HӘFTӘ FӘRYADI
Keçәn hәftә "atalar
sözü" barәsindә söhbәt edib dә
"artıq tamah baş yarar" mәsәlini
buraxmışdım. Buraxmağımın sәbәbi
"tamah" sözünü yaxşı anlamamağım
olubdur. Açıq söylәmәli: bu vaxtadәk
mәn elә bilirdim ki, "tamah", "xәsislik"
vә "qәnaәt" bir mәnalı
sözdürlәr. İndi bilәnlәrdәn sordum:
mәnә bәyan etdilәr....
Mәn fikir edirdim ki, bu sözlәr bir-birini
doğurur: mәsәlәn, qәnaәt xәsislik,
xәsislik tamah doğurur....
İndi anladım ki, hamısını bir mәnada
işlәtmәk olmaz vә bir-birini heç vaxt doğurmur.
Bundan müqәddәm "mәn" kәndi
hәrәkәtlәrimә diqqәt edib dә fikir
edirdim mәndә hәr cür sifәt var: mәn
özümü qәnaәtkar bilib dә deyirdim: bu
sifәt mәndә artarsa, mәn xәsis olaram, xәsislik
sifәti artarsa, tamahkar olaram....
İndi görünür ki, mәn sәhv
anlayırmışam: mәndә ancaq qәnaәtlik
sifәti var imiş. Qeyri yaman sifәtlәr yoxmuş....
Mәn çox şad oldum. Bundan sonra heç kәsin
ixtiyarı yoxdur mәnә tamahkar desin. Hәqiqәt, bir
diqqәt ediniz: görünüz, mәndә bu yaman
sifәtlәrdәn taparsınızmı;
mәsәlәn: "mәnim evimdә mәriz var,
qış vaxtı könlünә qovun
düşübdür! Qış vaxtı qovunun biri iki manat!
Mәn bazara gedib qovun almaq istәyirәm. Bir qovuna iki manat tәlәb
edirlәr! Yox, "mәn" iki manat qovuna vermәk
istәmirәm, bahadır. Bazarı
başdan-ayağadәk gәzirәm, ucuz qiymәtә
almaq istәyirәm. Axırda bir dükanda bir
"balaca" әzilmiş qovunu 50 qәpiyә alıram.
Qovun bir balaca "әzilmiş" olursa, nә eybi var?
Mәriz hamısını yemәyәcәkdir ki, bir
dilim yedi bәsdir. Dilim dә olmasa bir qanc olar ki, tamamdır.
Ya xeyr, haman mәrizә aptekxanadan
tәlәsik dәrman aparmaq lazımdır. Mәrizә
dәrman çox lazımdır. Evә faytonla getmәk
lazım gәlir. İndi nerәyә baxarsınız
fayton rezinli olubdur. Bunlar da qanunla 20 qәpik verәndә
donquldanırlar. Hәmi 20
qәpik verim. Hәmi donquldansın! Xeyr, mәn rezinli
faytona minmirәm, rezinsiz arayıram. Axırda, tapıb
soruram: filan küçәyә neçәyә
aparacaqsan? "Özünüzә mәlumdur Hacı"
deyib dә sәni dәvәt edir. Yox oğlum, doğru
mәnә mәlumdur: qanunla 20 qәpikdir, lakin 20
qәpik versәm rezinli faytona minәrәm.... Sәninki rezinsizdir. Ona
görә 15 qәpik verәrәm.
Görürsәn,
faytonçu razı oldu....
İndi buyurunuz görәk, "mәn"
üç sifәtdәn hankına layiqәm.
