BAQQAL MӘŞӘDİ RӘHİM
Tәbrizdә olduğum vaxtlar
mәhәllәmizdә, "Usta-şәyird"
bazarında bir baqqal ilә üns tutmuşduq vә
hәtta axır vaxtlarda dost da olmuşduq. Mәn Bakıya
köçüb gәlәndәn il yarım sonra haman
Mәşәdi Rәhim gәldi çıxdı
"Molla Nәsrәddin" idarәsinә. Mәlum oldu
ki, Mәşәdi Rәhim Tәbrizdәki baqqal
dükanını yığışdırıb, gәlib
Bakıda dәrya kәnarı tәrәfindә
genә baqqal dükanı açıb.
Bir neçә vaxt keçdi, daha
Mәşәdi Rәhim yadımdan çıxdı.
Bir gün bulvarın qabağı ilә
keçirdim, gördüm bir sәliqәli baqqal dükanında
dostum Mәşәdi Rәhim әylәşib
alış-veriş elәyir. Girdim içәri.
Mәşәdi Rәhim durdu ayağa, gәldi mәni
qucaqladı, altıma kürsü qoydu. Az qalırdı ki,
kişi mәhәbbәtin çoxluğundan uşaq kimi
ağlasın. Mәni boşlayıb, Mәşәdi
Rәhim cәld qaçdı dükanın mәtaından
әvvәl bir neçә alana gәtirdi, ovcunda tutdu
qabağıma. Mәn istәdim almayam; amma "mәn
ölüm"lә Mәşәdi Rәhim bu
alanaların üçünü mәnә yedirtdi. Sonra
getdi, ovucları tutduqca bir neçә ağ alma gәtirdi
qoydu qabağıma vә dedi:
"Bax,
bu almalar anton almasıdı. Qoy bundan bir qәdәr göndәrim, ver uşaqlar yesin." Bu sözlәri deyә-deyә Mәşәdi Rәhim bir yekә kağız torbasına bu almadan
doldurub qoydu tәrәziyә. Almadan sonra Mәşәdi Rәhim dükana göz gәzdirib, getdi ovcunda iki xurma gәtirdi, tutdu qabağıma:
"Bax,
bu xurma Bağdad xurmasıdı. Plovun qarasına qoydur, ye, elә bil ki, mәcundu." -- Vә әlinә bir kağız torbası alıb,
istәdi
içinә
xurma doldura.
Söz
yox, bunu lazımdı nәzәrә almaq ki, mәn buraya alış-verişә gәlmәmişdim vә hәr halda bu şeylәri almağa nә meylim vardı, nә dә cibimdә ona görә pulum vardı. Vә o biri tәrәfdәn dә Mәşәdi Rәhim o şivә ilә ki, başlamışdı, deyәsәn dükanın hamısını elә bu saat tәrәziyә qoyub, mәnә satmaq xәyalında idi. -- Dedim:
"Mәşәdi Rәhim, sәn elә elәmә vә bu nahaq zәhmәti dә çәkmә. Bu şeylәrin heç birisi mәnә lazım deyil vә plovun qarasına xurma
qoymağı mәn çoxdan yadırğamışam. Vә bu şeylәri dә ki, sәn çәkib düzürsәn bura, bunların pulunu vermәyә heç mәnim cibimdә tavana da yoxdur."
Mәşәdi Rәhim dik baxdı üzümә; amma elә baxdı ki, bilmәdim mәnim sözlәrim onun xoşuna gәldi, ya acığına gәldi. Bir az da baxandan sonra dedi:
"Molla
dayı, sәn o
sözlәri mәnә demә; çünki o sözlәr mәnә toxunur. Allah şahiddi ki, biz sәnnәn neçә ildi ki, bir evli kimiyik. Mәn heç sәnnәn pul istәmirәm. Bax, qoy mәn bu şeylәrdәn sәnә bir qәdәr verim, apar qoy evindә qalsın. Nә eybi var, bugun lazım olmaz
sabah lazım olar. Evdi, evin qonaq-qarası olar. Belә şeylәr hәmişә әlә düşmәz. Bax, bir-iki girvәnkә bu püstәdәn qoyum; tәzә Mazandarandan gәlib. Çox da ucuzdu. Bu il püstәnin ilidir. Üç-dörd
girvәnkә bu pendirdәn qoyum: Gәncә pendiridi, çox da yemәlidi, yekcә yağdı. Bu
şabalıtdan on girvәnkә
çәkim,
nuxalı rәfiqim
Mәşәdi Sadıq tәzәcә gәtirib. Bax, bu sәdri düyüsündәn istәrsәn bir put, istәrsәn yarım put apar; Rәştdәn öz әxәvim Mәşәdi Kәrim seçib göndәrib. Amma evdә gәrәk tapşırasan ki, pişirәndәn bir gün qabaq suya qoysunlar. Amma
zalım oğlunun düyüsü nә qәdәr desәn gәlimlidir."
