MӘHӘMMӘD "ŞӘMӘMDUZ"

 

 

 

 

Çarıqçı Mәhәmmәd ibn Sәlman "Şәmәmduz" tәxәllüs dәxi Nuxa şüәrası silkindәn olub, bәzi әşarü kәlamı ilә şöhrәt kәsb etmişdir. Mәhәmmәdin sәnәti çarıqçılıq olub, fәqir halında güzәran edәrmiş. Çarıqçı şairin, әlbәttә, o qәdәr tәvanası olmayıbdır ki, özünә lazımınca elmü savad qazansın, amma bir az oxumaq-yazmaq öyrәnib, yenә öz sәnәtinә mәşğul olubdur. Amma xudadadi istedadı vә tәbiәti-şeriyyәsi olduğuna binaәn, macalı olduqca bәzi ittifaqlara nisbәtәn şerü qәzәl söylәrmiş. Onun әsәrlәrindәn bir parası nümunә üçün burada zikr olunur:

 

 

QӘZӘL

 

Çün qәza tiri sәni etdikdә nişan, ağlama!

Bax, әlacın var isә, tut qarşı qalxan, ağlama!

 

Çәrxi-kәcrәftar özü sәn kimi bir mәxluqdur,

Sәn dә qıl öz dәrdinә hәr dәmdә dәrman, ağlama!

 

Aşiqi-sadiq olan hәr dәrdә qatlanmaq gәrәk,

Sәbr qıl, sәbr әhlinә yavәri-sübhan, ağlama!

 

Tab qıl, ol Qeys tәk Leyladәn ayrı düşmüsәn,

Olmadın Mәcnun kimi sәhrada üryan, ağlama!

 

Ey hәkima, ibrәt al hәr dәm baxıb pәrvanәdәn,

Aşiqin olmaq gәrәkdir bağrı suzan, ağlama!

 

Hәqqin "üsrәn yüsrәn"[1] hökmün hәr zaman sәn yad qıl

Pak "әlәm nәşrәh"dәdir[2] bu әmri-yәzdan, ağlama!

 

[1] Üsrәn yüsrәn [fәinnә məəl-üsri yüsrәn]--hәr çәtinliyin bir rahatlığı var. Quranda "İnşirah" surәsindәn ayә.

[2] ....әlәm nəşrəh ... -- ... mәgәr şәrh etmәmişik?... Quran ayәsindәn.

 

Aqilü huşyar olan etmәk gәrәk sirrin nihan,

Öldürür bu qәm sәni, bihudә pünhan ağlama!

 

Hәr görәn insanı dost sanma, cahanda aqil ol,

Nari-neyrandan bәtәrdir tәni-düşman, ağlama!

 

Sәn vüqar ilә qәmi-hicranı çәk, kamildәn ol,

Saxla sirrin, etmә şikvә, gәzmә hәr yan ağlama!

 

Yetmәdi mәqsudinә bir kәs riyazәt çәkmәmiş,

Sәbr edib zindanә Yusif oldu sultan, ağlama!

 

Sor müalic dәrdinә bir vaqifi-әsrardәn,

Umma nakәs kimsәlәrdәn fәzlü ehsan, ağlama!

 

Hәr nә müşkül dәrd olursa, bulunur dәrman ona,

Eşq dәrdinә müalic olmaz imkan, ağlama!

 

Görmәdim mәn bir rәfiqi etibarı var ola,

Qalmayıb alәmdә heç bir әhdü peyman, ağlama!

 

Ey Şәmәmduz, ol xuda müşkülgüşa olmuş bizә,

Necә müşkül karın olsa, eylәr asan, ağlama!

 

Şәmәmduzun bu qәzәlindәn bir neçә beytlәr vәznәn sәqil gәlmәyә görә buraxıldı. Bu kәlamda şairin bir beyti bizә ziyadә xoş gәldi. O da şairlәrimizin ümumi adәtinә müğayir olaraq çәrxi-kәcrәftardan nalә etmәyib, onunla müdafiә qılmağı tövsiyә etmәyidir. Necә ki, şair deyibdir:

 

Çәrxi-kәcrәftar özü sәn kimi bir mәxluqdur,

Sәn dә qıl öz dәrdinә hәr dәmdә dәrman, ağlama!

 

Bu mәzmunda şeri әvvәlinci dәfәdir ki, bizim şüәralardan biz eşidirik. Adәtәn onların çoxusu, bәlkә hamısı, "çәrxi-kәcrәftar"dan şikayәt edib, nalәvü fәryad edirlәr vә öz tәqsirlәrini, kәmcürәt olmaqlarını bilkülliyyәәrxi-kәcmәdar" kimi adı var, özü yox olan şeyin üstә hәvalә edib yüz dil ilә ondan şikayәt edirlәr.

 

Dostlarından "Nasir" tәxәllüs bir şairә yazıbdır:

 

Mәn sanırdım, Nasir, sәni dәrdmәnd,

Bu alәmdә hәr bir dili qanmısan!

Bir gül idin [sәn] ol şer bağında,

Mart ayında bir qar yağıb, yanmısan.

 

Aşiq gәrәk ah edәndә qan tökә,

Bir mәsәldir: nәr yükünü nәr çәkә,

Yazmış idim neçә kәlmә mәzhәkә,

Nә şairsәn, mәzhәkәdәn sönmüsәn?!

 

Sınan kimsә neçün girәr meydana,

Şair gәrәk hәr nöqtәdәn şey qana,

Piri-müğan gәrәk duraq divana,

Zәrafәti lәntәranә salmısan.

 

Onun üçün tәnә yazırsan mana,

Bundan sora sataşmaram mәn sana,

Tap, ver oxut dilbilәn yoldaşına,

Zәnnin itib sәn qәmә boyanmısan.

 

Hәr bәzmdә ariflikdәn dәm vuran,

Bais nәdir oldun belә bədgüman?!

Sitareyi-sübh ilә karvan qıran,

Fәrq etmәyib bixәbәr oyanmısan.

 

Çox iş gәlir eşq әhlinin başına,

Aşiq gәrәk sui-zәndәn daşına,

Çatdırmısan sinni әlli yaşına,

Zaye qılıb bihudә dolanmısan.

 

Şәmәmduzam, baxmaram hәr kәlama,

Şair gәrәk düzә nәzmi nizama,

Aşiqdә sәbr olur yetincә kama,

Rәfiq ikәn rәqibә inanmısan.

 

Şәmәmduz cavan ikәn--otuz iki sinnindә 1899-cu [il] iyul ayının 4-dә Nuxa şәhәrindә vәfat edibdir.