Mәnә xәsis, yainki tamahkar demәk olarmı? Xeyr,
әfәndim! Heç vaxt bu
yaman sifәtlәri mәnә calamağa ixtiyarınız
yoxdur. Tamahkar o adama deyәrlәr ki, bir şey
özündә bol-bol olduğu halda, haman şeyi
qeyrisindә görәndә onu da öz әlinә
keçirtmәyә ciddü-cәhd etsin. Xәsis o adama
deyәrlәr ki, paranı para
üstә qoyub da insana әn lazım olan
şeylәrdәn kәndisini mәhrum etsin.... Buyurunuz,
әfәndim: mәn kimin şeyini әlindәn aldım? Ya hankı şeydәn
kәndimi mәhrum etdim? Mәnim anladığıma
mәnә ancaq qәnaәtli demәk olar ...
mәndәn olsa konkaya minәndә danışmaq
lazımdır. Mәsәlәn: insafdırmı ki,
vağzaldan Bayılova bir şahı, birja olan yerdәn
qubernatorun evinәdәk
dә bir şahı? Çox da mәn milyonçuyam!
Çox da mәnim alış-verişim qubernator
ilәdir!.... Çox da mәnim yoldaşlarım
"әbәs" yerә milyonlar xәrc edirlәr ...
belә hәrәkәtә siz nә ad qoyursunuz?
Mәni siz tamahkarmı hesab edirsiniz, yainki qәnaәtli?
Әlbәttә, qәnaәtli! Qәnaәt
lazımdır. İnsan gәrәk son gününün
fikrindә olsun, "mәn" oğul-uşaq
sahibiyәm, nәvәm,
nәticәm olacaqdır. Bәlkә oğlanlarım
arvad "çox" aldılar "Çoxarvadlıların
uşaqları da çox olar!....
Mәn qoyduğum mal
vә dövlәt bәs etmәsә
"biçarә" nәvәlәrim,
nәticәlәrim nә edәcәklәr? Qasım
yerinә Mixayil, Sәkinә yerinә Marfa meydana gәlirsә,
mәn o dünyada nә cavab verәcәyәm.... Yox, әfәndim, siz nә
istәyirsiniz söylәyiniz, lakin "mәn"
anladığım böylәdir, qәnaәt,
qәnaәt etmәk! Hәr kәs dә
"qәnaәt" sözünü "tamah"
sözüilә qarışdırsa, yәqin ki, cәnab
Nemәtulla әfәndinin "lüğәtindәn"
xәbәrdar deyil. Hәqiqәt, hәr bir
"lüğәtә" baxmalıyız.
Xüsusәn bizim әdiblәrә bu vacibdir. Bunlar
kitablar, mәqalәlәr yazırlar. Xalqı düz yola
dәvәt edirlәr. Lakin kәndilәri düz yoldan
kәnar olurlar. Oxuyanlara deyirlәr: tәnbәl
olmayınız, işlәyiniz, özlәri isә
tәnbәllik edib "Nemәtulla" әfәndinin
"lüğәtinә" heç baxmırlar ki,
"tamah" ilә "qәnaәt"
sözünә fәrq qoysunlar. Haman
tәnbәllәrdәn biri dә mәnim çox yavuq
rәfiqim, "Tamahkar" komediyasını yazan S.A.-dır.
Çox da rәfiqimdir, çox da millәt yolunda
işlәyәn qeyrәtli
cavanlarımızdandır! Mәn haqq
sözü gizlәdәcәyәmmi? Yox,
әfәndim, istәr rәfiqim mәndәn
rәncidә olsun, istәr olmasın mәn tutduğum iradı
açıq söylәyәcәyәm. Rәfiqim bir
gözәl komediya inşa edib gözәl dil ilә,
gözәl mәqsud ilә! Lakin rәfiqimiz bircә
"sәhv" etmәklә kәndi inşasını
korlayıbdır. "Sәhv" beş-altı olsa idi,
sözümüz olmazdı, çünki
komediyalarımızda sәhvlәr çoxdur. Kimdir onlara
diqqәt edәn, qulaq verәn?....
