CÜMӘ SÖHBӘTİ

 

 

 

 

"Novruz bahar oldu,

Cahan tazә-tәr oldu.

Rәf oldu әlәmlәr...."

 

Bu sözlәri demәyә bizim hәlә ixtiyarımız yoxdur. Doğrudur, "novruz bahar" oldu. Lakin cahan tazә-tәr olmayıbdır vә nә dә әlәmlәrimiz rәf olubdur....  Bu günәdәk qış paltarından çıxmaq olmur, ağaclar çiçәklәmir, bülbüllәr oxumur. Hәmişәki yel, toz "ovqatımızı tәlx edir". Şimal tәrәfdәn gәlәn qara buludlar günün qabağını tutub, qәmimizi dәxi dә artırır....  Böylә baharmı olar?....  Bir "quru" bağdan savayı baharın nişanәsini heç bir yerdә görmürüz: oranı da ancaq yaşıl ot zinәtlәndirir. Özgә bir şey yox. Sәhv etdim, әfәndi! Doğrudur, ağaclar hәlә zinәt tapmayıblar. Lakin onlara zinәt verәn "madonnaları", "kavalerlәri" unutmaqmı olar? Bunlar bahar quşlarıdırlar.... 

Baharı gәtirәn bunlardırlar. Kimdir ağaclara baxan? İnanmırsınız, bağda gәzәnlәrә diqqәt ediniz. Çox az adam görәrsiniz ki, başını qaldırıb ağaclara baxsın....  Bağa daxil olan dәm gözlәr "civildәyir". Bilmir hansı ağacın altında oturan "zinәtә" baxsın....  "Zinәt!" Nә gözәl, nә zәrif sözdür! Böylә dә fikir etmәyiniz ki, "zinәt" bir insan üçün lazımdır! Xeyr, әfәndim! Heyvanlar da özlәrinә zinәt verirlәr. Mәsәlәn, pişik çox zinәt sevәn heyvandır, lakin heyvanın zinәtilә insanın zinәtindә tәfavüt var. Pişik günәşdә oturub qabaq ayaqları ilә üzünә vә bәdәninә tumar edir, pırtlamış tüklәrinә seyqәl edir. İnsan isә daraq ilә başının tüklәrini düzәldir, pişik tüklәrini tüpürcәk ilә yaş edir, insan isә ağır, qiymәtli "Adikalon", "Landış", "Siren" kimi әtirlә başını yaşlayır, әllәrini, döşünü, boynunu, aya....  Әfv ediniz әfәndim, istәyirdim ayaqlarını da deyәm....  Yaxşı ki, sәhvimi tez başa düşdüm. Xeyr, ayaqlarını әtir ilә sürtmәyirlәr, lakin haman әtirlәrdәn vannanın içinә töküb çimirlәr! Bundan sәhvim yoxdur, zәnn edirәm. [...]

  

