CÜMӘ SÖHBӘTİ

 

 

 

 

Mәhәbbәt bir bәladır kim, giriftar olmayan bilmәz! İndi әsil mәhәbbәt fәslidir! Nerәyә baxırsınız mәhәbbәt iyisi gәlir. İndi cürәt ilә demәk olar ki, "cahan tazә tәr oldu". Bir ay bundan müqәddәm kişilәr kürkdә, qalın paltoda, boyunlarını kirpi kimi büzmüş, papaqları gözlәrinin üstә, әllәri ciblәrindә, turş üzlü, evdәn çıxanda bir baş  tәlәsmiş işlәrinә gedirdilәr, hәtta salam da verәndә salamınızı almayırdılar, papaqlarını götürmәyirdilәr. Bu nә söz? Әcәb edirdilәr! Soyuqda başmı açmaq olar? Sәsmi çıxartmaq olar? İstәyirsiniz başınıza soyuq dәysin, sonra çәrәn-pәrәn söylәyәsiniz, yainki ciyәrinizi soyuq alsın, sonra Samaraya gedәsiniz, yox, әfәndim, yox! Bu bir pis adәtmiş, әlәlxüsus şimal yeli әsәndә....  Bәli, dәsgah ondadır: kimi üzünә dәsmal salır, kimi gözlәrinә torlu çeşmәk taxır, kimi üzünü әllәri ilә tutur, kimi çuxasının әtәyi ilә, di buyurunuz, indi dostunuzu tanıyınız. Arvadlarımızın halı dәxi pis. Hankı övrәtlәrin? Müsәlmanmı? Xeyr, әfәndim!....  Bu biçarәlәrin barәsindә nә söylәmәk. Bunlarda heç bir tәğyir görünmәyir, mәhәbbәt hәmçinin. Biz "mәhәbbәtә" mübtәla olmuş, ya mәhәbbәt arayan adamları nәzәrimizdә tuturuz. Bizim biçarә övrәtlәrimiz hәmişә bir "qayda", üzlәri örtülü öz işlәrinә gedirlәr....  Bizim işimiz  "madonnalar" ilә, "barışnalar" ilәdir, "tәğyir" bunlardadır!

 