Lakin bircә sәhv ilә komediyanı korlamaq insafdan
kәnar işdir. Xeyr, görünür, rәfiqimizin meydana
gәtirdiyi "Hacı Murad" ilә әdavәti var
imiş! Xülasә, nә isә, biçarә Hacı
Muradı "nahaq yerә" biabır (biabru) edibdir, ona
"qәnaәtli" deyәcәkmiş,
"tamahkar" deyibdir! Böylәdә böyük
"sәhv" olarmı? Tutalım ki, Hacı Murad
әfәndi ilә qәrәziniz var idi, biz
tamaşaçılar nә günahın sahibiyiz: nә
sәbәbә "qәnaәt" yerinә
"tamahkar" sözünü bizә tәlim edirsiniz?
Yox, әfәndim, Hacı Murad sizi suda
çәkmәsә dә, mәn
çәkәcәyәm; qoy oxuyanlar bizim
mirovaylarımız olsunlar, görәk kimin sözü
haqdır: bәli, biçarә Hacı Murad bir yetimin pulunu
alәt edib dövlәt sahibi olubdur; yetimә isә
heç qulaq asmayır, pula qәnaәt edir; evindәki
qızına hәmçinin ... böyük dövlәti olub
da "soğan çörәk" vә "quru
balıq" ilә dolanır, yәni qәnaәt edir.
Pulları, qızılları, qaş-daşları,
sandıqlara yığıb gündә neçә
dәfә açıb seyr vә tamaşasından
lәzzәt alır; hәr
açanda sandığa gәrәkdir bir şey
artırsın. Oradan götürmәyә ixtiyarı
yoxdur. Çünki qәnaәt edir. Hacı Muradın
bacısı yaman gündә şәhәrә
gәlib qardaşından kömәk istәyib deyir:
qardaş, sәn razı olma ki, iki yüz manatdan ötrü
sabah sәnin bacının
paltarları bazarlarda satılsın. Hacı Murad
bacısına rәhm etmir, biçarә arvad
gözlәri yaşlı, ürәyi dağlı, kor-peşiman
kәndә qayıdır, bacısının paltarları
bazarlarda satılacaq, satılmayacaq, uşaqları acından qırılacaq, qırılmayacaq,
böylә işlәr ilә Hacının işi yoxdur.
Hacının borcu o idi ki, sandıqdan iki yüz manat
çıxmasın, çünki qәnaәt lazım idi.
Qızını sevdiyi adama vermәyib bir qoca, zәngin
mülkәdara verir, çünki haman mülkәdara pul
borcludur! Qızını verir ki, kürәkәni borcdan
keçsin, sandıqdan pul çıxartmasın,
çünki qәnaәt etmәk lazımdır.... Nökәrini 7 il işlәdib
haqq vermir,qovluyur, çünki pul versә
yığdığı pul әksilәr, amma
qәnaәt gәrәkdir olsun. Bәli, axırda evi viran olur.... Qız sevdiyi oğlan ilә
qaçır.... Pul da
oğrulara nәsib olur, çünki qәnaәt edirdi....
İndi bir yaxşı fikir ediniz, bu Hacı
әfәndiyә xәsis vә ya tamahkar demәk
olarmı? Xeyr, әfәndim! Qәnaәtli biz deyәriz,
inanmırsınız, buyurunuz, bu sifәtlәri tәkrar
edә-edә Naberejninin bu başından o
başınadәk gediniz, sorunuz, böylә bir Hacıya nә ad qoymaq olar
"tamahkarmı", ya "qәnaәtlimi?" Mәn
özüm şahidәm: bu komediya oynandıqda,
zәnginlәrimiz Hacının "gözәl"
sifәtlәrini görәndә "pay atonla",
belә dә tamahkar olarmı? ... deyib çox
tәәccüb edirdilәr. Haman saatda gәlib
tәvәqqe ediniz, filan ağa! Bir yetim var,
küçәdә
qalıb acından ölür, yainki ümumi millәtin
xeyrindәn ötrü pul yığmaq lazımdır, deyir
ki, üstümdә xırda pul yoxdur, yüzlükdür.
