HӘFTӘ FӘRYADI

 

 

 

 

Bu gün istәyirәm qarelәrimә bir balaca hekayә söylәyim. Nağıl demirәm, әfәndim, hekayә deyirәm. Nağıl ilә hekayәnin tәfavütü var. Nağıl o hekayәdir ki, ittifaq düşmәyibdir. Mәnim kimi biri oturub ağzına nә gәlibsә yazıbdır. Lakin hekayәdә ittifaq düşmüş şeyin barәsindә söylәnir. Bu barәdә "nәql"dәn muradımız Azәrbaycanda "nağıl" vә osmanlıda "mәsal" deyilәn xәyali hekayәlәrdir, yoxsa elmdә vә tarixdә qәbul olunan bir mәnada istemal etmәyiriz. "Mәsal" mәsәlәdәn qәlәt olduğu kimi, nağıl da nәqldәn qәlәtdir. Müharibә mәnasına gәlәn "dәva" yerinә "dava" vә "övrәt" yerinә "arvad" yazmaq daha münasib olduğu kimi, yuxarıda zikr olunan mәnada "nәql" yerinә "nağıl" ya "mәsәl" yazmaq, әlbәttә, mәslәhәtdir.

 

Keçәn günlәrdә rus jurnallarının birindә bir qәribә hekayә oxuyub da özümә söz verdim ki, qarelәrim ilә bu barәdә söhbәt edim.

 

Hәqiqәt hal, hәr hәftә fәryad etmәk dә yaxşı deyil. Onsuz da qәzetimizin günlük nömrәlәrindә "Ay camaat, ayılınız!" deyib dә çığırışırıq. Axırda görürsәn mәqalәlәrin başına baxıb deyәcәklәr: "Bu mәqalә heç, bunu oxumamalı, bu köhnә әhvalatdır: millәt dalda qalıbdır, millәt zәlil olubdur, millәt filan olubdur, filan da filan olubdur. Böylә dә qәzetә yazmaq olarmı?

 

Hәmişә bir şeyin barәsindә! Tamamdır! Eşitdik! Çanağınızda qeyri bir şey varsa, onu meydana çıxarınız". Birpara qarelәrimiz bu sözlәri deyib dә mәqalәlәrimizi oxumazlar. Bu tәsәvvürdә olan oxuyanlar az deyil. Bunlar üçün gәlәcәkdә nә olacaq, millәt vә ya vәtәn tәrәqqi edәcәkdir, ya yox? Bu tәsәvvürdә olanlar üçün birdir, tәfavüt yoxdur. Bunlar "Ah, keçәn günә gün çatmaz, calasan günü-günә" --deyib dә istiqbaldan bir şey gözlәmәyirlәr....  Bunlara hal-hazırdan söylәyiniz....  Bunlara lazım olan şeylәrdәn "nәql" ediniz....  Lakin bu barәdә fikir edәn yoxdur. Bu tövr qarelәrin dәrdlәrinә әlac tapmayırlar, aramayırlar....

 

Elә bircә axundların әtәklәrindәn tutub deyiriz: insaf ediniz, mәdәniyyәtә bәrәks olsanız da müridlәriniz "qara mәxluqun" әxlaq-әtvarını düzәldiniz, yüz dәfә tәharәtdәn söylәyәndә bir dәfә dә adam öldürmәnin nә qәdәr günah olmasından vәz ediniz ....

 

Ya xeyr, zәngin cavanlarımıza nәsihәt ediriz: gecәdә yüz manat "fәqir arvadlara" xәrc edәndә heç olmasa, ayda on manat  da yetim mütәllimlәrә veriniz. Yainki milyonçulara deyiriz:

 

"Azarxana tikdirmәyirsiniz, әlsiz-ayaqsızlar üçün darülәcz bina etmәyirsiniz, çünki belә şeylәr sizin tәsәvvürünüzdә xeyir iş, yәni allah sevәn iş deyil." Lamәhalә Bibiheybәt ziyarәtgahının yolunu düzәldiniz....  Ya xeyr, incinarları, mühәndislәri mәzәmmәt edib yazırız:

 

"Qardaşlar, insaf ediniz. Biçarә ac tәlәbәlәrimizә siz kömәk etmәyәndә, onlar üçün siz iş tapmayanda, onlara kim kömәk edәcәkdir?"

