HӘRDӘNBİR

 

 

 

 

Bir para adam öz dәrdini, fikrini, hissiyyatını bir balaca dәftәrә yazıb saxlayır. Sonra, bir neçә vaxtdan sonra oxuyub keçәn günlәri yadına salır.

 

Böylә bir dәftәrçәyә rusca "dnevnik", yәni ruznamә deyirlәr. Haman ruznamәdәn mәnim dә var. Çoxdandır yazmışam. İndi "hәrdәnbir" haman "ruznamәdәn" yazacağam....  Mәn indi ancaq başa düşürәm ki, köhnә müsәlman mәktәblәri

bizim uşaqların evlәrini yıxır....

 

Neçә illәr dizlәrim qabara-qabara "Gülüstan"ı, "Bustan"ı vә sonra "zәrәbә-yәzrub" oxudum, әlimә bir attestat vermәdilәr. Sonra acığım tutub getdim rus şkoluna. Bir neçә ildәn sonra doğru, zәhmәt çәkdimsә dә, bir böyük attestat da aldım....

 

Haman attestatın sәbәbinә "mәn" başladım rus әlifbasını özgәlәrә tәlim etmәyә....

 

Ah, bir babat dolanırdım. Amma hәrdәnbir "zәrәbә-yәzrub"әyә itirdiyim vaxtlar, çәkdiyim zәhmәtlәr yadıma düşüb "ağlım" başımdan az qalırdı uçsun. Hәrdәnbir öz-özümә deyirdim: "Ah, nә olardı, әbәs yerә itәn vaxtları, çәkdiyim zәhmәtlәri rus dili oxumağa sәrf edәydim! İndi әlifba yox ki, rus dilindә elmi-heyәtdәn, fizikadan, tarixdәn, "siyasi" işlәrdәn dәrs verәrdim. Mәvacib dә çox alardım, dolanacağım da yaxşı keçәrdi. Heç olmasa curlarımdan geri qalmazdım. İndi nә gündür mәn çәkirәm?

 

Mәnim taylarım "uxajivaniya" ilә mәşğul olurlar, mәn baxıram yana-yana.

 

Özümә dә baxıram, onlara da: heç birindәn "eybәcәr" deyilәm. Onlar şaltay-baltay edәndә, mәn әmәlli-başlı rusca, "söylәyirәm....".

 

Puşkinin, Lermontovun şerlәri hamısı yadımdadır. "Bizim" barışnalara da belә-belә şeylәr xoş gәlir....  Hanı bir özümü onlara göstәrә idim!

 

Bu vaxtadәk "mәn" elә fikir edirdim ki, guya "uxajivat" elәmәkdәn ötrü gözәl sifәt, ya rusca bilik lazımdır.

 

Xeyr, indi anlamışam ki, bunlar hamısı bir yana, pul da bir yana....

 

Pul! Pul! Pulsuz uxajivat olmaz, vәssalam!

 

Taylarımın dolanacaqlarına baxıb öz-özümә deyirәm: xeyr, bәs elә uxajivata mәn davam gәtirmәrәm....

 

A kişi, belә dә şey olar? Gecәdә katatsiya, gecәdә şişәsi 6-7 manatlıq "Landış" әtri!....

 

Әlbәttә, "zәrәbә-yәzrub"ә itirdiyim gözәl vaxtları rus dilinә, rus elmlәrinә sәrf etsә idim, mәnim dә cibim dolu olardı....

 

Bu tövr fikirlәr bir neçә vaxt mәnә rahatlıq vermirdi. Niyә, nә sәbәbә mәn vaxtımı әbәs yerә puç etdim, deyib dәrdimi ürәyimdә gizlәdirdim....

 

Heç bir ümid yeri görünmәyir idi. Bәlkә dә, görünür idi ki, amma mәn anlamırdım....  Özgәlәr dә deyәndә cavab verirdim: o sizin xam xәyalınızdır, heç elә şey olmaz....

 

Ay keçdi, il keçdi havada tәğyir göründü. Yaydan sonra payız gәlәrkәn "bahar" iyisi gәldi....  Zәmanә dәyişilirdi....  O şey ki, yuxuda görsәydim inanmazdım, indi açıq halәtindә görürәm, hiss edirәm....  Ömrümdә eşitmәdiyim sözlәri eşidirәm....  Svoboda, demokrat, sosializm, nә bilim, daha nә!

 

Hәqiqәt, әvvәl qulaqlarım taq-taq taqqıldayırdı. Sonralar yavaş-yavaş bu sözlәri öyrәndim. Kimi sözü yoldaşlarım türkcә bәyan edirdilәr, kimisini dә lüğәtlәrin vasitәsilә öyrәnirdim....  Bir azdan sonra görürәm, a kişi, bu sözlәrin hamısını әrәbә, farsa tәrcümә etmәk olar....

