HӘFTӘ FӘRYADI

 

 

 

 

Qocalar barәsindә yazdığım iki felyeton әsәrsiz keçmәdi. Mәn bir şey gözlәyirdim....  Mәn zәngin qocalar tәrәfindәn bunu gözlәyirdim: zәngin qocalarımız axırıncı felyetonumu oxuyub mәnә yazacaqlar: "Cәnab Nәr! Biz filankәslәr zirzәmidә 5 nәfәr yetimlә ac, susuz can verәn arvadın barәsindә oxuyub vә bir ayağımız burada vә bir ayağımız o dünyada olmağını hiss edib banklarda prosent-prosent üstә qalanan pulların müamilәsinә allah yolunda müsәlmanlar üçün bir azarxana, ya әlsiz, ayaqsızlar üçün, qoca arvadlar, kişilәr üçün bir boqodelnya (...) darülәczәlәr açırız, tәvәqqe ediriz bizә bir yol göstәrәsiniz, nә tövr hәrәkәt etmәk ki, mәqsәdimizә çataq....".

 

Mәn bәdbәxt, zәngin qocalarımızdan belә bir kağız gözlәyirdim, gözlәmәyә dә haqqım var idi. Qoca zәnginlәrimizin "damarlarından" tutub meydana çәkdim, sınamaq üçün hamı әhvalatı söylәdim, nerәyә çәkdimsә, "yox, bizim işimiz deyil", deyib qaçdılar. Axırda bir yerdә bir әhvalatda lәngәr saldım ki, daha bir yana çıxmaq mümkün deyil idi, bir bәhanә gәtirmәk olmazdı....  Bizim zәngin qoca qarunlarımız qәdimdәn İran ilә o qәdәr gәmilәr vasitәsilә "oğurluq mal--kandraband" alış-verişi ediblәr ki, lәngәri nerәdә salmağını bizdәn yaxşı anlayırlar, nәinki bizdәn, kurs qurtarmış losmanlardan da, komandirlәrdәn dә yaxşı bilirlәr....

 

Nә isә, hәlә "tora" düşmürlәr, görünür, kәndi  vicdanını tәmizlәmәyә bir şey tapırlar....  Axirәt üçün hәrә bir savab qazanıb ona ümid bağlayır....  Mәnim sözlәrimi  oxuyub da kәndi-kәndinә söylәyir: "Biçarә Nәr! Sәn qәzeti boş sözlәr ilә doldur, çığır, bağır, bizdәn sәn yazdığın  zirzәmilәrdә "yarımcanlara", "can verәnlәrә" imdad olmayacaqdır....  Biz hәr "oyunla" pul qazanmışıq. Gündә bir  dәfә yox, min dәfә nәfsimizi, vicdanımızı satmışıq. Kimin nә borcu? Bu dünyamız xoş keçibdir vә keçir, kimin  nә işi? Yoxca gözünüz götürmür? Hәsәd edirsiniz? Sizin nә borcunuz biz axirәtә nә üzlә gedәcәyiz? Bizim vicdanımız nә halda  olmağı bizә mәlumdur....  Sizә nә düşübdür ki, bizim halımıza yanıb fәryad edirsiniz. 

 

"Biz nә etmiş olsaq da", indi vaxtında orucumuzu tuturuz, namazımızı qılırız, axırda da yәni axır nәfәsimizdә allahdan әfv etmәyib o dünyaya köçәcәyiz. Belә bir adamın yeri o dünyada nerәdә olmalıdır?! Cәnab Nәr! Siz "Elmi-ilahini" oxumayıbsınız, "vaizlәrә" qulaq asmayıbsınız, ona görә belә işlәri bilmirsiniz, bilsәydiniz yәqin ki, boş yerә vicdandan dәm  vurmazdınız". Ola bilsin ki, zәngin qocalarımızın bir parası felyetonlarımızı düz anlayıb öz-özünә belә bir söhbәt edibdir. Lakin bir parası, görünür, anlamayıbdır. Dәlilim var. Zәngin qocalardan bir neçәsi bu günlәrdә mәnә bir kağız yazıb deyir: "Cәnab Nәr! Bir hәftә bizim gözümüzü yolda qoydunuz. Gecә-gündüz şükürlәr edirdik ki, dәrdimizә әlac tapıldı, siz isә mәqalәnizin axırını zarafata döndәrdiniz, bu nә olmalı? Yoxsa siz әcnәbi dilindә yazılan mәcmuәni--jurnalı oxuyub yaxşı anlamırsınız? Bir dә diqqәtlә oxuyunuz....  Yazdığınızdan aşkardır, cәnab professorun Markizә verdiyi dәrmanda bir әlamәt var imiş ki, qoca Markizi uşaq kimi oynadırmış. Siz jurnalı oxuyub dürüst anlaya bilmirsiniz, adını bizә deyiniz. İndi әcnәbi dillәri oxuyub anlayanlarımız pәk çoxdur, onlar  oxuyub da bizә lazım olan dәrmanı bildirәrlәr. Әhvalat hansı jurnalda yazılmağını bizә mәlum etmәsәniz, biz dә  bir para "uşaqlar" kimi әlinizdәn protest verәcәyiz ki, bundan sonra siz yazdığınız kitabçaları, mәqalәlәri  oxumayacağız. Görәk, onda "kimә" yazacaqsınız?"

