HӘFTӘ FӘRYADI

 

 

 

 

ӘQİDӘ

 

 

Әqidә--inanılan şey, etiqad, inam demәkdir. Yәni insan bir şeyә inanır, ona ibadәt edir, onu hәr şeydәn müqәddәs bilib ruhunu, ağlını, tam vücudunu onun yolunda sәrf etmәyә çalışır....

 

İnsan ya elm, ya tәrbiyә vә ya tәcrübәnin tәsirindәn müәyyәn bir әqidә sahibi ola bilәr.

 

Tutalım ki, bir adam müәyyәn bir әqidә sahibidir. Mәsәlәn, hәyat-dirilik nә olmağını böylә düşünür: dünya beş gündür, beşi dә puç. Bu dünya eyş-işrәt meydanıdır. İkinci dәfә daha bu dünyaya gәlmәyәcәksәn. Bu keçәn gün, keçәn saat, keçәn dәqiqә ömründәn gedir, mümkün olduqca onu ver zövqü-sәfaya, ta ürәkdә qalmasın arzun, köçәndә darülbәqaya.  Bu müәyyәn bir әqidәdir....  Bu әqidәnin sahibi hәyat-diriliyin nә olmağını böylә anlayıbdır. Şәksiz, bunun feli,  qövlü, ruhu, hissiyyatı әqidәsinә müvafiq gәrәkdir hәrәkәt etsin.

 

"Dünya beş gündür, beşi dә puç" әqidәdә olan nә tövr gәrәkdir zindәganlıq keçirsin? Sәhәr yerindәn durub çayını içәr,  çaydan sonra ya kantora, ya dükana vә yainki zavoda gedәr. Namaz qılır, qılmayır, o bizim işimiz deyil, özü bilsin, öz  allahı. Günlük mәişәtindә öz hәmcinslәri ilә nә tövr rәftar edir, kimi aldadır, hankı yetimin pulunu yeyir, hankı  adama quyu qazıyır, bu da bizim işimiz deyil. Fәqәt onu bilirik ki, günorta aş qazanını doldurub kәllәni atır, axşam  yenә dә çay içib, xörәk yeyib, qәlyanı xoruldadır vә sonra bir az uşaqlar ilә oynayır, bir az da arvadına yaxşı-yaman deyib  genә dә kәllәni atır.

 

İl uzunu bu tövr ömür keçirir. Fәqәt haman bu әqidәdә olub da bir parası, yәni bir para rәndәlәnmişlәr, üzdәn pak, tәmiz, ruh sarıdan әn zәiflәr, axşam çaylarını vә xörәklәrini klublarda yeyәrlәr. Bunlar da dünәnki әrәqçin örtәndilәr. Fәqәt zәmanәnin tәqazası kluba getmәyi, klubda çörәk yemәyi, sәhәr saat üçә, dördәdәk qumar oynamağı bunlardan tәlәb edir. Yaxşı fikir versәniz, görәrsiniz hәqiqәt bu iki qisim adamların müәyyәn bir әqidәsi vardır, yәni, dünyaya nә üçün gәlmәklәrini bu tövr anlayıblar; hәyat nә olmağını bu tövr düşünüblәr. Bunlarıi hәrәkәtlәri, yәni durub-oturuşları, bütün hәyatları müәyyәn bir әqidәdә olmaqlarını göstәrir: dünya beş gündür beşi dә heç. İnsan yaranıbdır ölmәkdәn ötrü, ye, iç, kef et, dünyanın hәr bir lәzzәtini dad!....  Böylә bir әqidә sahiblәrinә, әqidәlәrinә müvafiq zindәganlıq edәnlәrә mәn heç vaxt tәәccüb etmirәm, çünki bir şey ki, tәbii yol ilә gedir, ona tәәccüb etmәmәli. Mәsәlәn, bu qisim adamlardan tutalım ki, biri qeyri bir әqidәyә qulluq edir, fikir edib özü üçün bir yol tapıbdır. Doğrudur, deyir: dünya beş gündür, fәqәt bu beşgünlük dünyada gizlin xәzinәlәr, gizlin sirlәr, qüvvәlәr, mühüm mәsәlәlәr, açılmayan düyünlәr, tәbii qanunlar vardır. Bunları aşkar etmәk, tәbii qanunları hәll edib meydana buraxmaq insanın vәzifәsidir. Mәn insanam isә bu mәsәlәlәrin birini biqәdri qüvvә mәn gәrәkdir hәll edәm, tainki dünyadan köçәndә insana mәxsus olan vicdan "gәrdişin hankı bir

qüvvәsini ümumi insandan ötrü hәll etdin?" sualını verәndә isә mәn mәğrurluqla cavab verәm.

 

Hәqiqәt, yuxarıda zikr olunan "müәyyәn әqidә" sahiblәrindәn biri böylә bir müqәddәs әqidәdә olub, hәyatı müdam gәrdiş ilә müharibәdә, tәәccüb deyilmi?

