Ismayıl Musayev
Azərbaycan – Ermənistan sazişi və konfransı
(1919-cu il)
1919-cu ilin noyabrını ermənilərin növbəti fitnələri ilə bağlı fəal və gərgin diplomatik qarşıdurma, habelə müxtəlif səpkili çoxlu yazışmalar, görüşlər və sazişlər ayı kimi də səciyyələndirmək olar. Hələ Zəngəzur məsələsiyenidən kəskinləşənədək tərəflər Bakıda konfrans çağırılmasını razılaşdırmışdılar.
Bəzi məsləhətləşmələrdən sonra N.Yusifbəyli Paris Sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin üzvü M.N.Hacınski və Gürcüstanın Bakıdakı səfiri Alşibayanın müşayiəti ilə noyabrın 20-də (19-u da göstərilir) Tiflisə gəldi. Noyabrın 20-22-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri (ikinciyə A. Xatisyan başçılıq edirdi) arasında ikitərəfli – birbaşa (ABŞ-ın Qafqazdakı təmsilçisi Reyin təklifi ilə) danışıqlar aparıldı. Müzakirələr Zəngəzurda hərbi əməliyyatların dayandırılması məsələsinin ayrı-ayrı hissələri və əsas müddəalarının ifadə formalarında ciddi fikir ayrılıqları aşkarladı. Belə olduqda tərəflər baş tutmayan konfransın çağırılmasına zəmin yaratmaq və s. məqsədlərlə noyabrın 22-də təkliflərini Reyə verib ondan münsiflik funksiyasını öhdəsinə götürməyi xahiş etdilər.
Müəyyən əlavə görüş və müzakirələrdən sonra 1919-cu il noyabrın 23-də amerikalıların vasitəçiıiyi ilə Azərbaycanla Ermənistan arasında saziş bağlandı. Sazişi Azərbaycan və Ermənistan hökumətlərinin başçıları N.Yusifbəyli və A.Xatisyan, habelə təminatçı sifəti ilə ABŞ nümayəndəsi C. Rey və Gürcüstan xarici işlər naziri E.Gekeçkori imza etdilər. Beş maddədən ibarət olan bu sazişdə aşağıdakı şərtlər razılaşdırılmışdı:
1. Ermənistan və Azərbaycan hökumətləri hazırda baş verən toqquşmaları dayandırmağı və yenidən silahın gücünə əl atmamağı öhdələrinə götürdülər.
2. Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilməsi və açılması, onlarla dinc hərəkət üçün təsirli tədbirlərin görülməsini razılaşdırırlar.
3. Ermənistan və Azərbaycan hökumətləri sərhədlər haqqında məsələlər də daxil olmaqla bütün mübahisələri dinc sazişlər yolu ilə həll etməyi öhdələrinə götürürlər. Dinc saziş əldə etmək mümkün olmadıqda hər iki hökumət üçüncü tərəf-münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs seçməyi və onun qərarlarını məcburi qəbul etməyi razılaşdırırlar; hazırkı dövrdə belə bir bitərəf şəxs kimi polkovnik Rey tanınır.
4. Erməni-azərbaycanlı konfransını 1919-cu il noyabrın 26-da Bakıda açmaq qərara alınır.
5. Bu saziş imzalandığı gündən sayılır və respublikaların parlamentləri tərəfindən təsdiq olunduğu vaxtdan isə qüvvəyə minir.
Saziş müvəqqəti xarakter daşıyırdı. Çünki iki dövlət arasındakı mübahisəli məsələlərin bütün kompleksini və hissələrini həmin sazişə uyğun surətdə yalnız qarşıdakı Ermənistan və Azərbaycan konfransı həll etməli idi. Onun nəticələrinə gəldikdə isə, əvvələn, bu akt Azərbaycan tərəfi üçün heç də faydalı olmadı, əksinə, onun siyasi-hərbi mənafe və mövqelərinə xələl gətirdi.
O öz məzmunu etibarilə mövcud vəziyyətdə elə bir ciddi dəyişiklik yaratmadı və mübahisəli ərazi məsələlərini də həll etmədi. İki respublika arasındakı ixtilafların gələcək həlli üçün dəqiq və aydın prinsiplər müəyyənləşdirə bilmədi; əslində bu, “Status quo” demək idi. Müqavilə yalnız yaranmış faktiki vəziyyəti qanuniləşdirir, hərbi əməliyyatların qarşılıqlı surətdə dayandırılmasını və törənə biləcək mürəkkəbliklərin danışıqlar yolu ilə həllinin zəruriliyini nəzərdə tuturdu.
İkincisi və ən əsası isə Azərbaycan hökuməti bu müvəqqəti sazişə inanaraq tezliklə öz hərbi hissələrini Zəngəzurdan çıxardı. Bu işdə, Qarabağda olduğu kimi, Zəngəzurda da vəziyyətin onun xeyrinə olmayan tərzdə dəyişəcəyini görən Ermənistanın “hərbi əməliyyatları” dayandırmaq üçün Azərbaycana təsir göstərilməsi məqsədilə Gürcüstana, Uordopa və Reyə müraciətləri də öz mənfi rolunu oynadı. Bundan istifadə edən Ermənistan isə həmin sazişi pozaraq özünün əlavə nizami qoşun hissələrini dərhal Zəngəzura yeritdi. Erməni hərbi qüvələri tərəfindən Zəngəzurun və Dərələyəz mahalının dinc türk müsəlman əhalisinə divan tutuldu.