 

Ah, yaxşı әlimә düşübsәn!

 

"Gülustan"ı, "Bustan"ı, "zәrәbә-yәzrub"u, görünür, әbәs yerә oxumamış imişәm....

 

İndi dayan! "Bizim küçәdә dә bayram olarmış!" "Zәrәbә-yәzrub"un vaxtı gәlibdir!

 

Mәn başladım yavaş-yavaş "qulaq taqqıldadan" sözlәri әrәbә-farsa tәrcümә etmәyә....  Onu da bilirdim ki, bu sözlәr bir neçә adama lazım olacaqdır. Bir gün bir balaca tәrcümә edib "haman" sözlәrdәn dә qatışdırıb qoydum qoynuma.

  

Öz qәza yoldaşlarımdan biri rast gәlib deyir: filan "kantorda" ruscadan türkә tәrcümә edәn lazımdır. Ancaq әrәb-fars dәrsi dә gәrәkdir ola. Yaxşı da mәvacib verirlәr. Bu әhvalatı eşidib "kantora" getdim. Kantor sahibi mәnә baxıb:

 

"Ah, "zemlyak", xoş gәlibsәn", dedi.--Nә var, nә yox?

 

"Sağlığın. Eşitmişәm sizә bir mütәrcim lazımdır."

 

"Bәli, bәli çox gözәl! İstәyirsәnsә gәl işlә...." Mәn sәni yaxşı tanıyıram. Sәn әhli-savadsan. Mәvacib dә bu qәdәrdir. Ancaq sonradan artacaqdır....

 

"Mәn razıyam"--deyib, qoynumdakı kağızı çıxartdım.--İstәyirsiniz baxınız, böylә tәrcümә yararmı?

 

"Zemlyakım" ağzını turşudub dedi: "Xeyr, böylә şeylәr bizә lazım deyil...." Bizim "kantor" üçün gәrәkdir teleqramları tәrcümә edәsәn....  Axır vaxt teleqramlarda çәtin sözlәr rast gәlir, müsәlmanca hәr adam tәrcümә edә bilmәyir....

 

Xülasә, mәn qulluğumu başladım....  Getdikcә gördüm "zәrәbә-yәzrub"u mәnә kömәk edir....  Teleqramları çox  sanlıqla tәrcümә edirdim....  "Kantor" sahibi mәndәn razı idi. Özü çox iş görәn idi, iş görәni dә sevәrdi. Mәn dә bunu bilib ciddü-cәhd edәrdim....

 

Bu minval ilә bir neçә vaxt keçdi. Mәndәn savayı qeyri işlәyәnlәr dә var idi. Hәrәnin özünә görә işi var idi. Biri hesab çәkәrdi, biri gәlәn kağızlara cavab yazardı, biri "kantor"lara tövrbәtövr kağızlar göndәrәrdi.

 

İttifaq belә düşdü ki, sahibimiz gәrәk bir neçә günün әrzinә qeyri şәhәrә gedә idi. Mәni çağırıb dedi:

 

"Mәn gәrәk gedәm, sәn görürәm yaxşı işlәyәnsәn, çox səy edirsәn. Tәvәqqe edirәm "kantor"un işlәrinә yaxşı baxasan. Hamı "yazıya" dair işlәri sәnә tapşırıram.... Göndәrilәn kağızı nәzәrdәn keçirib, mәnim yerimә qol qoyarsan, özgәyә ümid bağlamıram, onlar kәmsavaddırlar...."

 

Mәn bu әhvalata sevindim. Niyә dә sevinmәyim? "Zәrәbә-yәzrub"u olmasaydı, bu mәrtәbәyә çatmazdım....  Xeyr! Görünür,  vaxtımı әbәs yerә fövt etmәmişәm, indi başa düşürәm ki, yenә rus uçitellәrimdәn biri deyәrdi: "Vremya denqi", yәni  vaxt puldur.

 

Bәli, xozeynimi yola saldım.

 

Әn әvvәl xozeynimin otağına köçdüm ki, qeyri yoldaşlardan heç olmasa seçilim. Ondan savayı, gizlin söhbәti onlar ilә yoldaşların arasında oturub etmәk olmaz. Xülasә, tövrbәtövr sәbәblәr var idi....  Sonra başladım yazılan kağızları nәzәrimdәn keçirtmәyә. Oxuyub, düzәldib qol çәkirdim. Öz işimi dә görürdüm. Ancaq bilmirәm nәdәnsә, öz işim özümә birdәn-birә xoş gәlmәdi. Bir az da çәtin oldu. Hәmi kağızları oxuyub qol çәkim, hәmi dә öz işimi görüm! Yox, xozeynin yerini belә dolandırmaq olmaz. Ondan savayı, gördüm hәrgah bir "zәrәbә-yәzrub"u ilә mәşğul olsam, beynim çox tez paslanacaqdır. Nә tövr eylәyim? Daha nә fikir yeri var? Hamı ixtiyar mәndә, nә istәsәm edәrәm. Öz işimi qulluqçuların birinә mühәvvәl edim ki, beynim bir az rahat olsun....

