AĞAMİRZӘ MӘHӘMMӘD BAĞIR "XALXALİ"

  

 

 

 

Ağamirzә Mәhәmmәd Bağır Xalxali, demәk olur ki, Azәrbaycani-әcәmdә bu vaxta kimi zühur edәn türk şairlәrinin әn müqtәdir vә rәvantәblisidir. Xalxalinin lәqәbi göstәrir ki, ol cәnab Tәbrizin yaxınlığında Xalxal qәryәsindәndir vә Qarabulaq sakinidir. Bu qәryә isә böyük vә mәhsuldar, xoş abü havalı bir mövqedә qәdimdәn bina olunmuş dehatlardan birisidir.

  

Mirzә Mәhәmmәd Bağırın ancaq bir әsәri-mәtbuu "Sәlәbiyyә"--"Tülkü" adında ki, nәzm ilә inşa olunubdur, bizә mәlumdur. "Sәlәbiyyә"dәn qeyrisini görmәmişik vә anladığımıza görә, ondan sәva özgә bir әsәri olmayıbdır.

  

Xalxalinin tәrcümeyi-әhvalına mәxsus әxbar cәm edә bilmәdik vә bu barәdә sәyü tәlaşımız bisәmәr qaldı. Çoxları mәlumat cәm edib göndәrmәyi vәdә etdilәrsә dә, vәdәlәrinә vәfa edәnlәri olmadı. Ancaq "Sәlәbiyyә"nin axırında şair öz әhvalına dair cüzi mәlumat verir. Onun öz yazdığından mәlum olur ki, ol cәnab Nәsrәddin şahın vәqti-sәltәnәtindә kitabını 13[10]-cu tarixdә itmama yetiribdir vә bu tarixi-kitab dәxi onun öz şerindәn istixrac olunubdur әbcәd hesabı ilә. Öz adını vә mәhәlli-tәvәllüdünü dәxi şair bir şerindә bәyan edibdir. Kitabın xatimәsindә Nәsrәddin şahın duası babında yazdığı şerlәr bunlardır:

 

Bihәmdillah, kitabi-"Sәlәbiyyә"

Tamam oldu әcәb şirin qәziyyә.

Zamani-Nasirәddin şahi-Qacar,

Şәhәnşahi-cahangirü cahandar.

Mәnә yoxdur yolu şahı edim mәdh,

Neçün ki, qorxuram mәdhim ola qәdh.

Vә lakin şahımız çox yaxşı şәhdir.

Xilafәt bürcünә rәxşәndә mәhdir.

Onun әhdindә asudә dolannıq,

Әdalәt kölgәsindә daldalannıq....

Xudaya, daimi qıl tacü tәxtin,

Bülәnd et himmәti tәk cahü bәxtin.

Özün, oğlanların, әhlü әyalın,

Hamı nökәrlәrin, cahın, calalın

Hәmişә bu cahanda paydar et,

Onun bәdxahına bәrpayi-dar et....

Xәbәr alsa biri adımı bilfәrz,

Özüm öz adımı qoy eylәyim әrz.

Fünuni-mәrifәtdәn xaliyәm mәn,

Mәhәmmәd Bağıri-"Xalxaliyәm" mәn.

Bu fәrdi-axirin nәzmi-savabı

Bәyan eylibdi tarixi-kitabı.

 

Bu yazılardan başqa Mәhәmmәd Bağır Xalxalidәn özgә bir xәbәrimiz yoxdur vә çox heyif belә müqtәdir, xoştәb vә şirinkәlam şairimiz adsız vә sansız itib gedir vә qәdrü qiymәti kәma huvә hәqqәhu bilinmir.

  

Çox ola bilir ki, Mәhәmmәd Bağır indiki hali-hәyatda sağ vә salamat mәişәt dәryasına cumub, kәsbi-qüvvәt vә tәhsili-mәaş yolunda cәngü cidal etmәkdәdir; vallahü әlәm.

 

İndi "Sәlәbiyyә" kitabına rücu edәk. Xalxalinin bu әsәri başdan-ayağa nәzm ilә yazılıbdır. Nәzmi-şerindә bir qüsur yoxdur. Şerlәrin hamısı sәlis, rәvan vә mövzundur. Әgәrçi mәnanı şerlә ifadә etmәk asan deyil vә çox vәdә şair qüvvәsini kәlamın vәzn, rәdif vә qafiyәsinә sәrf edib, mәnaya vә әsil mәtlәbә çәndan mültәfit olmur, amma hәqiqi şair çox ali fikirlәri vә nazik mәnaları asan vәch ilә gözәl şerlәr vasitәsilә bәyan edir. Necә ki, sabiqdә Füzulinin haqqında danışıldıqda biz dedik ki, "Leyli vә Mәcnun" hekayәsindә nә qәdәr dәrin mәnalar, hikmәtli sözlәr vә işarәlәr vardır, amma onların hamısını Molla Mәhәmmәd Bağdadi elә asan vә açıq, şirin dil ilә şәrhü tövsih edibdir ki, onları anlamamaq olmaz.

  

Hәqiqi şairin baş vәzifәsi mәnanı yetirmәkdir. Çünki hәr bir qissәvü hekayәtin ruhu onun içindә olan mәna vә mәzmundur. Nә qәdәr ki, şairin başında doğan tәzә fikirlәr aydın, açıq vә salamat olsa, bir o qәdәr dә onları bәyan etmәk asan olur. Çәtin ancaq fikrin başda doğub pәrvәriş tapmağıdır. Dolaşıq vә qarışıq fikirlәrin zühura gәlmәsi dә dolaşıq olur vә bәzi şairin yazılarının kәlamı o qәdәr qarışıq vә bulaşıq olur ki, o qәdәr ağır vә qәliz ibarәlәrlә malamal olur ki, elә ölçüsüz vә biçiksiz yaraşılmayan dona geyinilir ki, onları oxuyanlar bir şey fәhm edә bilmir vә bu kәlamı yazmaqdan şairin ümdә mәramı nә olduğunu anlayıb başa düşmürlәr.

  

Zәnn edirәm ki, әgәr şairin vә ya әdibin özündәn dәxi soruşulsa ki, cәnab filan, sizin bu kәlamı yazmaqdan әsl mәramınız nә olubdur vә bunun ruhu, canı nәdәdir, hansı mәtlәbi ifadә etmәk istәyibsiniz, ol cәnab bu suallara cavab vermәkdә aciz qalsın....

 

Mәhәmmәd Bağır Xalxali Azәrbaycan şairlәrinin әn açıq vә aydın fikirli vә salamat әndişәli şairlәrindәn birisidir. Әqli-sәlim vә fikri-mәtin ilә belә haqq-taala ona rәvan tәb dәxi mәrhәmәt etmişdir ki, onun vasitәsi ilә yaratdığı qissәlәrin cümlәsindә müfidü mәqul hissәlәr götürmәk olur.