 

Siz özünüz dә bir vaxt bunlar çәkdiklәrini çәkirdiniz. Unudubsunuzmu? Bunlar da keçәr gedәr. Bunlargözümüzün qabağındadır. Görürüz, könlümüz dә xarab olur. Söylәyiriz, yazırız. Demәyә haqqımız var. Ya xeyr, "sözümüz" qurtarıb da böylә şeylәrdәn bәhs ediriz. Nә etmәk, әfәndim! Siz dә bu işdә sәnәtkarsınız. Gәrәk, yazıb kağızınızı doldurasınız....  Fәqәt bir hәrәkәtinizi anlamayırız. Bizә, vәtәnimizә dair olan şeylәr barәsindә yazırsınız. Bunu da bağışladıq. Burada oturub İrandan, osmanlıdan dәm vurmağınızın mәnası nәdir? Hәlәtutalım, rus  vәzirlәrinin hәrәkәtlәri sizә mәlumdur. Rus qәzetlәrindә oxuyursunuz, ona görә dә yazırsınız....

 

Osmanlı, İran vәzirlәrini görübsünüzmu? Onların barәsindә bir әhvalat oxuyubsunuzmu? Tutalım Osmanlı vәzirlәrinin barәsindә hәrdәnbir әcnәbi qәzetlәrindә әhvalat olur. Yainki Misirdәn vә qeyri yerlәrdәn gәlәn qәzetlәrdә bir para әhvalat olur. Lakin İran vәzirlәrinin barәsindә bir әhvalat bilmәyib yazmağınıza tәәccüb ediriz!

 

Bu biçarәlәr "haçan bir iş gördülәr ki, әmәllәrindә, fellәrindә nöqsan görüb dә onları bәzәmәyә ixtiyarınız ola? Bizim әqidәmizә, bunlardan "mәzlum", "fәqir", bunlardan ziyadә millәtini, vәtәnini sevәn vәzirlәr heç mәmlәkәtdә tapılmaz. Bir yaxşı fikir ediniz: bu vaxtadәk cәmi Avropada bir vәzir tapmazsınız ki, "sәyahәt"in vәtәnә vә millәtә gәtirdiyi mәnfәәti dürüst anlasın. Özlәri hәr il sәyahәtә çıxırlar. Bu heç! Bir millәtә fikir veriniz, bir yer taparsınızmı oraya iranlı "sәyahәt" etmәsin!....  Bu millәti öz ixtiyarına qoysaydılar, vәtәnindәn bir ağac kәnara çıxmaz idi. Çıxmayan surәtdә nә hürriyyәt sözünü eşidәrdi vә nә dә onun lәzzәtini anlardı....

 

"Biçarә" vәzirlәr bunu çoxdan anlayıblar. Ona görә millәti vәtәndәn dağıtmağa hәmişә ciddü-cәhd ediblәr. Bunların belә gözәl "politikasını" Kitay vәzirlәri düşünsә idilәr, bu vaxtadәk millәtini dörd divarın içindә saxlamazdılar....

 

Xeyr, İran vәzirlәrinin fikirlәri, onların "politikası" bir qeyri "dәstgahdır". Bu "politika"nı anlamaq üçün "astralogiya"--elmi-nücum oxumalı. Kimdir sizin mәdәniyyәtli Avropada bu elmi bilәn, oxuyan? Xeyr әfәndim, әsilsöz budur: yazırsınız, gördüyümüz, eşitdiyimiz şeylәrin barәsindә yazınız. Burada oturub Bağdaddan dәm vurmağımızın mәnasını anlamıram, hәmçinin anlamıram: filankәs filan işi görmәyir, filan da filana xeyir vermәyir. Filan aclara baxmayır. Bu sözlәrdәn mәnә nә mәnfәәt? Siz gәlәcәk üçün çalışırsınız. Gәlәcәyin öz sahibi var. Nә mәslәhәt olsa, özü bilir. Bizim nә işimiz! Vә bir dә kim bilir, gәlәcәyә kim qalacaq, kim qalmayacaq?! Siz ağzınızı açanda söylәyirsiniz: biz millәt, vәtәn üçün çalışırız. Biz insaniyyәtә qulluq ediriz. Buyurunuz әfәndim, biz millәtdәn deyilikmi? Biz dә insanız, ya? Biz dә hәmin vәtәnin oğullarından hesab olunmuruqmu? Belә isә haçan bizim dә dәrdimizә qaldınız, haçan gündәn-günә zәiflәnәn bәdәnimizә bir әlac tapdınız? Tibb elmini oxuyub da cavanları müalicә etmәyi bacardığınız kimi, onu bizim küpәgirәn qarı nәnәlәr dә bacarırlar. Әlinizә bizim kimi solmuş, qocalmış, vaxtı keçmiş adamlar düşәndә deyirsiniz: bәdәn zәifdir, azara tab etmәyәcәkdir....  Sizin günlәriniz sayılıbdır....

