CÜMӘ SÖHBӘTİ

 

 

 

 

Yoldaşlıqda gәr olmuya ittifaq

Әmrlәr yerimәz, olunar nifaq....

Düz gәtirmәz әhli-nifaq işlәri

Ağrıyar başları, sınar dişlәri....

 

Bu sözlәr mәşhur "Balıq, ördәk vә xәrçәng" әhvalatının müqәddimәsidir. Uşaq vәqti bu әhvalatı bizә dәrs verәn böylә bir nәsihәt verirdi: balıq, ördәk vә xәrçәng arabaya qoşulub çәkmәk istәdilәrsә dә, lakin çәkә bilmәyirdilәr, ondan ötrü ki, bir cinsdә deyildilәr. Demәk ki, bunlar bir cinsdә olsaydılar, yәni xasiyyәtlәri, zatları bir olsa idi, qoşulduqları arabanı bir yerә aparıb çıxardardılar. Yәni, ittifaq bir cinsdә, bir zatda olan canlı şeylәrin aralarında ola bilәr....  Balıq, ördәk, xәrçәng bir xasiyyәtdә deyildilәr isә dә, hәrәkәtlәrindәn ittifaq görünür idi. Arabaya qoşulmaqları ona dәlalәt edir. Bununla belә, "başları ağrıyıb dişlәri sındı", arabanı yerindәn tәrpәdә bilmәdilәr: balıq su olan tәrәfә, ördәk havaya vә xәrçәng geriyә zor edirdilәr....

 

Bәli, әsil mәtlәb budur: ittifaq bir cinsdә, bir xasiyyәtdә olan canlı şeylәr edә bilәrlәr vә ittifaq olan yerdә nifaq olmaz....  Müәllimimiz böylә bir nәsihәt edәrdi, biz müәllimimizi sevәrdik. İndi getdikcә mәhәbbәtimiz dәxi dә gәrәkdir artsın. Nә sәbәbә artmasın? İnsanın qәdrini bir ölәndә bilәrlәr, bir dә qeyrilәrilә tәfavüt qoyanda. Mәsәlәn, bizim müәllimimiz hәmişә söylәrdi: "Uşaqlar, ciddü-cәhd ediniz, ibtidai kәndi dininizi, dilinizi öyrәniniz, siz dininizi, ana dilinizi bilmәsәniz, millәtinizә yavuq olub onun dәrdini anlamayacaqsınız. Anlamayan surәtdә onun dәrdinә әlac edә bilmәyәcәksiniz. Әlac etmәyәn surәtdә nәyә lazımsınız? Lazım olmayan surәtdә millәt deyәcәk: oxutmaq fәna işdir. Uşaqlarımız oxuyurlar, lakin bundan nә hasil? Öz mәnfәәti üçün oxuyub axırda mәnim dilimi, dinimi bәyәnmәmәkdәn isә oxumasa mәslәhәtdir....  Böylә olsa millәtinizә böyük xәyanәt etmiş olursunuz....  Bu nәsihәtlәri müәllimimiz söylәyir idi, insafәn iş dә görür idi. İndi "bu sözlәrin әvәzinә" söylәyirlәr: "Uşaqlar! Ana dilinizi unutmayacaqsınız, unutsanız da zәrәr yoxdur. Ana dilinin cibinizә xeyri yoxdur. "Xarici" dillәrә səy ediniz. Çörәk onlardadır....  Mәnim mәslәhәtimә әmәl etmәsәniz "yarımçılıq" cәrgәsinә daxil olarsınız.... " "Axmaq" şagirdlәrdәn biri çox da millәtdәn dәm vuranda müәllim qeyzlәnib deyir: "Ah, nә çox millәt, millәt, söylәyib boğazınızı yırtırsınız? Millәt mәnim cibimdә....  Xa, xa, xa!!!" İyirmi il bundan müqәddәm bizә deyirdilәr:--Oxuyunuz, uşaqlar! Millәt sizi gözlәyir....  İndi iyirmi ildәn sonra deyirlәr:--Millәt mәnim cibimdә....  Böylә iki bir-birinә bәrәks әqidәlәr! Böylә bir-birinә zidd millәt müәllimlәri! Hankını dost tutmaq? Hankısına uşaqları tapşırmaq? Hankısı "hörmәtә" layiq?

