MİRZӘ KAZIM QAZİ ӘSGӘRZADӘ AXUND ӘHMӘDOV "MÜTTӘLE"

 

 

 

 

Mәrhum Mirzә Kazım müddәti-mütәmadi İrәvanda sakin olub vә orada dәxi vәfat edibsә dә, әslәn İrandan gәlmәdir. Onun vәtәni Bәrağuşdur ki, Tәbriz mahalından Sәraba yaxın bir qәsәbәdir. Müttәle tәvәllüd edibdir hicrәtin 1248-ci[1] ilindә. Tәlim alıbdır Tәbrizdә. Hәnuz cavan ikәn İrәvana gәlib, ibtidada İran dövlәtinin vis-konsulluğunda münşilik işlәrinә baxırmış. Amma sonradan buradan çıxıb, tәlimi-әtfala artıq meyli olmağa görә, mәxsusi mәktәb açıb müәllimlik edәrdi vә mәktәb işlәrini artıq sәliqә vә qayda üzrә aparıb mübtәdilәrә üsuli-sövti ilә tәlim edәrdi. Mirzә Kazımın mәktәbi cümlә İrәvan әhlinin rәğbәtini kәsb etmişdir vә әlhәq ol cәnab öz şüğlü sәnәtindә bir qüsur qoymayıb canü dildәn tәlimi әtfala qurşanmışdı.

 

[1] 1832.

 

Mirzә Kazım cәnabları ilә biz yaxın aşina idik vә tez-tez onunla görüşüb, tәlim vә tәdris mәsәlәlәrindәn bәhs vә söhbәt edәrdik. Mәrhumun tәlim-tәrbiyә mәsәlәlәrindәn sәva fikrü zikri yox idi.

 

Üsuli-tәlimdә daha da artıq bilik vә mәharәt kәsb etmәk üçün gimnaziya müdiri cәnab Brajnikovun iznü icazәsi ilә hәqirin vә priqotovitelni sinfin müәllimi Çistyakovun ki, xeyli qabil vә mahir bir müәllim idi, dәrslәrinә qulaq asardı.

 

Mirzә Kazım ilә bәrabәr Axund Mirzә Әli cәnabları dәxi ol vaxtlarda İrәvanda mәktәb açmışdı. Bu cәnab artıq qeyrәtmәnd vә çalışqan cavan bir müәllim idi.

 

Üsuli-cәdid ilә aşina olmaq üçün mütәvәffa Çistyakovun gah evinә vә gah klasına tez-tez gәlib, lazım olan mәlumatı ondan әxz edәrdi. Çistyakov isә hәr iki müәllimlәrә artıq mehribançılıq vә iltifat göstәrib, әldәn gәlәn kömәyi müzayiqә etmәzdi vә özü mәktәbdarların mәktәblәrini ziyarәt edib, nәzәrә gәlәn qüsurların islahına bәzli-himmәt edәrdi.

 

Cәnab Mirzә Abbas Mәhәmmәdovun ki, sabiqdә o da İrәvanda mәktәbdar idi vә әhli-mәrifәtlәrdәn birisi hesab olunur, yazmağına görә, mәrhum Mirzә Kazımın beş cild kitabı qalıbdır ki, onlardan dördünü mәrhum tәlimi-әtfal üçün tәrtib etmişdir. Amma onlardan heç biri bu hala kimi çap olunmayıbdır: 1) "Elmi-hesab", 2) "Sәrfü nәhvi-farsi", 3) "Elmi-bәlağәt", 4) "Vacibati-şәriyyә", 5) "Teatr hekayәsi".

 

Nә qәdәr әşarı varsa, tamami farscadır. Mirzә Kazımın bu әsәrlәrindәn heç birini biz görmәmişik. Ona binaәn onlar nә dәrәcәdә layiqi-tәhsin vә ya tәnqid olması haqqında söz danışmaqda aciz varıq. Amma bunu tәsdiq edә bilirik ki, Mirzә Kazım ziyadә qabil vә gözüaçıq adam idi vә öz әsrindә mәktәblәrdә tәlim üçün istemal olunan kitab vә risalәlәrin qüsurunu görüb, onların hәr cәhәtdәn namü-nasib vә hәtta müzirr olmaqlarını kәmalınca anlayırdı. Ona görә söz yoxdur ki, onun "Vacibati-şәriyyә"si ol zaman bizim mәktәblәrdә mütәdavil olan "Camei-Abbasi" kitabından gәrәk artıq vә düzgünraq olsun, habelә dә özgә әsәrlәri.

