İBRAHİM BƏYİN SƏYAHƏTNAMƏSİ

 

 

 

 

BİRİNCİ CİLD                                                                                                                                                                                                                  

 

İLK SÖZ

 

İşıq zehinli bilik sahiblәrinә (mәnim sözüm dә onlaradır) mәlumdur ki, bu gün yer üzündә millәtlәrin tәrәqqisi, mәdәniyyәti, sәadәti vә xoşbәxtliyinin ilk sәbәblәrindәn biri mәtbuatdır. Bәli, mәtbuat sahiblәri qәrәzsiz olub, әyri yolla mәnfәәt әldә etmәkdәn çәkinsәlәr, özlәrini mәsxәrәbazlıq vә yaltaqlıqla   lәkәlәmәyәrәk mәnliklәrini qorusalar, vәtәn mәhәbbәtini vә hәmvәtәnlәrinә sevgini öz şüarlarına çevirsәlәr, dövlәtә xidmәti qarşılarına mәqsәd qoyub, fikirlәrini hәmişә ölkәnin vә millәtin hәqiqi tәrәqqisi vә inkişafı yollarını    axtarıb tapmağa yönәltsәlәr, özlәrinin heç bir mehriban dostunu yersiz tәriflәmәsәlәr, heç bir düşmәninә dә qәrәz üzündәn iftira söylәmәsәlәr, insanlıq şivәsinә zidd sayılan böhtanı böyük günah hesab etsәlәr, әlbәttә, onların sözlәri böyükdәn tutmuş kiçiyә qәdәr hәr bir hәmvәtәnә tәsir  göstәrib,    işlәrimizdәki nöqsanların aradan qaldırılmasına sәbәb olacaqdır. Xüsusilә tarixçilәr vә sәyahәtnamә yazanlar öz gözlәri ilә gördüklәri vә ya inanılmış  adamlardan eşitdiklәrindәn başqa bir söz yazmamalı vә bu mәsәlәlәrә hәr şeydәn çox fikir verib diqqәt yetirmәlidirlәr.

 

Bu gün hamıya aydındır ki, Qәrb millәtlәrinin tәrәqqisinin әsas sәbәbi o xoşbәxt ölkәlәrin mәtbuatının bәrәkәtindәndir. Onlar vәtәnlәrindәki bütün nöqsanları, millәtin hәr hansı sinfinә vә mәmlәkәtin hәr hansı bir sahәsinә aid olmasından asılı olmayaraq, gördüklәri kimi yazırlar. Әgәr eşitmiş olsalar, doğruluğunu yoxlayıb tam arxayınlıq әldә etdikdәn sonra eşitdiklәrini heç bir şәxsi mülahizә vә qәrәzә yol vermәdәn mәtbuat sәhifәlәrindә әfkari-ümumin qarşısına çıxarıb, sәlahiyyәtli dairәlәri bu nöqsanları aradan qaldırmağa çağırırlar. Mәsul mәqamlar da mәtbuatın xәbәrdarlığını eşidәn kimi bircә dәqiqәni belә fövtә vermәdәn әvvәlcә o mәtlәbin doğruluğunu yoxlayır, sonra nöqsanı islah etmәk vasitәlәrini tәşkil etmәklә bәrabәr onu yazıb göstәrәnә tәşәkkürünü bildirir, әgәr bir yanlışlıq baş vermiş olsa, bunu xoş dillә qeyd edәrәk mәtbuatın sәhvini düzәltmәyә çalışırlar. Belәliklә demәk olar ki, o ölkәlәrin xoşbәxt әhalisinin hәm danışan dili, hәm görәn gözü, hәm dә eşidәn qulağı var. Tәәssüflәr olsun ki, bәdbәxtlik üzündәn biz bu nemәtlərin üçündәn dә mәhrumuq.

 

Bu müqәddimәni söylәmәkdәn mәqsәdimiz odur ki, hәr cür qәrәz vә mübaliğә lәkәsindәn tәmiz olan vә әziz vәtәnimizin bir sıra nöqsanlarından danışan bu sәyahәtnamәnin üzü bir yerdәn bizim әlimizә düşdü. Vәtәnpәrvәrlik alәmindә rәva görmәdik ki, bu xәzinә torpaq altında qalsın. Buna görә dә mәhz vәtәn mәhәbbәtini vә hәmvәtәnlәri nәzәrә alaraq bu әsәrin çap olunması vә nәşrinin xәrcini öz üzәrimizә götürdük. Bunu da yәqin bilirik ki, bilikli vә insaflı hәmvәtәnlәrimizdәn heç birisi onun bir kәlmәsinin belә üstünә barmaq qoyub etiraz etmәyәcәkdir. Çünki qeyrәtli sәyyahımızın görüb, öz sәyahәtnamәsindә qeyd etdiklәrinә hәr kәs azca diqqәt yetirәrsә, vәtәnimizin o yerlәrindә bu hadisәlәrin hәr gün vә hәr saat artıq-әskiksiz şahidi ola bilәr.

 

Demәli, burada heç bir qәrәz-mәrәz ola bilmәz. Bu, yalnız onun üçündür ki, hәrgah vәtәnimizin başçıları bu sәyahәtnamәdә yazılanlara insaf gözü ilә baxıb, әcnәbilәrin nәzәrindә dövlәt vә millәtin başıaşağılığına, xarlığına vә xәcalәtinә sәbәb olan bu nöqsanları aradan qaldırmaq üçün mәrdliklә ayağa qalxsınlar. Bәlkә belәliklә axıb getmiş olan su bir daha arxa qayıda, İran abad ola, iranlılar keçmişdә olduğu kimi, öz tay-tuşları arasında başıuca olalar. Belә etsәlәr onlar öz adlarını da әbәdilәşdirmiş olarlar. Çünki bu kimi fәdakarlıqdan sonra millәtin tarixi onların adını heç vaxt unutmaz.

 

Әbәdi yaşayar yaxşı adamlar,

Ölsә dә şöhrәti dillәrdә qalar.

 

Hörmәtli oxuculardan tәkidlә xahiş edirik ki, bu "Sәyahәtnamә"ni sonadәk  oxumayınca müәllifi lәnәt vә nifrәtlә yad etmәsinlәr. Әsәri oxuyub başa vurduqdan sonra onun rәhmәt vә ya lәnәtә layiq görülәcәyini oxucuların öz insafına tapşırırıq. Allah-taaladan ricamız ancaq budur ki, bütün hәmvәtәnlәrimizin vә dindarlarımızın vicdanını vәtәn sevgisi duyğuları ilә süslәsin.

 

Әlqәrәz, bu kimi mәtlәblәri demәk vә yazmaq borcumuzdur.

 

 

 

 

İBRAHİM BӘYİN SӘYAHӘTNAMӘSİ

 

 

İbrahim bәyin sәyahәtnamәsini qәlәmә almadan әvvәl onun tәrcümeyi-halı haqqında müxtәsәr dә olsa mәlumat vermәk lazımdır ki, oxucular onun sәyahәti sәbәblәri ilә layiqincә tanış olsunlar.

 

İbrahim bәy Azәrbaycanın böyük tacirlәrindәn birinin oğludur. Atası әlli il bundan әvvәl ticarәt mәqsәdi ilә Misirә gedib, ticarәtindә baş verәn rövnәqә görә, bir çox müsәlman ölkәlәrinin qibtәsinә sәbәb olan bu böyük şәhәri özünә mәskәn seçәrәk, orada qalır.

 

Hәmin möhtәrәm tacir yaxşı ad qazanmağın, ticarәt tәrәqqisinin ilk şәrti olan әminliyinә vә dәyanәtinә görә az bir müddәt içәrisindә çoxlu sәrvәt toplayıb, xoşniyyәtliliyi vә millәtә xeyirxah olduğuna görә hamının hörmәtini qazanır.

 

Bu sәdaqәtli vә tәmiz vicdanlı tacir Misirdә sakin olduğu uzun illәr boyu öz gözәl milli adәt-әnәnәlәrini zәrrәcә dә olsun dәyişmәmiş, yemәk-içmәkdә, geyimindә, adamlarla rәftarında, bir sözlә, mәişәtindә öz babalarının yolu ilә getmişdir. Daim vәtәn tәranәsini zümzümә edәrdi. Hәr kәsi görsәydi, vәtәninin vә hәmvәtәnlәrinin әhvalını soruşardı. Özü Misirdә olsa da, ürәyi hәmişә İranda idi. Qış gecәlәrindә tanınmış hәmvәtәnlәrindәn bir neçәsini qonaq çağırardı. Qonaqlıq mәclislәrindә isә onların mәşğәlәsi İranın tarix kitablarını vә keçmiş şahların әhvalatını oxumaqdan ibarәt olardı. Uzun illәrdәn bәri onun oğlunun tәrbiyәçisi vә müәllimi olan Mirzә Yusif adlı bir şәxs "Nasixüt-tәvarix" kitabından Keyxosrov, Cәmşid, Bәhmәn, Şapur, Әnuşirәvan vә bunlar kimi böyük padşahların dastanlarını oxuyar, o isә qulaq asdıqca fәrәhlәnәr, ürәyi qürur hissi ilә dolardı.

 

Onun "Tarixi-Nadiri"ni oxumağa qәribә bir meyli vә hәvәsi var idi. Hәmin kitabı o qәdәr oxumuşdu ki, әvvәldәn axıradәk әzbәrlәmişdi.

 

Bu vәtәnpәrvәr vә qeyrәtli şәxs vәfat edәndәn sonra onun İbrahim adlı bir oğlu qaldı. Hәmin sәyahәtnamә dә onun adınadır. Mәn atanın vәfatından sonra onun oğlu ilә dә tanış olmuşdum. Günlәrin bir günündә Misirә güzarım düşdü. Köhnә dostluq münasibәtlәrinә görә birbaşa İbrahim bәyin evinә gedib, orada qaldım. Bir gün onun kitabxanasına baxırdım. Müxtәlif xәtlәrdә vә çaplarda olan altı-yeddi cild "Tarixi-Nadiri" gördüm. Çox tәәccüblәndim. Öz-özümә düşündüm: "Bir kitabxanada eyni kitabdan Tehran, Tәbriz, Bombey vә başqa yerlәrdә çap olunmuş müxtәlif nüsxәlәrin toplanmasının nә mәnası var?" Nәhayәt, bunun sәbәbini İbrahim bәyin özündәn soruşmaq qәrarına gәldim vә dedim:

 

“Bu qәdәr "Tarixi-Nadiri"ni nә üçün buraya toplamısınız?”

 

O dedi:

 

“Atamdan yadigardır. O rәhmәtlik bu kitabı hәdsiz dәrәcәdә sevirdi. Bunu hamı bilirdi. Ona görә dә hәmin kitabdan harada әlyazması vә ya yaxşı çap olunmuş nüsxә tapsaydılar, mәrhum atamın yanına gәtirәr vә yaxşı qiymətә satardılar. Hәlә atam bu kitabın bir neçә cildini vәqf etdiyi üçün vәfatından sonra gәlib apardılar.”

 

Xülasә, onun iranlılıq tәәssübü o dәrәcәdә idi ki, qәlәm onu şәrh etmәkdә acizdir. Misal üçün, әgәr bir nәfәr bilә-bilә vә ya bilmәdәn onun yanında İranı pislәsәydi, İbrahim bәy onu dinsiz vә qeyrәtsiz adlandırıb, ömrünün axırınadәk onunla danışmazdı. Misirdә bir neçә nәfәr dә İranın mötәbәr taciri vardı. Hәr birinin sәrvәti әlli min tümәnә çatardı. Hamısının dövlәti aşıb-daşırdı. Ancaq İranın dövlәt mәmurlarının özbaşınalığı, zülm vә tәcavüzündәn cana gәlib, tәbәәliyini tәrk etmiş, hәr birisi özünü İngiltәrә, Fransa, Rusiya vә bu kimi böyük dövlәtlәrdәn birinә bağlamışdır ki, mәmurların şәrindәn asudә olsun. Bu tacirlәr hәmin qeyrәtli şәxsә dә xeyirxahlıq üzündәn dәfәlәrlә nәsihәt edib deyirdilәr ki, sәn dә İran tәbәәliyini tәrk etmәsәn öz vәrәsәlәrinә vә övladına açıq zülm vә xәyanәt etmiş olarsan. Çünki Osmanlı ölkәsindә vә Qafqazda olan İran sәfirlәri vә mәmurları özlәrini ölmüş iranlıların hәqiqi varisi vә hamisi, dirilәrinin isә qәyyumu hesab edirdilәr. Bunun üçün dә sәn ölәndәn sonra irsindәn övladlarına bir şey vermәyәcәklәr. Mәgәr hәr gün buna oxşar hadisәlәri görmür vә ya eşitmirsәn? Ancaq bu qeyrәtli şәxs onların nәsihәtinә qulaq asmır, hәtta sözlәrini belә eşitmәk istәmirdi. Konsullar neçә dәfә bәhanә tapıb onu hәbs vә cәrimә etdirmişdilәrsә dә, o yenә dә tәmkinini pozmayıb, tәbәәliyini dәyişdirmәyi qeyrәtinә sığışdırmamışdı. Öz zülmü vә alçaq bidәtlәri ilә indi dә İstambulda vә sair Osmanlı vilayәtlәrindә iranlıların var-yoxuna od vuran vә hamının nifrәtini vә lәnәtini qazanan Hacı Mirzә Nәcәfәli xan bu xoşxasiyyәtli insanın vәfatından sonra, onun mötәbәr şәri vәsiyyәtnamә qoyub getmәsinә baxmayaraq, vәrәsәsindәn min ingilis lirәsi almayınca onların yaxasından әl çәkmәdi. Әgәr vәsiyyәtnamәdә kiçik bir barmaq yeri tapsaydı, onda allaha pәnah, bütün var-dövlәti içәri salmayanadәk yaxalarından әl çәkәn deyildi.

 

Sözün qısası, İbrahim tәzәcә iyirmi yaşına qәdәm qoymuşdu ki, atası vәfat etdi. Son nәfәsindә atası öz oğlunu yanına çağırdı. Belә bir ataya layiq olan tәrzdә vәsiyyәtini elәyib dedi:

 

"Mәnim gözümün işığı! Mәn atalıq vәzifәsini sәnin haqqında yerinә yetirdim, ana dili vә milli dilindәn әlavә, sәnin kimilәrin dadına çatan vә kişi üçün bir hünәr sayılan xarici dillәrdәn vә fәnlәrdәn dә sәnә öyrәtdim. Sәn bunların hamısını öz fәrasәtinlә, fitri zәkanla gözәlcә qavradın. Allaha şükür, sәnin pak әxlaqına, abrına vә dәyanәtinә söz ola bilmәz. Bu cәhәtdәn mәn sәndәn razıyam. Lakin indi mәnim hәyatımın şamı sönәrkәn sәnә bir neçә vәsiyyәtim var. Yaxşı qulaq as, hәr iki dünyada xoşbәxt olmaq üçün onları yadından çıxarma!

 

Birincisi budur ki, ananı sәnә tapşırıram. Sәn özün bundan sonra bilәcәksәn ki, o vә mәn sәnin boya-başa çatmağın vә tәrbiyәn üçün nә kimi zәhmәtlәrә qatlaşmışıq.

 

İkincisi, sәnin mürәbbin vәәllimin olan Mirzә Yusif әmidәn muğayat ol; ona görә ki, ata-anadan sonra müәllimin hörmәti hәr bir kәsin borcudur. Әlәlxüsus ki, Yusif әminin hörmәti. O, sәdaqәtli, dәyanәtli, vәfalı bir adamdır; ömrünün әvvәlindәn bizimlә bir yerdә olub. İndi onu ailәmizin bir üzvü hesab etmәk lazımdır.

 

Üçüncüsü, heç vaxt gözәl milli adәt-әnәnәni tәrk elәmә. Bәzi biqeyrәt nanәciblәr İranı pislәyirlәr, sәn onlara uyma; yalan deyirlәr. Hәtta, misal üçün, onların sözlәri düz olsa da, sәn onlara qoşulma, vәtәni pislәmәkdә onlarla hәmavaz olma.

 

Dördüncüsü, öz sirrini hәr bir adamdan gizli saxla. Yalnız sınaqdan çıxmış tәmiz vicdanlı dostuna ürәyini aç. Ancaq, heyhat, belә dost az tapılar; o, kimya hökmündәndir.

 

Beşincisi, yaltaq adamlardan bacardıqca kәnar gәz. Sәni üzdә tәriflәyәndәn mümkün qәdәr uzaqlaş. O, sәni tәriflәmәklә öz istәdiyini әlә keçirmәkdәn әlavә, sәni insan üçün әn pis sifәt sayılan lovğalığa vә xudbinliyә düçar edәr. Bu isә hәr bir dәrddәn betәrdir.

 

Altıncısı, az qonaq get, qoy sәnin yanına çox qonaq gәlsinlәr. Yәni qonaq getmәyә yox, qonaq çağırmağa daha artıq rәğbәtin olsun. Әliaçıqlıqda ifrata varma. Nә o qәdәr bağışla ki, mәşhurlaşasan, nә dә o qәdәr sıx ki, ad çıxarasan. Yәni әgәr mәşhursansa, hәr tәrәfdәn dilәnçilәr sәnin üstünә tökülәcәklәr; xәsislik göstәrsәn -- sәninlә düşmәn olarlar. Bu, әlbәttә, ehtiyacı olan yoxsullar haqqında deyil, yaltaq borc istәyәnlәr xüsusundadır.

 

Adamların sәnә dediyi sözә inanmadıqda onlarla mübahisәyә vә münaqişәyә girişmә, sakit әylәş, heç bir söz demә.

 

Sәnә bәrk-bәrk tapşırıram ki, altı-yeddi ilәdәk ticarәtlә mәşğul olma. Allaha şükür, dolanmaq üçün hәr cür imkanın var. Otuz yaşına çatanadәk otur ye. Bu müddәt әrzindә dünyanın harasına könlün istәyirsә, sәyahәtә çıx. Bu sәyahәt üçün min lirә ayrıca sәnin adına yazmışam, onun başqa vәrәsәlәrә heç bir dәxli yoxdur. Lakin sәyahәtini yalnız şәhәrlәrin abadlığı vә ya xarabalığını seyr etmәyә hәsr etmә. Hәr yerdә bir neçә gün qal. O yerin bütün sakinlәrinin mәәt tәrzi vә yaşayışını diqqәtlә öyrәn, o ölkәnin illik ticarәt statistikasını dәrindәn mütaliә elә, bununla sәn başqa xarici ölkәlәrdәn oraya hansı malların vә mәhsulların idxal edildiyini öyrәnәrsәn, hәm dә bilәrsәn ki, ildәәyyәn şeydәn orada nә qәdәr satıla bilәr. Bununla birlikdә o ölkәdәn hәr il hansı maldan nә miqdarda ixrac edildiyini dә bilmәlisәn. Çatdığın hәr bir şәhәrdә özün üçün oranın mötәbәr adamlarından bir neçә nәfәr dost tap, onlarla mәktublaş.

 

Bu sәyahәtindә, Yusif әmi diri olarsa, onu da özünlә apar, qoy ağır vaxtlarında sәnin qayğına qalan bir adam olsun.

 

Sәn bu şәhәrdә mәnim dostlarımı tanıyırsan, onların hörmәtini mәndәn daha artıq saxla. Mәnimlә dost olmayanlardan uzaq gәz; çünki mәn dost seçmәkdә çoxlu әziyyәtlәrә qatlaşmışam. Adamları tanımaq, onları sınamaq çox zәhmәt tәlәb edir. Bu iş üçün bacarıq vә hünәr lazımdır.

 

Sәyahәt zamanı hansı şәhәrә çatdın, oraya daxil olduğun vә çıxdığın günün tarixini vә bütün müşahidәlәrini qeyd dәftәrindә yaz, bir gün çatar ki, sәnin karına gәlәr.

 

Qalan şәri vәsiyyәtlәrimi bircә-bircә vәsiyyәtnamәdә yazmışam...."

 

Atasının vәfatından sonra, gözәl әxlaqı, doğru-düzgünlüyü, xeyirxahlığı vә tәmiz dolanmasına görә İbrahim bәyi dost-düşmәn barmaqla nişan verirdi. Bütün işlәri ölçülüb-biçilmiş, adamlarla rәftarı olduqca mülayim vә gözәl idi. Milli tәәssübdә dә İbrahim bәy atasını ötüb keçdi. Belә ki, bir para zarafatçı hәmvәtәnlәri onu pәrt etmәk istәyәndә İranın bәzi eyblәrindәn onun yanında danışmağa başlardılar. Mәsәlәn, deyәrdilәr: İranda nizam-intizam, qanun yoxdur, әsgәrlәr ayaqyalındır, dövlәt müәyyәn mәblәğ rüşvәt alıb vilayәtlәri hakimlәrә satır; hakim, bәylәrbәyi, kәtxuda, darğa, fәrraşbaşı -- hәrәsi bir badalaq qurub, günahsız adamlara işgәncә verir, hәbs vә cәrimә edirlәr. Bir şәhәrdә on beş yerdә kündәzәncirli hәbsxana var. Bir şәhәrdә on-on iki bәst yeri var. Ülәmanın evlәri, hakim vә ya filan sәrtibin sәrtövlәsi müqәssirlәrin bәsti hesab olunur. Şәhәrlәr çirklidir, mәscidlәr rövnәqsizdir. Onlar ilin on bir ayı bağlı qalır. Payızda bir para anlaqsız adamlar mәscidlәri qovun-qarpız anbarı elәyirlәr. Hamamların vәziyyәti bәrbaddır, xәznәlәrdә su qoxuyur, hәr cür yoluxucu xәstәliyә tutulmuş adamlar bu xәznәlәrdә çimir, minlәrlә insanı xәstәlәndirirlәr. Xәznәnin murdar suyunu o qәdәr dәyişdirmirlәr ki, onun rәngi bataqlıqda qalan suyun rәnginә oxşayır. Ruhanilәr bir-biri ilә düşmәnlik edib rәqabәt aparırlar. Onların hәr biri seyid adı ilә on-on beş nәfәr lotu saxlayır, lazım olan vaxtlarda onların vasitәsilә әhalini hakimlәrin evlәrini talamağa vә qarәt etmәyә yönәldirlәr. Özlәri isә suyu bulandırdıqdan sonra mәqsәdlәrinә nail olurlar.

 

Bәzәn dә bu zarafatçı adamlar hakimlәrin qәddarlığından, әhalini istәdiklәri zülmә, işgәncәyә vә talana mәruz qoymalarından, onların hәdsiz-hüdudsuz zülmündәn xalqın baş götürüb cәlayi-vәtәn etmәsindәn söhbәt açır, özü dә bütün bu ürәyәdәyәn sözlәri İbrahim bәyә eşitdirirdilәr. Biçarә İbrahim bәy bu sözlәri eşitdikcә hirslәnir, onların bәzisini dinsiz, bir parasını qeyrәtsiz adlandırırdı. Elә vaxtlar da olurdu ki, iş yaman-yovuzdan yumruğa, çomaq davasına, hәtta bir-birinin saqqalını yolmağa vә әlbәyaxa olmağa da çәkirdi. Dostları İbrahim bәyin xasiyyәtinә bәlәd olduqları üçün onun söyüşlәrinә, ağır sözlәrinә dözürdülәr.

 

Bәzәn dә әksinә olurdu, İbrahim bәyin dostları onu sevindirmәk istәyirdilәr. Çayxanada oturub, yolunu gözlәyirdilәr. İbrahim bәyi uzaqdan görәn kimi İranın әzәmәtindәn, şövkәtindәn söhbәt açırdılar. Yazıq İbrahim bәy ürәyinә yatan sözlәri eşidib, könül xoşluğu ilә әylәşir, vәcdlә onlara qulaq asırdı. Onun sevincinin birinci әlamәti bu idi ki, papiros qutusunu cibindәn çıxarıb mizin üstünә qoyar, bütün çayxanada oturanlara müraciәt edib deyәrdi: "Bismillah, buyurun papiros çәkin!"

 

İrandan söhbәt açanlar da şahın әmrlәrindәn danışar -- hәr bir şәhәrdә bir neçә rüşdiyyә mәktәblәrinin açılması haqqında şahın qәti әmr vermәsini, vilayәt hakimlәrinә xalqla әdalәtlә rәftar etmәlәri xüsusunda ciddi tapşırıq vermәsini vә bunun üçün nazirlәr Darüşşurasında "hakimlәrin iş üsulu" adlı bir kitabça tәnzim olunub göndәrilmәsini söylәyirdilәr. Bir başqası deyirdi ki, Zilli-Sultan yüz min atlı vә piyada qoşunu bütün yeni silah, hәrbi lәvazimat vә sursatla hazır vәziyyәtdә saxlayıbdır.

 

Bu kimi söhbәtlәri eşitdikdә yazıq İbrahim bәy elә sevinirdi ki, bilmirdi nә elәsin. Hey çayçıya deyirdi ki: "Ağalara çay, qәlyan ver!" Özü isә yanında oturanlara tez-tez papiros tәklif edirdi. Söhbәt getdikcә qızışırdı. Bir başqası deyirdi: "Mәn arxayın bilirәm ki, şahın bircә işarәsi vә hökmü ilә iki hәftә әrzindә Şahsevәn vә Talış ellәrindәn әlli min atlı qoşun hәrbә hazır vәziyyәtdә toplanar, hamısı da bütün xәrclәri öz öhdәsinә götürәr". O birisi deyirdi: "Hәlә sәnin Bәxtiyari atlılarından xәbәrin yoxdur. Onlar iki hәftә әrzindә yüz min atlı qoşun hәrbә tam hazır vәziyyәtdә çıxara bilәrlәr". Üçüncüsü onun sözünü yarımçıq qoyub, Marağa vә Әfşar qoşunlarının rәşadәtindәn vә qәhrәmanlığından söz açırdı. Bu kimi mәclislәrin söhbәti sona çatdıqda İbrahim bәy könül açıqlığı vә mәmnuniyyәtlә bütün çayxanada oturanların çay, qәlyan pulunu verәr, hәtta bәzi vaxt onları nahara vә faytonla gәzmәyә dә qonaq edәrdi.

 

Bu haqda Misirdә sakin olan Hacı Kәrim adlı bir isfahanlı qәribә bir әhvalat nәql edirdi. Hacı deyirdi ki: "Bir vaxt Misirdә vәziyyәtim lap ağırlaşmışdı, taleyim әsla üzümә gülmürdü. Bütün dost-aşnadan borc almışdım, daha bir adama gümanım getmirdi ki, hәtta bircә şahı ilә әlimdәn tutsun. Әlim hәr yerdәn üzülüb, gecәnin yavan çörәyinә möhtac qalmışdım. Hamıdan betәri bu idi ki, altı ay idi mәnzil kirәsini vermәmişdim. Evin sahibi olan әrәb mәnim boş vәdlәrimdәn, bu gün-sabaha salmağımdan tәngә gәlib mәhkәmәyә şikayәt elәmişdi. Mәhkәmә onun әlinә hökm vermişdi ki, mәnzil kirәsinә on iki lirә alandan sonra mәni evdәn qovsun. Min xahiş-iltimasla ondan on gün möhlәt almışdım. Öz-özümә deyirdim: "Xudaya, nә elәyim?" Elә bil mәnim ürәyimә damdı ki, bu işin çarәsi İbrahim bәydәdir. Oturub düşündüm, ölçüb-biçdim, bu müşkül üçün tәdbir aradım, bir mәktub yazıb hazırladım. Guya mәnim qohumlarımdan biri bu mәktubu Tehrandan göndәrmişdir. Sonra isfahanlı tacir Hacı Mirzә Rәfinin yanına gedib, ondan İran poçtu markası olan köhnә bir zәrf aldım. Yazdığım mәktubu zәrfin içinә qoyub İbrahim bәyin yolu üstündә dayandım. Bilirdim ki, o, hәr gün bu yolla get-gәl edir. Uzaqdan İbrahim bәyi görәn kimi mәktubu cibimdәn çıxarıb oxumağa başladım. Özümü görmәmәzliyә vurmuşdum. İbrahim bәy yanıma çatan kimi başımı qaldırıb salam verdim. O, ucadan "әleykәssәlam" deyib, soruşdu:

 

“Hacı Kәrim ağa, haradan tәşrif gәtirirsiniz?”

