NADİR ŞAH

 

 

 

 

DÖRD MӘCLİS VӘ YEDDİ PӘRDӘLİ DRAMA

 

 

ӘHLİ-MӘCLİS

 

Şah Sultan Huseyn xan-- 1717-ci ildә fars padşahı, padşahlığa layiq olmayan bir zat, 60 yaşında.

Ә d h ә m-- onun müqәrrib vәzirlәrindәn.

Ş a h  T ә h m a s-- Hüseyn xanın oğlu, 25-35 yaşında.

C ә f ә r x a n, M ә h ә m m ә d  x a n -- vәzirlәr.

R z a  x a n, G ü r c ü  b ә y --sәrkәrdә.

N a d i r-- 30-47 yaşında.

G ü l c a h a n-- Nadirin övrәti.

R z a q u l u-- onun oğlu, 15-20 yaşında.

C a v a d-- Nadirin dayısı, 70 yaşında.

Ә v v ә l i n c i   y o l ç u-- 70 yaşında.

İ k i n c i  y o l ç u-- 50 yaşında.

Y a r a q l ı  q a ç a q l a r  v ә  k ә n d  a d a m l a r ı.

M i r z ә  M e h d i  x a n-- 40 yaşında, Nadirin müqәrrәblәrindәn.

E l ç i  S e y i d  S ә t a n-- türkmәn paltarında.

H e y d ә r x a n-- 40 yaşında, Şah Tәhmasibin müqәrrәb vәzirlәrindәn.

S a l e h  b ә y, M u s a  b ә y, Ә l i  Ә ş r ә f  b ә y, F ә r r a ş-- Nadiri öldürәn xanlar.

 

 

 

 

BİRİNCİ MӘCLİS

 

 

Vaqe olur İsfahan şәhәrindә 1717-ci ildә, Şah Hüseyn xanın otağı, qapıda iki fәrraş, xanın taxtı.

 

Ә d h ә m  x a n. Tamam üç saatdır gözlәyirәm, bu vaxtadәk hәlә cavab vermir. Kim bilir, yatır, ya balaca uşaqlar ilә oynuyur. Amma dövlәtin işlәri getdikcә çәtinlәşir, nә etmәli? (Fikrә gedir. Qapı açılır, Hüseyn xan yan otaqdan daxil olur.)

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Şah Hüseyn xan vә Әdhәm xan.

 

Ş a h  H ü s e y n  x a n (taxtında әylәşib). Xeyir ola, Әdhәm?

Ә d h ә m  x a n. Xeyirdir, qibleyi-alәm!

Ş a h  H ü s e y n  x a n. Bәs nә әcәb belә tezdәn gәlibsәn?

Ә d h ә m  x a n. Qibleyi-alәm sağ olsun! Bir neçә gün bundan müqәddәm xәbәr gәlibdir ki, kürdlәr dövlәtin üzünә ağ olub Cavad xanı vә fәrraşları öldürüblәr....

Ş a h  H ü s e y n  x a n. Cavad xanı? (Fikrә gedir.) Cavad xan gәrәkdir çoxdan ölәydi; çünki onun zәrәrdәn savayı dövlәtә heç bir xeyri yox idi, tövcünü vaxtında yığa bilmirdi vә yığanda da min dava ilә.

Ә d h ә m  x a n. Qibleyi-alәm! Tövcü vaxtında yığılsa da, yığılmasa da

dövlәtin halına bir o qәdәr tәfavüt etmir.

Ş a h  H ü s e y n  x a n. Necә ki, etmir?

Ә d h ә m  x a n. Mahalların xanları xәzinәyә ancaq cüzi bir şey verib, qalanını özlәri sәrf edirlәr.

Ş a h  H ü s e y n  x a n. Düşünmürәm, necә özlәrinә sәrf edirlәr?

Ә d h ә m  x a n. Qibleyi-alәm! Qәdimdәn qayda bu üzrә olubdur: xanlar dövlәtdәn mahalları icarә edib tövcünü özlәrinә sәrf edirlәr, ancaq dövlәtә bir cüzi icarә pulu verirlәr.

Ş a h  H ü s e y n  x a n (fikrә gedir). Bәs belә....  İndi nә etmәli?

Ә d h ә m  x a n. Mәn özüm dә bilmirәm.

Ş a h  H ü s e y n  x a n. Әdhәm! İbtidadan mәnim әvvәlinci vәzirim olub, padşahlığın hәr ixtiyarını sәnә mühәvvәl etmişәm. İndi necә ki, mәslәhәt görürsәn, elә dә edәrsәn. (Durur getmәyә.)

Ә d h ә m  x a n. Qibleyi-alәm! Doğrudur, dövlәtin hәr ixtiyarı bu vaxtadәk mәnim әlimdә olubdur, amma doğrusu, bu halda tәk bacarmaq mümkün deyil.

Ş a h  H ü s e y n  x a n. Burada nә bir çәtin iş vardır? Kürdlәr nә millәtdir ki, bizim dövlәtә zәrәr yetirә? Beş yüz sәrbaz göndәrsәk hamısını qolları bağlı gәtirәrlәr.

Ә d h ә m  x a n. Qibleyi-alәm, bu işin çәtinliyi ... m ... m....

Ş a h  H ü s e y n  x a n (qoymur sözünü qurtarsın). Yaxşı, göndәr mәslәhәt üçün qalan vәzirlәr dә gәlsinlәr. (Gedir).

Ә d h ә m  x a n (Hüseyn xanı qapıyadәk ötürür vә ondan sonra qapıda duran fәrraşa deyir). Get, bu saat Cәfәr xanı, Rza xanı vә Mәhәmmәd xanı dәvәt  et qibleyi-alәmin hüzuruna.

F ә r r a ş. Bәçeşm!

Ә d h ә m  x a n (tәk). Fikrim dağınıqdır. (Başını әli ilә tutur.) Hәrçi fikir edirәm, bir şey çıxmır. Deyirәm, kürdlәr dövlәtin üzünә ağ olublar, deyir, zәrәr yoxdur, beş yüz sәrbaz göndәr hamısını qolları bağlı gәtirsinlәr. Bәh! Bәh! Kürd tayfasından xәbәri yoxdur. Beş yüz yox ki, min qoşun da göndәrsәm, onların öhdәsindәn gәlә bilmәzlәr. Bundan savayı, beş yüz sәrbazı haradan cәm edim? Bu saat hazırda heç iki yüz dә yoxdur. (Fikrә gedir.) Hәlә qeyri işlәrdәn xәbәri yoxdur. Bir neçә gün bundan müqәddәm xәbәr gәlibdir ki, özbәklәr vә әfqan davaya hazırlaşırlar. Bu xәbәrlәri mәndәn savayı heç  kәs bilmәyir vә demәk dә olmaz. (Fikrә gedir.)

 

 

İKİNCİ GӘLİŞ

 

Gürcü bәy vә Әdhәm.

 

G ü r c ü  b ә y (tez içәri daxil olur). Әdhәm xan, doğrudurmu, deyirlәr Badikubә, Şirvan, Şәki, Dәrbәnd lәzgilәrә tabe olublar?

Ә d h ә m  x a n   (yavuğa gedib). Sus! Sәn haradan bildin?

G ü r c ü  b ә y. Kağız almışam.

Ә d h ә m  x a n. Yalandır, inanma. Belә şey ola bilmәz.

G ü r c ü  b ә y (kağızı çıxardıb verir). Hәrgah inanmayırsınız, buyurun, bu kağız.

Ә d h ә m  x a n (kağızı oxuyub cırır). Bu xәbәrin doğru olmağını, әlbәttә, tәhqiq etmәk lazım gәlir....  Ol sәbәbә hal-hazırda bu barәdә kimsәyә söylәmәmәk mәslәhәtdir. (Gürcü bәyә diqqәtlә baxır.)

G ü r c ü  b ә y. Әdhәm xan! (Acıqlı.) Doğrudur, qulluğum sizә tabe olmağı tәlәb edir, fәqәt dövlәtә xәyanәt edә bilmәrәm.Xudahafiz! (Tez çıxır.)

Ә d h ә m  x a n (fikrә gedib). Bu yaxşı işә oxşamayır. Gürcü bәy bu xәbәri padşaha yetirә bilmәyәcәkdir vә yetirsә dә, şah mәni qoyub onun sözünә inanmayacaqdır. Amma....  Amma qorxum burdadır ki, Tәhmas Mirzәyә bu xәbәri söylәr, çünki

onunla çox dostdur. Ah....  Tәhmas olmasaydı, indi padşahlığı almışdım әlә....  (Bir az fikirdәn sonra.) Xeyr, bu fikirlәr hәlә qalsın.... Yaxşı ... m ... m....  Lәzgilәrin hәrәkәtlәri mәnә mәlum idi, amma.... (Fikirdә ikәn yavaş-yavaş әylәşir.)

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Tәhmas, Әdhәm.

 

T ә h m a s. Әdhәm xan! Nә olubdur? Fikrә gedibsiniz?

Ә d h ә m  x a n (birdәn ayağa durur). Heç. Qibleyi-alәmi gözlüyürdüm.

T ә h m a s (tәrәfә). Qibleyi-alәmi gözlüyür! (Rişxәnd). İşiniz çoxmu vacibdir?

Ә d h ә m  x a n. Xeyr, qibleyi-alәm xahiş edibdir ki, bu gün dövlәtin işlәrinә dair mәslәhәt olunsun.

T ә h m a s. Dövlәtin işlәri!....  Dövlәtin nә işi olacaqdır? Dövlәtdәn mәyәr bir şey qalıbdırmı ki, mәslәhәt dә olunsun?

Ә d h ә m  x a n. Allaha şükür, nә olubdur ki?

T ә h m a s. Ax, Әdhәm xan! Nә deyim....  Bağışlayın, bu vaxtadәk atamın sizә olan mәhәbbәti mәni dә vadar edirdi ki, sizә lazım olan hörmәti edim, hәәnd mәnim yәqinimdir ki, atamdan sonra dövlәt mәnim ixtiyarıma keçәcәkdir, bununla belә

bu vaxtadәk dövlәtin işlәrinә qarışmırdım vә bu barәdә sizinlә sual-cavabım olmuyubdur....  Fәqәt indi bir neçә әhvalatlar mәni vadar edir sizdәn sual edәm....  Dövlәtin abad olmağından ötәri nә edibsiniz? İşlәr nә yerdәdir?

Ә d h ә m  x a n. Vәliәhd sağ olsun! Mәn ömrümü babanızın qulluğunda sәrf etmişәm, necә ola bilәr ki, bir şey etmәyim.... Hәr iş öz qaydası ilә gedir. Günbәgün vәtәnimiz vә millәtimiz tәrәqqidә....

T ә h m a s. Bәli, görünür, işlәrdәn baxәbәrsiniz....

Ә d h ә m  x a n. Necә ola bilәr ki, mәnim xәbәrim olmasın.

T ә h m a s. Kürdlәrin әmәli sizә mәlumdurmu?

Ә d h ә m  x a n. Bәli!

T ә h m a s. Bәs bәlanı rәf etmәk üçün fikriniz nәdir?

Ә d h ә m  x a n. Bu gün mәslәhәt haman mәsәlә barәsindәdir.

T ә h m a s. Bu iş iki aydır cәmi İrana mәlumdur, siz ancaq indi mәslәhәt edirsiniz....  (Başını bulayır.) Kürdlәr dövlәtin üzünә ağ olublar, özlәri üçün müstәqil hakim tikiblәr. Amma siz indi mәslәhәtә yığılırsınız! Tәәccüb edirәm.

Ә d h ә m  x a n. Nә üçün tәәccüb edirsiniz? Allaha şükür, nә olubdur? Bir gün әrzindә beş yüz qoşun ilә onları sakit etmәk  mümkündür.

T ә h m a s. Ah! Ah! Ah! (Gülür.) Beş yüz qoşun! Bunları hardan yığacaqsınız? Vә tutalım yığdınız, beş yüz adam vәhşi kürdlәrә nә edә bilәcәkdir? Bu qalsın, bәs lәzgilәrә çarәniz nәdir?

Ә d h ә m  x a n. Lәzgilәr! Lәzgilәr çoxdan xamuş olublar. Onların tәrәfindәn bizim üçün qorxu yoxdur.

T ә h m a s. Bәs görükür, tәzә xәbәri eşitmәyibsiniz?

Ә d h ә m  x a n (tәrәfә). Görükür, Gürcü bәy hamısını deyibdir. Vә....  Bәli, deyirlәr guya lәzgilәr davaya hazırlaşırlar. Fәqәt belә sözlәrin әsli yoxdur, zәnn edirәm.

T ә h m a s. İş işdәn keçibdir, siz indi deyirsiniz әsli yoxdur.... İranın gözәl yerlәri: Badikubә, Şirvan, Şәki mahalları hamısı lәzgilәrә tabe olubdur!.... Bunlar heç, bәs Әfqan?....

Ә d h ә m  x a n. Әfqan?

T ә h m a s (gülә-gülә). Bәli, Әfqan! Ah Әdhәm xan, ya görünür yatıbsınız, işlәrdәn xәbәriniz yoxdur, yainki bilib gizlәdirsiniz....  (Yavuğa gedir.) Sizә yәqin olsun ki, vәtәnimiz bu yavuqda әldәn gedәcәkdir vә mәnim sizinlә bu tövr açıq

vә  cürәtlә danışmağımın sәbәbi budur ki, mәn burada qalıb özümü bәdbәxt etmәk istәmirәm....  Hamı günah sizdә olmağını  yәqin etmişәm. Vaxtında tәdarükdә olsaydınız, vaxtında bu xәbәrlәr doğru olmağını tәhqiq etsәydiniz, bu halәtdә bulunmazdıq. İndi....  İndi bәla hәr tәrәfdәn gәlir....

Ә d h ә m  x a n (başını aşağı salıb). Mәn nә ki lazımdır....  Mәn .... Mәn....

T ә h m a s (gulә-gülә). "Mәn", "mәn", eh! (Әli ilә.) Sizinlә danışmağın indi vaxtı deyil.... Vәtәn vә millәt qabağında üzüqara  olanın vay halına! Xudahafiz. (Çıxır.)

Ә d h ә m  x a n (başı aşağı dayanıb fikrә gedir). Bu yaxşı işә bәnzәmәyir. Mәnә deyir ki, sizinlә danışmağın indi vaxtı  deyil, yәni taxta çıxandan sonra danışacaqdır.... Bunun atası Hüseyn şah da әvvәl taxta әylәşәndә dövlәtin işlәrinә

diqqәt edirdi, amma indi....  Xeyr, bu sözdür. Sәn dә vaxtında yumşalarsan, tәlәsmә....

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Şah Hüseyn xan vә Әdhәm xan.

 

Şah Hüseyn xan içәri daxil olub taxta әylәşir. Bir qul qәlyan gәtirir.

 

Ş a h  H ü s e y n  x a n. Әdhәm! Vәzirlәr hәlә gәlmәyiblәr?

Ә d h ә m  x a n. Xeyr, qibleyi-alәm!

Ş a h  H üs e y n  x a n (bir az fikirdәn sonra). Gürcü bәyә dә adam göndәrmәk gәrәk. Çünki Gürcü bәy eşidirәm, can vә dil ilә qulluq edir. Bu barәdә onun tәsәvvürünü dә bilmәk lazımdır, zәnn edirәm.

Ә d h ә m  x a n (rişxәnd). Layiq deyil ki, Gürcü bәy qibleyi-alәmin mәclisindә әylәşib dövlәt barәsindә öz tәsәvvürünü danışsın. Bundan әlavә, Gürcü bәy çox hünәrli vә şücaәtli olmuş olsa da genә xaçpәrәstdir. Belә bir adamın müsәlman

dövlәtinә tәmiz ürәklә qulluq etmәyinә şәkkim var. Vә dövlәtin bir para pünhan işlәrini hәr adama demәk olmaz.

Ş a h  H ü s e y n  x a n (bir az fikirdәn sonra). Gürcü bәy bu vaxtadәk dövlәtә xәyanәt etmәyibdir vә bir dә onu çağırmaqdan

әsil mәqsәdim budur ki, kürdlәrin müqabilinә göndәrәm. (Fikir.)

Ә d h ә m  x a n. Qibleyi-alәm! Kürdlәr....

Ş a h  H ü s e y n  x a n (hirsli). Yaxşı! Adam göndәr çağırsınlar. (Başını әli ilә tutub fikrә gedir.)

Ә d h ә m  x a n. Baş üstә! (Tәrәfә.) Bu yaxşı işә bәnzәmәyir.... (Gedib qapıda duran fәrraşa yavaşdan deyir ki, Gürcü bәyi çağırsın.).

Ş a h  H ü s e y n  x a n (әli ilә ürәyini tutur). Ürәyim bu gün çox döyünür. Oh! Oh!

Ә d h ә m  x a n. Qibleyi-alәm! Vәzirlәr gәliblәr.

Ş a h  H ü s e y n  x a n. Gәliblәr? Yaxşı, de gәlsinlәr.

 

 

BEŞİNCİ GӘLİŞ

 

Cәfәr xan, Rza xan vә Mәhәmmәd xan daxil olub hamısı tәzim ilә salam edirlәr.

 

Ş a h  H ü s e y n  x a n. Hәzәrat, әylәşin. Әdhәmin demәyinә görә xәbәr gәlibdir ki, kürdlәr guya dövlәtin üzünә ağ olublar. (Gürcu bәy içәri daxil olub qapının ağzında durur vә Hüseyn xan onu görüb.) Gürcü bәy, әylәş. İşdәn belә mәlum olur ki, kürdlәr bu yavuq vaxtdan baş qaldırıblar. Ona görә ümid edirәm ki, beş yüz sәrbaz göndәrsәm, onların öhdәlәrindәn gәlәrlәr.

