Əli Abasov
Qarabağ münaqişəsi – ümummilli problem kimi
1. Qarabağ probleminə diqqət yetirəndə məlum olur ki, bu məsələ ilə eyni zamanda hamı məşğul olur və əslində heç kim məşğul olmur. Bu məsələdə öz şəxsi problemlərinin həllini axtarmaq doğru deyil. Çünki o, ümummilli problemdir, onu yalnız xalqın ümumi iradəsi və onun elitasının düşünülmüş fəaliyyət proqramı ilə həll etmək mümkündür
2. Ümummilli proqram öz qloballığına görə sırf siyasi xarakter daşıya bilməz, onun tarixi, psixoloji, mədəni və başqa tədqiqat aspektləri var. Buna görə onun hazırlanmasında Azərbaycanın yalnız siyasi yox, bütün elitası iştirak etməlidir. Qarabağ konfliktinin meydana çıxdıği ,demək olar ki, 15 ili ərzində nə elə bir ümummilli proqrama, nə də elə bir iştiraka nail olunmuşdur.
3. Bütün Azərbaycan əhalisi dərk etməlidir ki, Qarabağ xalqın, mədəniyyət baxımından, dili, ədəbiyyatı və mədəniyyətinin; siyasi baxımdan, dövlətçiliyinə milli konsolidasiyasının formalaşdığı əsas mərkəzlərindən biridir. Ümumiyyətlə, hamının belə bir qənaitdə olması vacibdir ki, Qarabağsız Azərbaycan xalqının bütövlüyü, o gümlədən azərbaycanlıların bir millət kimi mövcudluğu mümkünsüzdür. Söhbət əlbəttə, öz dövlət müstəqilliyi və suverenliyini qazanmış millətdən gedir. Biz bu müstəqillik illərində milli məqsəd yolunda bir millət kimi irəlilədiyimizi hələlik iddia edə bilmərik.
4. Bu nəticələri qiymətləndirməkdən öncə, Qarabağ üzrə ümummilli proqramyaradılmasına mane olmuş və hazırda mane olan səbəblərə nəzər salaq. Müstəqillik – o, xarici amillərdən başqa, bəzi daxili atributlarla, xüsusi dövlətçilik vəziyyəti ilə xarakterizə olunan siyasi yetkinlik və əsaslılıq növüdür. Müstəqillikdən, zamanın tarixi və mədəni xüsusiyyətlərindən başqa, xalqın siyasi konsolidasiyanın müəyyən səviyyəsinə nail olmaq lazımdır. Azərbaycanda mədəni–konfessional (dini) baxımdan fərqlənən bir çox etnik qrup və milli azlıqların olmasına baxmayaraq, vahid siyasi birliyin–Azərbaycan millətinin formalaşması üçün bünövrə hazırlanmalıdır. Belə əsasın qoyulması üçün, öz vətəndaşlarının siyasi sahədə milli–dini mənsubiyyətlərinə biganəlik göstərən və onların sosial–mədəni və mənəvi sahədə tam muxtariyyət hüquqlarını qoruyan demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət üçün səciyyəvi olan institutların formalaşması və fəaliyyət göstərməsinə şərait yaradılması vacibdir. Azərbaycanda hakimiyyətdə olmuş hər üç siyasi elita, bu problemləri əhəmiyyətsiz və ya qorxulu hesab edərək, onlar haqqında ya az, ya da heç fikirləşməmişlər. Bu halda, siyasi elitaya hardasa haqq qazandırmaq mümkündür, amma mədəni elitanin–Azərbaycanın elmi və yaradıcı ziyalılarınin qüsur və qəbahəti bağışlanılmazdır. Başqa bir sual–kimdir bu elitada təmsil olunanlar? Keçmiş sovet dövründə yetişənlər, yoxsa hələ öz yolunu axtaran, indi təşəkkül tapmağa başlayan yeni milli mənəvi elita? Hər necə olursa olsun, mənəvi və siyasi elitaların əlaqəli fəaliyyəti olmadan nəinki ümumilli proqramın, hətta millətin özünün milli-siyasi birliyinin formalaşması da mümkünsüzdür. Ancaq bu, görünür, artıq Azərbaycanda növbəti hakimiyyətin problemidir. Bəs nə etməli – gözləməlimi? Əksinə, hədəfə çatmaq yollarını dəyişərək, fəaliyyət göstərmək gərəkdir. Qarabağ problemini bütün Azərbaycan xalqının birləşməsi və milli konsolidasiyası faktoruna çevirmək vacibdir.
