İSKӘNDӘR AĞA QAİBBӘYOV "ŞAİR"

 

 

 

 

Qazax şairlәrinin mәşhurundan birisi dә dağkәsәmәnli şair İskәndәr ağa ibn Hüseyn ağadır. İskәndәr ağa ziyadә bamәzә, xoşsöhbәt, açıq qabaqlı, deyib-danışan vә bir az hәrzәgu bir şәxs imiş. Müsәlmanca savadı az imişsә dә, lakin güşadә tәbi varmış. İskәndәr ağa 52 vә ya 53 sәnә ömür edibdir. Vәfatı ittifaq düşübdür 1873-cü tarixi-miladiyyәdә sentyabrın 24-dә. Әşarü әdәbiyyatı çox isә dә, cümlәsi müntәzәm bir mәcmuә halında deyildir. Әsәrlәrindәn bir neçәsi burada zikr olunur.

 

Qәzәl:

 

Әziza, bülbüli-tәbim sәnә bir macәra söylәr,

Nә tәqsir eylәr әhvalı, nә anda iftira söylәr.

 

Güli-novrәstәni әvvәl çәmәndә xar ilәn görmüş,

Unutmuş mәrhәba rәsmin, xәyal etmә riya söylәr.

 

Rәqibi yar ilәn aşiq görәndә nәql olur әqli,

Zәmani-zülmdә mәrdüm nә söylәrsә, xәta söylәr.

 

Üzr mәqbuldur indә kiraminnas söylәrlәr,

Kiramünnas mәzurә hәdisi-"qul kәfa" söylәr.

 

Qәzәl gülzarına, tәbin, әziza, çünki mayildir,

Bәs indi bülbüli-tәbim kәlami-xoşsәfa söylәr.

 

Çәmәndә bülbülün qәdrin güli-novrәstәlәr bilsә,

Sәhәr gülzardә bülbül süruri-canfәza söylәr.

 

Qәlәt mәşhur düşmüşdür fәnadә bәzi әsmalәr,

Kәlami-küfr ilә aşiq ki, zülfi әjdәha söylәr.

 

Yenә bu cümlәdәn xeyli xәtayә getmiş ol qafil,

Xәyali-xam ilә hәr dәm cәfanı hәm vәfa söylәr.

 

Vәfa bir zülmdür hәr kәs özünә ixtiyar etsә,

Vәfa әhlini münsiflәr bәlayә mübtәla söylәr.

 

Şәb asudә yatar hәr kim ona qafil deyәr qafil,

Cünun tәk hәr gecә ağlar, onu xәlq övliya söylәr.

 

Hәmişә başını biәcr verir pәrvanә, pәrvanә

Yanar odlarә bihudә, özün әhli-riza söylәr.

 

Oxur hәm "Şәrhi-tәcrid"ivü "la röhbanә fil-islam",

Xilafi-şәrlә Nasir tәriqi-Mustәfa söylәr.

 

Xәyali-sübhi-vәsl ilә şәbi-hicranda aşiqlәr

Öpüb zülfü deyәr "vәlleyl"ü ruyi "vәzzüha" söylәr.

 

Hamana dami-tәzvirdir, mәazәllah, mәscidlәr,

Kәlәklәrdirlәr ol sözlәr ki, vaiz cabәca söylәr.

 

Dirәm-dinar әgәr versәn, kәsәr xud әnbiya nәslin,

Olar minbәrdә kim, hәr dәm şәhidi-Kәrbәla söylәr.

 

Hәsәb mәşhurdur ancaq bu tәbim tәşbihi bülbül,

Bu yerdә zәmm ol zarә könül qeyri rәva söylәr.