 

Bәzilәri irad edә bilәrlәr ki, xırdaca uşaqlar üçün mәzhәkә sәbkindә yazılan "Tülkü" nağılından nә böyük hissәlәr vә müfid tәcrübәlәr әxz etmәk olur? Doğrudur, Xalxali cәnabları söylәdiyi "Tülkü" nağılıdır vә әlәzzahir çәndan әhәmiyyәt vә lәyaqәti ola bilmәz vә lakin şair mәzhәkәnin zimnindә münasibi-halü mәqal haşiyәsazlıq edib, xeyli mәslәhәtli sözlәr vә gözәl nәsihәtlәr söylәyir ki, cümlәsi indәl-üqәla mәqbulü müstәhsәndir. Xalxalinin bu tutduğu nizamü rәviş Mollayi-Ruminin şivәvü qaydasına bәnzәyir ki, adi bir şeyin üstә söz açıb, tülküdәn, canavardan, atdan, eşşәkdәn vә ya insan növi şahdan, gәdadan, dәrvişdәn vә qәnidәn bәhs etdiyi әsnada mәqamı gәldikcә münasibi-mәqal haşiyәlәr çıxıb, xeyli hәkimanә vә fәlsәfanә sözlәr söylәyir ki, onların mәalü mәzmunu cümlәni heyrәtә salır.

  

Әlbәttә, Xalxali ilә Mollayi-Rumi arasında fәrq çoxdur. Biri şәkkәri-Hindustan isә, o biri şәkkәri-Mazandarandır. Amma bunu dәxi inkar etmәk olmaz ki, ikisindә dә şirinlik vardır. Mollayi-Ruminin "Mәsnәvi"sindә olan dәrin fikirlәr, hikmәtamiz sözlәr, barik nüktәlәr, әlbәttә, Mәhәmmәd Bağırın "Sәlәbiyyә"sindә yoxdur. Amma onun "Sәlәbiyyә"sindә dәxi xeyli gözәl nәsihәtlәr vә müşfiqanә öyüdlәr, nazik işarәlәr vә mәqbul zarafatlar olmağını dәxi danmaq olmaz.

 

Xalxali kitabını mәzhәkә tәrzindә yazdığının sәbәbini xatimeyi-kitabda belә bәyan edir:

 

Әvamün-nasә yazdım bu kitabı.

Bu vәchi onlara qıldım xitabı.

Deyib çox mәzhәkә, qıldım zәrafәt,

Onun zimnindә yazdım hәm nәsihәt.

Neçün ki, xәlqә hәqq acı gәlübdür,

Zәrafәt sözlәri şirin olubdür.

Qarışdırdım ikisin gәldi halә,

Yetişdi müntәhayi-etidalә.

Bu üzrümdәn sora gәr mәrdi-bәdxah

Tәәrrüz eylәyә әlhökmü lillah.

  

Şair özü ifadeyi-mәram etdikdә buna müqirr olur ki, kitabı avamün-nas üçün yazıbdır, mәrifәt vә kәmal әhlinә tövsiyә vә tәnbeh etmәkdәn yaxasını kәnara çәkir. Çün kitab avam xalq üçün tәnzim olunubdur, ona binaәn haqqı çıplaq söylәmәkdәn ehtiyat edabdir. Әzbәs ki, açıq söz, haqq kәlam avama hәmişә acı vә ağır gәlir vә mәnzurda olan nәticә hasil olmur, o sәbәbә şair nәsihәtini xalqa eşitdirmәk üçün hәqiqәti-halı zәrifanә bir sәbkdә vә doğrunu mәzhәkә sayağında söylәyibdir ki, avamün-nası sözlәrini eşitmәkdәn vә nәsihәtlәrini qәbul etmәkdәn birәğbәtü mütәnәffir qılmasın. Vә insafәn demәk olur ki, Mәhәmmәd Bağır Xalxali belә zәrifanә şer söylәmәkdә, ziştü zibalı kәlam yazmaqda böyük mәharәt vә qabiliyyәt göstәribdir. Bir yandan güldürübsә, bir yandan da ağladıbdır, bir yandan xoşhal, şad edibsә, digәr bir yandan da qәmgin, mәyus vә mütәfәkkir qılıbdır.

  

Kitabi-"Sәlәbiyyә"dә tülkünün öz hekayәsinә mәxsus әhvalat kitabın ancaq onda bir hissәsi ola bilir. Mabaqisi qisim-qisim pәndü nәsihәtlәrdir vә zәmanәnin övzavü әhvalına, müsәlman tayfasının dolanacağına, adatü adabına, әxlaqü әtvarına vә dünya zindәganlığına vә axirәtә dair tәhriratdan ibarәtdir.

 

Burada kitabın mündәricatını tamamәn nәql etmәyә ehtiyac yoxdur vә belә zәnn edirik ki, "Sәlәbiyyә" ilә әhli-savadımız aşinadır, aşina olmayanlara dәxi onunla tanış olmağı öz tәrәfimizdәn mәslәhәt görürük. İran kitab füruşlarından onu az qiymәtә almaq müyәssәrdir. Ancaq biz burada--mәcmuәdә Xalxalinin bir para fikrü xәyallarını vә hikmәtamiz nәsihәtlәrini göstәrib, möhtәrәm oxucuların diqqәtlәrini onların tәrәfinә çöndәrmәk istәyirik. Ta ki, özlәri şairin qüvveyi-şeriyyәsini vә dәrәceyi-mәrifәt vә kamalını tәmyiz etsinlәr.

  

İsfahan şәhәrindә tülkünün aclıqdan bitaqәt, zәifü nәhif olmasından danışıb, şair inqilabi-övzai-ruzigara әtfi-kәlam edib deyir:

 

Bәli, heyrәtdi bu çәrxin qәrarı,

Bilinmәz işdi çәrxin karü barı.

Birisinә müyәssәr nazü nemәt,

Birisi ac çәkәr yüz min mәzәllәt.

Birisi çigriyib yağlı pulovdan,

Birisi doymayıbdır nani-covdan.

Birisinin yağar dövlәt başından,

Birisi görmәyib bir pul yaşından.

Birisi başә qoymuş taci-şahi,

Birisi başaçıq, yoxdur külahi,

Biri növkәr, birisi xan olubdur,

Biri rәyәt, biri sultan olubdur.

Biri daim çalar çәngü çәğanә,

Birisi ney kimi gәlmiş fәğanә.

Birinin ağzı gülmәkdәn yığışmaz,

Birisi dәrdü möhnәtdәn göz açmaz.

Birinin mәnzili qәsrül-giramә,

Biri hәsrәt qalıb bir hisli-damә.

Biri atlas tuman geymiş damağlı,

Birinin bez tumanı var yamaqlı.

Birinin gözlәri qarә, qәlәmqaş,

Yazıb guya qәlәmlә dәsti-nәqqaş.

Birisi kök, deyәrsәn pәrvәridir,

Birisi bir sümükdür, bir dәridir.

Birisinin sözü mat etmiş әqli,

Biri yazmış mәnim tәk "Tülkü" nәqli.

 

Bu gözәl şerlәrdәn sonra Xalxali nizami-alәmdәn vә insanın başına gәlәn bәzi hәvadisdәn danışıb, o hәvadisin vüquunu haqq-taalaya isnad verir vә deyir ki, bunlar haqq-taalanın işlәridir vә aqil gәrәkdir onlara mötәriz olmasın.