 

Qәh-qәh-qәh! Hәqiqәt deyirlәr: insan qocaldıqca "uşaq" xasiyyәtindә olar, doğru imiş!

 

Yox, qoca әfәndilәr! Әbәs yerә özunüzә zәhmәt vermәyiniz: protest yazmaq üçün gәrәk bir yerә yığılasınız "әqil-әqilә verib xәyal plovu yeyәsiniz" fikrinizi yazan rәhimlәr, kәrimlәr, mahmudlar tapmalısınız....  Sonra yazdığınızı tәrcümә etmәlisiniz. Bir pozub, bir dә yazmalısınız. Axırda söz tapmayıb deyәcәksiniz: bir elә "şey" yazaq ki, jurnal tez versin, tainki "dәrdimizә әlac" olsun! Ya bir elә adamı qabağa vermәk ki, "utanıb" onunla "çırpışmasın".

 

Yox, qoca әfәndilәr! Bu fikir ilә meydana gәlәcәksiniz isә, gәlmәyiniz. "Mәn sizdәn tez protest" vermәyimi qәsdәn anlamasanız da, mәn dediyim sözün üstә duracağam....  Lakin siz mәnim sözlәrimi anlamasanız haqqınız var, mәn sizdәn  rәncidә olmaram.

 

İstәdiyiniz jurnalın adını deyirәm, buyurunuz, әfәndim! Jurnalın adı: "Vnuşeniye"--"Tәlqin"dir.

  

"Tәlqin" sözünü anlamağınıza şübhәm yoxdur, әfәndim! Ölüyә tәlqin verәndә görübsünüz, eşidibsiniz....  Fәqәt siz ölümdәn qorxursunuz, ona görә ölülәrdәn söhbәt etmәyi lazım bilmiriz. Biz dirilәrdәn bәhs edәrik: dirilәrә nә tövr tәlqin verilmәyini bilmәk istәriz, elәmi? Belә isә indi professorun qoca Markiz ilә söhbәtini yadınıza salınız: Markiz Mumiileyh professorun adını çoxdan eşitmişdi. Onu böyük ülәmalardan hesab edirlәrdi. Açıq demәli: Markiz professora çox inanmışdı....  Professorun "mәn sizә kömәk edәcәyәm", yәni cavanlaşdıracağam sözlәri Markizin qәlbindә yer etdi. Dәrmanın әsәri bir saatdan sonra bәdәndәn yox oldusa, professorun sözlәri getdikcә Markizә ürәk verib "cavanlaşdırır idi...." Bәli, tәlqin vermәk vә tәlqinә uymaq böyük bir halәtdir!