 

Mәrhumun әşari-farsisindәn nümunә olaraq üçüncü kitabın sәrlövhәsindә qәlәmә xitabәn yazdığı şerlәr burada zikr olunur:

 

Ey qәlәm, ey munese-mәn ruzo şәb,

Sәr borun avәr, dәmi boqşay lәb.

Şod tәmam an louhe-dovvom әz ketab,

Ba çe zәhmәthaye-birun әz hesab.

Nәğmei әz louhe-seyyom saz kon,

Şәmmei dәr pәrde kәşfe-raz kon!

Sәr mәkeş әz hokme-әnqoştane-mәn,

Pişe-namәhrәm mәqu bәzi soxәn.

Mişәvәd qahi ke, toğyan mikoni,

Kәşf әz hәr raze-penhan mikoni.

Hәr çe miquyәm gәluyәt ta mәgәr,

Әz dәhanәt raze-del nayәd bedәr.

Ser borun dari ze xәtte-rәye-mәn,

Pay boqzari xelafe-paye-mәn.

Dad Mәnsur әz dәhәn serri-ziyad,

Әz gәlu avixte ura hәm bedar.

Gerde-sәrfe-eşq hәrgez bәr mәgәrd,

Kin soxәn besyar kәsra xar kәrd.

Del bemәn deh, del mәdeh bәr hiç kәs,

Corme-Sәnan eşqe-Sәnanәsto bәs.

Hәrfe-eşqo eşqbazira mәqu,

Afiyәt әz atәşe-suzan mәcu.

Eşq kari-binәhayәt mikonәd,

"Beşno әz ney çon hekayәt mikonәd..." [2]

 

[2] Tәrcümәsi:

Ey qәlәm, ey mәnә gecә-gündüz dost olan,

Başını qaldır, bir an dodaqlarını arala,

Hәdsiz-hesabsız zәhmәtlәrdәn sonra

Kitabın ikinci hissәsi qurtardı.

"Üçüncü hissәdәn bir nәğmә başla,

Pәrdәdә olan sirrlәri bir-bir aç.

Mәnim barmaqlarımın hökmündәn boyun qaçırma,

Namәhrәm yanında bәzi sözlәr danışma.

Bәzәn elә olur ki, tüğyan edirsәn,

Hәr gizli sirri açırsan.

Sәnә hәr nә deyirәmsə, boğazında saxla,

Ürәyin sirrini ağzından qaçırma

Mәnim fikrimin әksinә çıxırsan,

Mәnim qәdәmimin әksinә qәdәm qoyursan.

Mәnsur ağzından çox sirrlәr qaçırdığına görә,

Onu boğazından dara çәkdilәr.

Ömrünü eşqә sәrf edib әsla dönmәdi--

Ki, bu söz çoxlarını xar elәdi.

Ürәyini mәnә ver, heç kәsә vermә,

Sәnanın günahı onun mәhәbbәtidir, vәssәlam!

Eşq vә eşqbazlıq sözünü danışma,

Yanar oddan salamatlıq gözlәmә.

Eşq nәhayәtsiz işlәr görür,

"Dinlә neydәn çün hekayәt eylәyir"....

 

Mәrhum Mirzә Kazım fövqdә zikr olunan әsәrlәrdәn әlavә türk lisanında mübtәdilәrә tәlim etmәk üçün nәsrәn vә nәzmәn bir kitabça dәxi tәrtib qılmışdı. Onun mündәricatı isә xırda-para hekayәtlәrdәn, nağıllardan vә düzgülәrdәn ibarәt idi. Düzgülәrin çoxusunu Mirzә Kazım özü yazmışdı. Bu düzgülәr uşaqlar ağızda söylәdiyi "Üşüdüm ha üşüdüm, dağdan alma daşıdım" vәzn vә bәhrindә tәrtib olunmuş mәnәn bir-birinә münasibәti olmayan sözlәrә bәnzәyir.

