TӘNQİD
"HİFZÜL-SӘHHӘT". DOKTOR
KӘRİMBӘY SULTANOV
(İdarәnin tәklifinә görә
bu kitab tәnqid olunur)
Vәzifәmiz ağır da olmuş olsa,
genә millәti-insaniyyәt naminә bu ağır
vәzifәni qәbul edib işә girişirik.
Bәradәrimiz, yoldaşımız doktor Kәrimbәy
Sultanov da ancaq millәt vә insaniyyәt naminә
sözlәrimizә diqqәt edәr. Düz iyirmi il bundan
müqәddәm mәn "Nadanlığ"ı
yazıb meydana buraxdım. Mәşhur
mühәrrirlәrimizdәn biri, Firidunbәy
Köçәrli "Nadanlığ"ı rus
dilindә tәnqid etdi: yaramaz bir şey hesab edib
yazanını, yәni mәni lazımınca
çubuqladı. Oxuyan deyirdi: "Nadanlığ"ı
yazan daha gәrәk әlinә qәlәm
götürmәsin. Fәqәt onun çubuqlamağı
"Nadir şah"ın meydana gәlmәsinә
sәbәb oldu....
Doktor Sultanovun 166 sәhifәdәn
ibarәt olan kitabı tibbin әn әhәmiyyәtli bir
qismindәn--elmi-sәhhәtdәn bәhs edir. Bu qisim
doğrudan da tibbin idealı hesab olunur. Yәni, hal-hazırda
insanın әqli bir nöqtәni özü
üçün müqәddәs bir mәslәk hesab
edib ciddi surәtdә haman nöqtәyә yeriş edir.
Nәdir o nöqtә? Yәni, bir dәrәcәyә
çatmaq ki, insanın bәdәnini cürbәcür
mәrәzlәrdәn nәinki dәrman
vasitәsilә sağaltmaq vә hәtta mәrәzin
qabağını almaq, ya mәrәzi bilmәrrә
puç etmәk, ya onu zәiflәşdirmәk vә
yainki insanın bәdәnini bir növ bәlәmәk
ki, mәrәz ona daxil olsa da, haman bәdәn mәrәzdәn
zәrәr görmәsin. Elmi-sәhhәtin indiki
halı vә yerişi gәlәcәkdә doğrudan
da müqәddәs, ali bir mәqsәdә çatmağa
böyük ümidlәr vәd edir vә hәtta
keçәn il "İqbal" da bәhs etdiyim professor
Baxmetyevin teoriya tәsәvvürü bu mәsәlәdә geniş
vә hala әqli çaşdıran yollar açır....
Böylә böyük bir
mәsәlәni meydana qoymaq üçün böyük
hazırlıq lazımdır. Gah vaxt bilmәk
bildirmәkdәn çәtindir. Xüsusәn elmi
mәsәlәlәri. İnsan әvvәla bilsin ki,
özü yaxşı düşünsün, fәqәt
bir qeyrisini düşündürә bilmәsin. Bir
müәllimin öz elmini yaxşı bilmәsi onun
yaxşı müәllim olmağına hәlә
dәlalәt etmәyir. Uşaqlar çәtin
dәrslәrini asan vә tez
öyrәnәr isә, müәllim doğrudan da
yaxşı müәllim olmağını
göstәrәr. Kitab vә ya mәqalә yazan
әvvәl gәrәkdir oxucularını
gözünün qabağına gәtirib dә
öz-özündәn soruşa: kimdәn ötrü
yazıram? Oxucular da mәtlәbi
düşünmәyә hazırdırlarmı?
Bizimcә, cәnab Sultanov kitabını yazanda
bu sualları görünür ki, unudubdur.
Cәnab Sultanov öz
müqәddimәsindә deyir: "Bir neçә on il
bundan әqdәm hәkimlik sәnәt hesab olunurdu
vә o zamanın hәkimlәrini sәnәtkarlar deyә
adlandırırdılar" vә sonrakı
sözlәrindәn dә mәlum olur ki, tibb elmi
dәrәcәsinә ancaq bu "bir neçә on
ildә" çatıbdır. Yәni çox vaxt deyil
ki, biz doğrudan da sәnәtkardan hәkim olmuşuq. Biz
özümüz bu yavuqdan bәri hәkim olduğumuz halda
vә aramızda minlәrcә müxtәlif
mәsәlәlәr hәlә hәll
olunmamış bir zamanda, xüsusәn elmi-sәhhәt kimi
müxtәlif mәsәlәlәrlә dolmuş bir
şöbәdәn bәhs etmәk vә haman bәhsi
hala tәzә yazı-pozu başlamış camaata yazmaq,
әlbәttә, olar. Fәqәt sәmәrәsi?