 

Mәnimmi tәsәvvürümü gözlәyirsiniz?! Gözlәmәyiniz, әfәndim! Söylәsәk, yenә dә "әtir" mәsәlәsindә mahir "diqqәtçilәrim" köhnә hamamdan dәm vuracaqlar....  Yenә dә "divarın quyruğu var" deyәn iftiraçılar mәqalәlәr "düzәldәcәklәr". Yox, әfәndim! Biz kәndi tәsәvvürümüzü söylәmәyәcәyiz, vәqta ki, bizim sözlәrimiz bir neçә qareyə ağır gәlir. Kәndi sözlәrimizi açıq, aşkara çıxarmaq vacibmi olubdur? Axırda buğz bir payәyә çatar ki, "mәrc" ilә mәqalә yazmağı adәt edәrlәr....  Xeyr, әfәndim, fikir ediniz, hankı müәllim millәt işinә yararsa, özünüz söylәyiniz. Biz isә ancaq bunu deyә bilәriz ki, ikinci müәllimin ürәyi "açıqdır", "saf" adamdır, ürәyindәki dilindәdir. Bundan savayı, çox mәlumatlı, "bütün" adamdır, "yarımçılıq" deyil! Dәlilmi istәyirsiniz? Buyurunuz, әfәndim! Tәsdiq etsәniz dә, etmәsәniz dә biz anladığımız düyünü açacayız, bәli, mәzkur müәllim mәlumatlı gәrәkdir ola, yәni millәtin işlәrinә xәbәrdardır: çox gözәl anlayıbdır!....  Dürüst diqqәt ediniz: bir millәt ki, başına dәydiyi toppuzu anlamıya, bir millәt ki, öz әli ilә özünә quyu qaza, bir millәt ki, yaxşı ilә yamana fәrq qoymaya, bir millәt ki, aşkar "bәlanı" özündәn rәf etmәyә qadir olmaya ... bir millәt ki, bir-birindәn tәfriqә

düşüb bir-birinin әqlindәn, ruhundan, dәrdindәn xәbәr tutmadı....  Bu millәt barәsindә nә demәk olar? Hәrgah millәtin hümmәti, hәmiyyәti, ittifaqı olsaydı, yәqin ki, onu "cibә" qoymazdılar, yәqin ki, onun lisan müәllimlәri "ah, ana dilindәn nә mәnfәәt" sözlәrini fikirlәrindәn keçirtsәlәr isә dә, açıq deyә bilmәzdilәr. Kara nә söylәyirsәn, söylә! Kora nә göstәrirsәn, göstәr! Lalın barәsindә nә yazırsan, yaz! Kimdir cavab verәn? Kimdir hәqq ilә ağızları bağlayan? Kimdir? Buyurunuz! İndiyәdәk rus qәzetәlәri biçarә Spiridonovanın barәsindә proteslәr ilә doludur; kişilәr, övrәtlәr, oğlanlar, qızlar qәzetәlәrdә göz yaşı ilә yazılmış mәktublar dәrc edib binәva qızı axır nәfәsdә cәlladların әlindәn xilas etmәk istәyirdilәr....  Bu ittifaq, ittihad Avropanı da hәrәkәtә gәtirdi....  Siz nә etdiniz? Tutalım siz siyasi mәsәlәdә "Dardanel" yuxusuna mübtәla olubsunuz....  Tutalım "Bәndәrә gәlәn dava gәmilәrinә" ümid bağlayıbsınız....  Tutalım "ac quzğunlara" rәhm etdiniz....  Orenburq nә oldu? Hankınız bir mәktub yazıb kәndi qәminizi izah etdiniz? Hankınız baykot mәsәlәsini anlayıb sәs-sәsә verdiniz?

 

Yox, әfәndim! Yox! Tamamdır! Qәzetәni vaxt keçirmәkdәn ötrü oxuyursunuzsa oxumayınız, o vaxtı pul qazanmağa işlәyiniz....