 

Mirzә Kazımın bu düzgülәri yazmaqdan qәsdi uşaqları oxumağa hәvәslәndirmәk idi. Әzbәs ki, belә yüngül vәzndә yazılan şerlәrә uşaqların meyli vә hәvәsi artıq olur vә bunları oxumaq da asandır. Necә ki, sabiqdә zikr olundu, mәrhum Әhmәd bәy Cavanşir dәxi öz övladını oxuyub yazmağa hәvәslәndirmәk üçün bu vәzndә qisim-qisim hekayәtlәr tәrtib etmişdir.

 

Mirzә Kazım düzgülәrindә xırdaca oğluna xitabәn bәzi gülmәli sözlәr ilә belә oğluna әdәbә dair nәsihәt dә söylәyir. Düzgülәri bu sayaq başlayır:

 

 

DÜZGÜ

 

Ay afәrin, gül oğlum,

Gül oğlum, bülbül oğlum,

Dәrsin oxu rәvanla,

Sonra danış, gül, oğlum!

Gedirdim harda gördüm,

Guya divarda gördüm,

Evdә siçan çox idi,

Pişik evdә yox idi.

Siçan çıxdı divara,

Әynindә xaki xara.

Birdәn pişiyi gördü,

Döndü baxdı qurudu.

Siçanlar at çapırdı,

Pişik durub baxırdı.

Tülkü giribdir bağa,

Hanı bәs bağban ağa?

Tülkü yedi üzümü,

Eşitmәdi sözümü.

Pıs-pısa sürmә çәkdi,

Çarqadın әyri bükdi.

Tısbağanın yoldaşı

Bişirdi yarma aşı.

Yarmanı dana-dana

Çıxartdılar meydana.

Quzular mәlәşdilәr,

Torpağa bәlәşdilәr.

Quzu mәni görәndә,

Yerdәn çiçәk dәrәndә

Pәri inәk sağardı,

İnәk bala doğardı.

İnәyin balası var,

Başında alası var.

 

Bu qisim ordan-burdan danışıb, yenә oğluna rücu edib deyir:

 

Oğlum, oğlum, naz oğlum,

Dәrsindәn qalmaz oğlum.

Bülbül kimi dәrs oxur,

İstәr çox, ya az oğlum.

Qәlәmin al әlinә,

Bir yaxşı zad yaz, oğlum!

Oğlum gedәr mәktәbә,

Oxur, çatar mәtlәbә.

Dәrsin oxur, rәvanlar,

Nә oxuyubdur, anlar.

Daş üstә çiçәk qazar,

Mәşqini göyçәk yazar.

Mәnim oğlum candı, can,

Dәrslәrin oxur rәvan.

Gümüşdәndir dәvatı,

Qәlәmi var beş-altı.

Qәlәmdanı şәkilli,

Qәlәmi xalli-mülli.

Dәftәri var tәr-tәmiz,

Kitabı ondan әziz.

Kağızları rәgbәrәg,

Oğlum, gәtir, yaz, görәk i.a.

 

Bu düzgülәrin tәmamisi özgә bir kitabımıza daxil olacaqdır ki, onda lisani әdәbiyyatımıza dair әnvaü әqsami-nәqlü hekayәtlәr dәrc olunacaqdır.

 