 

“Poçtdan gәlirәm, -- dedim. Tehrandan mәktub almışam.”

 

Dedi:

 

“Tehrandan?”

 

Dedim:

 

“Bәli, Tehrandan.”

 

“Çox gözәl, tәzә nә xәbәr var?”

 

Dedim:

 

“Hәlә mәktubu axıra qәdәr oxumamışam, amma şahın vә başqalarının adı görünür.”

 

İbrahim bәy әl-ayağa düşüb hövlnak dedi:

 

“Gedәk bu çayxanada bir stәkan çay içәk, siz dә mәktubu arxayın oxuyun görәk nә yazıblar.”

 

Cavabında dedim:

 

“Hәәnd ki, başım yaman qarışıqdır, ancaq bilirәm ki, sizin Tehran xәbәrlәrini eşitmәyә böyük hәvәsiniz var, müzayiqә etmirәm, buyurun gedәk.”

 

Çayxanaya getdik. Oturan kimi çay, qәlyan sifariş elәdi. Sonra dedi:

 

“İndi oxu görәk nә xәbәr var.”

 

Mәn dә mәktubun әvvәlindәn oxumağa başladım.

 

 

MӘKTUBUN MӘZMUNU:

 

"Mәnim әziz qardaşım! Mәktubunuzu aldım, salamatlığınızdan xәbәrdar olub, çox-çox sevindim. Üsgülü tacir Hacı Әbdürrәzaq ağa vasitәsilә hәvalә etdiyiniz iyirmi beş lirә çatdı. Sizin, tapşırdığınız kimi, hәmin mәblәği İsfahana Mәşәdi Mәmmәdrzanın üstünә göndәrdim ki, o, on lirәsini sizin evinizә versin, qalan on beş lirәsini dә borcunuz hesabına Ağa Hәsәnә çatdırsın. Әlbәttә, özlәri dә bu haqda sizә yazacaqlar. Yazılmalı başqa mühüm mәtlәb yoxdur. Ancaq neçә gün bundan qabaq böyük bir hadisә üz verdi. Az qalmışdı ki, şәni yüksәk İran dövlәti İngiltәrә hökumәtinә müharibә elan etsin. Ola bilsin ki, elәyibdir dә. Lakin neçә gündür ki, münaqişәlәr ortalıqdan qaldırılmış, ara bir qәdәr sakitlәşmişdir. Deyildiyinә görә, münaqişәnin sәbәbi bundan ibarәt idi ki, İngiltәrәnin sәlahiyyәtli naziri bizә mәlum olmayan bir siyasi mәsәlә üstündә Sәdr-әzәm cәnablarına hörmәtsizliklә cavab qaytarmışdı. O cәnab da mәtlәbi şah әlahәzrәtlәrinin nәzәrinә çatdırmış, şah haman saat qәti hökm vermiş ki, xarici işlәr naziri teleqrafla Londona xәbәr versin ki, İngiltәrә hökumәti öz sәfirini bir hәftәdәn gec olmayaraq Tehrandan geri çağırsın vә cәzalandırsın. Әks tәqdirdә İran qoşunu iki hәftәyәdәk Herata doğru yürüş aparmaq vә bütün Hindistanı işğal etmәk әzmindә olacaqdır. Haman gün әlahәzrәt Zilli-Sultan cәnablarına teleqrafla hökm olundu ki, dördüncü ordu iki hәftәyәdәk bütün sürsatla Әbişәhr bәndәlәrinә doğru hәrәkәt etmәyә hazır olsun.

 

Bunlardan başqa, rәbiül-әvvәl[1] ayının iyirmi dördündә paytaxtda qoşunun ümumi sanı tәşkil edildi.

 

[1] Әrәb ilinin üçüncü ayı.

 

Bu san olduqca tamaşalı idi. Mәşq meydanında şahın xüsusi ordusu vә paytaxtda olan әlli minә yaxın atlı, piyada vә topçu qoşunları manevr vaxtı elә bir cәldlik vә çeviklik göstәrdilәr ki, dost-düşmәni heyran qoydular. Qibleyi-alәmin özü qoşuna şәxsәn başçılıq edib fәrman verirdi. Sözün qısası, böyük mәrәkә var idi. Naibüssәltәnә hәrbi nazir olduğu halda bir sәrhәng kimi o tәrәf-bu tәrәfә qaçırdı. O qәdәr üz-gözünә toz qonmuşdu ki, heç kәs onu tanıya bilmirdi. Nәhәng topların tüstüsündәn hava elә tutulmuşdu ki, günәşin şüası yerә düşmürdü. Bәli, haman gün teleqramın cavabı Londondan gәlib çatdı. Mәzmunundan xәbәrim yoxdur. Ancaq bu qәdәr bilirәm ki, Almaniyanın sәlahiyyәtli naziri vasitәçi oldu. Almaniya imperatorundan da qibleyi-alәmә xüsusi teleqram çatdı. Orada yazılmışdı ki, aramızda olan dostluq vә sәmimiyyәt naminә xahiş edirәm o zati-ali sülhü qorumaq vә ümumi mәslәhәt naminә şahanә mәrhәmәtini әsirgәmәsin. Ona görә ki, o zati-aliyә mәlumdür ki, bu gün dünyanın hәr hansı tәrәfindә bir top sәsi eşidilsә, ümumi hәrb bütün alәmi bürüyәcәkdir. Çünki dövlәtlәrin siyasәti bir-birinә bağlıdır. Belә olduqda, böyük bir hәrc-mәrclik yaranacaq, allah bәndәlәrinin mәәtinә sәbәb olan ticarәt işi ölkәlәr arasında pozulacaq. Mәn o müdrik padşahla aramızda olan şәxsi dostluq naminә istәmirәm ki, şәni yüksәk İran dövlәti belә bir müharibәnin başlanmasına sәbәb olsun. Tәvәqqe edirәm o ağılsız sәfirin tәqsirindәn keçәsiniz.

 

Bu minvalla mәlum olur ki, müharibә olmayacaqdır. Amma qәrar olub ki, İngiltәrәnin sәlahiyyәtli naziri üzr istәmәklә bәrabәr cәnab Sәdr-әzәmin evinә getsin vә açıq şәkildә onun könlünü әlә almağa çalışsın, öz dediklәrindәn peşman olduğunu bildirsin. Deyirlәr hәmin sәlahiyyәtli nazir bir aydan sonra işdәn çıxarılıb Tehrandan geri çağırılacaq. İran dövlәti daha heç vaxt onun sәfirliyini qәbul etmәyәcәk, başqa birisi onun yerinә gәlәcәkdir".

 

Yazıq İbrahim bәy bu xәbәrdәn elә fәrәhlәnib sevincә qәrq olmuşdu ki, onu vәsf etmәk mümkün deyil. İsfahanlı Hacı Kәrim mәktubu әvvәldәn axıradәk oxuduqdan sonra deyir:

 

“Daha mәni bağışlayın, işim var, gәrәk mürәxxәs buyurasınız.”

 

İbrahim bәy tam könül açıqlığı ilә deyir:

 

“Hacı Kәrim  ağa, hara  gedirsiniz, nahar vaxtıdır, gedәk çörәk yeyәk, acmışıq.”

 

Hacı Kәrim deyir:

 

“Xeyr, iltifatınız artıq olsun, gәrәk gedәm, işim çoxdur, inşallah başqa bir vaxt. Xudahafiz, allah amanında!”

 

Hacı Kәrim gedir. İbrahim bәy çay pulunu verib çayxanadan çıxır. Lakin sevincindәn bilmir haraya getsin, nә elәsin. İxtiyarsız fayton çağırır. Fayton gәlәn kimi oturub, haraya getmәli olduğunu bildirmәdәn faytonçuya deyir: "Sür!" O, özündә deyil. Faytonçu o qәdәr sürür ki, şәhәrdәn kәnara çıxır. Yalnız bu vaxt dönüb İbrahim bәyә deyir: "Bәy әfәndim, haraya tәşrif buyuracaqsınız?" İbrahim bәy cavab verir: "Gәzmәk, gәzmәk istәyirәm".

 

İbrahim bәy xeyli gәzdikdәn sonra gün batana yaxın, nahar yemәmiş, ac-susuz, haman nәşә ilә evә qayıdır vә bir baş kitabxanaya gedir, "Tarixi-Nadiri"-ni götürüb, Nadirin Hindistan sәfәri әhvalatını oxuyur. Bu mütaliәdәn onun sevincinә yeni bir nәşә dә әlavә olunur.

 

Bu vaxt İbrahim bәyin anası gәlib deyir:

 

“Oğlum, bu gün harada nahar elәdin? Bizi lap nigaran qoydun.”

 

“Anacan, heç yerdә bir şey yemәmişәm, ancaq könlüm elә toxdur ki, on gün dә bir şey yemәsәm, acmaram,” -- deyә İbrahim bәy cavab verir.

 

Sözün qısası, o gecә İbrahim bәyin sevincinin dәrәcәsini ancaq özü bilirdi. Sabahı günü dostlarından bir-ikisinә rast gәlmәk ümidi ilә evdәn bir qәdәr dә tez çıxdı. O istәyirdi Hacı Kәrimin dünәnki mәktubu haqqında onlara söhbәt elәsin. Şәnliyin tәsviri fәrәh gәtirәr, -- demişlәr. İbrahim bәy istәyirdi dünәnki şad xәbәri dostlarına söylәmәklә bir daha zövq alsın. Fәqәt o, dostlarından heç birinә rast gәlmәdi. Yenә dә İsfahanlı Hacı Kәrimin sorağını tutmaq üçün o çayxanadan bu çayxanaya getdi. Qәzadan onu da tapa bilmәdi.

 

Hacı Kәrim isә kәlәyinin baş tutduğunu vә İbrahim bәyin onun dalınca gәlәcәyini bilirdi. Ancaq mәqsәdә tez çatmaq üçün o günü evdәn çıxmadı. Yazıq İbrahim bәy öz hәdsiz sevincini bölüşdürmәk mәqsәdilә o gün bir adam tapa bilmir, axşamadәk gәzdikdәn sonra evә qayıdır. Namazını qılıb, şam yedikdәn sonra kitab oxumaqla vaxtını keçirir. Sabahı günü yenә dә hәmişәkindәn daha tez evdәn çıxır. Bir başa Mәhәmmәdәli Paşa meydanında olan böyük çayxanaya gedir. Fürsәt dalınca gәzәn Hacı Kәrim nahara yaxın gәlib çıxır. İbrahim bәyin tәk oturduğunu gördükdә saymazyana ötüb keçmәk istәyir. Lakin İbrahim bәy Hacını görcәk tәlәsik halda ucadan onu sәslәyir. Belә bir fürsәti axtaran Hacı Kәrim geri dönüb, İbrahim bәyi ilk dәfә görürmüş kimi, ona salam verir. İbrahim  bәy salamın cavabını verәndәn sonra deyir:

 

“Ay  Hacı, qurbanın olum, hara belә tәlәsirsәn?”

 

“Bu tәrәfdә bir az işim var,” -- deyә Hacı cavab verir.

 

“Hacı, sәn allah, әylәş bir stәkan çay iç.”

 

“Çox sağ ol, otura bilmәrәm, getmәliyәm.”

 

“Canım, niyә belә tәlәsirsәn, әylәş görәk.”

 

“Üzr istәyirәm, elәyә bilmәyәcәyәm.” -- İbrahim bәy bir daha tәkid edir:

 

“Ay Hacı, qurbanın olum, mәn bilirәm ki, sәnin mağazan yoxdur, bir yerdә qulluq da ki elәmirsәn, daha bu qәdәr naz nәyә gәrәkdir?”

 

Hacı Kәrim yenә dә yumşalmır:

 

“Doğru buyurursunuz, heç bir tәlәsik işim yoxdur, amma elә bir üzrüm vardır ki, sizin saydıqlarınızın hamısından üstündür.”

 

İbrahim bәy Hacının әtәyindәn tutub deyir:

 

“Di otur görüm üzürün nәdir.”

 

Hacı deyir:

 

“Doğrusu budur ki, bir nanәcib Misir әrәbinә azca borcum var. Onun müqabilindә mәnim dә birindәn tәlәbim var. Vәdә verib ki, gәlәn ayın әvvәlindә ödәsin. Amma mәn әrәbә gәrәk bu gün pul verәm, ancaq yoxumdur. Burada ki, çayxananın qabağıdır, qorxuram o köpәk oğlu mәni burada görüb yaxalasın, tәlәbini istәsin, hay-küy qaldırsın, hәm siz xәcalәt çәkәsiniz, hәm dә mәn rüsvay olam. Әgәr çayxananın içәrisindә әylәşsәydiniz, bәlkә dә camaat arasında gözündәn yayına bilәrdik. Amma burada otura bilmәrәm; çünki yolu bu tәrәfdәn düşsә, uzaqdan görәn kimi tanıyacaq.”

 

Onda da eşşәk gәtir, mәrәkә yüklә.

 

İbrahim bәy soruşur:

 

“Mәgәr neçә borcun var?”

 

“Elә bir şey deyil, cәmi on beş lirә.”

 

İbrahim bәy tәmkinlә deyir:

 

“Bunun heç bir әhәmiyyәti yoxdur, allah kәrimdir, әylәş görәk.”

 

Hacı naz-qәmzә ilә oturur. İbrahim bәy qәhvәçini çağırıb ondan qәlәm-davat istәyir. Çek dәftәrini cibindәn çıxarıb bir şey yazır, sonra Hacıya tәrәf uzadıb deyir:

 

“Buyur, Hacı, bu sәnin on beş lirәnin hәvalәsi. Nә vaxt könlün istәsә gedib bankdan ala bilәrsәn. İndi arxayınlıqla qәhvә iç. Ancaq tәlәbini alan kimi mәnim pulumu gәtir qaytar.”

 

Hacı deyir:

 

“Sizә artıq dәrәcәdә tәşәkkür edirәm. Doğrudan da mәnim yaxamı bu mürvәtsiz әrәbin әlindәn qurtardınız. Onda mәn dә sizә bir sәnәd yazıb verim. İnşallah iyirmi günün әrzindә sizin pulunuzu qaytararam. Әgәr bir yerdә verә bilmәsәm dә üç vәdәdә beş lirә-beş lirә borcumu üzәrәm.”

 

“Sәnәd-zad lazım deyil. Sizin sözünüz mәnim üçün sәnәddir.”

 

Bir qәdәr söhbәtdәn sonra İbrahim bәy soruşur:

 

“Hacı, srağagünkü mәktub yanınızdadırmı?”

 

“Bәli, necә bәyәm?”

 

“Mümkünsә onu ver mәnә, istәyirәm özüm oxuyam. Nә yaxşı mәktubdur! Biqeyrәt köpәk uşaqları hey yalandı ki, özlәrindәn toxuyurlar. Hәya elәmәyib deyirlәr ki, İranda xarici sәfirlәr, konsullar, hәtta xarici tәbәәlәr istәdiklәrini elәyirlәr; bir adam onlara deyә bilmir ki, gözünün üstündә qaşın var. İndi, gәlin Tehrandan bir müsәlmanın başqa bir müsәlmana yazdığı bu mәktubu öz kor gözlәrinizlә görün.

 

Bu vaxt Hacı mәktubu qoltuq cibindәn çıxarıb İbrahim bәyә verir. İbrahim bәy mәktubu açmaq istәrkәn Hacıdan soruşur:

 

“Hacı әmi, başqa bir mәtlәb yoxdur ki?”

 

“Xeyr, başqa mәtlәb olarsa da sizdәn gizlin ola bilmәz,” -- deyә Hacı Kәrim cavab verir.

 

İbrahim bәy mәktubu oxumağa başlayır. Oxuduqca bir ucdan "qurbanın olum", "canım sәnә fәda", "allah qılıncını daha da kәskin elәsin" deyir vә hәdsiz sevinclә mәktubu bir neçә dәfә başdan-ayaqa oxuyur. Ancaq oxumaqdan doymur, üzünü Hacı Kәrimә tutub deyir:

 

“Hacı Kәrim ağa, qoy bu mәktub bir neçә gün mәnim yanımda әmanәt qalsın.”

 

Hacı kәlәyinin üstünün açılmasından ehtiyat edib deyir:

 

“Vallah, әgәr mәktubda arvad-uşağın adı olmasaydı, heç bir müzayiqәm yox idi, mәktubun sizin yanınızda qalmasına etiraz etmәzdim. Amma özünüz yaxşı bilirsiniz ki, belә bir mәktubun sizin yanınızda qalması münasib deyil.”

 

Hacı mәktubu alıb tәlәsik cibinә qoyur, İbrahim bәylә vidalaşıb gedir, evin kirәsini әrәbә verib rahatlaşır.

 

İbrahim bәyin milli tәәssübünün dәrәcәsini bu hadisәdәn ölçmәk çәtin deyildir. Bu qeyrәtli cavan özünü tanıyan gündәn etibarәn İskәndәrin İrana qoşun yeridib, oranın bir çox şәhәrlәrini xaraba qoyması vә qәdim İranın paytaxtı olan İstәxr şәhәrinә od vurması, Daranın öldürülmәsi üzündәn İskәndәr adını dilinә gәtirmәk istәmәzdi. Әgәr İskәndәriyyә şәhәrindәn ad çәkmәk mәcburiyyәtindә qalsaydı da, onu "Misir torpağının limanı" adlandırardı.

 

Bütün bunlar İbrahim bәyin tükәnmәz qeyrәt vә tәәssübündәn vә onun şәrhi-halından qısaca bir nümunәdir. Lakin ola bilsin ki, bir para dar düşüncәli adamlar onun bu qeyrәtini vә tәәssübünü yersiz cәhalәt vә fanatizmә yozsunlar. Ancaq hәqiqәtdә belә deyil. Bu әziz hәmvәtәnimiz cavan olsa da, öz dövrünün yetişdirmәsi olan tәcrübәli, ağıllı, fәrasәtli, kamil adamlardan biridir. Ancaq burası var ki, İran adını eşidәn kimi ixtiyarı әlindәn gedirdi. Vәtәn eşqi onun bütün varlığına hakim kәsilmişdi. Öz mәşuqәsi haqqında heç kәsdәn pis bir söz eşitmәk istәmirdi. Bu da o cavanın gözәl xasiyyәtlәrindәn biri sayılmalıdır.

 

Bir dәfә mәn İstambuldan xaricә getmişdim. İki aydan sonra qayıtdıqda oğlum dedi ki: "Ata, Misirdәn bizә iki nәfәr qonaq gәlib, üç gün qaldıqdan sonra İrana getdilәr". Dedim: "Adları nә idi?" Dedi: "Sizә bir mәktub yazıb kitabxanada mizin üstünә qoyublar". Mәktubu tez götürüb oxudum. Mәzmunu budur:

 

"Qurbanın olum, müqәddәs Mәşhәdi ziyarәt etmәk niyyәti ilә Yusif әmi ilә birlikdә Misirdәn İstambula gәlib, mәnim ümidgahım olan evinizdә qaldıq. Çox tәәssüf ki, sizi görmәk şәrәfi bizә qismәt olmadı. Ancaq üç gün sizin ev adamlarına zәhmәt verib, dördüncü gün Batum yolu ilә Xorasana tәrәf hәrәkәt etdik. Sağ-salamat mәqsәdә çatsaq, sizin әvәzinizdәn dә ziyarәt edәcәyik. İşdir, ölüm-itim olsa, onda gәrәk boynumda olan dostluq borcunu halal edәsiniz. Sizin kitabların arasında bir cild "Kitabi-Әhmәd" görüb, götürdüm, yolda onu oxumaqla vaxtımı keçirmәk istәdim. Hәәnd ki, onun müәllifi bir sıra mühüm mәtlәblәrә toxunub, hәm dә alim vә kamil adama oxşayır, amma İranın vәziyyәti barәsindә eyham vә işarә ilә bir para şeylәr yazıbdır. Görünür, ya İrandan xәbәrsizdir, ya da yanılıbdır. Әgәr belә deyilsә, onda bizlәrdәn deyil. Mәnim haqqımda sizin xeyir-duanızı arzulayıram. Yusif әminin dә sizә salam-duası var. İmza: İbrahim".

 

Mәlum oldu ki, mәktubu yazan mәnim dostum İbrahim bәy imiş. Çox heyfsilәndim    ki, onun gәldiyi vaxt mәn İstambulda olmamışam. Onu görsәydim, bütün İranı sәyahәt etmәk fikrini başından çıxarar, nәsihәt edib tapşırardım ki, yalnız Mәşhәdi ziyarәt etmәklә kifayәtlәnsin, Batum vә Aşqabad yolu ilә getsin vә ziyarәtdәn sonra hәmin yolla da qayıtsın. Çünki bilirdim, İranın daxilinә sәfәr etsә, vәtәnin pәrişan vәziyyәtini görüb qüssә-kәdәrdәn xәstәlәnәcәkdir. Bundan әlavә, qorxurdum ki, o xoşagәlmәyәn vәziyyәti görәndәn sonra bir para başçılar haqqında artıq-әksik danışsın vә başına bir bәla gәlsin. Mәn onun әhvali-ruhiyyәsinә yaxşı bәlәdәm. Axı o özü mәnә qәribә bir hadisә nәql etmişdi. Deyirdi ki: "Bir gün Misirdә şәhәr parkında üç-dörd nәfәr iranlıya rast gәldim. Gәzmәyә çıxmışdılar. Onların arasında altmış yaşlı bir kişi dә vüqarla addımlayırdı. Saqqalına qoyduğu basmanın rәngi getmiş, paltarı cırım-cındır,   ayaqqabıları köhnә qartmaqlı, çatdaq dabanı, yırtıq, rәngbәrәng corabı ayaqqabısından bayıra çıxmışdı. Hәr neçә addımdan bir dә ayaqqabısının bir tayı özündәn tәxminәn üç addım qabağa tullanırdı. Başında köhnәlikdәn qara rәngi yaşıla çalan mahud papağı var idi. Gördüm, bir şir-xurşid nişanını da papağına vurub, hәlә üstәlik yüz yerdәn cırılmış olan geymәsinin yaxasından da üçüncü dәrәcәli şir-xurşid nişanı ilә üç-dörd gümüş medal asıbdır. Mәlum oldu ki, bunlar sәyahәt üçün Misirә gәlmiş İran hacılarındandırlar. Yaxınlaşıb salam verdim vә dedim:

 

“Allah ziyarәtinizi qәbul elәsin, deyәsәn allahın evinin ziyarәtindәn gәlirsiniz.”

 

Dedi:

 

“Bәli, allah sizә dә qismәt elәsin.” -- Sonra soruşdu:

 

“Siz fars dilini harada öyrәnmisiniz?”

 

Dedim:

 

“Mәn dә iranlıyam.”

 

Dedi:

 

“Harasındansınız?”

 

Dedim:

 

“Azәrbaycandanam.”

 

Soruşdum:

 

“Bәs siz haralısınız?”

 

Dedi:

 

“Xәmsә әhliyәm.”

 

Adını soruşdum. Dedi:

 

“Adım Hacı Yavәrdir.”

 

Dedim:

 

“Siz tәzә Hacı olubsunuz, "yavәrlik" dә ki, rütbәdir, bәs әsil adınız nәdir?”

 

Dedi:

 

“Rüstәm Yavәr.”

 

Dedim:

 

“Çox pakizә, böyük adınız vardır. Mәnim sizdәn bircә tәvәqqәm var.”

 

Dedi:

 

“Buyur görәk.”

 

Dedim:

 

“Bura Misirdir, hәr millәtdәn burada vardır, hәr addımbaşı neçә nәfәr әsgәr, sәrhәng vә yavәr görmәk olar. Baxın görün nә gözәl, müntәzәm vә qaydası ilә tәr-tәmiz geyiniblәr. Siz dә gәrәk heç olmasa papağınızın üstünә taxdığınız şir-xurşid әlamәtinin hörmәtini saxlamaq, dövlәt vә millәtin heysiyyәtini qorumaq xatirinә hәrbi dәrәcәnizin şәninә uyğun bir paltar geyәsiniz ki, biz dә onu görәndә fәxr edәk. Sizin pәrişan görkәminizdәn adam xәcalәt çәkir.”

 

Dedi:

 

“Biz  ziyarәtçiyik, paltarımız vilayәtimizdә qalıbdır.”

 

Dedim:

 

“İndi ki, paltarını orada qoyub gәlmisәn, onda gәrәk papağına vurduğun әlamәti, döşündә gәdirdiyin nişan vә medalları da orada qoyaydın, özünlә gәzdirmәyәydin. Gәtirmisәn dә, eybi yoxdur, aç qoy cibinә, vilayәtinә çatandan sonra yenә dә işlәdәrsәn.”

 

Dedi:

 

“Füzulun biri! Sәnә nә, mәgәr bu vilayәtin hakimisәn?”

 

“Yox, nә füzulam, nә dә vilayәt hakimiyәm; milli tәәssüb mәni vadar edir ki, sizә bu yaramaz әmәlin qәbahәtini başa salım.”

 

Birdәn gördüm Hacı Yavәrin halı dәyişdi. Dedi:

 

“Köpәk oğlu, qәlәt elәyirsәn mәni başa salmaq istәyirsәn. İranda olsaydın ... verәrdim ... ağac....”

 

Bu söyüşlәri eşitdikdә başım gicәldi. Heç nәdәn çәkinmәdәn iki-üç karlı sillә qulağının dibinә yamadım, yaxasından tutub silkәlәdim. Papağı başından düşdü. Bu vaxt bir neçә nәfәr gәlib bizi araladı. Yoldaşlarından biri irәli gәlib dedi:

 

“Hәmyerli, bilirsәn kimә әl qaldırırsan? Bu Hacı Yavәrdir ha!... Vilayәtdә onun yeddi para şeşdank kәndi var. Hәlә bağ-bağatı, dәyirmanlarını demirәm, bir alay sәrbazı var ... vә sairә vә sairә....”

 

Xülasә, hirsimdәn әsirdim. Şeytana lәnәt oxuyub evә getdim".