  

Bu babda Mәhәmmәd Bağırın bir neçә mәqul fikirlәri varsa da, mabaqisinә müvafiqәt göstәrә bilmәrik. Әgәr hәqiqәtdә ol cәnab tedad etdiyi işlәr allahın işlәri isә, sözümüz ola bilmәz. Çünki onun çox hikmәtlәri vardır ki, insan onları anlamaqda acizdir. O hikmәtlәr ki, filcümlә ibarәt olsun dünyanın yaranmasından vә bizi әhatә edәn tәbiәtin övzavü әhvalından vә әnvai-mәxluqatın tәbiәtü iqtizasından vә sair әcaibü qәraibdәn, bunların cümlәsi (filhәqiqә bizi böyük bir heyrәtә salır. Doğrudur, elm sayәsindә çox gizli sirrlәrin vә namәlum şeylәrin üzündәn cәhalәt pәrdәsi götürülübdür vә çox şeylәrin sәbәbi-xilqәti vә mahiyyәti kәşfü bәyan olunubdur vә olunmaqdadır, amma daha da çox şeylәr var ki, onlar tәhqiqü tәdqiq olunmayıbdır vә bu yolda hükәmavü filosoflar xeyli zәhmәtlәrә vә mәşәqqәtlәrә giriftar olublarsa da vә ömürlәr sәrf ediblәrsә dә, yenә dә bir mәqama vasil olmayıblar vә çox ülәmavü hükәma axır nәfәsindә hәsrәtlә canlarını tәslim etdikdә dünyaya cahil gәlib, cahil getdiklәrini söylәyiblәr. Hasili-kәlam biz dediyimiz budur ki, xudavәndi-alәm öz qüdrәti ilә yaratdığı alәmin hәr şeyindә bir hikmәtü sirr vardır vә hәr nә ki, yaradıbdır, tamamisini öz yerindә xeyli gözәl vә qәşәng yaradıbdır vә bu xüsusda bir etirazü irad ola bilmәz vә dünyaya bәsirәt gözü ilә baxdıqda şairin sözü yadımıza düşür:

 

Bu kargahi-sün әcәb karxanәdir,

Hәr nәqşi elmi-lәdündәn nişanәdir.

 

Vә Xalxali özü dә bu qövlә müqirr olub deyir:

 

Bu övzai görüb gәlmә sualә,

Tәәrrüz eylәyib çıxma cidalә--          

Ki, hikmәtlә xuda düzmüş nizami

Bu mәtlәbdә nә xoş yazmış Nizami:

"Cәhan çon çeşmo zülfo xalo әbrust--      

Ke, hәr çizi bәcaye-xiş nikust"[1].

  

[1] Son beytin tәrcümәsi:

Cahan göz, zülf, xal vә qaşdır,

Hәr şey öz yerindә gözәldir.

 

Xalxalinin bu sözlәri çox lәtif vә çox mәrğub, şairanә yazılmış şerlәrdir. Amma bunlardan aşağıda yazılan şerlәrin mәalına iradımız vardır vә onların haqq olmasını tәsdiq edә bilmәyәcәyik. Haman şerlәr bunlardır:

 

Fәqirin fәqri, münim cahü mali

Sәlahül-külldür hali, mәali.

Düşә dövlәt fәqirü pәst әlinә,

Qılıc guya düşübdür mәst әlinә.

Әgәr münim kişi olsaydı zadi,

Tutardı alәmi şәrrü fәsadi.

Bunu çün anladın, ey mәrdi-agah,

Hamı işlәrdәdi әlhökmü lillah.

Әgәr naxoş olursan, qәdrini bil,

Balam, sәbr eylә, açma şikvәyә dil.

Mәrәz eyni-sәlahındır bu yerdә,

Düşünmürsәn gözündә vardı pәrdә.

Ata övladını bisәrfә vurmaz,

Nihalın bağban bihudә qırmaz.

Sәnә xaliq atadan mehribandır,

Düşübsәn özgә fikrә nә gümandır.

Xudadәn gәlsә bir cüzi-müsibәt,

Әlindә ya dilindә var şikayәt.

Bәladәn incimә, ey kәrbәlai,

Buyurmuş "әlbәlaü lilvәlai".

Bәla versә sәnә üz, olma mәşum,

Nә yaxşı söz deyib Mәcnuni-mәhmum:

Әgәr ba digәranәş bud meyli,

Çera zәrfi-mәra bәşkәst Leyli.

Qәrәz, allah işindә qılma irad,--               

Ki, iradın olur mәnada ilhad[2].

  

[2] İlhad--tәriqi-hәqqdәn üdul edib küfrә mail olmaq.

 

Bu şerlәrdә Xalxali cәnabları müsәlmanların nә әqidә üzrә olmaqlarını göstәrib öz tәrәfindәn yenә dә onlara tövsiyә edir ki, allah dünyanı belә yaradıbdır ki, kimi fәqirdir, kimi dövlәtli. Ona görә hәqqdәn şikayәt etmәk lazım deyil. İnsanlar[ın] belә tәbәqә-tәbәqә xәlq olunmasında, әlbәttә, bir sirr vardır. Belә ki, fәqir әlinә dövlәt düşsә, gözlәri qızıb, heç bir şeyi seçmәyәcәkdir vә dünyada çox fәsad törәdәcәkdir vә dövlәt tapmış fәqirin halı әlinә qılıc düşmüş mәsti-layәqil halına bәnzәyir ki, qabağına gәlәni qılıclayıb doğrayır. Әlbәttә, bu әqidә dürüst deyil, batil әqidәdir. Haqq-taala hamı adamları bir halda, bir surәtü heyәtdә yaradıbdır vә cümlәyә ağıl, zehn vә fәrasәt әta edibdir. İnsanı yaradanda birisinin alnına ağalıq vә birisinin[kinә] rәiyyәtlik nişanәsi vurmayıbdır. Birini fәqir vә birini münim yaratmayıbdır. İnsan arasında vüqua gәlәn bu fәrq vә tәfavüt, bu әdalәtsizlik vә әdavәt insanın әmәlindәn, tamah vә hirsindәn törәyib zühura gәlibdir vә necә ki, adamlar öz nәfslәrinә vә bәtnlәrinә qulluq edәcәklәr, öz hirs vә tamahlarına tabe olacaqlar, yer üzündәn zülm vә sitәm әksilmәyәcәkdir. İnsanlar firqә-firqә olub, biri-biri ilә cәngü cidal edәcәklәr. Yer üzündәn büğzü әdavәt, nifaqü fәsad qurtarmayacaqdır. Vә bu büğzü әdavәti, nifaqü fәsadı allah yaratmayıbdır, insanın özü yaradıbdır. Hәmişә fәqir istәyibdir ki, fәqirlikdәn vә yoxsulluqdan xilas olsun, dövlәtli dә istәyibdir ki, dövlәti vә malı әlindәn vermәsin vә hәtta bacardığı qәdәr dövlәtinin üstünә daha da dövlәt artırsın. Bu yolda hәr iki sinfin arasında hәmә vәqt nizavü nifaq olubdur vә olacaqdır.

  

Әgәrçi peyğәmbәr buyurubdur ki, "әlfәqrü fәxri", amma heç kәs bu fәxri kәsb etmәyә meylü rәğbәt göstәrmәyibdir. Peyğәmbәrin әsri-sәadәtindә fәqirlik sәadәt vә fәxarәt imişsә dә, son әsrlәrdә vә bizim vaxtımızda fәqirlikdәn vә yoxsulluqdan böyük mәşәqqәt vә zillәt yoxdur vә fәsadların çoxusu bu mәnbәdәn zühura gәlir. Bәs, fәqirin fәqirliyi vә münimin cahü malını sәlahül-küll hesab etmәk sәhih deyil vә hәmçinin insanın başına gәlәn sair bәlaların cümlәsinә tәhәmmül edib, onların dәfü rәfinә çarәlәr axtarmayıb, "әlhökmü lillah" demәk canına müsәllәt olan düşmәnin qılıcının altına kamali-әcz ilә boynunu uzatmaq hәm әqlәn vә hәm şәrәn dürüst deyil, böyük günahdır.