 

İskәndәr ağanın bu qәzәli-dilpәzirindә xeyli gözәl vә doğru sözlәr vardır ki, onlara diqqәt yetirmәmәk olmaz. Necә ki, әbәs yerә kәlami-küfr ilә aşiq zülfü әjdәhaya tәşbih tutar vә ondan әlhәzәr deyib fәryad edәr. Çünki hәqiqәtdә zülfün әjdәha ilә heç bir oxşayışı yoxdur. Әjdәha cana xövf vә nifrәt salır, zülf isә aşiqin könlünü özünә bәnd elәyir. Birisini xövf vә nifrәtlә uzaqlaşdırır, qeyri birisini lәtafәt vә tәravәtlә yavuqlaşdırır. Әjdәhanın zülfә nә münasibәti?!

 

Habelә şair deyir ki, xeyli xәtaya düşmüş ol qafil ki, xәyali-xam ilә cәfanı hәm vәfa söylәr, hәqiqәti-hal; bәsirәt gözü ilә baxılsa, vәfada dәxi çox zülmlәr görәr. Çünki vәfada möhkәm vә müstәqil durmağa çox hünәr istәr. Bu yol xәtәrli yoldur. Burada can-başdan keçmәk lazım gәlir. Ol sәbәbdәndir ki, münsiflәr vәfa әhlini dәrdә mübtәla söylәr. Hәmçinin gecәlәr bәstәri-nazda rahat yatanlara qafil deyirlәr, amma cünun tәk sübhә kimi oyaq qalıb raz-niyaz edәnlәrә övliya söylәrlәr. Belә söylәyәnlәrin özlәri xud afil deyillәrmi?!

 

Ağılsız pәrvanә canını oda salıb yandırır, nәdir ki, mәnә әhli-riza desinlәr. Burada eyni-sәfahәt deyilmi?! Mәzaәllah, mәscidlәr dә dami-tәzvirdir. Adamları içindә topladır vә vaizin sözlәri birbәbir kәlәkdir. O kәslәr kim, minbәrdә şәhidi-Kәrbәla deyib ağlarlar, onlara әgәr dinarü dirәm versәniz, özlәri әnbiya nәslini öz әllәri ilә kәsib yer üzündәn götürәr.

 

Qazax divanbәyisi Avanes bәyin qızı Mәryәmin mәdhindә deyibdir:

 

Ruxin dövründә dövr eylәr bu canım riştәsi, Mәryәm!

Olub heyran, gәzәr alәm onun sәrgәştәsi, Mәryәm!

 

Sәnin ruxsarına, ey gül, tökülmüş susәnü sünbül,

Baxıb fәryad edәr bülbül, gәlәr hәr dәm sәsi, Mәryәm!

 

Olan mәclisdә sәn, Mәryәm, olur әqlü kәmal bәrhәm,

Açılsa, qan düşәr hәr dәm dәhanın qönçәsi, Mәryәm!

 

Dur indi, saqiyi-dövran, qәdәh ver, bağrım oldu qan,

Baxar ruxsarına heyran fәlәk ayinәsi, Mәryәm!

 

Mәrizә eyni-әşfadır, cәmadә ruhi-әhyadır,

Hamana nitqi-İsadır zәbanın lәhcәsi, Mәryәm!

 

Yenә Mәryәmi vә onun bacısı Cәvahiri mәdh edir:

 

Kitabi-hüsnünü açmış mәgәr badi-sәba, Mәryәm--       

Ki, gülzar içrә bülbüllәr oxurlar: mәrhәba Mәryәm?!

 

Yenә basdın qәdәm derlәr Dilican iştiyaqilә,

Dilü canım fәda olsun yenә iqdamına, Mәryәm!

 

Cәvahir şahi-Kәnani qulami-zәr xәrid etmiş,

Sәriri-hüsndә sәnsәn әgәrçi padişa, Mәryәm!

 

Xirәd sәrrafının, billah, rәvadır qәtlinә qәmzәn,

Cәvahir әcrinә söylәr nüqudi-can bәha, Mәryәm!

 

Cәvahir birlә sәn oldun mәtai-hüsn әnbazi,

Bu sövdadә ona Şair, sәnә Nasir fәda, Mәryәm!