 

İndi tәsәvvür etmәk çәtin deyil ki, İranda belә bir adamın başına öz dili ucundan nә kimi oyunlar gәlә bilәrdi. Bu mülahizәlәrә görә mәn onun İranı sәyahәt etmәsini mәslәhәt görmәzdim. Hәqiqәti gizlәdә bilmәrәm, İbrahim bәy sarıdan nigaran qalmışdım. Nәhayәt, sәkkiz aydan sonra günlәrin birindә evin nökәri xәbәr gәtirdi ki, İrana gedәn o iki qonaq qayıdıb gәlmişdir. Qaça-qaça qapıya tәrәf getdim. İbrahim bәy vә Yusif әmi ilә görüşüb öpüşdükdәn vә xoş-beş elәdikdәn sonra otağa gәldik. Dedim:

 

“Qardaşım, sizdәn çox nigaran idim. Qaldığınız yerin ünvanını bilsәydim, teleqram vasitәsilә әhvalınızı soruşardım. Allaha şükür, sağ-salamat qayıdıbsınız. Ümid edirәm yollarda vә gәmidә әziyyәtә düşmәmisiniz?”

 

Dedi:

 

“Xeyr, Trabzon yaxınlığında bir az külәk qalxıb dәnizi tәlatümә gәtirdi, ancaq tez qurtardı.”

 

“Hansı gәmi ilә gәldiniz,” -- deyә soruşdum.

 

“Rus gәmisi ilә.”

 

“Yaxşı, indi kefin necәdir?”

 

“Sizin duanızın  xeyir-bәrәkәtindәn yaxşıdır.”

 

“Bәs bu uzun sәfәri atınan, qatırnan necә başa vurdunuz?”

 

“Bir tәhәr başa vurduq.”

 

“Sәfәrә çıxmaqdan qabaq öz niyyәtini nә üçün mәnә bildirmәdin?”

 

“Vallah, әslinә baxsan, әvvәl heç belә bir sәfәrin әzmindә deyildim. Yola çıxmaqdan iki-üç gün әvvәl belә bir sәyahәt fikrinә düşdüm.  Buna da sәbәbkar şirazlı Ağa Әhmәd oldu. Gәrәk ki, siz dә Ağa Әhmәdi tanıyasınız.  Siz Misirә  tәşrif gәtirәn vaxt hәrdәnbir bizim evә gәlәrdi.

 

“Bәli, bәli, yadımdadır,” -- dedim.

 

İbrahim bәy sözünü davam etdirdi:

 

“Haman şәxs atasının illik sәdaqәtli xidmәtlәri müqabilindә ildә Tehrandan yüz iyirmi tümәn tәqaüd alardı. Lakin on ilә yaxın idi ki, әlinә bir şey çatmırdı. Yazıq kişi mәsәlәni ayırd etmәk üçün Tehrana getmәli olur. Orada mәlum olur ki, tәqaüd hәr il öz qaydası ilә göndәrilir. Ancaq özünü iranlıların ölüsü vә dirisinin qәyyumu hesab edәn İstambul sәfiri onu bütünlüklәәri salır. Özü dә nә sorğu-sualdan qorxur, nә dә bir adamdan xәcalәt çәkir. Hәmin sәfir yalnız onu deyil, İstambulda vә onun әtrafında olan bütün iranlıların malını hәr gün әlә keçirib, heç nәdәn vahimә etmәdәn yiyәlәnir. Әlqәrәz, o biçarә uzun-uzadı yolun zәhmәt-әziyyәtini, sәfәr mәşәqqәtini çәkdikdәn sonra tәzәdәn Misirә qayıdır. Siz ki, mәnim xasiyyәtimә bәlәdsiniz. Bu kişinin İrandan gәlmәsini eşidәn kimi görüşünә getdim. Tehranın vә İranın vәziyyәtini soruşdum. Nә kimi xoş xәbәrlәr varındır?” -- dedim.

 

“Heç nә yoxdur,” -- dedi.

 

Dedim:

 

“Padşahlığın vәziyyәtini, nazirlәrin ölkәni necә idarә etdiklәrini soruşuram.”

 

"Heç nә yoxdur,” -- deyә yenә dә cavab verdi.

 

Ölkәnin idarә olunması vәziyyәtini, qoşunun nizam-intizamını soruşdum. Yenә dә әvvәlki kimi dedi:

 

Әrz elәdim ki, heç bir şey yoxdur.”

 

“Qәribә adamsan,” -- dedim. -- “Mәgәr bu ölkәdә hәrbi nazir, daxili işlәr nazirliyi, xarici işlәr nazirliyi, maarif, maliyyә, milli gәlir, kәnd tәsәrrüfatı, ticarәt nazirliklәri yoxdur?”

 

“Bunların hamısının adı var,” -- dedi. -- “Qulluqçuları vә katiblәri dә vardır. Hәtta suda çürümüş iki hәrb gәmisi üçün hәrbi dәniz donanması naziri vә nazirliyi dә düzәldiblәr! Elә yalnız bununla ölçә bilәrsәn ki, başqa nazirliklәrin vәziyyәti necәdir.”

 

Doğrusu, bu kişinin yava-yava sözlәri vә hәdyanları mәni lap pәrt elәdi. Evә qayıtdım. Bütün gecәni düşünürdüm: "Nә etmәk lazımdır? Vәtәn haqqında deyilәn bu sözlәrin gәrәk hәqiqәti olmasın. İndi ki, mәrhum atam sәyahәt etmәk icazәsi veribdir, insafdan uzaqdır ki, iki-üç dәfә Avropa ölkәlәrini gәzdiyim halda bircә dәfә dә vәtәni ziyarәt etmәyim. Yaxşısı budur ki, müqәddәs Mәşhәdi ziyarәt etmәk niyyәti ilә sәfәrә çıxım. Belә olduqda vәtәnin sair yerlәrini, әlәlxüsus paytaxtı da sәyahәt etmiş olaram. Әgәr qalmağım üçün oranı münasib görsәm Misirә qayıdıb bütün әmlakımı sataram, ailәliklә oraya gedib, ticarәt vә ya ziyarәtlә keçinәrәk, ömrümün qalan hissәsini vәtәnin pak vә müqәddәs torpağında başa vuraram". Buna görә dә haman gün Yusif әmiyә dedim ki, sәfәrә çıxmaq tәdarükünü gör, biri gün müqәddәs Mәşhәdi ziyarәt etmәk vә İranı sәyahәt etmәk niyyәti ilә yola düşәcәyik. Buna görә dә sәkkiz ay bundan qabaq sizin evә gәlib, neçә gün qalandan sonra sәfәrimizi davam etdirdik. İndi artıq qayıtmışıq, Misirә getmәk әzmindәyik.

 

Dedim:

 

“Çox gözәl, nә gördünüz? Hökumәtin, mәmlәkәtin vәziyyәti necә idi?”

 

Dәrindәn bir ah çәkib dedi:

 

“Nә siz soruşun, nә dә mәn deyim. Kaş heç o tәrәflәrә getmәyәydim, bu qәdәr fәlakәti görmәyәydim, vәtәni yad edәrkәn aldığım o zövq әvvәlki kimi qalaydı, onun lәzzәtli xatirәsilә yaşayaydım!”

 

Dedim:

 

“Mәn bilirdim ki, sәn bu sәfәrdәn razı qayıtmayacaqsan. İndi olan olub, keçәn keçib, zәrәr yoxdur, gördüklәrini mәnә desәn dәrdinә şәrik olaram.”

 

“Hәr nә görmüşәm, başıma nә gәlibdirsә, hamısını yazmışam. Sabah öz sәyahәtnamәmi sizә tәqdim edәrәm. Özünüzün oxumağınız yaxşıdır; çünki mәndә onları söylәmәk iqtidarı yoxdur. Hәәnd ki, şahidi olduğum әzab-әziyyәtlәri, fәlakәt vә bәdbәxtliklәri qәlәmә almaq istәmirdim, lakin mәrhum atam vәsiyyәt elәmişdi ki, hәr hansı ölkәyә qәdәm qoyduqda gördüklәrimi qeydә alım, ona görә ki, bir gün karıma gәlәr. Mәn dә atamın vәsiyyәtinә әmәl etdim.”

 

Gecәdәn xeyli keçmişdi. Çörәk yedik, sonra dedim:

 

“Qardaş, yoldan gәlmisiniz, yәqin ki, yorğunsunuz, nә qәdәr tez dincәlsәniz bir o qәdәr yaxşıdır. Buyurun dincәlin, sizә yaxşı istirahәt etmәyi arzulayıram.”

 

Gedib yatdım. Sәhәr durub namazdan sonra çay içdik. İbrahim bәy üzünü Yusif әmiyә tutub dedi:

 

“Yusif әmi, dur tuman-köynәyimizi götürüb hamama gedәk. Bilirsiniz, yeddi aydır ki, hamam üzü görmәmişәm.”

 

Yusif әmi alt paltarı götürmәk üçün çamadanı açdı. İbrahim bәy ona:

 

Әvvәlcә mәnim yol qeydlәrimi ver,” -- dedi.

 

Ondan bir dәftәr alıb mәnә verdi vә әlavә etdi:

 

“Budur, mәnim sәyahәtnamәmdir. Hәr nә görmüşәm, artılıb-әksiltmәdәn burada qeydә almışam. Әgәr vaxtınız varsa, biz hamamdan qayıdanadәk oxuyun.”

 

Mәn İbrahim bәyin sәyahәtnamәsini aldım. Bilirәm ki, oxucular sәyahәtnamәnin mәzmunu ilә tanış olmaq intizarındadırlar, buna görә dә onun üzünü aşağıda yazıram.

 

 

SӘYAHӘTNAMӘNİN MӘTNİ.

 

Filan ayın on sәkkizindә müqәddәs Mәşhәd şәhәrini ziyarәt vә İranı sәyahәt etmәk әzmi ilә hәqiqәtdә mәnim әmim vә hәtta atam hesab olunan müәllimim Yusif әmi ilә gün doğandan iki saat keçmiş dәmiryol qatarının birinci dәrәcәli vaqonunda Qahirәdәn "Misir torpağının limanına"[2] doğru yola düşdük. Hәmin günün batmasına iki saat qalmış oraya çatdıq. O gecәni hәmin şәhәrdә qaldıq. Sabahı gün günortadan dörd saat keçmiş "Prins Abbas" adlı gәmiyә birinci dәrәcәli yerә bilet alıb İstambula tәrәf hәrәkәt etdik.

 

[2] İskәndәriyyә limanıdır.

 

Hava olduqca gözәl idi. Bütün günü gәminin göyәrtisindә seyrә daldım. Lakin heç bir müsahibim yox idi, öz xәyallarıma dalmışdım. İki gecә-gündüz әrzindә İstambula çatdıq. Yolda İstambul boğazının girәcәyindә vaqe olmuş Sultaniyyә qalasından başqa heç bir yerdә dayanmadıq. Sultaniyyә qalasının hәrbi fәnnә uyğun şәkildә qayrılmış çox böyük istehkamı vardır. Deyildiyinә görә, onun müxtәlif yerlәrindә minә qәdәr top qoyulubdur. Qarovulçuların izni olmadan heç bir gәmi oradan keçә bilmәz. Oranı görәn adamlar mәnim bu sözlәrimi tәsdiq edәrlәr. Bizim gәmimiz dә izin aldıqdan sonra yolunu davam etdirdi, İstambula daxil olduq.

 

Gәmi körpüdәn uzaqda dayandığına görә hәmişә limana tәzә daxil olmuş gәmilәrin әtrafında fırlanan saysız-hesabsız qayıqlardan biri bizi şeylәrimizlә bәrabәr gömrükxanaya gәtirdi. Şeylәrimizi yoxladıqdan sonra oradan birbaşa filankәsin (yәni bu sәyahәtnamәnin üzünü köçürәnin) evinә gedib orada qaldıq. Mәnim әziz dostum olan ev sahibinin İstambulda olmamasına baxmayaraq, onun nökәr-külfәti bizi hörmәtlә qarşıladılar, qonaqpәrvәrlik rәsmini lazımınca yerinә yetirdilәr. Bizә o dәrәcәdә hörmәt elәdilәr ki, lap xәcalәt çәkdik. Hәәnd ki, dostumun evini öz evim kimi bilirәm, lakin ev sahibinin olmaması bizim daha çox xәcalәt çәkmәmizә sәbәb oldu.

 

Dördüncü gün öz vәsiqәlәrimizә İran vә rus konsulxanalarında qol çәkdirib, alman gәmisi ilә birinci dәrәcәli yerdә Batuma tәrәf yola düşdük vә beşinci gün oraya çatdıq.

 

Rus gömrükxanası mәmurları gәlib şeylәrimizi yoxladılar. Vәsiqәlәrimizә isә gәminin içindә qol çәkdilәr. Gәmidәn çıxdıq. Körpü üstündә böyük bir dәstә iranlıya rast gәldim. Onların pәrişan halı mәnә çox pis tәsir etdi. Hamısının sifәti saralıb-solmuş, bir dәri, bir sümükdәn ibarәt olan bәdәnlәrini örtәn paltarları cırım-cındır idi. Mәn yerimdәcә quruyub qaldım.

 

Bu әsnada onlardan bir dәstәsi bizim dәstәmizә toplaşdı. Әtәyimizdәn tutub hәr kәs bir tәrәfә çәkir: "Ağa, sizi yaxşı bir qәhvәxanaya aparım, orada mәnzil dә var" -- deyirdi. İstәdilәr bizim şeylәrimizi götürsünlәr. Onların içәrisindә olanlardan biri bizә işarә edib dedi:

 

“Getmәyin!”

 

Sonra Yusif әmini bir kәnara çәkib pıçıldadı:

 

“Mәbadә bunların qәhvәxanalarına gedәsiniz. Hamısı şarlatan, oğru vә lotudur. Yaxşısı budur ki, "İmperial" mehmanxanasına gedәsiniz. Bu yaxınlıqdadır. Orada qalmağınız mәslәhәtdir. Doğrudur, gecәdә bir-iki manat artıq vermәlisiniz, ancaq hәr bir tәhlükәdәn asudә olarsınız.”

 

Yusif әmi hambala dedi ki, "İmperial" mehmanxanasına gedәcәyik. Orada gecәsi iki manata bir otaq tutduq. Gecәni yatıb istirahәt etdik. Sәhәr tezdәn mehmanxanadan çıxıb, hәmvәtәnlәrimizdәn birinә rast gәlib, Tiflis maşınının nә vaxt hәrәkәt edәcәyini ondan soruşduq. O dedi ki, biri indi hәrәkәt edәcәk, biri dә axşam. Gördük ki, indikinә çatmarıq. Ona görә dә qәrara gәldik ki, axşam maşınını gözlәyәk, hәm dә şәhәri yaxşı-yaxşı gәzәk. O hәmvәtәnimizin adını vә vilayәtini soruşdum.

 

“Dedi adım Әlidir, özüm dә lәnkәranlıyam.”

 

O da öz növbәsindә mәndәn soruşdu:

 

“Bәs siz haradan tәşrif gәtirirsiniz?”

 

“Misirdәn gәlirik,” -- dedim.

 

“Mәn dә bir müddәt Misirdә olmuşam,” -- dedi.

 

Hәtta bәzi adamların әhvalından xәbәr tutdu.

 

Dedim:

 

“Qәribәdir, burada hara baxırsan iranlıdır. Özü dә hamısı pәrişan, hamısı fәlakәtlә әlbәyaxa! Mәlum olur ki, hamısı yoxsuldur.”

 

“Bәli,” -- dedi. -- “Burada iranlı çoxdur. Bu gün bazar günü olduğuna görә hәr yerdә tәtildir. Buraya toplaşanların çoxu sabah işdә olar.”

 

“Nә iş görürlәr,” -- deyә soruşdum.

 

Cavab verdi:

 

“Hamısı fәhlә vә hambaldır. Qırx-әlli nәfәri dә tabaqçı, aşpaz vә alverçidir. Qalanı avara-sәrgәrdan, gündәlik çörәyinә möhtac bәndәlәrdir.”

 

“Bәyәm nә qәdәrdilәr?”

 

“Dörd-beş min nәfәr olar,” -- dedi.

 

Öz-özümә dedim: "İlahi, cәlalına çox şükür. Bu kiçik şәhәrdә dörd-beş min nәfәr iranlı var. Hamısının da vәziyyәti pәrişan".

 

Müsahibim dedi:

 

“Ağayi-mәn, bu nә fәrmayişdir? Qafqazın bütün şәhәrlәri, qәsәbәlәri, hәtta kәndlәri bu kimi iranlılarla doludur. Hәlә burada başqa yerlәrә nisbәtәn azdır.”

 

“Bәs İran dövlәti bunlara niyә icazə verir ki, vәtәnlәrini tәrk etsinlәr?”

 

“Allah atana rәhmәt elәsin,” -- dedi. -- “Elә bil o dünyadan gәlmisәn. Nә qoymusan, nә axtarırsan? Әvvәla İranda әmin-amanlıq yoxdur, iş yoxdur, çörәk yoxdur. Daha bu yazıqlar nә elәsinlәr. Bәzisi hakimlәrin özbaşınalığından, bir parası bәylәrbәyi, darğa vә kәtxudanın zülmündәn baş götürüb qaçıblar. Bu alçaqlar birindә beş şahı pul görәn kimi o saat min hiylә vә bәhanә ilә ona papuş tikirlәr. Birinә deyirlәr: sәnin qardaşın sәrbaz idi, qoşundan qaçıbdır. O birinә bәnd olurlar ki, әmioğlun neçә vaxt qabaq çaxır içib vә ya qohumlarından biri qumar oynayıbdır.  Hәtta qonşunu tutub qonşusunun etmәdiyi günah üstündә cәrimә edirlәr. Әgәr bu bәhanәlәr onların mәqsәdini tәmin etmәsә, onda özünә mnn    cür töhmәt vә iftira atacaqlar. Buna görә dә xalq cәlayi-vәtәn edib, Osmanlı ölkәsinә, Rusiyaya, Hindistana gedir. Bu ölkәlәrdә dә sәfirlәrin, konsulların, onların haramxor adamlarının әlindәn asudә deyillәr. Burada gördüyün o yazıq ayaqyalınlar hәr gün sәhәrdәn axşamadәk günün istisi altında palçıq daşıyır, fәhlәlik elәyirlәr. Kafәrin dә onlara rәhmi gәlir. Ancaq bu sәfirlәr, konsullar vә onların maaşsız-donluqsuz nökәrlәri biçarә iranlıları rәhmsizliklә soyur, hәrәsindәn ildә dörd min manat tәzkirә pulu alırlar. Eşitdiyimә görә, İstambulda vә Osmanlı ölkәsinin sair yerlәrindә iranlılara bundan da çox zülm olunur. Konsullar iranlılardan aldıqları pulun hesabına sәfirliyin bütün xәrclәrini ödәyirlәr. Әslindә konsulların İran tәbәәlәrini soymaqdan başqa bir vәzifәsi yoxdur. Sәfirlәr konsulluq rütbәsini bir növ icarәyә verirlәr.”

 

Bu fәhlәlәrdәn biri öldükdә, azdan-çoxdan bir şeyi olarsa, cәnazәsinin başında hamıdan әvvәl konsulxana mәmurları hazır olur. Onlar özlәrini ölünün hәqiqi varisi hesab edirlәr. Әgәr ölәn yoxsul olsa, cәnazәsi üç günlәrlә yerdә qalsa da, o tәrәfә dolanan olmaz. Gәrәk bu bәdbәxt muzdur fәhlәlәrin özlәri pul toplayıb, meyidi dәfn etsinlәr.

 

Hal-hazırda hәmin Batum şәhәrindә qırx-әlli nәfәr günahsız iranlı zindanda yatır. Konsul bu haqda heç bir mәqamdan sorğu-sual etmir, etsә dә ruslar onun sözünә etina etmәyәcәk, deyәcәklәr ki, rüşvәt aldığın üçün onu buraxdırmaq istәyirsәn. Ruslar konsulların öz tәbәәlәri ilә necә rәftar etmәlәrindәn baxәbәrdirlәr. Hәm dә bilirlәr ki, konsulun, hәtta ondan yuxarıda oturanların güzәranı bu bir ovuc әlsiz-ayaqsız rәiyyәtdәndir. Rәiyyәtin hüququnu qorumalı olan bu cәnablar özlәri onları çapırlar. Daha belә olduqda әcnәbidәn nә gözlәmәk olar?

 

Dedim:

 

“Görünür, İran dövlәtinin bunların rәftarından xәbәri yoxdur. Gәrәk tәbәәlәr özlәri әrizә yazıb, zalimlәrdәn şikayәt elәsinlәr.”

 

Dedi:

 

“Vallah, dövlәt mәndәn dә yaxşı bilir, necә yәni bilmir? Bir halda ki, dövlәt öz xarici mәmurlarına maaş vermәyә, әksinә, külli mәblәğ dә әlindәn ala, әlbәttә, onu heç vaxt sorğu-suala çәkib deyә bilmәz ki, nә üçün bunu belә elәdin, onu elә elәdin.”

 

Osmanlı ölkәsi vә Rusiyada gördüyün konsulların hәr birindәn iki-üç min alıb, bu yerlәrә göndәriblәr. Bunlar da gәrәk bircә ilin әrzindә verdiklәrinin beş-altı bәrabәrini biçarә rәiyyәtin dәrisindәn çıxarsınlar.

 

Bәli, bu, ilk kәdәrli hadisә idi ki, Batumda sәyahәt zamanı onun şahidi oldum. Ürәyim qәmdәn sıxıldı. Hey ah idi ki, bilaixtiyar ürәyimin tәkindәn çıxırdı. Pәrişanlıq üzündәn Batumda nә qәdәr gәzdiyimizi hiss etmәdim. Kefim yaman pozulmuşdu. Nәhayәt, günü başa çatdırdıq. Qatarın hәrәkәt vaxtına az qalırdı. Tiflisә getmәk üçün iki dәnә birinci dәrәcәli bilet aldıq. Hәr biletin qiymәti on dörd manat oldu. Bir manat da Әliyә әnam verib, onunla vidalaşdıq.

 

Yolun yarısını gecә ikәn keçdik. Sәhәrә yaxın bir neçә tunelә rast gәldik. Burada uca dağların qәlbini cәsarәtlә deşib yol açmışlar. Qatar yerin altından keçirdi. Öz-özümә düşündüm ki, bu bәşәr övladı nә böyük qüdrәtә malikdir. Bir tәrәfdәn belә nәhәng dağların bağrını on kilometrlәrlә yarır, o biri tәrәfdәn bir şәhәri bir parça dәmirә bağlayıb, neçә dәqiqәnin içindә dağın bu tәrәfindәn o biri tәrәfinә keçirir. Bu kimi fikirlәrә dalmışdım. Özümә gәldikdә ixtiyarsız olaraq dedim: "İnsanların hümmәti dağı yerindәn qoparar".

 

Vaqonumuzda bir ermәni dә var idi. Ona dedim:

 

“Hәndәsә elmi qәribә möcüzәlәr elәyir. Bu uca dağların bağrını yarmaq, bu böyüklükdә maşını oradan keçirmәk üçün böyük hünәr, hәdsiz-hesabsız mәxaric lazımdır.”

 

“Bәli, böyük hünәrdir,” -- dedi. -- “Çoxlu vәsait dә xәrc olunubdur. Ancaq keçәn il hökumәt hәmin dәmiryoldan, mәxaricindәn әlavә, on altı milyon manat mәnfәәt dә götürdü. Bunlardan әlavә, bu gördüyün yerlәrin hamısı bir müddәt әvvәl әkinsiz çöllәr idi, yaşayışdan xәbәr yox idi. Div dә buradan keçmәyә cәsarәt etmәzdi. İndi Bakının qara neftinin bәrәkәtindәn hәr il xaricdәn bu ölkәyә neçә milyon manat pul axıb gәlir. Elә bunun üçün dә hәr neçә addımda abad bir qәsәbә vә kәnd görürsәn. Sizin İran torpağında da bu kimi mәdәnlәr vә qazanc mәnbәlәri çoxdur. Amma dövlәtin xәbәrsizliyindәn, millәtin tәnbәlliyindәn ölkәnizin torpağında yatmış o tükәnmәz xәzinәlәr әl dәyilmәmiş qalır. Elә buna görә dә sizin hәmvilayәtlilәr zәlil-sәrgәrdan vәziyyәtdә baş götürüb xarici ölkәlәrә qaçır, orada fәhlәlik, hamballıq, palçıq daşımaq kimi alçaq işlәrlә başlarını girlәyirlәr. Onların çoxu bir neçә vaxtdan sonra dilәnçi kökünә düşüb, ona-buna әl açmaq mәcburiyyәtindә qalır.”

 

Doğrusu, bu mәzәmmәtli sözlәr ox kimi ürәyimә sancıldı. Nә elәyim, dava elәmәk yeri deyil. Әlacsızlıq üzündәn durub vaqonun bir guşәsinә çәkildim. Qüssәnin şiddәtindәn yaxamı qurtarmaq üçün başımı yastığa atıb yatdım. Bir vaxt gördüm ki, Yusif әmi mәni yuxudan oyadır:

 

“Bәy, dur tamaşa elә, Tiflis görünür.”

 

Durdum. Bir az sonra qatar dayandı. Mәlum oldu ki, mәqsәdә çatmışıq. Qatardan düşdük. Çamadanlarımızı hambal götürüb faytona qoydu. Faytonçuya dedim bizi "London" mehmanxanasına aparsın. Ona görә ki, Batumda lәnkәranlı Әli tapşırmışdı ki, bu mehmanxanaya düşәk.

 

Mehmanxanada gecәsi dörd manata bir otaq tutduq. Әl-üzümüzü yuyub tәmizlәdikdәn sonra Yusif әmiyә dedim ki, çıxaq bazara, bәlkә bir iranlı aşpazı tapıb, bir şey yeyәk.

 

Şәhәrә çıxdıq. Mәşhur "Şeytanbazar"da bir neçә yemәkxana gördük. Hamısı pinti vә iyrәnc idi. Hamısının mis qabları qaralmışdı, dükanlardan pis iy gәlirdi. Nәhayәt, bir çilovpәz dükanına çatdıq. Әlacsızlıqdan dükana girib çilov-kabab istәdik. Gәtirdilәr. Әlimiznәn yedik. Tәmizlikdәn vә sәliqәdәn әsәr belә yox idi. Yemәkdәn sonra çıxıb şәhәri gәzmәyә başladıq. Buradakı iranlıların vәziyyәtini Batumdakılardan daha pәrişan gördüm. Demәk olar ki, hamısı inşaat işlәrindә işlәyir, muzdurluq edir, ya da küçәlәri daşla fәrş etmәklә mәşğuldurlar. Onların әlacsızlıq üzündәn ağır әmәk şәraitinә dözmәlәrini, pәrişan halını görmәkdәn ürәyim qan oldu. Sözün qısası, bu ölkәlәrdә bütün ağır vә alçaq işlәr iranlıların öhdәsindәdir. Yolda rastlaşdığım bir hәmvilayәtlidәn soruşdum:

 

“Bәs burada iranlı tacir yoxdur?”

 

“Nә üçün yoxdur,” -- dedi. -- “Xәlәtov, Baronbәyov vә sair karvansaralarda çoxlu iranlı tacir var.”

 

O karvansaraların yolunu soruşub, haman sәmtә getdik. Karvansaraya daxil olan kimi diqqәtlә hәr tәrәfi nәzәrdәn keçirmәyә başladım. Gördüm bir parası mağazalarda öz әtrafına neçә top qanovuz, Hәmәdan, Brucird çiti, Yәzd qәdәyi, Nain bezi düzüb oturub. Bu vaxt kimsә mәni adımla sәslәdi: "İbrahim bәy! İbrahim bәy!"