Qışda gördüyünüz "barışnanı" yazda tanımayırsınız. Bu qәdәr tәğyiri-libas! Bu qәdәr xoşsifәtlik! Nә deyim! Hәqiqәt, qışda bunların halları çox çәtindi.... Qalın paltar bunları pis göstәrir: qış paltosu dizәcәn, "ayaqları" böyük qaloşda, üzlәri çox vaxt vual ilә örtülmüş, әllәri "fırtılıq mitkaçığında"....  (Barışnalar mәni әfv etsinlәr! Burunlarını silib yaylıqlarını gizlәdәn şeyi rusca unutmuşam. Ona görә özümdәn ad tapdım). Yazıqlar soyuqdan donlarını da çәkә bilmirlәr ki, parça yubkalarını göstәrsinlәr. Dәxi bәs nә qaldı? Yazıq kavaler nәyә mәhәbbәt bağlasın? Mәhәbbәt üzә olar--üz vualda, ayağa olar--ayaqlar böyük qaloşlarda, әllәrә olar--әllәr fırtılıq  mitkaçığında, yubkaya olar, o da görünmәyir. Nә qaldı? Nәyә mәhәbbәt bağlamaq? Bir әxlaq-әtvar qaldı. Bu mәsәlәni heç hәll etmәmәk. Bir dә kimdir belә şeylәri axtaran? Göz görmәsә, könül sevmәz, "әxlaq-әtvarı" çox da yaxşı olsun, gözümüz ki, görmәyir....  Xeyr, bu fikirlәr "filosoflara" layiqdir....  Onlar gözәl "ruh", gözәl "әqidә" arayırlar. O zamanlar getdi! İndi insanın әqli, qәlbi gözlәrindәdir. Hankı "filosof" olmuş olsa, indi yaz fәsli bizim "madonnaları" görsә, ruh yox ki, ruhun babasını da unudacaqdır. Hәqiqәt, bir fikir veriniz: bu balaca, zәrif, dabanı iki verşok yerdәn qalxmış ayaqlara! Ondan bir az yuxarı rәngbәrәng, "şıq-şıq" yubkalara! Gözәl gәrdәnә!  Şümşad әllәrә! Nazik bellәrә! Tәrlan boylara! Gözәl sifәtlәrә! Bunların hamısı bir yana, tәzә çıxan tәnzif donlar bir yana! "Madonnanın" üzü bizim 60 yaşında Yetәr xalanın üzündәn dә pis olsa, yubkaları, döşlәri, qolları göstәrәn  dondan geyindi, bәsdir! Xeyr, bu bir ayrı dәsgahdır! Qeyri bir alәmdir! "Filosof" yox ki, "filosofun" babası da  küçәdә bunlara baxmamış keçә bilmәyәcәkdir. Şairlәr belә fikir edirlәr, guya bahar fәslindә mәhәbbәti gәtirәn güldür, çiçәkdir, lalәdir, bәnövşәdir, bülbüldür. Xeyr, mәhәbbәti gәtirәn bu tövr paltarlardır! İnanmayırsınız, zәhmәt qәbul edib bu gün buyurunuz bağa, bülbüllәrә tamaşa ediniz! Mәn söylәdiyim sözlәrdә yalan görsәniz, bundan  sonra felyetonumu oxumayınız. Qeyri bağlarda bülbül ağaclarda gәzәrkәn, bizim bağda "bülbül" yerdә gәzir. Bülbüllәrin  әvәzinә sәrçәlәr cibildәşirlәr....  Elә dә gәrәk olsun, sәrçә nәyә lazım....  Әti dadsız olur....  Bülbül gül koluna aşiq  olanda, sәrçә tut ağacına aşiq olur!....  Pәh-pәh! "Heç dәxli var?" İnsanınkı sәrçәlәrlә tutarmı? Xeyr, әfәndim!  Sәrçәlәr "bülbüllәrin" әvәzindә yerdә gәzsәydi, bağımızda mәhәbbәt әlamәti görünmәzdi. İndi bir nәzәr  yetiriniz  dәniz kәnarına....  