 

İndi bir para hәkim "tәlqin ilә" müalicә edir, naxoşun azarı da olmuş olsa, "sәndә heç bir şey yoxdur" deyib naxoşu sakit edir. Bir azdan sonra görürsәn naxoş, hәqiqәt, azarından şikayәt etmәyir....  Lakin belә bir müalicә hәkimin hünәri deyil. Naxoş hәkimә gәrәkdir inansın, onda bir "qüvvәt" gәrәkdir bilsin....  Zindәganlığınıza yaxşı diqqәt etsәniz, belә әhvalatları yadınıza salarsınız. Özünüzdә görmәyibsinizsә dә, özgәdә görübsünüz, eşidibsiniz, mәsәlәn: bir adam dәfәat ilә naxoşlayıb bir hәkimin müalicәsilә qurtarıbdır. Sonra yenә dә hәmin adam azarlayır. Bunu hәmişә müalicә edәn hәkim ittifaqәn şәhәrdә bulunmayır. Qeyri bir hәkimi dәvәt edirsiniz. Naxoş "rahat" olmur. Yenә bir  qeyrisini gәtirirsiniz. Yenә dә bir şey olmur. Şәhәrin әn mәşhur, әn mәlum tәbiblәrini dәvәt edirsiniz, naxoş yenә dә "rahat" olmur....  Axırda naxoşun istәdiyi tәbib şәhәrә gәlir, onu dәvәt edirsiniz, tәbib mәzkur naxoşun azarını tapıb özündәn irәli gәlәn hәkimlәrin dәrmanlarını azara müvafiq görür. Özündәn bir qeyri dәrman yazmağı lazım bilmir....  Çünki azar çoxdan rәf olubdur. Lakin naxoş "rahat olmur", xülasә, bu tәbib dә keçәnlәrin müalicәlәrini öz ürәyindә tәsdiq edir.

 

İndi nә etmәk? Naxoş "rahat" olmur. Mәzkur tәbib naxoşun buna bağladığı ümidini yaxşı anlayır....  Bir az fikirdәn sonra "xeyirsiz-zәrәrsiz" bir dәrman yazır. Nüsxәsini yazıb naxoşa deyir: "Bu dәrmanı filan vaxtlarda içәrsiniz. İki gündәn sonra azarınız rәf olacaqdır".

 

Bu sözlәr naxoşa kifayәt edәrdi, naxoş azardan çoxdan xilas olmuşdu, lakin "rahat" olmurdu....  İndi rahat oldu; "iki gündәn" sonra naxoş özünü salamat hiss edir.

 

İndi bu da bir tövr vnuşeniye--tәlqindir! Tәlqin tövrbәtövr olar. Lakin dürüst fikir etsәniz, tәlqinin aqibәti hәmişә bir balaca gülüş çıxar....

  

Keçәn ilәdәk "dövlәt" Rusiya millәtinә, kәndlilәrә tәlqin verib deyirdi: siz bizimlә olunuz, ancaq bizә ümid bağlayınız. Bizik sizin bәdәninizi, ruhunuzu mühafizәt edәn, bizik sizin balalarınızın "pәrәstar"ı, bizik sizin әlinizdә olan nemәtlәrin sәbәbi, biz olmasaq "ata-babanızın" torpağında oturub "sayәnizdә" dolanacaq edәn qeyri millәtlәr әlinizdәn ixtiyarınızı alıb sizi kәndilәrinә qul edәcәklәr.

 

Bunlara inanmayınız, sözlәrinә uymayınız, hürriyyәtә dәvәt edәnlәri kәndlәrdәn qovunuz, öldürünüz ...  bu tәlqin rus kәndlilәrinә dövlәt tәrәfindәn yüz illәrlә verilib onların qulaqlarını doldurmuşdu. Rusiya millәti isә kәndi "dövlәtindәn" başqa qüvvәtli dövlәt bilmәyirdi, ona inanmışdı. [...]

 

Siz elә bilirsiniz tәlqinsiz meydana çıxmışdılar? Yox, әfәndim! Hәr iki tәrәf lazım olan tәlqini almışdı. Uyamaya tәlqin verәn ümumi millәt, vәtәn idi. Kuropatkinә tәlqin verәn hörümçәk kimi biçarә millәtin qanını soran bürokratlar idi....  Yapon saldatına tәlqin verәn, "gediniz vәtәni düşmәnin әlindәn xilas etmәmiş geri qayıtmayınız" --bu sözlәri deyәn arvadlar idilәr. Rus saldatına tәlqin verәn, "gediniz, bizim cibimizә" milyonlar gәtirәn "meşәlәri xilas ediniz" sözlәri ilә meydana çıxan bürokratlar idi. Bizim saldatlara daha ziyadә "tәlqin" verәn biçarә, ac-susuz, çılpaq yetimlәr ilә qalan arvadlar idi. Qanlı yaşlar töküb qoyun sürüsü kimi dәmir yollarına tökülüb deyirdilәr: "indi ki bizim pәrәstarlarımızı әlimizdәn alırsınız, biz dә canımızı onları aparan vaqonların altında hәlak edәcәyiz...." İşin aqibәti nә oldusa bilirsiniz ...  hansı tәlqin qüvvәtli olmağını gördünüz, tәlqin ilә tәlqindә tәfavüt var, tәlqin verәnlәrdә hәmçinin.