Mәrhum Mirzә Kazım әsnayi-tәlim vә tәәllümdә әlifbamızda olan qüsuratın vә onlardan tәvәllüd edәn müşkülatın cümlәsini görüb, hürufatımızın tәbdilü   tәshilinә çalışan adamlardan birisi olmağa görә, özü mәxsusi әlifba tәrtib etmәk fikrinә düşmüşdü vә hürufatımızda olan qüsuratı göstәrmәk üçün bir mәqalә yazıb bizә vermişdi ki, ol vaxt Tiflisdә nәşr olunan "Kәşnül" qәzetindә onu çap etdirәk. Biz dә haman mәqalәni "Kәşkül"ә göndәrib tәbini ilhahü tәmәnna etmişdiksә dә, dәrc olunmamışdı. O mәqalәnin müsәvvәdәsi indi dә bizdә durur. Mәrhum onu öz gözәl xәtti ilә yazıbdır. Çün mirzәnin yazdığı mәtlәb bu halda da tәzә vә şayani-diqqәt mәtlәblәrdәn birisidir, ona binaәn o mәqalәni eyni ilә burada dәrc edirik: "Bu zamanda sәfheyi-cahanda ülumü fünun tәhsili hәr bir nәfs üçün әhәmm vә hәr әmәlә müqәddәm sayılıb, onun tәhsili vә tәkmili üçün әsbab fәrahәm etmәyә hәr kәs himmәti qәdәrincә sәyü tәlaş etmәkdir. O cümlәdәn dәrki-qiraәt vә kitabәti-xütutdur (yәni oxuyub-yazmaqdır) ki, insaniyyәt lәvazimi vә mәdәniyyәt asayişi ümdәsi min heysәl-hәqiq ona mәnut vә mәrbutdur. Hәr tayfa öz adәtlәrincә hәrәkә vә erabi ki, әcsadi-hürufa әrvah nayibi-mәnabidirlәr, hüruf cinsindәn mürәttәb vә tәhrir vәqti hürufat ilә mürәkkәb edirlәr. Bir növ ilә ki, hәr kәs üçün bir hәftә zәrfindә onu tәhsil elәmәk mәqdur vә kitabları dәxi haman erab irşadı vә imdadilә qәlәtsiz oxumaq müyәssәrdir.

 

Bulunur isә bir ya iki firqeyi-gümnamdır vә bir dә xütuti-millәti-islam әla sahibiha әlfüt-tәhiyyә vәssәlamdır ki, onda işbu üç hüruf: "әlif", "vav" vә "ya"dan maәda hürufat ilә mürәkkәb erab yox. Şu sәbәbә tәlim vә tәәllümdә işkal vә zәhmәt çox çox. Hәr bir lәfzin öyrәnilmәsinә gәrratü mәrrat müzakirә vә simaә vә sabiq vә lahiqin mülahizәsinә ehtiyac artıqdır. Әrәb lisanı ki, fәzilәt vә әdәb kanı, әlsinә sultanı, fәsahәt vә bәlağәt farisinә rәşadәt vә cәladәt meydanıdır, onun üçün mәxsus bir kitab erab babında vә hәrәkat istemalı adabında tәlif olubdur vә lakin әlamatü әsәr mәqamı ilә, nә hürufat surәti vә nizamı ilә. Halbuki Qurani-mәciddәn qeyrisindә istemal olunmur. Müddәtlәr lazımdır ki, insan ömri-giranmayәsini hәr nәhv ilәnsә sәrfü nәhv tәhsilinә sәrf edib, ta bir әrәbi ibarәti sәhih oxuya bilsin. Vәli farsidәn "oxu, baxayım!"--söylәrsәn, acizdir. Yәqinәn әgәr bir növ erab ki, mәtlubdur vәz oluna vә bu işkalatı dәfü rәf eylәyә, farsizәbanlar farsidә vә türkilisanlar türkidә bir az müddәtdә hürufatın surәtin vә şәklin vә erab ilә tәrkibin kәsb etdikdәn sonra asan vәch ilә hәr mәktubu vә kitabı oxuyub fәhm edәrlәr. Çox olmuş ki, hәr şәxs lәfzin mәnasını bilirkәn erabını qәlәt oxumuş, ya bir kimsәnә mәdid müddәt şәdid zәhmәt çәkib tәhsildә payeyi-tәkmildә olub, bir mәşhur kәlmәni ki, ona mәsmu olmamış, erab heysiyyәtindәn qәlәt oxuyub, әgәrçi mәnasını ibarәt münasibәti vә künhü fәrasәtü zәkavәti ilә müvafiq vә mütabiq deyibdir.

