HӘFTӘ FӘRYADI

 

 

 

 

Bu gün mәşhur rus şairlәrindәn Krılovun "Abirin vә gilab" ünvanında olan hekayәsi xatirimә gәlibdir. Çox pürmәna bir hekayәdir! Qulaq veriniz:

 

"Bir gün iki yoldaş yol ilә keçirlәr vә öz işlәri haqqında söhbәt edirlәr. Birdәn dәrvazanın altından bir böyük it "öö ... öö" edib bunlara hürdü. Bunun sәsinә bir neçә it hürmәyә başladı. Bir az keçmişdi әlliyә qәdәr it cәm oldu. Yoldaşların biri istәdi bir daş götürüb bunlara atsın. O biri yoldaşı buna mane olub dedi: "Qardaşım, dur, dur, sәn sәhvdәsәn, bir daşla sәn itlәrin sәsini kәsmәyәcәksәn, bәlkә daha ziyadә hirslәndirib hürmәyinә bais olacaqsan. Yaxşısı budur ki, öz yolumuz ilә gedәk. Mәn bunların xasiyyәtinә yaxşı bәlәdәm". Hәqiqәt, bunlar on addım qәdәr irәli keçәndәn sonra itlәr yavaş-yavaş sәslәrini kәsdi. Bir azdan sonra sәslәri heç çıxmadı.

 

Bu hekayәdәn sonra cәnab Krılov qissәdәn hissә nә olduğunu söylәyir: ürәklәri büğz vә fәsadla dolu olan hәsud adamlar hәr nәyi görsәlәr mütlәq ona irad tutub hürmәk istәrlәr. Sәn isә öz yolunla get, bunların "öö ... öö"-sünә qulaq vermә, hürәrlәr, hürәrlәr, axırda sәslәrini kәsәrlәr.

 

Tarixi-әdәbiyyatdan belә mәlum olur ki, bu hekayәdә Krılov kәndi halını yazıbdır. Bunun gözәl vә mәnzum hekayәlәrinә vaxtında hәsәd aparan çox imiş. "Krılov yazmaq bacarmayır, ya pis yazır, ya yazdığı hekayәlәrdәn insana mәnfәәt yoxdur"--deyib hәsud münәqqidlәr hürәrlәrmiş, havlarmışlar, halbuki Krılovun yüz iyirmi il bundan müqәddәm nәzm ilә yazdığı hekayәlәr, misallar, indi dә mәktәblәrdә oxunur, әzbәrlәnir, hәr kәsi müstәfid edir. Rusca bir oxuyan tapmazsınız ki, İvan Andreyeviç Krılovu tanımasın.

 

"Krılov baba" hamı mütәmәddin millәtlәrdә mәşhurdur. Buna "baba" qocalığına görә demirlәr, bәlkә dünya görmüş bir nәsihәtçi olduğuna görә deyirlәr.

 

Bәli, Krılov baba zikr olunan hekayәdә öz halını qәlәmә gәtirsә dә, bizә dә bir böyük dәrsi-ibrәt vermiş olur. "İt hürәr karvan keçәr, yel qayadan nә aparar" türk mәsәli kimi bizә deyir: ağılları paslanmış, gözlәri korlaşmış, ürәklәri bürz vә hәsәdlә dolmuş, qabiliyyәtsiz, korafәhm adamların "öö ... öö"-sünә, qeylü-qalına heç bir vaxt qulaq vermәmәk, onların taqsırlarından keçmәk. Hürәrlәr, qoy hürsünlәr, sәn başını aşağı salıb öz işinin dalınca get. Hövlәyә-hövlәyә axırda yorularlar, sәslәrini kәsәrlәr, vicdanları varsa, bir az qızararlar, dillәrini açmağa daha utanarlar....  Vicdanları varsa! Vicdanları yoxsa, qızarmasalarda axırda yorulub pis hәrәkәtlәrindәn әl çәkәrlәr.

 

Hәp halda, bu adamları ağılları paslanmış, gözlәri  ümmәyә düçar olmuş, әllәrindәn "öö ... öö"-dәn başqa bir şey gәlmәyәn acizlәrdәn hesab ediriz. Çünki bu biçarәlәr bir şeyә irad tutanda xәbәr alsanız nә tövr etmәk yaxşıdır, nә tövr yazmaq, ya nә tövr dolanmaq, ya nә tövr söylәmәk, bunlar hәmişә cavab verirlәr: "Biz belә istәyiriz, kefimiz belә istәyir".