  

Doğrudur, haqq-taala insana atadan-anadan mehribandır vә o mehribanlığı cәhәtinә insan insana әbәs yerә zülm etmәz, onu dәrdü bәlalara düçar qılmaz. Ona binaәn bizә bir müsibәt vә bәla üz verdikdә haqqdan şikayәt etmәyimiz nahaqdır. Çünki hәqiqәti-halda o bәla müsibәtlәrin vüquuna әksәri-övqat bais özümüz oluruq. Allahın bunda bir qarışacağı yoxdur. Amma acizliyimiz vә avamlığımız ucundan öz tәqsirimizi vә qәflәtimizi haqqdan görüb, şaki vә asi oluruq. Bilmәk gәrәkdir hamı müsәlmanlar vә elmsiz tayfalar bu batil әqidә üzrә yaşamaqdadırlar.     

  

Adamların işlәrinә vә dolanacaqlarına gәldikdә Xalxali zükur tayfasının haqq yoldan çıxmağından vә avamlığından bir az danışıb, keçir ünas tayfasına vә bunları iki yerә tәqsim edir: bir qismi hәyalı vә ismәtli, bir qismi dә hәyasız vә әxlaqsız arvadlardır. Hәr iki qisim arvadların barәsindә Xalxali nә etiqad üzrә olduğunu bәyan edir. Söz yoxdur, şairin arvadlara bu sayaq baxmağı ümumidir, yәni şair nә göz ilә arvadlara baxırsa, onları nә sayaq yaxşı-yamana bölürsә, o sayaq da onun vәtәndaşları baxırlar vә tәqsim edirlәr. Zira ki, şair öz әsrinin vә әbnayi-vәtәnin aynasıdır. Әtrafında vüqua gәlәn hadisәlәri, öz millәtinin zahiri vә batini alәmini eyni ilә göstәrir. Yaxşı arvadları bu sayaq tövsif edir:

 

Biri vardır hәyası var, hicabı,

Eşikdә üzdә rubәndü niqabı,

Әrinә qul kimi eylәr itaәt,

Әrә taәt, xudavәndә ibadәt.

Özün saxlar kişisinә damağlı,

Onun yanında durmaz qaşqabaqlı.

Kişi bilmәz әrindәn başqa haşa--         

Ki, bir namәhrәmә qılsın tamaşa.

Kişi evdә olan vaxtı bәzәkli,

Geyәr tazә libasini tüzәkli,

Sәfәr etsә әri, silkәr palasın,

Haman saәt geyәr köhnә libasın.

Gözünә sürmә çәkmәz, zinәt etmәz,

Evindә әylәşәr, qonşuya getmәz.

Qәnaәtlә keçirdәr ruzigarın,

Gecә-gündüz çәkәr әr intizarın.

Nәnәm olsun bu cür övrәt tapılsa,

Nә yaxşıdır hamı evlәrdә olsa!...

Bu cür övrәt tapılsa, yox qüsuri,

Buna övrәt demә, huridir, huri.

  

Bu şerlәrdәn mәlum olur ki, yaxşı arvad olmaq üçün iki şәrt lazımdır: әvvәlәn, arvad gәrәkdir hәyalı olsun vә saniyәn, әrinә tabe olsun. Bu iki vәzifәni kәmalınca yerinә yetirәn arvad hәqiqәtdә layiqi-tәhsindir. Vә lakin biz müsәlmanların nәzәrindә ismәt vә hәya ancaq ondan ibarәtdir ki, arvad evindәn dışarı çıxanda gәrәkdir başını vә gözünü bәrk-bәrk sarısın vә çalışsın ki, bir kәsә üzünü göstәrmәsin vә әrә itaәt dә bundan ibarәtdir ki, kişisinin qabağında tәzә libas geyinib, özünә bәzәk vә düzәk verә, onun nәzәrindә cilvәlәnib xuraman gәzә. Әri evdә olmayanda, sәfәrә gedәndә tәzә libasını dәgişirib, köhnә libasa girә, qaşına vәsmә vә gözünә sürmә çәkmәyә, evdә otura, qonşuya getmәyә, israf xәrclәr etmәyib, qәnaәtlә dolana vә әrinin intizarını çәkmәkdәn sәva özgә bir dәrdü qәmi olmaya. Bu cür övrәtә huri demәk sәzadır vә hansı evdә olsa, eyni-sәadәtdir.

  

Bu sәnәtlәrin heç birini nәhy etmәyib, öz tәrәfimizdәn ancaq bunu demәk istәyirik: Bir üzә niqab salıb vә әrin qabağında bәzәnib şuxluq, nazü nәzakәt etmәklә vә bir növ onun qüvveyi-şәhәviyyәsini tәrpәtmәklә әvvәla arvadların vәzifәsi tamam olmur. Lazımdır anlayıb düşünmәk ki, arvad da kişi kimi insandır, kişinin elm vә әdәbә, ruhani vә cismani tәrbiyәyә ehtiyacı olan kimi, arvadın da bunlara ehtiyacı vardır.

 

Hәr bir şeydәn әvvәl insanın cisminin, ağlının vә ruhunun tәrbiyәsidir. Yaxşı tәrbiyә alan arvadda vә kişidә, әlbәttә, hәya da olacaqdır, ismәt dә. Xüsusәn tәrbiyә vә tәlim arvadlara lazımdır ki, onun döşlәrinin arasında vә dizlәrinin üstә, gözlәrinin önündә vә әllәrinin altında tәzә nәsil nәşvü nüma tapıb hasilә yetmәkdәdirlәr. Tәzә vә cavan nәslin bәqası vә sәadәti, bilkülliyyә, analar әlindәdir, onun himmәt vә mәrifәtinә bağlıdır.

  

Mahir, tәcrübәli, elmli vә bilikli bağban әkib-becәrdiyi ağaclar salamat, gözәl vә barvәr olan kimi, elmli, mәrifәtli anaların tәhti-tәrbiyәsindә böyüyәn övlad dәxi gözәl, salamat, xoşxülq vә sahibi-fәrasәt olacaqdır. Müsәlmanların mәdәniyyәt vә tәrәqqi yolunda dalda qalmaqlarına baş sәbәblәrdәn birisi dә arvadların zillәt vә üsrәtlә güzәran etmәklәridir. Şәri-şәrif verdiyi hüquq vә ixtiyarlardan xәbәrlәri olmayıb, pәrdә altında, cәhalәt alәmindә ömürlәrini çürüdüb, işıqlı dünyadan bixәbәr qalmaqlarıdır. Belә zülmәt vә cәhalәt içindә dolanan anaların әllәrindә böyüyәn övlad dәxi, әlbәttә, avam, qorxulu, cürәtsiz vә fәhmü fәrasәtsiz olacaqdır.