 

Ayaq saxladım. Bir kişi mәnә tәrәf qaçıb gәldi vә salam verdi. Mәn onun salamının cavabını verdim.

 

“Yәqin ki, mәni tanımırsan,” -- deyә soruşdu.

 

“Gözümә şirin gәlirsiniz. Ancaq yaxşı xatırlaya bilmirәm ki, harada sizin qulluğunuzda olmuşam.”

 

“Misirdә,” -- dedi. -- “Neçә il bundan qabaq müqәddәs Mәkkәnin ziyarәtindәn qayıdan baş Qahirәyә gәlmişdim. Hacı Mirzә Mәmmәdrәfi Müşkinin ticarәtxanasında sizinlә görüşmәk şәrәfi mәnә nәsib oldu. Gecәni dә onun evindә qonaq qaldıq.”

 

“Ola bilәr,” -- dedim.

 

Bizi öz dükanına apardı. Söhbәt әsnasında dedim:

 

“Deyәsәn, burada iranlı çoxdur. Maşallah, hәr tәrәfә baxırsan bir iranlı görürsәn. Ancaq, tәәssüf ki, çoxunun halı olduqca fәlakәtli vә pәrişandır.”

 

“Bәli, burada çox iranlı var,” -- deyә müsahibim cavab verdi.

 

“Nә qәdәr olarlar,” -- deyә soruşdum.

 

“Deyirlәr Qafqazda altmış min nәfәrә yaxın olar.”

 

“Bunların cәlayi-vәtәn edib, qürbәtdә qalmalarının sәbәbi nәdir? Axı nә üçün bu qәdәr adam axışıb xarici ölkәlәrә gәlir, niyә bu әzab-әziyyәt, mәşәqqәt vә tәhqirә dözürlәr?”

 

“Sәbәbi aydındır,” -- dedi. -- “İran mәmlәkәtinin gәliri azdır, xalq işsizdir.    Güclülәr gücsüzlәrә zülm edirlәr. Rәiyyәt sahibsizdir. Bütün bunları bircә tümәn  tәzkirә  pulu almaq tamahı ilә sualsız-cavabsız buraxıb xarici ölkәlәrә axıdırlar. Bir adam yoxdur ki, bunlardan soruşsun: haraya gedirsәn vә nә iş görcәksәn? Elә buna görә dә sәrhәddә yaxın qәsәbә vә kәndlәrdәki qәbristanlıqlarda baş daşında kişi adına çox az rast gәlmәk olur. Hamısı qadın adıdır. Sanki qadınlar ölkәsidir.”

 

“Bәs bunların içindә başqa peşә sahibi yoxdur? Elә deyәsәn hamısı fәhlәdir,” -- deyә soruşdum.

 

“Eh, kaş hamısı fәhlә olaydı. Çox vaxt oğurluq da elәyir, cibә dә girirlәr. Min cürә rüsvayçılıq törәdirlәr. Onların da xәcalәtini biz çәkirik.”

 

Tәәccüblә soruşdum:

 

“Bәs konsul nә karәdir. O nә üçün işә qarışmır?”

 

“Allah atana rәhmәt elәsin! Konsulun dörd manat tәzkirә pulu, onun bir neçә bәrabәrini rüşvәt vә cәrimә adı ilә almaqdan başqa bir işi yoxdur. Biri ölәndә dә әgәr bir şeyi olsa, o da konsulunkudur.”

 

“Bu altmış min nәfәrin tәzkirә pulu böyük mәblәğ olur,” -- dedim. -- “Görünür, hamısı dövlәtә çatır.”

 

“Dövlәtin heç bir şeydәn xәbәri yoxdur. Heç o pulun bircә şahısı da dövlәtin cibinә girmir. Konsuldan ancaq işә tәyin olunduğu gün peşkәş ünvanı ilәәyyәn mәblәğ alınır. O da vәzirlәrin vә sәfirlәrin malı olur. Dövlәtә çatan ancaq bütün bu işlәrin bolluca mәsuliyyәti vә lәnәtidir. Hәr konsul harada könlü istәsә öz bildiyi qәdәr tәzkirә çap edib satır. İndi daha iranlılarla kifayәtlәnmәyib, xarici tәbәәlәrdәn olan hәr bir oğruya, quldura vә xәspuşa bir-iki manat artıq pulun müqabilindә tәzkirә verirlәr. O da gedib iranlı adı ilә hәr cür xәyanәtә vә cinayәtә әl qatır. Rus hökumәti tәrәfindәn yaxalananda da ilk axtarışda mәlum olur ki, onun pasportu saxtadır. Onda gör әcnәbi dövlәtin yanında İran hökumәtinin heysiyyәti necә aşağı düşür. Daha bundan sonra o konsulun әcnәbi yanında nә kimi qәdr-qiymәti olar?”

 

Söhbәtimiz buraya çatanda gördüm ki, hamısı qәmli vә kәdәrlidir. Ürәyim sıxıldı. Söhbәtimizin mövzusunu dәyişdim, ticarәtdәn, alverdәn söz saldım:

 

“Sizin ticarәt vәziyyәtiniz necәdir, vәtәndәn nә kimi әmtәәlәr vә mallar gәtirirsiniz?”

 

“Elә bu Hәmәdan, Brucird çiti, Milan, Tәbriz qanovuzunu gәtirib burada satırıq,” -- dedi. -- “Bu malların bazarı da әvvәlkilәrә nisbәtәn çox kasadlanıbdır. Bundan qabaq ildә bu mallardan neçә min yük gәtirib, bu tәrәflәrdә satırdıq. Ancaq indi keçmiş zamanların heç yüzdә biri qәdәr dә satılmır. O qәdәr qәlp mal buraxdılar, cinsin rәngindәn, ipәyindәn o qәdәr oğurladılar ki, daha indi bir kәs rәğbәt elәyib, bu malların heç üzünә dә baxmır. Çox keçmәz daha bunların istehsalı tamamilә yığışdırılar. Onda gәrәk biz Moskvanın ipәk mallarını alıb İrana göndәrәk.”

 

Mәn özüm ticarәtlә mәşğul olduğum bu az müddәt әrzindә bir çox rus tanıyıram ki, cüzi sәrmayә ilә toxuculuqa başlayıb, üç-dörd ilin içindә düzlük, doğruluq nәticәsindә hәr biri milyon sahibi olubdur. Bu gün әksinә, bir çox iranlı da tanıyıram ki, hәrәsi böyük bir sәrmayә ilә buraya gәlib, on-iyirmi il zәhmәtdәn sonra iflasa uğrayıbdı. Ona görә ki, biz milli vә ümumi mәnfәәti heç vaxt mülahizә elәmirik. Ölkәnin әmtәәsini özümüzün beş günlük, müvәqqәti xeyrimiz üçün saxtalaşdırırıq.

 

Bunu birdәfәlik bilmirik ki, әyri yük mәnzilә çatmaz. Bir neçә vaxt keçdikdәn sonra o malın qәlp olduğu üzә çıxır, hamının gözündәn düşür, istәr-istәmәz alıcısı olmadığına görә istehsalı birdәfәlik yığışdırılıb aradan gedir. Onda bu müvәqqәti mәnfәәtin zәrәrini bütün hәmvәtәnlәr çәkir. İndi, dediyim kimi, Tiflisdә İran malı, demәk olar ki, tamamilә gözdәn düşübdür. Elә buna görә dә bütün iranlıların arasında on min tümәn sәrmayәsi olan tacir az tapılar. Hamı Әlinin börkünü Vәlinin başına, Vәlinin börkünü Әlinin başına qoymaqla mәşğuldur. Bu xoşagәlmәyәn vәziyyәtin dә ümdә sәbәbi yenә dә hökumәtin sәhlәnkarlığı, mәmurların rüşvәtxorluğudur. O böyük ölkәni xaraba qoyan bu iki mәnhus amilin bәrәkәtindәn heç bir qayda-qanun orada baş tutmur.

 

Doğrusu, gördüm artıq bu kimi sözlәri eşitmәyә taqәtim yoxdur. Söhbәti qurtarmaq üçün soruşdum:

 

“Bakı qatarı nә vaxt hәrәkәt elәyir?”

 

“Axşam çağı,” -- dedi. -- “Ancaq sizi getmәyә qoymayacağam. Bu gecәni bizә qonaq olmalısınız.”

 

Çox üz vurdu. Qәbul etmәdim, üzr istәdim:

 

“İltifatınıza görә tәşәkkür edirәm. Qala bilmәrik, getmәliyik,” -- dedim. Sonra vidalaşıb, birbaşa mehmanxanaya getdik.

 

Hәәnd ki, Tiflis böyük, tamaşalı şәhәrlәrdәn biridir. Ancaq bu söhbәtlәrdәn o dәrәcәdә kәdәrlәndim ki, bütün dünya gözümdәn düşdü, heç bir şeyi görmәk hәvәsi mәndә qalmadı. Bir az yatdım. Qatarın hәrәkәtinә az qalmış durub mehmanxananın hesabını verdim. Bir bәlәdçi götürüb yola düşdük. Bütün yolu vәtәndәn avara düşüb qürbәtdә tam fәlakәt vә zildәtlә gün keçirәn millәtimin pәrişan halı haqqında düşünürdüm. Hey papiros çәkir, köksümü ötürürdüm. Nәhayәt, tәәssüratımın şiddәtindәn öz-özümә dedim: "Gәrәk bundan sonra vәtәnin vәziyyәtini soruşmaqdan, hәmvәtәnlәrimin әhvalını yazmaqdan vaz keçәm. Çünki hamısı ancaq qәm-qüssә gәtirir". Sonra atamın vәsiyyәti yadıma düşdü. Gördüm әlacım yoxdur, yazmalıyam.

 

Sabahısı gün ikindi çağı çox gec Bakıya çatdıq. Bir baş "Qafqaz" mehmanxanasına getdik. Bu mehmanxanada mәnzil kirayәsi ucuz idi, hәr günü bir manat idi. Ancaq çox çirkli idi. Xidmәtçilәri dә olduqca kobud idilәr. İki gecәdәn artıq qalmalı olmadığımıza görә başqa yerә köçmәk istәmәdim. Mehmanxanadakıların әksәriyyәti müsәlman idi. Hәr kәs öz mәnzilindә xörәk hazırlayır, kabab bişirirdi. Bәzilәri tiryәk dә çәkirdilәr. Yusif әmiyә dedim:

 

“Gedәk bir az şәhәri gәzәk. Hәm dә bәlkә bu andıra qalmış tiryәkin zәhlәtökәn iyindәn canımız qurtarsın.”

 

Mehmanxanadan çıxdıq. Qapıda xidmәtçilәrdәn biri bizim qabağımızı kәsib dedi:

 

“Mәşәdi, nәqd pul, qiymәtli şeydәn-zaddan varınızdırsa, burada qoymayın. İşdi, oğurlansa biz cavabdeh deyilik.”

 

“Mәnzilin açarı cibimizdәdir,” -- dedim.

 

“Mәn açar-maçar bilmirәm. Sizә xәbәrdarlıq elәdim, vәssәlam.”

 

“Qorxma,” -- dedim, -- “bizim bir neçә köynәk-tumandan savayı bir şeyimiz yoxdur. Nә tacirik, nә dә sәrraf.”

 

Ancaq xidmәtçinin bu halәti mәni hәm tәәccüblәndirdi, hәm dә ona gülmәyim tutdu. Nә isә, mehmanxanadan çıxıb dәniz kәnarına getdik. Hәr tәrәfә baxdım, yenә dә Batumda olduğu kimi, hәmvilayәtlәrimizi gördüm. Dәstә-dәstә özlәrini günә verib  bitlәnirdilәr. Bizdәn bir qәdәr aralı bir dәstә adam toplaşdı. Sәs-küy ucaldı. Birini döyüb ucadan deyirdilәr: "Bu köpәkoğlu hәәrini vurun!"[3]. Çatan o adamı döyürdü. Mәn camaatdan soruşdum ki, bunun günahı nәdir, nәçidir vә nә üçün döyülür? Dedilәr iranlıdır, özü dә muzdurdur. Sahibi Bakı әhalisindәn olan bir müsәlmanın gәmisindә işlәyir. Onu vuranlar da gәmi muzdurlarıdır. Özlәri dә bu şәhәrin әhalisindәndirlәr.

 

[3] Bakıda iranlılara hәәri deyirlәr.

 

Dedim:

 

“Bәs bu necә müsәlmançılıq oldu ki, bir günahsız qәrib adamın üstünә әlli adam tökülüb vurur?”

 

Yanımda duran şәxs dedi:

 

“İranlıların haqqında çox rәhmsizdirlәr.”

 

İstәdim özümü ortalığa atım. Tәmkinli adama oxşayan hәmin şәxs mәnim qolumdan tutub dedi:

 

“Yaxın getmә, sәni dә onun kökünә salarlar. Görünür, siz bu şәhәrә tәzә gәlmişsiniz. Biz hәr gün bu kimi hadisәlәrin şahidi oluruq. Ürәyimiz od tutub yanır. Bizim bu cür zәlil, xar vә sәrgәrdan olmağımıza bais olanların cәzasını qoy allah özü versin.”

 

Bu da ürәynmin köhnә yaraları üstünә tәzә duz sәpdi. Öz-özümә deyinә-deyinә, allahın cәlalına şükür deyә-deyә limana tәrәf gedib, Uzunadaya gedәn gәminin nә vaxt yola düşәcәyini öyrәndim. Dedilәr bir gәmi sabah yola düşәcәk. Amma gәzәyәndir, birbaşa gedәn deyil, sahillәri dolaşıb yük, sәrnişin axtarandır. Başqa bir gәmi dә var ki, buradan birbaşa Uzunadaya üzür. Ancaq dörd gündәn sonra hәrәkәt elәyәcәk.

 

Düşündüm ki, dörd gün dәnizin üzündә qalmaq bu şәhәrdә oturub rәhmsiz, acizә qәnim adamları görmәkdәn yaxşıdır. Oradan tez qayıdıb mehmanxana xidmәtçisinә tapşırdım ki, bizim üçün gәmiyә iki bilet alsın. Sabah hәrәkәt etmәli idik. Tәzәdәn şәhәri gәzmәyә başladıq. Bu şәhәrdә bağ-bağça, gül-çiçәk yoxdur. Lakin çox hündür vә әzәmәtli imarәtlәri, mötәbәr ticarәt müәssisәlәri vardır. Bunların çoxu müsәlmanların vә ermәnilәrindir. Yer üzündәki mәdәnlәrin әksәriyyәtindәn daha az tanınmış bu qara neftin bәrәkәtindәn hәmin imarәtlәr göyә ucalmış, saysız-hesabsız sәrvәt toplanmışdır....

 

Deyildiyinә görә, Bakı müsәlmanlarından bir neçәsinin, o cümlәdәn Hacı Zeynalabdin Tağıyevin neçә milyon manatlıq var-dövlәti var. Onun müsәlmançılıq qeyrәti vә hәmiyyәti müsәlmanların iftixarına vә başının ucalığına sәbәb olubdur. Hamı onun adını hörmәtlә yad edir, haqqında tәriflә danışırlar. Deyirlәr tәbiәtәn xeyriyyә işlәrinә, müsәlmanların tәrәqqisinә vә maariflәnmәsinә böyük sәy vә hәvәs göstәrir. Özü dә müsәlmanların qeyrәtli vә hәmiyyәtli şәxsiyyәtlәrindәn biridir. Allah onun kimilәrin sayını müsәlmanlar içәrisindә daha da artırsın! Bakıda bir neçә nәfәr mötәbәr İran taciri dә var. Tanışlığım olmadığına görә onlarla görüşümüz olmadı. Yusif әmiyә dedim ki, daha bundan sonra İran sәfәri başlanır. Gәrәk qәnd-çay, yağ-düyü alaq. Bir pud sәdri düyüsü aldıq. Amma çox baha idi. Sәbәbini soruşdum. Dedilәr quraqlıq olduğuna görә İran dövlәti düyünü xaricә ixrac etmәyi bәrk qadağan edibdir. Ona görә dә iki ay olar ki, düyü azalıb vә qiymәti çox qalxıbdır.

 

Şәhәri gәzә-gәzә günü başa çatdırdıq. Mehmanxanaya gәlib bir qәdәr istirahәt etmәk istәdik. Ancaq taxtabiti, birәnin әlindәn gözümüzü yuma bilmәdik. Sәhәrәdәk ulduzları sayıb, oyaq qaldıq. Sübh tezdәn vahid allahın dәrgahına iki rikәt namaz qıldıqdan sonra özümüzü gәmiyә çatdırıb, çayı orada içdik. Günortaya üç saat qalmış gәmi yola düşdü. Sabahısı gün hәmin vaxt Әnzәli limanında lövbәr saldı. Hava olduqca gözәl idi. Gәmidәn çıxdıq. Bir tәrәfdәn gәminin yükünü boşaldır, o biri tәrәfdәn onu yüklәyirdilәr. Gәtirilәn tayların hamısı düyü idi. Sahildә körpü üstündә dayanmış bir şirvanlıdan soruşdum:

 

“Bakıda deyirlәr ki, İran dövlәti düyünü başqa ölkәlәrә ixrac etmәyi qәti qadağan edibdir. Bәs necә olub ki, bu qәdәr düyünü gәmiyә doldururlar?”

 

O cavab verdi:

 

“Rәhmәtliyin oğlu, İran dövlәtinin hökmü nә vaxt vә harada yerinә yetirilibdir ki, indi bu qadağan olunmaq hökmünә dә qulaq asan olsun. Doğrudur, Tehran tәkidlә qadağan edibdir. Ancaq vilayәtin hakimi dövlәtin әmrini qulağının ardına vurub, düyünün hәr kisәsindәn Rәştdә bir qran, Әnzәlidә on şahı rüşvәt alır vә xaricә aparmağa icazә verir. Hәr gәmidә min, iki-min kisә düyü aparırlar. Ancaq guya bunu görәn yoxdur.”

 

Gәmi bütün yükünü tutduqdan sonra axşam üstü yola düşdü. Sari, Mәşhәdsәr vә sair limanların hәr birindә dә neçә saatlarla mәәttәlçilik oldu. Bu limanlarda da bir neçә kәdәrli hadisәnin şahidi olub, keçdik. Nәhayәt, dördüncü gün Uzunadaya, oradan da Aşqabada çatdıq. Dayanmadan qırx beş manata dördatlı bir kalyaska kirә elәyib, uzun illәrdәn bәri ürәyimdә arzusunu bәslәdiyim müqәddәs Mәşhәdin    ziyarәti әzmi ilә yola düşdük. Ancaq Aşqabadda da hәmvәtәnlәrimi bundan әvvәl rast gәldiyim şәhәrlәrdә olduğu kimi gördüm. Gecә yolüstu karvansaralardan birindә qaldıq. Sәhәri yenә dә yolumuzu davam etdirdik. Uzun mәsafә keçdikdәn sonra Xorasan torpağının bir hissәsi olan İran-rus sәrhәddinә gәlib çatdıq. Aşqabad tәrәfindә ruslar uca vә әzәmәtli imarәtlәr tikib, hәr tәrәfә qarovul qoyublar. Yarım saata qәdәr bizi saxlayıb, pasportlarımıza vә vәsiqәlәrimizә qol çәkdilәr. Sonra sәrhәddi keçmәyә izin verdilәr. Tәxminәn on dәqiqәlik bir mәsafәni keçdikdәn sonra bir sıra әlamәt vә nişanları olan nöqtәyә gәlib  çatdıq. Kalyaskaçımız әli ilә işarә edib dedi:

 

“Bu nişanların o tәrәfi İran torpağı, bu tәrәfi isә ruslarındır.”

 

Mәn kalyaskaçıya dedim:

 

“Bir qәdәr saxla, işim var.”

 

O, elә zәnn etdi ki, mәnim başqa işim var. Ona görә dә dedi:

 

“Bir az gözlә, su yaxındadır. Orada saxlaram.”

 

“Su lazım deyil,” -- dedim, -- “torpağınan işim var.”

 

Sürücü kalyaskanı әylәtdi. Mәn aşağı düşüb yerdәn bir ovuc torpaq götürüb öpdüm, iylәyib gözümә sürtdüm. Dedim: ey mәnim ağlar gözlәrimin dәrmanı olan pak türbәt, allaha şükür ki, sәni görmәk mәnә nәsib oldu. Sәni görmәklә gözlәrim işıqlandı. Sәn bütün möhtacların sığınacağı, babalarımızın әbәdi uyuduğu torpaqsan. Sәn öz nazlı qucağında bizlәri bәslәdin, bizi min mәhәbbәtlә boya-başa çatdırdım. Biz isә sәnin o tükәnmәz qayğı vә mәhәbbәtinin müqabilindә heç bir şey deyә bilmәrik. Ona görә ki, boynumuzda sәnin böyük haqqın var. Elә buna görә dә müqәddәs islam şәriәtinin banisi (ona vә onun övladına salam vә salavat göndәririk), sәni sevmәyi allaha inamla bәrabәr tutdu. Daha mәn sәnin tәrifindә nә deyim ki, yüksәk şәninә layiq olsun.

 

Qәhәrlәndim. Boğazım qovuşdu. İxtiyarsız olaraq göz yaşlarım axıb, o pak torpağın üzәrinә töküldü. Dәrdli könlümün arzuladığı kimi bir qәdәr sevinclә ağladım. Belә düşünürәm ki, bu ağlamağın  lәzzәti son nәfәsimәdәk mәnim könlümün әn әziz bir guşәsindә yadigar qalacaq. Kalyaskaçı hәdsiz heyrәtlә mәnә baxırdı.  O, dәrin tәәccüb vә heyrәtdәn  sonra dedi:

 

“Afәrin sәnә, Hacı oğlu! Mәn neçә ildir ki, bu yolda işlәyirәm, sәn birinci  adamsan ki, öz vәtәninin torpağını әziz tutdun. Mәnim dә ürәyim dağlıdır, mәn dә sәnin kimi dәrdliyәm. Gәncәliyәm. Mәnim dә sәnin kimi vәtәnә deyәcәyim ürәk sözlәrim, nisgillәrim var. Bizim ölkәmiz babalarımızın bacarıqsızlığından zәlil günә qaldı.... Nә etmәk olar? Әgәr İran dövlәti düz-әmәlli dövlәt olsaydı,    ölkәsindә qanun, nizam-intizam vә hüquq bәrabәrliyi olsaydı, rәiyyәtini  hakimlәrә keçi qiymәtinә satmasaydı, biz heç vaxt әcnәbilәrin hökmünә boyun    әymәzdik, hәr şeydәn әl çәkib, İrana köçәrdik.”

 

Әmi, adın nәdir,” -- deyә soruşdum.

 

“Abbasdır,” -- dedi.  

 

Bu sadә kişinin vәtәnpәrvәrliyinә min afәrin söylәdim.

 

Yolumuza davam etdik. On dәqiqәdәn sonra alçaq bir daxmaya çatdıq. Divarının dibindә üç-dörd nәfәr özlәrini günә verib, qәlyan çәkirdilәr. Uzaqdan bizi görәn kimi biri ucadan qışqırıb dedi:

 

“Ey, hәәri, biletlәrinizi gәtirin görәk!”

 

Kalyaskaçı üzünü mәnә tutub dedi:

 

“Bunlar İran mәmurlarıdırlar, tәzkirә pulu istәyirlәr.”

 

İrәli gedib salam verdim. Salamımı almadılar. Ancaq biri soruşdu:

 

“Neçә nәfәrsiniz?”

 

Dedim:

 

“Görürsünüz ki, iki nәfәrik. Daha buna sual-cavab nә lazım.”

 

“Onda iki tümәn ver,” -- dedi.

 

Bir söz demәdim. Cibimdәn iki tümәn çıxarıb verdim. Pulu alıb dedi:

 

“Yaxşı yol!”

 

Daha nә tәzkirәni istәdi, nә dә alıb qol çәkdi. Onun bu rәftarına çox tәәccüb etdim. Ancaq heç bir söz demәdim. Kalyaskanı sürüb buradan da sürәtlә keçdik. Gün batana yaxın kiçik bir kәndә çatdıq. Gecә yarısınadәk istirahәt etdik. Atlar da dincәldilәr. Gecә yarı yola düşdük. Sәhәr tezdәn hәlә gün çıxmamış Mәşhәd şәhәrinin iki ağaclığına çatdıq. Yol üstә bir neçә nәfәr seyidin әylәşdiyini   gördük. Mәlum oldu ki, ağalar ziyarәtçilәrә bәlәdçilik etmәk vә bir qәdәr mәdaxil әlә keçirmәk üçün pişvaza çıxıblar. Bizi görәn kimi әtrafımıza toplaşdılar. Hәr biri özünә mәxsus ifadә ilә bizә bәlәdçi olmalarını tәklif etdi. Onlardan birini çağırıb yanımızda yer verdim. Bir az yol getdikdәn sonra bulaq başına çatdıq. Aşağı düşüb çay içdik. Yusif әmi dә seyidin kömәyi ilә plov bişirdi. Çörәk yeyib yola düşdük. Әlbәttә, seyid dә bizim yanımızda әylәşmişdi.... Biz böyük hәvәs vә şövqlә şәhәrә daxil olub, bir baş bizi müşayiәt edәn seyidin evinә getdik. Bizim üçün bir otaq ayırdılar. Yük-yapımızı qoyub bir az dincәldik. Nahar yemәyindәn sonra paltar-qәtifә götürüb Yusif әmi vә seyidlә hamama getdik. İmamın pak qәbrini ziyarәt etmәk üçün tәmizlәnib, yol paltarını dәyişmәli idik. Hamama girәn kimi gәndab qoxusundan az qaldı boğulam. Çuxur bir yeri iylәnmiş su ilә doldurub, adını xәznә, yәni kür qoymuşdular. Suyu o qәdәr çirkli idi ki, tavus lәlәyi rәnginә çalırdı. Qoxusu az qala adamın beynini partladırdı. Elә burada mәnә mәlum oldu ki, bütün yoluxuçu xәstәliklәrin mәәyi hәmin xәznәlәrdir. Bu üç aydan qalmış iylәnmiş suda bir şәhәrin kor-keçәli, yaralı-xoralısı, arvadlı-kişili gecә-gündüz çimirlәr. Doğrudan da mәәttәl qaldım ki, nә üçün bu şәhәrin başçılarından vә ruhanilәrindәn biri  hәmin gәndablardan törәnәn min fәsad vә xәstәlikdәn agah deyil. Elә bilirlәr ki, "kür" sözü bütün bu eyiblәri yuyub aparır. Mәnim alәmimdә hәr kәs o suya kür desә, şәriәti tәhqir etmiş olar. Ona görә ki, müqәddәs şәriәt bizi hәmişә tәmizliyә çağırır. Bu qәdәr mәxluqun çirkinә vә kәsafәtinә bulanıb, rәngi vә qoxusu adamın zәhlәsini tökәn bir suya necә pak demәk olar? Misir vә Osmanlı kimi başqa  müsәlman ölkәlәrindә qüsl suyu әl dәyilmәz yerdә saxlanılır. Ondan ancaq kranlarla istifadә olunur. Adam bir tәrәfdәn qüsl etdiyi halda isti suyun yanında olan soyuq su kranını açıb, son dәrәcәdә saf, tәmiz suyundan içә bilәr.