C ә f ә r  x a n. Әlbәttә!

R z a  x a n. Hәlә o da çoxdur.

M ә h ә m m ә d  x a n. Mümkündürmü beş yüz sәrbazı bu yaxın zamanda cәm etmәk?

Ş a h  H ü s e y n  x a n. Bu iş mühәvvәl olunur Әdhәmә.

Ә d h ә m  x a n. Qibleyi-alәm! Cәm etmәk asandır!

C ә f ә r  x a n. Beş yüz yox ki, min dә yığmaq olar.

R z a  x a n. Әlbәttә!

M ә h ә m m ә d  x a n. Bunlara gәrәkdir yaraq-әsbab tapıla. Mümkündürmü bu tezlikdә?

Ş a h  H ü s e y n  x a n. Elan etmәk gәrәk ki, hәr kәsin evindә nә yaraq-әsbab olsa götürsünlәr vә qoşunun sәrkәrdәliyini Әdhәmә mühәvvәl edirәm. Gürcü bәyi dә özünlә götürәrsәn. (Gürcü bәyә tәrәf.) Bu barәdә sәnin fikrin nәdir?

G ü r c ü  b ә y  (ayağa durur). Qibleyi-alәm! Mәn hәmişә vәtәnә vә dövlәtә qulluq etmәyә hazıram. Qibleyi-alәmә mәlumdur ki, kәrratla düşmәnlәrin qabağına getmişәm vә hәmәvaxt vәtәnә olan qeyrәt vә mәhәbbәtimi göstәrmişәm. Hәәnd dörd ay bundan müqәddәm mәnim barәmdә vәzirlәrin biri bәdgüman olub qibleyi-alәmә mәni pis qәlәmә vermişdi. Amma әfqanların mәğlub olmaqları vә xanlarını әsir etdiyim sizә mәlumdur. Ümid edirәm ki, mәnim qibleyi-alәmә vә vәtәnә ixlasi-qәlblә qulluq etmәyimdә şübhә qalmadı. Әzbәs ki, mәhәbbәtim vәtәnә nәhayәtdә çoxdur. Ona görә özümә borc bilibqibleyi-alәmdәn izin olsa, öz tәsәvvürümü bәyan edәrәm.

Ş a h  H ü s e y n  x a n. Söylә, qulaq asıram. (Hamı Gürcü bәyә baxır, Әdhәm xan yerә baxır.)

G ü r c ü  b ә y. Bu gün qibleyi-alәmin hüzuruna yığılmaqdan mәqsud, vәtәnimizi bәladan xilas etmәkdir, zәnn edirәm. Bәlanı rәf etmәkdәn müqәddәm lazım gәlir ki, әvvәl bәlanın gücünü özümüz üçün bәyan edәk, görәk necә bәladır? Kürdlәr Cavad xanı iki ay bundan müqәddәm öldürüb dövlәtin üzünә ağ olublar....

Ş a h  H ü s e y n  x a n. İki ay?

G ü r c ü  bәy. Bәli, qibleyi-alәm! İki ay!

Ş a h  H ü s e y n  x a n (Әdhәmә). Bәs sәn deyirdin bir-iki gün bundan müqәddәm?

Ә d h ә m  x a n (dili tutulur). Gәrәk ki, iki ay....

Ş a h  H ü s e y n  x a n. Hә ...  hә ...  hә....  (Acıqlı Gürcü bәyә.) Söylә görüm.

G ü r c ü  b ә y. Bәli, qibleyi-alәm, iki ay....  Mәlumdur ki, kürdlәr çox qoçaq, vәhşi tayfadır. Bu iki ayın әrzindә kim bilir nәlәr ediblәr? Bunların müqabilinә beş yüz, ya beş min vә ya on min adamla getmәk olarmı? Mәn davadan qorxmuram, ancaq

gәrәkdir düşmәnin müqabilinә gedәndә hәr bir müşkülatı nәzәrә gәtirәk. Mәn istәyirәm bilim: Әdhәm xan nә üçün iki ay bundan müqәddәm eşidilәn xәbәrlәrә inanmayıb hazırlaşmırdı.

Ş a h  H ü s e y n  x a n (acıqlı Әdhәmә). Cavab ver!

Ә d h ә m  x a n (ayağa durur). Qibleyi-alәm! İnsan gәrәkdir sәbirlә iş görә, xüsusәn dövlәt işlәrindә. Bu vaxtadәk xәbәr doğru olmağını istәyirdim tәhqiq edim....

G ü r c ü  b ә y. Qibleyi-alәm! Bu sözlәrdә bir cüzi sәdaqәtlik olsaydı, mәn söylәmәzdim, amma....

Ş a h  H ü s e y n  x a n. Nә üçün fikrә getdin?

G ü r c ü  b ә y. Qibleyi-alәm, mәni bağışlayın, ürәyimdә hәr nә var demәk istәyirәm.

H a m ı. Söylә! Söylә!

G ü r c ü  b ә y. Doğru, mәn xaçpәrәstәm, bununla belә insafım mәnә buyurur, mәni vadar edir ki, vәtәnә dair fikirlәrimi açıq-açığına söylәyim. Doğrusu, vәliәhdә olan mәhәbbәtim vә onun gәlәcәyi mәni vadar edir deyim: vәtәnin, dövlәtin

düşmәni Әdhәmdir. Bu gün hәnuz burada, qibleyi-alәmin tәşrifindәn müqәddәm gәlib ona Qafqazdan aldığım mәktubun mәzmununu oxuyuram, bu mәktubda yazılıbdır: Badikubә, Şirvan, Şәki vә Dәrbәnd lәzgilәrә tabe olublar....

Ş a h  H ü s e y n  x a n (acıqlı yerindәn durur). Necә? Nә deyirsәn? Bu.... Bu....  Bu....

G ü r c ü  b ә y. Bәli, qibleyi-alәm! Bu mahalları lәzgilәr özlәrinә tabe ediblәr. Vә bir xәbәrә görә qaçaq Nadir istәyir gedib orada müstәqil hakim olsun.

R z a  x a n. Qәribә işdir! Az düşmәn var idi, Nadir dә bir tәrәfdәn.

C ә f ә r  x a n. Bu vaxtadәk xәbәrimiz yoxdur!

M ә h ә m m ә d  x a n. Nәdәn xәbәrimiz var ki, ondan da olsun.

G ü r c ü  b ә y. Qәribә odur ki, bu xәbәrlәri Әdhәm xana dedikdә mәnә buyurdu: "Bu xәbәrlәri heç kәs bilmәsin".

Ş a h  H ü s e y n  x a n (hirsli yerindәn durur). Әdhәm! Әdhәm! (Hamı ayağa durur, Şah Hüseyn xan taxta yıxılarkәn vәzirlәr gedib tuturlar.)

 

PӘRDӘ

 

 

 

 

İKİNCİ MӘCLİS

 

Vaqe  olur Xorasan kәndlәrinin birindә. Әvvәlinci pәrdә: bir tәrәfdәn Nadirin evi vә yol. İkinci pәrdә: çöl-biyaban.

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

İki yolçu.

 

Ә v v ә l i n c i  y o l ç u. Qoçalıq yaman şeydir, ay balam! Bir az yol gedәndә ayaqlarında tab qalmayır. Әylәş, bir az yornuğumuzu

alaq. Çox yaxşı oldu ki, sәninlә rast gәldim, yoxsa bu uzun yolu şәhәrәdәk yalqız gedәcәydim. Ah! Ah!

İ k i n c i  y o l ç u. Әmi! Nә ah-vay edirsәn?

Ә v v ә l i n c i  y o l ç u. Necә etmәyim, ay balam. Yetmiş sinnim var bu vaxtadәk belә zәhmәtlәr çәkmәmişdim ki, indi çәkirәm. Dolanacaq çox çәtin olubdur. Evimdә yeddi baş külfәt, pul yox, taxıl yox. İndi bu vaxtımda gedirәm şәhәrә, bәlkә hammallıq edib bir az çörәk pulu qazanam.

İ k i n ç i  y o l ç u. Mәgәr taxıl bitmәyirmi? Yeriniz yaxşı deyilmi?

Ә v v ә l i n c i  y o l ç u. Ay balam, qoyurlarmı taxıl әkәsәn? Quldur Nadir hәr yerә ki düşür, oranı viran edir. Bir yandan da әfqanlar buraları alandan sonra xalqa göz verirlәr, işıq vermirlәr....  Xülasә, işlәr çox yamandır, oğlum.

İ k i n c i  y o l ç u. Әmi, mәn iki aydır gәlmişәm, amma Nadirin barәsindә elә şeylәr eşidirәm ki, heç ağlasığası deyil.

Ә v v ә l i n c i  y o l ç u. Sәn hardan gәlibsәn? Haralısan, balam?

İ k i n c i  y o l ç u. Mәnim әslim xorasanlıdır. Düz indi on ildir vәtәnimdәn dәrbәdәr düşmüşәm. Özbәklәr Xorasanı alandan sonra zindәganlıq çox çәtin oldu, hәtta elә oldu ki, yemәyә çörәk dә tapılmadı. İki uşağımı, övrәtimi vә qoca anamı

Xorasanda qoyub düşdüm şәhәrbәşәhәr, kәndbәkәnd ki, çörәk pulu qazanam. Axır getdim çıxdım İrәvana. O vaxt İrәvan osmanlının әlindә idi. Bir az rahatlığa düşdüm. Başladım işlәmәyә, hәr nә iş oldu yapışdım. Bir neçә ilin әrzindә on tümәn düzәldib, Xorasana gedәn vardı, onunla göndәrdim ki, külfәtimә versin. Әzqәza, yolda mәşhur quldur İmamquluverdi onun qabağına çıxıb pulları әlindәn alır. İndi gedirәm vәtәnә uşaqlarımısa da tapam. Amma heç ümidim yoxdur. Ah! Ah! Allah bu quldurların evini yıxsın!

Ә v v ә l i n c i  y o l ç u. Ah ...  quldurları heç demә, heyvan qismi bir şeydirlәr. Onlarda nә insaf var, nә mürvәt. Nә allahdan qorxurlar vә nә padşahdan. Әllәrinә adam düşәndә ya öldürürlәr, ya soyurlar. Amma allaha qurban olum, özlәri dә axırda cәzalarına çatırlar. İmamquluverdi çox evlәr yıxdı, çox ananı balasız vә çox balanı anasız qoydu, amma axırda özü dә cәzasına çatdı.

İ k i n c i  y o l ç u. Necә?

Ә v v ә l i n c i  y o l ç u. Necә olacaqdır? Axırda onu bir güllәyә qurban etdilәr....

İ k i n c i  y o l ç u. Allaha şükür! Allaha şükür!

Ә v v ә l i n c i  y o l ç u. Әlbәttә, allaha şükür, amma yağışdan çıxdıq, yağmura düşdük. İmamquluverdi öldü, yerindә oğlu Nadiri qoydu. Ondan da bettәr, ondan da zalım. Genә İmamquluverdi axır vaxt bir az adamlara rәhm edirdi, amma bu evi yıxılmışda heç bir zәrrә qәdәr rәhm yoxdur. Hansı kәndә düşsә, oranı alt-üst edib, viran edir.

İ k i n c i  y o l ç u. Bu o Nadirdi ki, adı dünyaya yayılıbdır?

Ә v v ә l i n c i  y o l ç u. Bәli, haman o zalımdır.

İ k i n c i  y o l ç u. Tәәccübdür!

Ә v v ә l i n c i  y o l ç u. Nә üçün tәәccüb edirsәn, ay balam!  Hәr şey tәrbiyә ilәdir. İnsana necә tәrbiyә verәrsәn, elә dә olar. Düz on beş yaşından Nadir atası ilә quldurluğa gedibdir. Vә ondan qabaq atası vә yoldaşları, Nadir uşaqkәn o qәdәr quldurluqdan, adam öldürmәkdәn danışıblar ki, uşağın qulağı dolubdur, әvvәlinci dәfә quldurluğa çıxanda cürbәcürә qoçaqlıq, hünәrlәr göstәribdir. Bu tövr tәrbiyәnin axırı nә olacaqdır? Genә bundan әvvәl Hüseyn xan hәrdәnbir dalıca qoşun göndәrib tutdurmaq istәyirdi. Amma indi bir aydır әfqanlar Hüseyn xanı әsir ediblәr, Nadir dә azadә gәzir, bir adam da cürәt etmir ki, bir söz desin. İndi halımız olub dәxi dә çәtin: bir yandan әfqanların zülmü, bir yandan Nadirin. O evi dә ki, görürsәn (әlini uzadıb) Nadirin evidir.

İ k i n c i  y o l ç u (qorxub yerindәn tez durur). Allahı sevirsәn, әmi, dur burdan gedәk. Çıxıb bizi burada görәr, dәrimizә saman tәpәr.

Ә v v ә l i n c i  y o l ç u. Qorxma, oğlum. Bilәm ki, Nadir buradadır, nә bu yol ilә gedәrәm, nә burada oturaram.

İ k i n c i  y o l ç u. Bәs haradadır?

Ә v v ә l i n c i  y o l ç u. Gedibdir özbәklәrdәn anasının qanını almağa. Özbәklәrlә dava edәn vaxt qoca anasını çox әzabla öldürüblәr. İndi gedibdir ki, anasının intiqamını alsın.

İ k i n c i  y o l ç u. Bәs indi evindә heç kәs yoxdurmu?

Ә v v ә l i n c i  y o l ç u. Evdә övrәti vә oğlu. Belә bilmә dә bunlar yalqızdılar. Evinin hәr küncündәn on quldur çıxar.

(Әsnәyir.) Ay.... Dur gedәk, oğlum, yoxsa yatıb qalarıq.(Gedirlәr).

 

(Nadirin övrәti Gülcahan yavaş-yavaş qapını açıb pillәkәndәn düşür vә әtrafa baxa-baxa.)

 

 

İKİNCİ GӘLİŞ

 

G ü l c ah a n (yola baxıb). Yolunu gözlәmәkdәn gözlәrimin kökü saraldı. Kim bilir, başına nә iş gәldi. Bu vaxtadәk gәrәk gәlәydi. Görükür bir bәdbәxtlik üz veribdir. Su qabı suda sınar. Mәnim yәqinimdir ki, axırda bir kәlәyә qurban olub bizi qoyacaq sahibsiz. Ondan sonra di gәl, döz xalqın zülmünә. Hamının da haqqı var bunun zülmlәrinin әvәzinә bizә zülm etsin. Pәrvәrdigara, Birabil xanın qızı gör nәlәr çәkir. Mәn yurdu itmiş, bәdbәxt buna aşiq olub qoşuldum qaçdım. Nә bilirdim ki, aylar, illәrlә üzünә hәsrәt qalacağam. Kәrratla demişәm: Nadir, mәnә yazığın gәlsin, mәnә yazığın gәlmir, oğluna gәlsin. Hәr deyәndә mәnә cavab verir: sәnin borcun deyil. Mәn başıma nә kül töküm? (Ağlayır.) Pәrvәrdigara! Nә vaxtadәk gecә-gündüz qorxudan yatmayacağam? Nә vaxtadәk gözlәrim yollarda qalacaqdır? (Ağlayır, әli ilә başını tutur. Uzaqdan şeypur sәsi gәlir. Gülcahan qulaq asır vә gedib yola baxır.) Hә ...  yavaş..... (Fikirdә.) Gәlir....  Gәlirlәr. (Şeypurun sәsi yaxınlaşır.) Hә ... gәlirlәr. (Baxır.) Allah sәnә şükür olsun! Özüdür, hә....Nadirdir....  (Tez evә gedib qapını örtür. Quldurlar gәlib iki tәrәfdәn düzülürlәr. Nadir gәlәndә baş әyirlәr.)

 

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

 

N a d i r. Hәzәrat! Çox razıyam ki, aslan kimi dava etdiniz. Özbәklәr indi zәrbi-dәstimi gördülәr. Hәr nә ki mal qarәt edibsiniz öz aranızda bölüşün. İndi gedib rahat ola bilәrsiniz. (Hamısı baş әyib çıxırlar. Nadir evinә tәrәf baxıb fikrә gedir.) Bir ay bundan müqәddәm hәnuz bu yerdә qoca anam mәnim qarşıma gәlib "igid balam, aslan balam" deyib mәni qucaqladı, şadlığından ağladı. İndi.... İndi....  Of! (Başını әli ilә tutur.) İndi ...  hәrgah öz әcәli ilә ölsәydi, o qәdәr mәni

yandırmazdı. Biinsaf tayfa, qoca övrәti yaman bir halәtә salıb öldürdülәr. (Hirsli). Of....  (Fikrә.) Hәәnd özbәklәrdәn bir anamın әvәzindә min analar-atalar, min uşaqlar qanı tökdüm, lakin genә ürәyim sakit olmuyubdur. Bu tayfanın qanını

içmәyә hazıram. (Fikrә gedib oturur vә başını әli ilә tutur.)

 

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

G ü l c a h a n (qapını açıb yavaş-yavaş gәlir. Nadiri b u halda görüb tәәccüb edir vә tәrәfә deyir). Pәrvәrdigara! Görәsәn, genә nә üz veribdir? (Yavuq gedir). Nadir! Mәn sәni evdә gözlüyürdüm, nә üçün gәlmirsәn? Yorulubsanmı? (Nadir başını

qaldırıb baxır vә ayağa durub Gülcahanın әlindәn tutur.)