 

Cananın vәsfindә vә qazi Mirzә Nәbi әfәndi Qaibovun mәdhindә deyibdir:

 

Baxar qaşlarına aşiq, oxur "nun vәlqәlәm" şәrhin,

Gülün dövrünә sünbüllәr yazar tәrhi-rәqәm şәrhin.

 

Çәkәn azarını ruhum bәdәndә zar edәr, yoxsa

Gözün, ağzın xәyalilә qılır xabi-әdәm şәrhin.

 

Әyibsәn qәddimi, saqi, edәmәm qaşının vәsfin,

Dәmağım badәdәn tәrdir, xәtәrnakәm әyәm şәrhin.

 

Xәrabi-nәrgisi-mәstәm, әlimdә ixtiyarım yox,

Açıb hüsnün kitabını bu xәlqә göstәrәm şәrhin.

 

Oxur piranәsәr Şair hәmişә mәdhü övsafın,

Tutar damanını bir gün, umar sәndәn kәrәm şәrhin.

 

Soran dövranın әhvalın cәnabi-qazidәn sorsun,

Odur gülgәşteyi-dövran, bilir zövqü әlәm şәrhin.

 

Başımdan sayәsi onun tәğәyyür olmasın bir dәm,

Әgәm olmasa ol, ya rәb, kim eylәr dәrdü qәm şәrhin.

 

Bilir gülzarın әhvalın o, bülbüldәn gözәl söylәr,

Könüllәr halını anlar, deyәr mәdhinü hәm şәrhin.

 

Nә nazik riştәdәn tutdu, nә ziba eylәdi ol gün,

O tiri-xunfәşan vәsfin, o zülfi-xәmbәxәm şәrhin.

 

Edәr әşarımı tәhsin görәn saәtdә ol kәs kim,

Qoyar insafı ortayә oxur ürfi-hәkәm şәrhin.

 

Deyirlәr Şairin dәrdi füzundur cümlә alәmdәn,

Yetәn bidәrdә namәrdәm bu dәrdin eylәsәm şәrhin.

 

Mayor Abdulla ağa sair Qazax mahalının bәylәri ilә bir yerdә divanbәyi Avanes bәydәn polisә rәis vә hakiminә şikayәt edib, Avanes bәyin xidmәtdәn әzlinә sәbәb olmuşdu. Ona binaәn Avanes bәy yay fәsli sükunәt etdiyi Çeşmәli vә Laker deyilәn mәkandan öz vәtәni Gәncә şәhәrinә köçәn vaxt şair Nasirin pәrişan halına müvafiq yazmışdır. Çünki necә ki, sabiqdә zikr olunmuşdur, Nasir Avanes bәyin qızı Mәryәmә ki, bir vәciheyi-dövran imiş, aşiq olmuşdu:

 

Hәzәr qıl Nasirin, mayor, fәğani-sübhgahından,

Ona zülmi-kәbir etdin, saqın sәn dudi-ahından.

 

Gedib Çeşmәliyә Nasir, açıb xun çeşmәsin gözdәn,

Görübdür tutiya yoxdur nigarın xaki-rahından.

 

Görәnlәr Lakeri derlәr gәlir ondan, mәzaәllah,

Sәdayi-cüğdi-viranә o Mәryәm cilvәgahından.

 

Mәrhum İskәndәr ağa laübali bir vücud olduğundan dünya vә axirәtin qeydinә qalmayıb, beş günlük ömrü xoş keçirmәyi qәnimәt bilib, eyş-işrәtә mәşğul idi vә Ömәr Xәyyam kimi axirәtә etiqadı vә inamı olmayıb, onun tutduğu tәriqdә müstәhkәm idi vә Xәyyamın әqidәsi isә bu rübaidәn aşkar olunur:

 

Ey an ke, nәticeyi-cәharo hәfti,

Vәz hәfto çәhar daim әndәr tәfti,

Mey xor ke, hezar bar bişәt qoftәm,

Baz amәdәnәt nist, rәfti, rәfti[1].

