkәlәrini asanlıq ilә tәsxir etmiş isә dә, Şamaxının üstündә xeyli zәhmәtlәr vә әziyyәtlәr çәkmişdir. Mәrhum Mirzә Hәsәn әfәndi Әlqәdari әd-Dağıstani "Asari-Dağıstan" adlı mötәbәr әsәrindә yazdığına görә, Şah Abbas Şamaxı qalasının üstündә altı aya kimi әllәşibdir vә axırda naәlac qalıb, Gәncәdәn oraya böyük toplar gәtirdib, lazimeyi-tәdbir vә ehtimamlar edib, ol qalanın bәzi bürclәrini vә hasarlarını tәxrib etdikdә, mәhsurlar çarәsiz qalıb ondan aman tәlәb ediblәr vә şah onları әmin edәndәn sonra qalanı ona tәslim ediblәr vә onların cümlәsindәn Әhmәd şanı Şah Abbas mülatifәt ilә xatircәm edibdir. Ol sәbәbdәn ki, Әhmәd paşa aqil vә süxәndan vә karamuz bir şәxs imiş. Vә lakin Şәmsәddin paşanı vә qeyrilәrini ihanәtlә qәtlә yetiribdir. Vә necә ki, Abbasqulu ağanın "Gülüstani-İrәm" adlı kitabında mәsturdur, Şah Abbas Şamaxını fәth etdikdәn sonra onda böyük bir mәscid tәmir etdiribdir vә hәmçinin Şirvanın bәzi yerlәrindә mәscidlәr, mәdrәsәlәr, kәhrizlәr vә karvansaralar tikdirib ol vilayәti dәxi sair tәsxir qıldığı ölkәlәr kimi mәmur vә abad etmişdir.

 

Şah Abbasdan sonra Şirvan yenә bir vaxt Osmanlı dövlәtinin ixtiyarına keçir vә Nadir şahın әsrindә Osmanlı tәrәfindәn tәyin olunmuş qazıqumuqlu çolaq Surxay xan orada xanlıq edirmiş. Nadir şah Şamaxının üstünә qoşunla gәlәn zamanı Sultan Mahmud xan Surxay xana fәrman göndәrib ki, oradan çıxsın vә mәmlәkәti İran şahına tәhvil elәsin, çünki onların mabeynindә bu barәdә müsalәhә olunubmuş. Mәәhaza, Surxay xan haman fәrmanı gәtirәn Astara hakimi talış Musa xanın xadimini qәtl edib cavab veribdir ki, mәn Şirvanı lәzgi islamlarının qılınclarının zәrbi ilә tәsәrrüf elәmişәm, nәinki Osmaniyyә dövlәtinin tәvәccöhü ilә. Bu cavab Nadirin qulağına yetişdikdә onun atәşi-qәzәbi cuşa gәlib, mәhz Surxay xanı tәnbeh etmәkdәn ötrü Şirvana tәrәf hәrәkәt elәyibdir. Vә lakin Surxay xan Nadirin hücumunu eşidib, oradan qaçıb Qәbәlә tәrәfә. Lәzgilәrdәn vә Şәki әhlindәn vә oralarda qalan osmanlılardan özünә qoşun cәm etmәyә mәşğul olubdur. Nadir şah miladın 1734-cü sәnәsindә avqust ayının 17-ci günündә davasız vә şavasız Şamaxı şәhәrinә daxil olub, burada lazım olan tәdbiratı edib vә hakimlәr nәsb qılıb, oğlu Tәhmasibqulu xanı Surxay xanın üstünә Qәbәlә canibinә göndәribdir vә özü dә on iki min qoşun ilә Quba sәmtinә azim olubdur.

 

Knyaz Sisianov (ki, "inspektor" vә türklәr arasında "işpextor" lәqәbi ilә mәşhurdur,) ondoqquzuncu әsrin ibtidalarında, yәni 1802-1806-cı illәrdә rus dövlәti tәrәfindәn Gürcüstanı idarә edәn zaman Şamaxının hakimi Mustafa xan imiş. Bu xanın vәqqi-hökumәtindә Şirvan mahalı,--necә ki, yuxarıda zikr olundu,--rus dövlәtinә mülhәq olunubdur. Mustafa xan әdalәtli vә mürüvvәtli vә işbilәn bir hakim imiş ki, әhaliyi-Şirvan onun sayeyi-himayәtindә asudә vә mürәffәhhal dolanarmış vә cümlә rәayası onu canü dildәn istәrmiş.

  

Rus dövlәti tәrәfindәn Sisianovdan qabaq Gürcüstana nazir (ministr) tәyin olunmuş Kovalenskinin yazdığına görә, әvvәllәrdә nә qәdәr ol sәy edibsә Mustafa xanı Rusiya dövlәti ilә yavuqlaşdırsın, mümkün olmayıbdır. Amma sonradan bәzi sәbәblәri müraat edib xan Kovalenskinin bir elçisini qәbul edib, ona iltifat göstәribdir vә bir elçi dәxi öz tәrәfindәn Kovalenskinin hüzuruna göndәrib vә bu növ ilә rus dövlәti ilә xani-mәzkurun aralarında dostluq vә mәvәddәt binası әlaqә bağlayıbdır. Mustafa xan Dağıstan ilә dәxi qәti-әlaqә etmәyib Dağıstan xanları ilә sülhdә dolanarmış vә Dәrbәnd hakimi Şıxәli xana zәrurәt vaxtında lazımi kömәk göstәrәrmiş. Vә bu sәbәbә Sәlyan mahalı--ki, sabiqdә Dәrbәnd xanına tabe imiş,--Mustafa xanın idarәsi altına keçibmiş. Gürcüstan padşahı ilә dәxi Mustafa xan sülhdә dolanarmış, amma mabeynlәrindә artıq dostluq vә yaxınlıq yox imiş. Hәmçinin İran şahı ilә çәndan әlaqәsi vә rәbtsәbti yox imiş. Hәmişә özünü müstәqil saxlamağa sәy edirmiş. Fәtәli şah ona elçi göndәrib, İran dövlәtinә tabe olmağını tәklif qıldıqda xan elçiyә әmr edibdir ki, padşahına degilәn ki, padşahlıq qılıncı mәndә dә var.