Hәr nә olmuş-olsa, zinәtsiz işimiz yola getmәyir; qocalarımız zinәtә mәşğul olanda cavanlarımız hay-hay olacaqlar, bir şey ki, insanı göyçәk göstәrir, niyә etmәsin? Bir şey ki, "madonnalara" xoş gәlir, nә sәbәbә haman şeydә tәrәqqi etmәsin? Mәsәlәn, "madonnalara" "tans"xoş gәlirsә, gәrәkdir "tans"da tәrәqqi etsinlәr: "katasiya" da lazımsa, dәniz kәnarında gәrәkdir hәr gün bu işә mәşğul olsunlar....  Xülasә, "Tәrәqqi!", "Tәrәqqi!" lazımdır. Afәrin, zәngin cavanlarımıza! Böylә şeylәrdә böyük tәrәqqi ediblәr. Gülmәyiniz, әfәndim! Hәqiqәt bu da "tәrәqqidir". Kәnd cavanları  ilә şәhәr cavanlarına tәfavüt qoysanız mәnim sözlәrimi tәsdiq edәrsiniz. Lakin hәr yerin bir tәrәqqi yolu var: kasıb şәhәrlәrdә cavanlarımız elmdә, fәnndә, sәnәtdә tәrәqqi edәrlәr, dövlәtli şәhәrlәrdә böylә şeylәrdә tәrәqqi etmәk vacibatdandır....  Doğru sözümdür: hәrgah bu yolda tәrәqqi etmәsәniz "obrazovannı" cavanların dәstәsinә daxil ola bilmәzsiniz....  Çarәniz nәdir? "Şәhәrdә gördün gözü qıpıq, sәn dә ol gözü qıpıq". Yainki "Zaman sәnә uymasa, sәn  zamana uygilәn!" Hәqiqәt böylәdir! Hәr işimiz "uydurma" gәrәk olsun. Mәsәlәn, adınızı әdib qoyubsunuz; әlinizә qәlәm götürmәmişdәn müqәddәm qarelәrinizi nәzәrә gәtiriniz, görünüz oxuyanınız kim olacaqdır? Mәlumatlı, mәdәniyyәtli şәxslәrdir, yainki "Molla Nәsrәddin müridlәri"; hәr halda, sözlәrinizi, fikrinizi "uydurunuz": Molla Nәsrәddin müridlәri üçün sadә, mәdәniyyәtli üçün fәsih lisanda yazınız. Açıq söylәmәk: millәt elmdә tәrәqqi tapıbsa,  fәsahәt bәlağәtlә yazınız, tәrәqqi etmәyibsә ha, böylә boş şeylәrdәn, "zinәtdәn" söylәyiniz....  Şükür allaha, fәsih lisanda yazanlarımız az deyil. Bunlara irad yoxdur. Mәzkurlar alimdirlәr, "elm" yolunda canlarını çürüdüblәr: sadә dildә yazmaq bunlar üçün çәtin mәsәlәdir. Eybi yoxdur, әfәndilәr, yazınız, lakin türk dilini bilmәrrә kәnar etmәyiniz. Çünki yeni әdiblәrimizin әksәri "uydurur", yәni sizin kimi fәsih lisanda yazmaq istәyirlәr; siz türk dilinә yavıq olduqca oların da fars vә әrәb sözlәrinә mәhәbbәtlәri o qәdәr artmaz. Artmayanda "Molla Nәsrәddin müridlәri" әqlә vә ruha lazım olan yemdәn mәhrum olamazlar. Bunu da әdiblәrimizә eyib tutmayırız, nә etmәk? Әdәbiyyat dilimiz türk, әrәb vә fars dillәrindәn mürәkkәb bir lisandır. Heç çarәmiz yoxdur, dilimiz "loru"dur, kasıbdır. Yamaq lazımdır, "zinәt" gәrәkdir, deyirlәr.

Sözümüz yoxdur, әfәndim! Razılıq verib dilimizin qüsurlarını "dәftәrin bir kәnarına yazarız". Lakin "qospodin predsedatelin mineniyası komissiya naznaçit elәmәkdir". Biz "isbalşim udovolstviyom, soqlasiya zayavit eliyoruz" kimi lәhcәlәri hankı dәftәrin kәnarına yazmaq mümkündür? İmdi bu yerdәdәmi türk sözlәrini unudubsunuz? Ya ruscamı elminiz artıq düşübdür? Ya rusca bilmәyinizimi göstәrmәk istәyirsiniz? Yainki türk dilinә "zinәt"mi verirsiniz? Anlamayırız vә anlaya da bilmәriz! Әrәb-fars sözlәrini işlәtmәyә hәr cәhәtdәn ixtiyarımız var, fәqәt bu tövr rus sözlәrini işlәtmәyә heç cәhәtdәn ixtiyarımız yoxdur. Ondan savayı, rus özü razı olmaz ki, onun sözlәrini qolsuz, qılçsız qoyub "şaltay-baltay" söylәyәsiniz. Böylәmi? Böylә isә türk balası heç vaxt razı olmaz ki, ana dilinә xәyanәt etsin. Xәyanәt?!

