İBRAHİM BӘY "AZӘR"

 

 

 

 

Mәrhum Abdulla bәy Asinin müasirlәrindәn Qarabağda mәşhur olanları: Bunlardan Abdulla bәyin öz qardaşı İbrahim bәy Әli bәy oğlu Fuladov "Azәr" tәxәllüs çox zәrif, bakәmal vә xoşxülq bir adam idi. Sinndә qardaşı Abdulla bәydәn böyük idi. Rusca dәxi yaxşı savadı var idi. Vәkillik edәrdi. Tәbi-şeriyyәsi dәxi var idi, amma bu qәdәr rәvan deyildi, necә ki, Abdulla bәyin tәbi sәri idi. Vәfatı ittifaq düşübdür tarixi-hicriyyәnin indiki on dördüncü әsrinin ibtidalarında--min üç yüz birdә vә ya ikidә[1]. Yaxşı vә mövzun qәzәllәri var, türk vә fars dilindә.

 

[1] 1883-1884. İbrahim bәy Azәrin  tәvәllüd tarixi h.1251-ci (1835), vәfatı tarixi h.1302-ci (1835) il göstәrilir.

 

Qәzәli-türki:

 

Ahu kimi baxanda o mәstanә gözlәrin,

Baxdıqca eylәyir mәni divanә gözlәrin.

 

Fәrhad kimi mәn kimiyә dağ çapdırır

Şirin baxışlı xosrovi-xubanә gözlәrin.

 

Hәr dәm ki, istәsә baxa bir gәc nigah ilә,

Yüz min könül yıxar yenә cananә gözlәrin.

 

Zәnciri-eşqini salıban boynuma mәnim,

Bak etmәyib çәkәr mәni hәr yanә gözlәrin.

 

Eşqin edibdir Azәri-dilxәstәni cünun,

Mәcnun sifәt salıbdı biyabanә gözlәrin.

 

Qәzәli-digәr:

 

Arizin göstәr gülә gülşәndә hәmralәnmәsin,

Qәddi-rәna qarşısında sәrv balalәnmәsin.

 

Zülfi-mişkini-müsәlsәldә xәcil qıl sünbülü,

Çeşmi-mәstin nәrgisә göstәr ki, şәhlalәnmәsin....

 

Mahi-nov kimdir günәş ruxsarın ilә bәhs edә,

Bir kәsinti dırnağınla hiç qürralәnmәsin.

 

Çün könül mәhbusdur zülfündә, gәl bir rәhm qıl,

Vurma әl zәncirә zindan әhli qövğalәnmәsin.

 

Gәr sәnin eşqindә Azәr olsa rüsva, eybi yox,

Kuhkәn Şirindәn ötrü necә rüsvalәnmәsin?!