Mәşәdi Rәhim bu sözlәri dedikcә bir kağız torbaya anton alması
qoyub çәkdi,
bir kağız torbaya xurma qoydu çәkdi, bir qәdәr püstә qoydu, pendir qoydu, şahbalıt qoydu,
iki yekә torba
düyü qoydu çәkdi vә genә istәyirdi әlini uzatsın kağız
torbasına tәrәf, mәn dedim:
"Mәşәdi Rәhim, sәn zarafat elәyirsәn, ya doğrudan bu çәkdiyin şeylәri mәndәn ötrü hazırlayırsan?"
Dostum genә üzümә dik baxdı vә dedi:
"Bax,
Molla dayı, and verirәm sәni
mabeynimizdә olan
sәdaqәtә, әgәr evinizdә qәnd var, xub, olsun; әgәr yoxdursa, beş-on girvәnkә yarmarka qәndi apar. İki paçka qoyum; hәr biri beş girvәnkәlikdi, ikisi on girvәnkәdi...."
Cәmi bu şeylәri Mәşәdi Rәhim yığdı sәbәtә, küçәdәn bir hambal çağırdı,
cibindәn iki
şahı pul çıxartdı verdi hambala vә dedi:
"Әlihüseyn, bu şeylәri apar Molla dayının mәnzilinә. Şeylәri boşalt, sәbәti gәtir dükana."
Mәn mәәttәl qaldım vә Mәşәdi Rәhimә dedim:
"Mәşәdi Rәhim, sәn niyә belә elәdin vә mәn heç başa düşә bilmirәm ki, bu nә işdir."
Ola bilәrdi ki, bu şeylәri dükanda qoyub
çıxıb gedә idim; amma bunu elәmәdim. Bircә sәbәbә: Mәşәdi Rәhim çox yalvardı; o qәdәr yalvardı ki, kişiyә yazığım gәldi.
Hambal sәbәti dalına atıb baxırdı
üzümә
ki, düşüm qabağa; amma mәn dә istәdim ki, mәnsiz getsin. Burada da mәlum oldu ki, zalım oğlu
bizim evi tanımır. Әlacım kәsildi.
Evә yavıqlaşanda
qonşuluğumuzda bir tanış rus arvadı dalımca
hambalı bu şeylәrlә
yüklәnmiş
görәndә gülә-gülә "zdrastı" deyib
keçdi. Bunun gümanı iki yerә gedә bilәrdi: ya xәyalına gәlә bilәrdi ki, ev adamımızın birinin ad
günüdü, ya da anadan olan günüdür; ya güman
elәyә bilәrdi ki, mәnim güzәranım çox yaxşı
keçir. Halbuki bu iki gümanın ikisi dә batil idi.
Evә lap yavıqlaşdıq. Hambal
da dillәndi vә dedi:
"Molla
әmi,
maşallah, qәribә yemәli mal almısan. Yәqin ki, bugun qonaqlıq elәyirsәn?"
Mәn burada hambaldan çox
utandım vә
utanmağımın da sәbәbi bu
idi ki, mәn,
köhnә bir
türk yazıçısı, bu halәtdә vә bu dәqiqә bir evdar qarınqulu mәşәdiyә oxşayırdım.
Sonralar Mәşәdi Rәhimә bir
dәfә bir qәdәr pul göndәrdim. Qalan borcunu da bu yavıqda
üzdüm.