HӘFTӘ FӘRYADI

 

 

 

 

İCTİMA

 

 

İctima--toplanma demәkdir. Yәni bir çox adamın bir yerә yığılmağı. İctima--toplanma nә olmağını bir insandan savayı qeyri canlı şeylәr dә bilir, düşünür. Arı ictimaı, qarıncalar ictimaı.

 

Hәqiqәt, bunların hәyatlarına dürüst diqqәt olunsa bunların ictima ilә hәrәkәt etmәklәrini görәrsiniz. İnsan dünyaya gәlәndәn, yәni әn vәhşi bir halәtdә olarkәn ictima nә olduğunu, yәni bir yerә yığılıb mәşvәrәt etmәk, tәk bir adamın fikrindәn әfzәl olduğunu düşünürdü. Fәqәt insanlar vәhşi halәtlәrindә az bir mәsәlәlәr üçün

yığıncaq edәrdilәr. Әvvәlki adamların ictimalarında müzakirәyә qoyulan mәsәlәlәr әksәri-ovqat davaya dair mәsәlәlәr olardı. Yәni bir vәhşi qövm, digәr bir vәhşi qövmün üzәrinә gәlәn vaxt yığılardılar, mәslәhәt edәrdilәr. Qüvvәtlәri var isә müqabilә çıxardılar, yox isә tövcü ya bәxşiş vә qeyri bir şey vermәk ilә bәladan   müvәqqәti xilas olardılar.

 

Hәqiqәt, vәhşi bir qövm, nadan bir millәt ictimalarında böylә bir mәsәlәlәr müzakirә olunar, deyilmi?

 

Doğrudur, hazırda XX qәrinәdә dava mәsәlәsi mәdәniyyәtli millәtlәr arasında qoyulur. Fәqәt bu yığıncaqlara ictima demәk sәhvdir. Hazır davaya dair mәsәlәlәr bir neçә adamın fikrilә meydana gәlәn yaman nifrәtli bir vaqiәdir. Daha doğrusu, hazır XX qәrinәdә davaya dair ictimalar olsa idi, heç bir dava meydana gәlmәzdi....

 

"İctima" sözünә hәr kәs nә mәna verәcәksә, versin. Fәqәt biz bu "söz"dә müqәddәs bir şey düşünürüz. "İctima" sözü aralığa gәlir isә biz deyiriz: bu ictimaın üzvlәri müәyyәn bir qövm millәt tәrәfindәn seçilmiş vәkillәrdir. Millәt--yәni gecә-gündüz qan-tәrdә işlәyәn, bir qarın ac, bir qarın tox, dünyanın hәr mәşәqqәtinә davam edәn ürәyi saf, hәr şeyә inanan, haman sifәtlәrә görә "lotular" әllәrindә müdam sәrgәrdan qalan, özü hәr şeydәn mәhrum xalq özünә yavuq, yәni dәrdindәn xәbәrdar olan kimsәlәri seçib deyir: gediniz filan ictimaya bizim dәrdimizә bir әlac arayınız, bizi bu mәşәqqәtdәn xilas ediniz, düşündürünüz: biz qanundan ötrü deyiliz, qanun bizdәn ötrüdür.

 

Böylә bir vәkillәrin toplanmasına biz ictima deyiriz. Әlbәttә, ürәyiniz daşa dönmәyib, hiss damarlarınız kәndirlәnmәyibsә, ağlınız paslanmayıbsa, insan ilә heyvana tәrcih verәn qüvvәniz korlanmayıbsa, siz dә böylә bir ictimada müqәddәs bir şey olmağını hiss edәrsiniz....

 

İnsan tәrәqqi etdikcә, ictimalara ehtiyacı artar. Әvvәlki adamlar ildә, iki ildә bir toplanıb ümum bir mәsәlәni müzakirәyә qoyardılar. İndi isә ictimaların sayı-hesabı yoxdur. Elmin ciddi bir surәt ilә yeriş etmәyinә sәbәb hәr millәtin hәyatına dair mәsәlәlәr dә göydәn dolu tökülәn kimi millәtin başına tökülür. Fәqәt kimi bu dolunun zәrbindәn tez ayılır, kimi gec. Baş dәrisinin qalınlığı bunda rol oynayırmı, oynamırmı bilmirәm. Fәqәt bunu bilirәm ki, dolu bir böyüklükdә, bir qüvvәtdә bir yerә yağarkәn insanların birinә tez tәsir edir, ikincisinә gec, üçüncüsünә heç dә tәsir etmәyir....

 

İndi baxalım, bu doluların bizә tәsiri varmı? İctima nә olmağını biz düşünürükmü? Doluların tәsiri olsaydı, ictimalar da meydana gәlәrdi. Hankı bir yığıncağımıza ictima adı qoymaq istәyirsiniz? Mәsәlә, bu günlәrdә bir adamın kefinә gәlib on, on beş adam başına cәm edib bir mәclis açır: "Hәzәrat,--deyir--mәnim vicdanım qәbul etmir ki, millәtin balaları bir-birini öldürsün. Ona görә sizi dәvәt etmişәm, tainki bir yol aramaq, böylә bir yaman adәti aradan götürmәk".