Hәr saatda başını pozmaq olmur.... Qәnaәt etmәk
lazımdır. Xülasә, hәr kimdәn istәyirsiniz
sorunuz, heç kәs
demәz ki, bu sifәtlәr "tamahkar"
sifәtidir.... Böylә
olan surәtdә rәfiqimizdәn tәvәqqe olunur
ki, haman komediyanı
"burada" oynayanda adını
"qәnaәtli" qoysun. Qeyri yerdә oynayanda
"tamahkar" qoysun ... bizdә "tamahkar" yoxdur,
әfәndim, nә etmәk? Güc ilә tamahkar
Hacı yaratmaq olmaz ki, siz qәrәz ilә bizim
zavodçulara da, paraxodçulara da "xәsis" adı
qoyacaqsınız. Ondan ötrü ki, yersiz cavanlarımıza
qulluq vermirlәr....
İndi ona qәdәr darülfünunlarda
oxuyan müsәlman tәlәbәlәri Bakıda
sakindirlәr. Bu şәhәri himmәtli,
hәmiyyәtli bilib gәliblәr. Fikir ediblәr ki,
Bakıda müsәlmanlar ayılıblar, millәt
dәrdinә qalırlar. Bu fikir ilә gәlib indi
neçә aydır işsiz-gücsüz oturublar. Hәr
kәsә deyirlәr, cavab alırlar: kasadlıqdır
әfәndim, iş yoxdur, qәnaәt etmәk
lazımdır....
Әcәba!
Bizim hәr işimiz tәrsdir. Qeyri
millәtlәrin cavanları, tәlәbәlәri
kәndi adamlarını yaxşı tanıyırlar,
xasiyyәtlәrini bilirlәr. Bizimkilәr yox. Qeyri
millәtlәr kәndi tәlәbәlәrinә
gәlәcәkdә millәt hamisi kimi baxırlar,
tәlәbәlikdә onlara kömәk edir,
elmlәrini tez tamam etmәyә ciddü-cәhd
edirlәr, bizim tәlәbәlәrә qeyri
nәzәr ilә baxırlar....
Bunlar, böylә fikir edirlәr: bu
tәlәbәlәr elmlәrini qurtarandan sonra namaz
qılmayacaqlar, oruc tutmayacaqlar ...
bu әmәllәr dә olmayanda millәtә necә
kömәk edәcәklәr, etmәyәndә indi
biz niyә kömәk edәk?....
Necә ki, gәliblәr, elә dә kәndi
vәtәnlәrinә getsinlәr.... Biçarә
tәlәbәlәrimiz әllәri boş,
boyunları çiyinlәrindә Bakıdan naümid
qayıtmağa hazırlaşırlar. Gedirsiniz, gediniz,
yoldaşlar, bir dә Bakı adı gәlәndә
biliniz ki, Qafqazda belә bir "himmәtli,
hәmiyyәtli" şәhәr yoxdur. Gedib dә
düşmәnçiliklә demәyiniz Bakıda
tamahkarlar, xәsislәr çoxdur. Xeyr әfәndim,
belә deyәrsiniz isә biz sizә hәmәvaxt
bәrәks cavab verәcәyiz. Çünki bunlara
heç vaxt tamahkar, xәsis demәk olmaz; bir
şәhәrdә ki, Rusiyadan gәlәn "ac
arvadlara" gecәdә minlәr xәrc olunsun,
insafmıdır belә şәhәrin adamlarına
"tamahkar", "xәsis" deyilsin. Yox,
әfәndim, heç vaxt qәrәz ilә iş
görmәyiniz! Xülasә, demәk istәyiriz bizim
şәhәrdә tamahkar, ya xәsis tapılmaz, qeyri
şәhәrlәrdә olmağını
bilmirәm. Odur, Qarabağdan
"Әhli-kasibeyi-Şişә"
şәhadәtlik verir ki, orada tamahkarlar tapılır;
mәsәlәn, cәnab Hacı Şirin deyirlәr çox tamahkar
adamdır, oğlunun pullarını, malını aşırıb
heç kәsә dә hesab vermәk istәmir.... Kim bilsin,
bәlkә bu әhvalatı da qәrәzlә
yazıblar.... Ya xeyr.