 

Bәli, xәyanәt! Bir dәfә yox, yüz dәfә yox, min dәfә! "Şaltay-baltay" söylәmәyinizi yazacayız, bağıracayız, hәr halda, müsәlman balalarına xәyanәt etmәyinizә razı olmayacayız, istiqbalda bunların halını nәzәrә almırsınız ya? Elәmi? Әfv ediniz, әfәndi! Onları da özünüzә oxşatmaq istәyirsiniz isә biz mane olacayız, olmasaq millәtә xәyanәt etmiş oluruz.

 

Biz demәyiriz rusca danışmayınız! Xeyr, әfәndim! Hәrgah mәtlәbinizi tәmiz ana dilindә söylәyә bilmirsiniz, söhbәt etdiyiniz adam rusca anlayırsa, nә eybi var, tәmiz rusca söylәyiniz. Nәinki "şaltay-baltay" edib, asan türk kәlmәlәrinin yerindә rus sözlәri işlәdәsiniz.

 

Yox, әfәndim! Mәclislәrdә döşünüzә vurub "pojaluystә" demәk ilә millәti qabağa aparmayacaqsınız: millәtin dilini bilmәmiş onun dәrdinә dava etmәk çәtindir. Lakin biz demәyiriz, әfәndilәr, tәrcümә edәn kimi "samovara" özündәn qaynayan adı qoyasınız. İndi anladınız nә söylәmәk istәyiriz?

 

Bәli, әfәndim! Hamı sözü tәrcümә etmәk mümkün deyil. Bәlkә tәrcümә etsәniz mәnası dәyişirilәr. Ona görә tәrcümә mәsәlәsindә böyük ehtiyat lazımdır. Mәsәlәn: "hürriyyәt" bәxşiş edәn sözlәrә diqqәt edib hamısını tәrcümә etmәmәk. "Sosial-demokrat-ictimaiyyun amiyyun!" "Sosial-revolyusioner-ictimaiyyun inqilabiyyun". Pәh! Pәh! Nә gözәl tәrcümә ediblәr! Böylә tәrcümәlәrә sözümüz yoxdur: "İctimaiyyun" kәlmәsi "sosial" sözünü dürüst andırmasa da, bizim böylә tәrcümәyә sözümüz yoxdur. Lakin "provokator", "xuliqan" sözlәrini tәrcümә etmәkdәnsә etmәmәk mәslәhәtdir.

 

"Provokator!", "Xuliqan!" Pәh! Nә gözәl, nә dәyәrli sözlәrdir! "Pojaluysta" sözü ilә türk dilinә "zinәt" vermәkdәnsә, bu sözlәrlә zinәtlәndirmәk yaxşıdır. Amandır, mütәrcim әfәndilәr, bu sözlәrә "zinәt" vermәyiniz!

 

"Provokator"--"araqarışdıran", "xuliqan"--"yaxşını pis qәlәmә verәn" mәnasına tәrcümә etsәniz "provokatorlar", "xuliqanlar" yәqin ki, mütәrcimlәrdәn şikayәt edәrlәr, böylә "gözәl" sifәtlәrdәn onları mәhrum etmәk insafdan kәnardır, zәnn ediriz. Әcәba! Hürriyyәti pislәyәn "xuliqanlar", iki millәti bir-birilә yağı edәn "provokatorlar" yüz min zәhmәt, mәşәqqәtlә özlәri üçün "gözәl" sifәtlәr әxz ediblәr. İndi siz lüğәt zoruna bu kәlmәlәri tәrcümә edib, sifәtlәrinә bir qeyri rәng istәyirsinizmi? Yoxsa mәlumatlı olmağınızı göstәrmәk istәyirsiniz? Böylәmi? Böylә isә, buyurunuz, әfәndim: "baykot" sözünü tәrcümә ediniz, gücünüzü, mәlumatlı olmağınızı göstәriniz, әfәndim! "Baykot" kәlmәsini tәrcümә etsәniz "baykota" layiq olan adamların "ismi-şәriflәrini" qara taxtanın üstündәn pozarıq, inanmayırsınız ya? İnanız, әfәmdim! İstәyirsiniz teleqram pulunu mәn qabaqca verim. Mәrcimi uduzsam özünüz mәnim xәrcimә Orenburq müsәlmanlarına tel vurunuz, tainki "mәşhur" әfәndimizin "ismi-şәrifini" qara taxtadan xilas etsinlәr....  Yox, әfәndim, әbәs yerә başımızı ağrıtmayınız, "baykot" sözünü tәrcümә etmәk istәyirsiniz isә ibtida "Qasım", "Tiflis", "Moskva", "Maşa", "Saşa" sözlәrini tәrcümә ediniz.