 

Belә sözlәr ilә bizә tәsәlli verirsiniz? Yox, yazanlarda insaf olsa, min dәfә cavanlardan yazanda bir dәfә dә biz qocalardan yazarlar. Әlinә qәlәm alan yazır: mәn filan hacıdan, filan dünya işlәrindәn ötrü pul istәdim, vermәdi....  Daha demәyir ki, dünyanın filan lәzzәtini mәn indi görmәyirәm, ondan ötrü mәn niyә pul verim? Sәn bir şey et ki, mәn "yenә" dә haman lәzzәtlәri hiss edim, keçәn keflәri görüm, onda, әlbәttә, mәn dә özümü bu dünyadan hesab edib onun işlәrinә qarışaram, nerәdә kömәk etmәk lazım isә edәrәm. Yoxsa, "hacı, filan uşağa kömәk etmәk lazımdır: oxuyub gәlәcәkdә millәtә kömәk edәcәkdir" sözlәri ilә bizi tora salmaq olmaz. Gәlәcәkdә kömәk edәcәk! Cәhәnnәmә edәcәk! Mәnә nә mәnfәәt? Heç kömәk etmәsin.

 

Eşidirsiniz, әfәndim! Bu tәsәvvürdә olan qarelәrimiz dә var. Bunlar üçün dә bir şey yazmaq lazım gәlir. Qәzet ümumi milli hesab olanda bunlar da millәtin hissәsi hesab olunurlar. Gәrәkdir bunların da dәrdlәrinә әlac aramaq. Bunlara da "nicat" yolu tapmaq. İstәdiklәri nәdir? Bunlar keçmişdәn dәm vururlar. Keçmişi qaytarmaq istәyirlәr....  "Keçmişdә gördüyümüz lәzzәtlәri bizә versәniz, sizin hal-hazırda mübtәla olduğunuz qәmlәrin rәfinә çalışacağız" deyirlәr, pul ilә olursa milyonlar sәrf etmәyә hazırız: ancaq cavanlığı, cavanlığı qaytarınız....  Әcәba!!!

 

Tәәccüb etmәyiniz, әfәndim! İstәmәyә haqları var. Cavanlıqda pul qazanmağa mәşğul olublar: layiqincә kef etmәyiblәr! İndi pul zibil kimi, fәqәt hәvәs yox. Qüvvәt gedib. Bәdәn gün-gündәn zәiflәşir....  "Ay keçәn günә gün çatmaz calasan günü-günә!".

 

Bu barәdә mәn çox kitablara baxdım, jurnallara diqqәt etdim. Hәtta Bakı kimi milyonçu şәhәri buraxıb Parisdә oturub cavanlaşmağa çarә arayan Meçnikova müraciәt etdim. Axırda arzuma çatdım.

 

Jurnalların birindә "Cavanlaşmağa çarә" ünvanlı bir lәzzәtli hekayә tapdım. İndi mәn söylәyirәm:

 

Frәngistan şәhәrlәrinin birindә Markiz Molankinnam, pәk zor dövlәtli, zәngin, qoca, sәrkeş bәdәninin günbәgün zәiflәşmәsini hiss edәrkәn fikir edirdi: "Ah, nә olardı dövlәtimin yarısını alıb da mәnә cavanlığımı qaytaraydılar!" Bu fikirdә olarkәn bir gün qәzetdә oxuyur: "Mәşhur professor Kroun Bekar cavan olmağın әlacını tapıbdır". Bu xәbәr Markizә böyük şadlıq gәtirdi. Axırda mәqsuduma çatdım deyib dә haman professorun yanına getmәyә hazırlaşdı. Markiz hazırlaşarkәn keçәn günlәri yadına saldı: nә gözәl günlәr, nә xoşbәxt saatlar. Yenә ey günlәr,  ey saatlar, siz mәnim ilә yoldaş, dәmgüzar olacaqsınız.

 

Markiz bu fikirlәri başında dolandırarkәn professorun qapısına çatdı, zәngi vurub otağa daxil oldu. Bir azdan sonra professor gәlib sordu:

 

"Nә buyurursunuz, әfәndim?"

 

"Mәn eşitdim ki, siz, cәnab professor, cavanlaşmağa әlac tapıbsınız. Doğrumu, әfәndim?"

 

"Qaç sinnindәsiniz?"

 

"Mәnim sinnim altmışdan bir az çox olar, әfәndim. Lakin cavanlığımı çox yaman keçirtmişәm. Gecәlәri gündüz etmişәm...."

 

"Zәrәr yoxdur, әfәndim!" Bu sinnindә insanın bәdәni hәlә dәrman qәbul edәr. Bu vaxtda bәdәnin әsil tәzәlәnmәk vaxtıdır. Mәn sizә kömәk edәcәyәm, buyurunuz mәnim ilә.

 

Markiz şadlığından az qaldı ağlasın. Bunlar professorun iş otağına getdilәr. Markiz professorda bir müqәddәslik görüb dә onun әtәyindәn öpmәk istәyirdi.... Professor bir balaca şişә götürüb dedi:

 

"Görürsünüzmü, әfәndim! Bu şişәdәn bir hissә dәrya dovşanının qanından götürüb it küçüyünün qanının bir hissәsi ilә qarışdıracağam."