 

Odur ki, deyirәm, zikr olunan hәriflәrin "әqidәlәri"nә vә әqidәlәrinә müvafiq hәrәkәtlәrinә heç vaxt tәәccüb etmәmәli.

 

Dünya vә hәyat nәdir? İnsan nә yol ilә yeriş edib dә "insanlıq" dәrәcәsinә çatmış? --suallarına bünövrәsiz bir adam cavab verә bilmәz. Yәni demәk istәyiriz: gәrdişә (prirodaya) yavuq olmaq, onu sevmәk, onun gizlin xәzinәlәrini tapmağa sәbәb olur. Bu da oxumaq ilә olan bir şeydir. Bünövrәsiz, yәni elmsiz böylә bir mühüm mәsәlәlәrә girişmәk çәtindir. Bu "müәyyәn әqidә" sahiblәri elmdәn mәhrum olub da bunlardan qeyri bir şey tәlәb etmәk, ya qeyri bir әqidә, mәslәk gözlәmәk olarmı? Yox,  әfәndim!

 

Tәbii, alma toxumundan gәrәkdir alma ağacı bitsin, deyilmi? Biz buna tәәccüb etmәyiriz. Biz tәәccüb ediriz özlәrini "müәyyәn bir әqidәdә" olanlara oxşadan "balta başlılar"a, "döşlәri nallılar"a, "başları qaqartlılar"a. Balta, nal, qaqart bunların darülfünunda elm tәhsil etmәklәrini guya göstәrir. Rusiyadakı vә Avropadakı darülfünunlar Molla әmi yazdığı "Mazandaran" darülfünunlarına oxşamırlar. Bu darülfünunlarda hәqiqәt, mükәmmәl surәtdә müәyyәn bir şöbәyә dair elm oxunur. Mәxsus bir sәnәtә dair lazımınca mәlumat verilir isә ümumi mәsәlәlәr, yәni insanın ağlını hәrәkәtә gәtirәn, ruhunu tәmizlәyәn mәsәlәlәr dә müdam müzakirә olunur.

 

Demәk ki, bir sәnәtdәn savayı darülfünunda xahiş edәnlәr üçün elmlәr dairәsindә ümum hәyata dair geniş bir meydan açılır. Fәqәt görәn göz, eşidәn qulaq, sağlam beyin, hissli ürәk gәrәkdir olsun. Bunlar oldu isә, şәksiz, müәyyәn bir әqidә dә meydana gәlir.

 

İndi mәndәn sorarsınız: Bizim oxumuşların әksәri hankı bir yol ilә gedir? Hankı bütә sitayiş edir? Hankı bir nöqtәyә yeriş edir? Doğrusu, bu suala birdәn-birә cavab vermәk çәtindir. Fәqәt bunu tәkrar edә bilәrәm ki, insanın hәyatına, yeni dolanacağına baxıb onun mәslәkini bilmәk mümkündür.

 

Bu mәnim tәsәvvürümdә, ola bilsin dә bu tәsәvvür sәhv olmuş ola. Sәhv deyilsә, yәni siz dә bu tәsәvvürdәsiniz isә, bir para  bizim intelligentlәrin mәslәklәri, әqidәlәri barәsindә nә üçün mәndәn sorursunuz?

 

Buyurunuz klublara, restoranlara, daha nә bilim nerәyә! Nerәyә, nerәyә....  Yainki buyurunuz cәmiyyәtlәrә....  Cәmiyyәtlәrdә oturub bunların hәrәkәtlәrinә, nitqlәrinә baxınız, diqqәt ediniz: ikiüzlülük, "filan hacının qaşqabağına" baxıb sözünü dәyişmәk, qaraya ağ, ağa qara demәk. Vicdanını, әqidәsini qara pula satmaq--bunların hamısını özünüz görürsünüz, eşidirsiniz.

 

Diplomlu provakatorların, şpionların, "cәmiyyәtlәr"in, millәtin minlәrcә pullarını yeyib sonra haman cәmiyyәtә, haman millәtә xәyanәt edәnlәrin hәlә sözlәrini danışmıram....

 

Hәqiqәt, hәrdәnbir oturub fikir edirsәn: bir millәtin müәyyәn bir yolu, mәqsudi olmadı isә, o millәtin istiqbalı dәәtli bir fırtınaya düçar olacaqdır, deyilmi? Düz bir yol, saf, sağlam, dәyanәtli bir әqidә kimdәn gözlәmәk?

 

"Әlbәttә, oxumuşlardan" ...  deyib xәcalәtinizdәn başınızı aşağı salacaqsınız....  Vә ürәkdәn ah çәkib deyәcәksiniz: Ah, bәdbәxt millәt! Müqәddәs bir әqidәni "sәn" kimdәn gözlәyirsәn?