 

[1] Tərcüməsi:

Ey dörd vә yeddinin nәticәsi,

Yeddi vә dörddәn daim yanırsan.

Sәnә min dәfә demişәm ki, şәrab iç,

Geri qayıtmağın yoxdur, elә ki, getdin, getdin.

 

Rübaidәki "dörd" kainatdakı dörd unsürü (su, od, torpaq, külәk), "yeddi" isә göyün yeddi qatını bildirir.

 

İskәndәr ağa Şair dә ömrünün axır günlәrindә dünya vә axirәt onun gözünә görünmәyib, nәzәrindә hәr ikisi biqәdrü qiymәt olduğu babda yazıbdır:

 

Ömr hәftadә yetib, dünya nә dәrkarımadır,

Gәlib azari-әcәl, şorba nә dәrkarımadır,

Kürәxanә, dәbilәn halva nә dәrkarımadır,

O münacat adlı zurna nә dәrkarımadır,

Ağü bezdәn o kәfәn torba nә dәrkarımadır,

Qәbr nә karımadır, sapa[2] nә dәrkarımadır.

 

[2] Sapa--qәbrin dibindә qiblә tәrәfә yer qazıb, meyidi onun içinә qoyub ağzını daş vә taxta ilә örtürlәr. Haman qәbrin içindә kәnara qazılan yerә "sapa" deyilir.

 

Üç gün әza yerinә qonşu verәn xürdü xörәk,

Yeddi gündәn sora xeyratә ölәn ökküz, inәk.

Qırx günündә gәlәn ol vaizi-qırxdil bişәk,

Yığılan tәzvir üçün zahidi-sahib dügәlәk,

Vurhavur xeyrat üçün o minilәn at, eşşәk

Çorta-çort getsә vә ya yorğa nә dәrkarımadır.

 

Gedә ol gündә ki, can tәrk qıla zövqi-cahan,

Nә mәnim vecimәdir o әyilib qәbri qazan,

Heç görünmәz gözümә donba durub taxta yonan,

Bәrcәhәnnәm, o gecә tәrәkә minib getsә canan,

Minmәyә daşı nola tox qarına daşı yazan,

Çataçat daş yazan molla nә dәrkarımadır.

 

Keçsә әyyami-xәzan, gәlsә zәmani-novruz,

İl mürurunda yenә molla edәr hiylә büruz--      

Ki, gәrәk xeyrat üçün zәbh oluna kәl öküz,

Hüsni-xeyrat üçün nәqlә bәrabәr dura yüz,

Cüğdi-viranә kimi әylәşib evdә yalğuz,

Getmәyib nazlı yarım qalsa, nә dәrkarımadır.

 

Daşә әfsunmu verir daş yazan ol molla--       

Ki, minib daşı vurar hәr çәkicә bir yolla,

Yoxsa xәttin üfürür ki, quruda nәfxi-cәfa,

Mәrhәba mәrifәti-zahidü әhli-tәqva,

Tәmiri-mәrqәdimә naz ilә gәlsә usta,

Belә surәtdә haman usta nә dәrkarımadır[3].

 

[3] Bundan sonra iki beyt әslindә buraxılmışdır.

 

Ömr hәftad ilә zal etdi fәnadәn ki, sәfәr

Olmasa, heyf deyәn olsa, nә dәrkarımadır.