 

Nә sәbәbә? Dәliliniz nәdir?--suallarına bunlardan cavab gözlәmәyiniz. Gözlәmәyәn surәtdә, bunlar ilә nә söhbәt etmәk? Qoyunuz yorulanadәk hürsünlәr!.... Hürsünlәr. Amma bu hürәnlәr dә özlәrini camaat üzvü hesab edirlәr. Binaәleyh bunların yaman sifәtlәrini aşkara çıxarmaq lazımdır. Kәrrat ilә yazmaq, fәna hәrәkәtlәrini, ağılsız, fikirsiz sözlәrini üzlәrinә çırpmaq vacibdir. Camaata gәrәk bildirmәk ki, sәnin aranda belә bir ağılları gözlәrindә, tәrbiyәdәn mәhrum üzvlәr var: ona andırmaq ki, belә adamlar ilә nә tövr rәftar etmәk.

 

Bunların hәrәkәtlәrini örtüb-basdırmaqmı, yainki açıq-aşkara elanmı etmәk, tainki camaat bilib özlәrini vә uşaqlarını bu bәdbәxtlәrin yaman sifәtlәrindәn xilas etsinlәr. "Hürәnlәrin" bir qismi var ki, onları diqqәtsiz qoymaq olmaz!....  Yәqin ediniz ki, bu qism "hürәnlәri" diqqәtsiz qoysa idik, indi Rusiyada qrinqmutlar, kruşivanlar vә әmsalı çoxdan vәtәni "alt-üst" edib öz mәqsudlarına çatmışdılar. Çoxdan hürriyyәt bayrağını darmadağın dağıdıb biçarә kәndlini yenә dә yüz illәrlә ayaqyalın, başaçıq, yarı buğda, yarı arpa qara çörәyә möhtac qoymuşdular. Bunların gizblәrini, iftiralarını, böhtanlarını hәr saatda, hәr dәqiqәdә üzlәrinә vurmasaydılar, biçarә yәhudi millәt" indi rus torpağından yox olmuşdu. Biçarә müsәlmanlar, ermәnilәr indiyәdәk bir-birinin qanını içә-içә Qafqazı Sәhrayi-Kәbirә çevirmişdilәr. Hәr iki millәtin yurdlarında bayquşlar uluyacaq idi!.... Kazanlılar, başqırdlar vә qeyri müsәlmanlar çoxdan missionerlәrә yem olmuşdular....  Әşxasi-müzürrun böyük bәla olmaqlarını camaata vaxtında mәlum etsә idilәr, yәqin ki, yapon-rus davasında milyonlarca canlar tәlәf olmaz idi!....

 

Bәli, bunlar "hürürdülәr, uluyurdular", camaatı uçuruma dәvәt edirdilәr.... Lakin çirkin mәqsәdlәrinә çatmadılar, vәtәnini, millәtini, camaatını sevәnlәr ittifaq vә ittihad edib bunların müqabilinә çıxdılar, uçurumu aşkar göstәrib, qeyri bir yol göstәrdilәr. Nicat yolunu: hürriyyәt, müsavat, әdalәt nә olmağını vә nә tövr hәrәkәt edib qaranlıqdan işığa çıxmağın tәlim-tәrbiyәsini vaxtında verdilәr....  Verib dә bütün vәtәni yüz milyon nüfusu tövrbәtövr bәlalardan xilas etdilәr, yüz illәrlә paslanmış ağır zәncirlәri dağıtdılar....

 

Xeyr, әfәndim, bir zamanlar qudurmuşların "öö ... öö"-sü böyük bir bәla olmuş idi. Hürәnlәrin sözlәrinә, fikirlәrinә, hәrәkәtlәrinә diqqәt etmәmәk olmazdı. Olmazdı deyiriz, ondan ötrü ki, bu qudurmuş qurdların cözlәrinә qulaq asan var idi. Onlara aldanan, onların "öö ... öö"-sünü, ulamasını zümzümә vә nәğmә hesab edәnlәr

var idi, qaranı ağ, ağı qara yerinә işlәdәn az deyil idi vә deyildir dә!....

 

Bәli, hürmәk dә var, hürmәk dә. Açıq söylәmәli: hurәnlәrin "öö ... öö"-sündәn, hәrәkәtindәn ümumi camaat işinә bir zәrәr gәlirsә, onların ağızlarını bir növ ilә, ya heç olmazsa bir üsul ilә yummaq, bağlamaq lazımdır. Hәr halda, bunlara qulaq asılmalıdır! Adamın dalınca, ya xeyr, özünә çox şey deyәrlәr, xüsusәn indi ki, azadәlik verilibdir, nә istәyirsәn söylә, kimә irad tutursan tut, kim-kimәdir!

 

Mәsәlәn, bundan müqәddәm bağda iki arvad bir yerdә oturanda söhbәtlәri bu idi: bu arvadın libası çox uzundur, o qızın paltarının rәngi şlyapasına yaraşmır, filan xanım gәzәndә boynunu әyir....  Nә bilim, daha nә tövr iradlar. Lakin bu sözlәri bir-birinә "pıçı-pıçı" edib yavaşcadan söylәyirdilәr. İndi xeyr, azadәlik verilmәyә görә, görürsünüz öz iradlarını, diqqәtlәrini açıq-aşkara söylәyirlәr. [...]

