Əyyub Kərimov
Dağlıq Qarabağ probleminin həllinin nəzəri və praktiki aspektləri haqqında
Bu baxımdan kökləri xeyli əvvələ gedib çıxan, hazırda isə regionun, xüsusən də respublikamızın inkişafını hərtərəfli əngəlləyən, vətəni sevənlərin əksəriyyətinin mənəvi-psixoloji sarsıntılarına səbəb olan Dağlıq Qarabağ probleminin həlli yollarının axtarılması, irəli sürülən təklif və tövsiyələrin müzakirəsi bizim üçün həyati əhəmiyyətə malikdir. Ermənilərin torpaqlarımıza sonradan gəlmələri (xüsusən 1813 və 1828-ci illərdə Rusiyanın bağladığı müqavilələr nəticəsində) haqqında həm tarixi mənbələr, həm də elmi araşdırmalar, arxeoloji materiallar və maddi abidələr kifayət qədərdir. Bunları öz əsərlərində təsdiqləyən erməni müəllifləri də az deyildir.
O ki qaldı ermənilərin tez-tez xatırlatdıqları və dünya birliyinə sırımağa çalışdıqları “millətlərin öz müqəddəratını təyin etmək hüququ” məsələsinə, cavab aydın və qəti verilməlidir: Ermənilər öz müqəddəratını təyin etmişlər və Ermənistan Respublikası yaratmışlar.
Bu nöqteyi-nəzərdən dünya birliyinin çaşdırılmasına yol verilməməli, müasir informasiya vasitələrinin imkanlarından və bu sahədə səriştəli olan kadrların gücündən istifadə etməklə bizə qarşı ermənilərin çox böyük ustalıqla təşkil etdikləri informasiya müharibəsində qalib gəlməliyik.
O ki qaldı millətlərin hansının kökünün tarixin daha dərin qatlarına gedib çıxması məsələsi, bu ancaq maddi və mədəni qaynaqların imkan verdiyi dərəcəyə qədər mümkündür.
Nəzəri cəhətdən isə insanların tarixinin materialistcəsinə araşdırılması insanabənzər meymunlara, dini-idealistcəsinə araşdırılması isə Adəm və Həvvayə gedib çıxır. Bunun məntiqi nəticəsi isə bütün millət və xalqların eyni kökdən olmaları, insanlar bir-biri ilə qohum, dost və qardaşdır qənaətidir. Dövlətlərin yaranması və dünyanın sərhədlərə bölünməsi mənafe və maraqların, tarixi inkişafın müəyyən mərhələsinin məhsuludur. Bu mənafe və maraqlar, “nəfslər” müharibə və dağıntıların, qətl və qarətlərin, çaylar qədər axıdılmış qanların səbəbidir. Sivilizasiyalı bəşəriyyət bütün bunlara son qoymaq üçün, müxtəlif beynəlxalq qurumlar (o cümlədən BMT-ni) yaradaraq, bu qurumlarda qəbul edilən qərar və qətnamələrdə mövcud sərhədlərin pozulmaması prinsipini irəli sürmüşdür. Qeyd etməliyik ki, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərin qəsb etdikləri ərazidən çıxmağı barədə BMT-nin qəbul etdiyi məlum qətnamələr həmin prinsipin nəticəsi olmaqla bizim fəaliyyətimiz üçün də hüququ bazadır.
Problemin praktiki həllindən bəhs edərkən demək istərdim ki, bəlkə də mövcud siyasi reallıqlar torpaqlarımızın azad edilməsini hələlik açıq müharibə yolu ilə mümkün etmir. (Hərçənd ki, problem qloballaşmamışdan əvvəl bunun üçün geniş imkanlar var idi). Ancaq tarixi ənənələrə, işğal olunmuş torpaqların azad edilməsi praktikası tarixinə nəzər yetirdikdə xalq hərəkatının, partizan müharibələrinin əhəmiyyətindən kifayət qədər danışmaq olar. Fikrimcə, bu təcrübədən bizim vəziyyətimizdə bütün siyasi reallıqları nəzərə almaqla, zamanın imkan verdiyi çərçivədə məqsədli və mütəşəkkil şəkildə istifadə edilməlidir.
İndiki praktiki mənzərə belədir. Ermənistan ərazimizin 20 faizini işğal edib. Dəhşətli qətl və qarətlər törədərək bəşəriyyəti Xocalı soyqırımı, digər vəhşiliklərlə heyrətləndiribdir. Əvəzində isə hazırda, “bədnam atəşkəs” rejimində ermənilər heç bir itki vermədən işğal etdikləri ərazidəki azərbaycanlıların əsrlərdən bəri qurub – yaratdıqları, əkib becərdikləri sərvətləri soyub talayır, satır və hərbi xidmətdən geri dönərkən özlərinə və ailələrinə maddi təminat aparırlar. Onlar Qarabağ torpaqlarına heç bir qorxu hissi keçirmədən varlanma mənbəyi kimi baxırlar.
Fikrimcə, döyüş təcrübəsi olanlardan, işğal olunmuş ərazinin qorxmaz igidlərindən ibarət konkret tapşırıqlı, hərtərəfli təlim keçmiş, bir mərkəzdən idarə olunan, yaxşı təmin olunmuş yüksək dərəcədə sığortalanmış, kiçik qruplar ayda bir-iki dəfə işğal olunmuş ərazidəki evlərinə, tarixi abidələrə, ata və babalarımızın qəbirlərinə baş çəkməyə, kəşfiyyata getsələr və orada “təsadüfi toqquşmalarda” iki-üç erməni əsgəri ölsə, bu təxminən ildə 200-300, on ildə isə 2-3 min tabutun Qarabağdan Yerevana göndərilməsi demək olardı. O zaman heç bir erməni ailəsi övladını sevinclə, varlanmağa göndərirmiş kimi, Qarabağa yola salmazdı. Ermənistanın və qondarma Qarabağ “liderlərinin” nə bu cür təhqiredici davranışlarının, nə də həyasızcasına, heç bir beynəlxalq normaya sığmayan bəyanatlarının şahidi olardıq.
Hakimiyyət orqanlarlımzın da danışıqlarda sözlərinin gücü və təsiri indikindən qat-qat artıq olardı. Bu həm də mənəvi-psixoloji baxımdan xalqımızın ruhunu yüksəldərək problemi diqqət mərkəzində saxlayar, ermənilər isə onlar üçün yad torpaqda daim ölüm təhlükəsi altında olar, qorxu və həyəcan içərisində Qarabağda qalmaqdansa müxtəlif yollarla qaçıb getməyi üstün tutardılar.
Məncə, bu taktikadan istifadə etməklə bərabər, bütün digər sahələrdə də paralel olaraq iş aparmaq, qüdrətli ordu yaratmaqla bizim üçün əlverişli olan siyasi məqamda torpaqlarımızı tamamilə azad edib, rüsvayçılıq damğasını üzərimizdən birdəfəlik götürməliyik.