 

"Әfәndim, hәrgah sizin üçün tәfavüt yox isә, tәvәqqe edirәm dәrya dovşanının qanından çox götürәsiniz. Mən xahiş edirәm."

 

"Zәrәr yoxdur, әfәndim. İstәdiyiniz kimi edәrәm." Bu sözlәrdәn sonra professor qanları qarışdırıb dedi:

 

"Görürsünüzmü әfәndim, nә gözәl rәngdә maye bir dәrman oldu!"

 

"Bәli, çox gözәl! Adam içmәk istәyir!"

 

"İçsәniz bu dәrmanın әsәrini görmәzsiniz. Bunu indi mәn әlimdәki iynә ilә qanınıza gәrәkdir vuram. Bir santimetr mükәәb olsa kifayәt edәr."

 

"Nә söylәyirsiniz, әfәndim! Bir santimetr! Siz yoxca istehza ilә buyurursunuz?" Xeyr, әfәndim, nә qәdәr artıq olsa, yaxşıdır.

 

Mәn kәndi bәdәnimi bilirәm, qüvvәtim çox azdır. Artırınız, әfәndim, artırınız!

 

"Böylә olan surәtdә bir hissә dә artıracağam."

 

"Xeyr, әfәndim, bir hissә azdır, mәn bәdәnimi yaxşı bilirәm. Tәvәqqe edirәm yeddi santimetrәdәk bu dәrmandan mәnim bәdәnimә daxil edәsiniz."

 

"Vay, mәn onsuz da dәrmanın qәdәrini artırmışdım. İndi siz yeddi santimetr istәyirsiniz, qorxmayırsınızmı?"

 

"Xeyr, әfәndim, nә qәdәr çox olsa o qәdәr yaxşı deyilmi? Bәlkә tez cavanlaşam."

 

Professor bir söz söylәmәyib altı santimetr qәdәrindә haman dәrmandan Markizin bәdәninә iynә ilә daxil edib dedi:

 

"Sabah bәdәninizdә hәrarәt hiss olunacaqdır vә getdikcә yavaş-yavaş cavanlaşacaqsınız...."

 

Markiz çox razılıq edib getdi. Sabahı yuxudan oyanıb pәncәrәni açdı, çünki bir az isti idi. Sonra qüvvәtini sınamaq üçün bir stolu (masanı) әli ilә götürdü. Gördü hәqiqәt, gücü artıbdır. Ondan sonra әlinә qәlәm aldı. Bir ay bundan müqәddәm fikrindәki şeyi qәlәmә gәtirә bilmәyirdi. İndi haman fikrini bir neçә saatın әrzindә yazıb tamam etdi....  Nahar vaxtı araya gәldi. Markiz qeyri xörәklәrә baxmayıb qarnını yemişlәr ilә doldurdu....  Bir neçә gün paltarını  düzәldir idi. Cavana layiq paltarlar alır idi. Çox vaxt aynanın qabağında durub da özünә, paltarına sığal verir idi. Evdәn çıxanda yerişini cavanların yerişinә oxşadır idi....  Dükanlardan yemiş alıb yolda gedә-gedә yeyir idi. Markiz qocalıqda bir cavan Liliya adlı qıza mәhәbbәt bağlamış idi. Ancaq qocalığına görә cürәt edib izhari-mәhәbbәt edә bilmәyir idi.

 

İndi haman yar yadına düşüb. Gedir ki, vüsali-canana nail olsun. Qızın qapısına gәlir. Bunun müqabilinә qızın qulluqçusu çıxır. Qulluqçu:--Nә istәyirsiniz?--deyә sorur. Markiz özünü nәinki cavan, hәtta balaca bir tifil dәrәcәsindә cavanlaşmış hesab etdiyindәn qulluqçuya deyir ki: --Mәn Liliya xalamı istәyirәm....  Mәnә oynamaq üçün oyuncaqlar verәcәkdir. Mәnim xalamı çağırınız. Tez-tez! Oynamağımın vaxtı keçir....

 

Bu sözlәri deyib Markiz uşaq kimi burnunu qurdalayır.... Qulluqçu bunu görüb dә qәh-qәh edir....

 

"Gediniz, әfәndim! Mәnim xanımımın uşaqlar ilә işi yoxdur. Gediniz, inşaallah böyük adam olanda gәlәrsiniz....

 

Markiz bu sözlәri eşidib dedi:

 

"Yaxşı, mәn göstәrәrәm. Gedib anama şikayәt edәcәyәm...."