N a d i r. Gülcahan! Hәrgah bir il gecә-gündüz özbәklәrlә dava etsәm, genә yorulmaram. Onlar mәnim ürәyimә yaman bir dağ çәkiblәr, hәr bir şeyi unutmuşam.

G ü l c a h a n. Әlbәttә, mәni dә?

N a d i r. Görünür.

G ü l c a h a n. Bәs elә mәni bundan ötәri atamın yurdundan dәrbәdәr saldın? Mәn sәnә nә elәmişәm? Nә üçün mәni bu qәdәr incidirsәn? Gözümün işığı, dәrdimin dәrmanı bir Rzaqulu idi, onu da özünlә aparmaq istәyirsәn. Sәn gedәndәn sonra qulağımı dәng edibdir: gah tüfәng fikrinә düşür, gah qılınc hazır edir, gah tapanca.

N a d i r. Sәn nә danışırsan, övrәt? Oğul gәrәk atasına oxşasın, hәrgah Rzaquluda mәndә olan hünәr olmasa, ona mәn oğul deyәrәm? Çox әcәb edir ki, indidәn tәdarükünü görür. Mәn atamın yerini tutan kimi o da gәrәkdir mәnim yerimi tutsun.

G ü l c a h a n. Bәli, mәn dә ömrümün axırınadәk rahatlıq bilmәyim. (Ağlayır.)

N a d i r. Bәsdir. (Acıqlı.) Dur get! (Gülcahan ağlaya-ağlaya gedir.) Mәnim dәrdimdәn xәbәri yoxdur. İstәyir göz yaşını sәhәrdәn axşamadәk tök! Ancaq mәn bu peşәmi әldәn buraxmaram. Gәrәkdir cәmi dünya zәrbi-dәstimi görә. Xalq mәnә edәn ehtiramı Tәhmasa etmir. Hamı qorxudan adımı eşidәndә bir ağaclıqdan qaçır. Bundan müqәddәm Hüseyn xan axtarırdı. İndi dә Tәhmas ...  hәrçәnd Tәhmas әvvәl mәnimlә mehriban idi, amma indi bilmәyirәm ki, nә olubdur. Kәrratla göndәrdiyi qoşunları dağıtmışam....  (Fikrә.) Zәrәr yoxdur, vaxt olar Tәhmasa da özümü göstәrәrәm....

 

 

 

BEŞİNCİ GӘLİŞ

 

Sәs.

 

C a v a d. Nadir! Nadir!

N a d i r (tez gedib baxır). A! Dayı can, buyur, buyur. (Dişqarıda.) Ay gәdә, gәl atı tut. (İkisi dә içәri daxil olurlar.)

N a d i r. Xoş gәlibsәn, dayı! Uşaqların kefi necәdir?

C a v a d (oturur). Ey ... Ay balam! Bir tövr dolanırlar. Mәn dә dәxi qocalmışam. Әvvәlki tәk işlәyә bilmirәm, bu il hәtta heç taxıl da әkmәdim.

N a d i r. Heç fikir etmә. Allah kәrimdir. Gәtirdiyim qarәtdәn bir illik sәnin tәamın çıxar. Eşitdinmi, özbәklәrә nә tufan etmişәm? Heç bilirsәnmi başlarına nә işlәr gәtirmişәm!

C a v a d (başını yırğalayır). Ah! Ah, balam (Başını, tutub fikrә gedir.) Eşitmişәm, eşitmişәm!....

N a d i r. Dayı! Nә üçün ah-zar edirsәn? Nә sәbәbә qәmgin oldun? Gәrәkdir şad olasan ki, mәnim kimi bacın oğlu var. Onu bilmirsәnmi, adımı eşitcәk hamı titim-titim titrәyir, padşahlar mәnim müqabilimdә davam etmәyir, qoşunları qoyun kimi qaçırlar! Mәn deyilәmmi özbәklәri dağa-daşa salan? Mәn deyilәmmi İrana qan ağladan? Belә kömәyi olan da ah-vay edәrmi? Belә kömәyi olan da dәrd edәrmi? Fәxr et! Könlün şad olsun!

C a v a d (başını qaldırıb). Bilirәm. İgidsәn, aslan bәrabәrindә cavansan, amma....  (Başını aşağı salır.)

N a d i r. Necә amma? Nә deyirsәn?

C a v a d (başını tutub ağlayır). Heç balam, heç! Allah qüvvәt versin!

N a d i r. Dayı, sәnә nә olubdur? Nә üçün ağlayırsan! Ürәyindә nә var, de!

C a v a d. Ay balam, nә deyim!.... Mәn öz günümә ağlamıram. Bu gün-sabah ölәcәyәm....  Mәni fikrә salan vәtәnimizin qarışıq işlәridir. Of, of! Heç bilirsәnmi nә halda bulunuruq.  Vәtәnimiz әldәn gedir, ziyarәtgahlarımız, yerlәrimiz özgә tayfaların әllәrinә keçirlәr. Millәtimiz günbәgün zәlil, mәşәqqәtdә bulunur: әkin yox, biçin yox, neçә kәndlәrdә aclıq başlanıb. Xalq çәyirtkә kimi qırılır, mәn buna ağlayıram....  Başını tutub ağlayır. Nadir fikirdә. Cavad yerindәn qalxıb Nadirin әlindәn tutur.) Nadir! Dünyada ad qazanmaq iki yol ilә olar: yamanlıqla vә bir dә yaxşılıqla. Yamanlıqla ad çıxartmaq hamıya mümkündür vә bu ad hәmişәlik deyil....  Yaxşılıqla ad qazanmaq hәr şәxsin hünәri deyil. Yaxşılıq edәn şәxsin adı nәinki öz sağlığında vә hәtta ölәndәn sonra da dillәrdә zikr olunar. Bәs heç rәvadırmı ki, sәnin kimi rәşid vә şücaәtli cavanın adı sağlığında min cürә söyüşlә vә ölәndәn sonra lәnәt ilә zikr olunsun? Rәvadırmı ki, sәnin ömrün, gücün vә ağlın quldurluqda çürüsün? Rәvadırmı ki, insan bilә-bilә gözәl sifәtlәrini puç edib, yaman sifәtlәri qәbul edә? (Nadir fikirdә.) Heç eşidibsәnmi ki, quldur öz әcәli ilә ölә? Qulduru hәmişә ya asıblar, ya boğublar, ya güllәlәyiblәr. Xülasә, quldur olan kәs belә yaman naqabil ölümlәrdәn uzaq deyil.... Dәxi nә deyim, balam....  (Fikrә gedir.)

N a d i r. Dayı, diqqәtlә sözünüzә qulaq verirәm. Buyurun görüm.

C a v a d. Dәxi nә deyim, ay balam!....  Axır sözüm budur ki, sәn gәrәk bu yaman peşәdәn әl çәkәsәn. Fikrini, gücünü sәrf edәsәn millәt vә vәtәn yolunda. Bizim atadan-babadan qalan yerlәrimizi düşmәnin әlindәn qurtar, qoyma ziyarәtgahlarımız qeyri tayfaların әlindә qala. Onda ümidvaram ki, Tәhmas şah günahından keçә.

N a d i r (gülә-gülә). Ah! Ah! Tәhmas şahda nә qalıbdır ki, mәnim günahımdan keçә?

C a v a d. Neçә ki, nә qalıbdır? Tәbrizdәn xeyli qoşun yığıb Xorasanı türkmәnlәrin әlindәn qurtarmağa gedir. Nadir! Dübarә sәndәn tәvәqqe edirәm: at, bilmәrrә bu yaman peşәni....  Dağılmış vәtәn, yurdu itmiş, ah-zarı ürәk dağlayan millәt

sәnin kimi bir aslan gözlәyir. Durma, oğlum! Minlәrcә mәnim kimi göz yaşlarını tökәn var. Bu qan ağlayanlara kimdәn cavab gözlәmәk?

N a d i r (әlini başına aparıb fikir edir. Birdәn Cavadın yanına gedir.) Dayı! Sәnin sözlәrin mәni ayıltdı, bu vaxtadәk xabi-qәflәtdә imişәm. (Fikrә.) İndi ... hә....  İndi başa düşürәm ki, atam da, mәn dә әbәs yerә qan tökürmüşük.... Bәsdir!

Bundan sonra vәtәnin fikrindә olmalıyam.... (Fikrә.) O qanlı yaşlar tökәnlәr mәndәn cavab gözlәsinlәr....

C a v a d. Doğrumu deyirsәn?

N a d i r. Dayı! And olsun yerlә göyü yaradana! And olsun Rzaqulunun canına ki, bu qılınc ancaq vәtәnin yolunda işlәnәcәkdir!

C a v a d (әlini urәyinә qoyur.) İndi bir az sakit oldum....  Allah sәndәn razı olsun. (Alnından öpür.) Nadir! Vәtәn yolunda qılınc vurmaq müqәddәs vә savab işdir; bir işdir ki, cәmi İran sәndәn razı qalar. Ata-babamızın sümüklәri basdırılan yerlәri düşmәnlәrin әlindәn xilas edәrsәnsә, böyük bir müqәddәs iş etmiş olarsan.

N a d i r. Allahın kömәkliyi ilә, bu qılıncın hünәrinә qoymaram qeyri millәt İran torpağında baş qaldırsın....  İndi dayı, sәn evә get, bir az rahat ol, mәn dә bir neçә buyruq verәcәyәm.

C a v a d. Yaxşı, gözümün nuru! (Gedir.)

N a d i r (tәk). Hәqiqәt, mәn bu vaxtadәk qәflәt yuxusunda imişәm; ancaq günah mәndә deyil, atam tәrbiyәni belә vermişdi. Çox yaxşı ki, dayım mәni ayıltdı, yoxsa mәndәn sonra Rzaqulu da nahaq yerә bu qanları tökәcәk idi. Әcәba, nә üçün mәn bir fikir etmәyirdim. Atamdan artıq qoçaqlıq edә bilmәyәcәkdim. Amma bununla belә bu dünyada nә qoydu getdi? Harada adı hörmәtlә çәkilir? Quldurların mәclislәrindә.... Bәli, on, ya iyirmi-otuz quldur atamın adı gәlәndә rәhmәt oxuyursa, cәmi İran haman adı nifrәtlә söylәyir....  (Fikrә gedir.) Yox, dәxi durmaq vaxtı deyil. (İstәyir getsin.)

 

 

ALTINCI GӘLİŞ

 

G ü l c a h a n (tez Nadirin qabağına çıxır). Nadir! Dayın deyәn söz doğrudurmu?

N a d i r. Nә var? Nә olubdur?

G ü l c a h a n. Nә üçün gizlәyirsәn? Özün bilmirsәnmi?

N a d i r (gülümsünür). Yox!

G ü l c a h a n. Sәn mәnim canım, doğrudurmu ki, yaman peşәdәn әl çәkirsәn? Hә?

N a d i r (tәrәfә). Binәva sevindiyindәn bilmir nә etsin. (Gülcahana.) Doğrudur, Gülcahan, doğrudur. Mәn yaman, nifrәtli peşәdәn әl çәkdim. Fәqәt indi lazım gәlir, müqәddәs yerlәrimizi, zәlalәtdә yaşayan millәtimizi düşmәnlәrin zülmündәn xilas edim.

G ü l c a h a n. Pәrvәrdigara! Çox şükür, çox şükür ki, mәnim duamı müstәcab etdin. (Ağlayır.) Gecә-gündüz әlim sәnin dәrgahında öz-özümә deyirdim: nә vaxt canım qorxu çәkmәkdәn azad olacaqdır. Çox şükür ki, mәtlәbimә çatdım! (Nadir gedib qolundan tutur.)

N a d i r. Ağlama, get rahat ol! Dayım yoldan gәlibdir, qocadır, yorulmuş olar, onu rahat et. Onun sözlәri mәni yuxudan ayıltdı....

G ü l c a h a n (gedә-gedә). Allah sәbәbә nicat versin!

N a d i r (tәk). Biçarә övrәt o qәdәr qorxudan gecәlәr yatmayıb ki, saralıb, muma dönübdür, indi sevindiyindәn ağlayır. Hәqiqәt, Gülcahan mәni çox istәyir, yoxsa mәn hara, Birabil xanın qızı hara. Xülasә!....  Gedim görüm adamlar

yerlәrindәdirlәrmi? (Çıxır.)

 

 

YEDDİNCİ GӘLİŞ

 

R z a q u l u (evin qәnşәrindәn gәlir, qılıncı qınından çıxarır). Görüm, yaxşımı qayırıbdır. (Baxır.) Çox yaxşıdır! (Mәşq edir.) Görüm, atamın xoşuna gәlәcәyәmmi? O, qoçaq adamları çox sevir. Hәrçәnd quldurluğa әvvәlinci dәfә gedәcәyәm, amma yanımda o qәdәr nәql ediblәr ki, qulağım dolubdur. Bilmәrrә qorxum yoxdur. Ürәyim belә tәlәsir ki, hәr günüm bir il keçir, dәqiqәlәri sanıyıram. Dünәn qaçaqlardan biri atamın qoçaqlığından danışırdı....  Deyir, qorxulu davada vaxta ki, Nadir qabağa düşür, elә bilirsәn hamıya tәzәdәn ürәk verilir....  Deyir, qılıncı heç boş yerә çıxartmaz. Elә ki, çıxartdı, gәrәk düşmәnin başı yerdә ola. Elә ki, deyir, Nadir qabağa düşür, nәrәsindәn düşmәn tab gәtirmәyib qaçır....  Ah, hanı bir tez gedәydik, mәn dә qılıncı sıyırıb (qılıncı sıyırıb bәrkdәn), qorxma, vur! (Yüyürür.) Tәrpәnmә!

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

G ü l c a h a n (tez qapıdan çıxıb Rzaquluya tәrәf). Nә olub? Nә var? Rzaqulu, sәnsәn? (Әlini ürәyinә aparıb pillәkәnin üstündә әylәşir.) Uf! Ay balam, sәn mәni qorxutdun, dedim görәsәn nә olubdur. Nә üçün elә edirdin, oğlum? Dәli olmuyubsan ki?

R z a q u l u (anasının yanına gedib qolundan tutur). Ana, qorxma, heç şey yoxdur. (Gülür.) Ah! Ah!

G ü l c a h a n (yavaş-yavaş durur). Oğlum, bәs divanәtәk nә üçün qışqırırsan?

R z a q u l u. Heç, mәşq edirdim. Deyirәm görüm, atamla gedәndә necә dava edәcәyәm.

G ü l c a h a n. Hara?

R z a q u l u. Qaçaqçılığa!

G ü l c a h a n. Axmaq-axmaq fikirlәri başından çıxart.

R z a q u l u. Ana, vallah atam deyirdi sәni dә özümlә qaçaqçılığa aparacağam.

G ü l c a h a n (Rzaqulunun gözlәrindәn öpür). O çox da apardı, sәni qoyan kimdir? Allahı sevirsәn, elә şeylәri fikrindәn çıxart.

R z a q u l u (әlindәn tutur). Ana, sәn mәnim canım, mane olma, qoy gedim.

G ü l c a h a n (üzünә diqqәtlә baxıb gözlәrindәn neçә dәfә öpür). Bircә de görüm, qaçaqçılığa nә üçün gedirsәn?

R z a q u l u. Heç, ancaq istәyirәm atam kimi ad çıxardam. Qoyarsanmı? Hә? Mane olmazsan ki? Hә?

G ü l c a h a n (gülә-gülә). Atan quldurluğu, qaçaqçılığı dәxi tәrk edibdir, dәxi getmәyәcәkdir. Sәn dә ad çıxarda bilmәyәcәksәn.

Mәn dә bu gözlәrә (gözlәrindәn öpür) hәsrәt qalmayacağam.

R z a q u l u. Nә deyirsәn? Necә getmәyәcәkdir? Mәnә özü dedi ki, yaraq-әsbabını hazır et. İndi sәn deyirsәn getmәyәcәk? Görünür, sәni aldadıbdır, çünki hәr vaxt yola çıxanda sәn ağlayırsan, ona görә deyibdir ki, dәxi ağlamayasan.

G ü l c a h a n. Bu günәdәk o fikirdә idi, fәqәt bu gün fikrini dәyişibdir.

R z a q u l u. Nә üçün? Nә olubdur ki?

G ü l c a h a n (Nadiri görüb). Özü gәlir, soruş, özü deyәr.

 

 

DOQQUZUNCU GӘLİŞ

 

N a d i r. Rzaqulu, gәlibsәn?

R z a q u l u. Bәli.

G ü l c a h a n (Nadirә). Oğlun mәni qorxutdu. Evdә işә mәşğul idim. Bir dә eşidirәm biri fәryad edir: "Qoyma! Vur!

Tәrpәnmә!" Evdәn tez çıxıb görürәm: tәk özü qılınc ilә oynuyur.

N a d i r. Nә edirdin, oğlum?

R z a q u l u (başını aşağı salıb). Heç, mәşq edirdim.

N a d i r. Nә mәşq?

G ü l c a h a n. Deyir, mәn dә atam kimi istәyirәm ad çıxardam.

N a d i r (әlini oğlunun başına qoyub). Qoçaq oğlum! Hünәrli oğlum!

G ü l c a h a n. Mәn dә deyirәm dәxi qaçaqçılığa getmәyәçәksәn. İndi sәbәbini soruşurdu ki, sәn gәldin.