 

Bu sözlәr ismi-xasdır, nasıl tәrcümә etmәk? Elәmi? "Baykot" hәmçinin ismi-xasdır, әfәndim! Anladınız? Lakin bu "xoşbәxt şәxs" kim olubsa, bilmirsiniz, zәnn edirәm. Mәn söylәrәm: İrlandiya dövlәtindә cәnab lord İrnanın böyük mülklәrinә baxıcı Çarlz Baykot olub, cәmi ixtiyarat onun әlindә imiş. Cәnab Baykot lordun mülklәrini icarәyә verib icarәdarlar ilә çox yaman rәftar edәrmiş. İcarәdarlar cәnab Baykotun zülmlәrinә, әziyyәtlәrinә xeyli vәqt davam edib ah vә nalә edәrlәrmiş. Lakin bunların barәsindә olan zülm bir payәyә çatdı ki, kәnar şәhәrlәrdә dә cәnab Baykota lәnәt edirdilәr. Axirülәmr İrlandiya camaatı icarәdarlara olunan zülmlәri qәbul etmәyib lәnәtnamә düzәltdi ki, Baykot ilә  heç kәsin әlaqәsi olmasın. Böylә dә hәqiqәt oldu: böyük, kiçik, hamı әlaqәsini Baykotdan bilmәrrә üzdü. Hәtta  iş bir yerә çatdı ki, aclarından ölәn fәhlәlәrә Baykot birә-on artıq pul verirsә dә, fәhlәlәr ölmәyә razı olub Baykota işlәmәyirdilәr. Baykot cәnabları tәk-tәnha qalıb, İrlandiyadan qeyri dövlәtә qaçdı....

 

İndi bir dürüst diqqәt ediniz. Millәtin qeyrәtinә, hümmәtinә, ittifaqına, ittihadına!

 

Bәli, "Baykot cәnablarını" baykot etdilәr, yәni onu topsuz, tüfәngsiz camaat öz arasından rәdd etdi. Ruslar "baykot" sözündәn fel düzәldiblәr. Biz dә "baykotlamaq" desәk, nә eybi var? İndi lisanımız yeni fel artmaq ilә qüvvәtlәndi. Fәqәt tәzә kәlmәnin yadda qalmağı üçün gәrәkdir çox tәkrar etmәk, bu mәqsәdlә biz dә tәkrar ediriz:

 

1)  hürriyyәtә düşmәn olanlar "baykota" layiqdirlәr;

 

2)  axundlar, әfәndilәr mәvaciblәrinin artmağına sәbәb vә yaxud Anna, Stanislav nişanlarını almaq üçün quranın ayәlәrinә tәğyir versәlәr, onları baykotlamaq lazım gәlir;

 

3) öz mәnfәәtini nәzәrdә tutub millәtә xәyanәt edәn şәxsi baykotlayınız;

  

4)  ittifaq vә ittihadi-islama bәrәks olanları "cәnab Baykot" adı ilә çağırınız;

 

5)  mәdәniyyәtә düşmәn olan müsәlmanları baykotlayınız;

  

6)  fәhlәlәri heyvan dәrәcәsindә tutub dәrdlәrinә diqqәt etmәyәn adamları baykotlamasanız dәrdinizә çarә olmaz;

 

7) mümkünü olub, millәtin hәr cәhәtdәn tәrәqqisinә çalışmayanları vә çalışanlara mane olanları baykotlayınız;

 

8) ana dilinә "şaltay-baltay" ilә zinәt verәnlәri baykotlamasanız da, bu adәtdәn daşındırınız.

 

Hәlә bizim tәsәvvürümüzә, baykota layiq olanlar bunlardır. Siz yenә dә bilirsiniz isә, idarәyә mәlum ediniz. Çox razı olarıq.