Bir yandan dәryanın lәpәsi trotuarı yaş edib "madonnaların" iyirmi manatlıq tuflilәrini bir saatda xarab edirdi. Hәmçinin uzun donlar bir batman palçıqla evә gedirdi. Ondan savayı paraxodların sәsi, hisi,  tüstüsü?....  Bәli, bu qaydasız işlәr bir tәrәfdәn, o biri tәrәfdәn dә "katasiya" edәnlәrin tozu. O zaman "mәhәbbәt" görünürsә dә, bahardan sonra "Samaraya gedәnlәrin" әdәdi dә çox-çox olurdu. İndi, xeyr! İndi bir özgә alәmdir!  Paraxodlar bir verstlikdә durur, gәzәnlәrlә onların aralarında bir yekә bağ, bostan, gülzar, lalәzar! Bütün dәniz kәnarını tutubdur! Xeyr, indi bir qeyri dәsgahdır! Әsil mәhәbbәt yeri! Әsil tәmiz hava çәkmәli yer! Әsil gәzmәli yer! Trotuar--sәki başdan-başa qırlanıb gündә sulanır, mәrmәr kimi işıldayır. Hәmçinin küçәnin ortası, "bir  dәrәcә" dә toz yoxdur! Haradan olsun? Faytonlarımız hamı rezinli, "madonnalar" gödәk donlarda, küçәlәr gündә sulanmaqda! Nerәdәn toz gәlsin! Qәdim vaxtlar "şәhәr atalarımız" camaatı sevmәyirdilәr, "mәhәbbәt bәlasına" düçar olmamışdılar. İndi xeyr! Hürriyyәt zamanıdır, necә olar ki, mәhәbbәt olmasın? İndi hәr kәsin "mәhәbbәti" olmuş olsa, açıq-aşkara söylәyә bilәr. Qәdim vaxt şәhәr kassasına çox da zәhmәt vermәk olmazdı. Dövlәtdәn xof elәyirdilәr. İndi şәhәrlә dövlәtin "mәhәbbәtlәri" artıq dәrәcәdәdir. Nә istәyirsәn elә, lakin "iş" olsun. Bәli, hәr şey pulun, mәhәbbәtin başındadır! Pul ki, mәhәbbәt ki oldu, şәhәr dә abad olar....  On il bundan müqәddәm kimin әqlinә gәlәrdi ki, o tövr "naberejnini" Batum bulvarına oxşatsın! Hәlә deyirlәr bu yavuqda bizim bulvarda muzik dә çalacaqlar. Ay nә olardı? Biçarә pasaj maqazinçilәrinin canları qurtarardı! Nә etmәk, әfәndim? Bir qeyri yerimiz yoxdur. Nerәdә bәs "mәhәbbәt" aramaq? Nerәdә "gözәllәşmәk?" Nerәdә mәhәbbәtini izhar etmәk?....  Bundan yaxşı  yer yoxdur. Sәki dar, adam çox. Bәli, sәkinin darlığı şәrtdәndir. Haman küçә, haman mağazalar! Nә әcәb, rubәruda olan  sәkinin üstә gәzmәyirlәr? Ondan da enli! Xeyr, әfәndim, yaxşı tapıblar....  Gözәl fikirdir....  Nә qәdәr insan bir-birinә  yavuq olsa, o qәdәr "mәhәbbәt", mehribançılıq artar. Mağaza sahiblәri arşın böyüklüyündә  elan yazıb yapışdırırlar: "Tәvәqqe ediriz mağazanın qabağını kәsmәsinlәr". Ay yazıqlar! Siz müştәri fikrindәsiniz, lakin gәzәnlәrin  fikirlәrindәn xәbәrdar deyilsiniz! Belәdir, әfәndilәr! "Mәhәbbәt bir bәladır kim, giriftar olmayan bilmәz!" Dünyanın işi belәdir, bir-birimizdәn xәbәr tutmayırız, bir-birimizin dәrdini bilmәk istәyiriz. Odur, ermәni  kilsәsinin yavıqlığında olan müsәlman mağazalarının sahiblәri--bir neçә әttar, Quba meydanında olan müsәlman  qardaşlarının әhvalından xәbәr tutmurlar. Belә şeymi olar? Bu günlәrdә Quba meydanında olan dükançılardan biri  bizә xәbәr göndәrib deyir: allah oxuyanların atalarına rәhmәt elәsin! Allah analarını hәzrәt Fatimәyә bağışlasın! Allah onlara tul ömür әta elәsin! Allah onların kölgәsini bizim üstümüzdәn әskik etmәsin!! Mәn, deyir, bu günәdәk bala mәhәbbәti nә olmağını bilmәyirdim. İndi yavaş-yavaş anlayıram....  