HӘFTӘ FӘRYADI

 

 

 

 

Nerәdәdir bir elә alәm ki, hamı bir fikirdә, bir qanacaqda olsun? Bir padşahlıq, bir şәhәr, bir kәnd, ya bir cәmiyyәt fikrinizә gәtirә bilәrmisiniz ki, orada  bir fikirdә, bir qanacaqda olsun? Mәn ha fikir edirәm, bir şey çıxmır. Hikmәt ilә gәrәk belә bir alәm olsun, çünki dәhr hamı üçün birdir, hamıya bir nәzәr ilә baxır, hamı ondan istәdiyi qәdәr nәfbәrdar ola bilәr, fәqәt dörd әtrafımıza baxıb dolanacağımızı  nәzәrә aldıqda belә bir alәmdәn әsәr görünmür. "Heyhat! Belә bir alәm olursa, nә gözәl olurdu!" deyәcәk olursunuz ki, biz sizә bәrәks olacağız, sizi dәhrin düşmәni hesab edәcәyiz. Yox әfәndim, belә bir alәmi arzu etmәmәk!... hәqiqәt hal, bir dürüst diqqәt ediniz: hamı qoyun sürüsü kimi bir fikirdә, bir qanacaqda olursa, dolanacaqmı qalır? Heç bir vaxt! Belә olursa vәzirlәr, sudyalar (әdliyyә hakimlәri) dәva vәkillәri, prokurorlar (müddәyi-ümumiyyәlәr), tәbiblәr, müәllimlәr vә incinarlar (mühәndislәr) ya qeyrilәri nerәdәn dolanacaq etsinlәr? Tәәyyüşlәrini nә ilә tәmin etsinlәr? Xeyr, heç mümkün olan şey deyil, fikirlәr, qanacaqlar gәrәk bir-birinә zidd  ola ki, iş dә ola, iş olan surәtdә cibә dә bir şey girәr. Mәn bilsәm ki, oğurluq yaman işdir, haman sәnәtә mәşğul olarammı? Olmayan surәtdә sudyanın, ya vәkilin mәnimlә nә işi? Qeyri işlәr dә buna görә. Xeyr, qanacaqlar, fikirlәr bir-birinә müxtәlif gәrәkdir olsunlar. Sözümüzә qüvvәt vermәk üçün min-min misallar söylәmәyә hazırız. Buyurunuz: Gәncәdә ruhanilәr üçün yeni üsulla mәdrәsә açılır, lakin pul yoxdur. Hörmәtli hacılarımızdan biri bu barәdә belә bir fikirdәdir: ruhanilәr millәtә lazımdırlar. Fәqәt indi ruhanilәrimiz yaman haldadırlar, divarın o tәrәfindә olan şeylәri görmürlәr, millәt nә ilә tәrәqqi etmәyini bilmirlәr, ona görә vaxtından zәmanәyә müvafiq, millәtә lazım olan qulluğu etmәyi bacarmırlar. Bacarmırlar deyiriz dә, elә bilirsiniz istedadlarımı yoxdur? Qabilmi deyillәr? Xeyr, әfәndim! Pәk gözәl müstәid, qabil ruhanilәrimiz ola bilәr, fәqәt bünövrә gәrәkdir ola, lazım olan tәdris vә tәlim gәrәkdir ola. Bunlara andırmaq ki, bir elmi-ilahi ilә dәrdimizә әlac tapmaq olmaz. Belә olmuş olsaydı, peyğәmbәrimiz (... qurani-mәciddә hәr şeydәn xәbәr vermәzdi. Mәn bilmirәm, ruhanilәrimiz özlәri tәsdiq edirlәr ki, Quranda o elm yoxdur ki, ona işarә olunmasın. Hәqiqәt belә isә görünür, peyğәmbәrimiz (...) bunu lazım bilibdir ki, әhadisi-şәriflәri ilә bәyan edibdir. Lazım olmayan şeylәri nә allah buyurardı, nә dә cәnab peyğәmbәrimiz xәbәr verәrdi. Bәzi möhtәrәm ruhanilәrimizin rәyinә görә elm tәk elmi-ilahidәn ibarәt olunsaydı,