  

Bu halda xümsi-mәskunda zindәganlıq edәn müsәlman mәktәblәrinin hansı birisinә nәzәr yetirsәk, görәrik ki, onlardan yazıq, aciz, bacarıqsız vә cürәtsiz tayfa yer üzündә yoxdur. Cәhәti ki, analar qoçaq, hünәrli, elmli vә bacarıqlı övlad yetirmәyiblәr. Bәs, lazımdır ki, arvadların tәlim vә tәrbiyәli, ixtiyarlı vә mәlumatlı olmağına himmәt sәrf etmәk vә onları ziyalandırıb bir hala yetirmәk ki, övladlarına tәrbiyә vermәyә özlәri müqtәdir olsunlar. Vә illa onların sitr altında boğulub vә dünyadan bixәbәr qalıb, sırf cәhalәtdә yaşamaqlarından bir nәticә hasil olmaz. Bizim arvadların halı gün şәfәqi vә tәmiz hava görmәyәn çiçәklәrin halına bәnzәyir ki, onlar şüküftә vә xәndә olmamış, әtrafa әtirlәr saçmamış soluşxuyub puç vә zay olurlar.

  

İkinci qisim arvadların halü şәninә gәldikdә şair onların böyük eybini üzüaçıq gәzmәklәrindә görür vә üzüaçıq gәzmәyi hiylәvü fәsad bilib, onları әxlaqsız vә hәyasız xatunlar silkinә daxil edir. Bu qisim övrәtlәrә şair min cürә eyib gәtirәn bәzәklәr qoşub, xülaseyi-kәlamda deyir:

 

Bu cür övrәtlәrә min lәnü nifrin.

Dedim mәn, siz deyin aminü amin.

  

Şair ünas әhlini iki firqәyә tәqsim edib onlardan әvvәlincisini tәhsin vә ikincisini tәzmim qılıb, dünyanı ikinci övrәtlәrә tәşbih tutur vә xәlayiqi onun mәkrü hiylәsinә vә zahiri zinәtü bәzәyinә aldanmaqdan tәnbeh edir:

 

Bu, çәrxi-bivәfadır, ver tәlağın,

Boşa getsin, evindәn kәs ayağın.

Bunu anla ki, axır sәndә durmaz,

Vәfası yox, hәyası yox, utanmaz.

Dolanma sәn onun dövrü bәrinә,

Yalançıdır, inanma sözlәrinә.

Bu, tәmkin etmәdi heç padşahә,

Bu, tәslim olmadı heç әhli-cahә.

Lәcuc olsan, tәlağın vermәsәn sәn,

Boşar axır sәni ol bivәfa zәn.

Tәlaq eylәr kişi gәr hәmsәrini,

Bu mәlunә boşar amma әrini.

Tәlaqın ver, özün çәk bir kәnarә,

Bәdәl qıl şurәzarı lalәzarә.

  

Yәni dünyaya mayil olma, dünya bir hiylәsi çox, vәfası yox övrәt kimi şeydir ki, sәni öz toruna salıb, әl vә ayağını bağlayıb böyrü üstә yıxacaqdır vә sәnin gözünün önündә qeyrisi ilә vә hәtta sәnin rәfiqin ilә aşinalıq әlaqәsi bağlayacaqdır. Bәs, özünü qoru, ayıq vә huşyar ol ki, bu mәkkarәnin duzağına bәnd olmayasan, zira ki:

 

Bu, and içmiş ki, ta ruzi-qiyamәt

Edә insanı iqva, qılma qәflәt.

  

Bu batil әqidә dәxi biz müsәlman tayfasını dünya işlәrindәn, xüsusәn kәsbi-mәaşdan soyudub fәqrü zillәtә salır. Qeyri millәtlәr isә ümuri-mәaşdan artıq huşyar vә qeyrәtmәnd olub, öz dolanacaqlarını vüsәtlәndirirlәr vә gün-gündәn sәrvәt vә dövlәt sayәsindә tәrәqqi bulurlar. Amma biz müsәlmanlar "allahdan buyruq, ağzıma quyruq"--deyib, ehtiyac vә yoxsulluq dәryasına qәrq oluruq.

 

Dünya mәaşı üçün çalışanları şair eşq әhlinә oxşadır, necә ki, aşiq sevgili mәşuqәsindәn doymaz, elә dә dünyagir adam dünyanın malü dövlәtindәn doymaz:

 

Bәli, mәşuqdәn eşq әhli doymaz,

Mәhәbbәt hәsbin әldәn ölsә, qoymaz.

Dolar mәşuq ilә cismü rәkü pust,

Olur aşiq fәna, qalmaz mәgәr dust.

Deyil mәşuqdәn bir lәhzә xali,

Olur mәşuq ilә daim xәyali.

 

Dünyapәrәst şәxslәr dәxi bu dәsturi-dünyadan doymazlar:

 

Odur bais ki, dünyanı tutanlar,

Tutub dünyanı, üqbanı atanlar

Hәmişә cәhd edәr, hәrgiz yorulmaz,

Gecә-gündüz yığar dünyanı, doymaz.

Gәzәr daim, dolanar dağü daşi,

Dәyәr daşdan-daşa min dәfә başi.

Yığar dünyaları eylәr xәzinә,

Xәyal eylәr o dәmdә öz-özünә,

Deyәr:--Bihәddü әfzun dövlәtim var,

Qabaqda xoş günüm var, lәzzәtim var.

Münәqqәş mәnzilim, yaxşı otağım,

Sәfalı mәnzәrim, gülgәştü bağım,

Cәlalım, şövkәtim, şanım, әsasım,

Mәnalım, izzәtim, faxir libasım,

Kәnizim, növkәrim, xidmәtgüzarım,

Gözәlcә dilbәrim, mәhvәş nigarım.

Gedincә gah otağә gahi bağә

Tәfәnnün eylәrәm, gәllәm damağә.

Xәyal etmәz qabağında әcәl var,

Qәzayi-xaliqi izzü cәlal var.

Әcәl birdәn qoyar bir ox kamanә,

Oxa eylәr o bәdbәxti nişanә.

Çәkәr zur ilә yayi kinәsindәn,

Gәlir pәrran keçәr ox sinәsindәn.

Alır әldәn hamı malü mәnalın,

Gәdalәr tәk edәr aşüftә halın.

Çәkәr ali imarәtdәn mәzarә,

Olur qәbr içrә yoldaş murü marә.

Bәli, vallahi dünya bivәfadır,

Cahanın bağı bizövqü sәfadır.

Әzizim, sәn ki, dünyanı görürsәn,

Nә böylә sәn özünü öldürürsәn?!

Yәqin eylә ölәndә gec [vә] ya tez,

Sәnin haqqındı evdәn bircә top bez.

Gözüm, aldanma bu malü mәnalә,

Tәәllüq tut xudayi-layәzalә.

 

Şair buradan yenә tülkünün nağılına rücu edib, onun aclığını vә pәjmürdә әhvalını ziyadә fәsahәt vә mәharәtlә nәzm edir. Ac tülkü:

 

Xәyalında toyuq nәqşin çәkirdi,

Baxıb ol nәqşә, göz yaşın tökürdi.

Yuxusuna әgәr gәlsәydi cücә,

Oyanmazdı yuxudan ta ölüncә.

Keçәrdi göylәrә ahü füsusi,

Eşitsәydi әgәr bangi-xürusi.

  

Bu minval biçarә vә natәvan tülkü neçә müddәt ac-naәlac qalıb:

 

Baxıb gördü ürәk durmaz, pırıldar,

Bağırsaqlar acından hey cırıldar.

Qoyub başın diz üstә, oldu xamuş,

Nigari fikrilәn oldu hәmağuş.