Haman müqәddimәsindә insanın bәdәni
nәdәn ibarәt olmağını yazıb da deyir:
"Biz tapmışıq kletkanı ki, bәdәnimiz
bütün ayrı-ayrı kletkalardan ibarәtdir".
Hәtta böylә bir kotul dil ilә yazılmış,
vәsf olunmuş kletka nәdәn ibarәt
olmağını 5 il kletka üstә çalışan
hәkimlәr, әlbәttә,
düşünәcәklәr, fәqәt
oxucuların bu mәsәlәdә dә hazır
olmaqlarını da nәzәrә almaq lazımdır.
Habelә cәnab Sultanov uzun-uzadı "ümumi
azarlar" barәsindә bәhs edib öylә bir
şeylәri meydana gәtirir ki, hәkim olmayan
üçün gәrәksiz mәlumatdır, desәk
dә yarar. Mәsәlәn, oxucunun nәyinә
lazımdır bilsin: "Deaqnustifә" nәdir?
"Anamniz" nәdir? "Simpetyum"
nәdir? Vә ya xalqın nәyinә lazımdır
bilsin hәkimlәr nә fәnd ilә mәrәzi
tapırlar? Böylә şeylәri yazıb cәnab
Sultanov gәrәksiz misallar ilә, guya istәyir bu
camaatı inandırsın ki, hәkimlәr şarlatan
deyildirlәr. Әlbәttә, bu barәdә cәnab
Sultanov hәkimlәr tәrәfindәn
tәşәkkürlәrә layiqdir. Fәqәt bir
az da gәrәk oxucuların sәbrini nәzәrә almaq!
Oxucu üçün lazım böylә bir
mәlumatlardan sonra cәnab Sultanov bakteriya barәsindә
uzun mәlumat verir. Burada demәk istәrdik ki,
әdәbiyyatımızda әn mәşhur söz
mikrobdur. Bu barәdә türk vә tatar dilindә
kitabçalarımız da vardır. Bu barәdә
çoxluca leksiyalar da oxunubdur. Doğru, elmi
cәhәtdәn bakteriya, basil vә ya mikrob bir-birindәn
fәrqli olmuş olsa da, bakteriya yerinә mikrob
işlәtsәk, dünyalar qara geyinmәz, zәnn edirәm.
Burada cәnab Sultanov öylә bir
mәsәlәlәrә girişir ki, oxucular tamam
kitabı yox, bәlkә bu iyirmi sәhifәdәn
ibarәt mәqalәni oxuyub qurtarandan sonra ancaq bunu
bilәcәklәrdir ki, dünyada zәrrәbini
canlı heyvanlar (?) var imiş. Әsil
elmi-sәhhәtә dair asan mәsәlәlәri
axıra salıb әn çәtin
mәsәlәlәrdәn başlamaq didaktika-elmi
nәzәrilә böyük bir xәtadır. Bu elm
deyir: әvvәl yavuqdan başlayıb uzağa getmәk,
yәni asandan başlayıb çәtinә getmәk.
Cәnab Sultanovun kitabında әsil
hifzül-sәhhәtә dair mәsәlәlәr:
toz, su, hava vә qeyrilәr axıra düşübdür.
Әn çәtin, bakteriya mәsәlәsi qabağa
keçibdir. Nәdәnsә, cәnab Sultanov kitabda әsil
elmi-sәhhәtә dair mәsәlәlәrә
әhәmiyyәt vermәyir, vermәyib dә
kitabına gigiyena--elmi-sәhhәt adı vermәk böyük
cürәtdir. Mәsәlәn, su kimi bir böyük
mәsәlә barәsindә bәhs açıb
quyu, çay suları barәsindә müfәssәl
söylәmәk olmaz. Nә üçün doğrudan
da Avropada vә yainki Rusiyada milyardlar xәrc edib vodoprovodlar
düzәldirlәr? Burada vodoprovodlardan vә ya
kanalizasiyadan bir gözәçarpan statistika vermәk
vә çıplaq sıfırlar ilә xalqın beynini
oyatmaq nә gözәl olardı. Doğrudan da, Bakı
camaatı, xüsusәn müsәlmanlar hәrgah bu
vaxtadәk içdiklәri su nә olmağını
bilsәydilәr vә onun zәrәrini
düşünsәydilәr, şollar suyu imdi
Bakının küçәlәrindә
sel kimi axırdı. Haman su mәsәlәsindә
filtirdәnmi söhbәt etmәk olmazdı? Vәhalon ki,
hazır filtirlәr vardır ki, altı min bakteriyalı suyu
tәmizlәyib bir bakteriya ancaq tapılır. Bu
mәsәlәdә artezian quyularımı
әhәmiyyәtsizdir? Bir yerdә hәm su quyusu vә
hәm rahatxana olub da, bunların bir-birinә yer altında
yol olmağımı әhәmiyyәtsiz
mәsәlәdir? Bәs xüsusi yer
mәsәlәsi necә oldu? Toz vә hava
barәsindә yazıb da vә mәktәb
mәsәlәlәrinә ciddi surәtdә
girişmәmәk böyük xәtadır! Cәnab
Sultanov bu sualların cavabında deyә bilәr: mәn
müxtәsәr mәlumat vermәyimi kitabın
müqәddimәsindә yazmışam. Onda yaxşı
olmazdımı dıq mәrәzinә dair "Hava
ilә müalicә" mәqalәsini bir az
gödәk yazaydınız. Әcәba! Kimdir imdi
hәkimsiz girә azot vә ya muşyak ilә
özünә müalicә edәn? Bununla belә, bu
barәdә mәqalә kitabın üç
sәhifәsini tutubdur. Bunun әvәzindә
yaxşı olardı ki, bir az da işıq
barәsindә mәlumat verilәydi.