N a d i r. Hünәrli oğlum! Ad çıxarmaq üçün tövürlü yollar var. Ancaq qaçaqçılıqla ad çıxartmaq yaman nifrәtli yoldur. İnsan gәrәkdir ağlı ilә, yaxşılıqla ad çıxartsın. Bu vaxtadәk quldurluqdan nә ki söylәmişәm vә özün eşidibsәn çıxart başından. Mәn düz yoldan azmış imişәm. Bundan sonra qılıncını ancaq vәtәn yolunda çıxart. Oğlum, düşmәnlәr vәtәnimizi tar-mar edirlәr, müqәddәs yerlәrimizi әldәn alırlar. Bundan sonra gәrәkdir quldurluğu bilmәrrә buraxıb vәtәnә kömәk edәk, belә bir yolda ad çıxartmaq böyük bir sәadәtdir. Ümidvaram ki, mәnim sözlәrimi anlayırsan. (Rzaqulu dizi üstә düşüb başını uzadır. Nadir qolundan tutub durğuzur vә gözlәrindәn öpür.) İndi bildim ki, mәnim yolumda baş qoymağa hazırsan.

G ü l c a h a n (boynundan qucaqlayır). Gördün, dedim dәxi getmәyәcәksiniz.

N a d i r. İndi durma oğlum, get qaçaqlara de ki, hazır olsunlar. (Rzaqulu gedir. Gülcahana.) Sәn dә get, mәnimçün yola nә lazımdır hazırla. Dayım nә edir?

G ü l c a h a n. Yatıbdır.

N a d i r. Görükür, yorulubdur. Oyatma, qoy hәlә yatsın, lazım olanda oyadarsan.

G ü l c a h a n. Yaxşı. (Gedir.)

N a d i r. Rzaqulu mәni çox istәyir, nә desәm hazırdır. Sözlәrim ona tәsir etdi. Başını uzadır, yәni: boynumu vur, sözündәn çıxmaram, dediyidir. Bәrәkallah, oğul! Pәrvәrdigara, etdiyim günahların әvәzindә ömrümün axırınadәk sәnin yolunda savab işlәr edәrәm, ancaq bu oğlumu mәnә çox görmә! Mәni onun gözlәrinә hәsrәt qoyma!

 

 

ONUNCU GӘLİŞ

 

R z a q u l u. Baba, hazırdırlar, qulluğunuzu gözlәyirlәr.

N a d i r. De gәlsinlәr. (Rzaqulu gedir.) Ah! (Fikirdә.) Xorasanı düşmәnlәrin әlindәn xilas etdiyim günü tezmi görәcәyәm?

 

 

ON BİRİNCİ GӘLİŞ

 

 Rzaqulu, bir neçә yaraqlı qaçaq.

 

N a d i r. Gәldiniz? Bu saat atlanıb düşün kәndlәrә, әtraf-әsnafa! Hәr kәsi gördünüz, deyәrsiniz Nadir sizi çağırır. Hamı gәrәk bu gün buraya cәm olsun. Hәr kәs gәlmәsә, adını soruşub yazarsınız, sonra mәn onlara göstәrәrәm. Heç kәs dә qorxmasın, eşitdiniz?

H a m ı. Bәli.

N a d i r. Di durmayınız. (Gedirlәr.) Sәn dә Rzaqulu, de, mәnim atımı hazır etsinlәr.

R z a q u l u. Baba, mәnim atımıdamı?

N a d i r. Yox, oğlum, bu sәfәr sәn getmәyәcәksәn. Buralar şuluqdur, sәn dә evә bax. (Rzaqulu çıxır. Bir-bir, iki-iki kәnd әhli kәlib Nadirә baş әyib qabağında dururlar.) Hәr kәs yorulubdur, әylәşsin. Xoş gәlibsiniz, hamı yığılanda mәnә xәbәr

edin. (Evә gedir.)

K ә n d  ә h l i n d ә n  b i r i. Heç bu sifәt bunda görükmüyübdür ki, deyә әylәşin.

İ k i n c i. Görәsәn genә nә var, bәlkә işi düşübdür.

Ü ç ü n c ü. Әlbәttә, yorulubdur, quldurluğa getmәk istәmir ki, arxayın evdә otursun. Biz dә tövcü verәk.

D ö r d ü n c ü. Xülasә, allah özü rәhm etsin, xeyir işә bәnzәmir.

B e ş i n ci. Bizim evimizi düşmәn azmı yıxır? Bu da indi istәyir ki, olub-qalanımızı alsın. Mәnim sözümә baxsanız, hamımız çıxarıq gedәrik, sonra nә edәcәk, etsin. Ölüb getmişik, ölmüşün nәyini öldürәcәkdir. (Bu vaxt bunların arasında qovğa düşür, bunları çağıran qaçaqlar gәlirlәr. Xalq onlara tәrәf.)

H a m ı (bәrkdәn). Bizi nә üçün yığıbsınız?

 

 

ON İKİNCİ GӘLİŞ

 

Nadiri görәndә sәslәrini kәsirlәr.

 

N a d i r. Hәzәrat! Xoş gәlibsiniz! Bu vaxtadәk mәndәn vә atamdan zәrәrdәn vә әziyyәtdәn başqa bir şey görmәyibsiniz....Әvvәlәn sizdәn tәvәqqe edirәm ki, mәnim günahımdan keçәsiniz vә sizә mәlum edirәm ki, bugündәn quldurluğu,

qaçaqçılığı bilmәrrә buraxıb, canımı, gücümü vә ağlımı millәt vә vәtәn yolunda sәrf edәcәyәm. Bәsdir, nә qәdәr әbәs yerә qan tökdüm. Bәsdir, nә qәdәr siz mәnim әlimdәn dad çәkdiniz. İndi ancaq düz yolu tapmışam, indi ancaq anlamışam ki, insan gәrәk vәtәn vә millәt yolunda işlәyib qeyrәt, hәmiyyәt göstәrsin. Özünüz görürsünüz, eşidirsiniz vәtәnimizi düşmәn hәr yerdәn zәbt edir. Hәtta ziyarәtgahlarımıza da әl uzadırlar. Bundan sonra mәn özümә söz verirәm ki, vәtәnimizi düşmәnlәrin әlindәn xilas edib millәti zülmdәn qurtarım. Әvvәlinci gedәn yerim Xorasandır ki, sistanlıları oradan gәrәkdir qovmaq. Sizlәrdәn kim istәmir ki, ata-babalarımızın müqәddәs yerlәrini xilas edәk, tainki bizdәn sonra gәlәn uşaqlarımıza bu ibrәt ola, qeyrәtә gәlib gözlәri hәmişә açıq ola? Kim istәyәr ki, öz әkdiyini özü biçmәsin? Razısınızmı?

H a m ı. Razıyıq! Razıyıq!....

N a d i r. Bәs belә olan surәtdә dağılınız әtrafda olan kәndlәrә, car çәkin ki, Nadir gedir Xorasanı düşmәnlәrin әlindәn qurtarmağa. Hamı yığılsın, hәr kәsin nә yarağı-әslәhәsi var götürsün. Onu da deyirәm: hәr kәsin qeyrәti oyanmayıbdır, getmәsin. Ümidvaram ki, sözümә әmәl edәsiniz.

H a m ı. Hazırıq vәtәn yolunda baş qoymağa! Hara aparırsan bizi apar. (Bәrkdәn.) Nadir sağ olsun!.... Nadir sağ olsun!....

 

PӘRDӘ

 

 

 

 

YARIM MӘCLİS

 

 

İKİNCİ MӘCLİSİN MABӘDİ

 

Vaqe olur Xorasan yolunda. Bir neçә çadır, bir sәrbaz әlindә tüfәng çadırın qabağında gәzinir. İki sәrbaz yavuqda durub

çırpı  yığır.

 

B i r i i c i  s ә r b a z. Ağlın nә kәsir, Xorasana getmәkdәn bir şey olacaq, ya yox?

İ k i n c i  s ә r b a z. Necә?

B ir i n c i  s ә r b a z. Deyirlәr sistanlılar qalanı möhkәm bәrkidiblәr.

İ k i n c i  s ә r b a z. Baxaq görәk, necә olacaqdır. Şah gәrәk ki, bir xәbәr gözlәyir, ona görә hәlә getmәk istәmir.

B i r i n c i  s ә r b a z. Nә xәbәr gözlәyәcәk. Düşmәnlәr dәli deyillәr ki, Xorasan kimi şәhәri әllәrindәn verәlәr. Heç bilirsәnmi, ziyarәtә gedәnlәrdәn nә qәdәr xeyir götürürlәr?

İ k i n c i  s ә r b a z. Bundan әlavә, deyirlәr onların xanı sәrbazlara çox mәrhәmәt göstәrir: hәr nә qarәt olunur, sәrbazların

aralarında bölünür.

B i r i n c i  s ә r b a z. Ona görәdir ki, Mahmud xanı sistanlılar sevirlәr.

İ k i n c i  s ә r b a z (әlini gözünә tutur). O kimdir, tez-tez çaparaq gәlir?

B i r i n c i  s ә r b a z. Hanı? Hanı?

İ k i n c i  s ә r b a z (әli ilә göstәrir). Odur, bax! Odur!

B i r i n c i  s ә r b a z. Bizim adam deyil?

İ k i n c i  s ә r b a z.  Bәli. Görәsәn kim ola?

B i r i n c i  s ә r b a z. Bir yaxşı bax, uzaqdan atlılar da görünürlәr.

İ k i n c i  s ә r b a z (diqqәtlә baxır). Doğrudur, qәribә çox atlı var, görәsәn kimdir?

B i r i n c i  s ә r b a z. Lazımdır padşaha xәbәr vermәk.

İ k i n c i  s ә r b a z. Ay, kimsәn, dayan! (Tüfәngi götürür atmağa. Bu vaxt әvvәlinci sәrbaz yüyürür Tәhmasın çadırına tәrәf, orada şeypur çalınır. Tәhmas çadırdan tez çıxır, qarşıdan Nadir qoşunu ilә gәlir.)

T ә h m a s (öz sәrbazlarına). Dayan! (Әli ilә.)

 

Nadir ürәkli Tәhmas xana tәrәf gәlir vә iki tәrәfin qoşunu xamuş durur.

 

N a d i r (qılıncı açıb Tәhmasa verir). Qibleyi-alәm! Bu qılıncla mәn çox ataları oğulsuz vә çox uşaqları atasız vә anasız qoymuşam. Bu qılıncla çox nahaq qanlar tökmüşәm, çox evlәr yıxmışam, indi qeyrәt vә insaf mәnә qalib gәlib.

Gәlmişәm  qibleyi-alәmin hüzuruna. Xahiş edirsәn bu qılıncla başımı vur, yainki rüsxәt ver, düşmәnlәrin tәsәrrüfündәn vәtәnimizi xilas edim, hәrçәnd dayımı göndәrmişdim qibleyi-alәmin qulluğuna ki, mәnim mәqsudumdan xәbәrdar etsin, amma Xorasana mәxfi göndәrdiyim adam gәlib ürәyi odlayan xәbәr gәtiribdir. Hirsimdәn sәbir edә bilmәdim vә özümü qibleyi-alәmә yetirdim ki, mәqsudumdan xәbәrdar edim. İndi ixtiyar qibleyi-alәmdәdir. (Başını aşağı salıb durur).

T ә h m a s (yavuq gedir, qılıncı verir). Nadir! Sәnin bu vәtәnpәrәstliyin vә aşkara qeyrәtin mәni vadar edir nәinki sәnin tәqsirindәn keçәm vә bәlkә cәmi qoşunun ixtiyarını sәnә tapşıram. Mәn sәnin tәqsirindәn keçdim. (Qoşuna üzünü tutub.) Xoş o millәtin halına ki, Nadir kimi kömәyi var. Xoş o qoşunun halına ki, Nadir kimi sәrdarı var!!! Sağ olsun Nadir xan!

Q o ş u n. Tәhmas şah sağ olsun! Nadir xan sağ olsun!

 

(Burada fars marşı çalınır.)

 

PӘRDӘ

 

 

 

ÜÇÜNCÜ MӘCLİS

 

 

Vaqe olur Xorasanın әtrafında. Bir tәrәfdә Nadirin çadırı, o biri tәrәfdә Xorasan qәlәsi.

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

N a d i r (uzaqdan qoşuna baxıb). Mirzә Mehdi! (Yavuq gәlib daşın üstә әylәşir. Fikrә gedib başını әli ilә tutur).

M i r z ә  M e h d i  x a n. Salari-müәzzәm!

Cәnabi-süpәh-salari-sәrdar! Nә buyurursunuz?

N a d i r (başını qaldırıb). Gәlibsәn?

M i r z ә  M e h d i  x a n. Salari-müәzzәm, bu gün üç gündür nә gecә yatıbsınız vә nә gündüz, bәdәnә zәrәrdir. Bir az rahat olun.

N a d i r. Mirzә Mehdi! Dünәnki dava mәni bir hala gәtiribdir ki, özümü tәrlan kimi hiss edirәm. Hәqiqәt, dünәnki dava qabaqkı davalara bәnzәmәz. Qalanı allahın kömәkliyi ilә bu gün alacağam, düşmәndә güc qalmayıbdır. (Qoşuna nәzәr edir.)

M i r z ә  M e h d i  x a n. Qoşuna rahatlıq olacaq, yainki bu gün genә davadır?

N a d i r. Xeyr, dünәnki davadan sonra rahatlıq vermәk olmaz. İşi gәrәkdir isti ikәn görәsәn, bu gün gәrәkdir qala alınsın. (Dişqarıda sәc.) Mirzә! Gör kimdir? (Mirzә Mehdi çıxır. Tәk.) Bәli, indi bu davalarımı Tәhmas eşidibsә, çox şaddır. Görünür, ümidi mәnә çoxdur. Yoxsa ,birdәn-birә mәnә qoşunun ixtiyarını vermәzdi vә tәk mәni sistanlıların üstә göndәrmәzdi....  Xeyr, çox da ümid etmәk olmaz. O gün kağız göndәribdir ki, tez İsfahana özünü yetir. Amma xәbәri yoxdur, bilmir ki, İranı hәr yerdәn tar-mar etmәk istәyirlәr. (Fikrә gedib başını әli ilә tutur.)

 

 

İKİNCİ GӘLİŞ

 

Mirzә yavaş-yavaş gәlib Nadiri bu halda görüb danışmır.

 

N a d i r (başını qaldırıb). Mirzә, gәlibsәn? Kimdir? Nә sәsdir?

M i r z ә  M e h d i  x a n. Qulluğunuza Sistan tәrәfindәn elçi gәlibdir.

N a d i r. Elçi?! (Ayağa durur.) Ah! Ah! Ah! (Gülür.) Elçi! Görәsәn fikri nәdir? Qala alınmasa biz tәrәfdәn qılınc yerә qoydu yoxdur, Mirzә. Görürsәn? (Rişxәndlә.) Buyursun! (Mirzә çıxır. Tәk.) A.... Zәrbi-dәstimi dadıblar.... Elçi nәdir? Gәrәk xan özü gәlib tәvәqqe edә ki, mәn ondan әl çәkim....  Xeyr, әl çәkmәrәm. Ancaq tәvәqqe edә bilәr ki, xalqı әbәs yerә qırmayım, özünü öldürmәyim....  Ancaq belә şeylәrin tәvәqqesi ola bilәr....

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Elçi vә Mirzә Mehdi.

 

E l ç i (baş әyib). Xidmәti-şәrifinizә salam edib Sistan xanının tәrәfindәn göndәrilmişәm.

N a d i r. Xub, buyruq?

E l ç i. Xanın xahişi budur ki, ümum xeyirdәn ötәri davanı bәrhәm edin.

N a d i r (acıqlı baxır). Nә şәrti-şürutla?

E l ç i. Xan xahiş edir ki, layiqincә xәrac versin.

N a d i r (gülür). AH! Ah! Qalada oturub dәhyek versin?! Xub! Cәnab elçi, xanınız çox әla xәyallara düşübdür....

E l ç i. Vә bir dә şәrt edir ki, bundan sonra minbәd İranla dava etmәsin.

N a d i r  (gülә-gülә). Cәnab elçi! Xanınıza әrz edәrsiniz ki, bu gün hazır olsun! Şәrtnamәni yazıb göndәrәrәm vә buyruq verәrәm ki, qolubağlı şәrtnamәyә qol çәksin.

E l ç i (mat). Anlamayıram.

N a d i r. İnşaallah, bir saat keçmiş anlarsınız. Görünür, xanınız davada xabi-qәflәtdә imiş, zәrbi-dәstimi görmәyibdir vә illa görsә idi bu tәkliflәri mәnә etmәzdi. İnsafdırmı ki, ata-babamızdan qalan yerlәri alasınız, müqәddәs yerlәrimizi qarәt edәsiniz vә bizim qüvvәtimiz ola-ola sizin xeyrinizә olan şәrtlәri qәbul edәk? Hәrgah xanınız xahiş edir ki, özü әsir olmasın, hәrgah әbәs yerә qoşunun qanfişan olmağını istәmәyir, iki saatadәk Xorasanın qәlәsini gәrәk azad etsin. Vә illa bu gün şәhәri alt-üstә çevirmәk, anaları balasız, balaları anasız qoymaq mәnim borcum olsun. İndi buyurun. (Әli ilә yol göstdrir. Elçi baş әyib çıxır.) Mirzә! Görürsәn, nә tәkliflәr edirlәr?

M i r z ә  M e h d i  x a n. Sәrdarım, fikrinizdәn xәbәrdar deyillәr. Dünәn davanı kәsmәkdәn ola bilsin ki, xan özgә xәyallara  düşübdür.