Xәyal eylәrdi öz dәrdinә dәrman,

Bu fikrә çulğanıb qalmışdı heyran--         

Ki, nagәh qeybdәn qovzandı bir sәs--        

Ki, ey sәrgәştәvü mәğmumü bikәs,

Gәrәk aqil olan qılsın tәlaşın,

Gәrәkdir anlasın rahi-mәaşın.

Oturmaqdan dәxi yox çarәvü sud,

Deyil, әlbәttә, babi-rizq mәsdud.

  

Burada şair sәyü tәlaşın vә kәsbi-mәaşın hәr iki dünya üçün lazım olmağı babında bir neçә xoşmәzmun şerlәr yazır ki, zikr etmәyә bilmirik:

 

Tәlaş eylә dolansın karübarın,

Olub kasıb hәbibi kirdgarın,

Әgәrçi xaliqin ruzirәsandır,

Tәlaş etmәk tәriqi-aqilandır.

O kәslәr kim, cahanda işlәmәzlәr,

Çörәk hәrgiz doyunca dişlәmәzlәr.

Bu alәm alәmi-әsbab olubdur,

Bu alәmdә әliboş ac qalıbdur.

Әzizim, olmasa sәyü tәlaşın,

Düzülmәz isti aşın, ağ lavaşın.

Oturma mәnzilindә, ey nikunam,

Deyib raziqdir allah, tutma aram,

Tәlaşın eylә ta ruzin yetişsin,

Bunu tәrk eylәmә ta ömr keçsin.

  

Yenә Xalxali dünya tәlaşından axirәt mәmurәsi üçün tәlaş etmәyi tövsiyә edib deyir:

 

Bәli, canım, çi dünyavü çi üqba,

Tәlaşın olmasa, olmaz mühәyya.

Әgәr üqbayә vardır etiqadın,

Gәrәk qәbrә gedә hәr gündә zadın.

Çәkәrsәn doqquz ay zәhmәt, firavan--       

Ki, xoş keçsin sәnә üç ay zimistan.

Mәgәr bir qışca yox fәrdayi-üqba,

Deyil bir hisli damca zilli-tuba?!

Tәlaş eylә, deyil vәqti-tәәnni--         

Ki, leysәd-dinә qәtәn bittәmәnni.

Әlindә görmürәm bir zad әmәldәn,

Amandır, durma, getdi fürsәt әldәn....

Tәlaşın eylә, ol әmrindә cazim,

Mәnim әrz etmәyim daxi nә lazım.

  

Bundan sonra yenә tülkünün hekayәsinә qayıdır. Onun әhli-әyalından ayrılıb, İsfahandan qürbәt vilayәtә azim olmağını nәql edir vә burada şair tülkünün uşaqları, әyalı vә anası ilә ayrılmağını vә nә dil ilә onları dindirib, kimisinә tәsәlli vә kimisinә nәsihәt vermәyini vә kimisindәn xeyir-dua etmәyini eyni-surәtlә tәqrirü tәhrir qılır vә hәtta tülkünün әyalı әrindәn ayrılandan ona bәd nәzәr dәymәsin deyib üzәrlik yandırmağını da unutmayıbdır:

 

Xülasә, tülkünün bikәs әyali

Bu qәmli qissәlәrdәn oldu hali.

Müsibәt atәşinә düşdü, yandı,

Yetişdi başına bircә dolandı.

Әlindәn, gah ayağından öpürdi,

Dalınca gözlәrindәn su sәpirdi.

Deyirdi: Ey mәnim avarә yarım,

Amandır, getmә, ey biçarә yarım!

Güzarın çün düşәr hәr rәhgüzәrdәn,

Sәnә çox qorxuram mәn bәd nәzәrdәn.

Mәnә çün eylәyibsәn yaxşı әrlik,

Daban altında yandırram üzәrlik.

Üzәrlik yandırıb göz-göz edirdi,

Töküb göz yaşını hәrdәm deyirdi:

Üzәrlik, yan, üzәrlik sәn hәvasәn,

Hәzaran dәrdә dәrmansan, dәvasәn.

Üzәrlik, yan, tütün ver qan qovuşsun,

Qada bundan, bәla bundan sovuşsun.

  

Burada şair yenә münasibi-mәqal әr ilә arvadın arasında cari olan müamilә vә ülfәtdәn danışıb, çox әdibanә vә nazik imavü işarәlәr edir vә vәfalı hәmsәrin şәnindә bu sözlәri deyir:

 

Vәfalı övrәtin heç qiymәti yox,

Vәfasız olsa, batsın gözünә ox.

Vәfalı övrәtin bas öp gözündәn,

Sәnә hәr nә desә, çıxma sözündәn.

Vәfalı övrәtә qılma xәyanәt,

Әlindәn hәr nә gәlsә, qıl ianәt.

 

İki vә daha ziyadә arvad almaqdan danışıb, onlardan törәnәn bәlavü müsibәti bәyan edib deyir:

 

Sәnә bir söz deyim, dillәnmә, qardaş,

Әyalın üstünә evlәnmә, qardaş!

Neçün kim, görmәdim mәn, ey vәfadar,

İkiövrәtli olsun mәrdi-dindar.

Avam olsa xüsusәn vamüsibәt,

Yәqin qalmaz әlindә dinü millәt....

Günü alsan günün qarә edәrsәn,

Özün hәr işdәn avarә edәrsәn.

Nә yaxşı söz dedi ol adı Gülzar:

Müsәlmanlar, günüm yoxdur günüm var.

 

İki arvad almağın acı sәmәrini bir neçә gözәl vә bamәzә tәmsillәr ilә şәrh qılıb, kәrrat ilә tövsiyә elәyir ki, kişi iki arvad almaqdan sakınıb özünü bәdbәxt vә gününü qara etmәsin.

 

Xalxali arvad mәsәlәsini böyük mәsәlәlәrdәn biri hesab edib, onun barәsindә uzun mәtlәblәr danışır vә bu mәsәlәnin әncamında arvad almaq vә әyaldarlıq fәqәrәlәrinә dair söylәyib, arvad almaqda bu şәrtlәri mülahizә etmәyi tövsiyә edir:

 

Uzandı söz ki, qıldı xәlqi xәstә,

Qәlәm, durma, yeyin get mәtlәb üstә.

Deyim bir söz, sәnә mәndәn vәsiyyәt,

Әgәr övrәt alırsan, eylә diqqәt.

Gәrәk lazım ola övrәtdә dörd zad,

Qәbul eylә sözümü, ey nikuzad!

Biri ismәt ki, olmuş rükni-әzәm,

İkimcisi mәhәbbәt, ey müәzzәm!

Üçümcüsü ola xoşxu xәliqә,

Ola dördümcüsü sahibsәliqә.

Bu dörd vәsf ilә gәr hüsn olsa mәqdur,

Yәqin eylә olur nurün әla nur.

 

Әyaldarlıq babında deyir:

 

Bәli, vallah deyil rәsm fütüvvәt,

Cavanmәrdiyyü insafü mürüvvәt--       

Ki, etsin şәxs әhlini fәramuş,

Özü işrәt şәrabın eylәsin nuş.

Әyalın yandıra nari-fәraqә,

Çәkә başın, gedә gözdәn qıraqә.

Nә övlad anlıyan, nә qövmü qardaş,

Nә ata var, nә ana, yarü yoldaş.

Öz özbaşın hәmişә xoş keçir dә,

Vәli әhlinә cami-qәm içir dә.