 

Markiz bu sözlәri deyib küçәyә çıxdı, әtrafına baxıb ucadan ağladı. Balaca bir uşaq kimi yolunu guya itirib bilmәyirdi nerәyә getsin. Qorodovoy bunu görüb sordu:

 

"Nerәdә olursan, balaca uşaq?" Markiz cavab verir:

 

"Baba! Mama! Qağa! Lulu!"

 

"Ah, biçarә, sahibsiz uşaqlar! Nә sәbәbә "bunları" küçәyә qoyurlar...."Bu sözlәri qorodovoy fikrindәn keçirirkәn balaca Markizin әlindәn tutub polisiyә apardı....

 

Cavanlaşmağa hәvәslәri olan qoca qarelәrimiz bu hekayәnin nәticәsini bilmәk istәyirdilәrsә, rica edirәm ki, bir az sәbir vә tәhәmmül göstәrib gәlәcәk hәftәyә qәdәr gözlәsinlәr!....

 

*       *       *       *       *      *

 

"Ah, biçarә, sahibsiz uşaqlar! Nә sәbәbә "bunları" küçәyә qoyurlar?...."  Bu sözlәri qorodovoy fikrindәn keçirәrkәn, "balaca" Markizin әlindәn tutub polisiyә apardı....  Keçәn felyetonu bu sözlәrlә qurtardım. Cavanlaşmaq hәvәsi olan qoca qarelәrimizdәn tәvәqqe etdim ki, hekayәnin nәticәsini bilmәk istәyәnlәr bir az sәbir etsinlәr.

 

İştә siz dә sәbir ediniz. İndi cavanlaşmış Markizin başına nә gәlmәyini bilmәk istәyirsiniz....  Ah, qoca әfәndim! Nә söylәyim, özünüz bir yaxşı fikir ediniz....  Altmış-yetmiş sinnindә qoca kişi bu gün gözünüzün qabağında küçәyә çıxa, "Mәn Liliya xalamın yanına oyuncaq almağa gedirәm. Mәni sәn incitmә, yoxsa gedib anamaşikayәt edәrәm. Mәn yolumu itirmişәm", deyib küçәnin ortasında ağlaya-ağlaya: "Mama, Papa, Qağa, Lulu!" deyә, belә bir qoca kişiyә siz nә tövr baxacaqsınız?

 

Divanә deyib dә ondan qaçacaqsınız, belәmi, әfәndim? Lakin qorodovoy haman "tifil" qoca qeyrilәrinә әziyyәt yetirmәsin deyә әlindәn tutub polisiyә aparacaqdır.

 

Polisә isә Ermәnikәndindә olan azarxanaya göndәrәcәkdir....

 

"Ah, qoca әfәndim, dәrdinizә әlac tapılmayır. Cavan olmaq çox istәyirsiniz, lakin mümkün deyil, әfәndim!"

 

"Gәr qara daşı qızıl qan ilә әlvan edәsәn

Rәngi tәğyir tapıb, lәli-bәdәxşan olmaz".

 

Solmuş gülü diriltmәkmi olar? Köksüz ağacı becәrmәkmi olar? Yox, әfәndim, bu mәsәlәlәrdә dәhrә ilә müharibәyә çıxmaq olmaz....  Sizin üçün keçәn günlәr vaqiә olacaqdır. Bir dә o günlәri görmәyәcәksiniz....  Gördüklәriniz keflәri edә bilmәyәcәksiniz....

 

Cavanlaşmağa hәvәsiniz çox da artıq olsa, Markizin gününә düşәcәksiniz....

 

Yox, zәngin qoca әfәndim! Bu "xәyal-plovdan" әlinizi üzünüz. Bir qeyri fikirdә bulunmağınızı rica ediriz. Gedәn günlәrdәn heyfsilәnmәmәk. Cavan olmaqdan muradınız nәdir? Tutalım ki, indi cavan oldunuz. Cavan olub da hәmişә bu cavanlıqda qalmaq istәyәsiniz! Belәmi? Yәni hәmişә baqi qalmaq istәyәcәksiniz.... Bәdәniniz lәzzәt çәkmәk istәyәcәkdir. Fәqәt, görürsünüz, bәdәn rüzgarın sәdәmәlәrinә davam etmәyir. Puç olur; hamanlәzzәt çәkәn bәdәn axırda hәşәrata nәsib olur. Bir yaxşı fikir ediniz! Nә alәmdir! Dünәn qu tükü balışda bәslәnәn bәdәn indi qara torpaqda yatır....  Dünәn cәmi dünyanı kәndi ixtiyarına almaq istәyәn bәdәn indi üç arşın bezә kifayәt edir, dünәn әlvan parçalar, qızıl-gümüş, qaş-daş ilә bәzәnәn bәdәn indi üç arşın bezә bürünmüş, dünәn әn heybәtli heyvanları әlindә qul edәn bәdәn, indi özü balaca qurdlara yem olmuş! Dünәn nazü-niyaz ilә bәslәnәn, uğrunda malü-mülk, din vә iman, millәt, insaniyyәt fәda edilәn bәdәn, bu gün bir hala gәlmiş ki, әl sürtmәkdәn çәkinirsәn, iyrәnirsәn!....  Әlin dәysә, gәrәk bir neçә dәfә sabun ilә yuyub tәmizlәyәsәn!....