bütün Quranda ancaq rәbbimizin zati-pakini tәlim verәrdi. Nәyә lazım idi qulları azad etmәk? Ya ümumi millәt işindә camaatla mәşvәrәt etmәk? Bu mәsәlәnin üstә indi 20-ci qәrinәdә qәlәmlәr sınır, minlәrcә, bәlkә yüz minlәrcә kitablar yazılır, fikirlәr yorulur, beyinlәr çatlayır, canlar tәlәf olur, üsuli-idarә, şәkli-sәltәnәt, sәltәnәtlәr dәyişdirilir! Hәr şey tәbdil olunur. İndi әcnәbilәr bu mәsәlәni hәll edib dә "sosiologiya" elmini araya salıblar nәyә lazım idi gündә beş vaxt namaz qılanda әllәrini, üzünü, ayaqlarını yumaq? Donuzun vә bir para heyvanların әtini yemәmәk? Ya onlara әlin dәydisә, әlini yumaq? Ya qüsl? Bunlar hamısı allahdanmı ötrü qoyulubdur? Yainki insanın özündәn ötrü? Bunlara allahınmı ehtiyacı var, yainki insanın? Tәk insanın ehtiyacı var isә, indi bu mәsәlәlәri әcnәbilәr toplayıb da gigiyena, yәni hifzü sәhhә adında bir elm ortalığa çıxarıblar!....  Nәyә lazım idi, deyә ata ölәndәn sonra onun malını, pulunu yetimlәrә nә tövr qismәt etmәk? Ya әr ölәndәn sonra arvadın ixtiyarını bilmәk? Ya bir adam adama zәrәr yetirdi, onun әvәzindә nә etmәk? Bunlardamı allah üçündür? İnsan üçün isә indi

әcnәbilәr "Yuris prudensiya" (elmi-hüquq) adı ilә elm müaşirәtin böyük bir şöbәsinә tәrәqqi vә rövnәq verib bunun üçün şәşәәli mәktәblәr açırlar.

 

Bu növ mәsәlәlәr bir deyil, iki deyil, yüzlәrcә, minlәrcәdir. Hansını söylәyәk? Qanun qoyan ömrünü belә mәsәlәlәrә sәrf edibdir. İndi nә etmәk ki, bu mәsәlәlәrin üstә bir pәrdә salmışıq, bunları qovmuşuq, zahirdә qalan bir elmi-ilahi olub şәkkiyyatda onun zili. Heyfa ki, bu elmdәn dә bәzimiz mәnim kimi bibәhrә qalmış, dürüst anlamamış, bibәhrә qalmayanlar da zikr olunan fikirlәri cәnab hacı nәzәrdә tutub yeni ruhanilәr üçün açılan mәdrәsәyә ianә verir, 5 min manat göndәrib dә kәndi-kәndinә fikir edir: mәn istәdiyim ruhanilәr haman mәdrәsәdәn qurtarıb yüz illәr ilә gizlәnmiş hәqiqәti meydana çıxaracaqlar. Çıxarıb da hal-hazırda "din hamilәrinin" bәzi әfkarını batil edәcәklәr, batil edib dә millәti ağır zәncirdәn xilas edәcәklәr.

 