Fәrahәm eylәyәndә aşü nani,

Fәramuş eylәyә hәr aşinani.

Özü kef eylәyә zövqü sәfadә,

Qoya әhlini min dәrdü bәladә.

   

Sonra Xalxali tülkünün qürbәtdә başına gәlәn qәzavü qәdәrdәn söylәyib, münasibi-hal haşiyәlәr çıxıb, hәr qisim mәtlәblәrdәn danışır. Tülkü xoruzun banlamağını eşidib, onu dami-tәzvirә salmağını nәql etdikdә sükut vә xamuşluq faydası babında yazır:

 

Bәli, dildәn gәlir başın bәlasi,

Qәmi, dәrdi, bәlasi, mübtәlasi.

Danışmaqlıq gümüşdәn olsa, billah,

Qızıldandır sükut, ey mәrd, agah!

Deyәr baş lal olarsan rahәtәm mәn,

Özüm asudә, hәm bizәhmәtәm mәn.

İkidir çün qulağın, bir dilin var,

Eşit ikki, danış bir, ey vәfadar.

 

Qәzayi-ilahi gәldikdә insanın sәyü tәlaşı sәmәrә vermәdiyi babında yazıbdır:

 

Bәli, billah, qәzadәn qaçmaq olmaz,

Dügün çalsa mәşiyyәt açmaq olmaz.

Kimi gördün ki, qurtuldu qәzadәn,

Özün çәkdi kәnarә macәradәn,

Gәlәn vәqti qәza quş damı görmәz,

Gözünü kor edәr әncamı görmәz.

Qәza gәlsә edәr әblәh tәbibi,

Sәfih eylәr qәza mәrdi-lәbibi.

 

Tülkü xoruz ilә mükalimә etdikdә özünә "hacı"lıq lәqәbi qoyub, hacılar barәsindә yazır:

 

Dedi tülkü:--Xәyalın getmәsin kәc--        

Ki, mәn heç kimsә ilәn etmәrәm lәc.

Töküb pul, xәrc edib mәn hacı oldum,

Xudaya şükr mәrdi-naci oldum.

Xәlayiqlәr mәnә hacı deyirlәr,

Mәgәr hacı olanlar zülm edirlәr?

Әgәr zülm eylәsә hacı birinә,

Ona mәlun deyin hacı yerinә.

Ziyarәt eylәyin beytül-hәrami,

Xilaf etsә, qoyun adın hәrami.

Sәfa tәhsil edәn sәyü sәfadәn,

Gәrәkdir göz yuma cövrü cәfadәn.

  

Axırkı üç fәrdlәri çox gözәl deyibdir. Bizim hacılar hәr nә pis әmәllәr var isә, beytüllahil-hәramı tәvaf edәndәn sonra büruza gәtirirlәr vә bu qisim hacılara hacı әvәzinә hәrami demәk eyni-savabdır. İnsanın qәlbi hәqqin evi olmaq babında deyibdir:

 

Ki, ey yaran, bu sözdә yoxdur inkar--      

Ki, allahın iki yerdә evi var.

Birisinin binası sәngü gildir,

Biri nuri-ilahi, adı "dil"dir.

Bu iki ev içindә, ey müәzzәm,

Olubdur qәlb beytül-lahi-әzәm.

Buna şahid hәdisi-mavü minni,

Әzizim, әhli olsan eylә mәni.

Buyurmuş yәni xәllaqi-müheymin,

Mәnә mәnzildi qәlbi-әbdi-mömin.

Demә, canım, ürәk bir parça әtdir,

Mәhәlli-nuri-şәmsi-mәrifәtdir.

Ürәk mirati-nuri-lәmyәzәldir,

Ürәk mişkati-misbahi-әzәldir.

Ürәk gәr zindә olsa, zindәsәn sәn,

Ölüm yoxdur sәnә, payәndәsәn sәn.

Gözün bir nöqtәsidir mәnbәi-nur,

Әgәr getsә bu nöqtә, göz qalır kur.

Ürәk bir çeşmi-batindir bәdәndә,

Bu göz lazımdı salik yol gedәndә.

Ürәk salsan әlә gәr, ey bәradәr,

Taparsan bil sәvabi-Hәcci-әkbәr....

  

Tülkünün hiylәbaz vә biәmәl olduğunu xoruz ona sübut etdiyindәn danışıb, şair mәtlәbi biәmәl alimlәrin tәrәfinә çöndәrir:

 

Bәli, alim olan amil gәrәkdir,

Ümuri-şәrdә kamil gәrәkdir.

Çü alim getmәyә öz bildiyinә,

Yәqinәn etiqadı yoxdu dinә.

Adın molla qoyub süzdürmә qaşın,

Әmәl lazımdı, çox oynatma başın.

Özün "latәkülu" hökmün oxursan,

Yetimin malını yekca udursan.

Hәmişә qәribә diqqәt tutarsan,

Әlinә düşsә qurd kimi udarsan.

Mәaşü karbarın işvәdәndir,

Hamı xürdü xurakın rişvәdәndir.

Әmәl divarının altın oyubsan,

İşin bu, adını alim qoyubsan.

Deyil layiq sәnә alim desinlәr,

Yeri vardır sәnә zalim desinlәr.

Әmәl yoxsa, şәriәtdә dolanma,

Adın qazi qoyub çox qazılanma.

Şәriәt әhlisәn, allahı atma,

Gözәlcә dinüvi dünyaya satma....

Әgәr alim yesә bir şübhәli mal,

Hәramә meyl edәr, bişübhә, cühhal.

Әgәr alim yeyә mali-hәrami,

Bu şivә kafir eylәr çox avami.

O alim kim, edәr dünyaya iqbal,

Vәbalın boynuma, çöndәr ona dal.

Gözüm, tәqva yolun tut, tap sәadәt,

Ölәndә sәndәn istәrlәr ibadәt.

Çalarlar başına bu nәhvü sәrfi,

Xәbәr almazlar ismü felü hәrfi.

  

Bu mövzun şerlәrdә Xalxali cәnabları biәmәl alimlәrin, müfәttin vә dünyapәrәst ruhanilәrin vә tamahkar qazilәrin vәsfi-halını bir tәrzdә nәzmә çәkibdir ki, onlara heç bir tәrәfdәn irad etirafı oluna bilmәz.

  

Tülkü xoruzun bihәya vә biәdәbliyini ona sübut etmәyindәn danışıb, kәlamı әdәbin üstünә gәtirir vә әdәbi belә vәsf qılır:

 

Bәli, sәrmayeyi-izzәt әdәbdir,

Nişani-izzәtü rifәt әdәbdir.

Gözüm, sәn laf urma çox nәsәbdәn,

Nәsәbdәn әl götür, dәm vur әdәbdәn.

Nәcib eylәr әdәb hәr nanәcibi,

Әdәb sultan edәr mәrdi-әdibi.

Әdәbdәn bәndәlik yetmiş kәmalә,

Әdәb xoşdur xudayi-layәzalә.

Günah etsәn xudayә biәdәbsәn,

Yәqin müstövcibi-qәhrü qәzәbsәn.

Әdәblә peyrәviyi-әnbiya qıl,

Xilaf etmә xudavәndә, hәya qıl.

   

Tülkü xoruzun zülmkar vә mәrdümazarlığından bәhs etdikdә şair münasibi-mәqal zülmün zәmmindәn vә zalimin tövbixindәn belә yazır:

 

Bәli, qardaş, çü hәqqün-nasdır zülm,

Süruri-sinәyә xәnnasdır zülm.

