HӘRDӘNBİR
(Öz ruznamәmdәn)
25 iyul 1900
"Mәndә" ixtiyar olsa idi, yeni
törәyәn "mühәrrir"lәrin
mәqalәlәrini qoymazdım
qәzetәlәrdә çap olunsun. A kişi, heç
bilmәyirlәr harada bişibdir, elә deyirlәr: bir
qaşıq da bura tök. Bundan әvvәl
"mağıl" әlimiz-qolumuz açıq idi;
"hәr nә istәyir idin yazırdın",
"hәr nә bilirdin elәyirdin". İndi
ağız açmaq, iş görmәk olmur.... Bundan müqәddәm
mәqalә yazanda fikir-zad elәmirdim, ağzıma nә
gәlirdi yazırdım, tәk görsünlәr ki,
filankәs dә yazır. Bәlkә axırda
mühәrrir cәrgәsinә daxil olam. Bir
әqidәm var idi, onun quyruğundan tutub o yana da
çәkirdim, bu yana da. Heç kәsin dә
sözü yox idi. Mәqalәlәrimi dә oxuyurdular. Hәtta
bir neçә yerdә dalımca deyiblәr ki,
"mәnim" bir azdan sonra böyük
mühәrrirlәrin yerini tutmağa "ixtiyarım"
olacaqdır.... Doğru, düşmәnlәrim dә var,
gözlәri mәni götürmür. Bir neçәsi
hәtta mәnә işarә ilә, yainki lap aşkara
deyiblәr:
"Allahı sevәrsәn,
hәmişәki peşәni әlinә al,
teleqramları tәrcümә et. Bizi bu
cәfәngiyatdan xilas et.
"Zәrәbә-yәzrub"un vaxtı deyil...."
Ancaq "mәn" bilirәm ki, bu sözlәri
qәrәzyana deyirlәr, gözlәri
götürmür. Ona görә belә boş
sözlәrә mәn dә qulaq asmıram. Vaxtı
fövt etmәyib ağlıma gәlәni yazıram.
Mәnim barәmdә deyilәn sözlәrdәn ancaq
"istifadә" edirәm.
Onu demәk istәyirәm ki, bundam
müqәddәm mәqalә yazmaq çox asan idi.
Nә yazırdın inanırdılar.... Ona görә dә çox da
fikir lazım deyil idi. Oradan-buradan ağzına nә
gәlirdi, vururdun. İndi yox. İki gündә bir
mәqalә yazsan, yenә şükür elә.
Çünki indiki mәqalә çox fikir aparır.
İndi әlinә qәlәm alanda deyirsәn: xub,
mәn bunu bu tövr yazsam, filan mühәrrir nә
deyәr, filan da bunu tәsdiq edәrmi? Ya filan da birdәn
irad yazdı.... Xülasә, istәyirsәn bir şeyin
barәsindә yazasan axırda o şey özü yaddan
çıxıb ancaq filanlar
başında "cib-cib" cibbildәyir.
Axırda әlacın pozulub
mәsәlәni elә bir tövr düzәldirsәn
ki, üstünә düşәndә dә cavab
vermәyә sözün olsun. Mәsәlәn:
"Mәnim әqidәm ilә ermәni-müsәlman
davasına әsil sәbәb ermәnilәrdir. Bunlar
istәyirlәr Qafqazda padşahlıq bina etsinlәr".
Hәr kәs nә fikirdә olur-olsun "mәn"
fikrimi dәyişmәyәcәyәm. Bundan
müqәddәm bu fikrimi aşkar da yaza bilirdim, ancaq indi
yazmaq olmur. Nә bilim, deyirlәr Rusiyada bir rus oğlu rus ki,
özü dә bilmәm qrafmı, baronmu, yoxsa knyazmı
... ta budur ki, guya bu davaları
salan vә saldıran dövlәt özü imiş.
Doğru, mәndәn böyüklәr dә bu
sözә inandılar. Amma mәnim ağlım
kәsmәyir. Canım, elә şey ola bilmәz. Lakin
nә elәyәsәn? Bu, indi mod olubdur. Bu
mәsәlәnin üstә firqәlәr
әmәlә gәlibdir: biri deyir dava salan ermәnidir,
o biri deyir, xeyr, "provakatorlar"dır. Ona görә bu
"mәsәlә" barәsindә bir şey yazanda
gәrәk elә bir fәnd ilә meydana
gәlәsәn ki, nә öz әqidәnә
bәrәks olasan, nә dә "provakatorlar"a
düşmәn adamların әllәrinә bir
dәstavuz verәsәn ki, sәni "provakator"ların
dostu hesab elәmәsinlәr....
Yәni demәk istәyirәm, bu
mәsәlәlәri qurdalayanda elә qurdalayasan ki,
sonra ondan "istifadә" etmәk olsun. Belә olan
surәtdә, әlbәttә, mәqalәlәr
yazmaq indi çәtin olubdur, vaxt çox gedir:
düz-düzünә indi daha demәk olmaz. Gәrәk
әyri-üyrü yollar tapıb
"ürәyindәki" mәtlәbi bir növ
ilә yetirәsәn, üstü örtülü dә
olmuş olsa. "Mәnim" әqidәmdә olanlar tez
başa düşәrlәr, düşüb dә
"istifadә" edәrlәr. Özlәri anlayarlar
ki, indi daha o vaxt deyil. Birdәn-birә demәk olmaz:
"provakator"-zad hamısı sözdür.... İnanmayınız, bunu yazanlar
boşboğazlıq edirlәr, yalan söylәyirlәr.
Siz öz "düşmәninizi" gözdәn
buraxmayınız. Onun hәrәkәtlәrinә
yaxşı diqqәt edib ondan "istifadә" ediniz....
Xeyr, belә
sözlәri indi demәk olmaz. Deyibsәn, bir dә
gördün yeni törәyәn mühәrrirlәr
yalançı pәhlәvan kimi meydana fırlanıb
düşdülәr. A! Sәn xәrçәng kimi
dalı-dalı gedirsәn, deyib adını "xuliqan"
qoydular. Bir az da acıqlarını tutdurdunsa, bir dә
gördün adını açdılar. Bu vaxtadәk
adın Arı bәysә, indi gördün utanmaz-utanmaz
dedilәr: bu Arı bәy-zad deyil, bu filankәsdir. Yox,
zәmanә çox xarabdaşıbdır, gәrәk
politika ilә dolanasan vә hәr addımına diqqәt
edәsәn. Çünki çox diqqәt etdikcә
çox da "istifadә" edәcәksәn.