 

"Kim kimi öldürdü" әhvalatlarını bilmәk istәyirsiniz isә istәmәyiniz, sizә dә sirayәt edәr. Ümumi millәt işlәrini bilmәkdәn ötrü oxuyursunuz isә diqqәtlә oxuyunuz: hәr mәtlәbә, hәr kәlmәyә, hәr nöqtәyә xüsusәn çoxca nöqtәlәrә diqqәt ediniz, vaxtınız var isә sәtirlәrin arasına da bir nәzәr yetiriniz, oxuduğunuz mәqalәni tәkrar ediniz, yoldaşınızdan sorunuz, bәhs ediniz, hamısından artıq fikrinizi cәmәn söylәyiniz, ittifaq, ittihad ediniz! Yoxsa dininiz, diliniz, ixtiyarınız mәzkur arabaya yüklü olub, özünüz balıq, ördәk, xәrçәng olsanız, arabanız bir yana çıxmayacaqdır. Biri suya gedәr, biri havaya uçar, biri dә geridә qalar....  Yükünüz isә tarmar olar....  Tarmar oldusa, axırınız nә olmağını anlamayırsınızmı? Anlayırsınız isә niyә bu sözlәri oxuyub da, başınızı boş yerә yırğalayırsınız? "Bunlar cәfәngiyatdır, bunlar adam aldatmadır, bunlardan bir şey çıxmaz, allah özü yar olsun" deyirsiniz, sonra qәlyanı xoruldadıb sakit olursunuz....  Pulunuzmu yoxdur? İş görәnlәrinizmi yoxdur? Nә vaxt bunları cәm edib bunlar ilә ittifaq etdiniz? Ya edib dә axırda nifaq gördünüz? İttifaq! Nifaq! Biri-birinә zidd, biri-birini puç edәn sözlәr! Ay çıxanda gün gizlәnәn kimi, gün çıxanda ay gizlәnәn kimi, ittifaq işlәyәndә nifaqın nә işi? Fәqәt nә etmәk? Bu barәdә biz "xoşbәxt" hesab olunuruz, çünki bizim "günümüz" çıxanda"ayımız" da doğur.... 

 

Әcәba!

 

Bәli, әfәndim, çox tәәccüblüdür! İttifaq nifaqı puç edәrkәn bizdә bir-birini "doğuzdurur". Yüz illәr ilә ruhanilәrimiz bağlayan ittifaq iki qardaşın arasına nifaq salmadımı? Müftәxor vәzirlәr hәmişә ittifaq edib islam mәmlәkәtlәrini puç etmәdilәrmi? İndi etmәyirlәrmi?

 

Ah, tutalım, bu sәhvlәr mazidә cәhalәtdәn olmuş, hal-halzırda "törәnәn" "ittifaqlara" sözünüz nәdir? Buyurunuz,әfәndim! Biz bir-bir söylәyiriz, lakin unutmamaqdan ötәri siz dәftәrә yazınız, ürәyiniz daşdan isә hümmәtiniz, hәmiyyәtiniz, qeyrәtiniz hәlә oyanmayıbsa vә oyanmağa ümidiniz yox isә zildә yazdığımız "ittifaq azarına" dair nüsxәlәri tez-tez oxuyunuz, bәlkә şәfa tapdınız, indi şәfa tapmasanız da bәlkә qulaqlarınız doldu, "qulaqlarınız dolarkәn bәlkә diliniz öyrәşdi, diliniz öyrәşәrkәn bәlkә uşaqlarınızın yanında tez-tez tәkrar etdiniz, tainki gәlәcәkdә bunlar da sizin kimi "xoşbәxt", "millәtpәrәst", "hürriyyәtpәrәst" olmayalar....

 

İndi yazınız, әfәndim: "ittifaq" azarları bunlardır:

 

Birinci. Zәnginlәrimizә dair azar: bunlar ittifaq ediblәr ki, әlsiz-ayaqsızlara pul vermәsinlәr, sahibsiz naxoşlarımıza azarxana tikilmәsin, sahibsiz qoca övrәtlәrimiz, kişilәrimiz ömürlәrinin axırında rahatlıq görmәsinlәr, bu hamı müftәxorlar kömәksiz qalıb o dünyaya köçmәklәri mәslәhәtdir. Bunlardan "mәnfәәt" görünmәyir....  Әbәs yerә havanı korlayırlar....

 

Bu azara dair nüsxә: evdәn kantora gedәndә gözünüzә qara eynәk taxınız, әtrafa baxmayınız....  Ürәyiniz yumşaq olub qorxursunuz isә ittifaqı pozasınız, kantora fayton ilә gediniz....

 

Kantora daxil olandan sonra kantor nökәri gәlәnә "ağa yoxdur" deyib canınızı "şeytanın" vәsvәsәsindәn qurtarar....  Lakin bunlar yeni bir azara da düçar olublar: yetim, oxuyan uşaqlara kömәk olunmasın, bu "gözәl" ittifaqdır! İnsafdan kәnar işdir: kәndi uşağımı oxutmuram, qeyrisininmi oxumağına pul verәcәyәm?