Odur bais olub şәrrül-mәasi,

Olan zülmü onun yoxdur xilasi.

Gözüm, zülm eylәmә heç binәvayә,

Düşәrsәn möhnәtü dәrdü bәlayә....

Dağılmış zülmdәn çox dudmanlar,

Xәrab olmuş nә ali xanimanlar.

 

Çox yemәklik zәmmindә, az yemәklik vәsfindә yazıbdır:

 

Bәli, qarnın tox olsa, ey fәlәkcah,

Yәqin eylәr sәni, әlbәttә, gümrah.

Edәr aclıq sәni billah kamil,

Olubdur çox yemәk rәsmi-әvamil.

Oğul, çox tıxma, gәl keç bu sifәtdәn,

Özün ac saxla, ta dol mәrifәtdәn.

Olubdur çox yemәkdәn bissәviyyә,

Mәrәzlәr zahiriyyә, batiniyyә.

Balam, ta burnuva kimi tıxıbsan,

Qızıbsan, şiveyi-hәqdәn çıxıbsan.

Hәmişә talibi-rәsmi-kәmal ol,

Oruc tut, ac dolan, ta nur ilәn dol.

Qarın dolsa, qızıb "dәn, dәn" deyәrsәn,

O vaxta dinü imanı yeyәrsәn.

 

Hәr şәxs müqәddәm öz әmәlinin cәzasını almaq barәsindә yazıbdır:

 

Bәli, dünya evindә hәr nә afat

Gәlә gәr başına olmuş mükafat.

Nә gәlsә başına gör öz gözündәn,

Müşәxxәs bil, özündәndir, özündәn.

Otursa öz tükü üstündә hәr kәs,

Tükü tәrpәnmәz әsla, ey müqәddәs.

Yetimi incidib salma fәğanә,

Yetim eylәr üşaqların zәmanә.

Gözüm, әlbәttә, incitmә fәqiri,

Olursan bir qәvinin dәstgiri.

Әgәr rәdd etmәsәn rәddi-mәzalim,

Onu sәndәn alır bir güclü hakim,

Әzizim, ehtiyatın qoyma әldәn,

Hәmişә qorx mükafati-әmәldәn.

Cәhәnnәm әhli abi-kövsәr içmәz--        

Ki, hәr kim arpa әksә, buğda biçmәz.

İbadәt yoxsa, sallanma behiştә,

Ayaqların çolaqdı, çıxma gәştә.

İtaәt etmәyibәn umma zәhmәt,

Cәhәnnәmdir yerin, get, vermә zәhmәt.

 

Mehmannәvazlıq barәsindә yazıbdır:

 

Gözüm yağın yedirsәm gәr qonağә,

Yәqinәn xoşdu min qeyril-hәmaqә.

Qonaq gәlsә, gәlir ruzi dalınca,

Nә ruzi, fәthi-firuzi dalınca.

Xudavәnda, bәhәqqi-ali-ismәt,

Qonaqdan heç kimi etmә xәcalәt.

Nә xoş zaddır әziz etmәk qonağı,

Qabağına qoyasan qayğanağı.

Açasan xidmәtindә ağ lavaşı,

Çanağna doldurasan yarma aşı.

 

Cavanlıq әyyamının qәdrini bilmәk barәsindә yazmışdır:

 

Bәli, billah, qәnimәtdir cavanlıq,

Cavanlıqda olurmuş kamranlıq.

Әgәr mәqsudun olsa malü dövlәt

Vә ya qәsdin itaәtdir ibadәt.

Cavanlıq mövsümündә eylә tәhsil,

Әlindәn hәr nә gәlsә, eylә tәcil....

Cavanlıqda qazan, yığ malü dövlәt,

Qocalıq mövsümi qıl istirahәt.

  

Bilmәk gәrәkdir Xalxali bu dünyadan artıq şikayәtçidir. Ona binaәn mәqamı düşdükcә ovdan şikayәt edib, onu gah bivәfa övrәtlәrә, gah bidәyanәt yoldaşlara, gah nәfsi-insanı bәnd etmәk üçün qurulan tәlәyә oxşadır, toruna düşmәmәkdәn vә hiylәsinә allanmamaqdan etiraz edir.

  

Xalxali dünyanı gah bir yumurtaya vә dünyagir vә axirәt alәmindәn bixәbәr şәxsi onun içindә pәrvәriş tapan cücәyә bәnzәdir ki, cücә işıqlı vә gen dünyadan bixәbәr olmağa görә, belә xәyal elәyir ki, yumurtanın içindәn yaxşıraq vә rahatraq mәskәn ola bilmәz:

 

Olur cücә yumurta içrә guya,

Deyir: Nә yaxşı mәnzildir, xudaya,

Bu әrzimi eşit, ya rәb, dilimdәn,

Bu yaxşı mәnzili alma әlimdәn.

Әcәb mәnzildi, bir ziba otaqdır,

Yeri, divari, sәqfi cümlә ağdır.

Әgәr hәr yanә dönsәm, vüsәti var.

Bu cür mәnzildә qalmaq lәzzәti var.

Deyә bilmәm ki, ey biçarә cücә,

Fәrasәtdәn olan avarә cücә,

Tәәccübdür sәnin bu etiqadın,

Deyil hasil, bu dar yerdә muradın.

Nәdәn böylә bu zülmәtdә qalıbsan,

Bu qoxmuş mәnzilә ünsün salıbsan.

Durub bu pәrdәdәn çıx, eylә pәrvaz,

Uçub ol yarü yoldaşınla dәmsaz.

Tәlaş eylә, qabıqdan çıx kәnarә,

Güzәr qıl bağü dәştü lalәzarә.

Nә yaxşı çeşmәlәr, bağlar görәrsәn,

Gülüstanlar, uca dağlar görәrsәn.

Gәlib pәrvazә çәk bir xoş tәranә,

Tamaşa qıl zәminü asimanә.

Bu dünya, ey oğul, üqba yanında

Yumurta kimidir dünya yanında.

  

Xalxalinin "Sәlәbiyyә"si başdan-ayağa gözәl mәsәllәr vә tәcrübә üzü ilә deyilmiş atalar sözlәri ilә doludur ki, tamamisini buraya yazmaq olmaz. Qәrәz, mәişәtimizә aid bir mәsәlә vә nüktә qalmayıbdır ki, Mirzә Mәhәmmәd Bağır onlara әl aparmamış olsun; az-çox әhәmiyyәtli bir mәtlәb qoymayıbdır ki, onun barәsindә söz danışmasın. Rәyimizcә Xalxalinin "Sәlәbiyyә" nam kitabçası әdәbiyyat xәzinәmizin әn qiymәtli cәvahirlәrindәn vә әn mәqbul әsәrlәrindәn birisidir. Amma lazımdır ki, giranmayәni bir para lәkәlәrdәn tәmizlәyib, üstünә qonmuş toz-torpağı silib, sığallayıb, tәzәdәn çapa vermәk. Çünki Tәbriz çapında sәhvü xәta çoxdur vә bundan әlavә hekayәnin bir neçә namünasib yerlәri vardır ki, onları isqat etmәklә kitaba bir xәlәl gәlmәz vә bu minval tәshih olunduqdan sonra onun mütaliәsini şagirdlәrә dәxi cayiz görmәk olar.