 

Sözün qısası, hamama tәmiz gedib murdar qayıtdıq. Seyid hamamdan çıxan kimi dedi:

 

“Qoyun boxça hamamda qalsın, gedәk imamı ziyarәt eliyәk.”

 

“Yox,” -- dedim. -- “Gәrәk bu dәqiqә evә gedәk. Mәnim görmәli bir işim var. Ondan sonra ziyarәtә gedәrik.”

 

Evә çatan kimi dedim:

 

“Rica edirәm, buyur samovara od salıb gәtirsinlәr.”

 

“Çay vaxtı deyil,” -- deyә Seyid cavab verdi.

 

“İstәyirәm hamamın kirindәn tәmizlәnmәk üçün tәzәdәn çimәm,” -- dedim.

 

“Baba, boş yerә özünә әziyyәt vermә, xәznә kür olduğuna görә pakdır,” -- dedi.

 

“Sözüm yoxdur,” -- dedim. -- “Ancaq hәm çirkli idi, hәm dә qoxumuş idi.”

 

Suyu qızdırdıq, tәzәdәn yuyundum, paltarlarımı da dәyişdim. Özümә söz verdim ki, bir daha İranda hamama getmәyim. Sonra böyük şövqlә arzusunda olduğum sәkkizinci imamın qәbrini ziyarәt etmәk üçün evdәn çıxdıq....

 

Ziyarәti başa çatdırdıqdan sonra camaat namaz qılıb çıxdı. Tam iyirmi iki gün sәhәr, günorta vә axşam dünyalarca qiymәti olan bu şәrәfә nail olduq. Hәr gün eyni zamanda şәhәrin bir guşәsi ilә tanış olurduq. Bir gün dә seyidlә hәzrәtin xәstәxanasına getdik. Ancaq nә xәstәxana! Hәr bir xәstә oraya getsә, vә qәdәr ki, oradadır, xәstә olacaq. Demirәm, xәstәnin özü oradan qaça vә başqa bir yerdә allahın kәrәmi ilә şәfa tapa. Nә hәkim var, nә dәrman. Xәstәxanada tәmizlikdәn vә sair lәvazimatdan da bir iz-әsәr yoxdur. İnsafsız mütәvәllilәr hәr il bir bәhanә ilә xәstәxana xәrci hesabına imamın xәzinәsindәn külli miqdarda pul yeyirlәr. Seyidin dediyinә görә, imamın ziyarәtgahına vәqf olunan әmlakdan hәr il iki yüz min tümәndәn artıq mәdaxil әlә gәlir. Bu böyük sәrvәti dinsiz vә dәyanәtsiz müftәxorlar hәr cür bәhanә ilә әlә keçirib, bütünlüklәәri ötürürlәr. Halbuki heç onun bir noxudunda da haqları yoxdur. Misal üçün, ziyarәtә gәlәnlәrә qonaqlıq vermәk bәhanәsi ilә hәr gecә iki xalvar düyünün hәr bir lәvazimatı ilә plovunu bişirirlәr. Onun hamısı özünü müxtәlif bәhanәlәrlә imamın hәrәminә bağlamış varlıların vә onların qohum-qardaşlarının evinә gedir. Ziyarәtә gәlәnlәr vә möhtac qәriblәr aşın, plovun üzünü az-az görürlәr. Dövlәt başçılarının bir parası da bu talandan müxtәsәr pay almaqla kifayәtlәnir, özlәrini kәnara çәkib otururlar. Bu hәdsiz-hesabsız pullar mütәvәllibaşı vә onunla әlbir olanların cibinә tökülür. Hakimlәr dә bәzәn bu yağlı tikәyә әl atırlar. Hәr halda arada heç bir hesab-kitab yoxdur. Kim nә qәdәr istәyirsә o qәdәr oğurlayır. Nә sorğu-sual var, nә dә cәza.

 

Mәşhәdlilәr daşqәlblilikdә, demәk olar ki, misilsizdirlәr. Hәr söz başı da utanmaz-utanmaz yalandan imamın qәbrinә and içirlәr. Mәn özüm bazarda bir şey almaq istәdim. Әvvәlcә qiymәtini üç tümәn dedi. Hәm dә dörd dәfә and içib imamı yad etdi. Nәhayәt, haman şeyi yeddi qrana verdi.

 

Bunlardan daha pis, o sәrhәddә yaxın yerlәrdә sәrbazların acınacaqlı vәziyyәtidir. Onların halına baxıb, törәnәcәk nәticәni nәzәrә gәtirdikdә adamın bәdәnindә tüklәri biz-biz durur.

 

Günlәrin birindә seyidlә ziyarәtә gedirdik. Bir neçә nәfәr köhnә, rәngi qaçmış, kirli paltarla bizim qabağımızdan keçdilәr. Hәrәsinin başında bir cür yırtıq papaq var idi. Dabanları çirkdәn pinә bağlamışdı. Ancaq әllәrindә tüfәng var idi. Bәzisi әlli yaşlı qoca, bir parası da iyirmi yaşında cavan idi. Seyiddәn soruşdum:

 

“Deyәsәn bunlar fәhlәdirlәr. Bәs әllәrindәki bu tüfәnglәr nәdir?”

 

Seyid dedi:

 

“Ağa, bunlar dövlәt sәrbazlarıdırlar. Gecә Әrkdә qarovul durublar, indi әvәz olunub, bazara gәliblәr. Bu saat görәcәksәn ki, bunların hәrәsinin bir peşәsi var. Biri qәssabdır, o birisi pinәçidir, bәzisi sәrraf, bir parası da baqqaldır. Hәr birisi öz sәrhәnginә vә sәrtibinәәyyәn mәblәğ rüşvәt verib, alver elәmәk üçün izin alır.”

 

Bu sözlәri eşidәndәn sonra bütün alәm gözlәrimin qarşısında qaraldı. Dәrindәn bir ah çәkib, öz-özümә dedim:

 

"Ey böyük yaradan, bunların hamısı Misirdә bu hәqiqәtlәri söylәyәn adamlarla nahaq yerә etdiyim davaların cәzasıdır ki, çәkirәm. O biçarәlәrin dediklәri bütünlüklә hәqiqәt olduğu halda mәn inanmırdım, özümdәn çıxırdım, acıqlanıb dalaşırdım, hamısının qәlbini incidirdim...."

 

Seyid sözünü davam etdirib dedi:

 

“Hәlә tәkcә belә olsaydı, dәrd yarı idi. Bu sәrbazlar kasıbkarlıqdan vә fәhlәlikdәn әlә gәtirdiklәri puldan rәislәrinin payını ayırdıqdan sonra әllәrindә qalanı tiryәkә verib çәkirlәr.”

 

Başımdan tüstü qalxdı:

 

“Bu sәrbazlar yerlidirlәr, ya İranın başqa yerlәrindәn gәliblәr,” -- deyә soruşdum.

 

“Qәribdirlәr,” -- dedi. -- “Bunlar Xalxal vә Meşkin qoşunlarındandır. Şәhәr kazarmasını qoruyurlar. Özlәri dә iki-üç ildәn bir dәyişilirlәr.”

 

Sonra Seyid dedi:

 

“Ağa, ziyarәtә gәlәnlәrin çoxu burada qaldıqları müddәtdә mütә siğәsi elәyirlәr. Әgәr sizin dә meyliniz varsa, deyin, mәn tәdarük görüm.”

 

Әgәr and içsәn ki, iddәsi başa çatıbdır, eybi yoxdur, siğә edәrәm,” -- dedim.

 

Seyid pәrt oldu:

 

“Sәn öz nәfsini sakitlәşdirmәk üçün siğә elәyirsәn, daha mәnә nә düşüb ki, burada bir and da içim,” -- dedi.

 

“Demәli, mәlum olur ki, siz özünüz dә xatircәm deyilsiniz. Belә olduqda mәn Firәngistanda da xilafi-şәr bir iş görmәmişәm, bu müqәddәs yer vә pak torpaqda nә üçün günaha batım?”

 

Allaha pәnah! Mәn eşitmişdim ki, bir para pis әmәl sahiblәri müqәddәs Mәşhәd şәhәrindә bu kimi haram işlәrlә mәşğul olurlar, amma inanmırdım. Heyf!

 

Sözün qısası, iyirmi iki gün müqәddәs Mәşhәd şәhәrindә qaldıqdan sonra Yusif әmiyә tapşırdım ki, Tehrana sәfәr etmәk üçün tәdarük görsün. Yusif әmi dedi:

 

“Bәy әfәndim, yola çıxandan bәri mәn sizdәn heç bir xahiş elәmәmişәm. Әvvәla, sizdәn artıq dәrәcәdә razıyam. Ona görә ki, sizin xidmәtinizdә iki dünyanın xoşbәxtliyinә sәbәb olan bu pak türbәtin ziyarәti feyzinә nail oldum. İndi sizdәn bircә tәmәnnam var. Rica edirәm onu nökәrinizdәn qәbul edәsiniz.”

 

“Buyur,” -- dedim.

 

“Gәl mәnim sözümә qulaq as, elә gәldiyimiz yolla Misirә qayıdaq,” -- dedi. -- “Mәn sizin xasiyyәtinizә yaxşı bәlәdәm. Bu ölkәdә hәr gün bir xoşagәlmәyәn hadisәyә rast gәlib, qüssә elәyirsәn. Qorxuram, allah elәmәmiş, xәstәlәnib elәyәsәn. Onda mәn sәnin anana nә cavab verәrәm? İranın bir hissәsini gördünüz. Tehran da Xorasanın tayıdır. "Bir ovuc bir xalvarın nümunәsidir" demişlәr. "İlin yaxşı-pisi yazından bәllәnәr". Tehranda sәnin könlünü açan bir şey görmәyәcәksәn.”

 

Mәn Yusif әminin xahişini rәdd etdim:

 

“Yusif әmi, özün bilirsәn ki, hәr şeydәn keçәndәn sonra mәn indiyәdәk atamın vәsiyyәtinә görә sәnә hәmişә hörmәt elәmişәm, sәni atamla bәrabәr tutmuşam. Xahiş edirәm, bu barәdә mәnә әsla mane olmayasan. Mәn öz әzmimdәn dönmәyәcәyәm. Qorxuram atamın vәsiyyәti xilafına rәftar etmiş olam. Bu sәyahәt ancaq mәnә mәxsusdur. Özüm Tehrana getmәyincә, nazirlәrin vә dövlәt başçılarının xidmәtinә çatmayınca, onların dünyadan xәbәrsizliyi, millәtin halının pәrişanlığı vә mәmlәkәtin viran qalmasının sәbәblәrini öyrәnmәyincә ürәyim sakitlәşmәz. Ya gәrәk bu yolda başımı qoyam, ya da hәmin xoşagәlmәyәn vәziyyәtin sәbәbini öyrәnәm, vәssәlam.”

 

Yazıq Yusif әmi әlacsız qalıb, heç bir söz demәdi, sakit dayandı.

 

At kirә elәmәk üçün seyidlә birlikdә şәhәrin kәnarına getdik. Qәzvinli Hacı Hüseyn çarvadardan iyirmi tümәnә üç at tutduq. İkisi minik üçün, biri dә yük-yapımızı çatmaq üçün idi. Bunlarla iki gündәn sonra Tehrana gedәcәydik. Sabahı gün imamın pak hәrәminә gedib, vidalaşma ziyarәtnamәsi oxuduq. O hәqiqi behiştdәn tam hәsrәtlә çıxıb, ayaqqabı gözәtçisinә bir tümәn verdim. Seyidin evinә qayıtdıq. Şeylәrimizi yığışdırdıq. Atları da çarvadar gәtirdi. Saat da xoş idi. Haman gün şәhәrin kәnarında karvanın toplaşdığı yerә getdik. Seyid dә bizi orayadәk  yola saldı. Şamı bizә qonaq oldu. Ona da üç qızıl verib, vidalaşdıq. Bu sәfәrdә qanım  elә qaraldı ki, atamın vәsiyyәti dә yadımdan çıxdı. O demişdi ki, hәr şәhәrdә bir-iki nәfәr yaxşı dost-aşna tap. Әslinә baxsan, bu  şәhәrin әhalisi arasından dost tapmaq asan iş deyildi. Onlarda elә bir insaniyyәt görmәdim. Elә bil insaniyyәt qanı damarlarında donmuşdu.

 

Özlәrinin bir tümәn mәnfәәti üçün millәtin, hәmvәtәnlәrinin vә din qardaşlarının yüz tümәn zәrәrinә can-dildәn razı idilәr. Әslәn ümumi mәnafe, vәtәnin şәrәfi,   dövlәtin heysiyyәti ölkәnin abadlığı haqqında heç düşünmәk belә istәmirdilәr.    Hakim dә, mәhkum da, rәis dә, mәmur da, alim dә, cahil dә, tacir dә, dükançı da -- hamısı öz fikrindә idi. Qәribә vasitәlәr vә yollarla pul qazanmağa, sәrvәt toplamağa can atırdılar. Belә olduqda, onların dostluğuna vә sәdaqәtinә necә bel bağlamaq olardı? Hәr cür ticarәt üçün әlverişli olan müqәddәs Mәşhәd şәhәrindә bircә dәnә dә olsun kompaniya vә şirkәtә rast gәlmәdim. Halbuki sәrvәt sahiblәri az deyil. Yerli mәhsullardan isә xalı, tiryәk, pambıq vә sair әmtәәlәr,   maşallah olsun, çoxdur. Elә onların bir-biri ilә әl-әlә vermәmәsi aralarında olan nifaqa sübut sayıla bilәr. Amma, adamın allahı var, vәtәn әmtәәsi vә mәhsullarını saxtakarlıq edib korlamaqda böyük hünәr sahibidirlәr. O ki, xalçadı, onları qırmızı vә bәdәl rәnglәrlә  korlayıblar.  Tiryәkә dә ki, un vә  çiriş qatırlar. Bunlara әl çatmasa, torpaq ki, hәr yerdә var! Hökumәt neçә dәfә bәdәl rәnglәri qadağan elәdi. Qәti şәkildә әmr etdi ki, tiryәkә başqa şeylәr qatmasınlar. Yenә dә fayda vermәdi. Ona görә ki, dövlәt mәmurları rüşvәt alıb, qadağan qaydasını pozdular. Hәr şeydәn betәri bu ölkәdә tiryәkliyin geniş yayılmasıdır. Kişili-arvadlı, cavanlı-qocalı bu öldürücü zәhәrә mübtәla olublar. Dükan-bazarda ayın-şayın tiryәk çәkirlәr. Elә buna görә dә nә kişilәrindә kişilikdәn bir әlamәt qalıb, nә dә arvadlarında qadınlıq tәravәti vә lәtafәti görünür. Hökumәt dә bu kimi mәsәlәlәrә әsla fikir vermir, çarәsi çox asan olan bu şiddәtli bәlanı aradan  qaldırmağa әl qatmır. Tәәccüblüdür ki, mәmlәkәtin ruhanilәri dә bu qatil zәhәri keflәndirici maddәlәrdәn hesab etmirlәr. Halbuki tiryәk adamı başqa nәşәlәndirici maddәlәrdәn daha bәrk sәrxoş edir. Deyirlәr, hәtta hәmin ruhanilәrin evindә (bunlar ülәma cildinә girmiş oğrulardır) tiryәk çay kimi dәbdәdir, onu hamı çәkir.

 

Mәşhәddә qaldığım günlәrdә ali mәscidlәrdәn olan Gövhәrşad mәscidindә on vaizin moizә mәclisindә oturdum. Hamısı bir qayda olaraq tәharәt vә qüsldәn danışırdılar. Qüsl vә ya tәharәt vaxtında sağ ayağı necә qoymaq vә ya sol ayağı nә vәziyyәtdә saxlamaqdan söhbәt edirdilәr. Hamısı cüziyyatdan bәhs edir, әsl mәsәlә tamamilә unudulmuşdur. Cahaddan, onun faydalarından, cahadın sәbәblәrindәn, vәtәni müdafiәdәn vә onun necә olmasından bircә söz dә deyilmir. Halbuki din düşmәni gәlib lap qapılarına çatmışdır. Xülasә, demәk olar ki, İrana Pişdadilәr zamanından bugünәdәk belә bir qәflәt, belә bir bәdbәxtlik üz vermәmişdir.

 

Sәhәr tezdәn yükümüzü çatıb, şәhәrin kәnarından bir qәm-qüssә karvanı ilә birlikdә yola düşdük. Neçә gündәn sonra kiçik bir şәhәr olan Sәbzivara çatdıq. Onun ticarәt malı ancaq pambıqdan ibarәtdir ki, o da Qafqaz ermәnilәrinin әlindәdir. Bunlar bir neçә maşın gәtirib, Misirdә vә sair mәdәni ölkәlәrdә olduğu kimi, pambığı taylara doldururlar. Sәbzivarda bircә gün qaldıq. Oranı da tәrk edib yola düşdük, bir neçә gündәn sonra Nişabura gәlib çatdıq. Şәhәrin girәcәyindә әzәmәtli bir mәscid var idi. Tamaşasına getdik. Mәscidin bu dünya kimi insandan xali olduğunu gördüm. Amma ortalıqda böyük bir xalı görünürdü: uzunluğu 14 arşın olardı. Bir qәdәr dә irәli getdikdә gördüm ki, xalının bir bucağında bir it yatıb. Dәrindәn tәәssüflәndim, ixtiyarsız olaraq mәni ağlamaq tutdu. İkiәlli başıma vurub dedim: ilahi! bu nә dözülmәz vәziyyәtdir, bu nә әsәfli haldır. Axı bu ölkәnin әhalisi üçün dindәn, şәriәtdәn nә qalıbdır?

 

Belә musәlmanların vay gününә.

Bu gündәn sonra bir sabah olarsa.

 

Mәscidin vәziyyәtini soruşdum, mәlum oldu ki, nә vaizi var, nә dә azançısı, namaz qılanlardan, camaatdan da bir xәbәr yox idi. Son dәrәcә dilxor vә naümid bir halda mәnzilә qayıtdım. Biçarә Yusif әmi mәni görәn kimi tәzә bir qüssә vә qanıqaralıq üz verdiyini duydu. O, mәnim nәlәr çәkdiyimi dәrk edir, ancaq susurdu. Mәn dә nә qәdәr tәәssüflәnib mütәәssir olduğumu ondan gizlәdirdim. Ürәyim qәm-qüssәdәn az qalırdı partlasın. Әlqәrәz, oranı da tәrk etdik. Bir neçә mәnzillik yol getdikdәn sonra Damğan şәhәrinә çatdıq. Bazara girәn kimi qәribә bir izdiham gördüm. Bir nәfәr әlini ağzına soxub, başqa bir bәdheybәt kişi dә kәndirin ucundan tutmuşdu. O, kәndiri hәr tәrәfә dartırdısa әlini ağzına soxmuş kişi dә haman tәrәfә dönürdü. Bunu gördükdә mәnә elә gәldi ki, onlar bir növ oyun vә rәqs icra edirlәr. Cilovdar Hacı Hüseyndәn soruşdum:

 

“Bu nә hәngamәdir?”

 

O da bazardakıların birindәn xәbәr aldı. Bir nәfәr dedi:

 

“Bu kişi çörәkçidir, çörәyi tәyin olunan çәkidәn әskik bişirdiyinә görә  cilovlayıblar. Әlindә kәndiri dartan isә mirqәzәbdir. Çörәkçinin burnunu deşib kәndir keçiribdir.”

 

Dedim:

 

“Qәribә qanundur! Çox tәәccüblüdür!”

 

Dedi:

 

“Bir az da irәli gedin, bundan qәribәsini dә görәrsiniz. O tәrәfdә üç nәfәr qәssabın qulaqlarını siyiriblәr. Mirqәzәblәr qulaqları kәsilmiş qәssabları bazarda gәzdirir vә hәr dükançıdan bir şey alırlar.”

 

Bu vaxt bazarın o biri başından hay-küy ucaldı. Mirqәzәblәr o yazıqları çәkәәkә gәtirirdilәr. Özlәri dә әllәrindә qanlı bıçaq hәr bir dükanın qabağında dayanıb pul yığırdılar. Yazıq Yusif әmi atın üstündәn hey qışqırırdı: "Bәy, baxma, baxma!"

 

Doğrudan da, bu halәti görәn kimi ürәyim bulandı. Atı mahmızlayıb keçdik. Şәhәrin kәnarında olan bir karvansarada mәnzil tutduq.

 

Xorasandan Tehrana gedәn yolun hәr mәnzilindә böyük su anbarları olan mötәbәr karvansaralar vardır. Bunların hәr birisindә min nәfәr ziyarәtçi-müsafir düşәrgә salsa belә istirahәt edib içmәli su da tapa bilәr. Bu karvansaraları kәrpic, gәc vә әhәnglә çox möhkәm düzәltmişlәr, hamısı da böyük Sәfәvi padşahı Şah Abbasın xeyriyyә binalarındandır. Enli, uzun şose yolları da o böyük padşahın yadigarıdır.

 

Yaxşı ad qalarsa insandan әgәr,

Min zərli, naxışlı saraya dәyәr.

 

Xüsusilә mәmlәkәtin tәrәqqi vә mәdәniyyәtinin әn mühüm vasitәlәrindәn biri olan ticarәtin genişlәnmәsi vә milli sәrvәtin artması üçün zәruri heç bir mәsәlә onun nәzәrindәn yayınmamışdır. İran vilayәtlәrinin bir çox yerlәrindә olan bu şose yolları bizim hәmin iddiamızın sübutu üçün açıq bir dәlil sayıla bilәr. O, bütün bu yolları nәqliyyat vәsaitinin gediş-gәlişini asanlaşdırıb sürәtlәndirmәk üçün çәkdirmişdi. Demәk olar ki, o zaman xarici dövlәtlәrdәn heç birisi dövlәt qüdrәtinin güclәnmәsi amillәrindәn biri olan ticarәt dairәsinin genişlәnmәsi әhәmiyyәtini bu padşah qәdәr dәrk etmәmişdir.

 

Doğrudan da, o qәdәr çәtin keçidli yolları hamarlamaq, onlara daş döşәmәk, çayların üzәrindәn möhkәm körpülәr salmaq, lazımi yerlәrdә saysız-hesabsız karvansaralar tikdirmәk, ticarәtin tәrәqqisi üçün xarici dövlәtlәrlә münasibәt yaratmaq, bütün dini tәәssüblәrә baxmayaraq әcnәbilәrlә dostluq әlaqәlәri vücuda gәtirmәk, xarici dövlәtlәrin sәfirlәrini hörmәtlә qarşılamaq haqqında kәskin әmrlәr vermәk, müxtәlif millәtlәrә mәnsub olan tacirlәrin mal vә canlarının toxunulmazlığını tәmin etmәk, xarici dövlәtlәrә bilikli vә dәyanәtli elçilәr tәyin edib göndәrmәk, dövlәtә sәdaqәtli olmaq şәrtilә dini әqidәsindәn asılı olmayaraq bütün әhaliyә hüquq bәrabәrliyi vermәk kimi tәdbirlәr o Süleyman şövkәtli padşahın yüksәkliyinә dәlil sayıla bilәr....

 

Nә isә, yenә dә naümid olmamaq gәrәk. Keçmişdәn ibrәt dәrsi almalı, hal-hazırkı vәziyyәtimizi vә gәlәcәyimizi tәmin etmәk yolunda çalışmalıyıq. Çünki çalışmağın vә әmәlin hәmişә xeyirli sәmәrәsi vә nәticәsi olur....

 

Elә ki, qalmadı, belә  dә qalmaz.

 

Xülasә, Damğandan da köçüb, neçә gündәn sonra Bәstamın Şahrud şәhәrinә çatdıq. Hacı Hüseyn cilovdar dedi:

 

“İki gün burada qalacağıq. Ancaq sizә gәrәk bağda çadır quram, orada qalasınız; çünki bu şәhәrdә gәnә var, qәrib adamları sancanda bәrk azarlayırlar.”

 

“Bәs indi ki, burada qalmağın bu qәdәr başağrısı var, daha nә üçün dayanırıq, keçәk gedәk, başqa mәnzildә düşәrik,” -- dedim.

 

“Atlar bәrk yorulublar daha bundan artıq getmәyә taqәtlәri yoxdur.” -- dedi. -- “Hәm dә buradan  birbaşa Tehrana yorta bilmәrik.”

 

Әlacsızlıq üzündәn atlardan düşdük. Şәhәrin yaxınlığında olan bir bağda bizim üçün çadır qurdular. Yay fәsli olduğuna görә çadırda qalmaq mümkün idi. Şeylәri yerbәyer elәyib bir qәdәr rahatlaşdıq. Yadıma düşdü ki, mәrhum atam Şahrudda Hacı İsmayıl adlı bir tacirlә dost idi. Bir-biri ilә mәktublaşardılar. Ona görә ki, onun mәktublarını mәn özüm yazardım. Hәmin tacirin olduğu karvansaranın adını da bilirdim. Fikirlәşdim ki, atamın dostudur, gedib onunla görüşüm. Yusif әmiyә dedim:

 

“Yusif әmi, dur ayağa mәnimlә birlikdә bir yerә gedәk.”

 

Karvansaranın vә Hacının olduğu yeri soruşdum. Nişan verdilәr. Hacının evinә çatdıq, xoşbәxtlikdәn özü dә evdә idi. Salam verib әylәşdik. Xoş-beşdәn sonra dedim:

 

“Sizin adınız gәrәk Hacı İsmayıl ağa olsun?”

 

“Bәli,” -- dedi. -- “Lakin bağışlayın, sizi tanımadım.”

 

“Mәn Misirdә olan filankәsin oğlu İbrahmmәm,” -- dedim.

 

O möhtәrәm şәxs atamın adını eşidәn kimi ayağa durub mәni qucaqladı, üz-gözümdәn öpüb dedi:

 

“Xoş gәlibsiniz. Mәrhum atanızın vәfatı xәbәri mәni çox mütәәssir elәdi. Allah ona qәni-qәni rәhmәt elәsin. Yaxşı, indi de görüm haradan gәlirsәn, haraya gedәcәksәn? İnşaallah, anan sәlamәtdir. Eşitmişәm bir bacın da var. Kefi necәdir?”

 

“Şükür allaha, sәlamәtdirlәr, canınıza dua elәyirlәr. Müqәddәs Mәşhәd şәhәrindәn gәlirәm, Tehrana getmәk әzmindәyәm.”

 

“Çox gözәl, sizin gәlmәyinizdәn olduqca şadam. Siz mәnim әziz dostumun yadigarısınız.”

 

Sonra nökәrinin qulağına nә isә pıçıldadı. Nökәr getdi, yarım saatdan sonra iki mәcmәyi çilov-kabab, şәrbәt vә tәzә yetişmiş novbar qovunla qayıtdı. Hacı mehribancasına yemәyi göstәrib dedi:

 

“Bismillah, buyurun bir tikә çörәk yeyәk.”

 

Süfrәnin başında oturduq, yemәk әsnasında Hacı üzünü mәnә tutub:

 

“Harada düşmüsünüz,” -- deyә soruşdu.

 

“Filan bağda çadır qurmuşuq,” -- dedim.