5. Belə səylərdən biri kimi kiçik zaman çərçivəsində siyasi qüvvələrin böyük əksəriyyətinin və Azərbaycanın ictimai təşkilatlarının nüfuz qazanmış “Dördlərin Xartiyası»nı göstərmək olar. Lakin göstərilən sənədin sırf siyasi xarakter daşıması onun qısamüddətliliyini müəyyən etdi, siyasi və əsasən də mənəvi elita bu sənəddə gələcək inkişaf pratformasını, millətin konsolidasiya əsaslarını görə bilmədi. Bu vəziyyət xoşbəxtlikdən, xoş məram olarsa, asanlıqla düzələ bilər.
6. Tayfabazlıq, regionçuluq, yerliçilik Azərbaycan millətinin formalaşması yolunda əsas maneədir və etiraf etmək lazımdır ki, bunlarla əhalinin müəyyən hissəsi deyil, əksəriyyəti yoluxmuşdur. Bu, siyasətdə patriarxal metodların təzahürüdür. Bununla belə, bizim dövlətçiliyin demokratik fasadı ilə yaxşı uyğunlaşır. Hətta biz görürük ki, bu metodlar Azərbaycan millətinin formalaşma prosesini ləngitmək üçün şüurlu surətdə tətbiq olunur.
Digər tərəfdən biz qeyd edə bilərik ki, Azərbaycanda cəmiyyət və onun ayrıca vahidi olan ailə heç cür bir-biri ilə əlaqəli deyildir, nəslin mənafeyi və sərvətləri cəmiyyətin mənafe və sərvətlərindən praktik olaraq daima üstün tutulur. “Dövlət üçün xalq, – xalq üçün dövlət yoxdur», bu məntiqsizlikdən qurtulmaq lazımdır. Bu yolda ilk addım kimi Qarabağ üzrə yeni birləşdirici proqram – millətin mənəvi intibah proqramı yaradılmasını göruruk. Heç bir pessimizmi olmayan, qaçqınların yaşayış şəraitinin dözülməzliyindən istifadə etməyən, torpaqların işğalı və “ikili standartlardan”şikayətlənməyən, öz hüquq və tələblərinin ədalətliliyinə əmin, azad vətəndaş ləyaqətini formalaşdıran sosial optimizm proqramı lazımdır. Lakin bu halda yadda saxlamaq lazımdır ki, Azərbaycan yalnız Bakıdan ibarət deyil və onda özünə eyni diqqəti tələb edən onlarla rayonlar da var.
7. Konkret addımlar: Azərbaycan tərəfi respublikamızın vətəndaşı, hərbi cani olan R.Koçaryanla danışıqlardan imtina etməli, onun beynəlxalq hərbi tribunalda məsuliyyətə cəlb olunmasını tələb etməlidir. Ermənistanın hakim dairələrinin və parlamentinin Qarabağla bağlı qəbul etdiyi hər hansı rəsmi qərar sadəcə olaraq “Azərbaycanın daxili işlərinə qarışmaq” deyil, beynəlxalq hüquq baxımdan uyğun olaraq müharibə elan etməkdir; Beynəlxalq təşkilatlar, Qarabağ konfliktinin tənzimlənməsində vasitəçilər və dünya ictimaiyyəti bütün Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmuş, vahid yanaşma tərzi haqda məlumatlandırılmalıdır.
8. Məhz buna görə proqramın müasir siyasi dəyərlərə və demokratik prinsiplərə söykənməsi çox vacibdir. Həqiqətən qəbul olunmalıdır ki, Cənubi Qafqazın bütün vətəndaşlarının, o cümlədən bizim qonşularımızın azadlığı olmasa, Azərbaycan vətəndaşlarının da azadlığı yoxdur və ola da bilməz. Biz ona nail olmalıyıq ki, Azərbaycan millətinin birləşməsi Cənubi Qafqaz vətəndaşlarının birləşməsi, Avropanın siyasi və iqtisadi birləşməsi ilə müşayiət olunsun, çünki bizim region onun tərkib hissəsi olacaqdır. Bu dəyərlər və prinsiplər yaxşı məlumdur, lakin az istifadə olunur ki, bu da bizim keçmiş irsimizlə və bu günün çətinliklər ilə əlaqən irəli gəlir. Gələcəkdə isə bizə “ikili standartla”yanaşılması, məhz bizim öz daxili siyasətimizdən asılı olacaqdır.