"TELEFON"

 

 

 

 

"Drr....  Drr....  Drr....

 

"Hә, kimsәn?"

 

""Bürühani-tәrәqqi" idarәsimi?"

 

"Bәli, özüdür. Siz kim?...."

 

"Arı bәy" (Bal qurdu).

 

"Aha, buyurunuz."

 

"Tәzә xәbәr istәyirsinizmi?"

 

"Buyurunuz, baxalım."

 

"Deyirlәr, müzәffәri mәktәbindә o qәdәr uşaq var ki, otaqlar tutmur. Әncümәn yığılıb bu mәsәlәni müzakirә edәndәn  sonra böylә qәrar ediblәr ki, bir zorba ev tutsunlar. Pul mәsәlәsi araya gәlәndә qoçağım tacirlәr min-min veriblәr. Әhvalatdan böylә görünür ki, mәclisdә olanlar böyük bir qeyrәt göstәriblәr. Hәtta iş bir yerә çatıbdır ki, konsulxana qulluqçularından birisi gücü heç bir şeyә çatmayıb, әlli manata dәyәn bir it bağışlayıbdır ki, mәktәbin skamyalarını sәhәrdәn axşamadәk güdsün, taki oğrular aparmasınlar....  Vә bir dә qәrar qoyublar ki, mәktәbdә rus dili oxunsun, hazır müәllim olmamağına görә qeyrәtli tacirlәrdәn biri müvәqqәti olaraq rus dili dәrsini boynuna almış."

 

"Cәnab Arı bәy. Tәvәqqe edirik axırıncı mәsәlәni tәhqiq edәsiniz, çünki tacirlәrdәn hankı birisi rus dili müәllimliyini bacara bilir? Bu әhvalat sәhv olacaqdır."

 

"Xeyr, xeyr, necә ki deyirәm, elәdir. Tәәccüb etmәmәli...."

 

"Cәnab Arı bәy, pәk әla, bunların hamısını tәb edәrik. Fәqәt bir iş var ki, iki gün bundan müqәddәm idarәyә verdiyiniz xәbәrlәrlә bu xәbәrlәr bir-birilә düz gәlmir: әvvәl xәbәr verdiniz ki, müzәffәri mәktәbinin müәlliminin cibindә siçanlar oynayır. İndi deyirsiniz, tacirlәr böylә bir qeyrәt göstәriblәr. Doğrusu, bu xәbәrlәr tәhqiq olunmasa, qәzetәmizdә  yer verilmәyәcәkdir."

 

"Drr....  Drr.....  Drr...."