Qarabağ düyünü: retrospektiv perspektiv prizmada
Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin sonu görünmür. Doğrudur, 1994-cü ildən bəri “atəşkəs rejimi” bərqərar olub. Amma bu nə qədər çəkəcək? 1988-ci ildə başlanan “Qarabağ problemi”münaqişədə iştirak edən tərəflərin heç birinə xoşbəxlik və tərəqqi verməyib, əksinə hər iki xalqa sonsuz dərd və əzab gətirib.
XX əsrə qədər tarixdə ermənilərlə azərbaycanlılar arasında etnik münaqişə barədə məlumatlara rast gəlinməyib. Əvəzində XX əsrdə qanlı toqquşmalar və onları yaratmaq cəhdləri bol olub. Birinci iri miqyaslı etnik silahlı qarşıdurma Rusiya tarpixində əhəmiyyətli iz buraxmış 1905-ci ilə aiddir. Həmin hadisələrin səbəblərini anlamaq bu gün də çətindir. Hər halda hər iki tərəf öz dövlətçiliyindən məhrum idi və ərazi üstündə mübahisələrə zəmin yox idi. Lakin bu hadisələr açıq şəkildə göstərdi ki, tərəflər əmələ gələn problemlərin sivil həllinə hazır deyillər. Hər iki tərəfin fəaliyyəti kütləvi zülmlərlə əlamətdar idi.
Zor və zülmün yeni dalğası 1918-20-ci illər hadisələri fonunda baş verdi. Bu dəfə iki dövlətin – Azərbaycan və Ermənistan Respublikalarının yaranma şəraitində. Münaqişənin səbəbləri, onun həqiqi günahkarları, kimin daha çox əziyyət çəkdiyi və tökülən qanın və zorun nəticə etibarilə kimə sərf etdiyi barədə danışmağın heç bir mənası yoxdur. Hər halda ehtiraslar yalnız Azərbaycan və Ermənistan müstəqilliyini itirdikdən sonra səngidi.
Biz bolşevikləri hərdən haqlı, hərdən isə boşuna tənqid edirik. Lakin hər necə olsa da, məhz onlar 1920-ci ildə öz sərt, amansız siyasətləri ilə erməni azərbaycan münaqişəsinə son qoya və indi aydın olduğu kimi, bu məsələyə 70 illik moratorium qoya bildilər.
Uzun illərdən sonra gərginliyin artmasına səbəb olanlar yenidənqurma dövrünün ruhuna uyğun bir tərzdə Stalinin ünvanına tənqidlərlə çıxış etdilər. Bildirilirdi ki, o, problemi dərinə basdırmaqla onu düzgün həll etməyib. Guya əgər Dağlıq Qarabağı Ermənistana versəydilər, onda problem də birdəfəlik həll olunub qurtarardı. Stalini çox şeyə görə ittiham etmək olar. Amma onun azərbaycanlılara ilıq duyğular bəsləyib, ermənilərə qeyri-loyal münasibət göstərdiyini iddia etmək olmaz. Stalin imperiya miqyasında siyasi xadim, böyük vətənin maraqlarının ifadəçisi idi. Mərkəzi hakimiyyətin fikrincə, vətəndaş müharibəsi və iqtisadi depressiyaların zəiflətdiyi ölkəyə siyasi stabillik, sülh, o cümlədən milli sülh lazım idi. Dağlıq Qarabağ münasibətinə də bu prizmadan baxılırdı. Əslində Dağlıq Qarabağın taleyi 1921-ci il iyulun 4-5-də, RK(b)P Qafqaz MK-nın plenumunda həll olundu.
İyunun 5-də Qafqaz Bürosu yenidən bu məsələyə qayıdır və yeni qərar qəbul edir. Bu qərara görə, Dağlıq Qarabağ, bu əraziyə geniş muxtariyyət verilməsi şərti ilə Azərbaycan SSR-in tərkibində qalır. Qafqaz Bürosunun Stalinin şəxsi iştirakı ilə keçirilən iclasında öz qərarını nə üçün bu tərzdə çıxarması barədə sualın cavabını elə qərarın özündə tapmaq mümkündür. Burada deyilirdi: “Müsalmanlarla ermənilər arasında milli sülhün yaranması ehtiyacından çıxış edərək…”.