N a d i r. Onun xәyalı mәnә mәlumdur. İstәyir vaxt alıb tәzәdәn hazırlaşsın. Fәqәt mәn qoymaram göz açmağa. (Ayağa durub hazırlaşır.) Mirzә, bax gör, hamı hazırdırmı? (Mirzә çıxır. Tәk.) Xorasanı әldәn vermәk istәmirlәr....  Allah yar olsa,

göstәrәrәm!....

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

M i r z ә  M e h d i  x a n. Әfqanıstandan mәktub var.

N a d i r. Aç oxu! (Nadir baxır, Mirzә ayaq ustә sәslә oxuyur.)

M i r z ә  M e h d i  x a n. "Süpәhsalar sağ olsun! Әfqanlar şücaәt vә rәşidliyinizi eşidiblәr vә fikrinizdәn xәbәrdar olublar ki, Xorasandan Әfqana üz qoyacaqsınız. Bu xәbәr bunları tәşvişә salıb, ciddi surәtdә hazırlaşırlar. Mәclis qurub әhd etdilәr ki, Allahyar xanı zindandan xilas edib qoşunu ona tapşırsınlar. Tәzә qalalar tikmәyә mübaşirdirlәr. Hәr növlә çalışırlar ki, qabağınızı kәssinlәr. Kәhrizi Allahyar xanın qoşunu tutubdur vә oradan Fәrmanabada atlı qoşun göndәrib istәyirlәr dal tәrәfdәn sizә mane olsunlar. Bu әhvalatları vacib bilib qulluğu-şәrifinizә mәlum edirәm. Şәrif xan."

N a d i r. Başımdakı fikrimi bu xәbәr busbütün dәyişdirdi. (Fikrә gedir.) Hәr nә olmuş-olsa gәrәkdir bu gün sistanlılarla qurtaram. Mirzә! Sәn çıx yuxarı, tamaşa et davanı başlıyıram.  (Hazırlaşır. Mirzә çıxır, uca sәslә.) Şeypur! (Şeypur sәslәnir, dişqarıda qilu-qal düşür.) Әvvәlinci foc, sağ tәrәfdәn! İkinci foc, sol tәrәfdәn! Üçüncü, daldan hazır olun! (Nadir әli ilә işarә edir, şeypur çalınır. Uca sәslә.) Allah! Allah! Allah!

 

PӘRDӘ

 

 

 

ÜÇÜNCÜ MӘCLİSİN MABӘDİ

 

 

Vaqe olur İsfahan şәhәrindә. Şah Tәhmas öz evindә әylәşibdir vә Heydәr xan qabağında durubdur.

 

Ş a h  T ә h m a s. Heydәr! Nadirdәn bәs bir xәbәr gәlmәdi?

H e y d ә r. Qibleyi-alәm! Gәlibdir.

Ş a h  T ә h m a s. Nә xәbәr var? Nә iş görübdür?

H e y d ә r  x a n. Qibleyi-alәm sağ olsun! Heç şey. Yazmağından belә mәlum olur ki, әbәs yerә qoşunun yarısını tәlәf edib bir iş dә görmәyibdir.

Ş a h  T ә h m a s. Elә şey ola bilmәz. Nadir ola bir iş bacara bilmәyә?

H e y d ә r  x a n. Qibleyi-alәm! Başdan gәrәk mәnim sözümә diqqәt edәydiniz; mәn әrz etdim, quldura birdәn-birә elә zor mәnsәb vermәk olmaz. Kim bilir qoşunun başına nәlәr gәtiribdir....  Qoşun heç....  Ancaq....

Ş a h  T ә h m a s. Nә üçün fikrә getdin? Söylә görüm!

H e y d ә r  x a n. Qibleyi-alәm! Cürәt edib әrz edә bilmirәm.

Ş a h  T ә h m a s (hirsli). De görüm nә olubdur?

H e y d ә r  x a n. Qibleyi-alәm! Belә deyirlәr, guya Nadir qoşunu özünә tabe edib, istәyir hәtta padşahlığa әl uzatsın.

Ş a h  T ә h m a s. Sәn hardan bilirsәn? Kim deyir?

H e y d ә r  x a n. Qibleyi-alәm! Kәrratla yazıbsınız: ki, gәlsin, nә üçün gәlmәyir? Vә bundan әlavә, eşidirәm xalq vә qoşun ona  böyük mәhәbbәt göstәrirlәr.

Ş a h  T ә h m a s (fikrә gedir). Doğru deyirsәn, hәrgah belә bir şey olmasa, bu vaxtadәk onun cürәti nәdir ki, mәnim buyuruğuma әmәl etmәyә. Mәn demişәm ki, hәr әhvalatı yaz xәbәr et, amma bu vaxtadәk heç bir şey yazmayıbdır.

H e y d ә r  x a n. Bir neçә mәktub göndәribdir, ancaq onun sözlәrinә inanmaqmı olar? Mәsәla, yazır ki, sistanlıları qovluyub Xorasanı düşmәnin әlindәn xilas etmişәm, Әfqanıstanı alıb xanını әsir etmişәm.... Belә şeylәr yazmaqdam mәlum olur ki, qibleyi-alәmi arxayın edib başındakı yaman fikirlәrini istәyir birdәn aşkar edә.

Ş a h  T ә h m a s. Bu saat Süleyman xanı bir qәdәr qoşunla  göndәrәrsәn Әfqanıstana onun hәr ixtiyarını alsın vә boynunu onun gәrәk vurduram. Onda o qәdәr hünәr olsun ki, padşahlıqa әl uzatsın? Xeyr....  Xeyr....  Qoymaram elә quldurlar tacıma әl  uzadalar.

H e y d ә r  x a n. Qibleyi-alәm! Nadirdә bir dil var ki, hamını aldadar, hökmünüzü yerinә tez yetiriniz, yoxsa bәdbәxtlik üz verәr.

Ş a h  T ә h m a s. Durma! Necә ki, dedim elә edәrsәn, get bu saat Süleyman xanı qoşunla göndәr....  (Heydәr xan çıxır.)

Ş a h  T ә h m a s (bir az fikirdәn sonra). Hәr halda, gәrәkdir ehtiyatlı olmaq, güc onda, ad onda, dövlәtin cәmi әyanları ona tәrәf....  Yox, bu işi belә qoymaq olmaz, gәrәkdir onun başı vurula, Heydәrdәn savayı qeyri vәzirlәr dә bir neçә dәfә deyiblәr ki, Nadirә ümid bağlamq olmaz....

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

H e y d ә r  x a n. Qibleyi-alәm! Xәbәr gәlibdir ki, Nadir şәhәrin on, beş ağaclığındadır.

Ş a h  T ә h m a s. Buyruq ver ki, şәhәrә qoymasınlar.

H e y d ә r  x a n. Qibleyi-alәm! Bu saat onun qabağını saxlamaq olmaz. Buyruq veriniz gәlsin, vaxta ki, daxil oldu, cәllada hökm edәrsiniz boynunu vursun.

Ş a h  T ә h m a s. Yaxşı, sәn cәllada deyәrsәn hazır olsun. Buyruq ver ki, Nadir şәhәrә daxil olanda qoşunu bir ağaclıqda qoysun vә şәhәrin xәlqi çox şadlıq etmәsin. (Tәhmas öz otağına gedir.)

H e y d ә r  x a n. Hәr nә hiylәm var idi işlәtdim. İndi padşaha mәndәn müqәrrib bir kimsә olmadığını Nadir düşünәr. Mәnim әslim xan, dövlәtin hәr bir ixtiyarı mәnim әlimdә, Nadir isә dünәnki quldur. Doğrusu, ürәyim qәbul etmәyir ki,

dünәnki quldur bu gün bu tövr şan-şövkәtә layiq olsun....  Xeyr....  Vaxtında gәrәkdir iş görmәk....

Ş a h  T ә h m a s (daxil olur. Uzaqdan şeypur sәsi). Heydәr! Bu nә sәsdir? (Heydәr xan qapıya gedәrkәn, qapıdan Nadir vә sәrkәrdәlәr daxil olub şahın qabağında dizlәri üstә otururlar.) Durun! (Әli ilә göstәrir.) Bir adam ki, padşahın әmrindәn  çıxdı, ona xeyir-dua vermәk olmaz, onun başı gәrәkdir vurulsun. (Nadir vә qeyrilәri ayağa durub bir-birinә tәәccüblә baxırlar.)

N a d i r. Qibleyi-alәm! Nә günahın sahibiyәm?

Ş a h  T ә h m a s. Günahın çoxdur: neçә aydır gedibsәn, beş min qoşun aparıbsan, bu vaxtadәk bir şey yazmayıbsan, bәs bundan mәlum olur ki, padşahın әmrindәn çıxıb, başında qara fikirlәr bәslәyirsәn. Mәn o başı yox etdirәrәm..

 (Bәrkdәn.) Cәllad!

 

 

İKİNCİ GӘLİŞ

 

N a d i r (uca sәslә). Sәbir ediniz, qibleyi-alәm! Tәvәqqe edirәm qulluğunuza göndәrdiyim mәktubları buyurasınız

gәtirsinlәr.

Ş a h  T ә h m a s. Nә mәktub?

N a d i r. Hәr nә ki olubdur, hәr şәhәri ki almışıq, hamısının barәsindә Mirzә Mehdi yazıbdır. Mirzә, doğrudurmu?

M i r z ә  M e h d i. Bәli, hәr әhvalat ki olub, vaxtbavaxt tәfsilәn qibleyi-alәmin qulluğuna yazılıb göndәrilibdir.

Ş a h  T ә h m a s. Heydәr! Kağızları gәtir görüm.

N a d i r. Qibleyi-alәm! Fikrinizә gәlirmi, qoşunun qabağında and içdim ki, bundan sonra sәmim-qәlblә millәtә vә dövlәtә kömәk edәcәyәm? Ola bilәrmi o andımdan sonra padşahıma vә dövlәtimә xәyanәt edәm?

Ş a h  T ә h m a s. Onlar köhnә sözdür....  İnsanın qәlbini bilmәk olmaz.

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

Heydәr xan kağızları gәtirib verir şaha.

 

H e y d ә r  x a n. Qibleyi-alәm, ancaq iki kağız alınıbdır. (Şah Tәhmas kağızları alıb baxır.)

Ş a h  T ә h m a s (başını yırğalayıb). Bәli, hәrgah burada yazılanın hamısı düz olsa, çox hünәrlәr edibsiniz, amma....

N a d i r. Qibleyi-alәm! Sәbәb nәdir ki, mәnim sözlәrimә inanmırsınız? Vә nә sәbәbә gәrәkdir mәn yalan danışam vә yainki yazam? Tәvәqqe edirәm buyurasınız qalan mәktubları. da gәtirsinlәr.

Ş a h  T ә h m a s (Heydәrә). Dahadamı var?

H e y d ә r  x a n. Qibleyi-alәm! Qeyri mәktublar o qәdәr lazımlı olmadığına görә saxlamamışam.

Ş a h  T ә h m a s. Әhvalat fikrindәdir, ya yox? Nә yazılmışdı?

H e y d ә r x a n. Bir qәribә vә lazımlı söz yox idi, o barәdә kәrratla qibleyi-alәmә әrz etmişәm vә mәxfi edәcәyәm.

N a d i r (acıqlı). Qibleyi-alәmdәn çox tәvәqqe olunur ki, qalan mәktubları harada olsa Heydәr xan tapsın; ikinci, mәn dövlәt  vә millәt yolunda qılınc vuram, necә ola bilәr ki, dövlәtin mәndәn gizlin sözü ola vәhalonki cәmi qoşun hamısı mәnә tabedir: öl dәsәm ölәrlәr, qal desәm qalarlar....

Ş a h T ә h m a s. Nadir! Özünә çox ümid edirsәn, yaman fikirlәri başından daşla! Yoxsa ... başından özgә bir xәyallar

keçir?  Hә?

N a d i r. Şahım! Fikrimdә vәtәnә rövnәq vermәkdәn, onu düşmәnin zülmündәn, mәşәqqәtindәn qurtarmaqdan başqa bir şey yoxdur. Qibleyi-alәm! Bunu gәrәkdir fikrinizdәn unutmayasınız ki, mәnim xüsusi düşmәnlәrim çoxdur, gözlәri görüb xain olan ürәklәri qәbul etmir ki, mәn quldurluqdan qibleyi-alәmin mәrhәmәti ilә gәlib bu şan vә şövkәtә çatam. Xülasә.... (Fikirdә.) Mәlum olur ki, mәn qibleyi-alәmin buyurmağına görә, özgә fikirlәrә düşmüşәm. Bәli.... Hәrgah mәnim ... o fikirlәrim qibleyi-alәmә naxoşdur, buyursun bu saat başımı vursunlar; ancaq tәvәqqe edirәm hamı mәktubları tapdırıb oxuyasınız, o vaxt yәqin edәrsiniz, mәn qibleyi-alәmin hüzurunda nәinki tәnbehә vә bәlkә böyük olan mәnsәbә layiq olam....  Bu biçarә sәrkәrdәlәr vә qoşun aslan kimi dava edib, cәmi Xorasan vә Әfqanıstan mahallarını zәlzәlәyә gәtirib xanlarını әsir, yerlәrini tar-mar ediblәr. Bunlar göstәrәn qeyrәtin әcri budurmu? Bu binәvalar şad-xürrәm gәlәrkәn fikir edirdilәr: "Şahımız bizә mәrhәmәt vә әnam edәcәkdir", fәqәt....  (Fikrә gedir.)

Ş a h T ә h m a s (hirsli). Mәnә nәsihәt etmә! (Başını әli ilә tutub fikrә gedir vә әli ilә işarә edir ki, çıxsınlar. Nadir xan vә qeyrilәri çıxırlar. Tәk.) Ürәyimizi şad edәcәkdir! Әnam edәcәkdir! Yaxşı şad edәrәm! Dünәnki quldur mәnә nәsihәt edir. Xeyr, görünür, bir şey var, Heydәr deyәn söz gәrәkdir doğru ola. İnsan belә olurmuş. Bir az ki, әlinә ixtiyar verәrsәn, özünü itirәr. (Fikir.) Yox, bu işi belә qoymaq olmaz, vaxtkәn çarә qılmaq....  (Fikir.) Nә etmәk? Kimdәn bilmәk ki, hәqiqәt, Nadir padşahlıq fikrinә düşübdür. Heydәrin sözünә çox da inanmaq olmaz. (Fikir). Tapdım....  Mirzә Mehdi Nadirin  әn müqәrrib adamıdır, onun həp bir gizlin fikri olarsa bilәr....  Tәlәb edәrәm. Qorxusundan hәr nә varsa, açıb

deyәr. (Qapıdakı fәrraşa). Heydәr xanı buraya çağır. (Fikirdә.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

H e y d ә r  x a n (daxil olur). Qibleyi-alәm! Buyuruğunuz?

Ş a h  T ә h m a s. Heydәr! Bu saat Mehdini buraya çağırt.

H e y d ә r  x a n. Qibleyi-alәm sağ olsun, Mirzә Mehdini?

Ş a h  Tәhmas. Mirzә Mehdini! Mirzә Mehdini! Mәnә lazımdır. Nadir onsuz heç yerә getmәz vә ondan bir şey gizlәtmәz. Bir-birinә mәhәbbәtlәri çoxdur.

H e y d ә r  x a n. Tәәccüb! Qibleyi-alәmin hüzurunda elә adamların nә işi gәrәkdir ola?

Ş a h  T ә h m a s. Heydәr, elә demә, Mehdi ağıllı adamdır. Yaxşı qәlәmi var, mәn istәyirәm mәxsus Nadirin barәsindә onunla söhbәt edәm.

H e y d ә r  x a n. Bәçeşm! (Çıxır.)

Ş a h  T ә h m a s. Mehdini qorxutmaq gәrәkdir, yoxsa Nadirin pünhan işlәrini açmaz; Nadiri o çox istәyir. (Fikrә.) Bәli, qorxu başa bәladır, onu zindana saldırram. (Fikrә.) Yox....  Әvvәl xoşluqla, hәrgah xoşluqla olmadı, onda güc ilә

dedirdәrәm.

 

 

BEŞİNCİ GӘLİŞ

 

H e y d ә r  x a n (daxil olur). Qibleyi-alәm sağ olsun! Mehdi gәlibdir.

Ş a h  T ә h m a s. De gәlsin. (Heydәr çıxır.)

 

 

ALTINCI GӘLİŞ

 

M i r z ә  M e h d i  x a n. Salamәleyküm!

Ş a h T ә h m a s. Mehdi! Әylәş! (Mirzә Mehdi oturmayıb qolu bağlı qabağında durur. Şah Tәhmas Heydәr xana işarә edir ki, çıxsın.) Mehdi! Qәlәmin yaxşı olmağa görә istәyirәm sәnә bir böyük mәnsәb verәm, ancaq gәrәkdir sidqi-ürәklә dövlәtә qulluq edәsәn.

M i r z ә  M e h d i  x a n (baş әyib). Qibleyi-alәmin mәrhәmәti mәnim üzәrimdә çoxdur. Ancaq qibleyi-alәm sağ olsun! Böyük mәnsәbә mәn özümü layiq bilmirәm.

Ş a h  T ә h m a s. Ümidvaram ki, qәlәmin gücü ilә dövlәtә çox mәnfәәt gәtirәsәn, dövlәtә vә millәtә zәrәr olan şeylәri tәxirsiz bildirәsәn ki, vaxtında bәlanın әlacını tapmaq. (Mirzә Mehdi xan fikirdә.) Nә üçün fikrә getdin?