Ağdaşdan xәbәr verirlәr guya Popova tamah güc
gәtirib çayına "ağ ağu"
qarışdırır....
Böylә olmuş olsa, faytona 15 qәpik verәn
dostumuz indi evdә deyir ki, dәxi bizim evdә çay da
içmәk olmaz, çünki çaydan ağu
çıxır. "Qәnaәtkar"lar
üçün yaxşı sәbәb tapıldı....
Mәnim tәsәvvürümә,
hәr yazılmış xәbәrә inanmaq olmaz.
Çox da Qarabağda Hacı Şirinin barәsindә
yazırlar, çox da ağdaşlı müxbirimiz Popov çayına ağu
qarışdırır, yazır! Lakin inanmaqmı!
Bu günәdәk "biçarә"
Stesselә tamahkar adı qoyub tövrlü sözlәr
yazırlar. Kimi deyir: "Mәzkur bahadır" Port-Arturu
satdı, kimi deyir: qoşunun azuqәsi qurtarmışdı,
ona görә Port-Arturu yaponlara "tapşırdı",
bunlar hamısı sözdür. Qәrәz ilә
yazırlar. "Port-Artur Bahadırı"nı bәdnam
etmәk istәyirlәr.... Doğrudur, yaponlar Port-Arturda bir
aylıq azuqә tapdılar, cәnab Stesselin on altıya
qәdәr böyük, ağır sandıqlarını
kәndisinә tapşırdılar.... Lakin demәk
olurmu Port-Arqurun verilmәyinә
Stesselin "tamahı" sәbәb oldu?....
Kuropatkinin 2 milyon pulunu eşidib ona da "tamahkar"
dedilәr.... İndi bizim vәzirlәr dә "tamahkardırlar" deyirlәr, çünki Dövlәt Duması onları qulluqdan
kәnar etmәk istәyir, onlar istәmirlәr vә haqları da var. Vәtәni başına qoymaq olmaz ki,
Avropanın pulu ilә xәzinәni zәhmәt çәkib doldurublar. İndi haman pulu
"yerbәyer"
etmәk istәr, yoxsa yox? Hәrgah bu vәzirlәr hәqiqәt tamahkar olsaydılar, gözlәrini haman milyardlara tiksәydilәr, yәqin ki, Durnovo, Vitte İrana getmәk istәmәzdilәr. Halbuki rәfiqimiz "Molla Nәsrәddin" xәbәr verir ki, bu alicәnablar İrana tәşrif aparacaqlar.... Yay yavuqlaşmağına görә, görünür,
İranın nәqliyyә mәsәlәsini hәll edәcәklәr.... Bu
xәbәr doğru isә Durnovonun, Vittenin düşmәnlәri söz uyduracaqlar.... Durnovonun, Vittenin İrana getmәklәrinin әsil sәbәbi İranın vәzirlәrindәn "tamah" elmini tәhsil etmәkdir, deyәcәklәr....
Nә zәrәri var? Elm nerәdә tәrәqqi tapmış olsa, oraya tәhsilә getmәk vacibdir. İran vәzirlәri qeyri elmlәrdә zәif olsalar da, "elmi-tamahda" cәmi Avropaya dәrs verәrlәr, nәinki Durnovo, Vitte kimilәrinә.... Hal-hazırda İranda
açılan universitetlәrә Avropa
professorları dәvәt
olunacaqlar.... Fәqәt İran bir "elmi-tamah"
darülfünunu açsa, kәndi professorları kifayәt edәr....