 

Hacı nökәrә dedi ki, tez oraya gedib, bizim yük-yapımızı evә gәtirsin. Mәn dedim:

 

“Cilovdarımız deyir ki, şәhәrdә gәnә var. Ona görә dә qorxuram.”

 

Hacı çox üz vurdu. Mәn razı olmadım. Nahar elәdikdәn sonra soruşdu:

 

“Gündüzlәr yatmağa adәt etmişsinizmi? Ya çay içmәk meyliniz var?”

 

“Gündüzlәr yatmaram,” -- dedim. -- “Çayı da axşamlar içirәm.”

 

Sonra bir saata qәdәr dә söhbәt elәdik. Hacı üzünü oğluna tәrәf tutub dedi:

 

“Rza, sәn qonaqları apar bir az şәhәri, çay kәnarını gәzdir. Axşam da buyurun evә tәşrif gәtirin. Şamdan sonra mәn sizi öz mәnzilinizә çatdıraram, orada çadırda yatarsınız.”

 

Baxdım gördüm üzrümü heç vәchlә qәbul elәmәyәcәk, çarәsiz qalıb razılıq verdim. Durub yola düşdük. Mәn soruşdum:

 

“Hara gedәcәyik?”

 

Yusif әmi dedi:

 

“Mәncә, bu şәhәrin mәktәb vә ya mәdrәsәlәrindәn birinә gedib vәziyyәti ilә tanış olsaq pis olmaz.”

 

Ağa Rzadan soruşdum:

 

“Bu şәhәrdә mәktәb varmı?”

 

“Bәli,” -- dedi. -- “Burada cәmi üç mәktәb var. Biri çox uzaqdır. Bizim uşaqlar haman mәktәbdә oxuyurlar. Biri dә bu yaxınlıqda Nәccәrabazardadır. Amma fikirlәşirәm ki, oraya getsәk nә deyәk. O mәktәbdә mәni o qәdәr dә tanımırlar. Yaxşısı budur ki, birimiz borclu olaq, o birimiz dә tәlәbkar. Sәnәd yazdırmaq üçün oraya gedәk. Onda siz dә istәdiyiniz kimi mәktәblә tanış ola bilәrsiniz.”

 

Ağa Rzanın bu tәdbiri mәni çox güldürdü. Dedim:

 

“Nә eybi var, siz deyәn kimi elәrik.”

 

Yusif әmi dedi:

 

“Mәn öz adımı demәyәcәyәm, başqa bir ad deyәcәyәm.”

 

Ağa Rza dedi:

 

“Ürәyin necә istәyirsә elә dә elә.”

 

Mirzәnin mәqsәdi bir abbasını almaqdır. Hansı adı istәyirsәnsә özünә bağla. Heç kәsin adını, ünvanını aydınlaşdırmaqla bir işi yoxdur.

 

Bir az da zarafatlaşdıq. Birdәn qarşımızdan "çәkil, çәkil!" nidaları ucaldı. Hәr tәrәfdәn bağırıb: "İrәli keç, dayan, әbanın qolunu gey!" demәyә başladılar. Mәn tәәccüblә sәs gәlәn tәrәfә baxdım.

 

Gördüm atın üstündә bığıburma, ucaboy bir cavan gәlir. Arxasınca da otuz-qırx nәfәr әllәrindә çomaq, onun hәr iki tәrәfindә cәrgә ilә irәlilәyirlәr, onların da önündә qırmızı paltarlı, sifәti dәәtli bir adam, onun da arxasında on-on beş atlı sıra ilә hәrәkәt edir. Ağa Rzadan soruşdum:

 

“Bu nә hәngamәdir?”

 

“Şәhәrin hakimidir, ova gedir,” -- dedi, sonra әlavә etdi:

 

“Yerinizdә düz dayanın, gәlib qabağınızdan keçәndә ikiqat tәzim elәyin. Baxın, hamı necә elәyir, siz dә onlar kimi elәyin.”

 

Әtrafıma göz gәzdirdim, gördüm doğrudan da hәr dörd tәrәfdәn hey başdı ki, әyilir, hey sәcdәdәdir ki, olunur. Hakim cәnabları da heç onlara etina elәmәdәn bir ucdan bığlarını burur. Ağa Rzaya dedim:

 

Әgәr baş әymәsәk nә olar?”

 

Dedi:

 

“Daha orasını fәrraşlar bilir, bir dә onların әlindәki çomaqlar! Deyәsәn  canınızdan doymusunuz.”

 

“Yox, nә üçün doyuram, ürәyimdә min arzum var,” -- dedim.

 

Kәmali-әdәblә dayandıq. Hakim bizә yaxınlaşanda ikiqat әyilib salam verdik. "Bir bәla çatmış idi, amma ki, qurtardı, gözәl!"

 

İndiyәdәk belә bir vәziyyәtә heç bir yerdә rast gәlmәdiyimә görә çox tәәccüblәndim. Öz-özümә dedim: "Abad olsan İran, yeddi milyon cәmiyyәti olan London kimi bir şәhәrin hakimi hәr yerә tәk gedir, bir nәfәr dә onun kim olduğunu bilmir vә bilsә dә fәrqi yoxdur, onun şәnini vә rütbәsini sayan olmaz. Amma, maşallah olsun, bizim kiçik bir vilayәtin hakiminin bu qәdәr cah-cәlalı var. Bәli, hökumәt belә olmalıdır!"

 

“Ağa Rza, hakim bu qәdәr adamın mәvacibini, donluğunu haradan verir,” -- deyә soruşdum.

 

“Bunların donluğu yoxdur,” -- deyә Ağa Rza cavab verdi.

 

Mәn tәәccüblә soruşdum:

 

“Bәs nә yeyirlәr?”

 

Sәhәrdәn axşamadәk küçә-bazarı dolaşırlar, harada iki nәfәr dava elәsә, tutub fәrraşbaşının yanına aparırlar. Dava әhәmiyyәtsiz olarsa, iki tümәn fәrraşbaşı, beş qran naib, iki-üç qran da bu fәrraşlar alıb onların yaxasından әl çәkirlәr. Yaxın kәndlәrdәn şikayәtçi gәlsә, bu atlılardan bir-ikisi çapıb talamağa göndәrilir. Dava bir az böyük olarsa pişxidmәtlәrdәn biri, ya mehtәrbaşı, ya әslәhәdarbaşı, ya abdar, ya qәhvәçi o işә baş çәkmәk üçün göndәrilir. Onlar da әllidәn-yüzdәn şahzadәyә, on-on beş tümәn dә özlәri üçün cәrimә, peşkәş alırlar.

 

Bu sözlәri eşitdikdә mәn yerimdәcә qurudum. Doğrusu, sәyahәtimdәn peşman oldum. Öz-özümә dedim: "Kaş kor olaydım, bu vәziyyәti görmәyәydim, kar olaydım, bu sözlәri eşitmәyәydim. Min әzab-әziyyәt çәkdim, bu qәdәr pul xәrclәdim, özüm üçün qәribә bir bәlanı satın aldım!"

 

Mәktәbә gәlib çatdıq. Bu mәktәb Nәccәrabazardır. Tәxminәn otuz arşın boyu, on arşın eni olan böyük bir otaqda yüzdәn artıq mәsum uşaq toplaşıb oturmuşdu. Onlardan bәzisi quru torpaq üstә, bir parası keçә parçası, bir neçәsi hәsir vә ya kilim üstә oturub dәrs öyrәnirdilәr. Müәllimlәri әmmamәli qoca bir kişi idi. Mәktәbә daxil olub salam verdik, uşaqların sәs-küyü üzündәn müәllim bizim salamımızı eşitmәdi. Biz dә bir guşәdә oturduq. Axund soruşdu:

 

“Nә fәrmayişiniz var?”

 

Yusif әmi dedi:

 

“Mәn bu kişiyә yetmiş tümәn borcluyam. Xahiş edirәm mәnim tәrәfimdәn hәmin mәblәğә bu adamın adına bir höccәt yazasınız.”

 

“Çox gözәl,” -- dedi. -- “Adınız nәdir?”

 

Әbdülqafardır,” -- deyә Yusif әmi  cavab verdi.

 

“Bәs ağanın adı nәdir?”

 

“İbrahim bәydir.”

 

“Müamilә üçün girov vardırmı?”

 

“Bәli, evimi girov qoyuram.”

 

“Eviniz haradadır,” -- deyә axund soruşdu.

 

Әrdәbildәdir,” -- deyә yenә Yusif әmi cavab verdi.

 

“Pulun müamilәsi nә qәdәr olacaq?”

 

“Ayda bir tümәn, özü dә altı ay müddәtinә.”

 

Axund vәsiqәni yazdı. Qurtarandan sonra bizim üçün oxudu. Çıxarıb on şahı verdim vә vәsiqәni aldım. Axund bizdәn razı qaldı. Dedim:

 

“Maşallah, şagirdiniz nә çoxdur?!”

 

“Bәli,” -- dedi. -- “Hәlә bunlardan әlavә, bir neçә nәfәr dә vardır. Ancaq bu gün gәlmәyiblәr.”

 

“Uşaqlar nә oxuyurlar,” -- deyә soruşdum.

 

“Bәzisi әlifba, bir parası Cüzvi-әmmә, bir neçәsi Qurani-mәcid. Bu sırada oturan böyüklәr "Gülüstan", "Bustan", Hafiz, xülasә, hәr şeydәn dәrs alırlar.”

 

Dedim:

 

“Axund ağa, Hafizin dәrsә nә dәxli var?”

 

Axund heyrәtlә soruşdu:

 

“Necә bәyәm? Hafiz Şirazinin dәrsә dәxli yoxdurmu?”

 

Dedim:

 

“Aydındır ki, Hafizin divanı tәsәvvüfә aid rәvan qәzәllәrdәn ibarәtdir. Oxuyanların әksәriyyәtinin onun mәnasını başa düşmәlәri çox çәtindir. Belә olduqda, başdan-ayağa zahirәn badә, saqi, mәhbub, aşiq, mәşuq vә eşqbazlıqdan bәhs edәn bir kitabdan uşaqlar nә xeyir görә bilәrlәr?”

 

Axund tәәccüblә soruşdu:

 

“Bәs sizin vilayәtiniz olan Әrdәbil şәhәrindә uşaqlara mәktәblәrdә nәdәn dәrs verirlәr?”

 

“Bizim vilayәtimiz Әrdәbil deyil,” -- dedim.

 

“Bәs haradır,” -- deyә soruşdu.

 

“Yer kürәsinin tamamilә başqa bir qitәsidir.”

 

Dedi:

 

“Onda sizin sözünüzdәn belә mәlum olur ki, Şiraz vә ya Bağdad tәrәfindәnsiniz.”

 

“Heç birisi deyil, Afrikadır,” -- dedim.

 

Axund dedi:

 

“Hesabla  gәrәk Afrika Salmasın yaxınlığında ola.”

 

Gördüm müәllim doğrudan da çox "axunddur".

 

Dedim:

 

“Bәli, siz buyurandır. Amma siz gәrәk uşaqlara çoğrafiya vә hәndәsәdәn dә dәrs verәsiniz.”

 

Dedi:

 

“Hәndәsә nәdir?”

 

Dedim:

 

“Hesabı yaxşı bilirsinizmi? Bir yerin sahәsini tapa bilәrsinizmi?”

 

“Hesabı yaxşı bilirәm,” -- dedi. -- “Uşaqlara sәyaq öyrәdirәm. Özüm dә hәndәsәni bilirәm. Ancaq uşaqlara öyrәtmirәm.”

 

“Hesabın ilk mәrhәlәsi olan toplamanı vә bölmәni mәnә misalla göstәrin,” -- dedim.

 

“Nә yazım,” -- dedi.

 

Dedim:

 

“Yaz, min iki yüz otuz dörd.”

 

Belә yazdı:

 

1000200304.

 

Dedim:

 

“Cәnab axund, bu rәqәmlәr milyarddan da çox oldu.”

 

İstәdim uşaqlardan da bir şey soruşam. Daha artıq dilxorçuluğa sәbәb olacağımı düşünüb vaz keçdim. Oradan çıxıb, gәzә-gәzә Hacının evinә getdik. Dәstәmazımızı tәzәlәyәndәn sonra Hacının yanına gәldik. Gördük çayı hazırlayıb bizi gözlәyir.

 

“Yaxşı gәzdinizmi?” -- deyә soruşdu.

 

“Bәli!“ -- deyә cavab verdim.

 

Hacının oğlu Ağa Rza gülmәyә başladı. Hacı soruşdu:

 

“Rza, nә üçün gülürsәn?”

 

Rza dedi:

 

“Ağa, möhtәrәm qonaqlar qәribә adamlardırlar. Vilayәtin hakimini, fәrraşları vә atlıları ilә görüb onların "uzaqlaş, dayan, keç" demәlәrinә tәәccüb elәdilәr ki, görәsәn bu nә hәngamәdir. Daha bilmirlәr ki, o, şahzadәdir, hakimdir.”

 

Yazıq Hacı dәrindәn bir ah çәkib dedi:

 

“Elәdir, oğlum. Qonaqlarımız bu hәngamәlәrdәn görmәyiblәr. Bu bәdbәxtlik ancaq İrana vә iranlılara mәxsusdur. Yer üzünün heç bir nöqtәsindә hakimlәrin bu cür hakimiyyәti vә dәsgahı yoxdur. Hakimin ixtiyaratı vә mәhkumun vәzifәsi hәr yerdәәyyәnlәşdirilmişdir. Tәkcә bizim İranda biz bәdbәxtlәr bir ovuc fironların vә nәmrudların hәvavü hәvәsinin әsiri olmuşuq. Onlar bizim malımız, canımız vә namusumuz haqqında nә kimi hökmlәr versәlәr icra olunar. Heç kәs dә onlardan bu haqda bir söz soruşa bilmәz vә onları heç bir mәqam mәsuliyyәtә cәlb edib    cәzalandıra  bilmәz. Bizim  şikayәtimizә  qulaq  asan yoxdur. Sәsimiz bir yana çatmaz. Bu gün Hәbәş vә Sudan zәncilәri belә bu kimi zülmlәrdәn vә әsarәtdәn xilas olmuşlar. Onlar hәr cür bәşәri hüquqa malikdirlәr. Fәqәt biz biçarәlәrin boynunda olan әsarәt zәnciri gündәn-günә daha da möhkәmlәnir  vә hüquqlarımızın dairәsi getdikcә daha çox daralır.”

 

Gördüm yazıq Hacının ürәyi mәndәn dә betәr doludur. Bir saat söhbәt etdik, yemәkdәn sonra Hacının nökәri fanar götürüb bizi mәnzilimizә çatdırdı. Sabahı gün Hacı bizim görüşümüzә gәldi. Çay içib, qәlyan çәkәndәn sonra qalxdı. Yenә dә bizi şama dәvәt elәdi, ancaq biz haman gecә yola düşmәli olduğumuza görә üzr istәdik. Hacı ilә vidalaşdıq. Gecәnin tәn yarısında oradan da hәrәkәt etdik. Bir neçә mәnzil gәldikdәn sonra Tehranın iki ağaclığında olan Xatınavaya çatdıq. Hesab elәdim gördüm düz otuz altı gündür ki, Mәşhәddәn çıxmışıq. Bu mәsafәni dәmir yolu ilә üç sutkada tam rahatlıq vә az xәrclә getmәk olar. Hayıf ki, iranlılar bu böyük nemәtdәn dә mәhrumdurlar. Allah özü onların halını görüb rәhm elәsin!

 

Sәhәrә yaxın oradan da çıxdıq, gәlib şәhәrә çatdıq. Hacı Hüseyn cilovdardan soruşdum:

 

“Biz harada mәnzil tutsaq yaxşıdır?”

 

Dedi:

 

“Hacı Mәhәmmәdhәsәn karvansarasının dalandarı mәnim dostumdur. Sizi oraya apararam. Özü dә yaxşı adamdır, tapşıraram sizә gözәl qulluq elәr.”

 

Biz birbaşa haman karvansaraya getdik. Bizim üçün bir hücrә boşaltdı. Hacı Hüseyn cilovdar bizi oradakılara tapşırıb getdi. Әl-üzümüzü yuyub, yolun toz-torpağından tәmizlәndik. Dalandar samovar gәtirdi, çay içdik. Yusif әmi dedi:

 

“Hamama gedәk.”

 

Dedim:

 

“Mәşhәddәki hamamı görәndәn sonra mәn özümә söz vermişәm ki, bir daha İranda  hamama getmәyim.”

 

Yüsif әmi dedi:

 

“Bura Tehrandır, islamın böyük şәhәri vә paytaxtıdır. Ola bilsin ki, hamamları Mәşhәd hamamları kimi olmasın.”

 

“Onda bu gün sәn get, suyu tәmiz bir hamam olarsa sabah bәrabәr gedәrik,” -- dedim.

 

Yusif әmi fitә-qәtifә götürüb, dalandarın göstәrdiyi hamama getdi. Mәn dә әbamı başıma çәkib yatdım. Bir vaxt gördüm Yusif әmi mәni oyadır.

 

Dedim:

 

“Hamam necә idi?”

 

“Buranın da hamamlarının suyu qoxumuşdur. Ancaq kiçik bir xәznәsi var, onun içinә girmirlәr. Әgәr istәsәniz oradan tәmiz su gәtirib kisә çәkdirә bilәrsiniz.”

 

“Çox gözәl, sabah gedәrik,” -- dedim.

 

Dalandarı çağırıb adını soruşdum. Dedi:

 

“Adım Mәşәdi Abdulladır.”

 

“Bizә bir yaxşı çilovpәz dükanı göstәrin,” -- deyә ondan xahiş elәdim.

 

Dedi:

 

“Bu bazardan düz gedin, bir az aşağıda üzbәüz iki dükan var. Sağ әldәki yaxşı, tәmiz, qaydasında olan dükandır.”

 

Baxıb gördüm bu mәmlәkәtdә daima bir bәlәdçiyә vә yol göstәrәnә ehtiyacımız var. Ancaq nә elәyәsәn, belә bir adamı haradan tapasan? Bu fikir-xәyalla gedirdim. Birdәn yol üstündә avropalı bir adamın bir iranlı ilә rastlaşdığını gördüm. Onlar ingilislәrә mәxsus tәrzdә görüşdülәr. İranlı ingiliscә elә rәvan danışırdı ki, sanki heç iranlı deyil, әsil ingilisdir. Lap mәәttәl qaldım. Mәnim orada olduğumu duymasınlar deyә, özümü bir tәrәfә verib guya bir işlә mәşğul kimi göstәrdim. Onların söhbәtinә qulaq asmağa başladım. İranlı soruşdu:

 

“Necә oldu?”

 

İngilis cavab verdi:

 

“Düzәldi. Otuz min tümәn sәdr-әzәmә....”

 

Şahın özünә verilәn mәblәği dә söylәdi, ancaq sözlәrini düzgün tuta bilmәdim. Sonra әlavә etdi:

 

“Sabah qibleyi-alәm dә qol çәkәcәkdir.”

 

Onlar aralandılar. İngilis getdi. Mәn diqqәtlә ona baxıb düşünürdüm: "Әcәba, görәsәn bu iranlı ingilis dilini bu dәrәcәdә mükәmmәl şәkildә harada öyrәnibdir?" Sanki o da mәnim könlümdәn keçәn sualı duymuşdu. Mәnә tәrәf yönәlib soruşdu:

 

“Nә üçün mәnә belә heyran-heyran baxırsan?”

 

“Heyran olmağımın sәbәbi sizin ingilis dilindә bu qәdәr gözәl danışmağınızdır,” -- dedim. -- “Çox xoşum gәldi.”

 

“Mәgәr siz dә fransız dilini bilirsiniz?” -- deyә soruşdu.

 

“Az-maz bilirәm,” -- dedim.

 

İngiliscә suallar verdi. Cavab verdim. O da mәnim ingiliscә bildiyimә görә tәәccüblәndi.

 

“Hara gedirsiniz?“ -- dedi. Dedim:

 

“Nahar elәmәk üçün bir çilovpәz dükanı axtarırıq.”

 

“Elәdә gәrәk mәnә qonaq olasınız.”

 

Mәn onun tәklifini qәbul elәmәdim:

 

“İltifatınız artıq olsun,” -- dedim. -- “Siz lütfәn bizә bir yaxşı yemәkxana göstәrin, özünüz dә bu gün bizimlә bir yerdә nahar etsәniz bizi minnәtdar etmiş olarsınız.”

 

Bizi bir dükana apardı. Doğrudan da, olduqca tәmiz vә sәliqәli bir yemәkxana idi. Tiflisdәki yemәkxanaların әksinә, burada hәr şey öz qaydasında idi. Söhbәt әsnasında soruşdum:

 

“O ingilis nәçidir, sizә nә deyirdi?”

 

Dedi:

 

“Bu adam İngiltәrә kompaniyasının nümayәndәsidir. Tehrana gәlibdir ki, İran dövlәtindәn bir sıra imtiyazlar alsın vә mәdәnlәrin ixtiyaratını әlә keçirsin. Bayaq deyirdi ki, mәsәlә baş tutubdur, imtiyazları almışam. Guya sәdr-әzәmә otuz min tümәn bığ-yağı vermiş, şahın payına düşәn hissә hәlә mәlum deyil.”

 

“Siz ingilis dilini harada öyrәnmişsiniz?” -- deyә soruşdum.

 

Cavab verdi:

 

“Bir müddәt Bombeydә olmuşam, orada öyrәnmişәm.”

 

Bir yerdә nahar elәdikdәn sonra dedim:

 

“Bizә qarşı göstәrdiyiniz iltifatınızı tәkmillәşdirmәk üçün rica edirәm bir qәdәr dә söhbәt elәmәk üçün bizim mәnzilә tәşrif gәtirәsiniz.”

 

Qәbul elәdi. Birlikdә mәnzilә getdik. Söhbәt әsnasında bizim sәfәrimizin sәbәbini soruşdu. Mәnim adımı-sanımı, әslimi-nәsәbimi öyrәnmәk istәdi. Dedim:

 

Әslim İrandandır, Misirdә anadan olmuşam. Adım İbrahimdir. Misirdәn müqәddәs Mәşhәdi ziyarәt etmәk әzmilә çıxıb oradan da İranı sәyahәt etmәk mәqsәdilә bu şәhәrә gәlmişәm.”

 

Mәn dә onun adını vә harada anadan olduğunu soruşdum, dedi:

 

“Adım Mәşәdi Hәsәndir. Ancaq hamı mәni Hәsәn Kirmani deyә çağırır.”

 

Dedim:

 

“Sizdәn artıq dәrәcәdә tәvәqqe edirәm ki, bu şәhәrdә qalacağımız bu neçә gündә bizi unutmayıb, qәribnәvazlıq edәsiniz.”

 

“Gözüm üstә,” -- dedi. -- “Ancaq buyurun görәk Tehrana gәlmәkdәn mәqsәdiniz nәdir?”

 

“Elә bir mәqsәdim yoxdur. Doğrusunu desәm, istәyirәm bu mәmlәkәtin vәzirlәrindәn bir neçәsi ilә görüşüm, bir para mәsәlәlәri onların hüzuruna çatdırım. Ancaq bilmirәm bu bağlı qapının açarı kimdәdir. Mәqsәdimә çatmaq üçün hansı vasitәyә әl atmalı olduğumu da bilmirәm.”

 

“Olmaya әrizәdәn-zaddan vermәk istәyirsәn,” -- deyә soruşdu.

 

“Yox,” -- dedim. -- “Onların özünü görüb bir para deyilmәli mәtlәblәri onlara şәxsәn söylәmәk istәyirәm.”

 

“Doğrusu, elә bir vasitәni mәn dә bilmirәm. Әgәr müәyyәn bir iş üçün vasitәçilik vә ya xahiş lazım olsa idi düzәldә bilәrdim. Amma sәnin qolundan tutub vәzirlәrlә diz-dizә oturda bilәn bir adam tanıyıram.”

 

“Vasitәçi vә ya xahiş üçün münasib bildiyin adam kimdir, adı nәdir?”

 

“Sәnin onun ad-sanı ilә işin olmasın. Mәnimlә çox yaxın dostluğu var. Bütün vәzirlәr vә dövlәt adamları onun xatirini istәyirlәr. Mәmlәkәtin hәmәkarәsidir. Hal-hazırda Tehranda müәyyәn bir iş üçün hәr kәsә vasitәçi lazım olsa mәnә müraciәt edir. Mәn dә on-on iki tümәn alıb vasitәçini tapıram. O da o işi yerbәyer edir. Bu işdәn әlә gәlәn mәdaxilin onda birini dә mәnә verir.”

 

Bu xәbәr mәni artıq dәrәcәdә sevindirdi.

 

“Dostum, mәn sәnә ikicә tümәn nәqd verәrәm,” -- dedim, -- “o adama da hәr neçә lazımdır verәrәm. Sәnin heç nәynәn işin olmasın, ancaq onu mәnә göstәr, vәssәlam.”

 

“Gözüm üstә,” -- dedi. -- “Amma gәrәk әvvәlcә ona xәbәr verәm. Qәbul edәrsә, sabah gedәrik yanına. Onu da sәnә deyim ki, arxayın ol, qәbul edәcәk. Çünki özü yaxşı adamdır, türkdür. Türklәrin xatirini dә çox istәyir. Zarafatçı, әhli-zövq, tәvazökar adamdır. Özünü çәkmәk onun mәzhәbindә küfr hesab olunur.”

 

Әlqәrәz, ağa Mәşәdi Hәsәn Kirmani getdi. Sabahısı gün gәlib dedi:

 

“O vasitәçini görüb işlәri düzәltmişәm. Bismillah, buyurun gedәk yanına.”

 

Durub getdik. Çoxlu yol gәldikdәn sonra qaranlıq bir döngәyә çatdıq. Elә burada mәni vahimә basdı. Özümü mәzәmmәt elәdim ki, nә üçün tәk gәldim, Yusif әmini özümlә gәtirmәdim. Allaha tәvәkkül deyib, döngәyә daxil oldum. Lap sonunadәk getdim. Mәşәdi Hәsәn qapını taqqıldatdı. Qapını açdılar. Altmış-yetmiş yaşlarında olan bir qoca kişi gördüm. Başında dövrәsinә bir fitә sәrinmiş keçә papağı var idi, saqqalı qırmızı, sifәti qara idi. Fәlәk başına qәm külü әlәmiş, bütün dişlәri tökülmüşdü. Ölgün gözlәri, sönük baxışları var idi.  Paltarı o qәdәr kirli idi ki, parçasının әvvәlcә nә rәngdә olduğu mәlum deyildi. Mәşәdi Hәsәn qocadan soruşdu:

 

“Hacıxan evdәdirmi?”

 

Qoca cavab verdi:

 

“Bәli, buyurun, sizi gözlәyir.”

 

Otağa çıxan pillәlәrә ayaq basan kimi arağın qoxusundan az qaldı beynim partlasın. Evin dәhlizinә heç deyәsәn nuh әyyamından süpürgә dәymәmişdi. Zibilliyә oxşayırdı. Otağın qapısına gәlib çatdıq. Qoca pәrdәni qaldırdı: kimi görsәm yaxşıdır?--Gördüm mәşhur molla Hacı Mәmmәdәli yuxarı başda  ağır-ağır özünü çәkib  әylәşibdir. O da, mәn dә bir-birimizi görcәk heyran qaldıq. İkimiz dә bir-birimizi tanıdıq. Heyrәtim o dәrәcәdә şiddәtli idi ki, salamı da unutdum. Dedim:

 

"Gәdә, molla, sәn hara, bura hara, lәvәndxan olmusan?!"