 

İndi Duma ilә vәzirlәrә diqqәt ediniz! İkisinә dә lazım olan tәlqin verilibdir. Dumaya tәlqin verәn yüz illәrlәağzı möhürlü, ixtiyarlarını itirmiş millәtlәr, yersizlikdәn, aclıqdan milçәk kimi qırılan 80 milyon kәndli, saraylarda әylәşib başlarından, әllәrindәn bir şey gәlmәyәn "xozeyinlәrә" işlәyәn, әllәri qabarmış, dürlü azarlara mübtәla olmuş fәhlәlәr olublar. Vәzirlәrә isә tәlqin verәnlәr--parazitlәr, müftәxorlar, "400 milyonlar"ı qubernator mәnsәbilә qazananlar ...  olublar....  İndi iki qoç döyüşündә verilәn tәlqinlәrin әsәrlәri mәlum olur. [...]

 

Qoremıkinә üç ay bundan müqәddәm desәydilәr: sәn Vittenin yerini dolandıracaqsan, acığı tutardı, belә bir fikir edәrdi ki, bu sözlәri ona deyib istehza edirlәr, özü öz "çanağında" nә olmağını pәk gözәl bilirdi....  Lakin buna "tәlqin" verib deyirdilәr: ancaq premyer, baş vәzirlik mәnsәbinә sәn layiqsәn.... Qoremıkin öz-özünә fikir edib dedi: "hәqiqәt, ola bilsin ki, mәn kәndi "çanağımda" olanı yaxşı bilmirәm, qeyrilәr "ona" mәndәn artıq qiymәt qoyurlar. Habelә isә mәn dә meydana çıxalım....".

 

Meydana çıxdı öz "әqlinә" böyük ümidlәr etdi, getdikcә "özü-özünә", yәni premyerliyә layiq olmağına inandı ...  axırda halı Markizdәn yaman oldu. Markizin hәrәkәtinә bir qorodovoy güldüsә, biçarәnin hәrәkәtinә Rusiyadan savayı qeyri dövlәtlәr güldü!....

 

Bәli, tәlqin almış adamlarda belә sifәtlәr görünür, "özlәri özlәrini aldadırlar". Mәsәlәn: bir qız bir cavan oğlana hәmişә deyir:--Sәndәn nә gözәl әtir iyi gәlir, yoxsa, bәdәnin әtirsiz belә iylәnir?--Bәli, bәli!--deyib "cavan" cavab verir.--Mәn ömrümdә әtir işlәtmirәm, xanım! Belә әtir iyi ancaq "cavan" bәdәndәn gәlәr. Özgәni inandırarkәn özünü dә inandırır....  Ya xeyr, "әta olundu" sözü ilә "alındı" sözünә fәrq qoymayan bir şәxs, görәrsiniz birdәn-birә "mühәrrir" oldu. Özgәyә tәlqin verdi, o da inandı....  Ya xejp, "küçәlәrdәn xәbәr verәnlәr" bir dә baxdınız ki, "başından böyük" bir mәsәlәni götürüb qәzetәlәr sütunlarında hәll edir, sözlәrinin nә başı, nә ayağı olmağını özü dә anlamır.... Lakin nә etmәk? Kişini "mühәrrir" hesab edirlәr, gәrәk bir şey yazsın....

 

Belә tәlqin almış özlәrini aldadan cavanlarımız indi göbәlәk kimi çoxalır, bünövrәlәri olanlar bәlkә özlәrini aldada-aldada bir yana çıxalar. Lakin bünövrәsizlәrin vay hallarına! Özlәri-özlәrini axırda rüsvay edib rus vәzirlәri kimi "vicdan" sözünü "lüğәtdәn" oğurlayacaqlar....  Belә adamları zәmanәyә tapşırmalıyız....