 

Şairin ömrü hәftada yetib, amma dünya vә axirәt vecinә deyil. Mәlumdur ki, sinn artıqca vә ölüm zamanı yavuqlaşdıqca adam axirәt fikrinә düşüb, gününü ibadәtlә keçirir vә zöhdü tәqvasını artırır ki, cavanlıqda puç vә zay etdiyi günlәrindә oruc-namazı vә sair vacibati-diniyyәsini tәkmil qılsın. Amma Şair bu günә fikir vә әmәllәrdәn uzaqdır. Onun әqidәsincә azari-әcәl yetişәndәn sonra heç bir şey fayda verә bilmәz. İnsan gәrәk ölüb fövt olsun vә ölәndәn sonra onun üstә oxunan Quran, çәkilәn münacat, qüsl, kәfәn, qәbir, sapa vә qәbristanda yeyilәn halva onun vecinә deyil. Bu müsәddәs kәlamda şair dehat vә tәrәkәmә әhlinin ölü üstündә cari olan qayda vә adәtlәrini dәxi istehza tәriqincә nәzmә çәkir, heç bir barәdә bir qüsur qoymur. Qonum-qonşu üç gün әza yerinә göndәrdiyi xürdü xörәk, yeddisindә vә qırxında sahibi-tәziyә verdiyi xeyrat vә ehsanat vә o xeyratda minilәn at, eşşәyin çorta-çort vә ya yorğa getmәsi vә hәmçinin donba durub taxta yonan vә qәbir daşına minib çataçat daş yazan molla vә hәtta şairin nazlı yarının әrә getmәsi vә ya cüğdi-viranә kimi evdә oturması şairin әsla vә qәta vecinә deyil vә onun vәfatından sonra ona rәhmәt oxunacaqmı-oxunmayacaqmı, onu tәәssüflә yada salan olacaqmı-olmayacaqmı? Bu fikirlәr dә şairin xәyalına gәlmir vә halına tәfavüt etmir.

 

İskәndәr ağa, necә ki, bu kәlamından görünür, molla sinfini sevmәzmiş vә mollanın hәcvindә yazdığı özgә bir kәlamında molla qisminә olan onun nifrәti dәxi dә aydın görünür. Molla qisminin halına müvafiq yazmış:

 

Geymә salusluqla ağü kәtәn, ay molla!

Gәzmә avarә, olub tәrki-vәtәn, ay molla!

 

Biәdәblikdi sual eylәmәyim hәrçәndi,

Müşkülüm olsa, gәrәk hәll edәsәn, ay molla!

 

Bir uşaq ağlardı:--Vay, atam öldü, deyir

Sizin uşaq ona güldü, bu nәdәn, ay molla?!

 

Güldü şükranә uşağın, dedi:--Halva yeyәrik,

Çün ölübdür bu gecә Usta Hәsәn, ay molla!

 

Mәrәzi-mövtdә batildi--dedin--tövli-mәriz,

Nola can haqqı da batildi desәn, ay molla!

 

Soydun, ol pirin apardın nә üçün çaruğini,

Qoydun ancaq ona bir quru kәfәn, ay molla!

 

Xәlqә iblis cәhәnnәm tәlәb eylәr, sәn әcәl,

Sirriniz biridi sizin iblis ilәn, ay molla!

 

Aldadıb xәlqi, lotu, lәn demә şeytanә,

Eybdir ürfdә sirdaşә söyәn, ay molla!

 

Mәlun atan sәninlә gedәli qırx ildir,

Bircә ehsan veribәn evdә yesәn, ay molla!

 

Yığılır xeyli gözәllәr ki, müsibәt evinә,

Әqrabadır olara bәlkә ölәn, ay molla!

 

Nola qarşı oturub ol gözü qan yaşlılara,

Aşu bozbaş yemәyib, çor yeyәsәn, ay molla!

 

Cümә axşamı yolun düşmәyә dostun evinә,

Çәkilә yollarına qara tikan, ay molla!

 

Dostun ol kәsdi ki, oğlan ölә, oğlan ölәsәn,

Düşmәnindi, yaşama, yüz yaşayan, ay molla!

 

Yaxşı sındırdı sәni öldü dünәn boz mәşәdi,

Müflis oldu ki, yanıb-yaxılasan, ay molla!

 

İntiqamını o gün sәndәn alıb boz mәşәdi,

Ac qalıb gәrnәşәsәn, ulayasan, ay molla!