Anlamayırsanmı?

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Hәqiqәt, anlamıram.

Ş a h  T ә h m a s. Anlamayırsan? Mәsәlәn, bir şәxs padşahın canına qәsd edә, belә bir әhvalatı lazım gәlirmi xәbәr edәsәn?

M i r z ә  M e h d i  x a n. Әlbәttә!

Ş a h  T ә h m a s. Bәs de görüm, Nadirin tәrәfindәn bir şey eşitmәyibsәnmi?

M i r z ә  M e h d i  x a n. Xeyr, qibleyi-alәm!

Ş a h  T ә h m a s. Bәlkә mәqami-dostluqda sәnә demiş ola ki, guya fikrindәn padşahlıq keçir.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Neçә ildir mәn onunla bir yerdә oluram, hәr bir sirri vә pünhan sözü olubsa, mәndәn gizlәtmәyibdir, hәmәvaxt felindәk vә qövlindәn sәltәnәtiniz payidar olmağı vә qibleyi-alәmә artıq dәrәcәdә mәhәbbәti

aşkar görünür. Hәqiqәt, dava mәqamında şir kimi şәmşir әlindә hamıdan qabaq düşmәn müqabilinә gedibdir. Padşahını sevmәyәn şәxs dә bu tövr edәrmi?

Ş a h  T ә h m a s. Bәs görükür heç bir şey eşitmәyibsәn?

M i r z ә  M e h d i  x a n. Heç!

Ş a h  T ә h m a s (hirsli). Sәni zindana salandan sonra hamısını deyәrsәn....  Get, amma bir adama bizim söhbәtimizi deyibsәn, özünü ölmüş bil! (Baş әyib gedir.)

Ş a h  T ә h m a s (fikirdә). Bәlkә Heydәr sәhvdir, ağlım kәsmir ki, Nadirdә belә cürәt ola. Hәrgah bu fikrә düşmüş olsa da, bu tezlikdә aşkara çıxarmaz. (Fikrә gedib başını әli ilә tutur.)

 

 

YEDDİNCİ GӘLİŞ

 

H e y d ә r  x a n (yavaş-yavaş daxil olur). Qibleyi-alәm! Nә üz veribdir?

Ş a h  T ә h m a s (başını qaldırıb). Sәnsәn? Heydәr, mәn fikrimi sәnin barәndә dәyişdirdim. Dövlәt işlәrindә sәndәn mәnә müqәrrib adam yoxdur, özün görürsәn sәnә nә qәdәr mәrhәmәtim keçir, cәmi dövlәtin ixtiyarını vermişәm sәnә. Bununla belә, işdәn belә mәlum olur ki, sәn istәyirsәn Nadir kimi adamı mәnә düşmәn edәsәn . Deyirsәn, guya Nadir istәyir padşahlığı әlimdәn alsın, taxtda özü әylәşsin. Mәnim heç dәlilim yoxdur. Mirzә Mehdi ki, ona müqәrrib adamların biridir, söylәyir, Nadir mәnim yolumda baş qoymağa hazırdır. Vә bir dә qeyri mәktublar ki, Nadir işarә edir, mәni tәşvişә salıbdır. Hanı o mәktublar?

H e y d ә r  x a n. Qibleyi-alәm! O mәktubların mәzmununu siz bilirsiniz, haman mәktublarda yazılan әhvalat Әfqanıstan barәsindәdir....  Bundan qeyri bir әhvalat yoxdur. O ki qaldı Nadirin әminliyinә ...  şәkkim çoxdur....  Qibleyi-alәm! Sizinlә söhbәt edәndә diqqәt etdinizmi, dedi: qoşunlar vә sәrkәrdәlәr hamısı mәnә tabedir....  Bu nә sözdür? İşarә deyilmi? (Şah Tәhmas fikrә gedir.)

Ş a h  T ә h m a s. Bәs Nadirin xain olmağını, görükür, sәn yәqin edibsәn?

H e y d ә r  x a n. Yәqin, mәnә gün kimi aşkardır. Mәnim mәslәhәtimә görә Nadiri gәrәkdir bu gün zindana salalar, tainki әlaqәsi heç kimsә ilә olmasın. Çünki bu xәbәrlәri eşitsә, hәm qoşunu vә hәm sәrkәrdәlәri tәhrik edәr ki, qibleyi-alәmin

üzünә ağ olsunlar....  (Şah Tәhmas fikrә gedir, Heydәr xan qoynundan kağız çıxarır, Şah Tәhmas kağızı görür.)

Ş a h  T ә h m a s. Bu saat buyruq verәrsәn onu hәbs etsinlәr. (Bәrkdәn.) Bu saat! O nә kağızdır?

H e y d ә r  x a n. Qibleyi-alәm! Bu gün gәlibdir. Osmanlı dövlәti bizim şәrtnamәmizә cavab yazıbdır.

Ş a h  T ә h m a s. Nә yazıbdır?

H e y d ә r  x a n. Yazır ki, gәrәk biz Әrәs çayının sağ tәrәfini onlara verәk....

Ş a h T ә h m a s (fikirdә). Sağ tәrәfini....  Xeyr, elә şey ola bilmәz!

H e y d ә r  x a n. Әlbәttә, belә şey ola bilmәz, amma....

Ş a h  T ә h m a s (acıqlı). Necә amma?

H e y d ә r  x a n. Çarәmiz yoxdur, gәrәk razı olaq.

Ş a h  T ә h m a s. Necә çarәmiz yoxdur? Nә üçün gәrәk razı olaq?

H e y d ә r  x a n. Qibleyi-alәm! Osmanlının müqabilinә çıxmaq üçün әqәllәn gәrәk 20.000 qoşunumuz ola. Bu qәdәr qoşunu keçәn davalardan sonra yığmaqmı olar?

Ş a h  T ә h m a s (başını әli ilә tutur vә bir az fikirdәn sonra). Yox....  Mәn sәhv etmişәm. Bu saat gedib Nadiri çağırarsan buraya. Әvvәlki buyruğumu ki, hәbsә salsınlar, әlbәttә, demәzsәn. Mәn görürәm onsuz bu iş başa gәlmәz. Bu saat gәrәkdir onu hüzuruma gәtirәsiniz vә Cәfәr xan, Mehdi xan burada olsunlar.

H e y d ә r  x a n. Qibleyi-alәm!

Ş a h  T ә h m a s. Durma, buyurduğuma әmәl et! (Heydәr xan çıxır.) Nadir bu halda dövlәtin müşkül işlәrindә gәrәkdir, ah... Nә yaman halәtdir! (Fikirdә.) Nә üçün mәn Heydәrә inanıb Nadiri özümә düşmәn edirәm? Yox, tamamdır! Bu gündәn Heydәrә çox ümid etmәmәk.

 

 

SӘKKİZİNCİ  GӘLİŞ

 

R z a  x a n. Qibleyi-alәm! Bu saat xәbәr gәlibdir ki, Osmanlı İrәvandan keçib 30.000 qoşunla bizim torpağa ayaq qoyubdur.

Ş a h  T ә h m a s. Elә şey ola bilmәz. Ancaq bu xәbәr vardır ki, bizim şәrtnamәni qәbul etmәyib istәyir ki, Әrәs çayının sağ tәrәfini onlara verәk.

R z a  x a n. Qibleyi-alәm! Bu xәbәri yәqin bilib qulluğnuza gәlmişәm, yoxsa cürәt etmәzdim.

Ş a h T ә h m a s. Bәs Heydәr görükür, sәhvdir. Ah ... xain....  Ah ... bәdbәxt Heydәr! Bu saat onu çağırarsan, görüm bu әhvalatları nә üçün gizlәdir?

 

(Rza xan istәyir çıxsın. Nadir xan, Heydәr xan, Mәhәmmәd xan, Cәfәr xan daxil olurlar.)

 

Ş a h  T ә h m a s (Nadirә). Mәn sәnin tәqsirindәn keçib әvvәlki ixtiyarını qaytarıram. Ümidvaram ki, bir para xәyalatdan qayıdıb sәdaqәtdә xidmәt edәsәn. Bu saat Rza xan bir qәmgin xәbәr gәtiribdir, guya Osmanlı bizim yerlәrә ayar qoyubdur. Ona görә vaxtı fövt etmәyib Rza xanı, Mәhәmmәd xanı vә Cәfәr xanı kömәkçi götürüb kedәrsәn düşmәnin müqabilinә!

N a d i r (әvvәl yavaş sәc ilә, sonra getdikcә sәsini ucaldır). Qibleyi-alәmin mәrhәmәti mәnim üzәrimdә çoxdur. Bu vaxtadәk sidqi-qәlblә dövlәt vә millәtә qulluq etmişәm: vәtәnimizi düşmәnlәrdәn xilas etmişәm. Xorasandan sonra qibleyi-alәmin xәbәri olmaya-olmaya әfqanların üstünә getmişәm, yerlәrini alıb özlәrini dağa-daşa salıb vaxtında şahıma xәbәr etmişәm. Amma bu qulluqlarımın әvәzindә qibleyi-alәmin tәrәfindәn nәinki böyük mәrtәbәyә vә hәtta bir xoş nәzәrә dә layiq olmamışam. Mәn heç! Amma qoşun, qoşun üçün padşahımın "mәrhәba" sәsi qüvvәti-qәlb vә böyük sәadәtdir.. Dövlәtә bugünәdәk mәn xәyanәt etmәmişәm, bununla belә, qibleyi-alәm! Bir saat bundan әqdәm, necә ki, eşitdim, buyruq vermişsiniz mәni hәbsә salsınlar.... Çox tәәccüb! Çox tәәccüb! Sәbәb? Sәbәb? İnsanın biinsaf, biqeyrәtliyi vә paxıllığı! Bilirәm, hamısını bilirәm, fәqәt qibleyi-alәm! Özümә cürәt edib deyirәm: hәmişә padşah ilә millәtin arasında olan pәrdә dövlәtin viran olmağına vә millәtin bәdbәxtliyinә әn birinci sәbәb olubdur. Bu pәrdә vәzirlәrdәn ibarәt bir şeydir ki,hәm padşahı vә hәm dә millәti qaranlıqda saxlar. Nә padşahın millәtdәn vә nә millәtin padşahdan xәbәri olmaz. Millәtin zülmdәn ah vә nalә sәsini padşah eşidәrsә, vәzirlәr deyәrlәr: qibleyi-alәm! Sәni millәt alqışlayır, alqışlayır.... Ağılsız, fәrasәtsiz öz vәzifәsini anlamayan padşah bu sözlәrә inanar, inanıb da zavallı millәtin daima göz yaşına vә axırda vәtәnin puç olmağına sәbәb olar. İndi, hәzәrat! Bir padşah ki, dövlәti vә millәti tapşıra biinsaf, bimәrifәt şәxslәrә (baxır Heydәr xana vә sәsini ucaldır), bir padşah ki, canfişan olan qoşunun vә sәrkәrdәnin qәdr-qiymәtini bilmәyә (üzünü xanlara) tac vә sәltәnәtә layiq deyil. Hәrgah istәyirsiniz vәtәnimiz hәr fәsaddan xali vә asudә ola gәrәkdir belә padşah sәltәnәtdәn xaric olsun....

C ә f ә r  x a n,  R z a  x a n,  M ә h ә m m ә d  x a n (hamı qılınclarını siyirib). Doğru buyurursunuz.... Nadir şah cağ olsun!

Nadir şah sağ olsun!

 

(Şah Tәhmas vә Heydәr xan özlәrini itirirlәr vә dillәri tutulur.)

 

PӘRDӘ

 

 

 

 

BEŞİNCİ MӘCLİS

 

Vaqe olur İsfahanda, Nadirin iş otağı: bir tәrәfdә stol, üstündә kitablar. Otaq xalılarla döşәnmiş; Mirzә Mehdi xan oturub yazır.

M i r z ә  M e h d i  x a n. Görәsәn belә bir vücudu İran daha görәcәkmi? Çәtin! Sözü bir, ürәyi saf, şir ürәkli, aslan qüvvәtli, vәtәnini sevәn, millәt yolunda can qoyan, sahibsizlәrә sahib, kömәksizlәrә kömәk edәn, yetimlәrә pәrvәriş verәn

Nadir heyfa ki, tez qocaldı. İndi düz qırx altı yaşı var. Bununla baxanda altmış sinnindә qocaya oxşayır. Ay zәmanә! Kim deyәrdi Nadir belә tez davadan әl çәkәr? Hazır dava adı gәlәndә özgәlәrini göndәrir, axırıncı Dağıstan davasından sonra

çox tәğyir tapıbdır. Doğru deyirlәr: "Söz qılıncdan kәskin olar"; hәqiqәt elәdir!   Nainsaf şәxslәrin sözlәri, biqeyrәt, müftәxor xanların büxlü hәsәdlәri Nadirә çox tәsir edibdir. Heydәr xan cәzasına çatdı. Çәfәr xan, Rza xan, Mәhәmmәd xan

-- dövlәtin әvvәlinci adamları şahiddirlәr ki, Nadir taxtdan baş qaçırtdı, amma indi haman bu şәxslәr Nadirin barәsindә qeyri sözlәr danışırlar. Deyirlәr, guya Nadir Sәfәvi nәslinin әlindәn sәltәnәti güc ilә aldı.... Xülasә, bu axır vaxt Nadirin әhvalı xeyli pәrişandır, bir boş söz ilә halәtindәn çıxır. Gör iş nә yerә çatıbdır ki, mәnimlә dә hirsli danışır, vәhalonki mәnim xatirimi çox istәrdi. Kim bilir, bәlkә mәndәn dә söz düzәldib deyiblәr. (Fikir. Qapıya tәrәf gәlib baxır.) Heyhat! Bundan müqәddәm sübh saat beşdә, altıda işә mәşğul olardı, amma indi saat ondur, bu vaxtadәk

gәlmәyir. (Qapıdan baxır.) Yox, gәlir. (Mirzә Mehdi kağızlarını götürür, Nadir әlindә ağac şah paltarında hirsli, yavaş-yavaş daxil olur.)

 

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

N a d i r  ş a h (әtrafına nәzәr yetirir.) Mirzә, Dağıstan davasını yazıb qurtarıbsanmı?

M i r z ә  M e h d i  x a n. Xeyr, qibleyi-alәm, qurtarmağa az qalıbdır.

N a d i r  ş a h. Neçә günә tamam olar?

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm, on günün әrzindә qurtararam.

N a d i r  ş a h (hirsli). Yaz, yaz tez qurtar, mәnә lazımsan! (Fikir.)

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Nә barәdә?

N a d i r  ş a h. Bir neçә daxiliyyә işlәr var, bir neçә qanunlar var. İstәyirәm yazasan. (Fikir.) Әvvәla, fikrim budur ki, iki düşmәni barışdıram. (Mirzәyә diqqәtlә baxır.)

M i r z ә  M e h d i x a n. Qibleyi-alәm sağ olsun, anlamıram!

N a d i r  ş a h (acıqlı). Hә! Hә! Әlbәttә, adam demirәm: iki düşmәn, yәni iki mәzhәb. (Mirzә fikrә gedir.) Nә üçün fikrә getdin, yoxsa yenә başa düşmürsәn?

M i r z ә  M e h d i  x a n. Bәli, qibleyi-alәm! İndi başa düşdüm.

N a d i r. Doğrusu, şiә, sünni adı eşidә bilmirәm. Gәrәk bu iki mәzhәb birlәşә. Nә sәbәbә, mәnfәәti nәdir? Onlarısonra deyәrәm.

M i r z ә  M e h d i  x a n. Doğrudur, qibleyi-alәmin әlindә. hәr bir şey asandır. Amma....  Bu iki mәzhәbin birlәşmәyi çәtindir.

N a d i r  ş a h. Mәnim әlimdә heç bir şey çәtin deyil.. İnşaallah, hәrgah allah yar olursa, mәqsudimә çataram. Dünәn Rza xanı göndәrdim Axund Molla Әli Әkbәrin yanına ki, indidәn başlasın xalqa nәsihәt etmәyә. Bu gün gәrәk cavab gәtirә. Vaxta

ki, burada xalq hazır oldu, onda Osmanlıya yazmalıyam, tainki şәrt-şürutlarını mәnә mәlum edәlәr.

M i r z ә M e h d i  x a n. Allah xeyir versin!

N a d i r  ş a h. İkinci fikrim budur: gәrәkdir İncil bizim dilә tәrcümә oluna.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! O nә üçün?

N a d i r  ş a h. Dövlәtin mәnfәәti üçün. Hәr padşaha lazım gәlir qeyri tayfanın dinini bilsin, tainki qeyri tayfa ilә dininә müvafiq rәftar olunsun.

M i r z ә  M e h d i  x a n. Bәli, qibleyi-alәm! Fikriniz gözәl bir fikirdir.

N a d i r  ş a h. Üçüncü fikrim: mollaların ixtiyarlarını azaltmaq....  Hesab etmişәm, bir ildә mәscidlәrdәn yeddi milyon manat mәnfәәt alınır. Heç bilirsәn kimlәr mәsrәf edirlәr?

M i r z ә  M e h d i  x a n. Xeyr, qibleyi-alәm!

N a d i r  ş a h. Mollalar vә axundlar! Bu pul gәrәkdir dövlәtin xәzinәsinә yığılsın, zira ki, xәzinәdә pul olmasa qoşun saxlamaq olmaz, qoşun olmazsa vәtәn saxlamaq olmaz. Vәtәn gedәrsә mәscid dә olmaz vә bәlkә din dә әldәn gedәr.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Bәs mollalar nә ilә dolanacaq etsinlәr?