 

Nüsxә: bunlar yanınıza gәlәndә deyiniz: "Yox, atam, mәnim "qeyrәtim" qәbul etmәz ki, pulumu bu yolda xәrc edim, çünki sәn dә qurtarandan sonra filankәs kimi namaz qılmayacaqsan, oruc tutmayacaqsan, sәndәn millәtә nә mәnfәәt?

 

İkinci. Cavanlarımıza dair azar: Rusiyada aclıq olmağına görә bunlar ittifaq ediblәr ki, Rusiyadan gәlәn "övrәtlәrә" kömәk etsinlәr....

 

Nüsxә: qәstin sahiblәrilә dost olmaq.

 

Üçüncü. Müәllimlәrimizә dair azar: ana dilinin hәqqindә ittifaq ediblәr: uşaqlar kәndi dillәrini "gözәl" bilmirlәr; insan da öz dilindә yazanda vә ya söylәyәndә qәlәt buraxarmı, böylә olan surәtdә sәrf-nәhv lazım deyil.

 

Nüsxә: sәrf-nәhv kitablarını gizlәdiniz. Qeyrilәr lazım görsәlәr "yoxdur" deyiniz, hankı kitabdan oxudaq?

 

Dördüncü. Cümә günü dükanlarını açan xozeyinlәrә dair azar: "İttifaq"namә qayırıb dükanbәdükan gәzirlәr, qol qoydururlar ki, cümә günü dükanlarını açsınlar.

 

Nüsxә: qorodovoy "aşnalarınıza" pul veriniz, bağlı dükanları zor ilә açsınlar....

 

Beşinci. İncinerlәrimizә dair azar: bunlar böyük ittifaq ediblәr ki, fәhlәlәri "qurdlardan" mühafizat etsinlәr.

 

Nüsxә: xozeyinlәrimizә deyiniz. Tәlәbәlәr, studentlәr ictimaiyyun-inqilabiyyun firqәsindәndirlәr....

 

Altıncı. Yazanlarımıza dair azar: әrәb-fars kәlmәlәrini nerәdәn olsa arayıb tapmaq, ana dilini "dövlәtlәndirmәk".

 

Nüsxә: "Molla Nәsrәddin"in 3-cü nömrәsindә Axund Mirzә Әbülqasımın mövizәsini tәkrar ediniz.

 

Yeddinci. Hәkimlәrә dair azar varsa da, özlәri yaxşı bilirlәr....

 

Hәlә fikrimizә gәlәn "ittifaqlar" bunlardır. Lakin dürüst diqqәt ediniz. Bu ittifaqlar axırda nifaq doğulmağına sәbәb olacaqdır. Bu ittifaqların puç olmağına şәkk yoxdur....

 

Durnovo ilә Vittenin ittifaqı puç olanda bunlara nә var? "Bu cәnablar"ın ittifaqı bütün Rusiyada vәqtindә nifaq salıb hәqq yolunu arayan hürriyyәtpәrәstlәri axırda bir yerә cәm etdi. Bunlar gördülәr ki, hamısı ümumi bir dәrdә mübtәladırlar....  Dәrdin әlacını hәqiqi ittifaqda gördülәr.... İttifaq edib dә nә oldu? Dövlәt dumasına sol firqәdәn әcdahalar seçildilәr. Vitte bunları görüb "yorulmuşam, mәnә rahәtlik lazımdır" dedi....

 

İndi siz nә fikirdәsiniz? Etdiyiniz "ittifaqlar" çoxmu dövran edәcәkdir? Mәgәr vәdә etdiyimiz qara taxtalar bozmu qalacaqdır? Ya ki, "baykotlamaq" felinin failimi olmayacaqdır? Yoxca fikir edirsiniz ki, bizim ağzımız yenә dә otuz il bağlanacaqdır? Siz dә öz bildiyinizi edәcәksiniz. Yox, әfәndim, çox sәhvsiniz! Getdi sizin "rahәtlik" vaxtınız! İndi bahar gәlmiş ...  zimistan qәlәmlәri sınmış ...  siz "ittifaqçılar" yükünüzü yolun ortasında oyursunuz isә, indi adam tapılar ki, haman yükü bir yana çәkib çıxartsın....