Bundan mütәddәm gecәdәn sәhәr namazımı  qılıb dükana gedirdim, tamam gün dükanda qalıb, axşam saat 11-dә evә gәlirdim. Mәnim dörd yaşında bir oğlum var, hәftәdә bir dәfә dә ayıq görmәyirdim; dükana gedәndә yatmış olurdu, dükandan gәlәndә hәmçinin....  Nә isә, fikrim dükan işlәrindә olub oğluma diqqәt etmәyirdim. İndi neçә cümәdir dükanı bağlayıb evdә otururam. Әvvәlinci cümә oturub çay içirdim, oğlum yuxudan oyanıb anasını çağırdı. Anası işә mәşğul idi. Sәsinә mәn getdim. Yanında әylәşib başladım oğlumu sevәlәmәyә, oğlum isә mәnә acıqlı baxıb dedi:--"Mәn anamı istәyirәm, sәni istәmirәm". Dedim: "Oğlum, anan işә mәşğuldur, gәl mәnim yanıma". Bunu demişdim uşaq bir nalә çәkdi ki, yavaş durub otaqdan çıxdım vә anasını göndәrdim. Anası gedәn kimi oğlum sәsini kәsdi. Oynaya-oynaya durub üzünü yudu, sonra bizimlә bәrabәr çay içmәyә başladı. Mәn bununla söhbәt edirdim, mәnim sözlәrimә qulaq vermәyib anasilә gәlib danışırdı. Doğrusu, mәnim buna hәsәdim tutdu. Nә olan şeydir, oğlum mәndәn niyә qaçsın? Niyә mәnimlә söhbәt etmәsin? Bu fikirlә bazara gedib bir az yemiş aldım, evә gәldim, yemişi oğlumun qabağına tökdüm. Oğlum gülә-gülә gәldi yanıma, başladı yemişi bir-bir dәnlәmәyә. Qurtarandan sonra qucağıma götürdüm, gördüm gәlir. Naharadәk oğlumla oynamışam, nahardan sonra oğlumu geyindirib apardım, konkaya minib dәniz kәnarına getdik....  Oğlum şadlığından bilmәyirdi nә etsin. Onun şadlığını görüb özüm dә şad olurdum. Sonra evә gәldik, oğlum anasının üstә düşüb başladı gördüyü şeylәrdәn nәql etmәyә. Nә gözәl halәtdir. Mәn özüm ola ki, oğlum kimi nәql edә bilmәzdim. Sözünü qurtarıb oğlum yanıma gәldi. Boynumdan qucaqlayıb üzümdәn öpdü. "Yenә dә gedәcәyizmi?"--deyib sual etdi. "Әlbәttә, oğlum",--deyib cavab verdim. İndi neçә cümәdir oğlumun mәhәbbәti mәnә, mәnim mәhәbbәtim oğluma artmaqdadır....  Hәqiqәt, nә gözәl halәt! Nә gözәl mәhәbbәtdir. Bundan sonra desәlәr cümә günü yüz manat nәfim olacaqdır, yenә dә dükanı açmayacağam. Bu mәhәbbәti yüz manata satmaqmı olar? Oğlum günlәri sanıyır, nә vaxt cümә olacaqdır. Mәn dә gözlәyirәm nә vaxt balam mәni qucaqlayıb üzümdәn öpәcәkdir. Nә vaxt sәhәrdәn axşamadәk evimdә oturub ev işlәrinә diqqәt edәcәyәm vә özüm dәxi dünyanın mәşәqqәtindәn heç olmasa hәftәdә bir dәfә rahat olacağam....