 

Onu da böht aparmışdı. Lakin zirәkliyindәn tez özünü әlә alıb, ucadan dedi:

 

“Bah, İbrahim bәy, xoş gәlmisiniz, sәfa gәtirmisiniz, buyurun, buyurun.”

 

Yerindәn dik qalxıb mәnә tәrәf әl uzatdı. Görüşdük, qucaqlaşıb öpüşdük, ancaq mәn türkcә danışdıqca o özünü farslığa vururdu. Mәn onu şeytan atından salmaq istәyirdim, o düşmәk istәmirdi. Nәhayәt, saqqal tutub mәnә işarә ilә bildirdi ki, mәn ölüm, mәni zay elәmә, ovcumu açma.

 

Gördüm Mәşәdi Hәsәndәn utanır, onun yanında qәdir-qiymәtdәn düşmәk istәmir. Mәn dә sözümü dәyişdim. "Әrz elәyirәm", "buyurursunuz", "mübarәk başınıza and olsun", "cәnabınız buyurun" demәyә başladım. Mollanın nәfәsi açıldı, bir qәdәr rahatlaşdı, tәzәdәn özünü tutdu, kef-әhval soruşdu, Misirdәn xәbәr aldı:

 

“Misrin hakimi konsulla necә rәftar edir? Şübhәsiz ki, İstambulda sәfiri gördünüz, necәdir? Tiflisdә hakim yenә qraf Şeremetyevdirmi? Çox yaxın dostuq. Osmanlı konsulu Xәlil әfәndi yenә dә ordadırmı? Çox nәcib, alicәnab adamdır. İranlıların ticarәti oralarda nә vәziyyәtdәdir?...”

 

Bütün bu suallara әdәblә cavab verdim. Hәr nә deyirdisә tәsdiq elәyib deyirdim: "Bәli, cәnab Hacıxan, mübarәk başınıza and olsun, belәdir ki, var". Bu minvalla yarım saata yaxın söhbәt elәdik. İzin alıb getmәk istәdim. Әdәblә baş әyib yola düşdüm. Otaqdan çıxandan sonra mәni sәslәdi. Mәn qayıtdım. Mәşәdi Hәsәn dayanıb mәni gözlәdi. Hacıxan ağzını qulağıma tutub dedi:

 

“Sabah gecә gәlin bura, xudmani oturub mәhrәmanә söhbәt elәrik, razu-niyaz, dәrdi-dil edәrik. Şamı da bir yerdə yeyәrik.”

 

“Gözüm üstә, icazә versәniz Yusif әmini dә gәtirәrәm.”

 

“Daha gözәl, onu da gәtir,” -- dedi.

 

Bu dәfә: -- “allah amanında,” -- deyib çıxdım.

 

Bazaradәk gәldik. Mәn Mәşәdi Hәsәnә dedim:

 

“Siz buyurun tәşrif aparın. Sabah da zәhmәt çәkmәyin. Biz hamama-zada gedәcәyik.”

 

Mәn daha ona demәdim ki, Hacıxan bizim vәdәmizi alıb. Mәnzilә qayıtdım: gözlәyirdim ki, sabah şam vaxtı tez gәlib çatsın vә Hacıxanın evinә gedim, görüm o molla Hacı Mәmmәdәli haradan xan olub, nә vaxtdan camaatın müraciәt etdiyi adam olub.

 

Oxucuları agah etmәk üçün burada molla Hacı Mәmmәdәlinin sәrgüzәşti vә onunla ilk tanışlığım haqqında, müxtәsәr dә olsa, mәlumat vermәliyәm. Qoy onlar da bilsinlәr ki, bu gün mәn bu evә gәlәndә kimә tәzim elәmişәm, oradan çıxanda kimә baş әyib getmәk üçün izin almışam.

 

Günlәrin birindә mәrhum atamın xidmәtindә әylәşmişdim. Gördüm Misir torpağının limanından, yәni İskәndәriyyәdәn atamın adına bu mәzmunda bir teleqram gәldi: "Sizin ziyarәtinizә gәlmәk istәyirik, Misirdә tәşrifiniz vardırsa vә bir maneә yoxdursa cavab verin. İmza: Cәfәr Tәbrizi".

 

Mәrhum atam dedi: Bu şәxs mәnim hörmәtli dostlarımdandır. Ola bilsin allahın evini ziyarәt etmәyә gedir. Cavabda yazın ki, tәşrif gәtirin, gözlәyirәm. Yazdım. Axşamçağı qonağı qarşılamaq üçün dәmiryol vağzalına getdim. Qatar gәlib çatdı. Mәlum oldu ki, qonaq tәk deyilmiş, dörd nәfәrdirlәr. Onlardan biri dә hәmin molla Mәhәmmәdәli idi. Hәzәrat yolda darıxmamaq vә sәfәri xoş keçirmәk üçün onun bütün xәrcini öhdәlәrinә götürüb, özlәri ilә yol yoldaşı elәmişdilәr. Guya onunla İstambulda rastlaşmışdılar.

 

Doğrudan da, molla Mәmmәdәli olduqca hazırcavab, xoşsöhbәt, gözәl xasiyyәtli vә zarafatçı bir adam idi. Bәzi әhvalatları o qәdәr yerli-yataqlı söylәyirdi ki, hamını valeh edirdi. Günlәrin birindә öz başına gәlәn macәralardan birini nağıl elәdi. Hamı heyran qaldı. Deyirdi ki, bir dәfә Azәrbaycan tacirlәrindәn biri mәnә altmış top qanovuz verdi ki, aparıb Tiflisdә әridim. Mәn malı götürüb Tiflisә yollandım. Tiflisә çatmağımdan iki hәftә sonra tacirdәn mәktub gәldi. Yazmışdı ki, pula ehtiyacım var. Mәktubu alan kimi yüz imperialın baratını alıb göndәr. Baratın harada satıldığını soruşdum. Dedilәr: filankәs baratçıdır. Onun yanına getdim. Dedim: Hacı, yüz imperiallıq barat istәyirәm. O da dinməz-söylәmәz yazıb verdi. Ona görә ki, o vaxt Tiflisdә hamı bir-birinә inanır, etibar elәyirdi. Bir-iki hәftә üçün nisyә barat verirdilәr. Bir hәftә keçmәmiş gördüm yenә dә әrbabdan kağız gәldi. Bu dәfә dә yüz imperial barat istәyirdi. Yenә dә baratçı tacirin yanına gedib yüz imperiallıq barat alıb göndәrdim. Bu hadisәdәn bir neçә gün keçdi. Birdәn gördüm Hacının adamı gәlib baratların pulunu tәlәb etdi. Mәn dedim: әlimdә nәqd pul yoxdur, gәrәk qanovuzları satam, sonra borcumu verәm. Tәlәbkar hirslәndi, çoxlu söz-söhbәtdәn sonra qanovuzları әlimdәn dartıb apardı. Neçә vaxtdan sonra mәni Tәbrizә çağırdılar. Getdim. Әrbab kef-әhval soruşandan sonra dedi:

 

“Hәr nә pul gәtirmisәn say bura.”

 

Dedim:

 

“Pul-mul yoxdur.”

 

Nisyә barat almağımı, baratçının adamlarının gәlib qanovuzları girov götürmәsini olduğu kimi nәql elәdim. Kişi dәli kimi bağırdı, durub hakimin yanına qaçdı. Mәnim әlimdәn şikayәt elәdi. Hakim mәhkәmә qurdu. Neçә dәfә mәclis quruldu, mәndәn dәftәr istәdilәr. Dedim: baba, dәftәr harada idi. İki dәfә barat alıb buraya göndәrmişәm, mәnim apardığım da bir qәlәm mal idi. Onu da barat sahibi zorla әlimdәn alıb apardı. Bütün bu haqq-hesab bir tikә kağızda yazılmışdı. Heç bilmirәm bu keşmәkeşdә necә oldu.

 

Mәclisdә iştirak edәn xeyirxah barışdırıcılar o saat yazıb hökm çıxardılar: "Molla Mәmmәdәli ticarәt dәftәrini itirdiyini etiraf elәdi". Surәti-mәclisi hakimin yanına apardılar. Hakim Tәbrizdә deyildi. Onun hәlә üzünün tükü çıxmamış cavan oğlu "naibülökumә" ünvanı ilә atasının yerindә oturub hökmranlıq edirdi. Mәni onun hüzuruna apardılar. Pәncәrә qabağında hakimә baş әyib әrzimi çatdırmaq istәdim. Hakim dedi:

 

“Oğlan, deyirlәr sәn dәftәr itirmisәn?”

 

Dedim:

 

“Qurbanın olum, dәftәr-zad itirmәmişәm.”

 

Mәnә qulaq asmadı. Dedi:

 

“Aparın saxlayın!”

 

Mәni çәkib apardılar. Fәrraşbaşı qardaşımla tanış idi. Dedi:

 

“O qәdәr dә müqәssir deyil, otaqda saxlayın.”

 

Apardılar. Zindanın qapısına çatdıq. Gördüm dustaqban zәncir, kündә hazırlayır. Fәrraş dedi:

 

“Zәhmәt çәkmәyin, fәrraşbaşı buyurub otaqda saxlayasınız. O qәdәr dә müqәssir deyil.”

 

Dustaqban anladı ki, mәndәn ona heç bir yağ düşmәyәcәk. Ona görә dә hirsindәn mәnә bir içim su da vermirdi. Qardaşım hәr vaxt yemәk gәtirәndә ona deyirdim su da gәtirsin. Bu minvalla dörd gün dustaq qaldım. Beşinci gün pәncәrәnin yanında әylәşmişdim. Gördüm mәnimlә tanış olan tacirlәrdәn biri şahzadә hakimin yanına gedir. Mәni görcәk dedi:

 

"Gәdә, molla, burada nә işin var?"

 

Dedim:

 

“Nә bilim, gәtirib buraya salıblar, heç özüm dә bilmirәm tәqsirim nәdir.”

 

Bir söz demәdi, ötüb getdi. Düşünürdüm ki, bu adam hakimin dostudur, ola bilsin ki, mәnim haqqımda da bir xahiş elәr. Gördüm qayıtdı, pәncәrәnin yanından düz keçib getdi. Mәnә heç bir söz demәdi. Sonra mәlum oldu ki, şahzadәyә deyibdir ki, dustaqların içindә bir nәfәr var, çox mәzәli adamdır, onun söhbәtindәn qafil olmayın, mәğbun olarsınız.

 

O adamın qayıtmasından bir az keçmәmiş hakimin qulluqçusu gәlib mәni çağırdı. Hakimin yanına apardı. Hakim mәni yuxarı başa çağırdı. Gedib yanında baş әyib dayandım. Şahzadә dedi:

 

“Oğlan, eşitmişәm sәnin yaxşı mәzәli söhbәtlәrin var.”

 

Dedim:

 

“Nә әrz elәyim?”

 

Dedi:

 

“Necә ki, nә әrz elәyim?”

 

Yenә dә dedim:

 

“Nә әrz elәyim?...”

 

Mәn başladım onun üçün yekә-yekә әhvalatlardan danışmağa. Avropadan girdim, Amerikadan çıxdım. Dövlәtlәrin siyasәtindәn söhbәt açdım. Avropalıların tәzә elmi kәşflәrindәn, London, Paris şәhәrlәrinin әzәmәtindәn xәbәr verdim. Hey yalan idi ki, әtәk dolusu, xırman-xırman mәclisә daşıyırdım. Dövrәdә oturanlar da ağızlarını açıb mat-mat mәhә baxırdılar. Dörd gündә bizim işimiz yalan-palan demәk oldu. Nәhayәt, şahzadәyә dedim:

 

Әgәr izin versәniz, gedib qardaşımı gәtirәrәm, öz yerimә dustaqda oturtduraram, özüm o tacirin yanına gedib bir dil taparam.”

 

Şahzadә razı oldu. Qardaşımı gәtirib orada qoydum. Özüm hәr yerә qaçdım, hәr bir qapını döydüm. Nәhayәt, işi bir tәhәr yoluna salıb, özümü vә qardaşımı xilas etdim. Bir hәftәdәn sonra yenә dә Tiflisә getmәk havası başıma vurdu. Evdә olan-qalan mis qazan-kәfkiri satıb, yol pulu düzәltdim. Tәzkirә dә aldım. Axşamüstü gördüm kәtxudanın adamı gәlib dedi:

 

“Sizi ağa istәyir.”

 

Birgә getdik kәtxudanın yanına, salam verdim. Gülәr üzlә salamımı alıb dedi:

 

“Ağa molla Mәmmәdәli, xoş görmüşük, buyur yuxarı!”

 

Oturmaq icazәsi verib, xoş-beşdәn sonra dedi:

 

“Bu gün eşitdim ki, sizi tutub aparıblar, ayrı mәhәllәdә dustaq oturdublar. Bәs sәni müqәssir qәlәmә veriblәr, nә üçün mәnә xәbәr vermәmisәn ki, onların atasının goruna od vuraydım. Allah sәnin atana qәni-qәni rәhmәt elәsin. O kişi bizim mәhәllәmizin sütunu idi. Onun kimi yaxşı adam az tapılar. Mәnim boynumda bir alәm haqqı var. Xeyr-xeyr, ağa molla Mәmmәdәli, mәn necә razı ola bilәrәm ki, sәnә zülm elәsinlәr. Gәrәk indi özüm bu işә әvvәldәn yetişib sәrәncam verәm.”

 

Әrz elәdim ki:

 

“Allah sizin kölgәnizi bizim başımızdan әskik elәmәsin. Daha bir iş idi olub-keçib.”

 

Kәtxuda tez sözümün arasına girdi:

 

“Yox-yox, ola bilmәz. Necә ki, mәnim mәhәllәmdәn sәnin kimi әsil-nәcabәtli bir adamı aparıb müqәssir qәlәmә versinlәr, başqa bir mәhәllәdә dama bassınlar?! Gәrәk atalarını yandırım. Mәn belә bir biabırçılığa dözә bilmәrәm.”

 

Kәtxuda qırsaqqız olub yapışdı canıma. 

 

Dedim:

 

“Möhtәrәm kәtxuda, allah sizin ömrünüzü uzun elәsin. Әrz elәdim ki, bir iş idi olub-keçib. Mәn dә artıq tәzkirә almışam, sabah Tiflisә yola düşürәm....”

 

Hәlә sözümü qurtarmamışdım ki, kәtxuda son dәrәcә qәzәbli halda dikәlib, yerindәcә şax oturdu, sonra dedi:

 

“Necә, nә dedin? Tiflisә gedәcәksәn? Qәlәt elәycәksәn, anası ... köpәk oğlu, bütün şәhәri doyurdun, indi bizә çatanda әllәrini göyә qaldırıb dua oxuyursan?! Sәn mәni nә hesab elәyirsәn? Köpәk oğlu, mәn sәnin üçün bәyәm ölü at kәllәsiyәm ki, bostanda asasan?! Atanı elә yandırım ki, özün әhsәn deyәsәn.”

 

Bәli, bizi sürüyә-sürüyә çәkib apardılar kәtxudanın dustağına. Yazıq anam xәbәr tutan kimi evin әsasiyәsindәn bir neçә şey dәyәr-dәymәzinә satıb, kәtxudaya peşkәş verdi, mәni xilas elәdi. Zindandan çıxan günün sabahı Tәbrizә әbәdi olaraq әlvida dedim. Tiflisә getdim. Bugünәdәk dә üzümü Tәbrizә tәrәf çevirmәmişәm.

 

Molla bu kimi hekayә vә macәralardan çox bilirdi. Mәclislәrdә onları nәql etmәklә camaatı özünә cәlb edirdi. Elә mәhz bu "sәrmayә" ilә dә gününü onun-bunun mәclisindә keçirәr, başını bir tәhәr girlәyәr, yemәk-içmәyini müftә salardı. Onun başına hәtta süfrә başında da minbir oyun açar, onunla cürbәcür zarafatlar elәyәrdilәr. Ancaq o, әsla incimәz, hamısına dözәr, mәclisi  qızışdırar vә gecә-gündüzünü bu minvalla keçirәrdi.

 

Bir neçә kәlmә dә bu möhtәrәm şәxsin görkәmi haqqında deyim: Әvvәla, başı lap qulaqlarının dibinә kimi keçәl idi. Xırdaca gözlәri görmә qabiliyyәti cәhәtcә elә zәif idi ki, özündәn on addım uzağı görә bilmәzdi. Kobud, iyrәnc dişlәri o qәdәr qabağa gәlmişdi ki, ağzında görünürdü. Qalın dodaqları, şişman qarnı var idi. Boyu gödәk idi. Bütün bunlarla birlikdә dili dә bir qәdәr pәltәk idi. Bәli, onun cismani tәsviri belә idi. Xüsusi xasiyyәtlәrinә gәldikdә demәliyik ki, hәmişә sәrxoş, etiqadı süst, nәmәkbәharam vә dәyanәtsiz bir adam idi. Әslindә özgәlәrin süfrәsi başında qarın otaran adamlar ümumiyyәtlә yaltaq, ikiüzlü vә alçaq olurlar. Bәli, tәrifini qısaca şәrh etdiyim belә bir cәnab İranda "Hacıxan" olub camaatın әrizәsinә baxır, işini düzәldir!

 

O gün heç bir işim olmadığına görә bir üzdәn dәqiqәlәri sayırdım. Görüş vaxtı nә zaman gәlib çatacaq ki, gedib onunla görüşüm; birdәn-birә necә xanlıq rütbәsi aldığını, dövlәt vә millәt qarşısında nә kimi xidmәtlәr göstәrdiyi üçün belә böyük ada layiq olduğunu öyrәnmәk istәyirdim.

 

Gecәni min cür fikir-xәyalla sәhәrә çatdırdım. Sәhәr tezdәn Yusif әmiyә dedim:

 

“Bu gün Şah Әbdülәzimin ziyarәtinә gedәcәyik. Gecәni dә bir yerdә qonaq olacağıq.”

 

Yusif әmi soruşdu:

 

“Harada qonağıq?”

 

“Bir nәfәr xanın evindә qonağıq,” -- dedim. -- “Sәn özün dә onu tanıyırsan. Amma adını demәyәcәyәm, özün görüb tanıyarsan.”

 

Yusif әmi nә qәdәr tәkid etdisә dә bizi dәvәt edәn şәxsin adını söylәmәdim. Mәnzildәn dәmir yol vağzalınadәk piyada getdik. Yeddi mildәn az olan Şah Әbdülәzim yolu bütün İran mәmlәkәtindә yeganә dәmir yoludur. Onu da bir Belçika şirkәti çәkmişdir. Hәәnd ki, son dәrәcәdә nizamsızdır, amma yenә dә evi abad olsun ki, eşşәyә minib getmәkdәn min dәfә yaxşıdır.  Bircә saatın әrzindә   mәqsәdә çatıb, o müqәddәs mәkanın ziyarәtinә nail olduq. Namaz qılandan sonra o müqәddәs türbәyә tamaşa etdik. Bu mәqbәrә mәnәvi ülviyyәtә malik olmaqdan әlavә   әzәmәtli vә gözәl şәkildә tikilmişdir. Bu, memarlıq, aynabәndlik vә tәmizlik cәhәtdәn İranda ziyarәt edib qәlbәn şad olduğum ilk ibadәtgahdır. Bir qәdәr    әylәşdik, vaxtımızı dua vә quran oxumaqla keçirdik. Nahar çağı oradan bazara çıxıb, bir baqqal dükanından bal-qaymaq alıb yedik. Axşamüstü yenә dә dәmir yol qatarı ilә şәhәrә qayıtdıq. Şәhәrdә bazarları vә karvansaraları gәzib seyr etdik. Çarsu vә bazarlar pis deyil. Karvansaraların da binaları gözәl vә    abaddır. Amma heç bir yerdә bu kimi böyük şәhәrlәrin ticarәtinin tәrәqqisinә vә әzәmәtinә sәbәb olan kompanilәr, şirkәtlәr, banklar vә kontorlara rast gәlmәdik. Şәhәr ticarәt nöqteyi-nәzәrindәn elә bil matәmә batmışdı. Bir para sәrraf dükanları gözә dәyirdi. Ola bilsin ki, onların bәzisi varlı-karlı idi. Amma hamıdan çox gördüyümüz kisә-kisә, xırman-xırman qara pul idi ki, ayaq tutub bazarda yeriyirdi. Ancaq qızıl pul kimya hökmündә idi. Bütün şәhәrdә nümunә üçün dә olsa ondan iz-әsәr görmәdik. Görünür, ya әslәn yoxdur, olsa da sandıqların tәkindә vә ya torpağın altındadır.

 

Vәtәnin tәrәqqisi vә islahı haqqında heç kәs düşünmür. Kiçikdәn böyüyә, varlıdan kasıba, alimdәn cahilәdәk hamı öz fikrindәdir. Hәr kәs öz eşşәyini otarır. Heç kәs başqasının hayına qalmır. Bir nәfәr belә vәtәn vә övladi-vәtәnin müştәrәk mәnafeyindәn danışmır. Sanki bu onların heç vәtәni deyil, ya da ki, onlar bir-birlәri ilә hәmvәtәn deyillәr.

 

Ancaq ürәk açan bir şey varsa o da Tehranın küçә-bazarında görünәn hәrbçilәrdir. Hәlә buraya gәlәnәdәk İranın heç bir yerindә hәrbi paltar geymiş adam görmәmişdik. Süvarilәr, topçular, hәtta teleqraf qulluqçularının xüsusi hәrbi paltarları vardır. Xüsusilә kazaklar vә onların zabitlәri tamamilә rus kazakları kimi geyinmişdilәr. Amma deyildiyinә görә bunlar bircә fövcdur.

 

Hava tamamilә qaranlıqlaşırdı. Yusif әmiyә dedim:

 

“Vәdә verdiyimiz yerә getmәk vaxtıdır.”

 

Hacıxanın evinә çatan kimi qapını döydük, Hacıxan özü qapıya gәldi:

 

“Buyurun,” -- dedi.

 

Mәn iki dәfә salam verdim. Hacıxan soruşdu:

 

“Bәs iki dәfә nә üçün salam verirsәn?”

 

“Biri dünәnki salamın qәzasıdır,” -- dedim. -- “Çünki dünәn sizi görәn kimn özümü elә itirdim ki, salam yadımdan çıxdı.”

 

Hacıxan güldü. Yuxarı çıxdıq, amma Yusif әmi dünәn mәn özümü itirdiyim kimi çaşbaş qalmış, dәrin xәyala dalmışdı. Nәhayәt, mәnim qulağıma dedi:

 

“Bu kişi filan tarixdә Misirdә qonağımız olan molla Mәmmәdәli deyilmi?”

 

“Bәli,” -- dedim, -- “özüdür ki, var. Eşşәk haman eşşәkdir, ancaq palanını dәyişmişdir.”

 

Bu sözlәri molla Mәmmәdәli özü dә eşitdi. Qarnını tutub ucadan güldü. Dili pәltәk vura-vura Yusif әminin kefini soruşdu:

 

“U ... U ... Usuf ağa, maşallah heç dәyişilmәmişsiniz. Elә hә ... hә ... hәmәn o vaxt gördüyüm Usuf ağasınız.”

 

Xoş-beşdәn sonra әylәşdik. Çay gәtirdilәr, içdik. Hacıxan dedi:

 

“Ya ... ya ... ya ... yaxşı, indi buyurun görәk, haradan gәlir, haraya gedirsiniz. Siz hara, Tehran hara?”

 

Dedim:

 

“Mәn, әlbәttә, öz başımın qәzavü-qәdәrini söylәyәcәyәm, amma sәn allah, әvvәl sәn de görüm bu nә әhvalatdır, sәn hara, xanlıq hara?!”

 

“Mәnim sәrgüzәştim çox uzundur, ancaq qısaca desәm budur ki, Mәkkәdәn qayıdandan sonra Tiflisә getdim. İki-üç il, o vaxt gördüyünüz kimi, yersiz, yurdsuz, lağlağılıqla başımı girlәdim. Amma özümü oda-közә vurub, iki-üç yuz manat pul yığa bildim. Hәmişә düşünürdüm ki, özümü bir tәhәr Tehrana sala bilsәm işim yaxşı tutar. Çünki İranın bәzi dövlәt başçıları ilә gahdan bir olan görüşlәrimdә mәnә yәqin hasil olmuşdu ki, söhbәtlәrimә böyük rәğbәt göstәrәcәklәr. Elә bu xәyalda idim ki, bәxtim üzümә gülümsәdi. Şahın hәrәmsәrası nәdimәlәrindәn birinin Avropada müalicә olunub İrana qayıdarkәn Tiflisә gәldiyini eşitdim. Mәn dә bir vasitә tapıb, onun xidmәtçilәri sırasına keçdim. Rәşt şәhәrinә qәdәr onun bütün adamlarının saqqızını oğurladım. Rәştdәn Tehranadәk camaata elә göstәrirdim ki, guya mәn onun müşayiәtçilәrinin lap mötәbәrlәrindәnәm. Yol üstündә o hörmәtli xanımın pişvazına gәlәnlәr mәnim söhbәtlәrimә vurulurdular. Hәr birisi mәni öz yanına çәkirdi, qonaq dәvәt elәyirdi. Mәn dә özümü tutub, әvvәlcә qәbul elәmirdim, boynuna böyük bir minnәt qoyandan sonra söhbәtlәrimlә onların mәclislәrini rövnәqlәndirirdim. Nәhayәt, Tehrana çatdıq, az bir müddәt içәrisindә böyük-böyük mötәbәr mәclislәrә yol tapdım. Söhbәtlәrimin pәrәstişkarları gündәn-günә artır, bazarım getdikcә qızışırdı. Bilirsiniz ki, mәn farsca yaxşı bilmirәm, ancaq bir tәhәr qırıldadıram. İnanın ki, bunun özü dә mәnә fayda verdi. Farsca bilmәmәyim onların xoşuna gәlirdi. Mәn dә qәsdәn onların xoşuna gәlmәk üçün özümü lap bilmәmәzliyә vururdum ki, bunun özünün dә başqa bir mәzәsi var idi. İş oraya çatdı ki, sәdr-әzәmin dә mәclisinә ayaq açdım. Mәnim söhbәtlәrimdәn o dәrәcәdә xoşu gәldi ki, sabahısı günü mәnә bir şir-xurşid nişanı ilә xanlıq lәqәbi mәrhәmәt buyurub, başımı göylәrә qaldırdı."

 

Molla Mammәdәli bunu deyib, şәhadәt barmağı ilә pencәyinin yaxasında olan nişanı göstәrdi vә әlavә elәdi:

 

“Baxın, bu mәnim aldığım birinci nişandır. Sәdr-әzəmin xidmәtçisi nişanı vә fәrmanı gәtirib mәnә verәndә buranın adәti üzrә mәndәn dә әnam istәdi. Ona da әnam әvәzinә bir mәsәl söylәdim. Gördü ki, daş qayaya rast gәlib, bir söz demәdәn üzüsulu qayıdıb getdi. Bir müddәt keçmәdәn ikinci nişanı da aldım. Bu dәfә sәrhәng rütbәsini dә ona әlavә etmişdilәr. Hәm dә yüz tümәn maaş tәyin elәmişdilәr."