 

Ziyadәsi ilә tәәssüf mәqamı işbu әcibә mәtlәbdir; heyrәt әndәrheyrәt vә әcәb әndәrәcәbdir. Deyirlәr ki, köhnә xәttin tәğyiri vә tәzә erabın ehdası vә tәyini vә hürufat içindә dәrci vә tәzmini isyana vә xәtaya, küfrana vә bәlaya sәbәbdir, nә üçün ki, sәrasәr ömrünü fәnaya verib rәsmxәtti-alidә ustadi-mahir olmuş zәvati-giramın zәhәmatı hәdәr vә xәzaini-şahanәdә zәbt olunmuş xoşnәvislәrin nә abü tab ilә yazdığı kitablardan bilmәrrә sәlbi-nәzәr olur. Kәlamüllah başqa xәtt ilә tәhrir olunurmu? Quran xәttinә heç bir tәğyir verilirmi? Әcәba, keçmiş mәrhum xoşnәvislәrin xәtti sәnә vә mәnә vә bizim övladımıza nә fayda verir vә sәrasәr ömrün zәhmәti az müddәtә tәbdil ola nә zәrәr hasil olur? Rәsmi-tәhrir üçün bir qәrar qoyula ki, xәtt vazeh vә hürufat sün vә surәti-әsliyyәsindә yazıla, hüsn vә qübhünә hәddi-müәyyәn ola, nә eyib varid gәlir? "Bir azacıq yazıda tulü tәtil olur"--deyib irad olunsa, cavab bu olur ki, "belә artıq işkalın rәfi, şübhә vә tәrdidi-xәyalın dәfi vә  ömri-giranmayәnin zәhәmati-daimisinin bir neçә aya mübәddәl olmağı böyük nemәt vә qәnimәt deyilmi?" Eşitmişәm deyibdirlәr: "Filan xoşnәvisdәn tirmә kağız üzәrindә bir yazı gördüm. Çox әski zamanın xәtti. Lacivәrd vә şәncәrf ilә әtrafına cәdvәl çәkib, mәzәmmәt dәxi etmişdilәr. Gәrәk sәfәviyyә padşahlarının zamanının Şiraz yaxud İsfәhan ustadlarının işi olaydı. Hәr kim baxardı, heyran olardı. Qaç sәtri elә cәli idi ki, iki barmaq enindә olurdu, qaç sәtri elә xәfi idi ki, guya qıl idi vә göz dәrk elәmәzdi. Hәqiqәtdә sehr etmişdi. Cәlisi nәstәliq vә xәfisi şikәstә vә xәtt  kağızdan xeylicә  bәrcәstә idi. Deyәrsәn qalıbla çalıb, ya qurquşunla basılıbdır. Xәttin sәtri vә sәtrbәndliyi bir tәrh vә başqa qәrar vә elә ücubeyi-ruzigar idi, hәr kәs hәr qәdri baxdı, bir sәtrini tamam oxuya bilmәdi"--deyә mәdh edibdilәr. Dәxi eşitmişәm: "Filan adam bir xәtt ki, çocuqlar dәxi onu oxumağa qadirdir"--deyә qәdh edirlәr. Padşahlar xәzinәlәrindә olan kitablardan bizlәrә nә nәf aiddir. Әgәr mәqsudi-әcayib vә qәrayibә tamaşadır, alәm sәrasәr bәdayei-sәnayei-hәzrәti-tәaladır. Xoşnәvislәrin ömrü bu yolda tәlәf olub, çoxunun meyli elm tәhsilinә tәrәf olmayıbdır. Elәcә ziba vә müşkәfşan xәtt imlada sәrasәr   xәtavü xәbtdir vә o әnbәrbar qәlәmdәn çıxan ibarәt inşada cümlәsi qәlәt vә birәbtdir. Vә bәzi çox yazmaqdan qüvveyi-basirәdәn aciz vә ya bir mәrәzә düçar olublar. Qurani-mәcid әvvәlәn kufi xәtti ilә yazılıbdır, bәdha nәsx xәtti ilә. Bu zamanda nәstәliq vә şikәstә xәtti ilә yazılsa günahı nәdir? Mәktәblәrdә natәmiz әtfala verilir, nә biehtiramlıqlar zühura gәlir, heç bir günah sayılmaz. İslam millәtinin xәtt vә kitabәti vә yazı alәti o qәdәr dolaşıq vә çәtindir ki, tifl üçün onu öyrәnmәkdәn ağır bir şey bulunmaz.