Bәli, bu Hacının qanacağı belәdir. İndi qeyrisinin qanacağına baxalım: qeyrisi fikir edәr: bu sözlәr boşdur, dünya üçündür. Biz axirәti gәrәkdir nәzәrdә tutaq. Filan axund buyurur: mәn gecә-gündüz ömrümü mәscidlәrdә keçirirәm. Dünyamıza dair elmlәrdәn mәn bir şey eşitmәmişәm. Axund lazım bilsәydi vәz edәrdi. Mәn bunu anlamışam ki, bu dünyanın axırı yoxdur, özümüzü axirәtә hazırlamaq. O da ibadәt ilә olar. Mәn dә axund buyurduğuna әmәl edib ibadәtә mәşğulam. Mәnim nә borcum, mәdrәsә açırlar, ya yox. Ondan savayı bu mәdrәsәdәn çıxıb "müqәddәs" olamaz, Xorasanda, Nәcәfdә gәrәkdir oxumaq ki, ehkami-ilahini "yaxşı" anlayasan. Buyurunuz, iki bir-birinә bәrәks fikir, qanacaq! İndi bir dürüst diqqәt ediniz: hamı әvvәlinci Hacı qanacağında olsa idi, mәzkur mәdrәsәni açmaq lazım deyil idi. Elә dә hamı ikinci Hacı kimi "qanacaqlı" olsa idi, yenә dә mәdrәsә açılmayacaq idi. İndi aşkar oldu ki, iki bir-birinә zidd fikir, qanacaq ortalığa iş gәtirir. İstәyirsiniz doğrusunu bilәsiniz, bugünkü felyetonu yazmağa da sәbәb bir-birinә bәrәks qanacaq olubdur.

 

Bu günlәrdә baş mühәrririmizә Vladiqafqazdan  H.İ. tәrәfindәn bir mәktub gәlibdir. Cәnab H.İ. bizim әhliqәlәm yoldaşlardan birini artıq tәrif edib, axırda yazır: "Qarelәrdәn tәvәqqe olunur ki, filan cәnabın mәsәlәlәrinә artıq diqqәt olunsun ....  Nәinki sözlәrinә, hәtta sәtirlәrin arasına da diqqәt etmәk. Xahiş edәn orada da mәna tapar ....  Bununla belә, hәmin yoldaşımızın barәsindә bir qeyrisi söylәyir: mәn tәәccüb edirәm! Nә әcәb, filan mәqalә yazanın mәqalәlәrini qәzetlәr dәrc edirlәr?  Mәn anlamıram vә anlaya da bilmәrәm: mәqalәni tülküdәn başlayıb әjdaha ilә qurtarmağın nә mәnası? Rusiyadan başlamış İranla qurtarmağın nә hüsnü? Mәn dә dünya görmüşәm, kitablar oxumuşam, belә hekayәlәr oxumamışam. Mәsәlәn, hekayәnin adı "Aslan vә uzunqulaq" isә başdan ayağa әhvalat  ikisinin barәsindә olar ... nәinki "uzunqulaqdan" başlayıb da İran vәziri ilә qurtarmaq....

 

Xeyr, bele şey olmaz. Görünür, mәqalә yazan "aşnamızın" ya sözü qurtarıb "fәdәm-dәmә, damdan-dama" söylәyir, yainki hәlә mәqalә yazmağı bacarmır ...."

 

Buyurunuz, әfәndim! Yenә dә iki bir-birinә zidd fikir, qanacaq! Bu iki qanacağı bir-birinә vuruşdurunuz, hansı haqdır?  Mәndәn sorursunuz isә, mәn "ikincisini" haqq bilirәm. Hәqiqәt, belә dә hekayә olarmı? uzunqulaqdan söhbәt edib dә vәzirin barәsindә söylәyәsәn. Belә mәqalәlәr oxumaqdansa, vaxtı itirmәyib "hekayәlәr" oxumalı. Bu da bizim 20-ci qәrinәdә verilәn qәzetlәr!

 

Qәh,qәh,qәh!....

 

Әcәba! Nә sәbәbә gülürsünüz, әfәndim! Elә bilirsiniz mәn hәmişәki kimi bu sözlәri dә kinayә ilә söylәyirәm? Fikir edirsiniz, mәn zarafat edirәm? Yox! Әbәs yerә dişinizi ağartmayınız! Doğrudur, keçmişdә mәn kinayә ilә yazır idim,yaxşıya yaman deyib, yamana yaxşı deyir idim, lakin qarelәrim mәni anlamadılar, bir böyük şeymi!  "Molla Nәsrәddin" babamızı da bu hәftә anlamadılar, "mütrib"lәrin şәklini görüb bir neçә adamların ağızlarından su axdı....  Sağ olsun "Molla Nәsrәddin!" deyib dә "qara tanımayanlar" da nömrәlәri alırlar. Onlar elә fikir etdilәr ki, guya Molla әminin  bundan xoşu gәlib çәkibdir.