Üçüncüsü, bu saziş ermənilərin diplomatik oyunu olduğundan nəinki regionda sülhü və əmin-amanlığı təmin edə bilmədi, əksinə, iki dövlət arasında siyasi ziddiyətlər və hərbi münaqişə daha da gərginləşdi.
1919-cu il 23 noyabr sazişindən sonrakı ilk günlərdən başlayaraq ermənilər Zəngəzurda hərbi əməliyyatları yenidən genişləndirdilər. Qərb dövlətlərinin Qafqazdakı nümayəndəliklərinin bu məsələlərlə bağlı tutduqları mövqelərə gəldikdə isə, onlar əvvəllərdə olduğu kimi, indi də əsasən diplomatik xəbərdarlıqlarla kifayətlənmiş, yenə də mümkün olmayan işin görülməsinə, yəni problemin hər iki tərəfi eyni zamanda qane edə biləcək qaydada və səviyyədə nizamlanmasına çalışmışdılar.
Azərbaycan-Ermənistan konfransı 1919-cu il dekabrın 14-ü ilə 21-i arasında Bakıda keçirildi. AXC-nin F. Xoyski (sədr), M.N. Hacınski və R. Vəkilovla, erməni tərəfinin isə Arutunyants (sədr), Arqutinski, Dolorukov və Bekzadyanla təmsil olunduqları bu konfransda aparılan müzakirələrin başlıca cəhətləri aşağıdakı şəkildə ümumiləşdirilə bilər:
1. Azərbaycan tərəfi (F.Xoyski və M.N.Hacınski) 23 noyabr sazişinə uyğun olaraq ərazi-sərhəd mübahisələrinin həllini konfransın əsas vəzifəsi kimi dəyərləndirdi. Buna görə də onlar öncə ərazi problemlərinin müzakirəsinə başlamağı təklif etdi. Erməni tərəfi (Arutunyants və Bekzadyan) isə ərazi məsələlərinin qəti həlli üçün lazımi şəraitin və vaxtın hələ yetişməməsini bəhanə gətirdi, qaçqınlar və müvəqqəti demarkasiya sərhədlərinin müəyyənləşdirilməsi məsələlərinin araşdırılmasında israr etdilər. Belə olduqda F. Xoyski müvəqqəti sərhədlər-demarkasiya xəttinin heç nə verməyəcəyi qənaətinə gəldi və 2 noyabr diplomatik aktını “Status quo” kimi götürərək ərazi-sərhəd məsələlərinin qəti həllini yubatmamağı lazım bildi.
2. Ərazi məsələsi ilə bağlı aparılacaq müzakirələrdə bəzi məqamların bəri başdan açıqlanması və dəqiqləşdirilməsi zərurətinə dair mövqelər üzə çıxdı:
· bu problemə dair bütün aspektlərin və hətta məruzəçilərin təyin edilməsi, sərhədlərin niyə məhz müvəqqəti olaraq müəyyənləşdirilməsinin səbəblərinin aşkarlanması (F. Xoyski);
· tərəflərin hazırlıqsızlığına görə məsələnin müzakirəsinin ümumiyyətlə təxirə salınması (Arutunyants);
· dərhal müzakirələrə başlanılması (Bekzadyan);
· erməni tərəfinin bu məsələ ilə bağlı mövqeyi tamamilə aydın olmadığından ona aid baxışların açıqlanması (Vəkilov).
3. Sonrakı fikir mübadilələri nəticəsində Azərbaycan diplomatiyası ərazi məsələlərinin bütövlükdə müzakirəyə çıxarılması və indiki şəraitdə yalnız demarkasiya xəttinin müəyyənləşdirilməsi səviyyəsində həlli qənaətinə gəldi. Bu qənaət bir sıra amillərin diqtəsindən doğmuşdu:
· erməni təmsilçilərinin uzlaşmayan mövqeləri;
· onların tam açıqlanmayan niyyətləri;
· problemin ifrat mürəkkəbliyi;
· hökumətlərin kəskin fərqli yanaşmaları;
· hazırkı şəraitdə sərhədlərin qəti ayrılmasının verə biləcəyi mənfi nəticələr.
4. Müzakirələrin sonuna yaxın 23 noyabr sazişi ilə bağlı kəskin mübahisələr oldu. Arutunyants sazişin demarkasiya xətti və ya “modus vivende”ni müəyyənləşdirdiyini, bu aktın konfrans tərəfindən yenidən təsdiqlənə biləcəyini deyərək Tiflisdə davam etdirilməsini istədi. Azərbaycan diplomatları erməni tərəfinin 23 noyabr sazişini mürəkkəbi qurumamış pozduğunu xatırladaraq (M.N. Hacınski) konfransın onu yenidən təsdiqləmək səlahiyətində olmadığını bildirdilər (F. Xoyski).
5. Konfransın ikinci plenar iclasında:
a) respublikalar arasındakı hərbi əməliyyatların dayandırılması;
b) bütün mübahisəli problemlərin danışıqlar yolu ilə həllinə dair mövqelərin də tam açıqlanması təklifləri (Arqutinski və Dolqorukov) səsləndi.
Ümumiyyətlə, konfrans iki dövlət arasındakı münasibətlərə heç bir aydınlıq gətirmədi və ərazi-sərhəd mübahisələrinin həllində əməli dəyişikliyə nail ola bilmədi.