N a d i r  ş a h. Әvvәla, bu qanundan sonra hәr bir tәnbәl mollalığa qaçmaz. İkinci, mollalığa layiq olan şәxslәrә, dinә rәvac verәn ülәmalara, islamın qeyrәtini çәkәn axundlara mәvacib tәyin edәcәyәm.... Әsil mәtlәb budur ki, mollanı öz

ixtiyarına qoymamaq. Bir dövlәt ki, mollalar ixtiyarında yaşadı, ol dövlәtdә tәrәqqi olmaz.... Çünki bir neçә sәbәblәrә görә molla qismi hәmişә çalışar ki, xalq qaranlıqda yaşasın.... Daha doğrusu, dövlәtә dair qanunları bilmәrrә

ruhanilәrdәn almaq gәrәkdir....  (Fikir.) Dördüncü fikrim budur: gәrәkdir mәnim padşahlığımda fәqir vә sail tapılmaya, mәgәrinki әlsiz-ayaqsızlardan başqa. Bir dövlәtin ki, fәqiri, saili çox oldu, o dövlәtin tez puç olmağına ehtimal var....

Xülasә, bu minval başımda çox fikirlәr var.... (Fikrә gedir.) Ümidvaram ki, bunlar hamısı düzәlә....  Bu gün Rza xanı gözlüyürәm axunddan cavab gәtirsin, gәrәk ki, gәlәn odur. (Rza xan daxil olur.)

 

 

İKİNCİ GӘLİŞ

 

N a d i r  ş a h. Rza xan! Necә oldu?

R z a  x a n.  Qibleyi-alәm, fikrinizin hamısını bәyan etdim, lakin....

N a d i r  ş a h (acıqlı). Necә lakin? Hә, de görüm!

R z a  x a n. Qibleyi-alәmin gözәl fikirlәri axunda xoş gәlmәdi....

N a d i r  ş a h. Xoş gәlmәdi? Mәn istәmirәm özünü buraya çağırtdırım, tainki mәnim yanımda qorxusundan bәli deyib, gedәndә yenә öz bildiyini edә. İndi ki, belә oldu (ağacı yerә vurur), bu saat de görüm, nә üçün xoş gәlmәyir?

R z a  x a n. Qibleyi-alәm! Deyir mәn әvamünnasdan qorxuram, bir söz bu barәdә danışsam, evimi qarәt edәrlәr.

N a d i r  ş a h. Ay biçarә, canından qorxmur, evindәn qorxur. İndi ki, belә oldu (hirsli), bu saat gedib buyruq verәrsәn başını kәssinlәr. Dinә rәxnә olan mollaların pәrәstarı olan Süleyman xanı hәbsә salsınlar.... (Hirslәnib ayağa durur, hirsindәn danışa bilmir, ağacı yerә vurur.) Durma, bu saat padşah buyuruğuna әmәl et.... (Rza xan çıxır.) Mirzә, bu saat sultana kağız yaz ki, mәn xahiş edirәm ümum xeyirdәn ötәri iki mәzhәb birlәşә, eşitdin? (Ağacı yerә vurur.) Mәn

göstәrәrәm o mәlun müftәxorlara.

M i r z ә  M e h d i  x a n. Bәçeşm! (Nadir şah çıxır.) Bәli, az düşmәn vardı, indi dә mollalar. Bunların qabağında dayanmaqmı olar? Bundan müqәddәm genә mәndәn söz eşidәrdi, amma indi artıq söz danışmaq olmayır. İnsafәn, başındakı fikirlәr nә gözәl fikirlәrdir, nә gözәl qanunlardır! Bunlar hamısı dinpәrәst vә millәtpәrәstlik nişanәsidir, amma heyfa, anlamayırlar.

 

(Cәfәr xan içәri daxil olur.)

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

C ә f ә r  x a n. Mirzә Mehdi xan! Bu nә әhvalatdır? Deyirlәr şah buyruq veribdir Molla Әli Әkbәrin boynunu vursunlar.

M i r z ә  M e h d i  x a n. Bәli, xan, doğrudur.

C ә f ә r  x a n. Sәbәb?

M i r z ә  M e h d i  x a n. Bir neçә sifariş göndәrmişdi, әmәl etmәk istәmәyir.

C ә f ә r  x a n. Necә? Nә sifariş?

M i r z ә  M e h d i  x a n. Rza xandan sual ediniz, sizә hamısını nәql edәr. Çünki işin içindә odur.

C ә f ә r  x a n. Bu iş yaxşı olmadı. Mollaları özünә gәrәk düşmәn etmәyә idi....  (Fikir.)

M i r z ә  M e h d i  x a n. Fikir edirsәn, görürsәn haqq deyir. Bunun sözü budur ki, dinә rәxnә salmasınlar. Bunun çalışdığı odur ki, islam qüvvәtlәnsin, millәt ayılsın, vәtәn tәrәqqi etsin. Nә etmәli? Bu bir tәrәfdәn işi düzәldirsә, xanlardan bir

neçәsi pozur. Mәsәlәn, buyruq veribdir ki, Süleyman xanı hәbsә salsınlar. Çünki bir neçә müftәxorları padşahın üzünә durquzur.

C ә f ә r  x a n. Allahu-әkbәr! Nә yaman iş oldu. Tәrs kimi dә bu gün şikara çağırıbdır, gәrәk gedәk. Bunun bu halәtindә şikara gedәrsәn, gәrәk hәr qәdәminә diqqәt edәsәn. Allah elә edәydi ki, şikara getmәyә idi.

M i r z ә  M e h d i  x a n. Olsun ki, bu gün şikara getmәyә, çünki ovqatı nәhayәtdә tәlxdir.

C ә f ә r  x a n. Xeyr, necә ovqatı tәlx olmuş olsa, dediyi söz fikrindәn çıxmaz. Yaxşısı budur ki, mәn gedim, bәlkә mәni görmәsә şikar fikrinә düşmәyә. (İstәyir çıxsın, Nadir şah rast gәlir.)

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

N a d i r  ş a h. Cәfәr, hara gedirsәn?

C ә f ә r  x a n (qorxa-qorxa). Heç, qibleyi-alәm.

N a d i r  ş a h (hirsli). Necә ki, heç? Hara gedirdin?

C ә f ә r  x a n. İstәdim fәrraşdan xәbәr alam qibleyi-alәm bu gün şikara tәşrif aparacaqdır, ya yox?

N a d i r  ş a h. Әlbәttә! Әlbәttә! (Mirzә Mehdi xana.) De, hazırlaşsınlar. (Mirzә Mehdi xan çıxır. Cәfәr xana.) Bu gün

şikar gәrәk yaxşı olsun.

C ә f ә r  x a n. Bәli, qibleyi-alәm!

N a d i r  ş a h. Sәbәb?

C ә f ә r  x a n. Qibleyi-alәm buyurur.

N a d  i r  ş a h (rişxәnd). Qibleyi-alәm buyurur! Hәr işdә mәn dediyimә qulaq assanız çox yaxşı olardı, Mәsәlәn, Süleyman xana kәrratla demişәm ki, sәn dövlәtә qulluq etmәkdәnsә, gedib bir para adamlar ilә әbәs yerә vaxtını keçirirsәn. Xeyr,

mәnim dediyim sözlәr havaya gedir. Zәrәr yoxdur, indi bәlkә düşünә. (Acıqlı.)

 

 

BEŞİNCİ GӘLİŞ

 

Mirzә Mehdi xan gәlir.

 

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm sağ olsun! Şikara hazırdırlar.

N a d i r  ş a h. Gedәk. (Mirzә Mehdi xana.) Mirzә! Sәn işindә ol. Dediyim mәktubu yazarsan. (Nadir şah vә Cәfәr xan çıxırlar.)

M i r z ә  M e h d i  x a n (tәk). Lazımdır mәktubu bu saat qurtaram, qәribә insandır! Başı necә qarışıq, fikri necә dağınıq olsa da, genә dediyi söz fikrindәn çıxmır. (Yazır vә hәrdәnbir qәlәmi saxlayıb fikrә gedir.) İşlәrin belә qarışıq

vaxtında çox müşküldür ki, bu başa gәlә. Görәk allah nә istәyibdir. (Yazır.) İki mәzhәbin birlәşmәyi hәqiqәt gözәl, yaxşı bir fikirdir. Çünki әdavәt bilmәrrә ortalıqdan götürülәr, mәdәniyyәt artar, hәr iki millәt qüvvәtlәnәr. (Yazır.) Mollalara mәvacib kәsmәk dә mәnim tәsәvvürümә görә, yaman deyil. Padşahlıqdan mәvaciblәri olsa, bir para ağlagәlmәyәn şeylәri vә aşkara millәtin, vәtәnin, dövlәtin zәrәri olan sözlәri xalqın aralarında nәşr etmәzlәr. (Yazır.) O gün mәnә deyir ki, Mirzә! Sәn elә bilmә ki, mәn ruhanilәrә düşmәnәm. Xeyr, dinә rövnәq verәn mollalar mәnim canımdırlar. Dinә rәxnә salan mollalara, hәqiqәt mәn düşmәnәm....  Bunlar zahirdә dinpәrәst, batindә dini tar-mar edirlәr. (Fikrә gedib yazır.) Bәli, fikir etdikcә görürsәn insafәn ağıllı qanunlardır, hәqiqәt, gözәl fikirlәrdir, amma heyfa, qәdrini bilәn yoxdur....

 

 

ALTINCI GӘLİŞ

 

Mәhәmmәd xan tәlәsmiş içәri daxil olur.

 

M ә h ә m m ә d  x a n. Mirzә Mehdi xan! Bu nә әhvalatdır? Deyirlәr şah şikara gedәrkәn atıblar.

M i r z ә  M e h d i  x a n (әlindәn qәlәmi salıb durur). Nә buyurursunuz xan? Elә şey ola bilmәz. İndi bu saat getdilәr.

M ә h ә m m ә d  x a n. Bәli, indi bu saat şәhәrә qovğa düşübdür. Hәtta deyirlәr....  (Fikir.)

M i r z ә  M e h d i  x a n. Hә....  Nә deyirlәr? Yoxsa vәfat edibdir? Hә?

M ә h ә m m ә d  x a n. Bәli, bir elә şey danışırlar.

M i r z ә  M e h d i  x a n. Vay! Vay! İranın gülü soldu, günü batdı, bәxti qaraldı. (Bilmir nә etsin.)

M ә h ә m m ә d  x a n. Xan! Özünüzü әbәs yerә hәlak etmәyiniz. Bәlkә dә bu xәbәrin әsli olmasın, amma onu yәqin bilirdim ki, bu iş yavuqda olacaqdır....

M i r z ә  M e h d i  x a n (hirsli baxır). A! Bәs görükür siz bilirdiniz....  (Bu vaxt bayırda qilu-qal düşür. Nadiri qolundan tutub gәtirirlәr. Mәhәmmәd xan qeyri qapıdan çıxır.)

 

 

YEDDİNCİ GӘLİŞ

 

Nadir şah, Rza xan, Cәfәr xan, Rzaqulu xan, Mirzә Mehdi xan. Nadirin bir qolu yaralı, sәndәlin üstә  әylәşdirirlәr.

 

N a d i r  ş a h. O bәdbәxt atanı heç kәs görmәdi?

C ә f ә r  x a n. Qibleyi-alәm! Vәliәhd meşәyә buyurmuşdu, ancaq bir әsәr tapmayıbdır.

N a d i r  ş a h. Çağırın!

R z a  x a n. Qibleyi-alәm! Burdadır! (Rzaqulu xan әllәrini döşunә qoyub Nadirin qabağında durur.)

N a d i r  ş a h (diqqәtlә baxır). Oğul! Bir әsәr tapmadın? Bir insan görmәdin?

R z a q u l u  x a n. Xeyr, şah baba!

N a d i r  ş a h. Çox tәәccüb! Bu saat gәrәkdir o bәdbәxti tapasınız. (hirsli xanlara baxır.) Durmayın! (Rza xan, Cәfdr xan vә Rzaqulu xan çıxırlar. Mirzә Mehdi xan mat durur.)

N a d i r  ş a h (Mirzә Mehdi xana). Mirzә! Görürsәn mәnimlә nә tövr rәftar edirlәr?

M i r z ә  M e h d i  x a n. Görürәm, qibleyi-alәm! Görürәm. Sizdәn sonra İranın halını nәzәrimә gәtirirәm....

N a d i r  ş a h. Yaxşı ki, atan bәdbәxt rәhmliymiş. Güllә ancaq qolumdan dәyibdir.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Allah-taalanın İrana rәhmi varmış....

N a d i r  ş a h. Hәrgah bu üç nәfәr tapmasa, yәqin ki, bu fitnә bunların tәdbiridir.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Onların üçüncüsü vәliәhddir.

N a d i r  ş a h. Ah, Mirzә! Bu dünyada heç kәsә inanmaq olmaz. (Fikir.) Oğluma da mәnim gümanım var. Çünki bir ay bundan müqәddәm bir neçә söz qulağıma yetişibdir.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Sizin tәşrifinizdәn bir az müqәddәm Mәhәmmәd xan burada idi. Onun sözlәrindәn mәlum oldu ki, bu işdәn xәbәri var.

N a d i r  ş a h. Mәhәmmәd xan? Hә, hә ... çağırt bu saat. (Mirzә Mehdi çıxır.) Bәli ... hәr bir padşah iki düşmәndәn xilas deyil: vәtәn, millәt qeyrәti çәkmәyәn, gününü eyş-işrәtdә keçirib millәti daima zülmlәrә düçar edәn padşah әcәlini

millәtdәn gözlәsin....  Millәtin vә dövlәtin tәrәqqisinә çalışan, bu yolda tәzә qanunlar qoyan, vәtәnini zülmdәn xilas etmәk istәyәn padşah әvvәlinci güllәni öz müqәrrib adamlarından gözlәsin....  Mәnim yәqinimdir ki, bu güllә millәt

güllәsi deyildir!...

 

 

SӘKKİZİNCİ GӘLİŞ

 

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm sağ olsun, göndәrdim çağırsınlar.

N a d i r  ş a h. Bәs nә deyirdi Mәhәmmәd?

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Çox üstüörtülü danışırdı. Ancaq bunu anladım ki, bu işdәn onun xәbәri var.

N a d i r  ş a h. Çox әcәb! Bәs görükür onunçun şikara getmәyibdir. (Mәhәmmәd xan varid olur.)

 

 

DOQQUZUNCU GӘLİŞ

 

M ә h ә m m ә d  x a n (Nadir şahın qabağında durur). Qibleyi-alәm! Bu nә bәdbәxtlikdir üz veribdir?

N a d i r  ş a h (rişxәndlә). Bәli, belә gәrәk olaymış.... Nә üçün bәs sәn şikara mәnimlә getmәdin?

M ә h ә m m ә d  x a n. Qibleyi-alәm! Qızım can üstәdi, mümkün olmadı.

N a d i r  ş a h. Bәs bir xәbәr bilmirsәnmi?

M ә h ә m m ә d  x a n. Qibleyi-alәm! Nә barәdә?

N a d i r  ş a h (acıqlı). Necә nә barәdә? Gözlәrin görmürmü?

M ә h ә m m ә d  x a n. Qibleyi-alәm! Bir әhvalat eşitmişәm....  Amma....

N a d i r  ş a h (hirsli). Nә bilirsәn, de bu saat....

M ә h ә m m ә d  x a n. Qibleyi-alәm! Vәliәhd gәrәk bu işi hamıdan yaxşı bilә....

N a d i r  ş a h. Sәnin sözündәn belә mәlum olur ki, bu, oğlumun fitnәsidir?

M ә h ә m m ә d  x a n. Bәli, qibleyi-alәm!

N a d i r  ş a h. Sübut?

M ә h ә m m ә d  x a n. Bir elә sübutum yoxdur, ancaq belә deyirlәr. (Bu vaxt Rza xan, Cәfәr xan içәri daxil olurlar.)

 

 

ONUNCU GӘLİŞ

 

N a d i r  ş a h (üzünü Cәfәr xapa). Necә oldu?

C ә f ә r  x a n. Qibleyi-alәm! Buradan çıxandan sonra vәliәhd bizә dedi ki, mәn özüm gәrәk o bәdbәxti axtaram tapam, başına bir neçә adam cәm edib şәhәrdәn kәnara çıxdı.

N a d i r  ş a h. Hә ... Hә.... Tamah güc gәtiribdir! (Acıqlı ayağa durur.) Daşı-daş üstә qoymaram, boynunuzu bir dәqiqәdә vurduraram, İranı alt-üstünә döndәrәrәm....  Bu saat oğlumu qolubağlı bura gәtirmәsәniz. Durmayın!

 

(Mәhәmmәd xan, Cәfәr xan, Rza xan tez çıxırlar.)

 

N a d i r  ş a h (başını әli ilә tutub әylәşir vә sonra Mirzәyә). Mirzә! Görürsәn, düşmәnim mәnimlә bir evdә olur. Mәnim sayәmdә dolanır, mәn düşmәnimi iraqda gәzirәm.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! İnanmayınız bu sözlәrә, İranı bәdbәxt etmәyiniz. Hamı hiylә bu xanlardadır ki, vüzәra hesab olunurlar. Bunlar çox biinsaf xәlqdir. İnanmayınız, qibleyi-alәm! Vәliәhddәn belә şeylәr sadir olmaz....

N a d i r  ş a h. Xeyr, daha şübhә yeri qalmadı. Onun gәrәk bu gün iki gözlәri dә çıxa vә cәmi İran da rahat ola.