 

Bundan daha fәna, mәnasız şey olarmı? Birdәmi başınızdakı yüz min qara yazıları, yüz min fikirlәri diriltmәk istәyirsiniz? Yenәdәmi kәndinizi yüz min dәrә-tәpәlәrә, yüz min quyulara, girdablara, açılmaz düyümlәrә, rüzgarın yüz min oxlarına mübtәla etmәk istәyirsiniz? Yenәdәmi gündә min dәfә nәfsinizi satmağa, pәrvanә kimi odlara yandırmağa, saatda dәfәat ilә ölüb-dirilmәyә, tәk bir nәfs üçün min nәfsi puç etmәyә, vicdanınıza minlәrcә lәkә salmağa çalışırsınız?!....  Bundan, bundan ötrümü cavanlaşmaq istәyirsiniz? Yoxsa bir "ali" fikirdәn ötpü. Yoxca sizә peşmanlıq üz verir?

 

Hәyatınızın axırda puç olmağını, özünüzdәn sonra bir nişangah qalmamağını, adınızın bilmәrrә pozulmağını indi düşünüb dә sәhvinizi düzәltmәk istәyirsiniz? Fәqәt nә ilә? Nәyin vasitәsilә? Paraxodlara malik olmaqlamı, zavodlar, saraylar, kaşanәlәr bina etmәklәmi? Ya әllәrindәn miras yemәkdәn başqa bir şey gәlmәz övladları tәrk etmәklәmi adınızı baqi qoymaq istәyirsiniz? Bir oğul ki, onun sәbәbinә qumarxanalarda, qәstinlәrdә, meyxanalarda qatillәr, mütriblәr, "mәşhur" arvadlar mәclislәrindә adınız çәkilәcәkdir! Bundan ötrümü "novruzu" geri qaytarmaq istәyirsiniz? Bundan ötrümü hәyatınızı tәzәlәmәyә ciddü-cәhd edirsiniz? Ah, biçarә zәngin qocalar!

 

Markizlәr! Bu murad ilә "tәzәdәn dünyaya gәlmәk" istәyirsiniz isә, istәmәyiniz! Bir bәdәn lәzzәtindәn, mәxsusi nәfsinizdәn ötrü isә vay sizin halınıza! Bәdәnin yoldaşı ruhu bilmәrrә unudursunuzmu? Unutmayırsınız isә, ruhunuza yem aramaq istәyirsinizsә cavanlaşmağa ehtiyacınız yoxdur, әfәndim! Bәdәninizin puç olmağına bir gün, bir saat qalmış da ruhunuza lәzzәt verә bilәrsiniz. Adınızı dillәrdә baqi qoyarsınız, yetmiş ilin әrzindә etdiyiniz xәtaları düzәldәrsiniz,....  Vasitәmi soruşursunuz?

 

Vasitә çoxdur, әfәndim! Lakin sizә, әqidәnizә, sinninizә münasib vasitә söylәmәyәcәyiz. Sizә demәyәcәyiz: bir qız mәktәbi açınız, millәtә tәrbiyәli, mәlumatlı qızlar, analar hazırlayınız, çünki uşaqlarımızın tәrbiyәsizliyindәn atalarımız, analarımız qanlı yaşlar tökürlәr. Onların tәrbiyәsizliyindәn әcnәbilәrә gülünc olmuşuq....  Sizә demәyәcәyiz: darülfünunlar açınız. Çünki ümumi vәtәn, millәt işlәrindә elmsizlik bizi ayaq altına verir. Sevdiyiniz din-mәzhәb hamisiz qalır....  Sizә demәyәcәyiz: hal-hazırda hürriyyәtә çalışınız, hürriyyәtpәrәstlәri dost tutunuz, onlara kömәk ediniz, çünki onlardır әsil insaniyyәtә yol açanlar, onlardır millәtlәri, mәzhәblәri, bir-birlәrinә yavıqlaşdıranlar. Onlardır fәqirlәrin, kasıbların pәrәstarı, onlardır möhürlü ağızları açanlar, paslanmış ağıllara seyqәl verәnlәr, ixtiyarsızlara ixtiyar verәnlәr, qulları azad edәnlәr, әdalәti meydana gәtirib zülmü puç edәnlәr. Bunlardır yüz illәr ilә gizli-gizli bizә quyu qazanları indi aşkar edәnlәr. Kor gözlәrimizi açanlar, kar qulaqlarımızı dәlәnlәr. Dәrdlәrimizi göstәrәnlәr. Fәryadımızı eşidәnlәr....