Daha doğrusu, sirayәtedici
mәrәzlәr barәsindә yazıb da
müalicәlәrinә artıq әhәmiyyәt
vermәdәn әsil hifzül-sәhhәtә dair mәsәlәlәrә
geniş yer vermәk әfzәldir. Kitabda bir neçә
elmi sәhvlәr dә vardır; fәqәt bu
sәhvlәr oxucular üçün bir o qәdәr
әhәmiyyәtli deyil. Lazım olursa, cәnab doktor
ilә bu barәdә söhbәt edәrik, tainki
kitabın ikinci çapında tәkrar olunmasın. Bununla
belә, cәnab Sultanovdan tәvәqqe edirik ki, cәnab
Meçnikovun qocalığa dair tәsvirinә artıq
dәrәcәdә diqqәt versin. Cәnab
Meçnikovun qocalıq barәsindә leksiyasını
mәn eşitmişәm. Ona binaәn, cәnab Sultanovun
Meçnikov teoriyası barәsindә dediyi
sözlәrә şәrik olmam. Bu teoriya vә immunitet
mәsәlәsinә dair ümidvarıq cәnab
Sultanov ikinci çapda lazım olan mәlumatı versin.
Çünki bu iki mәsәlәnin
gәlәcәkdә elmi-sәhhәtdә
böyük rollar oynamağına heç şübhә
yoxdur.
Dil mәsәlәsinә gәldikdә,
doğrudan-doğruya cәnab Sultanov bir hünәr
göstәribdir ki, kitab sadә, açıq türk
dilindә yazılıbdır. Fәqәt cәnab Sultanov
türk dilinin әdәbiyyatına, sәrf vә
nәhvinә bәlәd olsaydı, yaxşı
olardı.
Tibbә dair kitab yazmaq üçün
zәhmәt çәkәnlәrә bir söz
dә demәk istәyirdik. Hal-hazırda tibb elminin
böylә bir ağır şöbәsinә
girişmәkdәnsә, bu şöbәyә dair,
ayrıca-ayrıca mәsәlәlәr barәsindә
balaca kitabçalar yazmaq daha gözәl olardı.
Hәr halda, bu sәhvlәr ilә
belә, möhtәrәm yoldaşımız
Kәrimbәy Sultanovun "Hifzül-sәhhәt"
kitabı müsәlmanlar üçün gәrәkli
bir kitabdır. Sәhv etmәyiriksә, bu kitab doktor
әfәndinin әvvәlinci zәhmәtidir. Ona
görә böylә sәhvlәr iş başlayanlar
üçün müyәssәrdir.
Bir dә gәrәkdir bunu bilmәk: iş
görәn sәhv edәr, iş görmәyәn
sәhv etmәz. Biz sәmim-qәlbdәn
yoldaşımızın böylә bir müqәddәs
yola ajar qoymağını tәbrik edirik. Ümidvaram ki,
Kәrimbәy Sultanov alim bir adam olub da, göstәrdiyimiz
sәhvlәrdәn qorxmaz vә daha artıq
ciddü-cәhd edәrkәn bildiyi mәlumatları
müsәlmanlar arasında intişar edәr. Doğrudan da
yeni oxumuş diplomlularımızın arasında
Kәrimbәy Sultanov öz kitabı ilә
şәfәqlәnir. Böylә qeyrәtli cavanlarımızın
artması millәtimizin xoşbәxtliyidir.