  

Keçmişdә Şamaxı şәhәri ticarәt üçün mühüm bir mәrkәz hesab olunurmuş. Xüsusәn, onda ipәk vә qumaş mal satılarmış. Amma çifayda, bu gözәl şәhәr dәfәat ilә zәlzәlәnin dәhşәtli sәdәmәsindәn tәxrib vә zirzәbәr olmuşdur. Rus dövlәtinin ixtiyarına keçәndәn bir neçә vaxt mürur etmiş Şamaxı 1846-cı ildә qubernski şәhәr olub, indiki Bakı vә Gәncә quberniyalarının mәrkәzi-idarәsi hesab olunurmuş. Amma 1859-cu ildә vüqua gәlәn zәlzәlәdәn sonra quberniya mәrkәzi idarәsi Bakıya nәql olundu vә o vaxtdan bәri Şamaxı başladı tәnәzzül etmәyә. Bu axırıncı zәlzәlәdәn sonra--ki, 1902-ci sәnәdә yanvarın 31-dә vüqua gәlibdir,--şәhәr daha da artıq rövnәqdәn düşdü vә adamları әtrafü әknafa dağıldı vә üç minә qәdәr canlar bir türfәtül-eyndә tәlәf oldu.

 

Şirvan vilayәti vә xüsusәn, Şamaxı şәhәri qәdimdәn mәrkәzi-ülәma vә füzәla vә mәskәni-üdәba vә şüәra olub, onda çox kamil vücudlar vә arif şәxslәr dünyaya gәlmişdir. Әgәr Şirvan şairlәrinin mәhz adlarını burada zikr etmәli olsaq, mәcmuәnin bir neçә sәhifәlәrini yalqız onlar ilә doldurmaq lazım gәlir.

 

Biz bu halı Şamaxının abü hәvasının vә xaki-pakının tәsirinә hәml edirik vә bu etiqad üzrә sabitqәdәm oluruq ki, hәr yerin torpağının tәbiәtindә vә abü hәvasının tәsirindә böyük hikmәtlәr vardır ki, onun nәticәsi әhalisindә görsәnilir. Hәr bir mәhәllü, mәkanın әhalisinin әxlaqü әtvarı, zehn vә fәrasәti, istedad vә qabiliyyәti o yerin abü hәvasının tәsirinә bağlıdır. Bәzi yerlәrin torpağı qızıl vә gümüş, firuzә vә yaqut, lәlü cәvahir yetirәn kimi, bir para mәhәllü mәkanın dәxi torpağı vә abü hәvası qabil vә kamil vücudlar, xoştәb şairlәr, xoşavaz xanәndәlәr, mahir sazәndәlәr vә qabil nәqqaşlar yetirir. Şirvan vilayәti qәdimdәn şüәra vә ürәfa beşiyi olmağını mәrhum hacı Seyid Әzim dәxi öz tәrcümeyi-halına dair yazdığı mәnzumatında tәsdiq edib deyir:

 

İki yüz әlli birdә bәdi-hәzar,

Әsri-Sultan Mәhәmmәd Qacar,

Rumә Әbdülmәcid idi sultan,

Oldu darül-viladәtim Şirvan.

Hansı Şirvan, o gülsitani-qәdim-- 

Konda şirvanşәhilәr oldu müqim.

Nә Şәmaxi ki, onda İzzәddin

Nәzmdәn zahir etdi sehri-mübin.

Mәsqәtür-rәsi-paki-Xaqani,

Hünәrin zülfüqari-bürrani.

Nә Şәmaxi ki, onda tәbi-Bahar

Etdi yüz min baharlar izhar.

 

Seyidin bu şerlәrindәn mәlum olur ki, Şamaxıda İzzәddin, Xaqani, Ağamәsih Şirvani vә Mirzә Nәsrullah Bahar kimi böyük şüәra vücuda gәlib rüxsari-şer vә kәlamı bәdr ayı tәk münәvvәr qılmışlar. Vә lakin sәd heyf ki, elm vә mәrifәt vә xüsusәn, fünuni-şer vә әdәbiyyat övci-mәqama çatdıqda,--necә ki, fövqdә zikr olundu,--böyük vә dәhşәtli zәlzәlәlәr vüqua gәlmәklә gözәl şәhәri zirü zәbәr edib, әhalisinin bir parasını hәlakәtә yetirib vә bir parasını dәxi vәtәni-mәluflarından dәrbәdәr vә pәrakәndә qılmışdır, necә ki, bu babda mәrhum Seyid deyibdir:

 

Olmuş ikәn sәfadә rәşki-cinan,

Tapdı eynül-kәmaldәn nöqsan.

Etdi Şirvanı payimali-mәlad

Rәcfәtül-әrzü sәdmeyi-zilzal.

Xәlqi-Şirvan olub pәrakәndә,

Hәr biri bir qәribә mәskәndә.

Dağılıb, şәhri qoydular bәrbad,

Etdilәr Badkubәni abad....

 

Amma bununla belә Şamaxıya zәlzәlәdәn külli sәdәmәlәr vә afәtlәr yetişdisә dә, yenә ol mübarәk torpaq әhli-mәrifәtdәn xali qalmayıb, hәr zaman fazil ülәma, xoştәb şüәra vә zürәfa yetirmәkdәdir.