HӘRDӘNBİR

 

 

 

 

(Öz ruznamәmdәn)

 

Bu mühәrrirlәr qәribә adamlardır! Bunların qәribә söhbәtlәri olur! Allah göstәrmәsin, iki biri-birinә zidd әqidәli mühәrririn bәhsini! Bunlar bir yerә düşüb söhbәt edәrlәrsә, gәrәk qulaqlarını tutasan. İkisi dә bir әqidәdә, bir tәsәvvürdә hәmәfkar olurlarsa, söhbәtlәri çox xamuşluq ilә keçir. Bağırmaq, çığırmaq olmur, hirslәnirlәr, biri-birinә öz hissiyyatlarını söylәyirlәr, gülüşürlәr. "Kimin mәqalәsi kimә nә tövr әsәr etdi? Kim nә tövr anladı?" Söhbәtlәri böylә etidal ilә olduğundan günlәri bir az asudә keçir. Bәzәn bunlar sәfayi-xatir ilә bir kitab, ya bir mәqalә oxuyub hәrә öz tәsәvvürünü söylәyir....

 

 

Lakin әsil tamaşa, iki bir-birinә müxalif rәyli mühәrrir söhbәt edәndәdir! Çığırmaqlarından әlavә, bir dә eşidirsiniz stullar qırılır, qәzetәlәr cırılır. Çay içirlәrsә, stәkanlar sınır, qәdәhlәr qırılır. Xülasә, daha nә deyim! Nәlәr, nәlәr olmur? Hәmin mәclisdә olsanız yenә yaxşıdır, heç olmasa, bir söz dә siz deyәrsiniz, on kәrә onlar bağıranda, bir kәrә dә siz bağırarsınız....

 

Yoxsa, ayrı bir otaqda oturub çığır-bağırtını eşidәsәn, bәhs edәnlәrin üzlәrini görmәyәsәn, adlarını bilmәyәsәn, gözlәrini o yan-bu yana gәzdirib ancaq qulaqlarını şiş edәsәn, söylәmәyә dә haqqın, ixtiyarın olmaya! Ondan savayı, bir oxuyub-yazmaq da imkan xaricindә ola!....  Xülasә, yaman halәtdir!

 

Böylә bir halәtdә mәn çox vaxt bulunuram. Mәn olduğum otağın qonşuluğunda bir mühәrrir olur, bunun yanına öz yoldaşlarından biri gәlәndә söylәdiyim vәchlә tәhәmmülfәrsa bir qalü-mәqaldır, başlayır....  Bu günlәrdә axşam oturub qәzetәyә göz gәzdirirdim. Nәzәrimә biçarә Spiridonovanın kağızı düşdü, kәrrat ilә oxuyurdum. Gözlәrimdәn bilaixtiyar yaşlar axırdı....  Öz-özümә fikir edirdim: ey biçarә mәlumә, bu zәif, qüvvәtsiz bәdәn ilә nә oldu ki, axırda bu qәdәr ağır zәncir ayaqlarına, әllәrinә vurdurdun? Sәnin "tayların" gәlinliyә hazırlanıb saraylarda güzәran keçirtmәk istәyirlәr, pәrqu balışlarda, yumşaq döşәklәrdә nazpәrvәrdә olaraq, gündә rәngbәrәng xörәklәr yeyib üstündәn lәtif-lәtif şәrbәtlәr içmәk fikrindәdirlәr. Bunların әn böyük arzuları budur ki, şirin bir yuxuya doyandan sonra kәnizin biri ayaqlarını geyindirsin, biri paltarını tutsun, biri dә tualetinә kömәk etsin, başını darasın, saçını hörsün. Sәnin tay-tuşların özlәrini bu günlәrә bәslәyirlәr. Sәn yazıqsan, mәzlumәsәn. Zәifә, nә günlәr çәkirsәn! Qaranlıq, quru, nәmli yerlәrdә uzanıb iyimiş bozbaş verәndә yeyirsәn, vermәyәndә qalırsan ac, әnva mikroblarla dolu, ilıq, bulanıq bir su da sәnin şәrbәtin olmuşdur. Nә oldu? Nә sәbәbә bu günlәri özünә qәbul etdin? Sәn bir zәifә qız ola-ola nerәdәn bu rәşidlik, bu mәrdlik sәndә bulundu? Bu günlәrdәn qorxmadın? İştә qüvvәtli oğlanlarda, ürәkli kişilәrdә bu qәdәr cürәt tapılmaz ikәn nә әcәb sәn bu işi dәröhdә etdin? Bu fikirlәri mәn zehnimdәn keçirirkәn qonşum mühәrririn qapısı açıldı. "Mәn әqidәmi hәr halda pula satmayacağam" sözlәri ilә otağına yoldaşı bulunan digәr biri daxil oldu. Sәsindәn hәmişә dava ilә gurultu ilә mübahisә edәn bir advokata oxşatdım, oxşadıb da söhbәtin aqibәtini gözlәdim.

 

Qonşu mühәrrir:--Yenә nә üz veribdir? Çox ağzı atәşli gәlibsәn.

 

Qonaq advokat:--Canım, mәn advokatlığı tәrk edәcәyәm. Üç kişi gәlib yanıma ki, bizim oğlanı hәr nә tövr olsa Sibirә getmәkdәn xilas edәsәn!....  Beş min manat pul veririz! Dedim, oğlanın qatil olduğu mәnim yәqinimdir. Mәn necә gedim mәhkәmәdә onu yalandan müdafiә edim! Mәn nә beş min manatı istәrәm vә nә dә bir yalanı müdafiә edәrәm!

 

Qonşu mühәrrir:--A canım, sәnә nә?!.... O oğlan qatildir, ya deyildir, sәn pulunu al, cibinә qoy. Altı-yeddi baş külfәt sahibisәn, borca batmısan, bu beş min manatı almasan hamı uşaqların acından qırılacaq.

 

Qonaq advokat:--Qoy acından qırılsın!

 

Qonşu mühәrrir:--Keçәnlәrdә mәhkәmәdә danışdığın sözlәr elә şeylәr idi ki, sәnin özünü dә tutub axırda nәf vә hәbs edәrlәr. Övlad vә әyalına yazığın gәlmirmi?

 

Bu sözlәrin üstündә advokatın lap acığı tutub çığırmağa, bağırmağa başladı, dedi ki, sizin cürәtsizliyinizin sәbәbi mәnә aşkardır. Siz Duma bağlandı deyә, eylә bilirsiniz ki, hürriyyәt, mәşrutiyyәt mәğlub olacaqdır. Bu zәnndә bulunduğunuz üçün qalib kimi görünәn tәrәfә tamah etmәyә başlayırsınız. Xeyr, xeyr, bunlar boş xәyaldır. 

 

Mәn әqidәmi pula satmayacağam. Qoy nә olur-olsun, qızım, oğlum, o balaca balalarım aclıq çәksinlәr, qoy mәn mәramıma yetişmәyim....  Ancaq tutduğum yoldan, etdiyim fikirdәn әl çәkmәyәcәyәm. Elә bu günlәrdә açıq meydana  çıxıb öz rәyimi söylәyәcәyәm, bağıracağam. Eşidәn eşitsin, eşitmәk istәmәyәn qulaqlarını bәrk-bәrk tutsun....

 

Mәn bunu anlamışam ki, hürriyyәt olmayınca bizim millәt ayılmayacaqdır. Mәn açıq-aşkara deyirәm: hürriyyәtә zidd olan millәtinә, vәtәninә ziddir.

 

Bunu deyib qapını bәrk çırpıb getdi. Qonşu mühәrrirdәn daha sәs çıxmadı.