 

Belә şeylәri görüb dә biz daha istehza, kinayә işlәdәrikmi? Xeyr, onlar keçmiş әhvalatdır. Keçmişdә çox da şey olubdur. Çox da xәtalar etmişik, nә olsun? Keçmişdә müәllimlәr dә bir-birinә bәrәks fikirdә, qanacaqda idilәr. Mәsәlәn, müәllimlәri kәndi işlәrindәn ötrü, ümumi dәrdlәrinә әlac aramaqdan ötrü bir mәclisә dәvәt edәndә "bir parası" dәvәtnamәnin üstә yazırmış: "görәsәn plov da olacaqmı?" Ya xeyr: Biri "yetәr xabi-qәflәtdә qalmağımız, gәrәk işlәyәk, dövlәtә ümid bağlamaq olmaz. Bizә lazım şeylәri tәlәb edәk, vermәsә güc ilә alaq! İndi alәmi-hürriyyәtdir, qorxmamaq!" ...  belә sözlәri deyirmiş. Fәqәt bir qeyrisi bundan "ağıllı", "fәrasәtli", "qeyrәtli", yoldaşına baxıb da gülürmüş: ay biçarә, aldığın çoxca mәvacib, üç-dörd müftә otaq, müftә odun, müftә çıraq, müftә qulluqçu, hәr ildә,"çox zәhmәtlәrdәn" sonra "azarlayıb" şәhәr kassasından aldığımız "pasobiya" qarnımızımı dәlir?! Bizә nә düşübdür özümüzü bәlaya salaq? Millәt qeyrәtini gәrәk bizmi çәkәk? Arxayın ye, iç, kef çәk. Kim-kimәdir? Axı, hünәrimiz nәdir, dövlәtdәn biz bir şey tәlәb edәk? "Bayılı" görmürsәnmi? Daha qoymazsınızmı bir doyunca şәhәrin pullarından xәrc edәk? Hәm dә "tәrәqqi" edәk ...  belә iki bir-birinә bәrәks qanacaqdan görürsünüz bir iş törәdimi?

 

Alәmi-hürriyyәt olmağa görә belә "ağıllı", "qeyrәtli" müәllimlәr "naçalniklәrin" fәndlәrinin altında davam gәtirmәyib hünәrli yoldaşlarına yavuqlaşırlar. Yavuqlaşıb da ittifaq edirlәr. İttifaq etdiklәri üçün zәif  ağıllılar arada mәhv olurlar. Qanacaqları bәrәks dә olsa, kәndilәrini bir tövr sürüyürlәr....  Bir vaxtadәk....  Sonra zәmanә özü onları yarı yolda qoyur....

 

Bәli, belә adamları çarәsizlikdәn zәmanәyә tapşırırsız, lakin camaatımız olsa zәmanәdәn qabaq başımıza çarә qılarıq. Camaat kәndi başının ağrısını hiss etsә, belә "cәnablara" deyәr: yetәr, müftәxor cәnablar! Siz ayın 20-ni gözlәyirsiniz. Millәtin pulunu aşırıb da ona xәyanәt edirsiniz. Çıxınız aradan, millәt qeyrәti çәkәnlәrә yol veriniz!

 

Belә hünәri, qanacağı camaatdan biz hәlә gözlәmiriz. Mәst halәtdә olandan nә gözlәmәk? Nә verdiyini anlayır, nә aldığını, nә oturmağını bilir, nә durmağını.

 

Bu barәdә Gәncә faytonçuları ilә Bakı faytonçuları da qanacaqda bir-birinә bәrәksdirlәr. Bizim faytonçular mağazaların qabağında durub müştәri bәklәyirlәr, Gәncә faytonçuları restoranların, dükanların, qostinlәrin qabağında dururlar. Sәbәbini bilmirsinizmi?