 

Bu vaxt molla Mәmmәdәli yenә dә barmağı ilә döşündәki ikinci nişanı göstәrib dedi:

 

“Hәәnd ki, maaş vüsul olmur, özüm dә o qәdәr fikir vermirәm, çünki nәğdәn camaatın yeganә ümidi, pәnahı olmuşam. Vasitәçilik yolu ilә işim çox yaxşı gedir. Gündә beş-altı tümәn, bәzәn daha artıq mәdaxilim olur. Keçәn il sәdr-әzәm cәnabları buyurdular ki, Simnan hakimi işdәn çıxarılıbdır, әgәr meylin varsa oranın hökumәtini sәnin adına yazdırım. Әrz elәdim: Allah hәzrәt-әşrәfin kölgәsini mәnim başımdan әskik elәmәsin. Nә maneә var, indi ki, mәslәhәt görürsünüz sizin buyuruğunuzun müqabilindә mәnim nә hәddim var ki, başqa cür düşünәm.

 

Gәlib evdә sizin qulbeçәnizin -- Qasımın anasına dedim: Arvad, muştuluğumu ver, sәdr-әzәm mәnә Simnanın hökumәtini tәklif elәdi. Dedi: xәyalın nәdir? Dedim: heç nә, nә olacaq, bir şәhәrin hökumәtidir, әlbәttә, gedәrәm. Qasımın anası dedi: sәn türksәn, ağlın kәsmir. -- Mәn bu işә razı olmaram.

 

Bu arvadın әsli İsfahanlıdır. Şeytana papış tikәr. Ancaq mәn onun narazı qalmasına әhәmiyyәt vermәyib dedim: Ay arvad, xalq gedir altı-yeddi min tümәn rüşvәt verib bir şәhәrin hökumәtini min minnәtlә әlә gәtirmәk istәyir, baş    tutmur. İndi sәnә müftә verirlәr, istәmirsәn? Arvad dedi: bir işә başlayanda  әvvәlcә onun aqibәtini düşünmәk lazımdır. Adam gәrәk uzaqgörәn olsun. Әvvәla,    sәn türksәn, Simnan әhalisi isә tәәssübkeş farslardır. Elә buna görә dә sәnin tәdbirlәrinә qarşı min cür bәhanә düzәldib maneçilik törәdәcәk, nәhayәt, üsyan qaldırıb sәni oradan qovacaqlar.  İkincisi, sәn olasan o allahın, axı, sәnin  canında -- cohәrindә hökumәt lәyaqәti yoxdur. Әgәr qәbul etmirsәn, buyur, bu ayna, bu da sәn, bax gül camalına. Üçüncüsü, Simnan öz iqliminin pisliyi ilә mәşhurdur. Sәnin dә ki, allaha şükür, saf bir canın yoxdur. Uşaqlar da ki,    sısqadırlar, burunlarından tutsan canları çıxar. Dördüncüsü, bunların hamısı bir tәrәfә qalsın, ola bilsin ki, altı-yeddi aydan sonra hәlә sәn öz yerini   qızdırmamış başqası yeddi-sәkkiz min tümәn rüşvәt vә ya icarә adı ilә pul verib, hakimliyi sәnin әlindәn alsın. Onda de görüm nә elәyәcәksәn? Bu qәdәr get-gәl xәrcini haradan düzәldәcәksәn? Bu vәzir-mәzirlәrin sözlәrinә o qәdәr dә bel bağlamaq olmaz. Güclә özümüzә dirlik düzәltmişik. Hәr gün zәhmәtsiz-mәşәqqәtsiz bir neçә tümәn mәdaxilimiz var, ye, allahına şükür elә. Bәlkә yavaş-yavaş bir az da mәdaxil arta. Ay kişi, sәn hara, Simnan hökumәti hara?

 

Gördüm, insafәn, arvad mәndәn çox ağıllıdır. Belә işlәri, mәmlәkәtin vәziyyәtini mәndәn yaxşı bilir. Ürәyimdә afәrin dedim. Amma özümü sındırmamaq üçün, hәm dә onu başıma çıxarmamaq mәqsәdilә dedim: Sәnin dә sözlәrin beynimә batır. Düz deyirsәn, oraya getsәk mәnә dә, uşaqlara da bәd keçәr. Mәnim dә, onların da mәzacına pis ab-hava düşmәz. Gedib boynumdan ataram.

 

Bu macәradan iki-üç gün sonra sәdr-әzәmin yanına getdim. Buyurdu:

 

“Hacıxan, sәnin Simnan sәfәrin necә oldu? Gәrәk yola düşmәyә hazır olasan.”

 

Әrz elәdim:

 

“Qurbanın olum, sizin yüksәk, müqәddәs vә şәrafәtli cәnabınıza bәllidir ki, nökәriniz xәstәdir. Qorxuram gedim, orada xәstәlәnib ölüm. Onda qürbәt vilayәtdә bu sәğir vә kimsәsiz uşaqlar başsız qalacaqlar. Hәrgah burada bir iş mәrhәmәt buyursanız canınıza daha artıq dua edәcәyәm. Bir vәsilә salın ki, elә burada, sizin qulluğunuzda uca hümmәtiniz vә yüksәk kölgәnizin altında ömrümü asudәliklә başa vurum.”

 

Buyurdu:

 

“Burada sәnin öhdәsindәn gәlә bilәcәyin elә bir münasib iş nәzәrimә gәlmir. Ay allahın bәndәsi, nә cavanlığın var, nә camalın, gözәl xәtt, kafi savaddan da mәhrumsan, şerdәn, şairlikdәn dә bir şey bilmirsәn. Hәkim dә ki, deyilsәn. Özün de görәk, mәn sәni hansı işә qoya bilәrәm?”

 

Әrz elәdim:

 

“Xarici ölkәlәrdә çox qalmışam. Tiflisdә gürcü dili öyrәnmişәm, bir az da rusca bilirәm. Әgәr xarici işlәr nazirliyindә bir qulluq tapşırsanız çox yaxşı olar, canla-başla yerinә yetirәrәm.”

 

Buyurdu:

 

“Onda gәrәk bir az gözlәyәsәn. Bir nәfәr var, mәnim ondan әsla xoşum gәlmir. Çoxdandı ki, istәyirәm onun ayağını oradan kәsәm. Ancaq arxası möhkәm yerә bağlıdır. Әlbәttә, mәqamı gәlib çatacaq. Bir az gözlәyin, görәk nә elәrik. İndi gözlәyirәm. Allaha şükür, arvad almışam, bir oğlum, bir qızım var. Öz arvadımdan da razıyam. Allah ondan razı olsun, ev tikәndir, ev yıxan deyil.Bu mәnim başıma gәlәn uzun әhvalatın qısasıdır. İndi sizin növbәnizdir. Bismillah, buyurun görәk.”

 

Mәn molla Mәmmәdәlidәn soruşdum:

 

“Lәqәbin-zadın yoxdur? Axı, İranda hәr bir xanın xüsusi, tәmtәraqlı lәqәbi dә olur.”

 

“Xeyr,” -- dedi. -- “Müşirüddövlә[4] cәnabları lәqәblәrin siyahısını mәnә göndәrdi. Budur, üzünü saxlamışam.” -- Әlini atıb yanındakı sandıqdan bir tikә kağız çıxarıb bizә göstәrdi vә әlavә etdi: -- “Buyurdu ki, bu lәqәblәrdәn birini özüm üçün seçim. Amma mәn istәmәdim.”

 

[4] Hacı Mirzə Möhsün xan.

 

“Nә üçün?”

 

“Düşündüm ki, birdәn zamanın gәrdişi mәni Tәbrizә aparıb çıxardar. Siz Tәbrizin lotularını yaxşı tanımırsınız. Mәn bilirәm ki, onlar necә haramzadadırlar. Mәni dә ki, әvvәldәn tanıyırlar. Mәni lәqәb sahibi görәn kimi pәrt elәmәk üçün eşşәyi, iti vә ya pişiyi dә mәnim lәqәbimlә çağıracaqlar. Onda eşşәk gәtir rüsvayçılığımı yüklә.”

 

“Onda sizin xanlıq lәqәbiniz üçün dә başınızә belә bir oyun aça bilәrlәr,” -- dedim.

 

Molla Mәmmәdәdi gülümsәyib dedi:

 

“Xeyr, elә deyil. İndi xanlıq lәqәbi ümumilәşibdir. Xüsusi lәqәb deyil ki.... Hәr bir baqqalın, çaqqalın, hәtta әlәk-qәlbir toxuyanların, mütrüflәrin dә xanlıq lәqәbi var. Bundan әlavә, indi "xan" sözünündә "x" hәrfi ilә-başlanan xurma, xiyar, xan, xәlәt vә başqa sözlәr kimi heç bir mәziyyәti vә hörmәti qalmamışdır.”

 

Molla Mәmmәdәli bunu deyib, lәqәblәr siyahısını mәnә tәrәf uzatdı, mәn alıb baxdım, gördüm әcәb hәngamәdir. Hәәnd ki, onun üzünü köçürmәk mәnә zәhmәt vә bu sәyahәtnamәni oxuyanlar üçün әziyyәtdir, amma әlacım nәdir. Mәrhum atamın vәsiyyәtindәn kәnara çıxa bilmәrәm. Atam mәnә vәsiyyәt elәyibdir ki, hәr nә görsәm yazım. Mәn dә bunları yazmalıyam. Budur, lәqәblәr siyahısının üzü belәdir:

 

İzzüddövlә, Şәhabüddövlә, Nәsrüddövlә, Mötәmәnüssultan, Müizzüddövlә, Müstәşarüddövlә, Әminüssultan, Şücaüddövlә, Sәniüddövlә, Tәbibüddövlә, Hәkimüddövlә, Katibüssәltәnә, Şüaüddövlә, Әzizüddövlә, Müşavirüssәltәnә,   İftixarüddövlә, Zәfәrüssәltәnә, Müzәffәrüddövlә, Zәfәrüddövlә, Heşmәtüddövlә, Şәrifüddәvlә, Zәhirüddövlә,  Hüsamüssәltәnә, Müinüddövlә, Müәzzәmüddövlә,    Mükәrrәmüddövlә, Naibüssaltәnә, Nüsrәtüddövlә, Hüsamüddövlә, Sәhamüddövlә, Dәbirüssәltәnә, Yәminüddövlә, Yәsarüddövlә, Asәfüddövlә, Sәrәncamüddövlә, Әrfәüddövlә, İqbalüddövlә, Müşirüddövlә,  Müdirüddövlә, Mücirüssәltәnә,    Vәkilüddövlә, Әminüddövlә,  Әmünüssültan, Şәhnәtüssәltәnә, Cәlalüddövlә, Cәmalüddövlә, Mәcdüddövlә, Nәcmüddövlә, Kokәbüddövlә, Müşkatüddövlә,  Misxbahüddövlә, Siracülmülk,Müәyyidüddövlә, Şücaüssәltәnә, Ziyaüddövlә,     Mühәndisüddövlә, Memarüddövlә, Zәrğamüddövlә, Hacibüddövlә, Dәrbanüddövlә, Nazimüddövlә, Mәntiqüddövlә, Nәqibüddövlә, Xәtibüddövlә,  Әdibüddövlә,  Şüaüssәltәnә, Etizadüssәltәnә, İftixarüssәltәnә, Rükiüddövlә, Mümtәhinüddövlә, Mötәmәdüddövlә, Bәhaüddövlә, Ehtişamüddövlә, Seyfüddövlә, Rәmhüddövlә, Zәkiyüddövlә, Rәziyüddövlә, Sarimüddövlә, Sәmsamüddövlә, Qәvamüddövlә, Әlaüssәltәnә, Vәqrüssәltәnә, Şәrәfülmülk, İzzülmülk, İftixarülmülk,   Etimadülmülk, İntisarülmülk, Ezazülmülk, Mübәşşirüssәltәnә, Müdәbbirülmülk, Müizzülmülk, Sәdrüddövlә, Әzdülmülk, Әzdüssәltәnә, Sәdnqüddövlә,   Xazinüddövlә,   Qadirüddövlә, Müqtәdirüssaltәnә, Etisamüssәltәnә, Vәzirüddövlә, Nәyyirüddövlә, Şücaülmülk, Zükaülmülk, Bәyanülmülk, Bәnanülmülk, Müinülmülk, Ehtişamülmülk,    Müstәnsәrrüssәltәnә, Әrfәssәltәnә, Әdlülmülk, Müinüdәdalә, Müinülәyalә,     Nüsrәtülmülk, İqbalülmülk, İqbalüssәltәnә, Hәkimülmülk, Tәbibülmülk,    Filәsufülmülk, Mәsihülmülk, Sәhamülmülk, Qәvamülmülk, Xazinülmülk, Әlanlmülk,    Dәbirülmülk, Bәhaülmülk, Ziyaülmülk, Nizamülmülk, Әzdülmülk, Zәhirülmülk, Seyfülmülk, Şәmşirülmülk, Mötәmәdülmülk, Nazimülmülk, Siracülmülk,    Vәkilülmülk, Nәcmülmülk, Qәvamülmülk, Heşmәtülmülk, Müşirülmülk, Müşkatülmülk, Әdibülmülk, Әdibülmәmalik, Әminülmülk, Mühәndisümәmalik, Muhәqqiqülmülk, Sәdülmülk, Sәniülmülk, Şәhabülmülk, Sәhabülmülk, Yәminülmülk, Lisanülmülk, Sidqülmülk, Sidiqülmülk, Nasirülmülk, Nasehülmülk, Әmidülmülk, İmadülmülk, İmadüssәltәnә, Saidülmülk, Saidüddövlә, Saidüssәltәnә, Saidülvәzarә, Mühәqqiqüddövlә, Mühәqqiqüssultan, Әmin dәrbar, Әmin şura, Әmin xәlvәt, Әmin hәzrәt, Әmin hüzur, Әmin divan, Әmin nizam, Әmin lәşgәr, Әmin hәrәm, Әmin xaqan, Әmin hümayun, Әmir nizam, Müşir nizam, Vәzir nizam, Şüca nizam, Müşrif nizam, Sәrriştәdar nizam, Bәdayenigar, Vәqayenigar, Әminülvizarә, Naibülvizarә, Müinülvizarә, Etizadülvizarә, Mötәmәdülvizarә....

 

“Qurtaran deyil ki, keç görәk.”

 

“Baş üstә Sәdrülülәma, Etimadülülәma, İftixarülülәma.”

 

“Bunlardan da keç, bizә lazım deyil.”

 

“Mәliküttüccar, Vәkilüttüccar, Әminüttüccar.”

 

“Bunlardan da keçmәk lazımdır. Biz ki, tacir silkinә mәnsub deyilik.”

 

“Fәxrüzzakirin, Seyfüzzakirin....”

 

“Bunlar da mәrsiyәxanlara mәxsusdur. Yenә dә bizә dәxli yoxdur. Bәli, bu kimi lәqәblәr nә qәdәr istәsәniz var.”

 

Üzümü molla Mәmmәdәliyә çevirib dedim:

 

“Hacıxan, bu lәqәblәrin bәzisinin üstündә qırmızı, bir parasının da üstündә göy xәtlә әlamәt qoymuşlar, bunun nә hikmәti var?”

 

“Afәrin,” -- dedi, -- “yaxşı mültәfit olmusan. Onların ki, qırmızı әlamәti var, qoşun sәrkәrdәlәrinә mәxsusdur, hәr kәsin ki, mirpәnc vә sәrtiblikdәn aşağı rütbәsi olmasa ona verәrlәr. Әlbәttә, o da elә belә boş-boşuna olmaz. Çoxlu peşkәş müqabilindә verilir. Sәnin-mәnim kimilәrin әli o lәqәblәrә çatmaz. O göy rәnglә әlamәti olanlar da sahiblәri yaşayan lәqәblәrdir. Nişansızlar isә boşdur, sahibi yoxdur. Mәn özüm üçün onlardan hansını istәsәm ala bilәrәm. Ancaq әrz elәdiyim sәbәbә görә istәmәdim.”

 

Mәn öz başıma gәlәnlәri sizә söylәyib qurtardım. İndi siz buyurun görәk hal-qәziyyә nәdir, necә olub ki, Misirdәn buraya gәlibsiniz?

 

Dedim:

 

“Doğrusu, biz bu gün әmәlli-başlı nahar elәmәmişik, acıq. Buyurun şam gәtirsinlәr, çörәk yeyәndәn sonra mәn dә öz başıma gәlәnlәri nәql elәyәcәyәm.”

 

Şam gәtirdilәr. Dadlı küftә bişirmişdilәr. Yedik. Çaxır tәklif elәdi. And içdim ki, indiyәdәk dilimә dәymәyib vә bundan sonra da dәymәyәcәk. Sonra mәn sözә başlayıb dedim:

 

“Bizim sәrgüzәştimiz o qәdәr dә uzun deyil. Misirdәn müqәddәs Mәşhәdi ziyarәt etmәk niyyәtilә yola düşdük. O ülvi mәkanın ziyarәtindәn sonra gәzә-gәzә buraya gәlib çatdıq. Buradan da Azәrbaycana getmәk әzmindәyәm. İstәyirәm ürәyimәyatan bir yeri özümә daimi iqamәtgah edәm. Gedib Misirdәki әmlakımı satam, sonra gәlib hәr bir addımı mәnim üçün Misirdәn min dәfә әziz olan vәtәnimin bir guşәsindә sakin olam. Ancaq tәәssüflәr olsun ki, hәlә burayadәk elә bir münasib yer görmәmişәm. İndi bir vasitә tapıb nazirlәrdәn iki-üçü ilә görüşmәk istәyirәm. Bir para deyilmәli mәtlәblәr var, gәrәk onlara çatdıram. Әgәr mәnim üçün bu işi yerbәyer elәsәn onda mәn sәnә Hacıxan deyәrәm. Yoxsa elә haman әvvәlki "gәdә molla Mәmmәdәli" olaraq qalacaqsan.”

 

Molla Mәmmәdәli dedi:

 

Әgәr bir mәsәlә üçün vasitәçi axtarırsansa, yaxud yüksәk bir mәqama әrizә çatdırmaq olarsa, әlimdәn gәlәr. Amma sәni vәzirlәrin yanına aparmağı, onlarla hәmsöhbәt elәmәyi bacarmaram. Yәni bacarmaram deyәndә bir qәdәr yalan olar, bu tezlikdә bacarmaram. Әgәr beş-altı ay burada qalsanız, o da mümkündür. Bilirsiniz, gәrәk belә iş üçün münasib fürsәt әlә düşә.”

 

“Bu şәhәrdә uzun müddәt qalmaq mәnim üçün mümkün deyil, getmәliyәm,” -- dedim.

 

Bir qәdәr fikrә daldıqdan sonra dedi:

 

“Vәzirlәrdәn hansını görmәk istәyirsәn?”

 

“Daxili işlәr naziri ilә, xarici işlәr naziri ilә, bir dә hәrbi nazir ilә görüşmәk istәyirәm.”

 

Yenә dә gözlәrini namәlum bir nöqtәyә dikib dayandı, az sonra üzünü mәnә çevirib dedi:

 

“Bir tәdbir nәzәrimә gәldi. Görәk nә nәticә verәr.”

 

Götürüb bir-birinin ardınca üç mәktub yazdı. Hәr birisini ayrıca zәrfә qoyub, üstünü yazdıqdan sonra mәnә tәrәf uzadıb dedi:

 

“Bu Mirzә Kazım bәyә yazdığım mәktubdur. O, xarici işlәr nazirinin uşaqlarının müәllimidir. Özü dә әslәn әrәbdir. Әrәb dilindәn çox xoşu gәlir. Әrәbcә danışdığınızı görәn kimi sizi rәğbәtlә qarşılayacaq, nә dәrdin olsa onun çarәsini elәyәcәkdir.”

 

İkinci mәktub Rza xanın adınadır. O da daxili işlәr nazirinin xidmәtçisidir. Bunu da ona çatdırmalısan. Üçüncü mәktubu Әsәd bәy fәrraşbaşının ünvanına yazmışam. O da hәrbi nazirin fәrraşbaşısıdır. Gәrәk ona verәsәn. Әgәr adamdır, işdir, birdәn gördün ki, Rza xan vә Әsәd bәy çәm-xәm elәyib rәdd cavabı verirlәr, ovuçlarına xәlvәtcә bir-iki tümәn pul bas. Onda yumşalarlar. Amma ehtiyatlı ol, Mirzә Kazım bәy rüşvәtxor deyil ha.... O heç nә qәbul elәmәz. Mәşәdi Hәsәn Kirmani bu nazirliklәri tanıyır, sabah onu bәlәdçi götür. İnşaallah, mәqsәdinә çatarsan.

 

Çox sevinib dedim:

 

“Mersi, Hacıxan, mersi, Hacıxan, mersi!”

 

Hacıxan әlavә etdi:

 

“Qәm elәmә, onların hamısı düzәlәr. Әgәr nişandan-zaddan da istәsәn özüm әl-ayaq elәrәm.”

 

“Xeyr, xeyr, mәnә nişan-mişan lazım deyil,” -- dedim.

 

“Özünә lazım deyilsә, dost-aşnana lazım olar. Bunun nә eybi var? İstәyirsәn iki-üç müxtәlif dәrәcәli nişan üçün adsız fәrmanlar әlә gәtirib, aparıb xaricdә kimә istәyirsәn ver.”

 

Dedim:

 

Әzizim, bu vәziyyәti görmәkdәn mәnim ürәyim qanla dolub, indi dә sәn mәni nişan satmağa yönәltmә. Dövlәt nişanını bu dәrәcәdә ayaqlara salan adamı allah zәlil günә qoysun. Adam nә qәdәr alçaq vә şәrәfsiz olmalıdır ki, belә bir rәzalәti boynuna alsın. Nişan satmaq nә demәkdir? Adam öz irzini, namusunu satsa ondan yaxşıdır. Çünki irz, namus adamın özününküdür. Amma nişan ümumxalqın, ölkәninkidir. Biz gәrәk dövlәt nişanına qüdsi nәzәrlә baxaq, onun dәyәrini canımızla ödәyәk, onu әlә gәtirmәk üçün şirin canımızdan keçәk. Onun şәrәfini hәr şeydәn yüksәk tutaq, çünki nişan -- xaricdә dövlәtimizin şanı vә milli şәrәfimizin timsalıdır.”

 

Mәnim sözlәrim molla Mәmmәdәlini darıxdırdı.

 

“Baba, bunlar nә sözdür sәn danışırsan? Xәbәrdәn xәbәrin yoxdur, canım. Hacı Mәmmәd Bağır kürk-yaraqlı üç-dörd dәfә Rusiyaya, Almaniyaya sәfәr elәyibdir. Hәr sәfәrindә otuz-qırx dәnә müxtәlif dәrәcәli nişan ağ fәrmanlarla apardı. Rusiyada öz gözümlә gördüm ki, hәr birini min manatdan altı yüz manatacan satırdı. Әmәlli-başlı pul qazandı.”

 

“Mәgәr bütün bunları şah bilmir?” -- deyә soruşdum.

 

“O yazığın nәdәn xәbәri var?” -- dedi. Onun başını elә qatmışlar ki, başını qaşımağa macalı yoxdur. Bunları xarici işlәr naziri ilә sәdr-әzәm әlbir olub satırlar.”

 

Daha dayana bilmәdim.  Hönkür-hönkür ağladım.

 

Burada millәtin qeyrәtli övladlarından birinin vәtәn haqqında qoşduğu tәranәdәn iki beyt yadıma düşdü. Münasib olduğu üçün yazdım:

 

Vәtәn, behişt dә sәnin tәk gözәl ola bilmәz,

Mәhәbbәtinlә vurur sinәdә bu odlu ürәk.

Tükәnmәz hörmәtinә kәc baxarsa hәr bir kәs,

Başında olmaya heç bir zaman papağı gәrәk.

 

Bәli, tam qüdrәtlәri, bacarıqları olduğu halda dövlәtin vә millәtin heysiyyәtini vә şәrәfini qorumayan adamları, vәtәnin, millәtin yüksәk qәdr-qiymәtini alçaldanları gәrәk allah özü zәlil elәsin!

 

Saata baxdım, gördüm gecә yarıdan ötür, molla Mәmmәdәliyә dedim:

 

“Bizi mürәxxәs buyur gedәk. Amma bәid deyil ki, yolda polislәr qabağımızı kәssinlәr.”

 

“Mәnim adamım sizi ötürәcәk,” -- dedi, -- “onu hamı tanıyır.”

 

Ucadan nökәrini sәslәdi:

 

“Qulamәli, fanar hazırla!”

 

Qulamәli bir qәdәr әvvәl vәsfindә yazdığımız haman pinti qoca aşpazdır. Әlindә fanar, belindә qәmә o dәqiqә hazır oldu. Baxdım ki, cavanlaşıb, cәld oğlan kimi mәtin addımlarla qabağımızda gedirdi. Bizi karvansaramızın qapısına qәdәr müşayiәt etdi. Qapını döydük. Açdılar. Qulamәliyә iki qran әnam verdim:

 

“Allah xana ömür versin,” -- dedi.

 

Dedim:

 

“Ay baba, mәn xan deyilәm.”

 

Dedi:

 

“Bah, Tehran ola belә ucuz qiymәtә çörәk satalar. Bәs indi xan olmasan nә vaxt olacaqsan?”

 

Güldüm. O getdi, biz dә mәnzilә keçib yatdıq.

 

Sәhәr tezdәn durub namaz qıldıqdan, çay içdikdәn sonra bir para xәyallar mәni özünә mәşğul elәmәyә başladı. Gecә bәzi qarışıq yuxular görmüşdüm. Dәstәdәn dörd saat keçmiş Mәşәdi Hәsәni uzaqdan gördüm. Pillәkanları çıxıb mәnzilә gәlmәk istәyirdi.

 

Dedim:

 

“Zәhmәt çәkmәyin, bu saat geyinib özüm aşağı düşәrәm. Sәninlә bir yerdә gedәcәyik.”

 

Әbamı geyinib yola düşdük. Yolda Mәşәdi Hәsәnә dedim:

 

“Mәşәdi, mәni daxili işlәr nazirinin evinә aparmalısan. Oradan da xarici işlәr naziri vә hәrbi nazirin evinә getmәliyik.”

 

Mәşәdi Hәsәn dedi:

 

“Hacıxan işlәri düzәltdimi?”

 

“Bәli,” -- dedim.

 

Birlikdә gedib daxili işlәr nazirinin evinә çatdıq. Mәn әgәr onun evinin binasını tәsvir etsәm mәtlәb uzanar. Rza xanın sorağını tutdum. Göstәrdilәr. Yanına gedib salam verdim. Hacıxanın mәktubunu cibimdәn çıxarıb tәqdim elәdim.

 

O, oxuyub üstümә atdı:

 

“Bu gün olmaz. Heç vәchlә mümkün deyil,” -- dedi.

 

Bir qәdәr yaxına yeriyib, ovcuna bir imperial qoydum.

 

Mәnim üzümә baxıb dedi:

 

“Zәhmәt olmasa bir az gözlәyin.”