 

İnanmırsınızsa, buyurunuz bağa, qızlar, arvadlar oturan yerdә oturunuz, qulaq asınız, görәrsiniz belә cәfәngiyat ilә mәşğul olan az olacaqdır. Bu da azadәliyin sәbәbinә; indi xanımlardan, qızlardan "bu gün filan teleqramı oxudunuzmu? Filan yerdә böyük iğtişaş var, eşitdinizmi? Filan vәzir istefa verir, hürriyyәtin filan mücahidi-mәşhuru hәbs olunubdur". Belә söhbәtlәr eşidәrsiniz. Nә isә, indi söhbәtlәrin zәmini dәyişibdir. Ağıllar, zehnlәr qeyri yerdә, qeyri mәsәlәlәrdә işlәyir, irad söhbәti eşidәndә dә bir mәqalәnin, ya bir nişanın pis,  yaxşı yazılmağı barәsindә eşidirsiniz, ya xeyr, filan firqәnin әqidәsi yaxşıdır, ya pisdir, filan firqә sәhv edir, ya düz yol ilә gedir.

 

Hәqiqәt, dürüst diqqәt etsәniz, görәrsiniz ki, zәmanә tәğyir tapıbdır. Adamlar tәhәvvül edibdir, bәli, adamlar bir növ tәhәvvül edibdir ki, indi bir "parә kişilәrimiz dә" irad tutmağa ayaq qoyublar, allaha şükür, "azadәlik" bizә dә sirayәt etdi. Bundan әvvәl "bir para cavanlarımız" arvadlara irad tuturdular, onların hәrәkәtlәrinә, paltarlarına baxıb diqqәtlәrini söylәyirdilәr. İndi "azadәlik" verilmәyinә görә kişilәrә dә irad tuturlar.

 

 

Mәsәlәn, bu günlәrdә "bir para cavanlar" bağda bir böyük ittihad vә ittifaq edib gәlәnin-gedәnin üst-başına, ağzına, burnuna, bığına, saqqalına baxırmışlar....  Axırda ittifaqlarını göstәrmәk üçün oxumuş müsәlmanlardan birinә götürüb bu mәzmunda bir kağız yazırlar: "Filan, tәvәqqe ediriz, saqqalınızı ermәni saqqalına oxşatmayasınız". Ha, ha, ha!

 

Gülürsünüz! Әfәndim, gülmәyiniz, әfәndim! Doğru sözümdür, yoxsa inanmayırsınız, kağızı alan mәnim üstümә gәlmişdi, şikayәt edirdi. Deyir, görürsünüzmü, bizim "bir para cavanlar" nә ilә mәşğul olurlar. Bundan sonra gәl "bunlar" üçün işlә, qanını xarab et....  Hәtta yazanların adları da mәlumdur. Camaat "ağıllı", "kamallı", vaxtın tәqazasına görә söhbәt edәn belәlәrini bilmәk istәsә, qәzetәsiz elan etmәk olar, çünki layiq görmәyiriz "belә cavanlar kompaniyasının firmasına lәkә vurulsun". Ondan savayı, bu "firma" onsuz da mәşhur imiş. Mәn ancaq bilmәyirmişәm. İndi mәn dә bildim. Bu "firmanın" üzvlәrindәn russki-tatarski şkolalarında oxuyublar, rusca oxuyublar. Ola bilmәz ki, Krılov babanın hekayәlәrini oxumamış olsunlar.

 

Ey bәdbәxt millәt! Dәrdimiz, qәmimiz azalmaqdansa, gün-gündәn çoxalır; fәryadımız kәsilmәkdәnsә, gün-gündәn ucalır; gözümüz açılmaqdansa, gün-gündәn örtülür. Ağlımız seyqәl tapmaqdansa, gün-gündәn paslanır....

 

Belә iradları bundan müqәddәm mollalardan, qocalardan eşidirdik, indi "cavanlardan" eşidirik. Afәrin, gәlәcәk millәt balalarının atalarına! Afәrin, etdiyiniz "ittifaqa"!

 

Siz filan oxumuşa saqqal barәsindә nәsihәt veribsiniz, lakin mәn dә sizә nәsihәt vermәsәm dә ürәyimdә olanı deyәcәyәm:--Zavallı cavanlar! Bir adamın saqqalı barәsindә ittifaq etmәkdәnsә, Şişә kәndlәrindә acından, susuzluqdan, dәrmansız, kömәksiz, yurdları viran, uşaqları yetim  qalmış din qardaşlarınızın barәsindә ittifaq edib hәrәniz bircә manat göndәrә idiniz....  Onda bilәrdik ki, dini-islamı saqqal ilә tanımayıbsınız....  Bu yolda iradınız diqqәtә alınardı, bu yolda sözlәriniz eşidilәrdi....  Fәqәt bu hәrәkәtinizdә Krılov baba sizә cavab verәr.