Bolşeviklər anlamışdılar ki, Dağlıq Qarabağın Ermənistana verilməsi yenidən gərginliyə səbəb ola bilər. 1921-ci ildə sıralarında erməniləri də, azərbaycanlılıar da olan bolşeviklər bunu anlaya bilmişdi, 70 il sonra isə bu məsələni yenidən gündəmə gətirən insanlar qan tökülməsi perspektivini nəzərə almaq istəmədilər. Bir sözlə, 20-ci illərin kommunistləri gözəl anlayırdılar ki, ərazi məsələləri hökmən 1905-ci və 1918-1920-ci illər hadisələrinin təkrarlanmasına gətirib çıxaracaq.
1945-ci ilin payızında Ermənistan rəhbərliyi SSRİ rəhbərliyi qarşısında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə qatılması məsləsini qaldırır və bu barədə Stalinə müraciət edirlər. Stalin məktubu aldıqdan sonra onu ÜK(b)P MK-nın katibi Q. Malenkova, o isə öz növbəsində məsələni araşdırmaq üçün Azərbaycanın rəhbəri Mircəfər Bağırova göndərir.
Mircəfər Bağırov öz cavabında Arutünovun gətirdiyi dəlillərə etiraz edir, amma Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana ötürülməsinə razı olduğunu bildirir, bir şərtlə ki, Ermənistan SSR ərazisində azərbaycanlıların məskunlaşdığı üç rayon da Azərbaycan ərazisinə qatılsın. Bundan sonra məsələnin müzakirəsi dayandırıldı. 1967-ci ildə, erməni ziyalılıarı Dağlıq Qarabağın Ermənistana qatılması məsələsinə baxılmaq üçün yenidən SSRİ rəhbərliyinə müraciət etdilər. Bu Stepanakertdə toqquşmanın yaranması və qan tökülməsi ilə nəticələnəndə sovet rəhbərliyi dərhal ciddi tədbirlər görüb münaqişənin dərinləşməsinin qarşısını aldı.
Yalnız SSRİ-nin sonuncu rəhbəri M. Qorbaçovun mövzunun reanimasiya olunmasına icazə verdikdən sonra hadisələrin imperiya üçün arzuolunmaz gedişini vaxtında dayandırmağa qətiyyəti və düşüncəsi çatmadı. SSRİ-nin tezləşdirilmiş süqutunu stimullaşdırdı.
Lakin bu barədə yalnız süqutuna görə peşmançılıq çəkən vaxtilə nəhəng dövlətlər təəsüf hissi keçirə bilər. Eyni zamanda elə müstəqillik tərəfdarlarının da Azərbaycan-erməni münaqişəsini tərənnüm etməyə heç bir əsası yoxdur. On minlərlə həlak olan, yüz minlərlə qaçqın. Boşaldılmış və yandırılmış şəhər və kəndlər, milli nifrət hissi ilə dumanlanmış beyinlər- bütün bunlar onillik münaqişənin real nəticələridir.
Bəs perspektiv nə cürdür? Mənzərə olduqca dumanlıdır. Azərbaycanın Dağlıq Qarabağın ayrılmasına razılaşacağı günü təsəvvürünzə gətirə bilirsinizmi?
Həmin şəraiti nə dünən təsəvvür etmək mümkün idi, nə bu gün, nə də sabah bunu mümkün saya biləcəyik. Bu birmənalıdır.