 

Mәnim rәfiqlәrimdәn biri rast gәlib deyir: "Bu nә gözәl adәtdir. Keçәn cümә çay vaxtı oturub türk qәzetәsi oxuyurdum.8 yaşında oğlum gәlib yanıma deyir: "Avazdan oxuyunuz, mәn dә eşidim". "Bakı xәbәrlәri"ndәn mәn dә bir neçә әhvalat

oxudum. Oxuyub qurtarandan sonra mәnә çox qәribә, tәәccüblü suallar verib cavab istәyirdi. Mәn ki, oğlumda bu fәrasәti bilmәyirdim. Cümә olmasaydı, indi ola bilsin ki, hәlә yenә dә bilmәyәydim. Xeyr, indi anlamışam ki, uşaq ilә atanın söhbәti lazımdır....  Uşağın әqilli sözlәri ataya lәzzәt verәrmiş....".

 

İndi cümә günü dükanlarını açan müsәlman qardaşlar yuxarıda zikr olunan qardaşlarımızın dәrdlәrindәn xәbәrdar olsaydılar, onların fәrzәndlәrinә olan mәhәbbәtini vә fәrzәndlәrin atalarına olan mehribançılığını  hiss etsәydilәr, yәqin ki, dükanlarını, mağazalarını cümә günü bağlardılar. Hәqiqәt, bir fikir ediniz, uşağın atasına uşaqlıqdan bir fәrzәndin atasına olan mәhәbbәti olmasa, ata oğluna lazım olan şeylәri vaxtında tәlim vermәsә vә vaxtında onun fәrasәtinә görә iş görmәsә, böyüyәndә böylә oğuldan nә gözlәmәli? Uşağın cibini pulla doldurub onun mәhәbbәtini gözlәmәk böyük sәhvdir. Uşağın mәhәbbәti pula artır, nәinki atasına. Uşağın ruhuna, әqlinә yem vermәk, onun bu cәhәtdәn dәrdini bilib vaxtında әlac etmәk! Vә illa pulun zoruna mәhәbbәt bağlamış fәrzәnd "Molla Nәsrәddin" jurnalını dustaq edәn qorodovoya bәnzәr. Bilirsinizmi, qorodovoy "Molla Nәsrәddin"i nә sәbәbә dustaq etmişdi? Aşkardır ki! Biçarәnin mәhәbbәti medaladır. Aparıb pristava veribdir ki, pristav buna afәrin desin, yazıb yuxarıya bunun üçün medal gәlsin! Lakin "Molla Nәsrәddin" qorodovoya vә onun ağasına medal yerinә istehza bәxşiş etdi....  Ümid ediriz bu әhvalat jurnalda dәrc oluna. Afәrin belә diqqәtçilәrә! Afәrin belә qanun hamilәrinә, bu hәlә heç! Bir qeyri qorodovoy ağasına bundan da yaxşı mәhәbbәt göstәrmәk istәyirmiş: bir dәvәçi iki baş qәnd alıb dәvәnin üstә aparırmış. Küçәdә cәnab "qorodovoy" dәvәçini tutub deyir: "Gedәk bu saat polisәyә.Bu qәnd "kandrabatdır". Dәvәçi hәrçi yalvarır, olmayır. Axırda deyir: "Gedәk aldığım mağazadan sual edәk". Ağa qorodovoy "poşol çort" deyib, biçarәni polisәyә sürüyür. Axırda bir rusca bilәn rast gәlib ağa qorodovoydan әhvalatı soruşur. Qorodovoy:--"Kandrabatdır, polisәyә aparıram" deyib cavab verib. Rusca bilәn ağa qorodovoya deyir ki, qәnd tamojnadan alınır, "kandrabat" olsa orada özlәri tutub saxlarlar vә lazım olan tәnbehi edәrlәr. Ağa qorodovoy "izvini tak" deyib, biçarәni buraxdı. Biçarә qorodovoyun "mәhәbbәti" qulluğa, medala nә payәdә artıq düşübsә, dәvәni paraxod hesab edibdir! Bir zaman bir para müsәlmanlar qazaqlara da böyük "mәhәbbәt" salmışdılar....  İndi  haman qazaqlar Cәbrayıl uyezdindә әqlә gәlmәyәn zülmlәri müsәlmanların başlarına gәtirirlәr, övrәtlәrә, qızlara sataşırlar....  Bu günlәrdә müsәlmanlar cәnab Durnovoya teleqram göndәrib kömәk istәyiblәr. Durnovo isә işi canişinә hәvalә edib cavab veribdir ki, belә mәsәlәlәrlә onu narahat etmәsinlәr....

 

İndi bunun cavabı nәdir? Mәgәr Cәbrayıl әhli namestnikin  Qafqazda böyük olmağını bilmәyirdilәr? Çox yaxşı bilirdilәr, fәqәt başlarını itirmiş Cәbrayıl әhli görünür fikir ediblәr ki, cәnab Durnovonun rәhmi çoxdur,"mәhәbbәti" müsәlmanlara artacaqdır. Әfsus! Әfsus! Yenәdәmi Durnovonun, Vittenin әtәklәrindәn yapışırsınız? Yenәdәmi bilә-bilә, eşidә-eşidә, görә-görә gözünüzü kor, qulağınızı kar, dilinizi lal edirsiniz?