 

Bu vaxtadәk yoldaşlarım yazan kağızları oxumurdum, çünki işim çox-çox idi.

  

Oxusam da, anlamırdım. İndi bir az pahat olub yazılan kağızları diqqәtlә oxuyurdum....

 

Bir gün yoldaşlarımdan, yәni mәnә tabe olanlardan biri bir "kağız" gәtirib dedi: bu kağıza gәrәkdir ki, cavab yazıla.

 

Kağızı oxuyub gördüm bir qeyri "kantor" bizim hesabımızı yanlış salıb, yazır, guya bizim "Kantor" bir sәhv buraxıbdır....  Haman sәhv dә, guya mәnim tәrәfimdәn olubdur. Bir az fikrә gedib dedim: bu kağıza mәn özüm cavab yazaram.

 

Başladım fikir etmәyә....  Gördüm xeyr, bir şey çıxmır.

 

Mәn görmüşdüm qeyrilәr bir şey yazanda saçlarını yolurlar, durub otaqda gәzinirlәr. Mәn dә başladım gәzinmәyә, başımın saçını yolmağa. Xeyr, heç bir şey çıxmır.

 

A kişi, nә yaman imiş vәrdiş etmәdiyin şeyi birdәn-birә başlamaq. Teleqram olsaydı, indi yüzünü yazmışdım. Yox, hәr halda gәrәk bu kağıza cavab yazam. Yoxsa xozeyin bilsә ki, cavab yazmamışam, fikir edәr ki, mәn bir teleqramdan başqa özgә şey yaza bilmirәm....  Yox, gәrәkdir, öyrәnәm, zәhmәt çәkәm, bәlkә bir şey oldu. Bәli, axşam evә gәldim, qәlәmi әlimә götürüb başladım kağıza cavab yazmağa. Çalışdım, çabaladım, axırda bir tövr düzәltdim. Sәhәr kantora gәtirib verdim üzünü götürsünlәr vә lazım olan adama göndәrsinlәr. Doğrusu, kağızı göndәrmәmişdәn müqәddәm ürәyimdәn keçdi ki, yoldaşlarımın birindәn soruşam kağız qaidәsindә yazılıbdır ya yox. Sonra fikir etdim, xeyr, lazım deyil. Çünki yoldaşım belә fikir edәr ki, guya mәn bilmirәm, ondan xәbәr alıram. Bir dә nә lazım düşmüşdü. Kağız mәnim tәsәvvürümә görә çox yaxşı yazılmışdı. Nә isә, kağızı göndәrdim. Sabahısı bir dә görürәm ki, mәn göndәrdiyim kağızın cavabı gәlibdir. Bizim hesabımızı yanlış edәn "kantor"un xozeyni yazır: sizin xozeyniniz, gәlmәsә, kağızınıza cavab göndәrilmәyәcәkdir.

 

Bu әhvalat mәni tәşvişә saldı. Necә ki, xozeyin gәlmәsә? Mәn xozeynin yerini dolandırıram. Xozeyin, mәn. Tәfavütü nәdir? Yox, bu işi belә qoymaq olmaz. Mәn götürüb yenә dә bir cavab yazıb, anlatmaq istәyirәm ki, ona-buna ağlı getmәsin,

bilsin ki, yazan mәnәm. "Kağızın" cavabı yenә gәlir: bizim "kantor", "sizә" cavab vermәkdәn çәkinir....  İnşaallah, xozeyniniz gәlәr, özümüz danışarıq.

 

Mәn yenә "anlamırdım", ancaq gördüm yoldaşlarım bu kağızı oxuyanda bir "mәnә" baxdılar, bir dә әlimdәki "qәlәmә", güldülәr, irişdilәr....

 

Ancaq onda anlamışam ki, "kantor" "mәnimlә" bәhs etmәk istәmir. Heç bilirsiniz bu әhvalat mәnim övqatımı necә tәlx etdi? Hәlә indi dә yadıma düşәndә övqatım tәlx olur. Budu ha, yazıb qurtara bilmәyirәm....

 

İnşaallah övqattәlxlik rәf olandan sonra söhbәt edәrik.