Firdovsiyyə Əhmədova

 Qarabağ müharibəsi və Azərbaycan cəmiyyətində psixoloji durum

İlkin olaraq münaqişə səviyyəsində başlanan Qarabağ müharibəsinin respublika, həmçinin keçmiş SSRİ ərazisində yaşayan azərbaycanlıların şüurunda yaratdığı təsir, bu məkandan kənardakı azərbaycanlıların şüurundakından bir çox cəhətlərinə görə fərqli idi. 

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların əksər hissəsi prosesdən kənarda olduğu üçün informasiya kasadlığı və tarixi məlumatın azlığı səbəblərindən canlı reaksiya nümayiş etdirmədi. Onarın yalnız müəyyən bir qismi, xüsusilə siyasi baxımdan mühacirət edənlər fəal mövqe tutdular. Lakin dağınıq fəaliyyət göstərdikləri üçün nə siyasi, nə də iqtisadi cəhətdən əhəmiyyətli səviyyədə yardımçı ola bildilər.

Respublika daxilində, həmçinin keçmiş SSRİ ərazisində yaşayan azərbaycanlılar üçün başlanan münaqişə gözlənilməzlik, çaşqınlıq, gərginlik yaradıb getdikcə mürəkkəbləşərək məhəlli müharibələr üçün xarakterik olan üzücü bir dövrü əhatə etmiş və onların şüurunda böhran yaratmışdır: 

a) Yaşadıqları siyasi quruluş daxilində müharibə ola biləcəyi ehtimalının sıfır səviyyəsində olması, lakin daxili müharibə ilə şüurən hazırlıqsız qarşılamaq və onun hələ də konkret- tarixi baxımdan tam dərk edilib mənimsənilməsi;

b) Ənənəvi düşüncə tərzinin söykəndiyi dəyərlarin puça çıxması, mənasızlaşması və nəhayət, həmin dəyərlərdən imtina edilməsi inamın sarsılması (hətta onların rədd edilməsi);

c) Problemin beynəlmilləşməsi ilə bağlı azərbaycanlı dünyagörüşünün daha geniş miqyas alması, bununla hazırlıqsız üzləşib öz, gücsüzlüyünün dərk etməsi. Dünya dövlətləri tərfindən “tərk edilmiş”ehtimalına yəqinlik duyaraq pessimist əhvali- ruhiyyəyə qapılma;

ç) İctimai-siyasi quruluşun müharibə getdiyi dövürdə baş verən

 dəyişiklərin yaratdığı psixi durum. Yeni sistemə keçid, onun

 törətdiyi sosial gərginlik və yeni dəyərlər.

 

Müharibənin gedişində ardıcıl hərbi uğursuzluqlar, ərazi itkilər, qaçqınlar dalğası, hakimiyyət dəyişiklikləri, xroniki hal alması, dövlət çevrilişi cəhdlərinin, uyğunlaşa və mənimsəyə bilmədiyi siyasi dartışmalar- bunların hamısı azərbaycanlı şüurundakı dərin böhranın zəmini oldu. 

Qarabağ müharibəsi yeni dəyərlər gətirdi: 

Milli özünüdərk, milli şüurun intişar tapması, milli dövlət təəssübkeşliyi, vətəndaş fəallığı və s. 

Ənənəvi sovet adamı şüuruna təlqin edilən xalqlar dostluğu, xalqın rifahı, ədalət, xeyirxahlıq dəyərlərinə malik azərbaycanlının (sovet sistemində yaşayan) milli dəyərlərə əsaslanan şüura yiyələnməyə keçidi. Bu zaman azərbaycanlı şüurunun qarşılaşdığı daha bir problem - tarixi milli adına - türklüyə qayıdış.

Qarabağ müharibəsinin gedişində psixoloji durumun mahiyyət-mərhələ təsnifatı:

Qarabağ müharibəsinin təsiri altında yaranmış böhrandan çıxış yolu: 

a) Millətimizin hazırkı tarixi mərhələdə mənəvi cəhətdən səfərbər olunması gələcək taleyinin öz iradə və enerjisindən aslı olduğunu dərk etməsi; əyalət təfəkkürü tərzindən əl çəkib beynəlxalq aləmə çıxmaq, nüfuz sahibi olan dövlətlərdə rəyin önəmli olduğunu nəzərə alıb həmin ölkələrdə yaşayan azərbaycanlıların, səviyyəsindən asılı olaraq bütün sahələrdə aktiv mövqe tutmasına çalışmaq.

b) Güclü iqtisadiyyat, peşəkar ordu və mənəvi səfərbərlik kombinasiyasından qaynaqlanan xarici siyasət kursu;

c) Xarici siyasət - ölkə iqtisadiyyatı faktorunun qarşılıqlı təsir imkanlarından maksimum fayda ilə istifadəyə nail olmaq; 

ç) Diplomatik fəaliyyəti müasir standartların mahiyyətinə uyğun gücləndirmək; 

d) Azərbaycanın geostrateji mövqeyi və təbii resursları hesabına beynəlxalq sistemdə əhəmiyyətli mövqeyinə söykənən siyasi iradə nümayiş etdirilməsi.