 

Yox, әfәndim! Bu barәdә dә söylәmәyәcәyiz. Vaxtınız keçibdir....  Hәmçinin söylәmәyәcәyiz: yetim, oxuyan uşaqlara kömәk ediniz. Darülfünunlarda hәftәlәr ilә ac qalan tәlәbәlәrә rәhm ediniz, çünki gәlәcәkdә bunlardır qәlәm müharibәsindә qabaqda durub düşmәnә cavab verәnlәr, bunlardır dininizә, dilinizә böhtan deyәnlәrin kizblәrini üzlәrinә vuranlar, bunlardır millәtә, vәtәnә dair mәsәlәlәrinizi layiqincә hәll edib asana çıxaranlar....  Yox, bunu da sizdәn tәlәb etmәyәcәyiz: bu mәsәlә dә cüzidir. İstәdiyiniz "şan vә şövkәti" bununla qazana bilmәyәcәksiniz.... Bir ya iki yetim, fәqir uşağı oxutmaq ilә istәdiyiniz "adı" qazana bilmәyәcәksiniz, fikir edirsiniz: biz filan uşağı oxutduq, qurtardı. Onun alnında yazılmayıbdır ki, bunu filan hacı, filan tacir oxudubdur. Bir dәfә qәzetdә yazmaq ilә bizә kifayәt etmәyir....

 

Habelәmi әfәndim?! Belәdirsә, hәmişәlik yetimlәr üçün bir mәktәb açınız, aldığınız prosentlәrin cüzi bir hissәsini bu xeyir işә vәqf ediniz, bir uşaq yox, minlәrcә uşaqları xoşbәxt ediniz. Minlәrcә ata-analarımızı qazamatların, sudların qapılarından çәkindiriniz, saldatların ürәyә dağ çәkәn sözlәrindәn xilas ediniz....  Hәm hәyatınızda, hәm hәyatınız puç olandan sonra adınız söylәnәcәkdir. Ruhunuz tәzә qalıb cavanlaşacaqdır....  Siz bina etdiyiniz mәktәbdәn tәrbiyә alıb qurtaran uşaqlardan xeyirli işlәrin, yaxşı әmәllәrin sadir olduğunu atalarımız, analarımız gördükcә sizlәri yada salıb rәhmәt oxuyacaqlar....

 

Bәlkә bu xeyir iş dә sizin ürәyinizdә yer tapmayır. Ağlınız, әqidәniz ilә sağdış etmәyir. Fikir edirsiniz: elm dünya üçündür, doğru, mәktәbin hәmişәliyi mәni, adımı baqi qoyacaqdır, lakin orada oxuyan uşaqlar elm tәhsil edib kәndi dünya mәnfәәtlәri üçün çalışacaqdır. Dünya elmlәrini oxuyub, kim bilir nә әqidәdә olacaqdır?....  Mәnim axirәtimә nә mәnfәәt?

 

Böylә isә, buyurunuz, әfәndim! Bir nicat yolu da göstәrmәk istәyiriz: siz dininizi, mәzhәbinizi sevәnlәrdәnsiniz....  İnsan qocalanda dinpәrәst olar....  Cavanlıqda buraxdığı namazları qәza qılar, yediyi orucları tutar. Dininizә rövnәq vermәk istәyirsiniz....  Dinә rövnәq verәnlәri dost tutursunuz....  Belә isә ruhanilәr üçün bir mәktәb açmağınızı gözlәyiriz. Oxuyursunuz, görürsünüz: hal-hazırda ruhanilәrimiz zәmanәnin tәqazasına hazır deyillәr. Xәtaları, sәhvlәri çox, mәlumatları az. Qeyrәtlәri var isә dә "әllәrindә olan yaraq" koşdur, kәsmir .... İndi bunlar üçün bir mәktәb, duxovnı seminariya açıb zәmanәnin tәqazası ilә tәrbiyә vermәyә, elm kәsb etdirmәyә sözunüz nәdir? Bunlar dininizә rövnәq verәn deyillәrmi? Axirәtinizә dair mәsәlәlәri hәll edәn bunlar deyillәrmi? Xeyrinizdә, şәrinizdә, mәclislәrin başında oturanlar, diri ikәn sizә tul ömür istәyәnlәr, ölәndәn sonra namazınızı qılıb rәhmәt oxuyanlar bunlar deyilmi? Әcәba! Belә şәxslәrә kömәk etmәyәndә, belә şәxslәri elmin gücü ilә ucaltmayanda bunların qәlblәrinә, ağılları ilә qüvvәt verib dinin rövnәqi üçün bu vaxtadәk qәsdәn pünhanda saxlanan nöqtәlәri, düyümlәri açmaq üçün pul xәrc etmәyәndә nerәdә xәrc edәcәksiniz, yoxsa fikir edirsiniz burada oxuyan ruhanilәrimiz sizin "ağlınıza" görә "müqәddәs" ola bilmәzlәr?....