 

Bitәkәllüf eşәk kimi girirsәn hәr evә,

Soxulursan tula tәk hәr qapıdan, ay molla!

 

Sәn ki, Quranda özün "әlhәqqü mürr" oxumusan,

İncimә, acı olur hәqqi süxәn, ay molla!

 

Qapacaqsan mәni dә it kimi bir gün bilirәm,

Qapdırır itә özün iti vuran, ay molla!

 

Molla qisminin, әlbәttә, eyiblәri çoxdur vә Azәrbaycan şairlәri öz әsәrlәrindә ruhani atalarımızın o eyib vә nöqsanlarını rişteyi-nәzmә çәkib, nazik işarә vә eyham ilә göstәriblәr. Bu barәdә şayani-diqqәt olan әsәrlәr mәrhum Zakirin vә Hacı Seyid Әzimin әsәrlәridir ki, xeyli zәrifanә ruhanilәrә toxunub, onların çirkin vә nalayiq işlәrindәn, xüsusәn dәryalara bәrabәr olan hirsü tamahlarından yazıb bәyan ediblәr. Amma İskәndәr ağa isә lap baltanı dibindәn vurub, haqqı söylәmәkdәn zәrrә qәdәri dә ürpәnib çәkinmәyibdir.

 

Filhәqiqә, Şair İskәndәr ağa hәr kәsin eybini açıq üzünә demәkdә tәk yaranmışdır. Necә ki, buna özünün dә bir şeri şәhadәt verir:

 

Әrseyi-әşardә mәn Rüstәmi-dәhrәm, vәli

Söylәrәm xövfü xәtәrsiz, şiri-aslan içmişәm.

 

Mәrhum İskәndәr ağanın әsәrlәrindәn birisi dә onun nәzm ilә yazılmış "Hәrçi bәdtәr" nam kitabçasıdır. Bu kitabça artıq fәsahәt vә bәlağәtlә mәsnәvi sәbkindә yazılmış bamәzә bir hekayәtdir. Fәqir bir dehqanın sәrgüzәşti onda bәyan olunubdur.

 

Mәzmuni-hekayә münasib olmadığından burada zikr olunmur vә lakin hekayәnin bir para yerlәrindәn nümunәlәr göstәrmәyi lazım bildik.

 

Qazaxda qız-gәlinlәrin Qaynara paltar yumağa getmәyini bәyan edir:

 

Bülbüli-bustani-şәhri-Qazaq,

Şairi-nüsxәbәndi-әhli-mәzaq,

Әndәlibi-riyazi-әfsanә,

Şairi-nәxlbәndi-piranә,

Saldı qülqül riyazi-sövdayә,

Verdi baği-xәyalә pirayә.

Kim haçan nәql edәr zәmani-xәzan,

Ta gәlir tәxtә bәhari-zәman.

Novbahar alәmi müzәyyәn edәr,

Dәştü sәhra olur şükufeyi-tәr.

Onda rәnalәnib qız ilә gәlin,

Sәrvi-azadә tәk çәkib әtәyin,

Seyr edәrlәr çıxıb qatar-qatar,

Durna tәk qәryәdәn gәzәrlә kәnar.

Gәşt edib sәbzәzari-çeşmәkәnar,

Bir lәbi-Dәclәdә qәrar tutar.

Dәstә-dәstә o cümlә lalәüzar,

Sәf-sәf eylәr tәdarüki-Qaynar.

Sәrvboylar sәrasıdır Qaynar,

Ahugözlәr binasıdır Qaynar.

Sanma mәtlәb olara behcәtdir,

Bәlkә mәqsәd olara zinәtdir.

Kimi zülfün açar, kimisi hörәr,

Kimi ayinәdә cәmalı görәr.

Bәzi әbrusinә çәkәr vәsmә,

Bәzi müjkanına sürtәr sürmә.

Zülfә şanә dәyәndә cilvәlәnir,

Gözә sürmә çәkәndә işvәlәnir.

