MӘHӘMMӘDӘLİ BӘY MӘŞHӘDİ ӘSӘD BӘY OĞLU "MӘXFİ"

 

 

 

 

Qarabağ şüәravü zürәfasının birisi dә mәrhum Mәhәmmәdәli bәy Mәşhәdi Әsәd bәy oğlu "Mәxfi" tәxәllüs idi ki, xeyli mәrifәtli, nәcib vә xoşxülq bir vücud idi. Türk vә fars dillәrindә nәzmәn vә nәsrәn xeyli әsәrlәri vardır. Heyfa ki, onlardan çap olanı yoxdur.

 

Rus dilindә yaxşı savadı var idi. Tәlim vә tәrbiyәsi Şuşa qalasında olubdur. Altmış sinnә kimi yaşayıbdır. Vәfatı min üç yüz onuncu illәrdә ittifaq düşübdür[1]. "Beyti-xamuşan" üzvlәrindәn hesab olunurdu. Qarabağ şairlәrinin içindә artıq möhtәrәm sayılırdı[2]. Әsәrlәrindәn bir neçә qәzәllәr burada zikr olunur.

 

[1] Mәxfinin vәfatı tarixi h.1305-ci (1887) və h.1309-cu (1891) il göstәrilmişdir. Son tәdqiqat h.1309-cu il tarixi düzgün tәsdiq edir. Mәxfinin tәvәllüd tarixi: 1821-ci il.

[2] Son tәdqiqatda Mәxfinin "Beyti-xamuşan" deyil, "Mәclisi-üns" әdәbi mәclisinin üzvü olduğu göstәrilir. "Mәclisi-üns" XIX әsrin ikinci yarısında (1864-1897) Xurşudbanu Natәvanın evindә tәşkil olunmuş әdәbi mәclisdir. Fәal üzvlәri: Natәvan, Mirzә Rәhim Fәna, Mirzә Әliәsğәr Novrәs, Mәhәmmәdәli bәy Mәxfi vә başqaları.

 

Qәzәli-Mәxfi:

 

Oğrun yenә әğyarә baxar yar içәridәn,

Bu baxmağı, әlhәq, mәni odlar içәridәn.

 

Hicrindә gözüm yaşı töküldükcә qutarmaz,

Guya ki, bu qan çeşmәsi qaynar içәridәn.

 

Şәhdi-lәbini sormasa, sönmәz dili-suzan,

Әzbәs ki, yanır narә o bimar içәridәn.

 

Könlümdә olan yarәni bir-bir görәsәn ta,

Bir xәncәr alıb köksümü sәn yar içәridәn.

 

Munca tökәrәm әşk, könül atәşi sönmәz,

Әzbәs ki, tutub zar könül nar içәridәn.

 

Әğyar ilә hәmbәzm ola bu lalәüzarım,

Min yarә urub köksümә dağlar içәridәn.

 

Heyhat vüsalın ola bu Mәxfiyә qismәt,

Ta çıxmaya bәzmindәki әğyar içәridәn.

 

Әyzәn qәzәli-Mәxfi:

 

Hәr kәsin kim, can üçün bir mehriban cananı yox,

Öylә bilsin cismi var, amma içindә canı yox.

 

Bir könül kim, xalidir alәmdә zövqi-eşqdәn,

Bir xәrabә mülkә bәnzәr kim, onun sultanı yox.

 

Lәblәrin bir abi-heyvandır, xәtin zülmәt ona,

Böylә zülmәt içrә Xızrın çeşmeyi-heyvanı yox.

 

Hәr ay olduqda müdәvvәr var bir nöqsanı, leyk

Bәdrlәnmiş aydır, ol arizin[in] nöqsanı yox.

 

Zülfünә eşq әhli iman vermәyin zahid әgәr

Küfr söylәrsә, nola ol kafirin imanı yox.

 

Hәr qәm olsa dәhrdә derlәr ki, bir payanı var,

Gör nә qәmdir dәrdi-hicrin kim, onun payanı yox,

 

Yar cövrü tәndә mehman olsa, xoşdur könlümә,

Tarmar olsun o evlәr kim, onun mehmanı yox.

 

Hәr vüsalın aqibәt alәmdә bir hicranı var.

Talibәm mәn ol vüsalә kim, onun hicranı yox.

 

Dәrdimin tәdbirini sordum Fәlatundan, dedi:

Mәxfi, dәrdin eşq dәrdidir, onun dәrmanı yox.

 

Bu qәzәldә xeyli xoşmәzmun şerlәr vardır ki, möhtәrәm oxucuların onlara әtfi-diqqәt etmәlәri mәmuldur. Mәsәlәn:

 

Yar cövrü tәndә mehman olsa, xoşdur könlümә,

Tarmar olsun o evlәr kim, onun mehmanı yox.

 

Әyzәn qәzәli-Mәxfi:

 

Müsәlsәl türreyi-tәrrar gahi rast, gahi kәc,

Tökülmüş qamәtә, oynar gahi rast, gahi kәc.

 

Düşәr gәh rast zülfün qamәtә, gәh kәc, bu, adәtdir,

Çıxar sәrv üstünә şәhmar gahi rast, gahi kәc.

 

Yenә qan etmәk istәrmi, baxır çox xәşm ilә çәşmin,

Misali-mәrdümi-xunxar gahi rast, gahi kәc.

 

Vüsalın gәh qılır qismәt mәnә, gәh hicrini dövran,

Dolanır çәrxi-kәcrәftar gahi rast, gahi kәc.

 

Baxır çәşmin rәqibә düz, mәnә kәc, bir mәsәldir bu,

Gedәr yol mәrdümi-xummar gahi rast, gahi kәc.

 

Dolanma müddәilәr xatirin xoşnud etmәkçün

Bәzm, ey yari-mahruxsar, gahi rast, gahi kәc.

 

Qaşın tağına sәcdә etmәk üçün ruzü şәb, ey mәh,

Olur hәr zahidi-dindar gahi rast, gahi kәc.

 

Görüm bәrbad ola ol nöh rәvaqın, ey fәlәk, yeksәr--   

Ki, bәxtimlә mәnim oynar gahi rast, gahi kәc.

 

Qalıb sövdayi-zülfün içrә Mәxfi zarü sәrgәrdan,

Dolanır hәr tәrәf naçar gahi rast, gahi kәc.