 

Onun üçün gecә vә gündüz atanın etdiyi üqubәt vә şikәncә bir saat müәllim yanında әlifba demәkdәn nuşican vә güvaradır. Tifli-zәlili altı-yeddi il mәktәb yolu teyy etdikdәn sonra yenә aşinalıq olmadığı kitabı oxumaqdan bilmәrrә aciz vә biganәdir vә bir ayeyi-kitab vafi hәdayәdәn qәlәtsiz oxumağa qadir deyildir. Halbuki bu müddәtdә müqәddimati-ülumda bir tәriq ilә ki, mütәdavildir, dәrәceyi-kamala yetişmәk lazımdır. Çün xәlayiqin әksәri iki

ildәn sәkkiz il müddәtinә ömrünü Quran dәrsi oxumağa sәrf edib vә ömrünün axırına dәk çox zaman xassә mahi-mübarәki-ramazan Quran tәlavәt edәr, onlara Quran oxudub vә yaxşıca diqqәt edib bu mәtlәbin imtahanı vә bәdül-imtahan insafca tәhqiq vә tәsdiq imkanı hәr kәs üçün müyәssәrdir [Mәrhum Mirzә Kazım burada o mәtlәbi bәyan etmәk istәyir ki, Quran mütaliәsindә ömürlәr çürüdәn kәslәr yenә dә onu dürüst vә qәlәtsiz tәlavәt etmәkdә acizdirlәr vә buna da sәbәb hürufatımızın qüsurudur--F.K.], bәs gәrәk әvvәla tәbibi-haziq kimi kәmali-lütfü mәhәbbәt ilә hәr bir tiflә mәzacı tәrәfincә ki, nifrәt hasil olmaya, şәrbәti-hürufatı ki, hәr biri bir növ tәm vә xasiyyәt sahibidir, nuş etdirib vә tәkmilәn hürufatın әşkalü süvәr vә halәti-ittisalü infisalları vә sair qәvaidi-istemalı vә tәrtibü tәrkibi mәcunları ilә әzhani-әtfaldan rәfi-sәqmü ivacac[3] edib, qülubuna şövqü sәfavü hәvasına zövqü zәka artırıb vә bәdәt-tәkmil bir ya iki il dәrәcәbәdәrәcә türki vә farsi kitabları oxudub vә iki il dәxi әrәbi ülumunu tәlim etdikdәn sonra bir az tәvәccöhlә Quranı qәlәtsiz oxur. Әgәr erabsız dәxi yazılmış ola vә çoxunu öz fәrasәti qәdәrincә tәrcümә dәxi edә bilir. Çifayda, "vin qafele ta behәşr lәngәst"[4].

 

[3] Sәqm vә ivacac--mәrәz vә illәt vә әyrilik demәkdir. Sәqm--naxoşluq, ivacac--әyrilik.

[4] Fars atalar sözüdür. Hәrfi tәrcümәsi: Bu karvan qiyamәtә kimi lәngdir (yә'ni: Qozbeli qәbir düzәldәr).

 

Mirzә Kazım әlifbamızın dәgşirilmәk mәsәlәsini çox әhәmmü әlzәm mәsәlәlәrdәn birisi hesab edib mәrhum Mirzә Fәtәli Axundov kimi tәrәqqi yolunda geridә qalmağımızı әlifbamızın qüsurundan görürdü. Mәrhum tәzәmәslәk adamlardan olduğuna görә, mәişәtimizin hansı bir tәrәfi köhnәlib, çürüyüb, işә vә vecә yaramadığını gördükdә onu kәsib atmağı vә reformanın hәr işdә lazım olmağını әhibbaları mәslәkindә daim söylәrdi.

 

Mirzә Kazım vәfat edibdir hicrәtin 1310-cu[5] ilindә vәba naxoşluğundan ki, İrәvanda haman ilin yay fәslindә artıq şiddәt edib, çox adam tәlәf elәmişdi.

 

[5] 1892.