Üzünә saçsa yar cilvәdә su,

Alır ondan sәfayi-seyqәl ru.

Su tәravәt gәtirmәsә cismә,

Sәrvboylar ararmı sәrçeşmә?!

 

"Hәrçi bәdtәr" vә "Hekayәti-dehqan" nam kitabça itmama yetdikdә İskәndәr ağanı qazi Mirzә Nәbi әfәndiyә ki, sahibi-kamal vә mәrifәt bir şәxs imiş vә fünuni-şerdәn filcümlә xәbәrdarlığı var imiş, göstәrib, "Hekayәti-dehqan"da olan bәzi nalayiq vә hәrzә-hәdyanın barәsindә onun rәyini soruşmuşdur. Mirzә Nәbi әfәndi bu barәdә öz rәyini belә bәyan edibdir vә şairi bir növ tәskinül-qәlb qılıbdır. Necә ki, şair deyir:

 

Macәranı ki, eylәdim tәqrir,

Belә verdi cavabını ol pir--      

Ki, deyil şairin әdәb tәlәbi,

Gözlәmәz şerdә olar әdәbi.

Şәrti-şair әdәb ola izhar,

Sanma vәznü mәzamini axtar.

Şer oldur ki, kәşf ola mәzmun,

Nәzm oldur ki, çox ola mövzun.

Söz odur zahiri zәrif ola,

Batini mәnidә lәtif ola.

Tәbdir tәmsiz sözün nәmәyi,

Tәbdir hәr rәkik sözün әlәyi.

Nәzmdir pәrdәdari biәdәbin,

Şer şirazәsidi hәrzәliyin.

Görsә cürmün günah ilә yeksan,

Ruzi-mәhşәrdә möminin yәzdan,

Kilki-әfvin çәkәr günahә o dәm,

Bәlkә eylәr ona behişt kәrәm.

İndi mәlumdur xitabından,

Cürmün әskik ola savabından.

Hәr nә şair ki, iftira söylәr,

Әksәrin bәndi-biriya söylәr.

Şüәra mücrimi-mükәrrәmdir,

Şüәra dәrdimәndi-biqәmdir.

Şüәra әhli-hali-mәşhurdur,

Әhli-halın günahı mәzurdur.

Buyurubdur Mәhәmmәdi-әrәbi:

Şüәra xәlq olub zibәdi-nәbi.

Xövf etmә sözün xәtasından,

Xeyri-ümmid tut cәzasından.

Çün nә dәm ki, bu şeri müflis oxur,

Nәfsi-әmmarәyә müqәyyәd olur.

Bilsә biçiz ki, böylәdir әhval,

Daxi olmaz әsiri-qeydi-әyal.

Olmayanlar әlindә simü zәri

Eylәmәz arizuyi-simbәri.

Pәndinә bәndә olsa övrәtlәr,

Şövhәri-müflisә mürüvvәt edәr.

Axirül-әmrdә o әhli-tәmiz

Dedi:--Ey dәrdmәnd yari-әziz,

……………………kitabәt ola,

Müzdi-şәm sәnә xәsarәt ola.

Ehtiyat eylәmә, әgәr diqqәt

Tutsa nadan, danışsa bimürvәt,

Çünki surәtpәrәstdir onlar,

Şahidi-mәnidәn nә zövq qanar.

Eylә tәnin hünәrlәrin izhar,

İstә axırda tövbә, istiğfar.

Çәk kәmiyyәt kәmalına mizrab,

Әfv eylәr ki, qafiri-әznab.

Tәbi-şair nüfusi-piri-müğan,

Oldu memari-xaneyi-dastan.

 

Şair İskәndәr ağa "Hekayәti-dehqan"ı 1288-ci[4] sәneyi-hicriyyәdә yazıbdır. Şairin bundan әlavә әşarü asarı çoxsa da, mürәttәb bir divan vә mәcmuәsi yoxdur.

 

[4] 1871.