 

Müxbirimiz cәnab M.A.  yazmağa görә mәlum olur ki, restoranlardan çıxanlar çox "әliaçıq" olurlar, on qәpiyin әvәzinә iki  manat verirlәr....

 

Bizim faytonçular isә keflәrindәn qaçırlar. Görünür, qanacaqları o payәyә çatmayıb ki, bu elmi öyrәnsinlәr. Elmi  insan insandan öyrәnәr. Bakı ilә Gәncәnin arasında neçә yüz verst ola-ola bu "elmi" nә tövr әxz etmәk? Aradan  mümaniәt gәrәkdir götürülsün, "qanacaqlar" bәrәks dә olmuş olsa, qonuşsa bir-birindәn istifadә edә bilәrlәr. Әxz edib dә bir şey araya gәlәr. Mәsәlәn: rus generallarının qanacaqlarına görә vaqonu "müqәddәs" adamların şәkillәri ilә, tәsvirlәri ilә doldurmasan, davada düşmәnә qalib gәlmәk olmaz. Ona binaәn cәnab Kuropatkin  düşmәnin müqabilinә şәkillәrlә çıxdı; yaponların qanacağında düşmәnә elmin gücü ilә qalib gәlmәk olar, o da elmini meydana gәtirdi. İkisi dә bir fikirdә olsaydılar, yәqin ki, indiyәdәk yapon "ğişaları" şampanskini rus әfserlәrinin dövlәtindәn su yerinә axıdardılar. Kuropatkin dә indiyәdәk "bildirçin" әti yeyә-yeyә kef çәkәrdi. İndi rus vәzirlәri hәmin kefdәn әl çәkә bilmirlәr. Dumanın qanacağına indiki vәzirlәr vәtәnin bәdxahıdırlar, gәrәk aradan çıxsınlar, hәqiqi vәtәnpәrәstlәrә yol açsınlar. Vәzirlәr isә belә bir tәklifdәn utanmayıb fikir edirlәr: bizsiz işlәr yola getmәz, biz Avropadan alınan pulu "gözlәyiriz".

 

Bu iki bir-birinә bәrәks qanacaq yәqin ki, bir zorba iş partladacaqdır! Biz qorxuruz haman "zorba iş" bugünlәrdә (ayın 31-dә) bizim şәhәrdә dә partlaya; qorxuruq "iki qanacağın" әvәzinә "dördü" meydana gәlә.... Belә olursa. "Әlidәn dә, Vәlidәn dә" olmağımıza şübhә yoxdur....  Nә isә, qanacağımız bәrәks dә olsa, duma mәsәlәsindә bir fikirdәyiz: hamı özünü dumaya üzv olmağa layiq bilir ...  millәt, vәtәn, insaf, mürüvvәt aradan götürülür. Bunların barәsindә qeyri bir vaxtda fikir etmәk olar. İndi ancaq şan-şövkәt lazımdır. "Qoy desinlәr Şahbudağın bağı var!".

 

Xülasә, nerәyә baxırsınız müdam müharibә görünür. Dürüst diqqәt edәrsiniz isә, hamı işlәr iki bir-birinә bәrәks qanacaqdan, fikirdәn törәnmәyini düşünәrsiniz. Müharibәsiz bir mәmlәkәt, yәni bir alәm ki, orada hamının qanacağı, fikri bir ola, belә bir alәm gәzirsiniz isә, nәzәrinizә "Çәnbәrәkәndinә" salınız. Orada hәqiqәt, hamı bir fikirli, bir qanacaqlı! Nә şikayәt, nә elmi-ilahi, nә elmi-siyasi, nә duma, nә şan, nә şövkәt, nә vәtәn dәrdi, nә millәt qeyrәti! Heç, heç bir şey yoxdur! Hamı bir fikir ilә, bir qanacaq ilә dolanacaq edib, qurdlara,  ilanlara yem olarkәn, yan-yana veriblәr.