 

Zahirdә bu mәclisә ictima demәk olardı. Çünki qәzetә müxbirlәri, ziyalılar vә qarapapaqlılar, hәtta qeyri millәtdәn bu mәclisdә hazır var idilәr....  Bundan artıq nә istәyirsiniz? Bununla belә bu mәclisә ictima demәk olmaz. Çünki haman nitq söylәyәnlәr, mәsәlәni müzakirә edәnlәr xalq, camaat, yainki millәt tәrәfindәn seçilmәmişdilәr. Siz indi deyә bilәrsiniz, ictimalar var ki, heç bir seçkiyә ehtiyacı yoxdur. Mәsәlәn: әllimlәr ictimaı, hәkimlәr ictimaı, injinerlәr ictimaı....

 

Doğru buyurursunuz, bu ictimalar azad ictimadır. Bu ictimaların üzvlәri seçilmirlәr. Bu ictimalarda әyyәn bir elmә dair mәsәlәlәr müzakirә olunur. Bir elm barәsindә tәzә fikirlәr, tәzә qanunlar hәll olunur. Bir neçә ilin әrzindә toplanan gizlin xәzinәlәr, fәnlәr aşkar olur, bilmәyәn öyrәnir, bilәn öz tәsәvvürünü söylәyir. Demәk ki, böylә bir azad ictima mәktәb kimi bir şeydir.

 

Böylә bir yığıncağa, ictimaya vәkil seçmәk lazım deyil. Xahiş edәn gedәr öyrәnәr, mәlumatını, biliyini artırar....

  

Mәsәlә, bu günlәrdә Peterburqda müsәlmanların ruhani işlәrinә dair açılmış "ictima" yuxarıda zikr olunan elmi, azad ictimalardan gәrәkdir hesab olunsun. Çünki bu ictimaya hәr kәs istәdisә getdi....

 

"Müsәlmanların ruhani işlәri", görünür, bir elmdir.... Fәqәt bilirsinizmi bu "elm" hankı mәsәlәlәrә dair meydan açır? Arvad, kişi, oğlan, qız, nә bilim, nә mәsәlәlәr....  Yemәk-içmәk, oturmaq-durmaq, murdar-tәmiz, xülasә, demәk olar ki, anadan olandan ta qәbrә gedәnәdәk bu mәsәlәlәr dә müsәlman ilә vardır.Yәni, müsәlmanın bütün hәyatı bu mәsәlәlәrdәn asılmışdır, desәk dә yarar....

 

Bu sözlәri oxuyub da gözlәrinizi bәrәldәcәksiniz vә deyәcәksiniz: necә ola bilәr ki, bu qәdәr mühüm mәsәlәlәr müzakirә olunsun da, mәnim xәbәrim olmasın. Әcәba, mәnim hәyatım mәnimmi, mәn bir millәt balasımı? Ya çovğunun, yelin qüvvәti ilә ağacdan kәnara düşmüş, toza-torpağa bulanmış, saralmış bir yarpağammı? Әcәba! Mәndә hәyat nişanәsi yoxdur?

 

Yoxdur, әfәndim! Yoxdur!

 

Bir insan ki, öz hüququnu düşünmәdi, o, insan dәrәcәsinә hәlә çatmamış. Bir millәt ki, hәyatına dair mәsәlәlәr hәll olunan vaxt yatar, lal olar, o millәtin diriliyi şübhәlidir. Bir millәtin "yol göstәrәnlәri", "mühüm bir ictimaı" gizlәdәrlәr isә, millәtә aşkar xәyanәt etmiş olarlar. İndi iş-işdәn keçibdir. Fәqәt qәzetәlәri oxudunuz isә Peterburqda müsәlmanların ruhani işlәrinә dair ictimaın nә olmağını bildinizmi? Müzakirәyә qoyulan mәsәlәlәrә diqqәt etdinizmi? Etdiniz isә "müsәlman fraksiyasının" biliyini, qanacağını, әqidәsini dә gәrәk bilәsiniz. Bu sözlәri deyib dә fraksiyaya dair fikrimi gizlәtsәm, mәn özümü millәtә xәyanәtçi hesab etmiş olaram....  Fraksiyanın bir üzvü birisinә yazır: filan vaxtda filan mәsәlәlәr müzakirә olacaqdır. Bir özünüz, bir dә bir adam müsәlmanlar tәrәfindәn filan "ictima"ya gәtirәrsiniz....  Ah, bәdbәxt millәt, düşünürmüsәn? Sәn seçdiyin vәkil sәnin hüququnu ayaqlamaq istәyir....  Sәnә yazmır, sәnin hüququnu mühafizәt edәn, yolunda minlәrcә mәşәqqәtlәrdә bulunan, gecә-gündüz dәrdinә yanan, göz yaşı tökәn qәzetәnә dә yazmır. Fәqәt özü kimi bir qanacaqda, bir әqidәdә kimsәnәyә yazır: gәliniz, özünüz ilә bir adam da gәtiriniz....  Bu adam da özü ilә yoldaşlar apardı. Haman yoldaşlardan biri dә nitq söylәdi: hәzәrat, şәriәt ilә 9 yaşında qızı әrә vermәk olar, ona binaәn bu qanuna әl dәymәk olmaz....

 

İştә, budur, cәnab "vәkilin" camaat işinә, ictimaya olan әqidәsinin sәmәrәsi!

 

Böylә bir vәkilin yol göstәrmәyi ilә nerәyә gedәcәksәn? Böylә bir gülünc, mәnasız ictimalardan nә gözlәyәcәksәn?