 

Ah, zәngin, qoca oxucularım! Başınızı aşağı salıb da nә fikir edirsiniz? Yoxsa yenә dә bir qeyri nicat yolu istәyirsiniz? Nә etmәk, mәn sizin qulluğunuzda durmuşam. Bildiyim, anladığım mәsәlәlәri araya gәtirәcәyәm. Sizin әqidәnizә müvafiq bir nicat yolu da göstәrәcәyәm. Lakin söylәmәk ilә, yazmaq ilә ürәyimdә olan şeyi desәm dә sizin ürәyinizi yumşalda bilmәyәcәyәm. Gәrәkdir sizin әlinizdәn tutub bir yerdә seyr edәk, qaranlıq, nәmli zirzәmilәri, padvalları gәzib orada yarımcanları, can verәnlәri göstәrәm: biçarә, sahibsiz, beş balaca yetim sahibi arvad quru yerdә uzanıb, başının altında balış yerinә әski-üsküdәn toplanmış düyünçә! Qızdırmanın, baş ağrısının hәrarәtindәn balıq kimi çabalayır; әllәrini yerdәn-yerә vurub qabıq qoymuş dilini çıxarır. Çatlamış dodaqlarını sorur....  Amandır, balalarım, bir qaşıq su, su deyib gözlәrini yetimlәrә süzdürür. Dilli balalar isә "ana, suyumuz yoxdur" deyib, boyunları buruq cavab verirlәr....  Dilsizlәr hәrә bir güncdә palçığa  bulanmış, aclarından nalә edirlәr....  Yarımcan arvad balalarından utanıb daha su istәmәyir. Üzünü әli ilә tutub gözlәrindәn qanlı yaşlar tökür....  Sonra әllәrini dayaq verib sümüklәri dәridәn görünәn cәmdәyini yarımqiblә edir....  Bunu görüb dә deyәcәksiniz: allahı sevәrsiniz, mәni xilas ediniz. "Tamaşa" üçün qeyri padvala, zirzәmiyә daha getmәyirәm.... Nә istәyirsiniz mәndәn alınız, buraxınız mәni.... Mәnim böylә әhvalatları görmәyә ürәyim yoxdur. Bu danışıqda qeyri zirzәmidәn yenә dә "Çörәk! Su!" sәdası gәlir....

 

Ah, qoca, zәngin qardaş, imarәtinizә, xalılar ilә döşәnmiş otağınıza, tövrbәtövr xörәklәr ilә zinәt tapmış süfrәnizә, xörәkdәn sonra iskәncәbi ilә buzlu su içmәyә vә sonra qәlyan xoruldadıb qu tükü balışlarda rahat olmağa nә tez qaçırsınız? Hәlә belә zirzәmilәrdә can verәnlәrin mindәn birini görüb ürәyiniz xarab oldu. Hamısını görsәydiniz Markiz kimi qorodovoya nәsib olardınız....

 

İndi yenәdәmi bir söz tapacaqsınız? Yenәdәmi qan ilә dolmuş ürәyinizi daş etmәk istәyәcәksiniz? Yenәdәmi bir sәbәb tapıb qeyri nicat yolu arayacaqsınız? Araya-araya nicat yolu tapmayıb o dünyaya köçmәyinizdәn qorxuram.

 

Yox, әfәndim, vaxtı fövt etmәyәcәyiz. Susuzluqdan dodaqları çatlayanlara, yüngül mәrәzә mübtәla olmuş, yersizlikdәn, quru çörәksizlikdәn, vaxtsız ölüb yetimlәri başaçıq, ayaqyalın küçәlәrә salanlara bir xәstәxana, bir darülxeyrat tәamxanası bina etmәkdәn baş qaçırdıb da, yenәdәmi "millәt", "insaniyyәt" sözlәrini ağzınıza alıb çeynәyәcәksiniz?

 

İştә bu sözlәr dә sizin әqidәniz ilә düz gәlmәsә, eşitdiyiniz әhvalat daş olan ürәyinizi yumşaltmasa, mәn dә sizin barәnizdә daha bir dә felyeton yazmayacağam. Buna siz şad olursunuz. Fikir edirsiniz: "Bizim dә istәdiyimiz budurki, bizi rahat qoyasınız, bizim barәmizdә heç bir şey yazmayasınız".

 

Biz sizi rahat qoyduq....  Әcәba! Vicdanınız sizi rahat qoyacaqmı?