Erməni tərəfi bəyan edir ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilməz. Axı nə üçün? Necə olur ki, ermənilər böyük koloniyalar şəklində dünyanın bir çox ölkələrində yaşaya bilir, özü də təkcə yüksək inkişaf etmiş ölkələrdə yox. Axı hələ on il bundan əvvəl Bakıda iki yüz minlik, Gəncədə isə otuz minlik erməni koloniyası yaşayırdı, özü də heç də pis yaşamırdı. Gətirilən dəlillərə diqqət yetirin. Onlardan biri bundan ibarətdir ki, azırbaycanlılara olan neqativ münasibət bu millətin Zaqafqaziyanın əzəli sakinləri olmaması və bu əraziyə yalnız XI əsrdə gəlməsi ilə bağlıdır. Müasir azərbaycanlıların əcdadlarının Azərbaycan ərazisinə gəlməsinin XI əsrə təsadüf etdiyi barədə iddia kifayət qədər absurdur. Lakin gülməli olan heç də bu deyil. XI əsr nə dünən nə də srağagün deyil. O vaxtdan, demək olar ki, min il keçib. Bu vaxt bir millətin adaptasiya olunması və yerli statusu alması üçün kifayətdir.
Başqa bir dəlil isə ondan ibarətdir ki, Dağlıq Qarabağ əhalisinin əksəriyyətini ermənilər təşkil edir. Bundan belə bir nəticəyə gəlinir ki, bu ərazi əzəldən erməni torpağı olub və Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək, o cümlədən də öz dövlətini yaratmaq haqqı var. Dağlıq Qarabağ geosiyası şəraitin belə kəskin olduğu bir şəraitdə öz müstəqil həyatını necə təsəvvür edir? Onun Azərbaycandan kənarda Azərbaycanla inteqrasiyası mümkündürmü? Şübhəlidir. Bu şəraitdə Dağlıq Qarabağ daim iqtisadi və siyasi problemlərin təsiri altında olmağa məhkumdur. Erməni tərəfi anlamalıdır ki, dünyanın aparıcı dövlətləri Azərbaycanın mövcud sərhədlərinin toxunulmazlığı tezisinin şübhəsiz olduğu ilə ona görə razılaşmırlar ki, yeni dövlətlərin əmələ gəlməsi üçün iddialarını yarada biləcək detonator rolu oynayan presedent yaratmaq istəmirlər.
Müharibədən sonrakı Avropa liderləri bir zaman xalqların təhlükəsizliyi və sülhün təmin olunması üçün mövcud sərhədlərin saxlanmasının vacibliyini anlayıblar. Postsovet dövrünün bəzi siyasətçilərindən belə müdriklik tələb etmək olduqca çətindir. Lakin ümidsizliyə və qapılmağa dəyməz.
Azərbaycanlılıarla ermənilər neçə yüzilliklər yan-yana yaşayıblar. Onların münasibətlərində müxtəlif anlar olub. Təbiidir ki, uzunmüddətli təmaslar zamanı onların bir-birinə iradları da əmələ gəlir. Belə çıxır ki, indi bütün problemləri birdən həll etmək üçün onlar öz aralarında daşdan hasar çəkiblər. Hasar günü-gündən hündürləşir, problem isə son həllini tapmır. Bununla belə, hər iki xalq qonşuluqda yaşamağa məhkumdur. Bu tarixin hökmüdür. Hələ heç bir xalq düşmənlə qonşu olmaqdan xeyir görməyib. Əvvəllər biz bir komunal məzildə yaşayırdıq. Belə mənzildə mübahisənin olması təbiidir. İndi isə hər xalqın özünün ayrıca “mənzili” var, amma rahatlığı yoxdur. Və əsas məsələ həmin mənzilləri daha rahat, daha komfortlu etməkdir. Əlbəttə, bu münasibətlərin qardaşlıq münasibətləri olacağınını da gözləmək çətindir. Lakin normal, praqmatik əsaslarda qurulmuş əməkdaşlıq mümkün və vacibdir. Bunun naminə öz ərazisinin qonşu dövlətin ərazisi hesabına genişləndirmək planlarından imtina etməyə dəyər. Bu yanaşmanın alternativi yoxdur.