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! İşi yәqin etmәmiş vәliәhdi bәdbәxt etmәyiniz.

N a d i r  ş a h. İş mәnә çoxdan yәqin olubdur, Mirzә! Әbәs yerә tәvәqqe etmә! (Hirsli.) Gәrәk bu gün onun gözlәri dünyanın işığına hәsrәt qala. Bu gündәn mәnim Rzaqulu adlı oğlum yoxdur, bu gündәn İranın vәliәhdi yoxdur.... (Başını әli ilә tutub fikrә gedir. Dişqarıda qilü-qal sәsi gәlir, Rzaqulu xanı qolları bağlı gәtirirlәr.)

 

 

ON BİRİNCİ GӘLİŞ

 

Rza xan, Mәhәmmәd xan, Cәfәr xan, Rzaqulu xan.

 

N a d i r  ş a h (başını qaldırıb Rzaqulu xana). Bәdbәxt oğlum, tamahkar oğlum, atandan artıqmı dövlәtә, millәtә qulluq edәcәkdin ki, bu fikirlәrә düşdün? (Hirsli). Aparın bu saat bunun iki gözlәrini dә çıxardın. (Göstәrir). Bu gözlәr gәrәk onun üzünü görmәyә, o gözlәr dәxi bu dünyanın işığını! (Hirsli.) Aparın!

R z a q u l u  x a n. Şah baba! Mәnim gözlәrimin qiymәti heç, amma İranı gözsüz qoyursan....  Aparın mәni! Padşahın buyuruğuna әmәl ediniz. İşin hәqiqәti sonra mәlum olar. (Üzünü xanlara.) İranın evi o vaxt yıxıldı ki, sizin kimi şәxslәri ümәrayi-dövlәt tәyin etdilәr. Aparın! (Çıxır vә dalınca xanlar.)

N a d i r  ş a h (sәndәlin üstә yıxılıb başını әli ilә tutur). Pәrvәrdigara! Nә halәtdir!....  (Ürәyini әli ilә tutu r.)Of ...  ürәyim döyünür.

M i r z ә  M e h d i  x a n (yıxılır Nadir şahın ayaqlarına). Qibleyi-alәm! Neçә ildir qulluq edirәm. Bu vaxtadәk bir tәvәqqem olmuyubdur ki, qәbul etmәyәsiniz. Axırıncı tәvәqqemdir, vәliәhdi bәdbәxt etmәyiniz.

N a d i r  ş a h (hirsli). İtil gözümdәn, sәn dә onunla dilbir olubsan? (Mirzә Mehdi xan yavaş durur gedir.)

 

 

ON İKİNCİ GӘLİŞ

 

G ü l c a h a n (tez gәlib Nadir şahın ayağına döşәnir. Ağlaya-ağlaya). Qibleyi-alәm! Sәni and verirәm o şeyә ki canını onun yolunda çürüdübsәn, yazığın gәlsin mәnim balama, mәni axirәtәdәk gözü yaşlı qoyma, Nadir! (Ağlayır.) 20 il ondan ötәrimi bәslәmişdim? (Ağlayır. Nadir şah başını әli ilә tutur.) Nadir, evimi yıxma. Buyur mәnim gözlәrimi çıxartsınlar, balamda tәqsir yoxdur. (Ayağını qucaqlayıb ağlayır.)

N a d i r  ş a h. Olmaz. Belә gәrәk olsun, dövlәtә xәyanәt edәn gәrәkdir cәzasına çatsın....

G ü l c a h a n (yalvarır). Nadir! Buyur iki saat kgzlәsinlәr, taki o çıxan gözlәri doyunca öpüm. Allahı sevirsәn, mәnim göz yaşıma rәhm et! (Ağlayır). Sәn İranın adil bir padşahı, mәn İranın bәdbәxt analarından biri, iş tәhqiq olunmağını

tәlәb edirәm....  Buna da ixtiyarım yoxmu?

N a d i r  ş a h (bar az baxıb bәrkdәn). Dur get! (Qolundan tutub yıxır.)

G ü l c a h a n (bәrkdәn). Ay!.... (Qәşş edib yıxılır.)

 

PӘRDӘ

 

 

 

 

BEŞİNCİ MӘCLİSİN MABӘDİ

 

ӘVVӘLİNCİ GӘLİŞ

 

Rәxtxab.

 

M i r z ә  M e h d i  x a n. Pәrvәrdigara! Nә yaman vә dәhşәtli vaqiәdir! Bundan sonra İran dәxi düzәlmәz. Şah bu gün-sabah ağlını itirәr, dövlәt düşәcәkdir biqeyrәt xanların әllәrinә....  Kim bilir, nә olacaqdır. Biçarә Rzaqulu xanı zalım uşağı nahaq yerә bәdbәxt etdilәr. Dünәn şah çağırıb mәnә deyir: Mirzә, bir sәhvdir etmişәm. Cәmi dünya qana batsa, o sәhvi düzәltmәk olmaz, iş aşkar olubdur. Rzaqulu xanın bu işlәrdәn bilmәrrә xәbәri yox imiş. Bu fәsadlar tamam xanlardan üz veribdir....

 

 

İKİNCİ GӘLİŞ

 

N a d i r  ş a h (әlindә ağac, beli bükülmüş, yavaş-yavaş gәlir.) Mirzә! Necә ki, dünәn eşitdin elәdir, nainsaf uşağı mәnim balamı nahaq yerә gözsüz qoydular. (Ağlayır.) Mәn evi yıxılmış, mәn, ağlını itirmiş binamusların sözlәrinә qulaq asıb,

onlara inanıb hәqiqәt, İranı gözsüz qoydum. (Ağlayır.)

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Sәbir etmәk lazımdır, tәqsirkar öz cәzasına çatar.

N a d i r  ş a h. İş-işdәn keçibdir, dünya başıma tәng olubdur. (Başını tutur.)

M i r z ә  M e h d i  x a n. Qibleyi-alәm! Bu fәsadları törәdәn bәs mәlum deyilmi?

N a d i r  ş a h. Birdirmi? İkidirmi? Düz әlli nәfәr sözlәrini bir ediblәr ki, mәndәn sonra İranın taxtı Rzaquluya tәslim olmasın....  Bәli, mәqsudlarına çatdılar.

M i r z ә  M e h d i  x a n. Adları mәlumdurmu, qibleyi-alәm?

N a d i r  ş a h. Әlbәttә, mәlumdur. Bu gün cәzalarına çatarlar. Әlli nәfәrin dә başları gәrәkdir kәsilsin. (Taxta әylәşir. Başını tutub Mirzә Mehdi xana yavaşdan.) Get, mәn bir az rahat olum....  (Uzanıb.) Yox, rahat ola bilmirәm. (Ürәyini tutur.)

 Of!....  Nә halәtdir, pәrvәrdigara! Gözlәrim torlanır. (Birdәn qorxub durur, guya gözünә adam görükür.) Kimsәn? Hә? Qatildir! (Geri çәkilir.) Mәni.... Mәni öldürmәk istәyir, hә? Yox... yox.... (başını tutur.) Pәrvәrdigara! Ölüm mәnә vacibdir. (Dizi üstә durur.) Ancaq istәyirәm göz yaşım ilә günahlarımın minindәn birini tәmizlәyim. Mәn gәrәk ağlayam, qanlı yaşlar tökәm, oğlum tәki kor olam, ondan  sonra әmr özünündür. Mәnim nalәmdәn yer-göy gәrәkdir mәlәyә, ondan sonra ixtiyar sәnindir. Mәn gәrәk yaman-yaman dәrdlәrә mübtәla olam....  (Ağlayır.) Ağla, gözlәrim, ağla! Dünyanın işığına oğlum kimi gәrәkdir hәsrәt qalam. (Başını iki әli ilә tutub aşağı baxır, ağlayır.)

 

 

ÜÇÜNCÜ GӘLİŞ

 

G ü l c a h a n (әli qoynunda, qara paltarda yavaş-yavaş gәlir). Nadir? Nә sәbәbә belә edirsәn? (Nadir şah sәs vermir, Gülcahan yavuğa gedir.) Nadir! Nә olubdur? (Nadir durur.)

N a d i r  ş a h. Heç. (Başı aşağı.) Gülcahan, doğrusu, üzünә baxa bilmirәm, tәqsirim çoxdur. Әlindәn nahaq yerә balanı almışam. (Әlindәn tutur.) Bağışla mәni, bağışla! Sәni and verirәm oğlumun tökülәn gözlәrinә. (Qucaqlaşıb ağlayırlar.)

G ü l c a h a n. Ah, Nadir, Nadir! Ana olsaydın bilәrdin mәn nә çәkirәm. Nә etmәk, hәrdәn baxanda ürәyim od tutub yanır.... Qiyamәtәdәk yanacağam.... (Ağlayır. Dişqarıda sәs gәlir. Nadir şah qapıya tәrәf gedir.)

N a d i r  ş a h. Nә var? (Qapıdan çıxır.) Yaxşı, bir az sәbir etsinlәr. (Gülcahana.) Rzaqulunun yoldaşlarıdır. Gәliblәr görmәyә, gedәk o biri otağa, oğlum bura gәlәndә mәn onu görmәyim.

G ü l c a h a n. Nadir! Bәdbәxti özünә hәsrәt qoyma. Neçә dәfә deyibdir mәni apar şah babamın yanına.

N a d i r  ş a h. Yox, yox! Gülcahan, gәtirmә, göstәrmә! Yәqin bil ki, onu görsәm ağlım başımdan çıxar. Hәrdәnbir yuxumda görәndә dәli oluram....  İnsaf mәni incidir. Ürәyim od tutub yanır.

G ü l c a h a n. Bәs nә edim? Nә çarә qılım?! Hәr gün yalvarır: mәni şah babamın yanına apar, bәlkә bu gün-sabah öldüm, mәnә xeyir-dua versin. (Ağlayır.)

N a d i r  ş a h. Xeyir-dua! Ah biçarә! Binәva! (Ürәyini tutur.) Of, yenә bir şey sancdı. (Fikrә gedir.) Yaxşı, razı oldum, ancaq mәn yuxuda ikәn gәtir, bәlkә bir az sakit ola. İndi get, yoldaşları gözlәyirlәr. (Gedirlәr.)

F ә r r a ş (qapıdan). Buyurunuz!

 

 

DÖRDÜNCÜ GӘLİŞ

 

Әlәşrәf bәy, Musa bәy, Saleh bәy.

 

Ә l ә ş r ә f  b ә y. Yaxşı, indi nә tövr etmәli?

M u s a  b ә y. Necә nә tövr? And içdik ki, gәrәk Nadiri öldürәk. Gәrәk dә elә ola.

S a l e h  b ә y. Bir az yavaş danış, fәrraş eşidәr.

M u s a  b ә y. Fәrraş onsuz da gәrәk bilsin.

Ә l ә ş r ә f  b ә y. Nә tövr edәk ki, fәrraşı әlә gәtirәk?

S a l e h  b ә y. Birdәn razı olmadı?

M u s a  b ә y. Mәn razı edәrәm!

Ә l ә ş r ә f  b ә y. Başla görәk!

 

(Musa bәy fәrraşı çağırır, ikisi bir tәrәfdә söhbәt edirlәr.)

 

M u s a  b ә y. Fәrraş!

F ә r r a ş. Bәli, ağa!

M u s a  b ә y (çoxlu pul göstәrib). De görüm, bu pulu istәyirsәn, ya xanlıq vә yainki nökәrçilik?

F ә r r a ş. Әlbәttә xanlıq, pul da olsa dәxi yaxşı.

M u s a  b ә y. İndi ki, elәdir, әzizim! Nadir şahın başına hava gәlibdir, bu gün-sabah onu taxtdan düşürәcәklәr. Ondan sonra  da kim bilir, sәn burada qalacaqsan, ya yox? Yaxşı deyilmi ki, bir iş edәsәn, hәm xanlıq vә hәm dövlәt qazanasan.

F ә r r a ş. Nә işdir, ağa?

M u s a  b ә y. Lazım gәlir ki, onu öldürәk. (Fәrraş fikrә gedir.) Nә üçün fikrә getdin, yaxşı pul veririk vә gәlәcәkdә xan  olarsan. Çünki o adam ki, bunun yerindә әylәşәcәkdir, bizlәrә qohumdur....  Biz gecә vaxtı gәlәcәyik, sәn yalandan yuxula

vә qapını da açıq qoy.

F ә r r a ş (bir azdan sonra). Yaxşı, indi razı oldum.

M u s a  b ә y (pul verir). Al qabaqca bunu.

S a l e h  b ә y. İndi de görәk, Nadir harda yatır?

F ә r r a ş. Nadir axır vaxt bu otaqda yatır. Çünki hәrәmxanaya getmir ki, oğlu ilә rast gәlәr.

Ә l ә ş r ә f  b ә y. Çox әcәb? Nә vaxt rәxtxabinә uzanır?

F ә r r a ş. Oğlunun әhvalatından sonra rәxtxab üzü görmәyibdir. Gah o taxtın üstә, gah sәndәlin üstә yatır vә çox da yatmır, çox vaxt gecәdә neçә dәfә durub öz-özü ilә danışır.

M u s a  b ә y. Çox әcәb, bәs biz gedәk, sәn dә vaxtında hazır ol.

F ә r r a ş. Rzaqulu xan buraya gәlsә nә deyim?

S a l e h  b ә y. De ki, yoldaşların dedilәr, özgә vaxt gәlәcәyik, ancaq әhvalını bilmәk istәyirdik. (Hamısı çıxırlar.)

F ә r r a ş. Hәqiqәt, şahdan dәxi hamı әlini üzübdür, qoy özgәsi olsun. Bәlkә mәn dә xan olam.

 

 

BEŞİNCİ GӘLİŞ

 

N a d i r  ş a h (yavaş-yavaş gәlir). Qonaqlar necә oldular?

F ә r r a ş. Qibleyi-alәm sağ olsun! Dedilәr bir şey unudublar, getdilәr gәtirsinlәr.

N a d i r  ş a h. Görükür, biçarә oğluma bir şey bәxşiş etmәk istәyirlәr. Yaxşı, qapıları bağla, hәrgah gәlsәlәr, ayrı otağa dәvәt et. (Fәrraş çıxır.)

N a d i r  ş a h. Biçarә övrәt qan ağlayır. Ağlamasın nә elәsin....  Of!! Of!! Fәlәk! (Taxta uzanıb yuxuya gedir. Birdәn qorxub durur.) Allahu-әkbәr! (Әtrafına baxır.) Kimsәn? Hә? (Oturmuş.) Pәrvәrdigara! Nә istәyirlәr mәndәn, bir yolluq öldürәcәklәr, öldürsünlәr. (Gözünә adam görünür.) Gәlmә, gәlmә, yoxsa.... (Әtrafına baxır.) Heç kәs yoxdur, allahu-әkbәr! (Yenә gözünә görünür.) Gәlmә yavuq, sәni and verirәm bizi yaradana! (Diqqәtlә baxır.) Vay! Oğlumdur, oğlumdur, gәlibdir mәndәn xeyir-dua almağa. Әllәri ilә mәni gәzir. Gәlmә, üzünә baxa bilmirәm.... Yox, gәlir ...  gәlir....  (Üzünü әli ilә tutub taxta yıxılır. Bu vaxt Әlәşrәf bәy, Musa bәy, Saleh bәy yavaş-yavaş evә daxil olurlar, istәyirlәr Nadir şahı vursunlar.)

 

 

ALTINCI GӘLİŞ

 

M u s a  b ә y. Yaxşı әlimizә düşübsәn. (Nadir şah birdәn ayılıb dili tutulur vә sonra üstlәrinә yüyürüb Musa bәyi, Әlәşrәf bәyi bir yumruğa yıxır. Saleh bәy xәncәrlә daldan vurur, qaçırlar. Nadir şah yıxılır.)

N a d i r  ş a h (yavaş-yavaş yıxılır). Pәrvәrdigara! Günahım çoxdur! Yaman dәrdlә ölürәm, nahaq yerә. Heç kәsә pisliketmәmişәm. Hәr kәsә dә yamanlıq etmişәm, ümumi xeyri nәzәrdә tutmuşam. Vәtәn salamat qalsın fikrindә olarkәn canımı

vәtәnin vә millәtin yolunda sәrf ... etmişәm....  Oğlumun gözlәrini vәtәnә qurban etmişәm. (Ağlayır, yavaş-yavaş yıxılır.) Biçarә anasını axirәtәdәk gözü yaşlı qoymuşam.... Pәrvәrdigara! Özün kömәk et bu başsız millәtә! Ya rәbbim! Bir neçә

dәqiqә canımı alma, tainki oğlumu görәm....

 

 

YEDDİNCİ GӘLİŞ

 

Gülcahan Rzaqulu xanın әlindәn tutub.

 

G ü l c a h a n. Oğlum! Atan sәndәn xәcalәt çәkir. İndi yatır, bax oğlum! (Nadir şaha tәrәf baxmır.) Şan-şövkәtdәn mәhrum olan oğlum! (Ağlayır.)

N a d i r (bunları görüb dizi üstә bunlara tәrәf sürünür). Ah, bәdbәxt oğlum! Atan dizi üstә sәndәn tәvәqqe edir, әfv et, oğlum! Bağışla oğlum, şah babanı bağışla! (Ölür.)

 

(Rzaqulu xan әllәri ilә gәzir.)

 

G ü l c a h a n. Ah!....  (Qәşş edib Nadirin üstә yıxılır.)

 

PӘRDӘ